Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Milli təhlükəsizlik məsələlərinin tədqiqində yeni uğur

Milli təhlükəsizlik məsələlərinin tədqiqində yeni uğur

Syasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun “Milli təhlükəsizlik nəzəriyyəsi” adlı monoqrafiyası milli təhlükəsizlik məsələlərinin araşdırılmasına sanballı töhfə sayıla bilər. Uzun müddət bu istiqamətdə tədqiqatlar aparmış müəllif milli təhlükəsizliyin həm elmi-nəzəri problemlərinin hərtərəfli öyrənilməsi və təhlil edilməsinə nail olmuş, həm də mövcud təcrübəsindən bəhrələnərək milli təhlükəsizliyin təminatı prosesinin praktik-tətbiqi mexanizmləri ilə bağlı məsələləri dolğun əks etdirə bilmişdir. 9 fəsil, ön söz və ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada milli təhlükəsizliyin mahiyyəti, predmeti, kateqoriyaları, tədqiq və tətbiq metodlarının aydınlaşdırılmasından başlamış, Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti və sisteminin təşəkkülü, formalaşması və inkişaf xüsusiyyətləri, bu siyasətin hüquqi əsasları, həyata keçirilmə mexanizmləri, əsas milli maraqlar və onların reallaşdırılmasının müvafiq istiqamətləri, parametrləri, müasir beynəlxalq münasibətlər nəzəriyyəsində milli təhlükəsizlik probleminə yeni tələblər, çağırışlar və yanaşmalar ümumiləşdirilərək tədqiq olunmuş, düzgün elmi-nəzəri nəticələr çıxarılmışdır. Bununla yanaşı, müasir dövrdə Avropa təhlükəsizlik strategiyasının əsasları və aparıcı dövlətlərin, o cümlədən ABŞ, Fransa, Yaponiya, Almaniya, Böyük Britaniya, Türkiyə, Çin, Rusiya, Ukrayna və sair ölkələrin milli təhlükəsizlik strategiyaları barədə məsələlərin tədqiqi, bu sahədə həm dünya, həm də Azərbaycan alimlərinin, ekspert və mütəxəssislərinin yanaşmalarının hərtərəfli araşdırılaraq təhlil süzgəcindən keçirilməsi monoqrafiyanın elmi-praktik əhəmiyyətini daha da artırmışdır.

Cəlil Xəlilovun milli təhlükəsizlik siyasəti məsələləri ilə bağlı elmi-nəzəri mülahizələrinin konkretliyini və dərinliyini şərtləndirən başlıca amillərdən biri də müəllifin praktik olaraq bələd olduğu bu mövzunu uzun illər araşdırması və onunla bağlı AR Prezidenti yanında İdarəçilik Akademiyasında tədris prosesi ilə məşğul olması ilə əlaqədardır. Onu da qeyd edim ki, bu imkandan lazımınca faydalanan müəllif bir neçə il əvvəl ölkədə milli təhlükəsizlik siyasəti məsələlərinin tədqiqinə həsr edilmiş ilk geniş həcmli və elmi ictimaiyyətin diqqətini çəkən “Milli təhlükəsizlik strategiyası” adlı monoqrafiya yazaraq çap etdirmiş, bu əsər respublikanın bir sıra ali və xüsusi təhsil məktəblərinin tədris proqramlarına dərslik kimi daxil edilmişdir. Cəlil Xəliovun adıçəkilən elmi əsərlərindən əlavə bu mövzuda yazdığı ilk tədqiqat işi olan və milli təhlükəsizlik məsələlərinin spesifik istiqamətlərindən birinə həsr edilmiş “Milli təhlükəsizliyin təmin olunmasında milli mənlik şüurunun rolu” kitabı da mütəxəssislər və tədqiqatçılar tərəfindən kifayət qədər maraqla qarşılanmışdır. Əlbəttə, “Milli təhlükəsizlik nəzəriyyəsi” adlı monoqrafiyası müəllifin bu sahə üzrə araşdırma və çalışmalarının yekunu, elmi-nəzəri və praktik cəhətdən təkmilləşdirilmiş nəticəsi sayıla bilər.

Ən qədim dövrlərdən başlayaraq əvvəlcə insan (fərd), sonrakı inkişaf mərhələlərində insan birlikləri (icma, qəbilə) və nəhayət, dövlət və cəmiyyət miqyasında qiymətləndirilən təhlükəsizlik probleminin həlli, yaşayış və birgəyaşayış üçün təhlükəsiz mühitin yaradılması və uzunmüddətli təminatı xüsusi əhəmiyyət kəsb etmişdir. Şəraitin və miqyasın dəyişməsi ilə yeni mahiyyət qazanan və etibarlı təminatı üçün fərqli üsullar və vasitələr tələb edən təhlükəsizlik məsələsində yeni dünya düzəninin formalaşdığı “Vestfal sülhü”nün imzalanmasından (1648-ci il 24 oktyabr) sonra fundamental dəyişikliklər baş verdi. İlk dəfə suverenitet anlayışının qəbul olunduğu və müasir beynəlxalq hüququn əsasının qoyulduğu bu sülh sazişi dövlətlərarası münasibətlərin əsas prinsiplərini müəyyənləşdirərək, bərabər hüquqlu dövlətlərin yaranması və öz üzərlərinə mümkün problemlərin sülh yolu ilə həlli öhdəliklərini götürmələri, birgə asayiş ideyasını dəstəklənməsi ilə tarixə düşdü. Beynəlxalq münasibətlərin özünü doğrultmayan iyerarxik qaydalarını dağıdaraq, əvəzində qanunlara əsaslanan qarşılıqlı əməli mexanizmlər yaradan “Vestfal sülhü” yeni dünya düzəni qurulması ilə yanaşı, ümumi və dövlət təhlükəsizliyi məsələlərinə münasibəti də kökündən dəyişdirdi. Artıq dövlətlərin və xalqların təhlükəsizliyinin etibarlı təminatı məsələləri onlar arasında qarşılıqlı münasibətlərin səviyyəsindən və inkişafından birbaşa asılı vəziyyətə düşürdü.

20-ci əsrdə Birləşmiş Millətlər Təşkilatının və müxtəlif dövlətlər birliklərinin yaranması, xüsusi ilə kollektiv təhlükəszizlik anlayışının meydana çıxması milli təhlükəsizlik məsələlərinə tamamilə yeni yanaşma metodlarını və tələbləri formalaşdırdı. Milli təhlükəsizlik anlayışının yeni məzmun kəsb etməsi ilə bu sahədə həm elmi-nəəri, həm də praktik baxımdan əsaslı dəyişikliklər baş verdi. Dünyanın kürəsəlləşdiyi indiki dövrdə bu məsələyə yanaşmalarda daha sürətli dəyişikləri müşahidə edilməkdə, yeni baxışlar formalaşmaqdadır. Ancaq nə qədər parodoksal səslənsə də, deyə bilərik ki, milli təhlükəsizlik anlayışı öz ilkin, bəsit qavramından təsəvvürəgəlməz dərəcədə kənarlaşıb, ən müasir yanaşma metodları tələb etsə də, əsl mahiyyətindən, ibtidai insanın təhlükəsizliyə olan ehtiyacı dərk etməsindən çox da uzaqlaşa bilməmişdir. Baxmayaraq ki, milyon il əvvəl təhlükəsizliyi üçün (qida, təhlükısiz məskən, vəhşi heyvanlardan və düşmən qəbilələrdən müdafiə olunmaq və sair) yollar axtaran ibtidai insandan fərqli olaraq tələbatına uyğun olaraq təhlükəsizliyinin təminatına daha böyük ehtiyac duyan çağdaş insanın bu tələbatlarının ödənilməsi daha təkmil vasitələr tələb edir. Ancaq hər iki halda təhlükəsizlik təminatının təxirəsalınmazı zərurəti azalmayıb, əksinə yeni təhdid və təhlükələr fonunda daha da artıb və artmaqda davam edəcək.

Siyasi elmlər üzrə fəlsəfə doktoru C.Xəlilovun  təhlükəsizlik nəzəriyyəsinin ölkəmizdə yeni bir elm sahəsi kimi dərindən araşdırmaq səyləri, gətirdiyi arqumentlər, irəli sürdüyü mülahizə və qənaətlərin həqiqiliyi və inandırıcılığı onu deməyə əsas verir ki, müəllifin bu istiqamətdə tədqiqatlarının əahatə dairəsini genişləndirməsi bu sahənin inkişafına töhfə vermək niyyətindən və potensialından qaynaqlanır. Bu baxımdan C.Xəlilovun öz arqumentlərini ardıcıl xətlə və istisnasız olaraq elmi-nəzəri cəhətdən əsaslandırmaqla mövzunu sadədən mürəkkəbə doğru təkamül prosesi kimi təqdim etməsi və bu sahədə mövcud elmi-nəzəri bazadan səmərəli istifadə ilə genişləndirməsi təqdirəlayiqdir. Bütün bunlar mövzunun şərhində beynəlxalq miqyasda qəbul olunmuş yanaşmaların, sadəcə, təkrarlanması deyil, yenidən dəyərləndirilməklə, elmi təhlil əsasında təqdim edilməsinə imkan vermişdir.

Monoqrafiyada Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin təşkili, milli maraqlar, onların təminatı prosesi, vasitələri, üsulları, təhlükəsizliyin müxtəlif aspektlərinin və ölkəmizə qarşı mümkün təhdidlərin təhlili, müvafiq dövlət orqanlarının bu sahədəki vəzifələri, səlahiyyətləri və əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi məsələləri elmi-nəzəri, həm də praktik baxımdan kifayət qədər əsaslandırılmış, düzgün nəticələr çıxarılmışdır. Müəllif hərbi, siyasi, iqtisadi, sosial, mədəni, ekoloji və digər istiqamətlərdə milli təhlükəsizliyin təminatı, dövlət, cəmiyyət və fərdlər səviyyəsində bu işin təşkili ilə bağlı məsələləri günün prizmasından dəyərləndirmiş və qeyd edilən sahələrdə daha səmərəli və əlaqləndirilmiş fəaliyyətin vacib məqamlarına toxunmuşdur. Monoqrafiyada milli təhlükəsizliyə qarşı təhdidləri doğuran səbəblər, onların vaxtında aşkarlanması, qarşısının alınması üçün görülən qabaqlayıcı tədbirlər və digər məqamlar da də ciddi tədqiqat obyektinə çevrilmiş, hərtərəfli dəyərləndirilmiş, bütün incəliklər nəzərə alınmışdır. Bir daha vurğulayaq ki, bütün bunların məntiqi ardıcıllıqla və yüksək səviyyədə təhlil olunması Cəlil Xəlilovun milli təhlükəsizlik məsələlərini yalnız nəzəri deyil, həm də təcrübi baxımdan yaxşı bilməsindən, peşəkar hərbi kadr kimi uzun müddət sərhəd, hərbi və milli təhlükəsizliyin təminatı sahələrində çalışmasından və son 10 ilə yaxın müddətdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi fəaliyyətindən qaynaqlanır. Görkəmli alman filosofu və nasiri Hötenin təbirincə desək, “həmişə yaşıl həyat ağacı”ndan bacarıqla bəhrələnməsi tədqiqat əsərini daha canlı və faydalı etmişdir. Bu mənada müəllifin Azərbaycan Respublikasında ölkə həyatının müxtəlif sahələrində təhlükəsizliyin təminatı sahəsində həyata keçirilməlo olan tədbirlərlə bağlı mülahizələri, elmi və təcrübi cəhətdən mükəmməl şəkildə əlaqələndirilmiş bitkin fikir və qənaətləri xüsusi maraq kəsb edir.

Müəllif həmçinin Azərbaycan Respublikasında milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində, müvafiq sistemin formalaşmasında həm sovet dövründə, həm də müstəqilliyin bərpasında sonrakı illərdə dövlət tərəfindən görülən ardıcıl tədbirlərdən bəhs etmiş, bu istiqamətdəki fəaliyyətin bir sıra nəticələrini təhlilə cəlb edərək, lazımi nəticələr çıxarmışdır. O, haqlı olaraq İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən və 2023-cü ilin 19-20 sentyabrında bir günlük lokal antiterror əməliyyatından sonra öz ərazi bütövlüyünü və bütün ərazisində dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin gerçəkləşdirilməsində tamamilə yeni dövrün başlandığını, Azərbaycanın dünyanın müxtəlif təhlükəsizlik sistemləri ilə münasibətlərinin bu reallıqlar zəminində təşəkkül tapması zərurətini xüsusi vurğulamışdır. Hazırda Azərbaycan dövləti tərəfindən milli təhlükəsizliyin təminatı sahəsində müasir çağırışların hərtərəfli nəzərə alındığını, müvafiq dövlət orqanlarının bu istiqamətdə fəaliyyətinin daha da təkmilləşdirildiyini diqqətəlayiq hal kimi qiymətləndirmişdir.

Milli təhlükəsizlik siyasətinin etibarlı təminatı sahəsində aparılan fəaliyyətin hüquqi tənzimlənməsi üçün müvafiq qanunvericilik bazasının yaradılmasının vacibliyi və Azərbaycan Respublikasında bu sahədə mövcud vəziyyətin təhlili də müəllif tərəfindən çox doğru olaraq monoqrafiyanın mühüm tədqiqat obyektlərindən biri kimi seçilmişdir. Belə ki, “Milli təhlükəsilik haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Dövlət sirri haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər qanunlarından, Azərbaycan Respublikasının milli təlükəsizlik konsepsiyası, Azərbaycan Respublikasının Hərbi doktrinası və digər strateji sənədlərdən irəli gələn vəzifələr, qanunvericiliyin tətbiqi mexanizmləri barədə kifayət qədər əsaslandırılmış mülahizələr irəli sürən müəllif Azərbaycan Respublikası Milli Məclisi tərəfindən bu istiqamətdə daimi və səmərəli fəaliyyətin həyata keçirildiyini xüsusi qeyd etmişdir.

Ümumiyyətlə, monoqrafiyada tədqiqata cəlb olunmuş mövzu ilə bağlı bütün məqamlar nəzərə alınmış, dolğun və düzgün nəticələr çıxarılmış, təkmil bir elmi-nəzəri əsərin ortaya çıxmasına nail olunmuşdur. Mövzunun elmi-nəzəri təhlilində kifayət qədər geniş və bu sahədə həqiqi dəyərə malik olan elmi və elmi-publisistik ədəbiyyatdan (Azərbaycan, rus və ingilis dilində) istifadə olunması da monoqrafiyanın elmi dəyərini daha da artırmışdır. Bu sanballı monoqrafiyanın Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında, bu mövzunun tədris edildiyi digər xüsusi və ali məktəblərdə tədris vəsaiti kimi istifadə ediləcəyinə, eləcə də milli təhlükəsilik məsələlərinin araşdırılması ilə məşğul olan alimlərin, tədqiqatçıların və mütəxəssilər üçün dəyərli mənbə olacağına inanırıq.

 

Lətif Babayev, tarix üzrə fəlsəfə doktoru.

2024-04-03 11:17:04
3738 baxış

Digər xəbərlər

Azərbaycan müasir dünyanın enerji təminatı və enerji təhlükəsizliyində yeni era açıb - TƏHLİL!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib. Tədbirdə çıxış edən dövlət başçısı dünyamızın neft və qazdan ənənəvi asılılığına diqqət  çəkib, bu asılılığı alternativ enerji mənbləri hesabına azaltmağın vacibliyini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, bərpaolunan enerji mənbələrindən istifadə təbiətin qorunması, ekologiyanın yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyətə malikdir: “Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur. Artıq bir sıra layihələrimiz istismar mərhələsindədir. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir”. (https://president.az/az/articles/view/72619 ). Prezidentin çıxışından məlum olduğu kimi, Azərbaycan bərpaolunan enerji resurslarından istifadəyə görə yalnız regionun deyil, bütün dünyanın ən qabaqcıl ölkələrindən biri hesab edilə bilər. Bununla yanaşı, dövlətimizin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi layihələr bərpaolunan enerji mənbələrindən istifadənin daha da genişləndirildiyini, yaxn gələcəkdə bu sahədə daha böyük uğurların əldə ediləcəyini göstərir. Bu isə Azərbaycanın ənənəvi enerji resursu olan neft və qazdan asılılığını azaltmağa, alternativ enerji mənbələrindən daha geniş istifadəyə imkan yaradacaq. Bərpaolunan enerji mənbələrindən – külək və günəş enerjisindən istifadə ekologiyanın qorunması baxımından da həyati əhəmiyyətə malikdir. Müasir dünyamızda ekoloji problemlərin son dərəcə aktual olduğunu nəzərə alsaq, bərpaolunan enerji mənbələrindən istifadə təbiəti qorumağa, enerji tələbatını təbiətə ziyan vurmadan ödəməyə imkan verəcək. Başqa sözlə desək, Azərbaycan özünün və digər ölkəlrin enerji tələbatını ödəməklə yanaşı, həm də təbiətin daha çox qayğısına qalacaq, ekologiyaya zərər vurmadan öz məqsədinə nail olacaq. Azərbaycanın bərpaolunan enerji mənbələrindən geniş istifadə istiqamətində həyata keçirdiyi layihələrin digər bir üstünlüyü, bu kimi addımların həm də təşviqedici xüsusiyyətə malik olmasıdır. Azərbaycan bu kimi addımlarla bütün dünyaya öz timsalında əsl nümunə, konkret bir örnək təqdim edir. Hansı ki, digər dövlətlərin Azərbaycan nümunəsini mənimsəmsinə, bu nümunədən lazımi nəticələr çıxarmasına ciddi ehtiyac var. Çünki ənənəvi enerji resursu olan qaz və neft ehtiyatına malik dövləltərin sayı olduqca məhduddur. Digər dövlətlər bu resursları idxal edir ki, bu da həmin dövlətlər üçün ciddi maliyyə itkisi deməkdir. Alternativ enerji mənbələri isə neft və qaz ehtiyatlarına nisbətən hər kəs üçün daha əlçatandır. Bundan başqa, alternativ enerji resurslarının ekoloji baxımdan təmiz olması ona əlavə üstünlük qazandırır ki, bu da çox mühüm faktordur. Bu baxımdan dünya dövlətlərinin enerji təminatında Azərbaycan təcrübəsini mənimsəməsi, bunu praktikada tətbiq etməsi olduqca vacibdir. Azərbaycan müasir dünyanın enerji təminatı və enerji təhlükəsizliyində yeni era açan, bu sahədə bənzərsiz bir yol müəyyənləşdirən unikal bir dövlətdir. Onun təcrübəsinin digər ölkələrdə tətbiqi dünyamızın enerji təminatını yaxşılaşdırmaqla yanaşı, təbiətin qorunmasına, ekoloji mühitin əhəmiyyətli dərəcədə yaxşılaşmasına da töhfə verə bilər ki, bu da bütün bəşəriyyət üçün əvəzssiz bir qazancdır. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan Respublikasının sabiq müdafiə naziri vəfat edib

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının sabiq müdafiə naziri Dadaş Rzayev vəfat edib. Dadaş Rzayevin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.   Allah rəhmət eləsin!   Seymur ƏLİYEV

Hamısını oxu
Vüsal Abdullazadə: Gənc nəslin vətənpərvərlik hisslərini gücləndirmək əsas məqsədimizdir

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha göstərdilər. Haqq savaşına çıxan Azərbaycan xalqı 30 ilə yaxın davam edən işğala son qoymaqla tarixi ədaləti bərpa etdi.   Bu sözləri Bakı Karate-do Akademiyasının (BKA) prezidenti Vüsal Abdullazadə karate-do idman növü üzrə Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” ikinci açıq respublika turniri zamanı Azərtac-a müsahibəsində bildirib. Xalqımızın bu günlər torpaqlarımızda 30 illik erməni işğalına son qoyulmasını, tarixi Qələbənin birinci ildönümünü böyük qürurla qeyd etdiyini bildirən V.Abdullazadə Zəfər Gününə həsr edilmiş idman tədbirlərinin, eləcə də turnirlərin təşkilinin artıq ənənə halını aldığını vurğulayıb: “Zəfər Gününə həsr edilmiş idman tədbirlərinin, turnirlərin təşkili artıq ənənə halını alıb. Bu cür tədbir və yarışların təşkilində əsas məqsəd idmançıların yarış təcrübələrini zənginləşdirməklə yanaşı, gənc nəslin vətənpərvərlik hisslərini gücləndirmək, milli-mənəvi dəyərlərin təbliğinə yardımçı olmaqdır”.   Qeyd edək ki, sentyabrın 25-də uşaq və yeniyetmələr arasında karate-do idman növü üzrə Bakı İdman Sarayında start götürmüş və Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” ikinci açıq respublika turniri bu gün başa çatacaq.  

Hamısını oxu
Çoşqun həyat kəfaləti

Bu məqamlar Özbəkistanda gənclərin öz gələcəyinə diqqət yetirmələri, biliklərə yiyələnmələri, istedadlarını nümayiş etdirmələri üçün hər cür şərait və imkanlar yaradılıb deməyə əsas verir. Bu gün buxaralı gənclərin həyatında, dünyagörüşlərində baş verən dəyişikliklər, onların sağlam gələcək arzusu, ölkəmizin inkişafına töhfə vermək istəyi də təqdirəlayiqdir. Bundan söz düşmüşkən, ilk növbədə uğur qazanmış, həyatda öz yerini tapan məşhur adamlarin həyat fəlsəfəsinə diqqət yetirək: onlar təhsildən əl çəkmirlər, çətinliklərə boyun əymirlər, həmişə səbirli, hərəkətdə olurlar. Eyni zamanda Özbəkistanda xaricdən işləyənlərin sayı da artır. Əlbəttə, uzaqdan işləmək hər iki tərəf üçün əlverişlidir. Bu fəaliyyət növü frilanserlik, yəni bir mütəxəssisin müəyyən bir müəssisə ilə birbaşa əlaqəli olmaması və razılaşdırılmış pul məbləğində müəyyən bir müddət ərzində müstəqil şəkildə layihələr və tapşırıqları yerinə yetirməsidir. Frilanseliyin proqramlaşdırma sahəsi yüksək həddə çatıb. İT üzrə frilanser olmaq proqramlaşdırma və ingilis dilini dərindən öyrənməyi tələb edir. Bunun üçün internetdə xarici və proqramlaşdırma dillərini öyrədən bir çox pulsuz təlim kursları mövcuddur. Proqramlaşdırma üçün xarici dilləri pulsuz öyrədən duolingo.com, code.org, uzbekcoders.uz, mohirdev.uz və ya prep.uz saytlarından istifadə edə bilərsiniz. Təhsil xidmətləri göstərən İT parkın rezidentləri vasitəsilə informasiya texnologiyaları sahəsində öz bacarıqlarını artırmaq imkanı da var. Qeyd edək ki, Buxara Vilayət Xalq Deputatları Şurasının ölkədə ilk olan e-kengash.uz rəsmi saytı İT parkın rezidenti “IT Education Leader” MÇC tərəfindən hazırlanıb. Dövlətimizin başçısı tərəfindən irəli sürülən beş mühüm təşəbbüsdən üçüncüsü, əhalinin və gənclərin kompüter texnologiyalarından və internetdən səmərəli istifadəsinin təşkilinə yönəlib. Bu təşəbbüsün həyata keçirilməsini, yəni əhalinin, o cümlədən gənclərin kompüter texnologiyaları və internetdən səmərəli istifadəsini təmin etmək məqsədilə rayonun bütün şəhər və rayonlarında ümumilikdə 12 rəqəmsal texnologiya tədris mərkəzi yaradılmışdır. Onlarda hazırda 25 mütəxəssis çalışır. Bu mərkəzlərdə gənclərə informasiya texnologiyaları, proqramlaşdırma, robototexnika, kiberidmanın əsasları və elektron ticarət kimi istiqamətlər üzrə bilik və bacarıqlar verilir. Bu günə qədər 2398 tələbə kompüter savadlılığı, veb-proqramlaşdırma, mobil-proqramlaşdırma, qrafik dizayn, robototexnika, kibersport və İT-İngilis dili kimi müvafiq sahələr üzrə təlim keçib və sertifikat alıb. 2021-ci ilin may ayında Buxara rayonunda Rəqəmsal texnologiyalar tədris mərkəzini veb-proqramlaşdırma üzrə sertifikatla bitirən Azadbek Hatamov hazırda "Feliçita" Tədris Mərkəzində bacı və həmyaşıdlarına proqramlaşdırma üzrə dərs deyir. Digər məzun Nazim Rəhimov hazırda "İT PARK" ın Buxara filialında veb-proqramlaşdırma sahəsində çalışır. Tədris mərkəzlərində “Dəmir dəftər”, “Gənclər kitabı” və “Qadın kitabı”nda qeydiyyatdan keçən 374 şagird pulsuz təhsil alıb və bacarıqlarını inkişaf etdirib. Gənclərin proqramlaşdırma və informasiya texnologiyaları sahəsində startap layihələrinə cəlb edilməsi və dəstəklənməsi, təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə rayonumuzda bir çox müsabiqələr təşkil olunub. Bunlara “İdeaton”, “Hakaton”, “Perspektivli İT layihələri”, “Proqramlaşdırmada ilk addım”, “Vabkent.Teç”, “Buxara IT EXPO” müsabiqələri və kiberidman yarışları daxildir. Gənclərin informasiya texnologiyaları və kommunikasiyalarına marağını artırmaq, onların proqramlaşdırma üzrə ilkin bacarıqlarını inkişaf etdirmək, o cümlədən gəncləri “Bir Milyon proqramçı” layihəsinə cəlb etmək məqsədilə rayonlarda İT-parkın əməkdaşları ilə bağlı təbliğat-təşviqat işləri aparılıb, uzbekcoders.uz platformasından dərslərin mənimsənilməsi üzrə dərslər keçirilir. Bu günə kimi www.uzbekcoders.uz saytında “Bir milyon proqramçı” layihəsi çərçivəsində 57 735 gənc oğlan və qız qeydiyyatdan keçib və 36 443 iştirakçı, o cümlədən 28 810 məzun sertifikat alıb. Həmçinin bu layihənin təbliği məqsədilə rayonda 102 ümumtəhsil məktəbi, 36 peşə liseyi, kollec və texnikumlar təşkil olunub. Bundan əlavə, yeni yaradılmış Buxara İnformasiya Texnologiyaları Kollecində gənclərin informasiya texnologiyaları sahəsində biliklərini təkmilləşdirmək üçün geniş imkanlar var. Orta ixtisas təhsili proqramlarını müvəffəqiyyətlə başa vurmuş məzunlar ixtisasları üzrə bakalavriat təhsili sahələri üzrə qəbul imtahanı olmadan təkbətək müsahibə yolu ilə ali təhsil müəssisələrində təhsillərini davam etdirmək hüququ qazanacaqlar. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda informasiya texnologiyaları və rabitə sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların sayı 15 faiz artaraq 341-ə çatıb. Təbii ki, informasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişdirilməsi bu sahədə yeni müəssisə və təşkilatların sayını artıracaq ki, bu da iqtisadi inkişafda mühüm rol oynayacaq. Ən əsası isə yuxarıda adlarını çəkdiyimiz gənclərin çağa uyğun böyüməsi, ölkəmizin inkişafına töhfə vermək kimi böyük yolda geniş imkanlardan istifadə edilməsi hər bir gənci böyük nailiyyətlərə sövq edən əməllərdir. Bu yolda ayıq ruhla yaşamaq gənclərimizdən fədakarlıq və iştirak hissi tələb edir.   Əlican Yaxşıyev, İnformasiya Texnologiyaları və Rabitə İnkişafı Nazirliyinin Buxara Regional İdarəsinin rəisi

Hamısını oxu