Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Fatma Səttarovanın ailəsinə və yaxınlarına

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilmiş Fatma Səttarovanın vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.

Fatma Səttarova Vətənə sədaqətlə xidmət edərək, gənclərə və gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçmişdir.

Bu ağır anlarda dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 sentyabr 2024-cü il

2024-09-14 17:03:18
3340 baxış

Digər xəbərlər

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi Gəncə SOS Uşaq kəndini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və bir sıra əməkdaşlar Gəncə SOS Uşaq kəndini ziyarət ediblər Ziyarət zamanı Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Gəncə SOS Uşaq kəndininin direktoru Nəsimi Ələkbərli ilə birgə gəzinti zamanı burada yaradılmış şəraitlə yaxından tanış oldu və uşaqların qayğıları ilə maraqlandı. Bildirildi ki, uşaq kəndinin sakinləri üçün bütün təminatlar və hüquqlar ən yüksək səviyyədə qurulmuş və onların gələcək həyata hazırlıqları məqsədilə təhsil sahəsinə xüsusi diqqət yetirilir. Ziyarət zamanı uşaqların idmana böyük marağının olduğunu nəzərə alaraq, uşaqların fiziki sağlamlığının möhkəmləndirilməsi üçün Baş İdarə tərəfindən bir sıra idman tədbirlərinin burada keçirilməsi istiqamətində işlərin görüləcəyi qeyd edildi. Sonda uşaqlarla birgə kollektiv xatirə şəkli çəkdirildi.

Hamısını oxu
Üç güllə yarası ilə Şuşada döyüşən şəhidimiz

44 günlük Vətən müharibəsində Azərbaycanın ən yeni tarixini yazanlar arasında xüsusi təyinatlı çavuş, şəhid Ramiz Ağayev də var. O, döyüşlərə Murovdağ zirvəsində başladı, Füzulidə ağır yaralandı, Şuşada şəhid oldu... Publika.az xəbər verir ki, ARB 24 şəhid Ramiz Ağayevin ailəsini ziyarət edib və onun keçdiyi döyüş yolu barədə məlumat öyrənib. Vətən müharibəsi başlayanda xüsusi təyinatlı çavuş Ramiz Ağayev bir an belə düşünmür. Tərəddüd etmir. "Vətən çağırır" deyib döyüşlərə qatılır. İlk uğurlu əməliyyat Murovdağ zirvəsində olur. Daha sonra silahdaşları ilə birlikdə Füzuli uğrunda döyüşür. Elə bu döyüşlərdə çox sayda düşmən hərbçisini məhv edir, özü isə çiyin və boğaz nahiyələrindən 3 güllə yarası alır. Bir yandan həkimlər, bir yandan da ailəsi təkid edir ki, müalicə olunsun. Amma heç kim onu saxlaya bilmir. "Gedəcəm mən" - dedi: - gözümün qabağında yoldaşlarım şəhid oldu. Mən əlimi-qolumu sallayıb xəstəxanadan gəlib oturmayacam. Mən gedib onların başlarını əzəcəm". Getdik, gördüm pəncərədən çıxdı əl etdi, dedi, mama, narahat olma. Fəxr edirəm ki, belə bir oğul böyütmüşəm", - deyə anası Məlahət Ağayeva bildirib. Şəhidimizin dayısı Asəf Fərzəliyev də Vətən müharibəsində iştirak edən hərbçilərimizdəndir. O da yaralandığı üçün tərxis olunmasını məsləhət görsə də, Ramiz Ağayev bunu qəbul etməyib və yoldaşları ilə birgə sona qədər xidmətini davam etdirəcəyini deyib. "Suqovuşandan zəng etdi, danışdıq. Dedim, yaralısan, evə get, mənə qayıtdı dedi, neçə yaşın var? Dedim 60. Dedi, sən hardasan? Dedim, Suqovuşanda. Qayıtdı dedi ki, bəs mən niyə evə gedim ki? Mənim yerim səngərdə yoldaşlarımın yanındadı…" - Asəf Fərzəliyev danışır. Axıra kimi də gedir. Çiynindəki mərmi çıxarılmadan... Şəhid yoldaşlarının qisasını almaq üçün... Arzusunda olduğu Şuşanı düşmən tapdağından azad etmək üçün... Qarabağın tacı - Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri kimi dəyərləndirilir. Eşidən, görən hər kəs deyir ki, əsgərlərimiz Şuşa üçün əlbəyaxa döyüşüblər. Ramiz də o döyüşə çıxanlardan biridir. Ramiz Azərbaycanın 28 illik Şuşa həsrətinə son qoyanlardan biri kimi adını tarixə yazıdırır. Canı, qanı bahasına, şəhidlik zirvəsinə ucalaraq. Ramiz Ağayev general Polad Həşimovun yanında, 2-ci Fəxri Xiyabanda dəfn olunur.

Hamısını oxu
“Ermənistanın təxribatçı addımlar üçün kimdən cəsarət aldığı məlumdur”

Nəsib Məhəməliyev: “Rusiya sülhməramlıları erməni terrorçunu dərhal fiziki olaraq məhv etməli idilər”   Son vaxtlar ermənilər tərəfindən təxribat xarakterli addımların sayı artmaqdadır. Laçın və Şuşada baş verən son olaylar erməni təxribatlarının sistemli xarakter almağa başladığını göstərir.   Maraqlıdır,  Vətən müharibəsində hərbi potensialının 80%-ni itirən Ermənistanın yeni qarşıdurmaya cəhd etməsi nə dərəcədə anlaşılandır? Məğlub Ermənistan özündə bu cəsarəti haradan alır?   Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:   “Erməni separatçısının hərbçilərimizin xidməti postuna əl qumbarası atması terror hadisəsidir və ən ağır şəkildə cəzalandırılmalıdır. Əks halda, yeni terror hadisələrinin törədiləcəyi şübhəsizdir. Burada məsuliyyət Rusiya sülhməramlılarının üzərinə düşür və onlar terrorçunu dərhal fiziki olaraq məhv etməli idilər. Terrorla mübarizədə effektiv İsrail təcrübəsi var. Heç bir halda terrorçulara güzəşt olunmur.   Nəzərə almaq lazımdır ki, Ermənistan, dünyanın bir çox ölkələrində diplomatları, siyasətçiləri, qətlə yetirən terror dövlətidir və bu sahədə geniş təcrübəyə malikdir. İnsanlıq əleyhinə ən ağır cinayətlər törətmiş qatı terrorçuları milli qəhrəman səviyyəsinə qaldıran toplumdur.   Heç kimə sirr deyil ki, hər bir terrorun arxasında siyasi məqsədlər dayanır. Mənə elə gəlir ki, bu terrorun da əsas məqsədi, 44 günlük müharibədə darmadağın olmuş və psixoloji baxımdan sındırılmış və alçaldılmış erməni əsgərinin döyüş ruhunu qaldırmaqdır.   Eyni zamanda, nizamlama prosesini əngəlləmək, 10 noyabr üçtərəfli bəyanatla razılaşdırılmış bəzi müddəaların icrasından yayınmaq məqsədi daşıyır. Bu yaxınlarda, Rusiya prezidentinin sözcüsü Dmitri Peskov dövlət başçılarının yaxın vaxtda görüşünün baş tutacağını bəyan etdikdən dərhal sonra, bir çox erməni siyasətçiləri, politoloqları bunun əleyhinə çıxdıqlarını, hər hansı sülh müqaviləsinin bağlanmasına imkan verməyəcəklərini bildirdilər.   Digər tərəfdən, düşünürəm ki, Türk dünyasının güclənməsi, inteqrasiya proseslərinin sürətlənməsi, bir çox dairələrin narahatlığına səbəb olur. Bu istiqamətdə müvəffəqiyyətlər əldə olunduqca, bədxahların ,,sürprizlərinə ,, hazır olmalıyıq.   Ermənistanın gücü haradan alması, bəlli məsələdir. Ermənistan bu gücü ilk növbədə regionda maraqları olan ənənəvi geosiyasi güclərdən və biabırçı məğlubiyyətlə barışa bilməyən daxili millətçilərdən alır. Erməni cəmiyyəti yekdil deyildir. Cəmiyyətin daxilində müxtəlif xarici orqanlara xidmət edən destruktiv qüvvələr var. Onlar istənilən an, öz xəstə ideyalarını yeritmək naminə cinayət işlətməyə hazırdırlar. 1999-cu ildə parlamentdə baş nazirin, parlament rəhbərliyinin güllələnməsi və s. buna sübutdur. Amma Ermənistanın yaxın illərdə Azərbaycanla qarşı-qarşıya gəlməsi, genişmiqyaslı müharibə aparması qeyri-mümkündür”.   Seymur ƏLİYEV

Hamısını oxu
MN və DTX-dən ermənilərin terror hücumları ilə bağlı RƏSMİ AÇIQLAMA: Həlak olanlar var

10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı bəyanata əsasən atəşkəsin elan olunmasından sonra Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalıb. Bu barədə Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilir. Ermənistanın rəsmi dairələrinə istinadən erməni kütləvi informasiya vasitələrində sözügedən silahlı dəstələrin meşəlik ərazidə azmış vəziyyətdə olduğu barədə məlumat verilmişdi. Onların ərazidən çıxarılması üçün Ermənistan tərəfi Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına müraciət etmişdi.   Azərbaycan tərəfi haqqında bəhs olunan erməni silahlı dəstələrinin ərazidən çıxarılması ilə bağlı bütün şəraiti təmin edib. Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək səs gücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət edib və onların ərazidən təxliyyəsi üçün zəruri tədbirlərin görüldüyü bildirib. Ümumiyyətlə, Rusiya Federasiyası sülhməramlı qüvvələri atəşkəs rejiminin qorunub saxlanması və “itkin düşmüş”, “azmış” olduğu iddia olunan erməni hərbçilərinin ərazidən təxliyyəsi üçün məsuliyyətlə və yüksək peşəkarlıqla öz üzərinə düşən vəzifələri yerinə yetirib.Həmin erməni silahlı dəstələri ərazini tərk etməyib, əksinə döyüş mövqeləri yaradıb və son günlər qeyd olunan ərazidə Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməlləri törədiblər. Belə ki, 2020-ci il noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonunun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində üç hərbi qulluqçumuz öldürülüb, iki nəfər yaralanıb, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı bir hərbi qulluqçu həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb. Qeyd olunan faktlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb. Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir. Ermənistan tərəfi üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini təmin etməli, atəşkəs rejiminin qorunmasına və sülhün təmin olunmasına dəstək verməli, ərazidə qalmış erməni silahlı dəstələri və ya Ermənistan silahlı qüvvələrinin qalıqları vasitəsilə təxribatların törədilməsi, vəziyyətin qəsdən gərginləşdirilməsi və bu kimi halların ölkədaxili siyasi məqsədlər üçün istifadə edilməsi cəhdlərindən çəkinməlidir. Azərbaycan Respublikası üçtərəfli bəyanatın müddəalarına sadiq olaraq, Rusiya Federasiyası sülhməramlı qüvvələri ilə sıx əlaqələndirmə və əməkdaşlıq şəraitində regionda sülhün təmin olunması üçün səylərini davam etdirir.

Hamısını oxu