Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlığın Tarixi: 15 Sentyabr Doğulan 9 Şəhidimiz

Tarix bəzən bir günə sığır, bir gündə bir millətin taleyi yazılır. Azərbaycan üçün belə günlərdən biri 27 sentyabr oldu. 2020-ci ildə başlanan Vətən müharibəsində əsgərlərimiz yalnız torpaq uğrunda deyil, şərəf və qürur naminə savaşa atıldılar. Bu savaşda canından keçən hər bir şəhidin adı xalqın yaddaşına bir dastan kimi yazıldı. Onlardan doqquzu elə bir gündə 15 sentyabrda doğulmuşdu. Onların doğum günü indi həm də Qələbə tariximizin bir parçasına çevrilib.

 Bu 9 igid övlad  bir vaxtlar analarının beşikdə layla çaldığı, arzularla böyütdüyü uşaqlar gələcəyini vətən yolunda fəda etdi. Onların hər biri Azərbaycanın bütövlüyü, torpaqlarımızın azadlığı, yüzillərlə həsrətini çəkdiyimiz Qarabağın uğrunda canından keçdi. Bu gün biz qürurla deyirik: Zəfər sizin adlarınızla bağlıdır! Şəhidlərimizin doğulduğu bu gün onların şəhadətə qovuşduğu müqəddəs zirvə ilə tamamlanaraq bir millətin yaddaşına əbədi həkk olundu. Hər il bu tarix gələndə bir millət tək yumruq kimi onları anır, ruhlarına dualar oxuyur, bayraqlar altında baş əyir. Beş il öncə qazandığımız Zəfər təkcə silah gücü ilə yox, bu 9 qəhrəmanın da daxil olduğu minlərlə şəhidin iradəsi və canı ilə əldə olundu. Onlar təkcə torpağı yox, Azərbaycanın qürurunu, ləyaqətini də xilas etdilər. Biz bu gün azad Şuşada gəzə biliriksə, Xankəndidə bayrağımız dalğalanırsa, Laçın yolu sərbəst açılıbsa bu onların sayəsindədir. Onlar tarixə təkcə şəhid kimi yox, Qələbənin memarları kimi düşdülər. Bəli, fiziki olaraq aramızda deyillər, amma bu millətin ruhunda yaşayırlar. Onların həyatı gələcək nəsillərə vətən sevgisinin, əqidənin və qəhrəmanlığın dərsi olacaq.

1. Elnur Cabbarov – Bir Doğum Günü, Bir Ömürlük Qəhrəmanlıq

 Şəhidlik Tanrının seçdiyi ruhlara bəxş etdiyi əbədi bir zirvədir. O zirvəyə ucalmaq hər kəsə nəsib olmur. Amma Vətənin dar günündə düşmənin qarşısında sipər olan, canından, ailəsindən, ömründən keçən igidlər var ki, onların adı tarixə qızıl hərflərlə yazılır. Elnur Cabbarov da məhz belə oğullardandır  Laçınlı, qeyrətli, mərd bir Azərbaycan əsgəri… Əslən Laçın rayonundan olan Elnur Şahmurad oğlu Cabbarov 15 sentyabr 1994-cü ildə Ağcabədi rayonunun Taxta Körpü adlanan ərazisində, Laçından məcburi köçkün düşən ailələrin yaşadığı bir yurd yerində dünyaya gəldi. Onun uşaqlığı qaçqınlıq acısı, itirilmiş Vətən həsrəti ilə keçdi. Amma bu həsrət onu əyməmiş, əksinə ruhunu, iradəsini bərkidən bir gücə çevrilmişdi. 2012-ci ildə hərbi xidmətə yollanan Elnur fiziki cəhətdən güclü və çevik olduğu üçün Fövqəladə Hallar Nazirliyinin Xəzər rayonunda yerləşən hərbi hissəsində xidmətə başladı. Xidmətini şərəflə başa vurduqdan sonar polis orqanlarında ictimai nəzarət qrupuna daxil edildi. Lakin Elnurun ürəyində yanan o böyük Vətən eşqi onu yenidən hərb meydanına çağırdı. Düşmənin ayaq basdığı dədə-baba torpaqlarına olan həsrət, vətənə olan sevgi, torpağa bağlanan can arzusu onu 2020-ci ilin əvvəllərində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi orduda xidmət etməyə sövq etdi. O, bu yolu şüurlu şəkildə seçdi və bilirdi ki, bu yolun sonunda şəhidlik də var. Və o gün gəldi, 2020-ci il sentyabrın 27-də Vətən savaşı başladı. Elnur ön sıralarda idi. İllərlə həsrətində olduğu Laçına aparan yol artıq açılırdı. Elnur hər qarışda vuruşdu, hər döyüşdə irəlidə oldu. O, döyüş yoldaşlarının dediyinə görə qorxu bilməyən, mərd və nümunəvi bir əsgər idi. Əsl komandan ruhuna malik idi. Təkcə döyüşmürdü, döyüşçü yetişdirirdi, əsgərə dayaq olurdu. Və növbə gəldi Qəhrəmanlıq tariximizin zirvəsi, qürurumuzun simvolu olan Şuşaya… Elnur burada, şəhidlik və şərəf arasında bir seçim etdi. Döyüşlərin ən qızğın anında yoldaşları yaralı halda qaldıqda, Elnur geri çəkilmədi. Öz həyatını təhlükəyə ataraq onları xilas etməyə çalışdı. Və məhz bu zaman – həyatla ölüm arasındakı cəmi bir nəfəsdə o, şəhidlik zirvəsinə ucaldı. Elnur şəhid olanda onu heç görməyən, qucağına almadığı iki aylıq bir körpəsi vardı. O körpə indi atasını şəhid biləcək, onun adına başı uca böyüyəcək. Vətən isə Elnurun adını unutmayacaq. Onun qəhrəmanlığı, fədakarlığı yüz minlərlə insanın yaddaşında, tariximizin qürur səhifələrində əbədi qalacaq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Elnur Cabbarov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif olundu. Bu təltiflər təkcə onun ailəsinə deyil, bütün Azərbaycan xalqına verilmiş bir iftixar nişanıdır. Elnur Cabbarov igid bir oğul, qəhrəman bir əsgər, şəhidlik zirvəsində əbədiləşmiş bir addır.


2. Vətən müharibəsində qəhrəmancasına şəhid olan hərbçimiz, igid Rəşad İlqar oğlunun ad günü bu gündür  onun şanlı həyat və qəhrəmanlıq dastanı hər zaman qəlblərimizdə yaşayacaq.

Şəhidlik elə bir zirvədir ki, o ənginliyə ucalmaq hər insana qismət olmur. Tanrının bu uca və ulu, əbədi zirvəyə yüksəltdiyi Rəşad Ələkbərov kimi oğullarımız da çoxdur. Düşmən Ermənistanın Tovuz cəbhəsində törətdiyi növbəti təxribatlar, Vətənin bağrına çəkilən qana bələnmiş bir xəncər kimi Rəşadın yuxusunu ərşə çəkdi. Minlərlə həmyaşıdı kimi o da Vətən çağırışına səs verdi. Rəşad İlqar oğlu Ələkbərov 1997-ci ilin sentyabr ayının 15-də Azərbaycanın taleyində mühüm rol oynamış bir tarixdə Gəncə şəhərində dünyaya göz açdı. Sanki özü də tarix yazmaq üçün bu tarixi gündə doğulmuşdu.

 Gəncənin 44 saylı orta məktəbini bitirdikdən sonra 2017-ci ildə hərbi xidmətə yollanan Rəşad Vətənə xidmət yolunu Ağcabədidə başladı, Füzuli torpaqlarında davam etdirdi. Əsgərliyi dövründə göstərdiyi nümunəvi davranışı, Vətənə bağlılığı onun necə bir insan olduğunu artıq o zaman sübut edirdi. Vətən müharibəsi başlandı. Rəşad da silaha sarılıb cəbhəyə yollandı. Bu müqəddəs torpaqların azad olunmasında Rəşad qəhrəmancasına döyüşdü. Şuşa-Laçın istiqamətində davam edən döyüşlərdə, vətən torpağına canını sipər edərək şəhidlik zirvəsinə ucaldı. Rəşad Ələkbərov Gəncənin Şəhidlər Xiyabanında uyuyur və min illər boyu Vətənin igid oğullarının adları ilə səslənəcək bir ünvanın əbədiyyət sakininə çevrilmişdir. Qəhrəmanlığın genlə keçdiyi bu ailədə Vətən sevgisi anasından oğula miras qalmışdı. Anası  Nailə Ələkbərova Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, “Gəncə” alayının tərkibində 1992-1993-cü illərdə Tərtər və Ağdərə cəbhələrində döyüşmüşdü. O da bir döyüşçü, bir qəhrəman kimi tarixdə öz yerini almışdı. Rəşadın qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olundu. Rəşad Ələkbərov bir ömürlük örnək, bir millətin fəxri, bir xalqın unudulmaz qəhrəmanıdır. Onun adı bu torpaqda yaşadıqca, Vətən də yaşayacaq!


3.
Vətən uğrunda canını fəda etmiş qəhrəmanımız Hüseyn Əliyevin ad günü

2000-ci ilin sentyabr ayının 15-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dünyaya gələn Hüseyn Əliyev bu gün həm də qəhrəmanlıq tariximizin parlaq səhifəsində əbədi yaşayır. Balaca bir kəndin sakit həyatından başlayıb, böyük vətən eşqinə çevrilən Hüseynin yolu çətin, amma şərəfli oldu. Uşaqlıqdan məktəb illərində formalaşan vətənpərvərlik ruhu onu 2018-ci ildə Silahlı Qüvvələrimizin sıralarına gətirdi. Hərbi xidmətdə keçdiyi illər onun qəhrəmanlıq yolunun ilk addımları oldu. Vətən müharibəsi başlayan kimi Hüseyn ürəyi və ruhu ilə ön sıralarda savaşmaq üçün hazır idi.

Murovdağın azadlığı uğrunda gedən qanlı döyüşlərdə döyüşçü kimi fərqləndi, igidliklə vuruşdu. Oktyabrın 3-də qəhrəmancasına şəhid oldu. O, canını qurban verərək Azərbaycan torpaqlarının azadlığı üçün əbədi ad qoydu. Nəşi uzun müddət tapılmasa da, onun ruhu heç vaxt yox olmadı. 2021-ci ilin yanvarında doğulduğu kənddə dəfn edilən Hüseyn həm doğulduğu, həm də şəhidlik zirvəsinə ucaldığı gündə yaddaşlarda yaşayır. Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilən Hüseyn Əliyev Vətəninə, xalqına sonsuz sədaqət nümunəsi oldu. Bugün, Hüseynin ad günündə biz yalnız bir insanı xatırlamırıq. Biz, Vətən üçün döyüşən, canından keçən igid bir oğulu, şəhid ruhunu, azadlıq sevginin ən ali nümunəsini yad edirik. Ruhun şad olsun, qəhrəman! Ad günün mübarək, əziz şəhidimiz!

4. Əlizadə Nicat Qorxmaz oğlu – Ad günündə xatırlanan igid övlad

Bu gün Nicat Qorxmaz oğlu Əlizadənin ad günüdür. O, 2001-ci ilin 15 sentyabrında Sumqayıtda dünyaya göz açmışdı. Nicat bir ailənin oğlu, bir elin fəxri, bir xalqın igid şəhididir. Əslən Cəbrayıl rayonunun Tinli kəndindən olan Nicatın həyat yolu, sanki Vətən sevgisi ilə ilmə-ilmə toxunmuşdu. İlk təhsilini Sumqayıtda Qubadlı rayonunun Hal kənd məktəbində aldı. Həyat onu illər sonra Biləsuvara, oradan isə Cəbrayıl Peşə Məktəbinə apardı. Gənc yaşlarında daima öyrənməyə, faydalı olmağa çalışan Nicat sadə, təvazökar, amma içində qaynayan bir qəhrəmanlıq ruhu daşıyırdı. 2019-cu ilin oktyabrında vətənin çağırışına "mən hazıram" deyərək cavab verdi. Tərtərdə hərbi xidmətə başladı. Əvvəl atıcı, sonra sanitar təlimatçı kimi fəaliyyət göstərdi. Amma onun əsl imtahanı 2020-ci ilin payızında başladı.

7 oktyabrda Suqovuşan uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gələn cəsur igid, canını torpağa sipər edərək şəhidlik zirvəsinə ucaldı. O, şəhidliyi ilə bir millətin qürursimasına çevrildi. Nicat bu gün Biləsuvardakı şəhidlər məzarlığında uyuyur. Amma onun adı, onun ruhu hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə layiq görüldüyü “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları onun qəhrəmanlıq salnaməsinə yazılmış şərəf nişanlarıdır. Bu gün Nicatın ad günüdür. Amma o, bu günü torpağın altında deyil, göylərin ən uca qatında şəhidlik zirvəsində qarşılayır. Ruhun şad olsun, Nicat. Sənin kimi oğulların sayəsində bu torpaq bizimdir, bu günümüz var. Səni unutmadıq, unutmarıq!

5. Zəfəri Yaşadanlar – İsabala Hüseynovun Əbədi İzləri

15 sentyabr 2001-ci il. Bakı şəhərində, Suraxanıda bir uşaq dünyaya göz açırdı - İsabala Hüseynov. Hələ o zaman heç kim bilməzdi ki, bu körpə bir gün torpaq uğrunda canından keçəcək, millətin yaddaşına “Vətən oğlu” kimi həkk olunacaq. İsabala sadə bir ailənin övladı idi. Uşaqlığı Bakı küçələrində, Əmircanda keçmişdi. 2007-ci ildən 2018-ci ilə qədər 318 nömrəli tam orta məktəbdə oxudu. Gözlərində daim bir arzu vardı ölkəsinə faydalı olmaq, zəhmətlə böyümək. Məktəbi bitirdikdən sonra peşə təhsili yolunu seçdi. 2018-2019-cu illərdə 16 nömrəli Bakı Peşə Liseyində “Gəmi maşın mexanizmlərinin təmiri üzrə çilingər” ixtisasına yiyələndi. Dənizlərə baxıb gələcəyi xəyal edərdi, amma taleyin yazısı başqa idi. 2019-cu ildən etibarən Azərbaycanın Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başladı. Vətən sevgisi hərbi geyimdə daha da ucaldı. Silahı tutanda əlləri əmin idi, ürəyi döyünürdü.

 O, bu torpaqlar üçün doğulmuşdu. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən Müharibəsi onun üçün  çağırış oldu. Döyüş meydanında qorxmadan irəli atıldı, ölümə gözlərini qırpmadan baxdı. 4 noyabr 2020-ci il Laçın döyüşləri zamanı İsabala şəhadətə qovuşdu. O gün Azərbaycanın səması bir igidi itirdi, amma millətin ruhu bir qəhrəman qazandı. Suraxanı rayonunun Əmircan qəsəbəsində torpağa tapşırıldı. Əməyi, canı və qanı yerdə qalmadı. Onun igidliyi dövlət tərəfindən də yüksək qiymətləndirildi. Ölümündən sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla aşağıdakı medallara layiq görüldü: “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalına laiyiq görüldü. Bu torpaq nəfəs alırsa, bu bayraq dalğalanırsa, bu millət varlığını qoruyursa bu məhz İsabala kimi qəhrəmanların sayəsindədir. Bəziləri tarix yazır, bəziləri tarixə yazılır. İsabala Hüseynov tarixə yazılanlar sırasında əbədi yer aldı. Uğrunda can verdiyi vətən onu heç zaman unutmayacaq.


6. Zəfər tariximizə adını qızıl hərflərlə yazan igid – Elnur Həsənov

Tarix 15 sentyabr 1992-ci il. Ağstafa şəhərində bir körpə dünyaya göz açır. Adını Elnur qoyurlar. Bu ad sonralar yalnız ailəsinin deyil, bütöv bir xalqın yaddaşına qəhrəmanlıq dastanı kimi həkk olunacaqdı. Elnur Elman oğlu Həsənov Vətənə sevdası canından əziz olan bir övlad, bir igid, bir şəhiddir. 1999-2010-cu illərdə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbində təhsil alan Elnur hələ uşaq yaşlarından mərdliyi, alicənablığı və Vətən sevgisi ilə seçilirdi. O, hələ məktəb illərindən bilirdi: bir gün Vətən çağırsa, tərəddüd etmədən yollara düşəcək. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olan Elnur burada kiçik çavuş rütbəsini alır və manqa komandiri kimi xidmət göstərir. Silahdaşları üçün o, sadəcə komandir deyil, eyni zamanda dost, sirdaş və yol göstərən idi. 27 sentyabr 2020-ci il Zəfər tariximizin başlandığı gün torpaqlarımızı düşmən işğalından azad etmək üçün irəli atıldı.

 

Elnur Həsənov Füzuli, Xocavənd, Laçın və Şuşa uğrunda gedən qanlı döyüşlərin mərkəzində, ölümə meydan oxuyaraq döyüşürdü. Onun son dayanacağı Şuşa oldu. 8 noyabr 2020-ci il tarixində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə Elnur qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. O, yalnız doğma Ağstafanın deyil, bütün Azərbaycanın igid oğlu kimi Şəhidlər Xiyabanında əbədi rahatlıq tapdı. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elnur Həsənov ölümündən sonra aşağıdakı medallarla təltif olunmuşdur: "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə” medallarına layiq görülmüşdür. Bu medallar xalqın Elnura və onun kimi igidlərə olan borcunun kiçik bir əlamətidir. Elnur Həsənov tariximizin Zəfər salnaməsində qürurla çəkilən bir addır. Ruhun şad olsun, Elnur! Sən can verdin ki, Vətən yaşasın! Sən getdin ki, Şuşa azad olsun! Və sən susdun ki, bir millət əbədi danışsın!


7. İsmayılov Vüqar Eldar oğlu - Vətənin qüruru, Zəfərin səsi

15 sentyabr 1993-cü ildə Mingəçevirdə bir uşaq dünyaya göz açdı. Bu uşaq - Vüqar İsmayılov gələcəyin qəhrəmanı, millətin fəxri olacaqdı. Uşaqlıq illəri Kür qırağında, vətən sevgisi ilə böyüyən Vüqar illər sonra adını tarixə qızıl hərflərlə yazdı. 2020-ci ilin sentyabrında o, Azərbaycan Ordusunun əsgəri kimi müqəddəs bir amal torpaqlarımızın azadlığı uğrunda silaha sarıldı. 21 sentyabrda hərbi xidmətə çağırılan Vüqar Vətən müharibəsinin ən çətin döyüş bölgələrindən biri olan Talış-Suqovuşan istiqamətində vuruşdu. O, ön cəbhədə, səngərdə, barıt qoxan torpaqda Vətənin bütövlüyü üçün nəfəs aldı, döyüşdü və tarix yazdı. Amma hər qəhrəmanlıq dastanının bir qürurlu, bir də hüznlü tərəfi olur. 10 oktyabr 2020-ci il Vüqarın igidcəsinə şəhidlik zirvəsinə ucaldığı gündür.

 

 O gün, torpaq onun qanı ilə suvarıldı, amma həmin torpaq azadlığa bir addım daha yaxınlaşdı. Vüqarın göstərdiyi şücaət dövlət tərəfindən də yüksək qiymətləndirildi. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə: “Suqovuşanın azad olunması”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olundu. Bu gün 15 sentyabr Vüqarın doğum günüdür. Əgər sağ olsaydı, 32 yaşını qeyd edəcəkdi. Amma o, artıq bizim aramızda deyil. O, Şəhidlər Xiyabanında, qəlbimizdə və qəhrəmanlıq tariximizdə yaşayır. Vüqarın doğum günü ilə 44 günlük Zəfər müharibəsi arasında bir qismət bağı var. O, dünyaya gələndə zaman belə bilmirdi ki, bu uşaq bir gün Zəfərin əsgəri olacaq. O, doğulmaqla bu torpağın azadlıq dastanına öz imzasını atmağa gəlmişdi. Unutmadıq, unutmarıq! İsmayılov Vüqar kimi qəhrəmanlarımızın adı hər zaman ehtiramla anılacaq. Onların ruhu bizə güc, onların əməlləri bizə yol göstərəcək. Doğum günün mübarək, igid Vüqar! Sən bu millətin qürurusan.


8. Zəfər Tariximizin Beşinci İlində Qəhrəman Şəhid Əşrəf Məmmədlini Anırıq

15 sentyabr 1999-cu il tarixində İsmayıllı rayonunun Maçaxı kəndində dünyaya gələn Əşrəf Məmmədli Azərbaycan tarixində iz qoymuş qəhrəmanlardan biridir. Bu gün 15 sentyabr 2025-ci il onun doğum günüdür. Eyni zamanda, bu günlər Azərbaycan xalqı üçün daha böyük mənanı ifadə edir. Vətən müharibəsi Zəfərinin beşinci ildönümünə hazırlaşdığımız bir dövrdə, biz şəhidlərimizi dərin ehtiramla yad edirik. Əşrəf Məmmədli ilk təhsilini 2005-2009-cu illərdə Maçaxı kənd tam orta məktəbində, daha sonra isə 2009-2014-cü illərdə Tircan kənd tam orta məktəbində almışdır. 2014-2017-ci illərdə Abşeron rayonundakı Ceyranbatan Peşə Liseyində “təmirçi-çilingər” ixtisasına yiyələnmişdir. Əldə etdiyi texniki biliklərə baxmayaraq onun əsl peşəsi Vətənə xidmət idi. Əşrəf Məmmədli 2018-2019-cu illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuş, xidmətini başa vurduqdan sonra 2019-cu ilin noyabr ayından etibarən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətini davam etdirmişdir. Peşəkar hərbçi kimi formalaşan Əşrəf qısa müddət ərzində yüksək intizamı, hazırlığı və vətənpərvərliyi ilə seçilir. 2020-ci ilin 27 sentyabr tarixində başlayan, Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəlmiş 44 günlük Vətən müharibəsi zamanı Əşrəf Məmmədli Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri kimi döyüşlərə qatılmış Cəbrayıl rayonunun azadlığı uğrunda gedən ağır və şiddətli döyüşlərdə fədakarlıqla vuruşmuşdur.

 

O, 17 oktyabr 2020-ci il tarixində Cəbrayıl döyüşləri zamanı silahdaşları Səyyad Şıxıyev və Aşur Cəmiyev ilə birlikdə qəhrəmancasına şəhid olmuşdur. Onların canı, qanı bahasına torpaqlarımız işğaldan azad edilmiş, Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulmuşdur. Əşrəf Məmmədli İsmayıllı rayonunun doğma Maçaxı kəndində torpağa tapşırılıb. Onun əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır. Qəhrəman şəhidimizin xidmətləri dövlət səviyyəsində də yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Əşrəf Məmmədli ölümündən sonra aşağıdakı medallarla təltif olunub: "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə". Bu təltiflər bir daha göstərir ki, Əşrəf Məmmədli kimi qəhrəmanların fədakarlığı, mərdliyi və Vətən sevgisi unudulmur. Onların əziz xatirəsi və göstərdikləri şücaət hər zaman xalqımıza ruh, gələcək nəsillərə isə örnək olacaq. Əşrəf Məmmədlinin doğum günü və Zəfərin beşinci ili ərəfəsində qəhrəman şəhidlərimizi bir daha sonsuz minnət və ehtiramla anırıq.


9.
Orxan Mirzəyev: Qələbəyə Aparan Yolun Qəhrəmanı

Orxan Mirzəyev bir millətin yaddaşına yazılmış qəhrəmanlıq dastanıdır. O, 1993-cü il sentyabrın 15-də Azərbaycanın Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Vətənpərvərlik ruhunda böyüyən Orxan sonralar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında çavuş rütbəsi ilə xidmət edərək dövlətə sədaqətini əməli ilə sübut etdi. 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Orxan Mirzəyev minlərlə igid Azərbaycan əsgəri kimi cəbhəyə yollandı. Onun döyüş yolu Füzulidən keçdi, Şuşaya qədər uzandı. Hər addımda göstərdiyi şücaət, qorxmazlıq və vətən sevgisi ilə adını tarixə yazdı. 7 noyabr 2020-ci il Azərbaycan ordusunun Şuşa uğrunda apardığı qanlı, amma şanlı döyüşlərdə Orxan şəhidlik zirvəsinə ucaldı.

10 noyabrda doğulub, boya-başa çatdığı Biləsuvarda torpağa tapşırıldı. Amma o, bu torpaq üçün can verərək əbədiyyətə qovuşdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Orxan Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olundu. Bu medallar təkcə bir əsgərin qəhrəmanlığının deyil, bütöv bir xalqın qürurunun təcəssümüdür. Bu gün 15 sentyabr Orxan Mirzəyevin doğum günü olmaqla, həm də şəhidin ruhuna ehtiram, Vətən uğrunda can verənlərin xatirəsinə sayğı günüdür. O, fiziki olaraq aramızda olmasa da, ruhu ilə, döyüş yolu ilə, vətən sevgisi ilə hər birimizin qəlbində yaşayır. 44 günlük müharibə Azərbaycan xalqının birliyinin, iradəsinin və qələbə əzminin nümunəsi oldu. Bu zəfərin təməlində Orxan Mirzəyev kimi yüzlərlə igid övladımızın qanı, canı dayanır. Onların sayəsində bu gün üçrəngli bayrağımız azad edilmiş torpaqlarda qürurla dalğalanır.

 

2025-09-16 14:55:56
5992 baxış

Digər xəbərlər

Встреча руководителей общественных объединений города Таганрога с членами официальной делегации Азербайджанской Республики

29 августа в Городском Совете ветеранов (пенсионеров) войны, труда, вооруженных сил и правоохранительных органов состоялась встреча руководителей общественных объединений города Таганрога с  членами официальной  делегации Азербайджанской Республики, прибывшей  для участия в праздновании Дня освобождения города Таганрога от немецко-фашистских захватчиков. На встрече присутствовали: Башарина Ольга Ивановна – председатель Городского Совета ветеранов Куликов Анатолий Николаевич – председатель комиссии по патриотическому воспитанию молодежи Городского Совета ветеранов Климов Сергей Николаевич  - председатель Таганрогского отделения Всероссийской общественной организации ветеранов «Боевое братство» Сетьков Александр Александрович – председатель Региональной Общественной Организации ветеранов военной службы «Союз десантников Таганрога» Чаленко Сергей Иванович – атаман городского казачьего общества «Таганрогское» Ибрагимов Таджаддин Джалилович – председатель Таганрогской городской общественной организации «Достлуг-Дружба» Старикова Элина Эдуардовна – председатель общественной организации Белорусская местная национально-культурная автономия города Таганрога Мусаев Самир Фирдовси оглы - начальник отдела международного сотрудничества Организации ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Исмайылов Исмайыл Вахиб оглы - старший специалист отдела военно-патриотической работы Организации ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Долгорукова Светлана Анатольевна – главный специалист отдела по работе с общественными объединениями Администрации города Таганрога Куличев Дмитрий Викторович - ведущий специалист отдела международных связей Администрации города Таганрога.   Присутствующие обменялись опытом работы по патриотическому воспитанию молодежи, социальному обслуживанию, социальной поддержке и защите ветеранов, гармонизации межнациональных отношений. Обсудили вопросы сотрудничества между общественными организациями города Таганрога и Организацией ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики. Гости из Азербайджана вручили Городскому Совету ветеранов памятные подарки и копии документов, свидетельствующих об участии Правительства Азербайджанской Республики в строительстве мемориала «Самбекские высоты» и увековечении памяти погибших на Ростовской земле.

Hamısını oxu
Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası mənim xatirimdədir. O zaman biz birgə işimizə yeni başlamışdıq və bu gün keçmişə nəzər saldıqda mühüm nailiyyətlərin şahidi oluruq. Yeri gəlmişkən, hər il Bakıda toplaşarkən biz görülən işləri nəzərdən keçirir və gələcək addımlarımızı planlaşdırırıq. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışı zamanı söyləyib. “Şadam ki, bugünkü iclasda iştirak edən ölkələrin sayı əvvəlkindən artıqdır. Hazırda burada 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak edir. Biz vahid komanda olaraq çalışırıq və hesab edirəm ki, bu bizim uğurumuzun başlıca səbəbidir”, -deyə dövlətimizin başçısı vurğulayıb. Cənub Qaz Dəhlizinin inşasının yekunlaşması münasibətilə təbriklərini çatdıran Azərbaycan Prezidenti deyib: “Ötən ilin sonuncu günü əlamətdar olmuşdur. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var”.

Hamısını oxu
İlham Əliyev: Tarix göstərdi ki, mən haqlıyam

Minsk Qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfər etmişlər və Ermənistan rejiminin hərbi cinayətlərinin şahidi olmuşlar. Şəhərlərimizin tam dağıdılmasının şahidi olmuşlar. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən söyləyib. Dövlət başçısı bildirib ki, söhbət yalnız Ağdam və Füzulidən getmir, Cəbrayıl da eyni vəziyyətdədir: "Kəlbəcər və Laçında onlar bəzi evlərdən yalnız məskunlaşmaq üçün istifadə edirdilər. Qubadlı ilə Zəngilanda onlar suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və onlardan muzdlular kimi istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var. Mən artıq dedim ki, oranın sakinləri əslində kimlərdir və bunu təkrar etmək istəmirəm. Lakin əlimizdə pasportlar var. Həbsxanalarımızda əcnəbilər var. Bir sözlə, bütün bunlar böyük sual doğurur. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmağa məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, “hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar sadəcə mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər".

Hamısını oxu
Prezident İlham Əliyev:

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Milli.Az AZƏRTAC-a istinadən Prezident İlham Əliyevin müsahibəsindən növbəti məqamları təqdim edir: "Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə yaşayırdı. Nəinki azərbaycanlılara, bütün müsəlmanlara, bunu mən dəqiq bilirəm, böyük nifrət hissi var idi. Bunun nəticəsində ermənilər baş qaldırıb və Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşməsi haqqında iddia qaldırdılar - Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra. Heydər Əliyev faktoru imkan vermirdi ki, onlar baş qaldırsın. Ancaq Qorbaçovun demək olar ki, yaxın ətrafı ermənilərdən ibarət idi və bu əsassız iddiaya qarşı lazımi addımlar atılmadı. Əksinə, o vaxt Qorbaçov hakimiyyəti 100 faiz ermənilərin tərəfini tutdu və Dağlıq Qarabağın Azərbaycandan ayırmaq üçün ilk addımlar məhz o vaxt atıldı". "O vaxt sovet rəhbərliyi qərar qəbul etdi ki, Dağlıq Qarabağda xüsusi komitə yaradılsın və o komitəyə Qorbaçovun köməkçisi Volski təyin edildi. Volski qatı ermənipərəst insan idi və orada işlədiyi dövrdə əlindən gələni edirdi ki, Azərbaycanın tarixi irsi Dağlıq Qarabağ ərazisindən silinsin. Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi o vaxt buna sadəcə olaraq tamaşaçı kimi yanaşırdı, öz səsini ucaltmamışdır, öz sözünü deməmişdir. Özünü çox qorxaqcasına aparırdı, mərkəzlə münasibətləri korlamaq istəmirdi. O vaxt Azərbaycana rəhbərlik edən insanlar Azərbaycan xalqına xəyanət etmişdilər". "Azərbaycan İkinci Dünya müharibəsində Sovet İttifaqının Qələbəsinə əvəzolunmaz töhfə vermişdir. Həm burada - arxa cəbhədə, həm ön cəbhədə. İndi bu yaxınlarda Rostov vilayətində Sambek yüksəkliklərinin azad edilməsi mərasimi keçirilmişdir. Mən Rostov qubernatoruna çox minnətdaram ki, azərbaycanlıların qəhrəman əməyi və fədakarlığı orada qeyd edilmişdir. Eyni zamanda, Rusiyanın dövlət televiziyası - "Rossiya-1" kanalı bu məsələ ilə bağlı məndən müsahibə almışdı. Çünki Sambek yüksəkliklərini və Rostov vilayətini faşistlərdən təmizləyən məhz azərbaycanlılar olub, 416-cı Taqanroq diviziyası... Rostovu faşistlərdən təmizlədilər, Mozdokda faşistləri qoymadılar ki, Bakı tərəfə keçsinlər. Bunu biz etmişik, qəhrəman Azərbaycan xalqı. Azərbaycan zabiti Məcidov Brandenburq qapısının üstünə Qələbə bayrağını sancmışdır. Amma tarixi kitablarda bu var? Yoxdur. Kimdən soruşsan, mütləq əksəriyyət bunu bilmir. Nə üçün? Çünki silinirdi. Azərbaycanlıların qəhrəmanlığı silinirdi tarixdən". "O vaxt Moskvada oturanlar - Mikoyanlar və ona oxşar anti-Azərbaycan ünsürlər hər vəchlə çalışırdılar ki, azərbaycanlıların qəhrəmanlığını gizlətsinlər. Mehdi Hüseynzadə - əfsanəvi partizan, ona Sovet İttifaqı Qəhrəmanı adı müharibədən neçə il sonra verildi, özü də Azərbaycan tərəfinin təkidi ilə. Mən Sloveniyada olarkən onun məzarını ziyarət etdim. Orada böyük mərasim keçirdik. Orada onunla birlikdə vuruşan sloveniyalıları gördüm. Onlar göz yaşları tökürdü. Mən onlarla söhbət edirdim, çünki onların təəssüratları çox maraqlı idi. Deyirdilər ki, belə bir qəhrəman insan dünyaya gəlməmişdir. Yəni, o, gizlədilirdi, şüurlu şəkildə danılırdı". Milli.Az

Hamısını oxu