Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanın yəhudi əsilli qəhrəman oğlu: Aqarunov Albert Aqarunoviç!

Tolerant ölkə olan Azərbaycan dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq burada yaşayan bütün xalqların doğma Vətənidir. İstər Birinci Qarabağ və 44 günlük Vətən müharibələri, istərsə də antiterror tədbirləri zamanı burada yaşayan bütün xalqların nümayəndələri dəmir yumruq tək birləşərək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda işğalçı düşmənə qarşı canları bahasına mərdliklə vuruşmuş və Böyük Zəfərin qazanılmasında öz layiqli töhfələrini vermişlər. Onlar bu gün də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini əsirgəmirlər. Bu baxımdan hər zaman Azərbaycan vətəndaşı olmasından qürur duymuş, şəhidlik məqamına yüksəldikdən sonra da yəhudi xalqı ilə dostluq və əməkdaşlığımızın möhkəmləndirilməsinin rəmzinə çevrilmiş Milli Qəhrəmanımız, əfsanəvi tankçı Albert Aqarunovun Vətən uğrunda xidmətlərini qeyd etmək istərdim. 

 Aqarunov Albert Aqarunoviç 1969-cu il aprelin 25-də Bakı şəhərinin Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. Səkkiz qardaşı və iki bacısı olan Albert ailənin sonbeşiyi idi. Əslən dağ yəhudisi olan Aqarunovlar ailəsi Quba rayonunun Qırmızı Qəsəbəsindən idilər, Əmircana isə sonradan köçmüşdülər. Albertin atası Aqarun Aqarunov neftçi olub, uzun illər Suraxanıdakı neft mədənlərində çalışıb. On bir uşaq böyüdüb tərbiyə edən anası Lio Aqarunova isə sovet hökuməti tərəfindən “Qəhrəman Ana” adına layiq görülüb.   

Uşaq yaşlarından musiqiyə böyük maraq göstərən Albert, musiqi məktəbində nəfəs aləti olan truba sinfini bitirib. O, Suraxanı rayonundakı 154 saylı tam orta məktəbin səkkizinci sinfini başa vurduqdan sonra, 101 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. Albert 1987-1989-cu illərdə Gürcüstanın Axalkalaki rayonunda hərbi xidmət keçib. Həmin dövrdə starşina rütbəsi alaraq, tank komandiri vəzifəsində xidmət edib. 1989-cu ildə ordu sıralarından tərxis olunduqdan sonra, bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləyib.

Mənfur qonşumuz olan Ermənistanın təcavüzü nəticəsində başlayan Birinci Qarabağ müharibəsinin ən qızğın vaxtlarında bir çox qeyrətli Vətən övladı kimi Albert də könüllü olaraq cəbhəyə yollanıb. O dövrdə ailə üzvləri və yəhudi millətindən olan bir çox vətəndaşımız İsrailə, eləcə də digər xarici ölkələrə köçüb getsə də, Albert doğulub boya çatdığı və dogma Vətəni hesab etdiyi Azərbaycanda qalmağı, son nəfəsinədək onun uğrunda savaşmağı üstün tutub. Cəbhə bölgəsində olarkən televiziya kanallarından birinə verdiyi müsahibəsində əfsanəvi tankçı A.Aqarunov məhz bu məqamı xüsusi ilə vurğulayıb. Müxbirin verdiyi “yəhudiləri Azərbaycan torpağını qorumağa nə məcbur edir?” və “bir vətəndaş kimi öz borcunu nədə görürsən?” suallarını cavablandıran cəsur döyüşçü; “Mən bu torpaqda yaşayıram. Doğulmuşam burda, yaşayıram da burda. Ayrı heç nə məcbur eləmir” – deyə cavab vermişdi. Müxbirin verdiyi sonuncu; “Təxminən nə qədər qalmaq niyyətindəsən?” sualına isə Vətənimizin qəhrəman oğlu; “Müharibənin axırına kimi” cavabını verməklə qəti mövqeyini bildirmişdi…  

O zaman yenicə yaranmaqda olan Milli Ordumuzun yüksək ixtisaslı peşəkar hərbçilərə, o cümlədən tankçılara böyük ehtiyacı vardı. Albert tank komandiri təyin edilərək, qanlı döyüşlərin getdiyi Şuşa cəbhəsinə göndərilir. Onun tank ekipajı tezliklə bütün cəbhə xəttində böyük hörmət qazanmağa müvəffəq olur. Cəsur tankçı Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşməni dəfələrlə pərən-pərən salır, onlarla canlı qüvvəsini və xeyli hərbi texnikasını məhv edir. Dövri mətbuatda cəsur tankçı haqqında qeyd olunan bir sıra mənbələrdə onun erməni işğalçılarına məxsus iki tankı bir-birinə yaxınlaşan zaman bir mərmi ilə məhv etdiyi, həmçinin sonralar bu metodun silahdaşları tərəfindən “yəhudi buterbrodu” adını aldığı göstərilib.

8 may 1992-ci il.  Şuşa uğrunda gedən qanlı döyüşlər Albertin son döyüşü oldu...   Mühüm hərbi-strateji və coğrafi mövqeyinə görə Şuşanı ələ keçirmək erməni işğalçılarının ən böyük arzusu idi. Hələ may ayının 7-də şəhərin müdafiəsində dayanan azərbaycanlı döyüşçülərin böyük bir qismi buranı tərk etmişdi və düşmən qüvvələri gecə saatlarından etibarən Şuşaya hücum etməyə başlamışdı. Albert son anadək Şuşanın müdafiəsində dayanan azsaylı döyüşçülərimizdən biri idi. Gün ərzində şəhərin müxtəlif istiqamətlərində şiddətli döyüşlər gedirdi. Erməni tank komandiri Qaqik Avşaryan öz T-72 tankını Şuşanın şimal girişinə gedən yolla sürdüyü vaxt, kapitan A.Aqarunovun tankı peyda olur. Hər iki tank 350 metr məsafədən bir-birinə atəş açır. Üç dəqiq zərbədən sonra düşmən tankı alışmağa başlayır. Avşaryan yaralı halda tankın lükünü açıb qaçmağa müvəffəq olsa da, lakin sürücüsü və atıcısı yanaraq cəhənnəmə vasil olur. Albertin göstərdiyi bu qəhrəmanlıq nümunəsi eyni zamanda Birinci Qarabağ müharibəsinin ilk tank döyüşü kimi də tarixə düşür. Müharibədən sonra ermənilər Albertin vurduğu həmin tankı bərpa edib yenidən rəngləyərək onu Xankəndi-Şuşa yolunun üstündəki qayada abidə kimi ucaltmışdılar. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda apardığı birgünlük uğurlu antiterror tədbirindən sonra həmin “abidə” oradan yığışdırılmışdır. Albertin vurduğu tank isə Bakı şəhərinə gətirilmiş və hazırda Böyük Zəfərimizin simvolu olan Qənimətlər Parkında nümayiş etdirilməkdədir.

A.Aqarunov daha sonra Şuşa-Laçın yoluna doğru irəliləyir. Cəsur döyüşçü burada, tankının sürücüsünə həlak olmuş azərbaycanlı əsgərlərin və mülki vətəndaşların cəsədlərinin üstündən keçməməyi tapşırır və ona yol göstərmək üçün tankdan enməli olur. Bu zaman o, erməni snayperinin açdığı atəş nəticəsində gözlərini əbədi yumaraq əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlir. Qəhrəman döyüşçü mayın 11-də Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli müvafiq fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Medal 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Albertin bacısı Sofiya Məmmədovaya təqdim edilib. Bundan əlavə, vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır və məktəbin önündə büstü qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə 2019-cu ildə Bakının Nərimanov rayonunun küçələrindən birinə Albert Aqarunovun adı verilib və həmin küçədə onun möhtəşəm heykəli ucaldılıb. Milli Qəhrəmanımız haqqında 2010-cu ildə “Dostuma məktub” filmi, 2017-ci ildə “Yaşadığım torpaq” sənədli filmi və 2024-cü ildə “Tank 533. Albert Aqarunov” adlı qısametrajlı filmi çəkilib.

Son olaraq onu deyə bilərik ki, torpaqlarını azad və suverenliyini bərpa etmiş xalqımızın bütün şəhidləri kimi, Azərbaycanın yəhudi əsilli qəhrəman oğlu Albert Aqarunovun da ruhu şaddır. Albertin həyat və qəhrəmanlıqlarla zəngin döyüş yolu yeniyetmə və gənclərimizə örnək olmaqla yanaşı, bu gün onun irsi Azərbaycan və İsrail dövlətlərinin, onların xalqlarının dostluq və qardaşlığının daha da möhkəmlənməsi yolunda öz töhfəsini verir. Necə ki, 44 günlük Vətən müharibəsi zamanı bizi dəstəkləyən, bizimlə həmrəy olan ölkə və xalqlar arasında elə məhz dost İsraili və qardaş yəhudi xalqını da gördük. Təbii ki, bizə göstərilən bu dəstəyi və həmrəyliyi qədirbilən xalq olaraq heç zaman unutmayacağıq.   

Allah şəhidlərimizə rəhmət eləsin!

Mayor Anar Əhmədov,

DİN-in Daxili Qoşunlarının

“Əsgər” qəzetinin redaktoru

 

2025-05-07 10:32:32
3621 baxış

Digər xəbərlər

Zinaida Rəsulova – 100!

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvü, İkinci Dünya Müharibəsi veteranı Rəsulova Zinaida İliniçnanın 100 illik yubileyidir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Zinaida Rəsulovanı yubiley münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı arzulayırıq. P.S.Xatırladaq ki, 23 iyun 1923-cü il təvəllüdlü Zinaida Rəsulova İkinci Dünya Müharibəsində faşizmə qarşı mübarizədə aktiv iştirak edib, göstərdiyi qəhrəmanlıqlara görə hərbi komandanlıq tərəfindən dəfələrlə təltif olunub.

Hamısını oxu
İlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdi

“Ağdamlılar Birinci Qarabağ Müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. İkinci Qarabağ Müharibəsində - Vətən Müharibəsində də cəsarətlə vuruşmuşlar, şəhidlər vermişlər. Mən fürsətdən istifadə edərək bu Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi yad etmək istəyirəm, Allah onlara rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin”.  Oxu.Az-ın məlumatına görə, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. “Şəhidlərimizin valideynlərinə, yaxınlarına bir daha müraciət edərək, onlara öz təşəkkürümü bildirirəm ki, belə gözəl, igid övladlar yetişdiriblər dövlətimiz üçün, xalqımız üçün. Yaralı əsgərlərimizə, zabitlərimizə tezliklə normal həyata qayıtmağı arzu edirəm. Allah onlara şəfa versin. Onların reabilitasiyası ilə bağlı artıq tədbirlər planı hazırlanır, müvafiq göstərişlər verilib. Onlar daim diqqət mərkəzində olacaqlar.   Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir”. İ.Əliyev bildirib ki, bu torpaqların abadlaşdırılması ilə bağlı tədbirlər görüləcək. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu da çox vaxt aparan bir məsələdir: “Çünki mənfur düşmən böyük əraziləri minalaşdırıb. Ondan sonra infrastruktur layihələri ilə bağlı işlər aparılmalıdır. Artıq göstəriş verilib, mövcud infrastruktur təhlil edilir. Bizim indi peyk imkanlarımız və digər imkanlar var. Mən Füzuli və Cəbrayıl rayonlarına səfər edərkən artıq qısa müddət ərzində salınmış yeni yoldan istifadə etdim. O müvəqqəti yoldur, amma hər halda, bu yoldan istifadə etmək olar. Yəni, bütün bu işləri biz görəcəyik və bizim böyük qayıdış planımız hazırda tərtib edilir”.

Hamısını oxu
Cəlil Xəlilov: Rüstəm İbrahimbəyovun vətənpərvərlikdən danışmağa haqqı yoxdur

Azərbaycanın inkişafına, onun qazandığı uğurlara sevinən dostlarla yanaşı, bundan narahat olan, xalqımıza və dövlətimizə qarşı hər an qarayaxma kampaniyası aparmağa can atan qüvvələr də var. Artıq 26 ildən çoxdur ki, Vətənimizin 20 faiz ərazisi erməni işğalı altındadır. Bu acı fakt hər bir azərbaycanlının qəlbini ağrıtmalı, bütün fikirlərinə hakim kəsilməlidir. Kim hansı vəzifədə işləməsindən, hansı sahənin təmsilçisi sayılmasından asılı olmayaraq, torpaqlarımızın işğaldan azad olunmasına öz töhfəsini verməyə çalışmalıdır. Azərbaycanın əraziləri işğal olunubsa, ermənilərin ölkəmizə qarşı ərazi iddiaları, həmçinin atəşkəs adı altında müharibə davam edirsə, özünü azərbaycanlı adlandıran şəxsin “Qafqaz üçlüyü” filminin həmmüəllifi olması birbaşa işğala haqq qazandırmaq, düşmən dəyirmanına su tökməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri ssenari müəllifli Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengela və Fuad İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmində azərbaycanlıların mənfi obrazının yaradılmasına münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib. O deyib: “Çox acınacaqlıdır ki, özünü azərbaycanlı kimi təqdim edənlərin bəzilərinin sözü ilə əməli uyğun gəlmir. Rüstəm İbrahimbəyovun müəllifi olduğu film bunu bir daha göstərdi. Məqsədi azərbaycanlıların vəhşi obrazının formalaşdırılmasından, erməni separatizminə, terrorçuluğuna və işğalına haqq qazandırmaqdan ibarət olan bir filmin həmmüəllifi özünü hansı haqla azərbaycanlı hesab edə bilər? Bu filmlə Azərbaycan xalqına qarşı açıq xəyanət yolu tutan Rüstəm İbrahimbəyov erməni lobbisinə, erməni işğalçılarına dəstək verərək, əslində öz milli kimliyini ifadə edib. Film bir daha göstərdi ki, milli kimliyi şübhə doğuran bu şəxs ölkəmizi və azərbaycanlıları qətiyyən sevmir. Elə bunun nəticəsidir ki, filmboyu erməni sevgisinin, erməni millətinə vurğunluğun şahidi oluruq. R.İbrahimbəyovun, həmçinin bu gün Milli Şurada təmsil olunanların bir çoxunun erməni lobbisinin maraqlarına xidmət etdikləri artıq gizlədilməsi mümkün olmayan faktdır. Filmi müəlliflərinin, xüsusilə Rüstəm və Fuad İbrahimbəyovların artıq bu xalqın, millətin qarşısına çıxıb millilikdən, vətənpərvərlikdən danışmağa haqları yoxdur. Ərazisinin 20 faizi işğal altında olan, həmin yerlərdə bütün milli-mədəni irsi erməni vandalları tərəfindən dağıdılmış, on minlərlə vətəndaşının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu “etirafları” öz milli kökünə, xalqına xəyanətin bariz nümunəsidir. Biz veteranlar xalqımıza qarşı bu böhtanı, təhqiramiz münasibəti birmənalı şəkildə rədd edir, belə cəhdlərin Azərbaycanın və onun xalqının dünya tərəfindən qəbul olunmuş obrazını dəyişə bilməyəcəyini əminliklə bildiririk”.

Hamısını oxu
Millət vəkili bayram öncəsi şəhid ailəsini ziyarət etdi

Veteran.gov.az xəbər verir ki, millət vəkili Pərvin Kərimzadə bayram öncəsi şəhid Hikmət Həsənovun ailəsini ziyarət edib. Millət vəkili bu barədə özünün sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir:  “Nur üzlü Şəhidimiz Hikmət Həsənovun bizlərə əmanət olan yadıgarları, gül balalar Ruqəyya və Ruzini ziyarət etdik. ALLAH Şəhidimizə rəhmət eləsin ALLAH körpə balaları qorusun!” Seymur ƏLİYEV    

Hamısını oxu