Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Fransanın ermənipərəst siyasəti regionda sülh və təhlükəsizlik üçün ciddi təhdiddir

Bakı, 24 yanvar, AZƏRTAC

“Fransanın ermənipərəst siyasəti regionda sülh və təhlükəsizlik üçün ciddi təhdiddir”.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. O qeyd edib ki, rəsmi Paris məqsədli şəkildə Ermənistandakı revanşist qüvvələri qızışdırmaqda, onları yeni qarşıdurmaya təhrik etməkdədir: “Fransa hökuməti Vətən müharibəsindən sonra açıq ermənipərəst mövqe sərgiləməkdə, bölgədə vəziyyəti gərginləşdirən, sülh müqaviləsi üçün gərəkli zəminin yaranmasını əngəlləyən bəyanatlarla çıxış etməkdədir. Bu günlərdə Fransa prezidentinin ordu qarşısındakı çıxışında Ermənistana dəstəyin davam etdiriləcəyi ilə bağlı səsləndirdiyi fikirlər, rəsmi Parisin öz məkrli siyasətindən əl çəkmək istəmədiyini göstərir”.

Təşkilatın sədr müavininin sözlərinə görə, Fransanın əsas məqsədi Ermənistana dəstək adı ilə regionda öz maraqlarını müdafiə etmək və genişləndirməkdir: “Fransanın əsl məqsədi heç şübhəsiz, özünün bölgə ilə bağlı maraqlarını müdafiə etməkdən ibarətdir. Çünki Ermənistan üçün bölgədə heç bir dövlət təhdid yaratmır. Əksinə, Ermənistan bu gün də mina terrorunu davam etdirir. Belə olan halda Ermənistana hansısa dövlətin hərbi dəstək göstərməsinə lüzum yoxdur və belə bir dəstək yalnız regiondakı həssas vəziyyəti mürəkkəbləşdirməyə xidmət edir.

İrəvan anlamalıdır ki, Fransanın ona verdiyi dəstək Ermənistana xeyirdən daha çox ziyan gətirir və onu sülhdən, tərəqqidən uzaqlaşdırır. Əgər Ermənistan sözün həqiqi mənasında sülh və inkişaf istəyirsə, o zaman Azərbaycanın sülh səylərini dəstəkləməli, ölkəmizlə normal münasibətləri bərpa etməlidir.

2024-01-24 14:35:59
3761 baxış

Digər xəbərlər

Bu gün faşizm üzərində Qələbədən 77 il ötür

Mayın 9-da faşizm üzərində Qələbənin 77 ili tamam olur. Faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının böyük xidmətləri olub. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları xalqımıza xas qəhrəmanlıq nümunəsi göstəriblər. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirib, faşizm üzərində Qələbəyə mühüm töhfə verib. Azərtac xəbər verir ki, dünya hərb tarixinə ən dağıdıcı və dəhşətli müharibə kimi daxil olan 1941-1945-ci illər müharibəsinin başlandığı ilk gündən on minlərlə azərbaycanlı döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə verib. Azərbaycan xalqı faşizmə qarşı müharibədə həlak olanların xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Bu müharibənin iştirakçıları, o cümlədən bütün veteranlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Faşizm üzərində Qələbə müharibədə iştirak edən bütün xalqların birgə səyinin, əzmkarlığının və fədakarlığının nəticəsi idi. Bu Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Azərbaycan xalqının qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. Müharibənin başlandığı ilk gündən Bakı neftçiləri gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin ediblər. Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu. Bundan başqa, xalqımız cəbhəyə yeddi tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur. Ümummilli Lider müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı. Ulu Öndərin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Azərbaycan Prezidentinin 2022-ci il 19 aprel tarixli Sərəncamı ilə 1941–1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bütün bunlar bir daha sübut edir ki, müharibə veteranlarına hərtərəfli diqqət və qayğı Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir. İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 77 il ötsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın, onun igid oğullarının xidmətləri daim xatırlanır. İkinci Dünya müharibəsi xalqımızın qəhrəmanlıq ənənələrinin davamıdır. Ön cəbhədə, arxa cəbhədə ata-babalarımızın göstərdikləri hünər, igidlik nümunələri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün əhəmiyyətli olmaqla yanaşı, həm də onların döyüş ruhunun formalaşmasında, qələbəyə doğru addımlarının mətin olması yolunda böyük önəm daşıyır. Otuz il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi, ata və babalarımızın igidlik, mərdlik, şücaət ənənələri daha da zənginləşdirildi.  

Hamısını oxu
“Erməni vəhşiliyinin Xocalı səhnəsi” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar "Erməni vəhşiliyinin Xocalı səhnəsi" mövzusunda tədbir keçirib. Rayon Veteranlar evində təşkil edilən tədbirdən öncə nümayiş olunan "Xocalı qətliamı uşaqların gözü ilə" adlı rəsm sərgisi barədə Rəsm Qaleriyasının direktoru Elçin Nəzərov tədbir iştirakçılarına məlumat verib. Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının şöbə müdiri, əməkdar mədəniyyət işçisi Xeyrulla Şahbazov açdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhlarına dualar oxunub. Göytəpə şəhər 1 saylı tam orta məktəbinin tarix müəllimi Fürudin Zeynalov Xocalı sakinlərinə qarşı ermənilərin törətdikləri vəhşiliklər barədə geniş məlumat verdikdən sonra  qeyd edib ki, o soyuq qış gecəsi uşağa, qocaya aman verilməyib, 613 dinc əhali qətlə yetirilib, 1275 nəfər əsir aparılıb, 450 nəfər şikəst edilib. Bu qanlı hərbi cinayətə yalnız ulu öndər hakimiyyətə gələndən sonra hüquqi-siyasi qiymət verilib, Xocalı faciəsi haqqında məlumatlar dünya ictimaiyyətinə çatdırılıb. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, YAP Cəlilabad rayon aparatının rəhbəri Rafiq Məmmədov, Qarabağ qaziləri ictimai birliyinin sədri Maşallah Əliyev, ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, Xocalıdan olan Zaur Kəngərli,   rayonun Soltankənd orta məktəbinin müəllimi Dadaş Bayramov, Aypara cəmiyyətinin rayon bölməsinin sədri İlkin Qubadov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Mikayıl İnçəçaylı, əmək və müharibə veteranları Kamran Sadıqov, Adil Hüseynov, Qurban Əhmədov, Sakit İsayev, Adıgözəl Nuriyev və başqaları çıxış edərək  Xocalı soyqrımını son yüz ildə baş vermiş ən qatı terror hadisəsi adlandırıblar və təəssüflə vurğulayıblar ki, bu qanlı faciəni hələ də dünya ictimaiyyətinə  insanlığa qarşı törədilmiş  soyqrım kimi tanıda bilməmişik. Amma təsəllimiz budur ki,  44 günlük Vətən müharibəsində azğın ermənilərin başını dəmir yumruğumuzla əzdik və dünyaya göstərdik ki, haqq-ədalət həmişə zəfər çalacaq.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Konstitusiya günü qeyd edildi

Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri istefada olan general-polkovnik Tofiq Ağahüseynov açdı. Təşkilatın sədri Konstitusiyanın dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin funksiyalarını dolğun əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik hüquqi sənəd olduğunu bildirdi. O, həmçinin Azərbaycan Konstitutsiyasının dünyanın ən inkişaf etmiş ölkələrinin Konstitutsiyaları ilə eyni humanist prinsiplərlə əsaslandığını vurğulamış, xalqımızın ikinci dəfə müstəqillik əldə etdikdən sonra belə mükəmməl ali hüquqi sənədin qəbul olunmasını Azərbaycan Respublikasının hüqüqi dövlət kimi varlığının əyani sübütu olduğunu qeyd etmişdir. Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək konsititutsiyanın əhəmiyyətindən və onun tarixi inkişafından danşdı. Cəlil Xəlilov: “12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.  Artıq 18 ildir, Azərbaycan xalqı böyük fəxrlə noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun məqsədlə o zaman ölkə prezidenti olan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı və 1995-ci il noyabrın 12-də referendumda müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb. Tədbirdə digər çıxış edənlər  Konstitutsiya gününün əhəmiyyətindən konstitutsiyanın xalqın və dövlətin tarixindəki önəmindən danışdılar. Həmçinin Konstitutsiyanın hazırlanmasında və qəbul edilməsində fəaliyyəti olan insanların xalqımızın yaddaşında əbədi qalacaqları vurğulandı.

Hamısını oxu
Döyüşçü fədakarlığı və silahdaş ləyaqəti ilə yaddaşlarda silinməz iz qoydu...

Tarix boyu güc amili döyüş meydanında qələbəni təmin etmək üçün həlledici rol oynayıb. Güclülər qalib olur və öz şərtlərini diktə edirlər, yeni reallıq yaradırlar. Bu gün güclü dövlətlər, habelə mübariz xalqların sırasında iki ad rəğbətlə qarşılanır: Azərbaycan və azərbaycanlılar. Azərbaycan ötən əsrin 90-cı illərində və sonrakı dövrlərdə torpaqlarının bir hissəsi işğala məruz qalmış ölkələr arasında yeganə dövlətdir ki, hərbi gücü sayəsində öz ərazi bütövlüyünün bərpası yolunda böyük zəfər qazanıb.  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsi zamanı apardığı döyüş əməliyyatlarının uğurla başa çatmasına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəxsi heyəti layiqli töhfəsini verib. Dövlət başçısının çıxışlarında hərbi qulluqçularımızın döyüşlərdə göstərdikləri şücaət nümunələri xüsusi vurğulanıb. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qoşunların 66 nəfər hərbi qulluqçusundan biri də baş çavuş Əkbərov Vüqar Seyid oğludur. O, 1990-cı il sentyabrın 12-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində doğulub. Bu yurdun sakinləri mərddir və doğma torpağa mənəvi cəhətdən möhkəm bağlıdırlar. Birinci Qarabağ müharibəsi zamanı və atəşkəs dövründə kənddən 19 nəfər şəhid olub, onlardan 6 nəfəri mülki şəxsdir. Vətən müharibəsində isə kənddən 4 nəfər şəhidlik zirvəsinə ucalıb. Hər iki müharibədə ön cəbhədə vuruşmuş kənd sakinlərindən bəziləri qazi olaraq geri qayıdıblar.   Vüqarın babaları Məhəmmədəli Əkbərov və Cəfər Aslanov 1941-1945-ci illərdə ayrı-ayrı cəbhələrdə faşistlərə qarşı döyüşlərdə iştirak ediblər. M.Əkbərov döyüşlərdən birində ağır yaralanıb, bir ayağı amputasiya olunub. Seyid Əkbərov və Xanım Aslanovanın üç övladından ortancılı olan Vüqar öz nəslinin yeganə şəhididir. Valideynləri, bacı və qardaşı Yuxarı Öysüzlüdə yaşayırlar. Zəhmətkeş ailədə böyümüş Vüqar valideynlərinin verdikləri tərbiyə əsasında ləyaqətli gənc kimi formalaşıb. Atası hazırda işləmir, anası tibb işçisidir. Qardaşı gizir Vüsal Əkbərov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində feldşer vəzifəsində xidmət edir. 2016-cı ilin aprel döyüşləri vaxtı ön xəttə olub. 2020-ci ildə Tovuz rayonu ərazisində məlum döyüşlər zamanı yaralı hərbçilərimizə tibbi yardım göstərib. Vətən müharibəsi dövründə isə  Daşkəsən rayonunda ön mövqeyə göndərilib. Yuxarı Öysüzlüdəki Məmmədqara Məmmədov adına tam orta məktəbdə təhsil almış Vüqar çalışqanlığı ilə fərqlənib, müəllimləri dərslərə münasibəti və davranışından razı qalıblar. Orta məktəbdən etibarən Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olunmağa hazırlaşıb, gələcəkdə bu sahədə işləməyi arzulayıb. Ancaq qəbul imtahanında lazımi bal toplaya bilməyib. Beləliklə, onun bu arzusu gerçəkləşməyib. Yeniyetmə yaşlarından fiziki hazırlğına xüsusi diqqət yetirib, müntəzəm şəkildə idmanla məşğul olub. Bu amil onun xaraktercə iradəli və qətiyyətli olmasının bünövrəsini qoyub. Ünsiyyətcil, səmimi, xeyirxah, dürüst, təmkinli olması da şəxsi keyfiyyətlərinə aid idi. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək Vüqar ev təsərrüfatı işlərində ailəsinə kömək edib. 2008-ci ilin oktyabr ayından 2010-cu ilin aprel ayınadək Vüqar Goranboy rayonu ərazisində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini vicdanla başa vuraraq geri dönüb. Hərbçi peşəsinə marağı və həvəsi səbəbindən Vüqar bir neçə il sonra Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün komandanlığa müraciət etmək qərarını verib. Gəncin müraciəti müsbət cavablandırılıb. 2013-cü ilin may ayının 10-da Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində motoatıcı taborun motoatıcı bölüyündə sürücü vəzifəsinə təyin edilib. Həmin hərbi hissədə motoatıcı taborun motoatıcı bölüyündə manqa komandiri-maşın komandiri, xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda qumbaraatan vəzifələri də hərbi qulluqçuya həvalə olunub. 2018-ci ilin may ayında qoşunların Qəbələ rayonundakı “N” saylı hərbi hissəsinə keçirilərək xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-qumbaraatan vəzifəsində də nümunəvi cəhətdən fərqlənib. 2019-cu ilin sentyabr ayında xidmətini Sumqayıtdakı “N” saylı hərbi hissədə davam etdirərək, xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-qumbaraatan köməkçisi vəzifəsinin öhdəsindən bacarıqla gəlib. Əzmkar hərbi qulluqçu olaraq tutduğu vəzifələrdə komandanlığın etimadını doğruldub. Komandirləri tərəfindən qarşıya qoyulan tapşırıqları məsuliyyətlə yerinə yetirib, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi üçün öz üzərində daim çalışıb. Xidmətdə və təlimdə göstərdiyi müsbət nəticələrə görə dəfələrlə mükafatlandırılıb. Şəxsi heyət arasında hörmət qazanıb. 2020-ci ilin sentyabr ayının 27-də erməni işğalçılarına qarşı Vətən müharibəsi başladıqda Müdafiə Nazirliyinin xüsusi təyinatlı bölmələri ilə birlikdə Daxili Qoşunların xüsusi təyinatlılarına ilk gündən döyüş tapşırıqlarının icrası həvalə olunub. Sumqayıtda yerləşən “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin şəxsi heyəti ön cəbhədə ayrı-ayrı qrupların tərkibində müharibə sınaqlarından keçib. Vüqar ruh yüksəkliyi ilə döyüşlərə atılıb. Halbuki, onun həmin vaxt sağlamlığında müəyyən problemlər vardı. Buna baxmayaraq, qəti mövqeyini bildirib ki, silahdaşlarının yanında olacaq. Xüsusi təyinatlı Cəbrayıl rayonundan başlayaraq Şuşa şəhərinədək igidliklə vuruşub. Məqaləni yazarkən silahdaşları məni Vüqarın şərəfli xidmət və döyüş yolu barədə ətraflı məlumatlandırıblar. Vətən müharibəsi iştirakçısı, “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri mayor Ələsgər Muxtarov bildirdi ki, Vüqar vətənpərvər, hərbi anda sadiq, yüksək döyüş qabiliyyətinə malik, intizamlı xüsusi təyinatlı idi. Komandirin sözlərinə görə, xüsusi təyinatlı onun tabeliyində 8 aya yaxın müddətdə xidmət edib, fəaliyyətində güvən qazanıb, hərbi kollektivdə yoldaşlıq münasibətlərinə ziyan vuran addım atmayıb. Xidməti tapşırıqların icrasında sayıqlıq göstərib, peşə bacarıqlarını təkmilləşdirmək üçün öz səylərini əsirgəməyib. Mayor Ə.Muxtarov məlumat verdi ki, Vətən müharibəsində Vüqar daim öndə gedib, mərmi və güllələrin atəşi altında düşmənin üzərinə cəsarətlə irəliləyib. Cəbrayıl rayonu ərazisində ermənilərin müdafiə xəttinin yarılması, atəş nöqtələrinin susdurulması, bu istiqamət üzrə, habelə Füzuli, Xocavənd, Xocalı rayonlarının bir sıra yaşayış məntəqələrinin, ayrı-ayrı yüksəkliklərin azad olunması, Şuşa uğrunda döyüşlərdə Vüqar təhkim olunmuş silahlarla işğalçılara qan uddurub. Düşmənin müxtəlif texnikasını atəş zərbəsi ilə yararsız hala salıb. Yaralılara ilk yardım göstərilməsi və onların təxliyyəsində silahdaşlarının köməyinə yetişib. “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-istehkamçı, Vətən müharibəsi iştirakçısı çavuş Kamal Məmmədli qeyd etdi ki, 2020-ci il oktyabrın 2-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi yaxınlığında düşmənin 2-ci müdafiə səddinin yarılması zamanı o, sağ ayağından güllə yarası alıb. Çavuş Orxan İbrahimov döyüşçü yoldaşına yardım edərkən onların bir neçə metrliyində minaatan mərmisi partlayıb və Kamalın sol ayağını, qolunu qəlpələr zədələyib. Həmin anda Orxan da yaralanıb və kömək çağırmaq üçün sürünərək oradan kənarlaşıb, Siruz adlı döyüşçüyə Kamalın yerini deyib. Siruz Kamala yaxınlaşmağı bacarıb, onu ərazidən çıxararkən Vüqar atəş altında Siruza köməklik edərək silahdaşlarını təhlükəli yerdən uzaqlaşdırıblar. Yoldaşlarının fədakarlığı sayəsində Kamal sağ qalıb. Vətən müharibəsi qazisi, ehtiyatda olan çavuş Rasim Hacıyev söylədi ki, Vüqarla Bərdə rayonunda və Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə birgə xidmət edib, dost olublar. Vətən müharibəsində qumbaraatan köməkçisi kimi Vüqarın döyüşkənliyi ilə silahdaşlarına örnək olduğunu vurğuladı. Hadrut istiqamətində döyüşdə dostunun qapalı kəllə-beyin travması aldığını və hərbi qospitala göndərildiyini diqqətə çatdırdı. Lakin o, qospitalda bir neçə gün qaldıqdan sonra müalicəsini könüllü olaraq dayandırıb. Beləliklə, Vüqar Qırmızı Bazar istiqamətində döyüşən silahdaşlarının yanına qayıdıb. Rasim Daşaltı kəndi ətrafında döyüşdə ağır dərəcəli kəllə-beyin travması aldığından təxliyyə olunub, onun qumbaraatan silahı Vüqara verilib. “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-sanitar, Vətən müharibəsi iştirakçısı çavuş Tahir Babayev bildirdi ki, Vüqar müharibənin əzab-əziyyətlərinə dözümlə yanaşıb, silahından başqa, üzərində tələb olunandan əlavə sursat ehtiyatı, əl qumbaraları daşıyıb. Döyüşlərdə qumbaraatanla sərrast atəş açaraq işğalçılara məxsus bir çox hədəfi məhv edib, həmçinin, qənimət götürülən silah-sursatdan məharətlə yararlanıb. Düşmənin pusquya salınması və onun qurduğu pusquların aşkarlanmasında döyüşçü bacarığı göstərib. Vətən müharibəsi iştirakçısı, “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-sanitar vəzifəsindən hazırda ehtiyata buraxılan çavuş Orxan Həsənovun verdiyi məlumata görə, Şuşanın işğaldan azad olunması uğrunda vuruşarkən hər bir döyüşçüdə xüsusi bir coşqu yaranıb. Vüqar Şuşaya qədəm basacağı günü müharibənin əvvəlindən səbirsizliklə gözləyib. Şuşaya yaxınlaşmaq üçün bir neçə gün dağlıq ərazidən keçiblər, şəhərin ətrafındakı yüksəkliklər, Laçın-Şuşa və Xankəndi-Şuşa yolları nəzarətə götürülüb. Şiddətli döyüşlər nəticəsində Şuşa yaxınlığında mövqeləniblər. Noyabrın 6-da gecə saat 4-5 radələrində onların yerləşdikləri mövqe düşmənin zirehli texnikalarından, artilleriya vasitələrindən atəşə tutulub. Orxan bir neçə metrliyində kiminsə onu çağırdığını eşidib, yaxınlaşarkən Vüqarı üzü üstə uzanmış vəziyyətdə görüb. Onun kürəyindən qan axırmış, Orxan yoldaşının yarasına tampon qoyub, ağrıkəsici iynə vurub. Vüqar “bir az rahatlandım” – deyib, olduğu yerə mərmilərin az düşdüyünü söyləyərək, Orxana oradan getməyin təhlükəli olduğunu bildirib. Ancaq Orxan digər yaralılara yardım etmək üçün Vüqarın yanından getməli olub. Həmin məqamda yaralıları təxliyyə etmək mümkün deyildi. Səhər açılanda Vüqar aldığı yaradan əbədi olaraq gözlərini yumub. 18.11.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə hərbi qulluqçumuzun 2020-ci il noyabrın 9-da Şuşada hərbi əməliyyatda törənmiş zədələnmələrdən həlak olduğu yazılıb. Şəhid noyabrın 13-də Yuxarı Öysüzlü kəndinin qəbiristanlığında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15 dekabr 2020-ci il, 24 dekabr 2020-ci il, 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamlarla baş çavuş V.Əkbərov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Qənirə Paşayevanın müəllifi olduğu “Tovuz şəhidləri. 44 günlük Vətən müharibəsi” kitabında Vüqar haqqında məqalə öz əksini tapıb. Tovuz şəhərindəki Şəhidlər xiyabanında inşa olunan abidə kompleksində Vüqarın da şəkli var. Yuxarı Öysüzlüdə isə şəhidlərin xatirəsinə abidə-bulaq kompleksi yaradılıb. Kənddə Vüqarın şəkli əks olunan plakat quraşdırılıb. Məzunu olduğu orta məktəbdə 2 A sinfinə şəhid döyüşçünün adı verilib. Məktəbdə şəhidlərin xatirəsinə fotostend və guşə hazırlanıb. Əkbərovlar ailəsinin yaşadığı evdə mərhumun xatirə guşəsi düzəldilib. Xatirə guşəsində şəhidin şəkilləri, hərbi forması və şəxsi əşyaları qorunub saxlanılır. 2017-ci ildə ailə quran Vüqarın övlad yadigarı yoxdur. Doğmaları, dostları, həmyerliləri, silahdaşları, bütün onu tanıyanların yaddaşında Vüqar silinməz iz qoyub. İgid döyüşçü daim ehtiramla xatırlanacaq, gənc nəsil belə oğulların hünər nümunələri timsalında vətənpərvər ruhda tərbiyə olunacaqdır.  Allah rəhmət eləsin!   Yalçın  Abbasov DİN-in Daxili Qoşunlarının  veteranı, tədqiqatçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü  

Hamısını oxu