Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Məşhur polkovnik Hamlet Hüseynov vəfat etdi

Birinci Qarabağ müharibəsində Gədəbəyin müdafiəsinin əsas təşkilatçılarından olan və Başkənd əməliyyatını həyata keçirən polkovnik Hamlet Hüseynov vəfat edib. Qocaman hərbçi 91 yaşında dünyasını dəyişib. Hamlet Hüseynov 1932-ci il mayın 9-da Salyan rayonunda anadan olub. Azərbaycanın bir sıra bölgələrində: Gədəbəy, Tovuz, Sumqayıt, Bakının Nəsimi rayonunda hərbi komissarlıqlara rəhbərlik etmiş, Azərbaycan Respublikasının hərbi komissarınin 1-ci müavini, Ordu korpusunun komandiri vəzifələrində çalışıb. Birinci Qarabağ müharibəsi dövründə 62 yaşında silaha sarılaraq erməni işğalçılarına qarşı mübarizəyə qoşulmuş və qəhramanlıqlar göstərmiş Hamlet Hüseynov xatirələrində deyib: "Ehtiyatda olmağıma, yaşımın 60-ı haqlamasına baxmayaraq, yenidən hərbi paltarımı geyinərək, düşmənlə son nəfəsədək döyüşməyi qərara almışam. 1992-ci il avqustun 8-də əməliyyat keçirildi əvvəl Gədəbəy rayonunun Başkənd aşırımını aldıq, hərbi qüvvəni yüksəkliklərdə möhkəmləndirdik. Daha sonra Krasnoselsk istiqamətində düşmənə ağır zərbələr endirdik. Erməni separatçıları və muzdlular xeyli sayda canlı qüvvə və hərbi sursat itirdilər. Başkəndi ələ keçirməklə tarixi torpağımızı əsirlikdən birdəfəlik qurtardıq". Qeyd edək ki, Hamlet Hüseynov şücaət və qəhrəmanlıqlarına görə bir çox orden və medallarla təltif olunub. Hamlet Hüseynov FHN-in general-mayoru Etibar Hüseynovun atasıdır. Onun qardaşı oğlu, general-leytenant Əliağa Hüseynov isə uzun müddət Azərbaycanın hərbi komissarı və millət vəkili olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti polkovnik Hamlet Hüseynovun vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

2023-03-09 03:03:03
1282 baxış

Digər xəbərlər

Şamaxı Rayon Ağsaqqallar Şurasının Zəfər Gününə həsr olunmuş hesabat konfransı keçirilib

Noyabr ayının 7-də Şamaxı rayonunun Mədəniyyət Mərkəzində Rayon Ağsaqqallar Şurasının Zəfər Gününə həsr olunmuş hesabat konfransı keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, idarə və müəssisələrin rəhbərləri və digər  ictimaiyyət nümayəndələri iştirak ediblər.  Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Konfransda Dövlət Himni səsləndirilib və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və digər konfrans iştirakçılarını salamlayaraq onları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib. Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik ənənələrinin milli dəyərlərimizə söykənərək keçdiyi inkişaf yolundan və bu prosesdəki ağsaqqallıq institunun rolundan, eyni zamanda müasir problem və çağırışlardan söz açıb. Ağsaqqalların Şamaxı rayonunun ictimai-mədəni həyatında da yaxından iştirak etdiklərini, Vətənimizin inkişafı naminə öz bilik və bacarıqlarını əsirgəmədiklərini bildirib və konfransın işinə uğurlar arzulayıb. Konfransda hesabat məruzəsi ilə çıxış edən Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov ötən dövr ərzində görülmüş işlərdən və keçirilmiş tədbirlərdən bəhs edib.  Rayonun ictimai-siyasi və mədəni həyatında, xüsusilə gənc nəslin milli ruhda yetişməsində ağsaqqalların rolundan və nüfuzundan söhbət açıb. Vurğulayıb ki, 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərində əsl mütəşəkkillik nümayiş etdirən rayon ağsaqqalları təbliğat və təşviqat kampaniyasında, o cümlədən səsvermə prosesində fəal iştirak edərək qalib Azərbaycan xalqının qalib Lideri cənab İlham Əliyevi yüksək səviyyədə dəstəkləyiblər. Həmçinin Milli Məclisə keçirilən seçkilərdə də ağsaqqallar yaxından iştirak edərək ən layiqli namizədlərə səs veriblər. Çıxışının sonunda natiq üzərlərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaqlarını vurğulayıb. Sonra tədbirdə çıxış edən professor İsaxan Vəliyev, Şamaxı Rayon Ağsaqqallar Şurasının üzvləri Mərəhmət Mustafayev, Xudaverdi Lazımov, Nəzakət Abdulrazaqova, Məzi Şikarov və başqaları Ulu Öndər Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqalların respublikanın, o cümlədən rayonun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların dəyərli öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışaraq, bu gün ölkəmizdə ağsaqqallara göstərilən dövlət dəstəyinə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər. Natiqlər Şamaxı Rayon Ağsaqqallar Şurasının hesabatını qənaətbəxş qiymətləndiriblər. Daha sonra təşkilati məsələlər müzakirə olunub. Şamaxı Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzv və Fəxri üzvlər seçilib. Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin, İdarə Heyətinin üzvlərinin və öz adından salamlayaraq, onları qarşıdan gələn əlamətdar Zəfər Günü münasibətilə təbrik edib. Vurğulayıb ki, bizə milli qürurumuzun təntənəsi olan bu möhtəşəm Zəfəri bəxş etdiyinə görə Azərbaycanın xilaskarı və memarı Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı,  möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və onun qətiyyətli rəhbərliyi ilə igidliklə vuruşan əsgər və zabitlərimizə, qəhrəman qazilərimizə bir daha dərin minnətdarlığımızı bildirir, unudulmaz şəhidlərimizi ehtiramla anırıq. Sonra natiq ağsaqqallıq institutunun tarixindən, o cümlədən ölkəmizdə ağsaqqalları təşkilatlandıraraq 35 ildir öz səmərəlı fəaliyyəti ilə xalqımıza və dövlətimizə uğurla xidmət edən Azərbaycan Ağsaqqallar Şurasının keçdiyi şərəfli yoldan söz açıb. Akademiklər İmam Mustafayev və Budaq Budaqovun, görkəmli ictimai-siyasi xadim Fəttah Heydərovun rəhbərliyi altında Şuranın gördüyü əhəmiyyətli işlərdən bəhs edib. Vurğulayıb ki, bu gün millət vəkili, professor Eldar Quliyevin sədrliyi ilə  Azərbaycan Ağsaqqallar Şurası özünün böyük inkişaf dövrünü yaşayır. Şuranın 79 şəhər və rayon təşkilatında birləşən 35 mindən çox üzvü ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə dəyərli töhfələr verir, yeniyetmə və gəncləri Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maarifləndirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. İşlərini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurası məhsuldar fəaliyyətini beynəlxalq səviyyədə, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla davam etdirir. Bayram Yusif, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin imza atdığı uğurlardan, siyasi-iqtisadi, hərbi gücünün və nüfuzunun gündən-günə  artmasından, davamlı inkişaf prosesindən ətraflı bəhs edib. Bu günlərdə Azərbaycanda keçiriləcək möhtəşəm bir tədbirin - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən söz açıb. Vurğulayıb ki, bu tədbirin Bakıda keçirilməsi hər zaman olduğu kimi hazırda da bəzi antiazərbaycan qüvvələrin ölkəmizə qarşı davam edən qərəzli təzyiqlərinə baxmayaraq öz haqqını, hüququnu bərpa edən, ədalətli yolundan dönməyən Azərbaycanın və onun əvəzedilməz Lideri cənab İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradənin və danılmaz yüksək nüfuzun sübutudur. Bayram Yusifov hesabat dövrü ərzində görülən işləri, ümumilikdə, qənaətbəxş hesab etsə də, öz irad və təkliflərini də bildirib. Azərbaycanda tarix boyu sayılan-seçilən, insanlığa xas olan bütün müsbət keyfiyyətləri özündə cəmləyən  ağsaqqallarımızdan cəmiyyətimizin daha təsirli və səmərəli fəaliyyət gözlədiyini vurğulayıb.  Onları daha fəal olmağa çağıraraq təəssüf hissi ilə qeyd edib ki, bu gün cəmiyyətimizdə boşanmaların sayı gündən-günə çoxalır, gənclərimizdə zərərli vərdişlərə, narkomaniyaya, siqaretə aludəçilik problemləri artır. Bu və digər mənfi hallara qarşı cəmiyyətimiz birlikdə mübarizə aparmalıdır və biz ağsaqqallar hər zaman öndə olmalıyıq. O, xüsusilə təhsil müəssisələrində tədbirlərin sayının və effektinin yüksəldilməsini zəruri hesab edərək bildirib ki, ağsaqqallarımız gənclərimzdən öz öyüd və nəsihətlərini, məsləhətlərini heç zaman əsirgəməməli, maarifləndirici işlərini davamlı surətdə həyata keçirməlidirlər. Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov ağsaqqalların hər birinə möhkəm cansağlığı diləyərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Şamaxı Rayon Ağsaqqallar Şurasının üzvləri  gözəl və məzmunlu çıxışa, əhəmiyyətli təklif və tövsiyələrə görə Bayram Yusifova öz təşəkkürlərini bildirərək, fəaliyyətlərini daha aktiv şəkildə davam etdirəcəklərini vurğulayıblar.  

Hamısını oxu
Vətənpərvərlik dönməz prosesdir

Vətənpərvərlik tərbiyəsi müxtəlif formalarda, müxtəlif üsullarla aparılır. Bu üsullardan biri də veteranlarla görüşlərdir. Veteranların tarixə, milli mentalitetə söykənən söhbətləri istər yeniyetmələrin orduya hazırlığına, istərsə də əsgərlərin mənəvi hazırlığına təsirsiz ötüşə bilməz. Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Bu günlərdə Hərbi Dəniz Qüvvələrində keçirilən tədbirdə birinci dərəcəli kapitan Natiq Bağırov qonaqları təqdim etdi. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında bilavasitə şəxsi heyətlə işləyən zabitlərin üzərinə düşən vəzifələrdən, zabit-əsgər münasibətlərinin daha da möhkəmləndirilməsi zərurətindən əsgərin mənəvi hazırlığının döyüş hazırlığı qədər vacib olmasından danışaraq qeyd etdi ki, aprel döyüşləri həm ordumuzun gücünün, həm də ordu ilə xalqın birliyinin təsdiqi oldu. “Təsdiqləndi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir, sülh danışıqları baş tutmasa, Ali Baş Komandanın döyüş əmrinə hazırdır.” Ehtiyatda olan polkovnik Adil Haqverdiyev çıxışında dedi ki, vətənpərvərlik hisslərinin daha dinamik yüksəlişi ordunun gücü deməkdir. “Ordumuz kifayət qədər güclüdür. Ən müasir silahlar da əsgərə həvalə edilir. Deməli, əsgərin həm döyüş, həm də mənəvi hazırlığı bir-biriylə təmasda aparılmalıdır. Zabitlərimiz bu amili həmişə diqqətdə saxlamalıdırlar.” Silahlı Qüvvələrimizdə, əsasən də Hərbi Dəniz Qüvvələrində 1-ci dərəcəli kapitan Aleksandr Qritçenko yaxşı tanınır. O, 51 kitab müəllifidir, 95 yaşı var. İstər təcrübəsini, istərsə də xatirələrini Silahlı Qüvvələrimizin əsgər və zabitləriylə böyük səxavətlə bölüşür. Tədbirdə iştirak edən qocaman hərbçi Böyük Vətən müharibəsində azərbaycanlı əsgər və zabitlərin xidmətlərindən, şücaətlərindən söz açaraq bildirdi ki, mən ömrümün yarısını Bakıda yaşamışam. “Özümü bakılı hesab edirəm. Silahlı Qüvvələrimizlə həmişə fəxr etmişəm. Ona sevinirəm ki, yazdığım kitablar Azərbaycan Ordusunun əsgər və zabitlərinin mənəvi hazırlığında az-çox gərəkli olur.” Sonra tədbir iştirakçılarına müraciətlə "Sevin Vətəni" - dedi. "Vətəni sevin, Xəzəri sevin. Gəncliyimin şahidi olan Bakı da, Xəzər də mənim ömrümün məbədidi...". 1-ci dərəcəli kapitan Zaur Hümmətov gərəkli tədbir üçün qonaqlara minnətdarlığını bildirdi. Sonda bir qrup zabit Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının idarə heyəti adından ordenlə, fəxri fərmanla təltif edildi. Tədbir bir daha təsdiqlədi ki, vətənpərvərlik dönməz prosesdir...   Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Məmmədov Mirzə Məhəmməd oğlu vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Məmmədov Mirzə Məhəmməd oğlu vəfat edib. Mirzə Məmmədov 1942-1945-ci illərdə Ukrayna, Çeçenistan, Macarıstan, Polşa və Almaniyada gedən döyüşlərdə iştirak edib. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə hərbi komandanlıq tərəfindən çoxlu sayda orden və medalla təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Mirzə Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!  

Hamısını oxu
Ordumuzun unikal əməliyyatı

Hamısını oxu