Azərbaycan Respublikası müharibə, əmək və Silahlı Qüvvələr veteranlarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə MÜRACİƏTİ
Möhtərəm cənab Prezident!
Azərbaycanın ev sahibliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Bakıda yüksək səviyyədə baş tutması Azərbaycan dövlətinin, onun Prezidentinin növbəti böyük uğurudur. Azərbaycanın dinamik inkişafını, müstəqil siyasətini qısqanclıqla qarşılayan, Cənubi Qafqazın lider dövlətinə çevrilməsindən təşvişə düşən bəzi dövlətlərin və dairələrin bu dünuamiqyaslı beynəlxalq tədbiri davamlı boykot cəhdlərinə baxmayaraq, COP29-a 196 ölkədən 72 min iştirakçının qatılması, onların arasında 80 nəfər yüksək səviyyəli qonağın – prezident, vitse-prezident, Baş nazir və nazirlərin olması məhz Sizin yüksək beynəlxalq nüfuzunuzun, ardıcıl səylərinizin nəticəsidir. Biz veteranlar Azərbaycanın bəşəriyyətin gələcəyi ilə birbaşa bağlı olan mühüm bir məsələdə dünyanın sözü eşidilən ölkələrindən biri kimi qəbul edilməsindən, mühüm qlobal səylərə öz töhfəsini vermək əzmindən qurur duyur, bizə bu iftixarı yaşadan möhtərəm dövlət başçımıza minnətdarlığımızı bildiririk. Bu genişmiqyaslı tədbirin mühüm nəticələrindən biri də Azərbaycanın dünyada, xüsusən enerji sahəsində “yaşıl keçid”in ardıcıl və qətiyyətli tərəfdarı kimi tanınması oldu.
Möhtərəm cənab Prezident!
COP29-un böyük uğuru bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq arenada fəal rol oynamağa, insanlığın və ümumən dünyanın xilasına yönəlmiş təşəbbüslərə mühüm töhfələr verməyə qadir, sözünü əməli ilə təsdiqləməyi bacaran dövlətdir. Bütün bunlar belə bir həqiqəti uca səslə deməyə əsas verir ki, ölkəmizin xeyirxah səylərinin düzgün dəyərləndirilməsi həm regional, həm də beynəlxalq miqyasda mövcud problemlərin həllinə yardımçı ola, “yaşıl” və təhlükəsiz dünya naminə təşəbbüslərin gerçəkləşməsinə daha münbit şərait yarada bilər. Məhz Azərbaycanın səyləri ilə COP29-un bəşəriyyətin gələcəyi və firavanlığı üçün başlıca diqqəti Dayanıqlı İnkişaf Məqsədlərinə, iqlim maliyyələşməsinin məcburi məsələyə çevrilməsi istiqamətində addımlar atılmasına yönəltməsi xüsusi əhəmiyyətə malik olmaqla, bu qənaətimizi bir daha təsdiq edir.
Azərbaycanın COP29 vasitəsi ilə yaşıl texnologiyalar, davamlı enerji həlləri, bərpaolunan enerji layihələri, ekoloji turizmin genişləndirilməsi və ekoloji maarifləndirmə təşəbbüslərini təşviq etməsi də xüsusi qeyd olunmalıdır. O da qürur doğurur ki, COP29-a qatılan çoxsaylı ekspertlər və iştirakçılar onun uzunmüddətli təsirlərinə dair müzakirələrdə Azərbaycan təcrübəsinin nəticələrinin ölkə və dünya üçün strateji əhəmiyyətini, gələcək beynəlxalq tədbirlər üçün nümunə ola biləcəyini xüsusi vurğulamışlar.
Qlobal iqlim dəyişikliyi ilə mübarizədə dünya səviyyəsində ən əhəmiyyətli və genişmiqyaslı proseslərdən olan COP29-da yalnız hökumət rəsmiləri deyil, həmçinin qeyri-hökumət təşkilatları, elmi dairələr, vətəndaş cəmiyyəti, özəl sektor nümayəndələri və media təmsilçilərinin iştirakı, hər kəsin eyni mövzu ətrafında və vahid məqsədlə bir araya gəlməsi, iqlim məsələlərini daha ətraflı və hərtərəfli şəkildə müzakirə olunmasına imkan yaratmaqla, insanlağın gləcəyinə taleyüklü mesajlar ünvalamışdır.
Möhtərəm cənab Prezident!
Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə bütün cəmiyyətlərin səfərbər olunmasında, iqlim diplomatiyasının güclənməsində qlobal miqyaslı iştirakçıya çevrildiyi bu tədbirin Azərbaycana geniş investisiyalar və beynəlxalq əməkdaşlıq sahəsində yeni imlanlar gətirəcəyinə, onun beynəlxalq nüfuzunu daha da yüksəldəcəyinə inanır və bu uğurların əldə olunmasına görə Sizə çoxsaylı veteranlar adından bir daha minnətdarlığımızı bildiririk.
Dərin hörmət və ehtiramla:
Azərbaycan Respublikası müharibə, əmək və Silahlı Qüvvələr veteranları.