Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Fəxrəddin Musayev: Zirvələrin Qartalı

Qəhrəmanlar unudulmur!
       Fəxrəddin Musayev: Zirvələrin Qartalı

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzünə və terroruna qarşı xalqımız səfərbər olub Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə igid oğullarımız şəhid oldular. Onların bu igidlik və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandırır.  Xalqımız və dövlətimiz Vətən uğrunda Şəhid olan qəhrəmanlıqlarını hörmətlə xatırlayır,  etiramla anır. 
Onlardan biri də Birinci Qarabağ Müharibəsinin Şəhidi “Azərbaycanın Milli Qəhrəmanı” baş leytenant Fəxrəddin Musa oğlu Musayevdi. Fəxrəddin Musayev 1957-ci il  iyulun 30-da Türkmənistan Respublikasının Bayraməli şəhərində dünyaya göz açmışdı. 1964-cü ildə məktəbə getmiş, 1974- cü ildə orta təhsilini başa vurmuşdu. Sonra Qorki Politexnik İnstitutunun gəmiçilik fakültəsinə qəbul olunmuşdu. 1975-ci ildə ordu sıralarına göndərilmişdi. Hərbi xidmətini əvvəlcə Çexoslovakiyadakı Şimal Qoşun Qrupunda, sonra isə Orenburq vilayətinin Orsk şəhərində keçmişdi. 1979- cu ildə Sasovski adına Mülki Aviasiya Məktəbinə daxil olmuşdu. 1982-ci ildə hərbi məktəbi fərqlənmə diplomu ilə bitirərək, təyyarələrin uçuş istismarı ixtisasına yiyələnmişdi. Bakıya qayıdıb Zabrat-2 Aviasiya İdarəsində ixtisası üzrə işlə təmin edilmişdi. 1987-ci ildə Kremençuq Hava Uçuş Məktəbində vertolyotun idarə edilməsi ixtisasına yiyələnən Fəxrəddin Musayev işindən ayrılmadan Leninqrad Hidrometeorologiya İnstitutunun meteorologiya fakültəsinə daxil olmuşdu. 
Əgər I Qarabağ savaşı başlamasaydı, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzündən torpaqlarımız işğala məruz qalmasaydı, milyondan çox insanımız qaçqın və məcburi köçkünə çevrilməsəydi Fəxrəddin Musayevin həyatı öz axarında davam edəcəkdi...
  Milli Ordu yarandıqdan sonra o, təhsilini yarımçıq qoyaraq Hərbi Hava Qüvvələrində xidmətə başlamışdır. Qarabağda keçirilən hərbi əməliyyatlarda o fəal iştirak etməklə kifayətlənmir, döyüş bölgələrinə uçuşlar edir, erməni yaraqlılarına qarşı mərdliklə döyüşür. 1992-ci il aprel ayının 11-də baş leytenant Fəxrəddin Musayev Füzuli rayonu ərazisində düşmənə raket zərbələri endirərkən faciəli şəkildə həlak olur.  Şəhidlər Xiyabanında dəfn edilərək yolunda canından, qanından keçdiyi Vətən torpağına qovuşur.  
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Fəxrəddin Musa oğlu Musayevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilir. 
Şəhidlik zirvəsinə ucaldıqdan sonra Qusar rayonundakı mərkəzi küçələrdən biri  qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. Ondan əmanət qalan tək və yeganə oğlu ata olub, baba olub, övladına atasının adını verib. Bununla kifayətlənməyib, şərəfli ömür yolunu ləyaqətlə davam etdirib. 

Cəlil Xəlilov                   
Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları  
Təşkilatının sədri, polkovnik

2024-12-09 17:44:57
4145 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti millət vəkili Anar İsgəndərova başsağlığı verib

Tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Anar İsgəndərovun qardaşı Hacı Əsəd Camal oğlu İsgəndərov vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Təşkilatın Rəyasət Heyəti adından millət vəkili Anar İsgəndərova qardaşının vəfatı ilə bağlı dərin hüzünlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!

Hamısını oxu
“20 Yanvar tariximizə milli azadlıq hərəkatının zirvəsi kimi həkk olunub”

“20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub”.   Bu sözləri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.   Millət vəkili bildirib ki, Qanlı 20 yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi M.Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə edilmişdir.   Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyini vurğulayan millət vəkili Tamam Cəfərova qeyd edib ki, 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyan Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndər Heydər Əliyev bu haqqda demişdir: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.”   Məhz həqiqətləri dünyaya çatdırmaq məqsədilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.   1990-cı il yanvar ayının 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Yurdunun azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şan və şərəf günü kimi xatırlanır. Xalq həmin gün üstünə hücum edən qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacarmışdır. Məhz həmin hadisələr sübut etdi ki, xalqımız pozulan hüquqlarının, suverenliyinin, ölkənin ərazi bütövlüyünün bərpa olunması uğrunda savaşmaq əzminə malikdir. 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azadlıq və  müstəqillik ideyalarına qarşı uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə apardığı kimi 30 il sonra tarixi torpaqlarımızın düşmən işğalından azad olunması prosesində də eyni birliyi, bərabərliyi nümayiş etdirmişdir. Bununla da, Azərbaycan xalqının Qanlı 20 Yanvar faciəsi ilə başlayan milli kimliyinə qayıdışı, azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruğun” gücü nəticəsində Vətən torpaqlarının işğaldan azad oluması ilə başa çatmışdır. Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki, öz ərazi bütövlüyünü bərpa etməyə, qan yaddaşının revanşını almağa qadir qalib ölkədir. Eyni zamanda əbədi-əzəli Azərbaycan torpaqlarının işğaldan azad olunması  Azərbaycan xalqının milli şüurunda yeni mərhələnin başlanğıcı olmuşdur. Artıq hər bir azərbaycanlı qalib dövlətin, xalqın nümayəndəsi kimi bu qüruru yaşayır.   Sonda millət vəkili Tamam Cəfərova bildirib ki, Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Hər il yanvarın 20-si saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.   “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur” . Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur.  

Hamısını oxu
Millət vəkili “Gold Faces of Azerbaijan Awards” mükafatlandırma mərasimində təltif edilib

Veteran.gov.az xəbər verir ki, bu barədə millət vəkili özünün sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir:  ““Avand Production”ın təşkilatçılığı, Türkiyənin “Des Yapım & Organizasyon” şirkətinin və Ayaz Məmmədovun imzası ilə Bakıda, Hilton oteldə baş tutan “Gold Faces of Azerbaijan Awards” mükafatlandırma mərasimində müxtəlif nominasiyalar üzrə mədəniyyət, incəsənət, tibb, elm, media sahəsində tanınmış şəxslər, ictimai xadimlər, iş adamları və s. digər peşə sahibləri təltif edildi. Öz sahəsində uğur qazanan ən yaxşı isimlərin mükafatlandırıldığı möhtəşəm gecədə “Gold Faces of Turkey” 2022 mükafatı ilə təltif edilməyimlə şərəf duydum. Məni bu yüksək mükafata layiq görən hər kəsə dərin təşəkkürlərimi bildirirəm”.  Seymur ƏLİYEV

Hamısını oxu
“Xalqın hərbi-diplomatik müstəvidə tarixi zəfərə imza atan Prezident İlham Əliyevin iqtisadi müstəvidə də böyük uğurlara imza atacağına inamı tamdır”

Cəlil Xəlilov: “Füzuli Beynəlxalq Hava Limanının açılması sadəcə ölkəmiz deyil, bütün region baxımından mühüm əhəmiyyət kəsb edir”   Dünən Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzili Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimi olub.   Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu hadisənin regional əhəmiyyətə malik olduğunu bildirib:   “Füzuli Beynəlxalq Hava Limanının açılması sadəcə ölkəmiz deyil, bütün region baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, hər şeydən öncə Azərbyacanın iqtisadi gücünün təcəssümüdür və dövlətimizin, xalqımızın quruculuq qabiliyyətindən, tikib-yaratmaq əzmindən xəbər verir. Füzuli Beynəlxalq Hava Limanının açılışı sadəcə ölkəmizdə deyil, bütün regionda iqtisadi həyatın canlanmasına öz müsbət təsirini göstərəcək, yeni iqtisadi inkişaf dalğasını stimullaşdıracaqdır.   Bildiyiniz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açılış mərasimində iştirak etdi,  bütün dünyaya bir daha Azərbaycan və Türkiyənin qardaşlıq münasibəti ilə bağlı ciddi mesajlar verdi. Türkiyə Prezidentinin Füzuliyə bu səfəri sözügedən rayonun, ümumilikdə işğaldan azad edilən torpaqlarımızın iqtisadi önəmindən, regional əhəmiyyətindən xəbər verir.   Azərbaycan və Türkiyə prezidentləri Zəngilan rayonunda da birinci özəl investisiya layihəsinin əsasını qoydular. Azərbaycan və Türkiyənin birgə layihəsi olan bu layihə işğaldan azad edilən ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığını, qardaş Türkiyə dövlətinin də bu prosesdə Azərbaycanla birlikdə iştirak etdiyini göstərir. Birgə həyata keçirilən bu layihələrin miqyas və əhəmiyyəti göstərir ki, işğaldan azad edilən torpaqlar qısa zamanda öz iqtsiadi inkişaf tempinə görə bütün regionda liderliyə yüksələcək, Azərbaycanın ümumi inkişafına böyük təkan verəcəkdir.   Bu gün ictimaiyyətin işğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq işlərinə münasibəti, media və sosial mediada yer alan məlumatlar, cəmiyyətdən gələn mesajlar göstərir ki, xalqın hərbi-diplomatik müstəvidə tarixi zəfərə imza atan Prezident İlham Əliyevin iqtisadi müstəvidə də böyük uğurlara imza atacağına inamı tamdır. Bizim üçün qürurvericidir ki, işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən bərpa və yenidənqurma prosesində qardaş Türkiyə dövləti də bizimlə birlikdə iştirak edir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə layihələr Qarabağ və ətraf rayonların qısa zamanda dirçəlişini təmin edəcək, bu dirçəliş insanlarımızın sosial rifahının daha da yüksəlməsinə öz müsbət təsirini göstərəcəkdir”.  

Hamısını oxu