Президенту Азербайджанской Республики


Naqif Həmzəyev: “Bu yarışlar gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyətə malikdir” “Şəhidlərimiz və qazilərimiz içərisində çempion titulu qazanan idmançılar var” Artıq bir ilə yaxındır ki, Gənclər və İdman Nazirliyi, o cümlədən bir sıra gənclər və idman idarələri şəhidlərin xatirəsinə həsr edilən müsabiqə və turnirlər təşkil etməkdə, idman yarışları keçirməkdədir. Bu baxımdan Nərimanov Rayın Gənclər və İdman İdarəsi öz məhsuldarlığına, liderlik mövqeyinə görə xüsusilə seçilir. Gənclər və İdman Nazirliyi, o cümlədən onun tabeliyində olan Nərimanov Rayon və Gənclər İdarəsinin təşkilatçılığı ilə bu cür idman yarışlarının, müsabiqələrin keçirilməsi həm vətənpərvərlik təbliğatı, həm də şəhidlərimizin, qəhrəmanlarımızın tanıdılması baxımından nə dərəcədə əhəmiyyətlidir? Veteran.gov.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bu cür müsabiqələrin mühüm önəm kəsb etdiyini vurğulayıb: “Şəhidlərimizin, qazilərimizin adı ilə keçirilən bütün tədbirləri alqışlayırıq. Burada bir hədəf, bir məqsəd var. O da gənclərimizi milli ruhda, vətənpərvərlik ruhunda yetişdirmək, həmin qəhrəmanların Vətən müharibəsindəki şücaətini cəmiyyətə çatdırmaqdan ibarətdir. Məqsəd həm də canlı qəhrəmanların nümunəsində vətənpərvərlik sevgisini təbliğ etməkdir. Bizim idmançı şəhidlərimiz və qazilərimiz içərisində çempion titulu qazanan şəxslər var idi. Onlar şöhrət qazanan, məşhurluq əldə edən insanlar idi. Onlar könüllü olaraq ordu sıralarına yazıldılar və sona qədər döyüşdülər. Hesab edirəm ki, şəhidlərimizin, qazilərimizin adına həsr edilən turnirlər sağlam həyat tərzinin təbliğində də mühüm rol oynayacaq. Gənclər özlərinə həmin şəhid və qaziləri nümunə seçəcəklər. Bu cür turnirlər gələcək illərdə daha çox keçiriləcək. Çünki pandemiya son bir il ərzində daha çox tədbir keçirməyə imkan vermədi. Amma əminəm ki, qarşıdakı illərdə bu cür turnirlər, yarışlar daha çox olacaq. Mən bütün nazirliklərə, dövlət qurumlarına səslənirəm. Bütün qurumlar çalışmalıdırlar ki, şəhidlərimizi təbliğ etsinlər, onların adına həsr edilən müsabiqələr keçirilsin. Biz də millət vəkilləri olaraq bu cür tədbirlərin təbliğinə kömək etməli, bu tədbirlərdə iştirak etməliyik. Bu baxımdan istər Gənclər və İdman Nazirliyinin, istərsə də Nərimanov Rayon Gənclər və İdman İdarəsinin həyata keçirdiyi müsabiqə və turnirləri alqışlayır, bunu son dərəcə faydalı hesab edirəm”. Seymur ƏLİYEV
Hamısını oxu
"Təəssüflər olsun ki, 44 günlük Vətən müharibəsində məğlub olmasına rəğmən, Ermənistan yenə də təxribatçı cəhdlərdən əl çəkmək istəmir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Cəlil Xəlilov deyib. Onun sözlərinə görə, Ermənistanın diversiya cəhdləri və mina terrorunun qarşısını almağın ən effektiv yollarından biri heç şübhəsiz, beynəlxalq təşkilatları bu prosesə cəlb etmək, onların erməni cinayətlərinə adekvat reaksiya verməsini təmin etməkdir: "Təəssüflər olsun ki, 10 noyabr 2020-ci il bəyanatından 6 aydan çox müddət keçsə də, Ermənistan bu gün də minalanmış ərazilərin xəritəsini ölkəmizə vermək istəmir. Bununla yanaşı, erməni təxribatçıları bəzən əlverişsiz hava şəraitindən, mürəkkəb coğrafi relyefdən istifadə edərək Azərbaycan ərazisinə sızıb, mina basdırmağa cəhd edirlər. Hərbçilərimizin sayıqlığı sayəsində bu kimi halların qarşısı qətiyyətlə alınır". Cəlil Xəlilov həmçinin qeyd edib ki, lakin bu təxribatları beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri də görməli, rəsmi Ermənistanı bu təxribatlardan çəkindirmək üçün əməli addımlar atmalıdırlar: "Bu addımlardan biri kimi Ermənistana iqtisadi-siyasi sanksiyaların tətbiq edilməsi effektiv olardı. Belə bir addım Ermənistanı təxribatlardan çəkindirmək, regionda sülhün və sabitliyin qorunmasını təmin etmək baxımından da faydalı olar. Digər baxımdan, ölkə başçısının da qeyd etdiyi kimi, “Dəmir yumruq” yerindədir və erməni faşizmi yenidən baş qaldırarsa, bu zaman Ermənistan ordumuz tərəfindən daha ölümcül zərbə və itkilərə məruz qalacaq. Bu baxımdan Ermənistanın yaxın tarixdəki məğlubiyyətindən dərs çıxarmasına ciddi ehtiyac var". Arzu Elsevərqızı
Hamısını oxu
Hər il dekabr ayının ilk günlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB ölkələri İkinci dünya müharibəsi veteranlarının və Veteran Təşkilatları nümayəndələrinin iştirakı ilə “Qaliblərin Balı” adlı təntənəli tədbirin keçirilməsi artıq bir ənənə şəklini almışdır. Moskva şəhəri uğrunda gedən döyüşlərin ildönümü ərəfəsində baş tutan bu tədbir ömrünün ahıllıq dövrünü yaşayan veteranlar üçün həm də keçmiş döyüş yoldaşları ilə görüşmək imkanı kimi əhəmiyyətlidir. “Qaliblərin Balı”nda bir araya gələn veteranlar öz cəbhə xatirələrini bölüşür, həlak olmuş dostlarını yad edir, indiki fəaliyyətləri, gündəlik qayğıları barədə səmimi söhbət edir, onları maraqlandıran suallara cavab axtarırlar. Bu il də ənənəyə uyğun olaraq bu genişmiqyaslı tədbirdə MDB ölkələrindən olan İkinci Dünya Müharibəsi veteranları, veteran təşkilatlarının əməkdaşları, Rusiya Federasiyasının Müdafiə, Mədəniyyət nazirliklərinin rəsmiləri, tanınmış hərbi və ictimai xadimlər iştirak edirlər. İctimaiyyətin, medianın diqqət mərkəzində olan bu tədbir bir qayda olaraq yüksək səviyyədə təşkil olunur və Rusiya KİV-də geniş işıqlandırılır. “Qaliblərin Balı” adlanan növbəti, 13-cü tədbir cari il dekabr ayının 8-də Moskva şəhərində yerləşən Qələbə Mərkəzi muzeyində M.Liepa Fondu və Birləşmiş metallurgiya kompaniyasının təşkilatçılığı ilə baş tutmuşdur. Həmin tədbirdə Azərbaycanı İkinci dünya müharibəsi veteranı Qara Sarıyev və Ulduz Kəngərli, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev və Təşkilatın aparıcı mütəxəssisi Azər İsmayılov təmsil etmişlər. Qaliblərin 13-cü Balı İkinci dünya müharibəsinin başlanması, faşist almaniyasının keçmiş SSRİ-yə hücumu, müharibənin gedişi və müharibədən sonra SSRİ-də gedən quruculuq illərinə həsr olunmuş geniş kompozisiyanın nümayişi ilə başlanmışdır. Alman faşizmi üzərində qələbəyə aparan yolun bütün mühüm mərhələlərinin, arxa cəbhənin həmin qələbənin əldə olunmasında iştirakının və müharibədən sonrakı bərpa işlərinin dolğunluğu ilə əksini tapdığı kompozisiya böyük maraq doğurmuşdur. Kompozisiya müharibənin od-alovundan çıxmış, bu gün yaşı 100-ü haqlamaqda olan insanlar tərəfindən xüsusilə həyəcan və göz yaşları ilə qarşılanmışdır. Sonra Rusiya TV-lərinin canlı yayımladığı bayram tədbiri - “Qaliblərin Balı” başlanmışdır. Müharibənin canlı şahidləri, RF-nın rəsmi dövlət və ictimai təşkilatlarının nümayəndələrinin çıxışlarının yer aldığı, rəsmi təbriklərin oxunduğu tədbirdə Rusiya Federasiyası və digər ölkələrin tanınmış incəsənət xadimlərinin ifasında vətənpərvərlik, o cümlədən, torpaq, ana, müharibə, qələbə haqqında mahnılar səsləndirilmişdir. Azərbaycan nümayəndə heyətinin üzvləri tədbir çərçivəsində media nümayəndələrinə ölkəmizin İkinci dünya müharibəsində yaxından iştirakı, azərbaycanlıların qəhrəmancasına vuruşaraq ən yüksək fəxri adlara, orden-medallara layiq görülmələri, qanlı döyüşlərdə 320 mindən çox soydaşımızın həyatlarını itirməsi, Azərbaycan xalqının bəşəriyyətin dəhşətli bəladan xilası naminə arxa cəbhədəki fədakar əməyinə dair məlumatlar çatdırmışlar. Eləcə də digər ölkələrin veteranları və veteran təşkilatlarının nümayəndələri ilə kular söhbətlərində Azərbaycanda 9 may Qələbə gününün hər il böyük təntənə ilə qeyd edilməsi, veteranlara dövlət tərəfindən xüsusi qayğı göstərilməsi, Azərbaycan Veteranlar Təşkilatının qarşılıqlı əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verdiyi bildirilmişdir. Tdbir çərçivəsində Azərbaycan Veteranlar Təşkilatının adından təşkilatçılar - Qələbə Mərkəzi muzeyinin müdiri Şkolnik Aleksandr Yakovleviç və M.Liepa Fondunun sədri Liepa Andris Marisoviç Respublika Veteranlar Təşkilatının təsis etdiyi yubiley medalları ilə təltif olunmuşlar. Tədbirdə Azərbaycan veteranları bir sıra ölkələrin veteranları və nümayəndə heyətləri ilə xatirə şəkli çəkdirmişlər.
Hamısını oxu