Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Diplomat və jurnalist Ənvər Məmmədov haqq dünyasına qovuşub

Veteran.gov.az xəbər verir ki, bu gün görkəmli diplomat və jurnalist Ənvər Məmmədov haqq dünyasına qovuşub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Ənvər Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına səbr diləyir, dərin hüznlə başsağlığı verir. 

Qeyd edək ki, Ə.Məmmədov avqustun 15-i 100 yaşını qeyd edib. O, 1923-cü ildə Bakı şəhərində anadan olub.

1959–1960-cı illərdə “Sovinformbüro”nun baş redaktoru və sədrin birinci müavini olan Məmmədov ölümünə qədər “RİA Novosti” agentliyində redaktor məsləhətçisi olaraq fəaliyyət göstərib.

Qeyd edək ki, o, məktəbi bitirdikdən sonra 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunsa da, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunub. Bundan sonra isə azərbaycanlı diplomat Bakıya qayıdıb və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilib. O, Böyük Vətən müharibəsində də iştirak edib.

1943-cü ildə ordudan xaric edilərək, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləməyə göndərilib, 1944–1945-ci illərdə isə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi işləyib. Bununla yanaşı, Məmmədov Nürnberq prosesi zamanı beynəlxalq tribunalın SSRİ-dən olan nümayəndələri arasında olub. 

Eyni zamanda, o, 1950-ci ilin fevralınadək SSRİ xarici işlər nazirliyi sistemində müxtəlif vəzifələrdə işləyib. 1953-cü ildə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirib.

1956-cı ilədək ABŞ, İngiltərə və Latın Amerikasında yayım üzrə Baş redaksiyanın baş redakoru vəzifəsində işləyən Məmmədov həmin il XİN-ə qayıdıb, 1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə və “USSR” jurnalının baş redaktoru vəzifəsində işləyib.

Ə.Məmmədov ingilis, alman, italyan və fransız dillərini bilib.

Allah rəhmət eləsin!

 

 

2023-09-07 20:38:44
3262 baxış

Digər xəbərlər

General-mayor cənab İsgəndər Allahverdiyevə

Hörmətli İsgəndər müəllim,   Ad gününüz mübarək! Sizin həyatınız Vətənə, xalqa, dövlətə sədaqətlə xidmətin gənc nəsil üçün örnək olacaq bir nümunədir. Siz Azərbaycan Respublikası Sərhəd Qoşunlarının ilk komandanı kimi müstəqil və demokratik dövlətimizin bərpa edildiyi mürəkkəb tarixi şəraitdə bu qoşunların yaradılması üçün böyük əmək sərf etmiş, yüksək peşəkarlıq göstərmisiniz. Sonrakı illərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarının dövlət sərhədlərinin etibarlı mühafizəsini və təhlükəsizliyini tam təmin edilməsində xüsusi xidmətiniz vardır. Hazırda Sərhəd Qoşunlarının sıralarında xidməti borcunu şərəflə yerinə yetirən yüzlərlə zabitin həyatını məhz bu sahə ilə bağlamasında da Sizin rolunuz danılmazdır. Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, bütün işlərinizdə uğurlar arzulayırıq.   Hörmətlə,   Respublika Veteranlar Təşkilatının  sədri general-polkovnik Tofiq Ağahüseynov və təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov

Hamısını oxu
X Qlobal Bakı Forumu Azərbaycanın sülhpərvər və humanist mövqeyinin təntənəsidir

X Qlobal Bakı Forumu Azərbaycanın sülhpərvər və humanist mövqeyinin təntənəsidir. Azərbaycan dünyada qlobal məsələlərin həlli üçün təşəbbüslər göstərir. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik qeyd edib ki, Forumda Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər, müddəa və çağırışlar müasir dünyamızın reallığı ilə yanaşı, ölkəmizin ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından da böyük önəm kəsb edir: “X Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də dəmir məntiqi və təkzibedilməz faktlarla dövrümüzün reallıqlarını təhlil etdi, Azərbaycan xalqının humanist, mütərəqqi mövqeyini dünya birliyinin diqqətinə çatdırdı. Ölkəmizdə müxtəlif xalqların, etnik birliklərin rifah içərisində yaşadığına, dinclik və əmin-amanlıq şəraitində fəaliyyət göstərdiyinə diqqət çəkən dövlətimizin başçısı, Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı da ciddi bəyanatlar səsləndirdi. Prezidentimiz bildirib ki, işğal dövründən fərqli olaraq, həmin bölgədə yaşayan bütün vətəndaşlar kimi ermənilər də sosial firavanlıq içərisində yaşayacaq, ölkəmizin iqtisadi gücündən, dövlətimizin sosialyönümlü siyasətindən faydalanacaqlar. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusundakı Forumda dövlətimizin başçısı Ermənistanın Azərbaycanın sülh səylərini dəstəkləməsinin zəruriliyini də vurğulayıb. Prezident deyib ki, bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması baxımından olduqca önəmlidir. Təşkilatın sədr müavini bildirib ki, ümumiyyətlə, X Qlobal Bakı Forumu Azərbaycanın yalnız Cənubi Qafqaz regionunda deyil, bütövlükdə dünyamızda baş verən proseslərə nə qədər ədalətli, obyektiv və humanist prinsiplərdən yanaşdığını əks etdirdi. Habelə, Prezident İlham Əliyevin Forumdakı çıxışı göstərdi ki, Azərbaycan mövcud problemləri qeyd etməklə yanaşı, həm də onların aradan qaldırılması ilə bağlı konkret təkliflərə, çıxış yollarına malikdir. X Qlobal Bakı Forumunun ölkəmizdə təşkili, Azərbaycan Prezidentinin çıxışına olan yüksək maraq ölkəmizin, dövlət başçımızın beynəlxalq aləmdə artan nüfuzunu bir daha ortaya qoydu. Forum göstərdi ki, Azərbaycan dünyadakı nüfuzunu artırmaqda, ölkəmiz qlobal miqyasda əsas söz sahiblərindən birinə çevrilməkdədir.

Hamısını oxu
Hərbi-siyasi ekspert: “Hər bir vətəndaşımızın seçkilərdə fəal iştirak etməsini arzulayıram”

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov secki-2024.az saytına müsahibəsində fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri barədə fikrini bildirib.      - Sizcə, prezident seçkiləri bir ölkə üçün hansı əhəmiyyəti daşıyır? Xüsusilə Azərbaycan üçün, ölkənin gələcəyi və iqtisadi inkişafı üçün bu seçkilərin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik.      -Təbii ki, prezident seçkiləri hər bir demokratik dövlət üçün həyati əhəmiyyətə malikdir. Çünki dövlətin gələcək inkişafı, bu inkişafın əsas istiqamətləri məhz seçkilərin nəticəsində müəyyənləşir. Xalq bu seçkilərdə onun maraqlarını, arzu və istəklərini ifadə edən namizədə səs verərək, dövlətin gələcək inkişafında bilavasitə iştirak edir. Bu baxımdan, prezident seçkiləri Azərbaycan üçün də mühüm əhəmiyyətə malikdir. Biz bu seçkilərə qatılmaq və öz namizədimizə səs verməklə öz taleyimizə sahib çıxır, gələcəyimizi inşa edirik. Ölkəmizin gələcək siyasi nüfuzu, hərbi qüdrəti, eləcə də iqtisadi inkişafı ciddi şəkildə bu seçkilərdən, seçkilərin nəticəsindən asılıdır. Çünki prezident dövləti təmsil edən, onun inkişafına yön verən əsas simadır.      -Azərbaycan ilk dəfədir ki, prezident seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir. Məhz bu cəhətdən sizə görə, Azərbaycan üçün bu seçkilər hansı vacib mənanı daşıya bilər?      -Bəli, bu seçkilərin ən böyük özünəməxsusluğu və unikallığı prosesin Azərbaycanın ərazi bütövlüyü və tam suverenliyi çərçivəsində baş tutacağı ilə bağlıdır. Bu, Azərbaycanın müstəqillik tarixində bir ilkdir. Şübhəsiz ki, 7 fevral prezident seçkilərinin ərazi bütövlüyümüz çərçivəsində reallaşması dövlətimizin qüdrətini əks etdirir. Bu tarixi fakt sübut edir ki, Azərbaycan xalqı 30 illik işğal faktoru fonunda öz mənəvi gücünü, qələbəyə olan inamını, tarixi torpaqlarına sahiblik əzmini itirmədi və öz gücü ilə işğal faktorunu aradan qaldırdı. Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Əsgəran və yüzlərlə yaşayış məntəqəsini işğaldan azad etməklə öz ərazi bütövlüyünü təmin etdi. Fevralın 7-də işğaldan azad edilən torpaqlarda veriləcək hər bir səs dövlətimizin, xalqımızın böyüklüyünün, qüdrətinin və yenilməzliyinin təcəssümü olacaq.      -Növbədənkənar prezident seçkiləri keçirəcək Azərbaycana, Azərbaycan xalqına hansı arzularınızı ünvanlamaq istərdiniz?      -Mənim seçkilərlə bağlı ən böyük arzum bu seçkilərin bundan əvvəlki analoji proseslər kimi xalqın yüksək fəallığı şəraitində keçməsi, yenə öncəki illərdə olduğu kimi seçkilərdə demokratik və şəffaflığın yüksək səviyyədə təmin olunmasıdır. Xatırladım ki, Azərbaycan bundan öncə keçirilən prezident seçkilərində də seçki prosesinin şəffaf və demokratik şəkildə təşkilinə mühüm diqqət verib, bu amil xarici ekspertlər, müşahidəçilər və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz ona görə arzum budur ki, Azərbaycan xalqı bu seçkilərdə fəal iştirak edərək, ölkəmizin inkişafı və tərəqqisinə, nəticədə xoşbəxt gələcəyinə səs vermiş olsun və qalib xalq kimi yaxın gələcəkdə yeni-yeni tarixi uğurlara imza atsın.

Hamısını oxu
“Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” adlı layihənin icrasına başlanılıb

Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” adlı layihəsinin icrasına başlayıb. Layihənin məqsədi Astara, Cəlilabad, Masallı, Oğuz, Qax, İsmayıllı rayonlarında yaşayan müharibə iştirakçılarının sosial vəziyyətinin araşdırılması və həllinə dəstək verməkdən, müharibə iştirakçıları olan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçuların, müharibə veteranlarının və qazilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı dövlət strategiyasına dəstək olmaq üçün onların üzləşdikləri aktual problemləri aşkara çıxartmaqdır. Layihə 4 ay müddətində, mart ayının 1-dən iyul ayının 1-ə kimi icra olunacaqdır. Layihə rəhbəri “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyinin sədr müavini, polkovnik Cəlil Xəlilov bu barədə məlumat verərək qeyd etmişdir ki, istər Birinci, istərsə də İkinci Qarabağ Müharibəsi iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi Azərbaycan hökumətinin prioritet sahələrindən sayılır. Onların sosial problemlərinin həlli Prezident İlham Əliyevin və Birinci vitse prezident xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Müharibə iştirakçılarına diqqət və qayğının ölkəmizdə yüksək səviyyədə olmasına baxmayaraq, bu kateqoriyadan olan insanların problemlərinin tam aradan qaldırılması hələ də mümkün deyil. Elə bu səbəbdən də ən çox diqqət və qayğıya ehtiyacı olan adı çəkilən qrupun rastlaşdığı sosial ppoblemlərinin aşkarlanması istiqamətində tədqiqat aparmaq, mövcud olan məsələləri aşkara çıxarmaqla dövlətin həyata keçirdiyi sosial siyasətə dəstək olmağı özümüzə borc bilirik. Layihə çərçivəsində Astara, Cəlilabad, Masallı, Oğuz, Qax, İsmayıllı rayonlarında yaşayan müharibə iştirakçıları ilə sorğular keçiriləcəkdir. Problemlərin müzakirə olunması və onların həlli yollarının müəyyənləşdirilməsi məqsədi ilə adı çəkilən şəxslərlə dövlət qurumları və QHT – lərin görüşləri keçiriləcəkdir. Sonda toplanmış materiallar əsasında ictimai birlik tərəfindən təklif və tövsiyyələr hazırlanıb, müvafiq qurumlara təqdim olunacaqdır.

Hamısını oxu