Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Gəncə Şəhər Ağsaqqallar Şurası növbəti dəfə “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirib

Azərbaycan Ağsaqqallar Şurasının respublikamızın 77 şəhər və rayonunda fəaliyyət göstərən yerli təşkilatları mütəmadi olaraq aktual məsələlərlə bağlı, o cümlədən  gənclərimizin maarifləndirilməsi, onların zərərli vərdişlərdən uzaq, sağlam təməllər üzərində yetişməsi üçün geniş tədbirlər keçirir. “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş növbəti belə bir əhəmiyyətli tədbir Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Gəncə Şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə  “Narkomaniyaya yox deyək!” devizi altında keçirilib.

ADAU-da baş tutan konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru  Bayram Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, həmçinin ağsaqqallar, ziyalılar, təhsil müəssisələrinin müəllim-tələbə heyəti, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov giriş nitqində narkomaniyanın fəsadlarından bəhs edib, bu dəhşətli bəlaya qarşı mübarizənin bu gün hamımız üçün çox aktual xarakter daşıdığını bildirib. Natiq konfransın çox əhəmiyyətli bir mövzuya həsr oldunğunu qeyd edərək, belə bir tədbirin keçirilməsinə  görə Azərbaycan Ağsaqqallar Şurasına minnətdarlığını bildirib və əlavə edib ki, narkomaniyanın gənclər arasında yayılmasının qarşısını almaq üçün bütün təhsil müəssisələrində maarifləndirmə işləri daha da gücləndirilməlidir. O, digər zərərlərlə yanaşı, narkotikdən istifadənin həm də milli-mənəvi dəyərlərimizə zidd, Vətənə,  ailəyə xəyanət olduğunu vurğulayıb. Bütün xalqımızı bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola yönləndirməyə səsləyib.

Sonra çıxış edən Gəncə şəhər Ağsaqqallar Şurasının İdarə heyətinin üzvü, ehtiyatda olan polis polkovnik-leytenantı Ramiz Sadıxov, ADAU-nun Əczaçılıq kafedrasının müəllimi Samirə Quluyeva, baş müəllimi Sakit Atakişiyev, tələbə Həmid Səfərov, polis kapitanı Əmrah Cəfərov və başqaları narkotik maddələrdən istifadə nəticəsində baş verə biləcək fəsadlardan,  narkoloji xəstələrin müayinə və müalicəsindən,  həmçinin bu bəla ilə təsirli mübarizədən və onun aradan qaldırılması tədbirlərindən söz açıblar.

Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov  konfrans iştirakçılarını Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından salamlayaraq qeyd edib ki, təşkilat tərəfindən müntəzəm olaraq bu aktual və ağrılı  mövzuya həsr olunmuş  tədirlər, görüşlər keçirilir, gənclərimizlə  maarifləndirici söhbətlər aparılır. Vurğulayıb ki, ağsaqqallarımız hər zaman dünyanın bu ən böyük bəlasına qarşı cəmiyyətimizi səfərbər olmağa və mübarizə aparmağa çağırır. Natiq gənclərimizin formalaşmasında ailənin və cəmiyyətin mühüm rol oynadığını bildirərək əlavə edib  ki, gənc nəslin tərbiyəsində və maariflənməsində valideyinlərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Bizim hər birimiz övladlarımızı, şagirdlərimizi, tələbələrimizi, vətəndaşlarımızı bu kimi böyük təhlükələrdən qorumaq üçün onlarla mütəmadi olaraq maarifləndirici söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməli, gənclərimizi idmana, sağlam həyat tərzinə təşviq etməliyiq. “Bu gün dövlətimiz narkomaniya ilə mübarizə sahəsində geniş siyasət aparır, təsirli tədbirlər həyata keçirir. Lakin biz də bu prosesdə kənarda dayanmamalıyıq, çünki narkomaniyaya qarşı mübarizə aparmaq hər kəsin borcudur.  Azərbaycan Ağsaqqallar Şurası olaraq biz də digər məsələlərlə yanaşı, bu sahədə üzərimizə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməyə,   qarşıya qoyulan məqsədlərə tam nail olmaq üçün ümumi işə bacardığımız qədər töhfələr verməyə çalışırıq və daha xoşbəxt, sağlam Azərbaycan gənci naminə bu fəaliyyətimizi hər zaman yorulmadan davam etdirəcəyik” – deyə Bayram Yusifov vurğulayıb.

Konfransın sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov  “Kəpəz” TV-yə müsahibə verib və bir daha bu dəhşətli bəlaya, “ağ ölümə” qarşı mübarizədə hamını səfərbər olaraq yaxından iştirak etməyə çağırıb.  

 

2024-05-24 20:49:31
3278 baxış

Digər xəbərlər

Prezident Qarabağ BARƏDƏ: “Ermənistan rəhbəri danışıqlar prosesini pozub”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.   Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Modern.az Prezident İlham Əliyevin müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyətinə dair səsləndirdiyi fikirləri təqdim edir: “Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman Azərbaycan xalqına həqiqəti demişəm. Hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz. Mənim çıxışlarımda və media nümayəndələri ilə görüşlərimdə aktual məsələlərə aydınlıq gətirirəm və bu, hesab edirəm ki, çox vacibdir. Çünki vətəndaşlar bilməlidirlər və düzgün təhlil aparmaq üçün onlar düzgün məlumat əldə etməlidirlər”. “Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik. Ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Əfsuslar olsun ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onların bu addımlarının nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmir. Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var və o siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, bugünkü Ermənistan rəhbərliyi Ermənistanı uçuruma aparır”. “Siz bilirsiniz ki, iki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Yəni, biz vəziyyətdən istifadə edib nəyisə əldə etmək fikrində olmadıq. Biz hesab edirdik ki, bu, labüd idi. Çünki bundan əvvəlki Ermənistan hakimiyyəti xalqda, erməni xalqında ancaq nifrət hisləri doğururdu və faktiki olaraq bu hərbi-kriminal rejim Ermənistanı tamamilə bərbad vəziyyətə salmışdı. Xüsusilə nəzərə alsaq ki, yeni hakimiyyət gələndən sonra çox ümidverici bəyanatlar verməyə başlamışdı ki, bu məsələni həll etmək istəyirlər. Əvvəlki hakimiyyəti tənqid edirdi, bizə qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi. Biz də ümidlərlə yaşayırdıq ki, bəli, yeni hakimiyyət bütün başqa sahələrdə də, bu sahədə də yenilik gətirəcək və o, əvvəlki yanlış siyasətə düzəliş edəcək. Xüsusilə mənim Ermənistanın baş naziri ilə Düşənbədəki məlum görüşlərimdən sonra bu fikir daha da möhkəmləndi. O vaxt məndən xahiş olundu ki, onlara vaxt verilsin, Ermənistanda daxili vəziyyət ağırdır, çətindir, keçmiş hakimiyyətin nümayəndələri revanş almaq istəyirlər və bu da danışıqlar prosesinə çox mənfi təsir göstərəcək, onlar danışıqlara meyillidir, məsələni həll etmək istəyirlər. Xahiş edilirdi ki, atəşkəs rejimi möhkəmlənsin. Mənim isə sözüm o idi ki, biz ciddi danışıqlar aparmalıyıq və o təqdirdə, əlbəttə ki, atəşkəs rejimi daha da möhkəm olacaqdır”.   “O görüşdən sonra hər iki tərəf razılıq əsasında ayrı-ayrı açıqlamalar verdi və açıqlamanın əsas mahiyyəti ondan ibarət idi ki, biz görüşdük, yəni, qeyri-formal, qeyri-rəsmi görüş keçirdik, razılaşdıq ki, danışıqlar prosesi sürətləndirilsin və atəşkəs rejimi möhkəmləndirilsin. Çünki bu iki mövqe daim vəhdət təşkil etməlidir. Əks təqdirdə, bu, status-kvonun möhkəmləndirilməsi demək olacaqdı, buna isə biz heç vaxt razı ola bilmərik. Müəyyən müddət ərzində Minsk qrupunun həmsədrləri də ümidlərlə yaşayırdılar və gəlib-gedəndə, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr irəli sürürdülər”. “Keçən il Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu. O, “Qarabağ Ermənistandır” deməklə nəinki yalanı bütün dünyaya yaydı və bu da davam edir, eyni zamanda, danışıqlar prosesini mənasız edir. Əgər o hesab edir ki, Qarabağ Ermənistandır, onda nə barədə danışmaq olar? Əgər o, belə hesab edir ki, Qarabağ Ermənistandır, - halbuki, bütün dünya bu cəfəng fikri rədd edib, - onda hansı sülh müqaviləsindən söhbət gedə bilər. Yəni, bu, siyasi təxribat idi”. “İkinci siyasi təxribat o idi ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu da formatı dəyişdirmək deməkdir və buna əlbəttə ki, biz heç vaxt razı ola bilmərik. Çünki bu oyuncaq kriminal xunta rejimi ilə heç bir təmaslarımız ola bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədrləri də buna əlbəttə ki, heç vaxt razı ola bilməzdilər”. “Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb, biz yox, Ermənistan. Belə olan halda, biz duraq deyək ki, gəlin danışıqlara başlayaq, yaxud da ki, davam edək, sadəcə, məsuliyyətsizlik olar və özümüz özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir. Əlbəttə, pandemiya müdaxilə edib, amma pandemiyasız da danışıqlar getmir. Siyasi cəhətdən qüsurlu və ziyanlı bu bəyanatlar danışıqlar üçün yer qoymur”. “Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılır. Bu, bütün beynəlxalq konvensiyalara ziddir. Bunların ağlı çatmır, təcrübəsi, bilikləri yoxdur - bunu elə nümayişkaranə göstərirlər. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir, bu, cinayətdir. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu, təxribatdır. Bizi təxribata çəkirlər, onu göstərirlər internetdə - hansısa Livan erməni ailəsi gəlibdir, orada hansısa iş görür. Ondan sonra bizim qədim tarixi şəhərimiz Şuşa şəhərində o qondarma rejimin qondarma, dırnaqarası rəhbərinin guya andiçmə mərasimini keçirirlər. Bu, növbəti təxribatdır. Bu, bizə qarşı açıq təhqirdir. Onlar hesab edirlər ki, biz buna dözəcəyik? Bunu, bu təxribatı kim edir? Onlar edir. Biz heç bir təxribat etmirik. Biz öz mövqeyimizdə dayanmışıq”.

Hamısını oxu
Mehriban Əliyevanın Qarabağla bağlı arzuları Türkiyə mediasında geniş işıqlandırılıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi sosial şəbəkə hesablarından Ermənistanın işğalçılıq siyasəti və davamlı təxribatlarının daha da intensivləşməsi nəticəsində iki ölkə arasındakı mövcud gərginliyin hərbi qarşıdurma vəziyyətinə gəlməsi barədə paylaşımları Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi, “Sabah”, “Yeni şəfəq”, Hüriyyət”, “Təqvim” və digər populyar qəzetlər, eləcə də nüfuzlu xəbər portalları bu məlumatı geniş oxucu auditoriyasına təqdim ediblər. Bildirilir ki, paylaşımda Azərbaycan dövlətinin heç vaxt başqasının torpaqlarına iddialı olmadığı, heç zaman insanlığa qarşı cinayət törətmədiyini diqqətə çatdıran Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərilən səmimi dəstəyə görə Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını ifadə edib.   Qardaş ölkə KİV-lərində Birinci vitse-prezidentin aşağıdakı fikirləri də yer alıb: “Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin! Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!”       

Hamısını oxu
Bakı şəhərinin iki təhsil ocağında dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış təntənəli yığıncağı keçirmişdir

İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Respublika Veteranlar Təşkilatı “Qələbənin Varisləri” Beynəlxalq İttifaqı ilə birlikdə Bakı şəhərinin Səbayıl rayonu ərazisində yerləşən 160 saylı orta məktəbdə və Nəsimi rayonu ərazisində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziyada “Beynəlxalq sülh” gününün qeyd ediləcəyi 2017-ci il sentyabr ayının 21-də dünyanın 60-a yaxın ölkəsinin qoşulacağı “Sülh göyərçini” mənəvi birliyə çağırş təntənəli yığıncağı keçirmişdir. Tədbirlərdə həmin təhsil ocaqlarının şagird və müəllim kollektivi, veteranlar Respublika Veteranlar Təşkilatının rəhbər əməkdaşları, Təhsil Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Nəsimi rayonu ərazisində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziyada baş tutan tədbiri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmışdır. O demişdir: “İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr vermiş Azərbaycan Respublikasının bu beynəlxalq tədbirdə iştirak etməsi təbiidir. Azərbaycan xalqı qələbə naminə 320 minə yaxın övladını itirib, on minlərlə soydaşımız yaralanıb, minlərlə soydaşımız itkin düşüb. Azərbaycan xalqı İkinci Dünya müharibəsində təkcə cəbhəyə yola saldığı 700 min nəfər oğul və qızı, 5 milli diviziyası: 77-ci dağatıcı, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları, ümumən 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi ilə iştirak etməyib. Xalqımız elliklə bu müharibəyə qoşulmaqla qələbəyə böyük töhfələr verib. Buna görə də böyük qələbədə danılmaz payı olan xalqımızın belə tədbirlərə və ona ev sahibliyi etməsi onun mənəvi haqqıdır. Bu gün keçirilən təntənəli aksiya həm də xalqımızın bir daha dünyaya sülh mesajları çatdırmasıdır. Bizim 20 faiz torpaqlarımızın bu gün Ermənistan hərbi birləşmələrinin işğalı altında olması da belə tədbirlər çərçivəsində dünya ölkələrinin, beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırmalıdır. Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı dövlət kimi tanıdılmasına, bununla isə Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq dəstəyin daha da güclənməsinə nail olmalıyıq. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu müqəddəs işə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız da dəstək verməlidir.  Mən bugünkü tədblərin təşkilində fəal iştiraklarına görə Respublika Veteranlar Təşkilatının rəhbərliyi adından İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın və Səbayil rayonu ərazisində yerləşən 160 saylı orta məktəbin rəhbərliyinə, pedoqoji kollektivinə, şagirdlərə minnətdarlığımı bildirirəm. Veteranlarımıza çox sağ olun deyirəm ki, onlar yaşlarının ahıl çağında da daim belə tədbirlərdə həvəslə iştirak edirlər”. 160 saylı orta məktəbdə keçirilən tədbirdə məktəbin direktoru, əməkdar müəllim Faina Ələkbərova, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev, İkinci Dünya müharibəsi veteranı Aleksandr Qritçenko, İlyas Əfəndiyev adına Elitar Gimnaziyadakı tədbirdə İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru Sevda Quliyeva, Nəsimi rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Gülarə Verdiyeva çıxış etmiş, beynəlxalq sülh günündə keçirilən bu tədbirin əhəmiyyətindən, Azərbaycan dövlətinin sülhsevər siyasətindən, xalqımızın məcburən müharibəyə cəlb edilməsinə baxmayaraq, daim sülh tərəfdarı olmasından və bu istəklə yaşamasından danışmışlar. Sonra hər iki təhsil ocağının şagirdləri İkinci Dünya müharibəsi, Qarabağ və digər müharibələrdə həlak olmuş, itkin düşmüş azərbaycanlıların xatirəsinin yad edilməsi ilə əlaqədar hazırlanmış şarları havaya buraxmışlar. Həmin gün Bakı vaxtı ilə saat 16:00 və 16:30-da hər iki təhsil ocağının nümayəndələri, veteranlar dünyanın 60-dan çox ölkəsinin təmsilçilərinin qoşulduğu videokanfransda iştirak etmiş, bir daha Azərbaycan Respublikasının dünyada sülhün bərqərar olması sahəsindəki dəyişməz mövqeyini və xalqımızım sülh, əmin-amanlıq istəklərini bəyan etmişlər. Videokanfranslarda hər iki təhsil ocağının direktorları, Faina Ələkbərova, Sevda Quliyeva, RVT-nin nümayəndələri, ehtiyatda olan polkovniklər Adil Haqverdiyev və Aleksandr Qritçenko çıxış etmişlər. Həmçinin məktəblilər sülh haqqında mahnı ifa etmişlər.

Hamısını oxu
Kazan kitabxanalarına Azərbaycanla bağlı kitab təqdim edilib

Rusiya Federasiyası üzrə Azərbaycan diasporunun nəşr etdirdiyi Böyük Vətən Müharibəsinin 75 illiyinə həsr olunmuş “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı kitabın Tatarıstanda təbliğat və tanıtımı davam edir. Belə ki, Tatarıstanın Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri Ramiz Məmmədovun təşkilatçılığı ilə “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı Kazan kitabxanalarına təqdim edilib. Xatırladaq ki, “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı ötən il Kursk şəhərində çapdan çıxıb. Kitabın nəşrində məqsəd Rusiyada diaspor sahəsində çalışan soydaşlarımız üçün mühüm vəsait hazırlamaqdır. Nəşrdə Azərbaycan milli diviziyasınin ön və arxa cəbhədəki qəhrəmanlıqlarından və müharibəyə vermiş olduğu əvəzsiz töhfəsindən bəhs edilir. Kitabın təşəbbüskarı və müəlliflərindən biri də Rusiyanın Kursk şəhərində yerləşən Cənub-Qərb Universitetinin dosenti, ictimai xadim Qasım Kərimovdur. Digər müəllif isə Azərbaycan tarixçisi, tarix elmləri doktoru Vəfa Quliyevadır. Kitabda, həmçinin Azərbaycanda müharibə veteranlarına göstərilən diqqət barədə ətraflı məlumat verilir. Qeyd edək ki, kitabda Ramiz Məmmədovun atası, Böyük Vətən müharibəsi iştirakçısı Mustafa Yusif oğlu Məmmədov haqqında da məlumat yer alıb. Rusiyada yaşayan bir çox soydaşlarımız, o cümlədən Lenonoqarskda “Birlik” Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədov kitabın nəşrinə təşkilati və maddi yardım göstərib. Həmçinin, Tatarıstan Azərbaycanlıları Regional İctimaı Birliyinin sədri Bəhram Mustafayev Kazanda kitabın təqdimatının xərclərini öz üzərinə götürüb. Tatarıstan Respublikasının Milli Kitabxanasında kitabın təqdimatı olub. Milli Kitabxananın direktor müavini Liliya Zalyalova kitabxana fonduna kitabı qəbul edib. Liliya Zalyalova bu kitaba görə Azərbaycan diasporuna öz təşəkkürünü bildirib: “Artıq hər hansı bir Tatarıstan sakini və ya qonaq kitabla tanış ola bilər”, deyə o əlavə edib. Kitabın ideya müəllifi Qasım Kərimov təqdimata gələ bilməsə də, telefon bağlantısı ilə öz sevincini bölüşüb: “Nəşrdə bir sıra mühüm və mötəbər mənbələrdən istifadə olunub. Burada həm Sovet İttifaqının qəhrəmanları, bu müharibənin iştirakçıları haqqında, həm də arxa cəbhədə Azərbaycanda görülən işlər haqqında ətraflı məlumat verilir. Qələbənin təmin edilməsində mühüm rol oynamış neftçilərimiz, alimlərimiz, kənd təsərrüfatı işçiləri, tibb işçiləri və s haqqında qeyd olunub. “Cəbhə üçün hər şey, qələbə üçün hər şey” prinsipi ilə gecə-gündüz işləyənlərin intensiv fəallığı, nailiyyətləri barədə ətraflı məlumat var, konkret misallarla oxuculara çatdırılır. Bundan başqa, kitabda bəzi ölkələrdə tarixi saxtalaşdıraraq faşizmi təbliğ edən, bunun qəbuledilməz olduğunu iddia edən mənfur insanlardan bəhs edilir”. Həmçinin, kitabla Tatarıstan Respublikasının Mərkəzi Kitabxanasında da tanış olmaq mümkündür. Orada da təqdimat və kitab təqdim olundu. Azərbaycan diasporunun nümayəndələri kitabxanalara Leninoqorskda keçirmək istədikləri “Dostluq körpüsü” aksiyasında iştirak etməyi təklif ediblər. Kitabın təqdimatı və təqdim edilməsi Tatarıstanda Azərbaycan diasporunun birgə layihələrinin və aksiyalarının başlanğıcıdır. Ramiz Məmmədovun təşkilatçılığı ilə Leninoqorskda Azərbaycan xalqının və Tatarıstanın mədəni mübadiləsinə həsr olunmuş “Dostluq körpüsü” aksiyasının həyata keçirilməsi planlaşdırılır.

Hamısını oxu