Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”

2020-ci ili Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə ölkəmizdə xüsusi təyinatlı qüvvələrin sayı artırılmış, habelə yeni Komando Qüvvələri yaradılmışdı. Prezident İlham Əliyev hələ o zaman bunun zərurətdən irəli gəldiyini vurğulamışdı. Prezident bildirmişdir ki, Vətən müharibəsi təcrübəsi, habelə müasir dünyamızdakı gerçəkliklər bu yenilikləri zəruri edir.

İlham Əliyev 23 iyun 2023-cü il tarixində Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinin açılış mərasimindəki çıxışında demişdir:

“İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir”.

Maraqlıdır ki, Prezident İlham Əliyevin Vətən müharibəsindən dərhal sonra xüsusi təyinatlıların sayının artırılması və Komando Qüvvələrinin yaradılması istiqamətində atdığı addımları ABŞ bugünlərdə - 4 il sonra həyata keçirməyə başlayıb.

Veteran.gov.az xəbər verir ki, Ukraynadakı müharibənin təcrübəsini diqqətlə öyrənən ABŞ hərbi mütəxəssisləri müharibənin taleyinə hər kəsdən daha çox məhz xüsusi təyinatlı qüvvələrin təsir göstərdiyini bildiriblər. Ekspertlər qeyd edib ki, müasir müharibələr orduda say çoxluğunu deyil, çətin və mürəkkəb tapşırıqları uğurla yerinə yetirə bilən, yeni texnologiya ilə işləməyi bacaran xüsusi təyinatlı hərbçilər tələb edir.

Məhz Ukrayna müharibəsinin müşahidəsi və təhlilindən sonra ABŞ hərbi komandanlığı orduda xüsusi təyinatlı qüvvələrin sayını artırmağa qərar verib. Məlumata görə onların sırasına həm də pilotsuz aparatları və digər texniki avadanlıqları qısa zaman ərzində proqramlaşdıra bilən mütəxəssislər əlavə ediləcək.

Görünən odur ki, Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ yalnız indi həyata keçirməyə başlayıb. Başqa sözlə desək, bu məsələdə rəsmi Bakı Vaşinqtonu nə az, nə çox -  düz dörd il qabaqlayıb ki, bu  da dövlətimizin, onun Prezidentinin uzaqgörənliyindən xəbər verir.

Seymur ƏLİYEV

 

2024-05-12 20:48:10
3177 baxış

Digər xəbərlər

Mehriban Əliyevanın Rusiya səfəri dövlətlərarası münasibətləri yeni mərhələyə yüksəldəcək

Müsahibimiz Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovdur - Cəlil müəllim, ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya səfəri, burada keçirdiyi görüşlər Azərbaycanla yanaşı, Rusiya ictimaiyyətində və mediasında da böyük marağa səbəb oldu. Sizcə bu səfər iki dövlət arasındakı münasibətlərin inkişafı baxımından nə dərəcədə önəmlidir? -Öncə onu qeyd edək ki, Rusiya Azərbaycana qonşu olan bir dövlətdir. Təbii ki, əlaqələrimiz sıx, mehriban, qonşuluq, strateji əməkdaşlığa söykənir. Rusiya ilə siyasi, iqtisadi, mədəni, humanitar və hərbi sahədə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf etməkdədir. Birinci vitse-prezident Mehriban Əliyevadan öncə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya rəhbərliyi ilə faydalı görüşlər keçirdi. Bu görüşlərdə Qarabağ problemi də müzakirə olundu və hesab edirəm ki, bu məsələdə də irəliləyiş olacaq. Bu baxımdan Mehriban xanımın Rusiya səfərini, orada keçirdiyi yüksək səviyyəli görüşləri olduqca əhəmiyyətli hesab edirəm. Əminəm ki, bu görüş dövlətlərimiz arasındakı ikitərəfli münasibətlərin inkişafını genişləndirəcək və onu mahiyyət etibarı ilə yeni mərhələyə yüksəldəcək. Mehriban xanım Əliyevanın Rusiyada yüksək səviyyədə qarşılanması, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Mehriban xanımı “Dostluq”” ordeni ilə təltif etməsi təqdirəlayiqdir. Bütün bunlar göstərdi ki, Rusiya iki dövlət arasında dostluq və əməkdaşlığın inkişafına böyük töhfə verən Mehriban xanımın fəaliyyətini yüksək qiymətləndirir. - Qarabağ probleminin həllinə Rusiyanın təsir imkanının böyük olduğu Azərbaycan ictimai-siyasi məkanında hər zaman səslənən fikirlərdən biridir. Sizcə Qarabağ konfliktinin həllinə Kremlin təsir imkanı hansı səviyyədədir və Rusiyanın bu məsələdə Ermənistana göstərəcəyi təzyiq nəyi dəyişə bilər? - Rusiya qonşu dövlət, həm də Minsk qrupunun həmsədrlərindən biridir. Rusiya Ermənistanı məcbur edə bilər ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin. Buna Rusiyanın diplomatik, iqtisadi və hərbi gücü imkan verir. Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətdədir. Rusiya Ermənistandan əlini çəksə, Ermənistan bir dövlət kimi tamamilə çökər. Rusiya Ermənistanı düz yola dəvət etməli və onu başa salmalıdır ki, bir dövlət kimi onun inkişafı Qarabağ probleminin həllindən keçir. Rusiya da Ermənistanın təcavüzkarlığından xəbərdardır. Onu da qeyd edim ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı Ermənistanda böyük narahatlığa səbəb olmaqdadır. Bu səbəbdən də, Ermənistan zaman-zaman Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməyə çalışıb. Bu məqsədlə bəzən Ermənistan ortaya yalan məlumatlar yayıb, bununla da bu münasibətlərə xələl gətirməyə çalışıblar. Amma heç nəyə nail ola bilməyiblər. Çünki Rusiyada yaxşı başa düşürlər ki, Azərbaycan qonşu dövlət olmaqla yanaşı həmdə etibarlı tərəfdaşdır, o cümlədən və Rusiya ilə mehriban qonşuluq siyasətinin qorunub saxlanılmasında maraqlıdır. Rusiya hərbi-iqtisadi və siyasi gücünə görə dünyanın aparıcı ölkələrindən biridir. Onun qlobal proseslərə, xüsusilə də MDB məkanındakı proseslərə təsir gücü çox böyükdür. Bizim Rusiya ilə 200 illik tarixi dostluq əlaqələrimiz var. Biz bu əlaqələri daha da inkişaf etdirməliyik. Rusiya xalqı və rəhbərliyi də Azərbaycan həqiqətlərini bilməli, haqqın-ədalətin öz yerini almasına dəstək verməlidir. Azərbaycanın məqsədi sadəcə, öz ərazi bütövlüyünü təmin etməkdir. Bizim heç bir dövlətin ərazisində gözümüz yoxdur və Ermənistandan fərqli olaraq qonşu dövlətlərin ərazisini işğal etmək niyyəti ilə yaşamırıq. - Rusiya ilə əlaqələrin inkişafı ölkəmizə iqtisadi-mədəni baxımdan nə vəd edir? -Rusiya ilə əlaqələrin inkişafı, ölkəmiz üçün iqtisadi-siyasi və hərbi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Rusiya Azərbaycan üçün həm də böyük bir bazardır. Azərbaycanda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları daha çox Rusiya bazarında satılır. Bizim orada 3 milyondan çox vətəndaşımız yaşayır. Dövlət rəhbərləri arasında münasibətlər nə qədər isti olsa, oradakı soydaşlarımızın vəziyyəti daha yaxşı olar. Azərbaycanda rus dili, rus ədəbiyyatı, rus mədəniyyətinə böyük maraq var. Ölkəmizdə rus dilində məktəblər fəaliyyət göstərir. Azərbaycanda Rusiyanın Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında həm rus, həm də azərbaycanlı tələbələr oxuyurlar. Eyni zamanda, azərbaycanlılar Rusiyanın ali təhsil müəssisələrində təhsil alırlar. Hansı ki, bu məqam hörmətli Mehriban xanımın Rusiya səfərində də vurğulandı və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən təqdir edildi. - Cəlil müəllim, aldığımız məlumata görə, siz özünüz də Moskvadan yeni qayıtmısınız. Mümkünsə, Moskva səfərinin məqsəd və mahiyyəti ilə bağlı məlumat almaq istərdik. -Moskvada bu günlərdə MDB Dövlətləri Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirildi. Tədbirlərdə mənim də çıxışım oldu. Qeyd etdim ki, MDB Veteranlar Təşkilatı ilə əlaqələrin daha da genişləndirilməsi, II Dünya Müharibəsində iştirak edən ölkələrdə döyüşən Azərbaycan döyüşçüləri haqqında məlumatların toplanması, altı döyüş diviziyamızın hansı ölkələrin ərazisindən keçdiyi, hansı dövlətlərdə döyüşməsinin bir daha dəqiqləşdirilməsi, itkin düşən, döyüşlərdə qəhrəmanlıqlar göstərən şəxslərin müəyyən edilməsi, qəhrəmanlarımızın abidəsinin döyüşdükləri şəhərlərdə ucaldılması və s. məsələləri diqqətə çatdırdım. Bundan əlavə “1941-1945-cı illərdə Böyük Vətən müharibəsində sovet xalqının faşizm üzərində Qələbənin dünyəvi-tarixi əhəmiyyəti, Qələbənin mənbələri, müasir zaman üçün dərslər və nəticələr”” mövzusunda konfrans da keçirildi. Konfransda faşizm ideologiyası, XXI əsrdə faşizmin təsiri, 1941-1945-ci illərdə antifaşist koalisiyasında iki siyasət və iki strategiya, II Dünya müharibəsində SSRİ-nin azadlıq missiyası, ordu və xalqın birliyi, sovet xalqının ön və arxa cəbhədəki mübarizəsi, müharibə illərində sovet xalqının dostluğu əsas müzakirə istiqamətləri oldu. Çıxışımda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Respublikamızda veteranlara göstərdikləri qayğı və diqqətin yüksək səviyyədə olmasını konfrans iştirakçılarının diqqətinə çatdırdım. Azərbaycanda İkinci Dünya müharibəsi ilə bağlı abidələrin qorunub saxlanılması, o cümlədən, tarixi saxtalaşdırmaq cəhdləri ilə bağlı mövqeyimizi də ortaya qoydum. Faşistlərlə əlbir olub sovet döyüşçülərinə qarşı vuruşan erməni satqını Nidjeyə abidə qoyulmasını pisləməklə yanaşı, bunun müharibə qurbanlarının əziz xatirəsinə təhqir kimi qiymətləndirdim. Biz müharibədə qəhrəmanlıq göstərən insanlarımızın xatirəsini hər zaman uca tutmuşuq, onları xalqımıza tanıtmağa çalışmışıq. Onların dünyaya tanıdılması, onların haqqında filmlərin çəkilməsi, kitabların yazılması, itkin düşənlər haqqında məlumatların əldə edilməsinə çalışırıq. Azərbaycanlıların döyüşdüyü ərazilərdə bununla bağlı tabloların, abidələrin yaradılmasında maraqlıyıq. Çalışırq ki, bu ölkələrin həm veteran təşkilatları, həm dövlət orqanları ilə daim əlaqə yaradaq və bu işləri həyata keçirək. Bunun çoxuna nail olmuşuq. Serbiyada, Sloveniyada, Ukraynada, Moldovada, Sevestopolda, Taqanroqda, Volqoqradda, Moskvada və Moskva ətrafındakı döyüşlərdə vuruşan döyüşçülərimizlə bağlı müxtəlif abidələr qoyulub və bu, bizim üçün qürurvericidir. - Konfransda Qarabağ problemi, onun həlli zərurəti ilə bağlı müzakirə aparıldımı? -Mən konfransda bir təkliflə çıxış etdim. Xatırlatdım ki, gələn il faşizm üzərində qələbənin 75 illiyini qeyd edəcəyik. Arzu edərdik ki, müharibə dövrünün dostluq mühitini qaytarmaq üçün MDB dövlətləri bir-birlərinə həmin dövrün dostluq münasibəti ilə yanaşsın. Azərbaycanla yanaşı, bəzi ölkələrdə də SSRİ-nin süqutundan sonra müharibə ocaqları yaranıb. İstərdik ki, MDB ölkələrinin başçıları bununla bağlı xüsusi tədbirlər keçirsinlər. Faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində bu konfliktlərə son qoysunlar. Mən MDB Veteranlar Təşkilatına bununla bağlı təklif vermişəm. İstəyirəm ki, MDB Veteranlar Təşkilatı adından MDB dövlətləri başçılarına müraciət edək. Ümid edirəm ki, belə bir müraciət baş tutacaq, işğalçı Ermənistanın təcavüzkar siyasəti bir daha ifşa olunacaq. Ümid edirəm ki, MDB dövlətləri qaldırdığımız problemə diqqət yetirəcək, onun həlli istiqamətində müvafiq addımlar atacaqlar. Hesab edirəm ki, bu, MDB məkanındakı konflikt və qarşıdurmaların həlli baxımından faydalı olar. Şəmsiyyə Əliqızı, “İki sahil”

Hamısını oxu
Qaliblərin Balı”nda Azərbaycan veteranları da təmsil olunmuşlar

Hər il dekabr ayının ilk günlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB ölkələri İkinci dünya müharibəsi veteranlarının və Veteran Təşkilatları nümayəndələrinin iştirakı ilə “Qaliblərin Balı” adlı təntənəli tədbirin keçirilməsi artıq bir ənənə şəklini almışdır. Moskva şəhəri uğrunda gedən döyüşlərin ildönümü ərəfəsində baş tutan bu tədbir ömrünün ahıllıq dövrünü yaşayan veteranlar üçün həm də keçmiş döyüş yoldaşları ilə görüşmək imkanı kimi əhəmiyyətlidir. “Qaliblərin Balı”nda bir araya gələn veteranlar öz cəbhə xatirələrini bölüşür, həlak olmuş dostlarını yad edir, indiki fəaliyyətləri, gündəlik qayğıları barədə səmimi söhbət edir, onları maraqlandıran suallara cavab axtarırlar. Bu il də ənənəyə uyğun olaraq bu genişmiqyaslı tədbirdə MDB ölkələrindən olan İkinci Dünya Müharibəsi veteranları, veteran təşkilatlarının əməkdaşları, Rusiya Federasiyasının Müdafiə, Mədəniyyət nazirliklərinin rəsmiləri, tanınmış hərbi və ictimai xadimlər iştirak edirlər. İctimaiyyətin, medianın diqqət mərkəzində olan bu tədbir bir qayda olaraq yüksək səviyyədə təşkil olunur və Rusiya KİV-də geniş işıqlandırılır. “Qaliblərin Balı” adlanan növbəti, 13-cü tədbir cari il dekabr ayının 8-də Moskva şəhərində yerləşən Qələbə Mərkəzi muzeyində M.Liepa Fondu və Birləşmiş metallurgiya kompaniyasının təşkilatçılığı ilə baş tutmuşdur. Həmin tədbirdə Azərbaycanı İkinci dünya müharibəsi veteranı Qara Sarıyev və Ulduz Kəngərli, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev və Təşkilatın aparıcı mütəxəssisi Azər İsmayılov təmsil etmişlər. Qaliblərin 13-cü Balı İkinci dünya müharibəsinin başlanması, faşist almaniyasının keçmiş SSRİ-yə hücumu, müharibənin gedişi və müharibədən sonra SSRİ-də gedən quruculuq illərinə həsr olunmuş geniş kompozisiyanın nümayişi ilə başlanmışdır. Alman faşizmi üzərində qələbəyə aparan yolun bütün mühüm mərhələlərinin, arxa cəbhənin həmin qələbənin əldə olunmasında iştirakının və müharibədən sonrakı bərpa işlərinin dolğunluğu ilə əksini tapdığı kompozisiya böyük maraq doğurmuşdur. Kompozisiya müharibənin od-alovundan çıxmış, bu gün yaşı 100-ü haqlamaqda olan insanlar tərəfindən xüsusilə həyəcan və göz yaşları ilə qarşılanmışdır. Sonra Rusiya TV-lərinin canlı yayımladığı bayram tədbiri - “Qaliblərin Balı” başlanmışdır. Müharibənin canlı şahidləri, RF-nın rəsmi dövlət və ictimai təşkilatlarının nümayəndələrinin çıxışlarının yer aldığı, rəsmi təbriklərin oxunduğu tədbirdə Rusiya Federasiyası və digər ölkələrin tanınmış incəsənət xadimlərinin ifasında vətənpərvərlik, o cümlədən, torpaq, ana, müharibə, qələbə haqqında mahnılar səsləndirilmişdir. Azərbaycan nümayəndə heyətinin üzvləri tədbir çərçivəsində media nümayəndələrinə ölkəmizin İkinci dünya müharibəsində yaxından iştirakı, azərbaycanlıların qəhrəmancasına vuruşaraq ən yüksək fəxri adlara, orden-medallara layiq görülmələri, qanlı döyüşlərdə 320 mindən çox soydaşımızın həyatlarını itirməsi, Azərbaycan xalqının bəşəriyyətin dəhşətli bəladan xilası naminə arxa cəbhədəki fədakar əməyinə dair məlumatlar çatdırmışlar. Eləcə də digər ölkələrin veteranları və veteran təşkilatlarının nümayəndələri ilə kular söhbətlərində Azərbaycanda 9 may Qələbə gününün hər il böyük təntənə ilə qeyd edilməsi, veteranlara dövlət tərəfindən xüsusi qayğı göstərilməsi, Azərbaycan Veteranlar Təşkilatının qarşılıqlı əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verdiyi bildirilmişdir. Tdbir çərçivəsində Azərbaycan Veteranlar Təşkilatının adından təşkilatçılar -  Qələbə Mərkəzi muzeyinin müdiri Şkolnik Aleksandr Yakovleviç və M.Liepa Fondunun sədri Liepa Andris Marisoviç Respublika Veteranlar Təşkilatının təsis etdiyi yubiley  medalları ilə təltif olunmuşlar. Tədbirdə Azərbaycan veteranları bir sıra ölkələrin veteranları və nümayəndə heyətləri ilə xatirə şəkli çəkdirmişlər.

Hamısını oxu
“Ermənistan sülh istəyirsə, bu şəxsləri Azərbaycana verməlidir”

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" platformasındakı paylaşımında İrəvanın Azərbaycanın daxili işlərinə qarışmaq siyasətini tənqid edib. Hikmət Hacıyev qeyd edib ki, Ermənistan Bakıda erməniəsilli şəxslərlə bağlı keçirilən məhkəmə prosesindən narahatdır. Prezidentin köçməkçisi qeyd edib ki, İrəvan “məhkəmə prosesinə qarşı lazımsız təbliğat aparmaq əvəzinə, Ermənistan hökuməti, keçid ədalətinin bərpası və regionda davamlı sülhün təmin edilməsi üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir”. Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Ermənistanın Hikmət Hacıyevin məlum çağırışından nəticə çıxarmalı olduğunu bildirib: “Ermənistan hakimiyyəti bəlli bir müddətdir ki, Bakıda erməni cinayətkarları ilə bağlı keçirilən məhkəmə prosesini gözdən salmağa, bu prosesin obyektivliyini şübhə altına almağa çalışır. İrəvan yaxşı bilir ki, məhkəmə zamanı təqsirləndirilən şəxslərin verdiyi hər bir ifadə onların qanlı əməllərini bir daha ifşa edəcək, Paşinyan rejimi üçün hüquqi məsuliyyət yaradacaq. Buna görə də Ermənistan şəffaf və obyektiv keçirilən məhkəmə prosesi haqqında həqiqətdən uzaq fikirlər formalaşdırmağa cəhd edirlər. Bu isə hörmətli Hikmət Hacıyevin də qeyd etdiyi kimi, Azərbaycanın daxili işlərinə qarışmaq, ictimai rəydə yanlış fikir formalaşdırmaq cəhdidir. Ermənistan beynəlxalq hüquqla yasaqlanan bu cür müdaxilələrdən əl çəkməli, Bakıdakı məhkəmə prosesi əleyhinə təbliğat aparmağı dayandırmalıdır. Bununla yanaşı, İrəvan vaxtiylə Azərbaycana qarşı ağır cinayətlərə yol verən şəxsləri də ölkəmizə təhvil verməli, onları himayə etməkdən imtina etməlidir. Söhbət ilk növbədə Sərkisyan, Köçəryan, Ohanyan və s. kimi şəxslərdən gedir. Xatırladaq ki, onların bir çoxu öz cinayətlərini mediaya verdikləri müsahibələrdə açıq etiraf ediblər. Belə olan halda həmin şəxsləri himayə etmək, bu şəxsləri Azərbaycana verməmək cinayətkarlarla həmrəylik sərgiləmək, onların cinayətinə haqq qazanmaqdan başqa bir şey deyil. Belə bir mövqe isə Ermənistanın beynəlxalq hüquqdan uzaq olduğunu göstərməklə yanaşı, Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün də ciddi təhdiddir. Buna görə də İrəvan həqiqətən də sülhə hazır olduğunu göstərmək istəyirsə, ilk növbədə xalqımız qarşısında ağır cinayətlər törədən bu şəxsləri Azərbaycana təhvil verməli, bununla da ədalət və hüquqa hörmət etdiyini isbatlamalıdır”. Seymur ƏLİYEV  

Hamısını oxu
Cəlil Xəlilov: "Mehriban Əliyeva veteranların böyük dostu, qayğıkeş himayədarıdır"

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva veteranların böyük dostu, qayğıkeş himayədarıdır”.   Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Mehriban Əliyeva Prezident İlham Əliyev kimi, hər zaman şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, eləcə də aztəminatlı ailələrin yanında olub, onlara böyük qayğı göstərib:   “Mən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından hörmətli Mehriban xanımı təbrik edir, ona çoxşaxəli fəaliyyətində uğurlar arzulayıram.   Mehriban xanım ölkəmizin iqtisadi-siyasi və sosial-mədəni həyatında yaxından iştirak edən, dövlətimizin bu yöndəki siyasətinə böyük töhfələr verən nəhəng siyasi xadimdir. Onun şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyi qayğı və diqqət, onlarla bağlı həyata keçirdiyi sosial layihələr sadəcə region deyil, dünya miqyasında bənzərsiz hadisədir. Dünyanın heç bir yerində həssas kateqoriyadan olan insanlara bu dərəcədə qayğı və diqqət göstərilmir.   Mehriban xanım 44 günlük Vətən müahribəsində də böyük fədakarlıqlar göstərdi, bir an belə olsun Ali Baş Komandandan, Azərbaycan Ordusundan  dəstəyini əsirgəmədi. Onun çətin dönəmdə, dar məqamda ortaya qoyduğu əzm və iradə, şəxsi fədakarlıq nümunəsi milyonlarla soydaşımız üçün əsl nümunə oldu.   Mən bir daha hörmətli Mehriban xanımı bütün veteranlar adından  təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni müvəffəqiyyətlər arzulayıram”.

Hamısını oxu