Digər xəbərlər
Prezident İlham Əliyevin Sərəncamına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı 2030-cu ilədək davam etdiriləcək. Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezidentin məlum Sərəncamının tarixi-mənəvi əhəmiyyətinə diqqət çəkib: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin 2030-cu ilədək davam etdirilməsi dövlətimizin, Prezidentimizin həssas kateqoriyaya mənsub vətəndaşlarımıza olan qayğı və ehtiramının nümunəsidir. Bu Sərəncam bir daha sübut edir ki, şəhid ailələrinin, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların hərtərəfli diqqət və qayğı ilə əhatə olunması dövlətimiz üçün prioritet məsələdir. Dövlətimiz bu istiqamətdə uzun illərdir ki, sistemli, məqsədyönlü siyasət yürüdür ki, bu siyasətin nəticəsi göz önündədir. Bu gün ölkəmizdə şəhid ailələri və müharibə əlillərinə göstərilən qayğı dünyanın ən qabaqcıl ölkələrinə belə nümunə sayıla biləcək səviyyədədir. Prezidentimizin 13 may 2025-ci il tarixli Sərəncamı dövlətimizin şəhid ailələləri və müharibə əlilləri ilə bağlı ənənəvi siyasətini davam etdirməkdə son dərəcə qətiyyətli olduğunu bir daha isbatladı. Sözügedən Sərəncam həssas kateqoriyadan olan vətəndaşlarımızın sosial rifahını yaxşılaşdırmaqla yanaşı, onların mənəvi ehtiyaclarının qarşılanması baxımından da mühüm əhəmiyyətə malikdir. Heç kimə sirr deyil ki, məhz bu kimi nəcib addımlar sayəsində şəhid ailələri, müharibə əlilləri dövləti daim öz yanlarında hiss edir, dövlətimiz üçün nə qədər önəmli olduqlarını anlayırlar. Məhz bu baxımdan Prezident İlham Əliyevin məlum Sərəncamını həm tarixi, həm də mənəvi baxımdan yüksək qiymətləndirir, buna görə Müzəffər Ali Baş Komandanımıza bütün veteranlar adından dərin təşəkkürümüzü bildiririk. Əminəm ki, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən bu yüksək diqqət gənclərimizin vətənpərvərlik tərbiyəsinə də öz müsbət təsirini göstərəcək, xalq-dövlət birliyini daha da gücləndirəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Müasir beynəlxalq münasibətlər sistemi təhlükəsizlik anlayışının sürətlə dəyişdiyi mərhələdən keçir. Ənənəvi hərbi-siyasi risklər artıq terrorçuluq, transmilli cinayətkarlıq, kibertəhdidlər, qeyri-qanuni miqrasiya, narkotik və silah dövriyyəsi, kritik infrastrukturun təhlükəsizliyi kimi bir-biri ilə əlaqəli çağırışlarla paralel inkişaf edir. Belə bir şəraitdə Bakıda IV Təhlükəsizlik Forumunun keçirilməsi təhlükəsizlik sahəsində beynəlxalq dialoq üçün ayrıca platformanın formalaşması baxımından diqqət çəkir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən Forumda beynəlxalq təşkilatların, 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələri olmaqla 600-ə yaxın şəxsin iştirakı tədbirin coğrafiyasının genişləndiyini göstərir. Forumun 2023-cü ildən davamlı xarakter alması isə onu birdəfəlik müzakirə formatından daha çox xüsusi xidmət və təhlükəsizlik qurumları arasında əlaqələrin saxlanmasına xidmət edən mexanizm kimi nəzərdən keçirməyə imkan verir. Prezident İlham Əliyev Forum iştirakçılarına müraciətində də iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsini və müzakirə edilən məsələlərin aktuallığını Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi kimi qiymətləndirib. Dövlət başçısının vurğuladığı kimi, “Artıq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya gətirməklə beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır”. Forumun əhəmiyyətini artıran əsas məqamlardan biri müxtəlif siyasi mövqelərə malik dövlətlərin təhlükəsizlik strukturlarının eyni platformada təmsil olunmasıdır. Geosiyasi rəqabətin və dövlətlərarası etimad böhranının dərinləşdiyi şəraitdə təhlükəsizlik orqanları arasında peşəkar kommunikasiya kanallarının qorunması xüsusilə vacibdir. Çünki terrorçu və transmilli cinayətkar şəbəkələr siyasi sərhədlərlə məhdudlaşmadığı kimi, onlara qarşı mübarizə də yalnız milli mexanizmlərlə effektiv aparıla bilməz. Prezident İlham Əliyev də müraciətində dünyada baş verən sürətli və mürəkkəb dəyişikliklərin, geosiyasi rəqabətin kəskinləşməsinin və müxtəlif regionlardakı münaqişələrin qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, “Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir”. Bu yanaşma təhlükəsizliyin yeni mahiyyətini də ortaya qoyur. Müasir dövrdə dövlət təhlükəsizliyi yalnız sərhəd və hərbi infrastrukturu əhatə etmir. Enerji sistemləri, nəqliyyat dəhlizləri, bank sektoru, su ehtiyatları, rabitə şəbəkələri və informasiya infrastrukturu da milli təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsinə çevrilib. Bir ölkədə və ya regionda yaranan böhran qısa müddətdə təchizat zəncirlərinə, enerji bazarlarına, ərzaq təhlükəsizliyinə və kommunikasiya xətlərinə təsir edə bilir. Dövlət başçısı müraciətində bu qarşılıqlı bağlılığa xüsusi diqqət çəkərək hər hansı regionda meydana gələn böhran və ya gərginliyin digər regionlara təsir göstərə, siyasi-iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə zərər vura biləcəyini qeyd edib. Prezidentin ifadəsi ilə, “Təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır”. IV Bakı Təhlükəsizlik Forumunun gündəliyində texnoloji risklərin xüsusi yer tutması da təsadüfi deyil. Süni intellekt, rəqəmsal platformalar, kiberimkanlar və kosmik sistemlər dövlətlərin inkişaf alətləri olmaqla yanaşı, yeni təhlükəsizlik riskləri yaradır. Xüsusilə terrorçu və ekstremist qrupların rəqəmsal texnologiyalardan təbliğat, maliyyələşmə, koordinasiya və yeni tərəfdarların cəlb olunması məqsədilə istifadəsi xüsusi xidmət orqanlarının qarşısında yeni vəzifələr qoyur. Prezident İlham Əliyev də süni intellekt daxil olmaqla müasir texnologiyaların bədniyyətli istifadəsinin terrorçuluğa qarşı mübarizəni mürəkkəbləşdirdiyini vurğulayıb. Dövlət başçısı bildirib: “Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır”. Bu kontekstdə Bakı Forumunun praktiki əhəmiyyəti yalnız təhlükələrin müzakirəsindən ibarət deyil. Əsas məsələ risklərin erkən müəyyənləşdirilməsi, məlumat mübadiləsinin sürətləndirilməsi, milli təcrübələrin müqayisəsi və təhlükəsizlik qurumları arasında birbaşa peşəkar əlaqələrin inkişaf etdirilməsidir. Terrorçuluq və transmilli cinayətkarlıqla mübarizədə məlumatın operativ ötürülməsi bəzən təhlükənin nəticələri ilə mübarizədən daha vacib olan preventiv tədbirlərin görülməsinə imkan verir. Prezident də təhlükəsizliyin etibarlı təminatı üçün yalnız mövcud təhdidlərin nəticələri ilə mübarizənin kifayət etmədiyini, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və vaxtında qarşısının alınmasının vacibliyini bildirib. “Təcrübə göstərir ki, açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar ən mürəkkəb təhlükəsizlik çağırışlarının belə daha çevik və effektiv şəkildə qarşısının alınmasına imkan yaradır”, – deyə dövlət başçısı vurğulayıb. IV Bakı Təhlükəsizlik Forumunun əsas mesajlarından biri qlobal təhlükəsizlik sistemində qarşılıqlı asılılığın artması fonunda etimad və operativ əməkdaşlıq mexanizmlərinə ehtiyacın güclənməsidir. 100-dən artıq ölkədən xüsusi xidmət və təhlükəsizlik strukturlarının nümayəndələrinin Bakıda bir araya gəlməsi fərqli siyasi yanaşmaların mövcud olduğu şəraitdə belə ortaq təhlükələr üzrə dialoqun davam etdirilməsi imkanını göstərir. Azərbaycanın bu format vasitəsilə irəli sürdüyü yanaşmanın əsasında isə təhlükəsizliyin bölünməzliyi, qabaqlayıcı fəaliyyət, məlumat və təcrübə mübadiləsi, eləcə də dövlətlər arasında etimadın gücləndirilməsi dayanır. Prezident İlham Əliyevin müraciətində ifadə etdiyi kimi, Bakı Təhlükəsizlik Forumu “konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə şərait yaradır”. Qlobal təhdidlərin getdikcə daha çox transsərhəd xarakter aldığı indiki mərhələdə Forumun praktiki nəticəliliyi də məhz bu dialoqun konkret əməkdaşlıq mexanizmlərinə çevrilmə dərəcəsindən asılı olacaq. APA.az
Hamısını oxu
İyulun 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub. Əlbəttə ki, düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülüb, Ermənistanın təxribatı alınmayıb. Bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov deyib. General-polkovnik bildirib ki, əgər müharibə başlayarsa, Ermənistanın ağır məğlubiyyətə uğrayacağı qaçılmazdır. Onları çox çətin duruma salacaq təxribata getməyə nə vadar etdi? Aydın məsələdir ki, burada əsas məqsəd Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək, həmçinin canlı qüvvəyə və hərbi texnikaya zərər yetirməkdir. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri oturdulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Qeyd etmək lazımdır, Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb. Ermənistan təxribata əl atıb və Azərbaycan tərəfi birmənalı şəkildə Ermənistanın təxribatlarına qətiyyətli cavab verib. General-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, göründüyü kimi hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Açıq-aydın görünür ki, Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyır. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Lakin Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyi ehtimalının az olduğunun fərqində deyil. “Bu gün əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müasir tələbləri əsasında formalaşdırılan Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Ölkə başçısının, ordu rəhbərliyinin diqqət və qayğısının nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-texnikası, nizami ordusu ilə düşməndən keçmişin qisasını almaq əzmindədir. Hər kəs inanır ki, Azərbaycan əsgəri əzəli torpaqlarını düşməndən azad edəcək. İnanıram ki, çox yaxında biz Qarabağın azadlığını da qələbə paradı ilə qeyd edəcəyik".-deyə general polkovnik Tofiq Ağahüseynov vurğulayıb.
Hamısını oxu
Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun anadan olmasının ildönümüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən əsgər və zabitini məhv edib.M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub.Həmin gecə - 18 iyun tarixində Azərbaycan giziri səhər saatlarındakı qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı (ölümündən sonra) verilib.
Hamısını oxu