Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bir ömür qanunun və Vətənin keşiyində...

Qanunlar hər bir dövlətin və cəmiyyətin təməli, məhək daşıdır. Elə buna görə də qanunlar istənilən toplum və siyasi sistemdə müqəddəs hesab edilir. Lakin qanunun da müdafiəyə ehtiyacı var. Bu ali və müqəddəs missiya isə hüquq-mühafizə orqanı əməkdaşlarının üzərinə düşür. Məhz onlar həyatları bahasına olsa da qanunun aliliyini təmin edir, istənilən qanun pozuntusuna cəsarətlə meydan oxuyurlar. Ömrünü qanunun aliliyinin təmininə həsr edən bu cür işıqlı simalardan biri də İlham Qədir oğlu Quliyevdir.

Uşaqlıq xəyallarından Polis Akademiyasına uzanan yol...

26 may 1956-cı ildə Kürdəmir rayonunda anadan olan İlham Quliyev orta təhsilini yaşadığı Sığırlı kəndində alır. Məktəb illərində o, özünü bacarıqlı, çalışqan şagird kimi göstərir. Dürüst xarakteri, dərslərinə olan məsuliyyəti, mütaliəyə olan sevgisi onu qısa zamanda şagird-müəllim kollektivinin sevimlisinə çevirir.

İlham Quliyev hələ orta məktəbdə oxuyarkən polislik peşəsinə böyük maraq göstərir. Polis orqanlarında işləmək, Vətəni yaşam üçün daha qorxusuz, daha gözəl hala gətirmək onun xəyalına çevrilir. Məhz bu arzu İlham Quliyevin sonrakı addımlarına ciddi yön verir, onun gələcək həyatını müəyyənləşdirir.

Orta məktəbi bitirəndən sonra o, Vətən qarşısındakı borcunu ödəmək üçün həqiqi hərbi xidmətə yola düşür. İlham Quliyev Rusiyanın şimalında, Vorkuta şəhərində hərbi xidmət keçir. Xidmət müddətində də orta məktəbdə olduğu kimi, öz nümunəvi davranışı ilə diqqət çəkir. Ən mürəkkəb xidməti tapşırıqların öhdəsindən belə bacarıqla gəlməsi, kritik məqamlarda doğru qərar qəbul etmək səriştəsi ona hərbi komandanlığın rəğbətini qazandırır. Xidmət müddətində komandanlıq tərəfindən bir neçə dəfə təltif edilən İlham Quliyev müsbət xasiyyətnamə ilə həqiqi hərbi xidməti başa vurur.

İlham Quliyev hərbi xidmətdən sonra ali təhsil almaq üçün hazırda Polis Akademiyası olan o vaxtkı Milis Məktəbinin qapısını döyür. Milis Məktəbində oxumaqla yanaşı, həm də əmək fəaliyətinə başlayan İlham Quliyev polis sıravisi kimi həyat əhəmiyyətli obyektlərin mühafizəsinə cəlb olunur, nəzəri biliklərini praktiki şəkildə möhkəmləndirir.

İlk zabit rütbəsi və komandir kimi uğurları...

Milis Məktəbini müvəffəqiyyətlə bitirən İlham Quliyev ilk zabit rütbəsini alaraq işlədiyi Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi İdarəsində tağım komandiri kimi fəaliyyətini davam etdirir. Nümunəvi xidməti, öz işinə olan məsuliyyəti onu komandir kimi də başqalarından önə çıxarır. Çox keçmir ki, İlham Quliyev Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi İdarəsinin birinci bölüyünə rəhbər təyin edilir.

O, bölük komandiri kimi də öz vəzifəsinin öhdəsindən bacarıqla gəlir. İlham Quliyev tabeçiliyindəki gənc və təcrübəsiz polis əməkdaşlarına polislik peşəsinin sirlərini həvəslə öyrədir, onların bilik və bacarığının artırılması üçün səylə çalışır. Tabeçiliyindəki polis əməkdaşlarına göstərdiyi atalıq qayğısı onu bütün polislərin sevimlisinə çevirir. Çox keçmir ki, digər bölüklərdəki gənc polislər də İlham Quliyevin tabeçiliyində işləməyə təşəbbüs göstərir, hər fürsətdə onunla ünsiyyətə can atırlar. İlham Quliyev bölük komandiri kimi fəaliyyəti yalnız rəhbərlik etdiyi bölükdə deyil, bütün idarədə müsbət mənada canlanmaya yol açır, polis əməkdaşlarının əhval-ruhiyyəsinə, xidmətin keyfiyyətinə müsbət təsir göstərir.

Polis zabiti Qarabağ müharibəsində...

Birinci Qarabağ müharibəsinin başlaması ilə İlham Quliyevin də həyatında yeni bir dönəm başlayır. Vətənin dar günündə ön xətdə olmağı, erməni faşistləri ilə mübarizə aparmağı bütün digər məsələlərdən daha vacib hesab edən İlham Quliyev polis zabiti kimi Qarabağa yollanır, torpaqlarımzın erməni hücumlarından müdafiəsində iştirak edir. Polis zabiti kimi əldə etdiyi zəngin təcrübə ona ön xətdə də kömək edir.

İlham Quliyevlə yanaşı, qardaşı Cavanşir Quliyev də Qarabağdakı hərbi əməliyyatlara qatılır, düşmənə qarşı əzmlə mübarizə aparır. Bir müddət sonra Cavanşir Quliyev Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Bu gün İlham Quliyev polis zabiti kimi təqaüddə olsa da, hərbi-vətənpərvərlik tərbiyəsi sahəsindəki fəaliyyətini davam etdirməkdə, gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasına töhfə verməkdədir. İlham Quliyev xidmət dönəmində, eləcə də təqaüddə olduğu dövrdə dəfələrlə müxtəlif medallar və Fəxri fərmanlarla təltif edilib, müxtəlif dövlət qurumları və veteran təşkilatlarının tədbirlərində iştirak edib.

Bu gün 3 övladı, 4 nəvəsi olan İlham Quliyevin mayın 26-da 68 yaşı tamam oldu. Ömrün 68-ci zirvəsində qərar tutan İlham Quliyevi doğum günü münasibətilə təbrik edir, öz həyat və xidməti təcrübəsi ilə gənclərimizin gələcəyinə işıq salan qəhrəmanımıza bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, öz xidməti fəaliyyəti ilə bütöv bir məktəb formalaşdıran İlham Quliyev hələ uzun illər öz təcrübəsini yeniyetmələrlə bölüşməkdə davam edəcək, gənc kadrların yetişdirilməsi prosesinə töhfə verəcək.

Seymur ƏLİYEV

 

2024-05-29 07:03:20
3350 baxış

Digər xəbərlər

İkinci Dünya müharibəsi veteranı Əli Əliyev vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Əliyev Əli Hüseyn oğlu vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Əli Əliyevin vəfatından kədərləndiyini bildirir və bu münasibətlə mərhumun doğmalarına dərin hüznlə başsağlığı verir.  Məlumat üçün qeyd edək ki, Əli Əliyev müharibə dönəmində bir sıra cəbhələrdə faşizmə qarşı mübarizədə aktiv iştirak edib, döyüşlərdə böyük igidliklər göstərib. Məhz bütün bunların nəticəsidir ki, cəsur azərbaycanlı hərbi komandanlıq tərəfindən “Qırmızı ulduz” ordeni, “Böyük Vətən Müharibəsi” ordeni və daha 15 medalla təltif edilib. Allah rəhmət eləsin!

Hamısını oxu
Ədliyyə polkovniki İmran Əhmədov Ağsuda veteranlarla görüşüb

Şakir Nadirov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağsu Rayon Şöbəsinin sədri seçilib 30 iyun 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ədliyyə polkovniki İmran Əhmədov Ağsuda veteranlarla görüşüb. Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan tədbirdə rayon icra başçısının I müavini Füzuli Kərimli, rayon ziyalıları, müxtəlif kateqoriyadan olan veteranlar iştirak edib.  Tədbirdə çıxış edən polkovnik İmran Əhmədov gənc nəslin milli-mənəvi dəyərlərə bağlı şəkildə, vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyinə toxunub, bu məsələdə veteranların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Veteranları maraqlandıran suallara cavab verən sədr müavini, dövlətin şəhid ailələri və veteranlara olan qayğısına diqqət çəkib, veteranların hər zaman olduğu kimi bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməkdə davam edəcəyinə əminliyini ifadə edib. Tədbirdə Nadirov Şakir Bəxtiyar oğlu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağsu Rayon Şöbəsinin sədri seçilib. Polkovnik İmran Əhmədov Şakir Nadirovu Rayon Veteranlar Təşkilatının sədri seçilməsi münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb. Seymur ƏLİYEV

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Qubada veteranlarla görüş keçirib

Ruslan Bədirov Quba Rayon Veteranlar Təşkilatına sədr seçilib Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 18 mart 2026-cı il tarixində Qubada veteranlarla görüş keçirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Quba Rayon Şöbəsində baş tutan görüşdə çıxış edən polkovnik Cəlil Xəlilov, veteranların Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsindəki tarixi xidmətlərinə diqqət çəkib, şəhidlərimizin, eləcə də veteranların qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulayıb. Veteranları maraqlandıran suallara cavab verən polkovnik Cəlil Xəlilov, müharibə dönəmində olduğu kimi, sülh dövründə də hamının, eləcə də veteranların dövlətimizin, onun başçısının ətrafında sıx birləşməsinin vacib olduğunu vurğulayıb. Görüşdə çıxış edən SHXÇDX-nin Quba Rayon Şöbəsinin rəisi polkovnik Yasin Aşurov torpaqlarımızın erməni işğalından azad edilməsində şəhidlərin və veteranların sərgilədiyi fədakarlığı yüksək qiymətləndirib, 8 Noyabr zəfərinin xalqımızın qəhrəmanlıq tarixində müstəsna yer tutduğunu vurğulayıb. Polkovnik qeyd edib ki, şəhid ailələrinə və veteranlara göstərilən diqqət və qayğı Azərbaycan dövlətinin vətən müdafiəçilərinə olan sevgi və ehtiramının göstəricisidir. Tədbirin sonunda 44 günlük Vətən müharibəsi iştirakçısı Ruslan Bədirov yekdilliklə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Təşkilatının sədri seçilib. Polkovnik Cəlil Xəlilov Ruslan Bədirova yeni vəzifəsində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib.  Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatında Ahıllar Günü ilə bağlı tədbir keçirilib

Sentyabrın 30-da Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının  Həmkarlar Komitəsinin təşkilatçılığı ilə Ahıllar Günü ilə bağlı tədbir keçirilib.   Veteran.gov.az xəbər verir ki, tədbirdə çıxış edən təşkilatın sədri Fatma Səttarova dövlətimizin hər bir vətəndaşa, o cümlədən yaşlı nəslin nümayəndələrinə böyük diqqət və qayğı göstərdiyini bidlirib.   Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ahılların dünyagörüşününün, bilik və təcrübəsinin gənclərin həyatında mühüm rol oynadığını vurğulayıb. Sədr müavini qeyd edib ki, gənclər hər zaman yaşlı nəslin nümayəndələrinin təcrübəsindən faydalanmalı, onlara hörmət və ehtiramla yanaşmalıdır.   Çay süfrəsi arxasında keçən tədbir xoş ovqatla davam edib.  

Hamısını oxu