Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.

Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Mövlud Çavuşoğluna Qərbi Azərbaycan İcmasının Bakıda keçirəcəyi Beynəlxalq Konfransda iştirakına görə minnətdarlığını bildirərək, bu tədbirin əhəmiyyətinə toxundu.

Mövlud Çavuşoğlu da öz növbəsində bu konfransın önəmini vurğuladı və tədbirə dəvətə görə minnətdarlığını bildirdi.

O, Azərbaycanda bu il keçirilmiş parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbriklərini çatdırdı. Eyni zamanda Azərbaycanın ev sahibliyi etdiyi COP29-un çox yüksək səviyyədə təşkil olunması ilə bağlı Prezident İlham Əliyevi təbrik edən Mövlud Çavuşoğlu bu tədbiri tarixi zirvə toplantısı kimi qiymətləndirərək, burada qəbul edilmiş qərarların böyük önəm daşıdığını vurğuladı.

Dövlətimizin başçısı da COP29-un yüksək səviyyədə təşkil olunduğunu və əhəmiyyətini qeyd edərək, Türkiyə Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin həmin tədbirdə iştirakını bir daha yüksək qiymətləndirdi və bunun COP29-un önəminin daha da artırılması işinə töhfə verdiyini bildirdi. Prezident İlham Əliyev xeyli sayda dövlət və hökumət başçısının, qonaqların tədbirdə iştirakına toxundu və konfransın qərarların qəbul edilməsi baxımından çox uğurlu olduğunu dedi, COP29-un Azərbaycanın potensialını və liderlik qabiliyyətini bir daha bütün dünyaya nümayiş etdirdiyini vurğuladı. Dövlətimizin başçısı bunun Türk dünyasının da növbəti bir uğuru olduğunu dedi.

Görüşdə ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası sahədə uğurla inkişaf etdiyi bildirilərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.

 
 
 
 
 
 

2024-12-06 10:58:07
3487 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Qarabağ Mirası Təsviri İncəsənətdə” adlı tədbir keçirilib

Tədbir rəssam Nigar Helmi Abbasbəylinin yaradıcılığına həsr edilib Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında  rəssam Nigar Helmi Abbasbəylinin yaradıcılığına həsr edilən “Qarabağ Mirası Təsviri İncəsənətdə” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov xalqımızın öz azadlığı, ərazi bütövlüyü uğrudna apardığı mübarizəyə toxunub, Azərbaycan həqiqətlərinin, şanlı qələbəmizin təbliğində incəsənətin önəminə diqqət çəkib: “Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 44 günlük müharibədə əldə etdiyimiz zəfərin, bütövlükdə Azərbaycanın uğurlarının memarıdır. Bu qələbəyə aparan yol sadəcə 44 gündən ibarət deyil. Uzun bir zaman kəsiyində Azərbaycan prezidenti ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməsi və müttəfiqlərinin artması, ölkəmizin mövqelərini müdafiə edən dövlətlərin çoxalması, milli maraqlarımızın müdafiəsi istiqamətində ciddi addımlar atıb. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Ermənistan 30 illik dönəmdə təkcə torpaqlarımızı işğal etmədi,  ilk növbədə bölgənin mədəni tarixinə qarşı soyqırımı törətdi. Onlar çox yaxşı bilirdilər ki, bölgədə olan tarixi abidələr Qarabağın Azərbaycan tarixinə bəxş etdiyi ən qiymətli sərvətdir. Ermənilərin vəhşi əməllərinə məruz qalan ərazimizdən biri də Şuşa şəhəridir. Bu şəhərdə də xeyli sayda tarixi və mədəni abidələrimiz yer üzündən silinmişdir. Belə binalardan Şuşa şəhərinin tarixi muzeyi, Üzeyir Hacıbəyov, Bülbül, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, Rəsm Qalereyası və digər tarixi binalar dağıdılıb. İşğal dövründə ermənilər həmçinin, 550 qədim yaşayış binasını sökərək şəhərin ümumi görünüşünə xeyli ziyan vurmuşlar. Məhv edilən 210 tarix və mədəniyyət abidəsi Azərbaycanın dövlət qeydiyyatında olan abidələrdir. Ermənilərin vandal əməllərindən tanınmaz hala düşən abidələrdən biri də Molla Pənah Vaqifin məqbərəsi idi. Məqbərənin yalnız uçuq sütunları qalmışdı. Şuşa işğaldan azad olunan kimi dövlət başçısının Şuşanın bərpası ilə bağlı verdiyi ilk tapşırıqlardan biri də Vaqifin məqbərəsinin bərpası oldu. Tez bir zamanda təmir-bərpa işləri nəticəsində əvvəlki vəziyyətinə qaytarılan  məqbərə görünüşü ilə şəhərə ayrı bir gözəllik verir. Ənənəvi Vaqif Poeziya Günləri də artıq hər il məqbərənin önündə keçirilir. Məhz bu gün burada rəssam Nigar Helminin Qarabağın mirası Təsviri İncəsənətdə mövzusuna həsr olunmuş sərgi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfərimizə həsr olunub. Qarabağın mirası Təsviri İncəsənətdə mövzusuna həsr olunmuş tədbiri aşıq elan edirəm”. Bundan sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra  rəssam Nigar Helmi Abbasbəylinin yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili və  Əsilzadələr Məclisinin katibi, Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-tədqiqatçı  Sayman Aruz çıxış edib, milli tariximizin və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən, bu qələbələrin təbliğində mədəniyyətimizin və incəsənətimizin rolundan bəhs ediblər. Hər iki çıxışçı rəssam Nigar Helmi Abbasbəylinin əsərlərinin milli tariximizin, qan yaddaşımızın yaşadılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonda çıxış edən rəssam Nigar Helmi Abbasbəyli iştirakçılara öz təşəkkürünü bildirib, uşaqlıq xatirələrindən, milli tarximizlə bağlı şahidi olduğu ağrılı məqamlardan, apardığı tarixi araşdırmalardan bəhs edib. Rəssam Nigar Helmi Abbasbəyli qeyd edib ki, zəngin tariximizin, xüsusilə də ermənilərin 200 il ərzində Azərbaycan xalqının başına gətirdiyi faciələrin daha dərindən araşdırılmasına, bu araşdırmaların nəticəsi ilə bağlı daha fundamental əsətlərin yaradılmasına ehtiyac var. Tədbirin sonunda polkovnik Cəlil Xəlilov rəssam Nigar Helmi Abbasbəylini Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının xüsusi mükafatı ilə təltif edib, xatirə şəkli çəkilib. Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin siyasi sənədlər arxivinin müdiri Elmira xanım Ələkbərova, Milli Qəhrəman Ramiz Qasımovun həyat yoldaşı Günel xanım və övladları, şəhid Telman Kəlbəliyevin hıyat yoldaşı Günay xanım və digər qonaqlar iştirak edib.    

Hamısını oxu
Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiya yaradılıb

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən komissiya yaradılıb. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bu kateqoriyadan olan şəxslərin qəbulu və müraciətlərinə baxılması yanvarın 11-dən başlayaraq (bazar günü istisna olmaqla) saat 09:00-dan 18:00-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76) həyata keçiriləcək. Komissiyaya müraciət edən şəxslərin nəzərinə çatdırılır ki, hərbi hissənin ərazisinə məlumat daşıyıcıları və digər cihazlar ilə daxil olmaq qadağandır.   Müdafiə Nazirliyi bildirir ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq, hərbi qulluqçuların və mülki şəxslərin sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və tövsiyələrinə (maskadan istifadə olunması, əllərin müvafiq məhlulla dezinfeksiya edilməsi, sosial məsafənin saxlanılması və s.) ciddi riayət olunmalıdır.    

Hamısını oxu
Bakıda xeyriyyə məqsədilə “Qələbə qaçışı” təşkil ediləcək

Gənclər və İdman Nazirliyi noyabrın 9-da Bakıda “Qələbə qaçışı” xeyriyyə tədbiri keçirəcək. “Qürurla irəli” şüarı ilə təşkil ediləcək qaçış ötən il müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin ildönümünə həsr olunub.   İanə...   Qaçışa qoşulmaq istəyən hər kəs “YAŞAT” Fonduna minimum 20 manat iştirak haqqı ödəməlidir. Fonda daha yüksək məbləğdə ianə etmək istəyənləri də sıramızda görmək xoş olacaq.   Məqsəd…   Xeyriyyə aksiyasında əsas məqsəd xalqımızın həmrəyliyini, dövlət-xalq birliyini bir daha nümayiş etdirməklə, Vətən uğrunda canını fəda etmiş, yaralanmış qazilərə dəstək olmaq, müharibə dövründəki qalib xalq ruhunu daim yaşatmaqdır.   Məkan…   “Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, Elektra Hall-ın qarşısından start götürəcək və 5000 metrlik məsafəni əhatə edərək Bakı Dəniz Vağzalının qarşısında finişə çatacaqlar.   Qaçışdan əyləncəyə…   Bu qaçışda iştirak etməklə siz artıq qaliblər sırasındasınız! Günün maraqlı davamı üçün təşkilatçılar finişdə maraqlı proqram hazırlayıblar. Tədbirin qaçış hissəsi başa çatdıqdan sonra iştirakçıları urban (şəhər) idmanı master klasları, maraqlı tədbirlər və digər sürprizlər gözləyir.   Qeydiyyat…   Qaçışda iştirak üçün say limiti tətbiq olunacaq. Qeydiyyatdan ilk keçənlər qaliblər sırasında olmaq imkanı qazanacaqlar. 18 yaşdan yuxarı hər kəs qaçışda iştirak edə bilər. Bunun üçün, Təşkilat Komitəsinin təsdiqlədiyi əsasnaməyə uyğun olaraq və göstərilən link (https://www.smartscoring.com/az/form) vasitəsilə qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyat noyabrın 7-də saat 18.00-da başa çatır. Qeydiyyat başa çatdıqdan sonra, müraciəti qəbul edilmiş hər kəsin e-mailinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək.   Hamı üçün…   “Qələbə qaçışı”ndan sonra, bütün iştirakçıların e-mail ünvanlarına təşkilatçıların təşəkkür əlaməti olaraq, elektron sertifikatlar göndəriləcək.   Sağlamlığa faydalı…   Qaçış xeyriyyə aksiyası olmaqla yanaşı, həm də bədən tərbiyəsinin kütləviliyinə marağı artırmaq, idmanın inkişafına nail olmaq və əhali arasında sağlam həyat tərzinin təbliği baxımından faydalı olacaq.   Elə isə...   Qürurla irəli!   Ətraflı məlumat üçün və ya qeydiyyat zamanı yarana biləcək hər hansı bir sualla bağlı 050-593-37-47 mobil telefonla əlaqə saxlamaq, info@smartscoring.com e-mailinə yazmaq olar.

Hamısını oxu
“Senatın Azərbaycanla bağlı qətnaməsi Fransa adına tarixi rüsvayçılıqdır”

Cəlil Xəlilov: “Bu qətnamə Fransanın ədalət anlayışından nə qədər uzaq olduğunu göstərir” “Senatın Azərbaycanla bağlı qətnaməsi Fransa adına tarixi rüsvayçılıqdır və onun ədalət anlayışından nə qədər uzaq olduğunu göstərir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilkatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Senatın bu qətnaməsi Fransanın ədalət anlayışının nə qədər qüsurlu olduğunu göstərir: “30 illik erməni işğalı dönəmində yüz minlərlə azərbaycanlının vətənindən didərgin salınmasına, təməl insani haqlarından məhrum edilməsinə, minlərlə soydaşımızın ermənilər tərəfindən qətlə yetirilməsinə, amansız işgəncələrə məruz qalmasına göz yuman Fransanın, birdən-birə Azərbaycanı ittiham etməsi, vaxtı ilə ermənilərin Qarabağda yaratdığı qondarma qurumun müdafiəsinə qalxması tarixi riyakarlıq və absurd kimi dəyərləndirilməlidir. Bu yanaşmanın özü Fransanın ədalət anlayışının nə qədər qüsurlu və təhlükəli olduğunu göstərir. Təcavüzə məruz qalan Azərbaycanın deyil, terrorçu Ermənistanın yanında yer alan və onun ökəmizə qarşı ərazi iddialarını dəstəkləyən Fransa, bununla beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda, erməni faşizmini açıq şəkildə müdafiə etməkdədir. Senatın qətnaməsi ilə bağlı ən gülünc müddəalardan biri ondan ibarətdir ki, qətnamədən Azərbaycandan “Ermənistan əraizisi”ndən geri çəkilmək və 2020-ci ilin 10 noyabr Bəyanatının şərtlərinə əməl etmək tələb olunur. Halbuki, Azərbaycanın 44 günlük Vətən müharibəsini yalnız öz qanuni dövlət sərhədləri çərçivəsində həyata keçirdiyi, bu müharibədə Ermənistan ərazisinə hər hansı şəkildə müdaxilə edilmədiyi bütün dünyaya məlumdur. Belə olan halda Azərbaycanı “Ermənistan ərazisi”ndən geri çəkilməyə səsləyən Fransa Senatı, bununla dövlətimizi öz tarixi-hüquqi torpaqlardından imtina etməyə səsləyir ki, bu da elementar məntiqdən uzaqdır. Fransa Senatının məlum qətnaməsi Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyəti gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa hesablanıb. Aydındır ki, Fransa Senatının məlum qətnaməsi iki ildir ki, 10 noyabr Bəyanatına əməl etməyən, davamlı olaraq ölkəmizə qarşı terror və təxribatçılıq siyasəti həyata keçirən Ermənistanı öz bəd əməllərini davam etdirməyə həvəsləndirəcək, qarşıdurma meyillərini gücləndirəcəkdir. Fransa Senatı unutmamalıdır ki, İkinci Dünya müharibəsi zamanı yüzlərlə azərbaycanlı Fransanın faşistlərdən azad edilməsində yaxından iştirak etmiş, onların bir çoxu öz həyatını qurban vermişdir. Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun Fransanın azad edilməsində göstərdiyi qəhrəmanlıqlar buna ən parlaq nümunədir. Bu baxımdan Fransa Senatının Azərbaycanla bağlı məlum qətnaməsi Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlıların xatirəsinə hörmətsizlik və tarixi nankorluqdur. Biz veteranlar olaraq Fransa Senatının Azərbaycanla bağlı qətnaməsini lənətləyir, bunu sülh və təhlükəsizlik, eləcə də hüquq və ədalət baxımından son dərəcə təhlükəli təşəbbüs hesab edirik. Hesab edirik ki, Fransa Senatı onun adına rüsvayçılıq olan bu qətnamədən imtina edərək tarixi səhvini düzəltməli, terrorçu Ermənistanın haqsız iddialarını müdafiə etməklə Cənubi Qafqazda yeni bir qarşıdurmanın baş verməsini tətikləməməlidir. Hüququn da, ədalətin də tələbi hamı üçün aydındır və Fransa da hər kəs kimi bu tələbə hörmətlə yanaşmalıdır”. Seymur ƏLİYEV  

Hamısını oxu