Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyevin Azərbaycan Respublikasının milli təhlükəsizlik siyəsətinin formalaşmasında və inkişafında rolu

1993-cü ildən ölkə səviyyəsində xüsusi istiqamət kimi, vahid prinsiplərə söykənən milli inkişaf və təhlükəsizlik siyasəti həyata keçirilməyə başladı. Azərbaycanın milli inkişaf və təhlükəsizliyinin nəzəri və praktiki məsələləri geniş ictimai-siyasi və elmi müza­ki­rəyə çıxarıldı, onun konseptual əsasları müəyyən edildi. Həmin dövrdən etibarən bu siyasət müstəqil dövlət quruculuğu proseslə­rinin bütün sahələrini əhatə edərək, milli inkişafın və dövlət idarə­çiliyinin əsas vasitələrindən birinə çevrildi.

Azərbaycanın milli təhlükəsizlik fəaliyyəti ilk 5-6 ildə əsasən təcili və təxirəsalınmaz işlərdən - ölkədə dərin ictimai-siyasi və so-sial-iqtisadi böhranın doğurduğu daxili və xarici təhdidlərin qarşı­sının alınmasından, vətəndaş qarşıdurmasının dayandırılmasından və ölkə miqyasında dövlət idarəçiliyinin yaradılmasından ibarət idi­sə, sonrakı illərdə, xüsusən, 1998-ci ildən başlayaraq dövlətin xa­rici və daxili təhlükəsizliyinin milli sisteminin yaradılması sahə­sində ardıcıl konseptual siyasi xəttə çevrilmişdir.

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin nəzəri əsas­ları müstəqil dövlətimizin banisi Heydər Əliyevin 1993-2003-cü illərdəki ayrı-ayrı çıxışlarında öz əksini tapmışdır.

Lakin bütövlükdə ölkənin Milli Təhlükəsizlik Konsepsiyasının ərsəyə gəlməsi və təhlükəsizlik siyasətinin tam formalaşdırması üçün Azərbaycan hökumətinə xeyli vaxt lazım olmuşdur.

Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqa­mətlərindən biri də milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müa­sir tələblər səviyyəsində təşkili və fəaliyyət istiqamətlərinin mü­əy­yənləşdirməsi idi. O, Azərbaycan təhlükəsizlik orqanlarının müs­təqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə ölkəyə rəh­bərlik etmiş şəxslərin naşılığı üzündən Milli Təhlükəsizlik Nazir­liyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlu­mat-lar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvə-zinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısına çevrilmişdi.

1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev xüsusi xidmət orqanlarının qarşısında öz səlahiyyətlərinə daxil olan vəzifələri yerinə yetirmək üçün peşəkar kadr potensialını formalaşdırmaq, strukturunu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri müəyyən etdi. Mövcud daxili və xarici təhdidlərə baxma­yaraq, təhlükəsizlik orqanlarının əməkdaşları öz işlərini Heydər Əli­yevin tapşırıq və tövsiyələri əsasında qurmağa və həyata keçir­məyə çalışırdılar. Böyük inamla demək olar ki, Azərbaycan Res­pub­likasının hüquq mühafizə və təhlükəsizlik orqanlarının fəaliy­yətinin dirçəliş və yüksəliş, sözün əsl mənasında milli maraqlara xidmət dövrü məhz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qa­yıdışı, bu qurumların işinin yenidən təşkilinə və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda gündəlik nəzarəti, qayğısı və diqqəti ilə bağlı idi.

Heydər Əliyev 1997-ci il iyunun 28-də Milli Təhlükəsizlik Na­zirliyində milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş mərasimdəki çıxı­şında təhlükəsizlik orqanlarının qarşısında aşağıdakı vəzifələri qo-yurdu: “Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi artıq dirçəlib, formalaşıb, öz gücünü toplayıb və həqiqətən müstəqil Azərbaycan Respublikasının dövlət təhlükəsizliyini təmin etməyə, qorumağa qadirdir. Ancaq eyni zamanda sizin qarşınızda hələ çox böyük və-zifələr var. Birinci vəzifə ondan ibarətdir ki, sovet dövründə də, müstəqillik dövründə də bu orqanda buraxılmış səhvlər bundan sonra bir daha buraxılmasın. Sizin ən əsas məqsədiniz ondan iba­rətdir ki, heç bir vətəndaşa qarşı ədalətsiz hərəkət edilməsin. Hər bir vətəndaşın hüquqlarının qorunması bizim dövlətimizin və pre-zident kimi mənim əsas vəzifəmdir. Bu vəzifənin də böyük bir hissəsini siz həyata keçirməlisiniz. İnsanların hüquqlarının qo­runması, təhlükəsizliyinin təmin olunması, təkcə dövlətin yox, cə­miyyətin, xalqımızın da təhlükəsizliyinin təmin edilməsi sizin və­zifənizdir.

Ona görə də bir tərəfdən siz çox ciddi, cəsarətli tədbirlər gör­məlisiniz, ikinci tərəfdən, keçmişdə buraxılan səhvlərin heç birisini buraxmamalısınız. Yenə də deyirəm, gərək heç kəs ədalətsiz olaraq heç bir məhrumiyyətə məruz qalmasın, heç kəsin hüququ tapda-lanmasın, heç kəsin mənliyinə toxunulmasın, hər kəsin vətəndaş ləyaqəti qorunub saxlanılsın”.

Onun təhlükəsizlik və hüquq-mühafizə orqanlarının qarşısında qoyduğu tələblər nəticəsində 1990-94-cü illərdə müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yönəlmiş qəsdlər, terror aktlarının və digər ağır cinayətlərin qarşısının alınması istiqamətində əsaslı işlər görüldü. Belə ki, Heydər Əliyev «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmlən­dirilməsi tədbirləri haqqında» 9 avqust 1994-cü il tarixli fərma­nın-da Azərbaycan Respublikasının güc strukturları qarşısında mühüm vəzifələr qoydu. Dövlətin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti və mülkiyyət hüquqları əleyhinə yö-nəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr və digər cinayətkar ünsürlər tərəfindən törədilən terror aktları, təxribat, qəsdən adam öldürmə, banditizm, silahın, döyüş sur­satının və partlayıcı maddələrin talanması, eləcə də digər cina­yətkarlıq hallarına qarşı mübarizəni gücləndirdi.

Bundan başqa, Daxili İşlər və Milli Təhlükəsizlik Nazir­liklərinə ağır cinayətlərin qarşısının alınması və üstünün açılması üçün əməliyyat-axtarış fəaliyyəti üzrə xidmət sahələrinin işini əsas­lı şəkildə yaxşılaşdırmaq məqsədi ilə kompleks tədbirlərin hazır­lanması və həyata keçirilməsi tapşırığı verildi. Əhalidə və qanun-suz dəstələrdə olan silah-sursatın yığılması, cinayətkar dəstələrin ləğv edilməsi, pozucu qüvvələrin təxribat aksiyalarının qarşısının alınması və s. istiqamətlərdə görülən işlər ölkədə sabitliyin və milli təhlükəsizliyin təmin edilməsinə tam zəmin yaratdı.

Heydər Əliyevin peşəkarlığı və yüksək idarəçilik qabiliyyəti sa­yəsində sabitlik əldə edildi. Onun təhlükəsizlik orqanları qarşı­sında yeni reallıqlardan irəli gələn vəzifələr qoyması ilə artıq qa-baqlayıcı məlumatlar əsasında cinayətlərin hazırlıq, yaxud baş ver­mə ərəfəsində qarşısının alınmasına nail olundu. Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik siyasətinin aparıcı istiqamətlərini işləyib hazırlaması, Azərbaycan xüsusi xidmət orqanları qarşısında duran taleyüklü vəzifələri müəyyənləşdirməsi, respublikamızın di­gər dövlətlərlə təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq münasi­bətlərinin təşəkkülü yönümündə ardıcıl fəaliyyəti, Azərbaycanın təhlükəsizlik siyasətinin yaxın və uzaq perspektivi üçün konseptual müddəalarını açıqlaması, ümumiyyətlə, müasir dövrdə Azərbay-canın təhlükəsizlik strategiyası onun adı ilə bağlıdır. Dahi siyasətçi Heydər Əliyev nəinki bu strategiyanı formalaşdırmış, eyni zaman-da, onun əməli surətdə həyata keçirilməsi üçün konkret istiqamət­ləri dəqiq müəyyənləşdirmişdir.

MTN-in əməkdaşları tərəfindən aparılan gərgin iş nəticəsində 1994-1997-ci illərdə Azərbaycan Respublikası əleyhinə xarici xü­susi xidmət orqanlarının pozuculuq fəaliyyətinin qarşısı əsasən alınmış, onlar tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş 213 ölkə vətəndaşı aşkarlanmış, onlardan 27 nəfəri casusluq fəaliyyətinə gö­rə məhkum olunmuş, 186 nəfər isə profilaktik iş aparılmaqla cina­yət yolundan çəkindirilmiş, 13 əcnəbi casus ifşa edilmişdir. Res­publikada 3 dəfə vətəndaş müharibəsi təhlükəsinin, 7 dövlət çev­rilişi cəhdinin qarşısı alınmış, 5 cəhd hazırlıq mərhələsində lokal-laşdırılmış, terror-təxribat törətmək istəyən onlarca şəxs və qrup vaxtında zərərsizləşdirilmişdir.

Azərbaycan Respublikası bu gün öz dövlətçilik ənənələrini da­ha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sar-sılmaz təməl yaradır. Bu sahədə üzərinə mühüm vəzifələr düşən Milli Təhlükəsizlik Nazirliyi (indiki Dövlət Təhlükəsizlik Xidməti)  Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqil­liyinin qorunub saxlanılmasında və daha da möhkəmləndiril­mə-sində mühüm işlər görmüşdür. Milli Təhlükəsizlik Nazirliyi (indiki Dövlət Təhlükəsizlik Xidməti) ölkənin və xalqın təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, müstəqil respublikamızın sələfi olan Azərbaycan Xalq Cümhuriyyətindən miras qalmış milli-mənəvi də­yərlərin qorunması, irslə varis arasındakı bağların bərpası isti­qamətində də xeyli uğurlar qazanmışdır. MTN Heydər Əliyevin rəhbərliyi altında yalnız keçmişin mütərəqqi ənənələrinin və müasir dövlətimizin təhlükəsizliyinin keşiyində dayanmamış, həm də sa­bahın, gələcəyin təminatçısı funksiyasını ləyaqətlə yerinə yetir­məyə çalışmışdır.

Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində təxribat-pozuculuq hallarına son qoyuldu. Heydər Əli­yevin qeyd etdiyi kimi: «…xaricdəki və ölkə daxilindəki pozucu qüvvələr Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq, iqtisadi islahatların həyata keçirilməsinə və ölkəyə xarici kapitalın axınının təmin olunmasına mane olmaq məqsədi ilə digər təxribat əməllərinə, hətta ölkə başçısına qarşı terror aktlarına da əl atdılar. Həyata keçirilən məqsədyönlü və qəti tədbirlər nəticəsində bütün bu cəhdlərin qarşısı alındı». Lakin müasir dövrdə Azər-baycanda daxili təhlükəsizliyin təminatı məqsədi ilə terrorizmə qarşı mübarizə yalnız erməni terror təşkilatları və ya Ermənistan dövləti tərəfindən dəstəklənən terror təşkilatlarına qarşı mübarizə ilə məhdudlaşmır. Məhz Heydər Əliyevin apardığı siyasət nəti­cəsində bu gün də Azərbaycan beynəlxalq antiterror koalisiyasının üzvlərindən biri olmaqla ölkə daxilində müvafiq təşkilatların və onlarla əlaqədə şübhəli bilinən qurumların fəaliyyətinin maksimal dərəcədə nəzarət altında saxlanılmasına nail olmuşdur. Bu faktlar öz ifadəsini 2003-cü ilin mayın əvvəllərində ABŞ Dövlət De­partamenti tərəfindən dərc edilmiş «2002-ci ildə dünyada terro­rizmin vəziyyəti haqqında» hesabatda da tapmışdır.

Müasir dövrdə Azərbaycanın beynəlxalq antiterror koalisi-yasının fəal üzvlərindən olması bir tərəfdən ölkəmizin beynəlxalq birliyin üzvü kimi ümumdünya səviyyəsində cərəyan edən proses­lərdən kənarda qalmaması baxımından mühüm əhəmiyyət kəsb edirsə, digər tərəfdən bu ölkəmizin daxili motivlərindən irəli gəlir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-da 2001-ci ilin məlum 11 sentyabr terror akt­ları ilə bağlı bəyanatında bildirirdi: «Terrorçuluğun bütün təzahür formalarını qətiyyətlə pisləyən Azərbaycan terrorçuluğa qarşı mü­barizə aparmış və bu istiqamətdə dünya dövlətləri və qurumları ilə əməkdaşlığa hazır olduğunu nümayişə çıxarır”.

Heydər Əliyev dünyanın ən nəhəng kürsülərindən Ermənistan dövlətinin terrorçuluq siyasətini pisləyəndə və terrorçuluğun bəşə­riy­yət üçün böyük fəlakət olduğunu elan edəndə bu sözlərə o qədər də ciddi reaksiya verilmirdi. Yalnız terror aksiyası iri, sivil döv­lətlərdə baş verəndə bu siyasətçinin uzaqgörənliyini, terrorun mü­ha­ribədən daha dəhşətli, daha qorxunc hadisə olduğunu dərk etdilər və qlobal səviyyədə dünyanın böyük dövlətləri bu problemlə məş­ğul olmağa başladı.

Hazırda dünyanın əksər aparıcı dövlətlərinin xüsusi xidmət or­qanlarının diqqət mərkəzində duran terrorçuluqla mübarizə məsə­ləsi Azərbaycan təhlükəsizlik orqanları üçün də mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə terrorçuluğun yeni bir qolu kimi meydana çıxmış nüvə texnologiyaları və ikili xassəli maddələr qaçaqmal­çılığı və s. dünyada gedən prosesləri diqqətlə izləməyə və geosiyasi mövqeyinə görə bir sıra dövlətlərin maraq dairəsində olan ölkə­mizin ərazisindən keçən nəqliyyat dəhlizindən beynəlxalq terror-çuluq fəaliyyətində istifadə edilməsinin qarşısını almaq üçün Azər-baycanın təhlükəsizlik orqanları bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirmişdir.

Ölkəmizə münasibətdə siyasi-iqtisadi, hərbi təcavüzkar niy­yətlərini gizlətməyən təcavüzkar Ermənistanın, o cümlədən bəzi döv­lətlərin müəyyən dairələrinin bir çox hallarda üst-üstə düşən maraqları və bu maraqlardan doğan kəşfiyyat-pozuculuq fəaliy­yət­ləri Azərbaycanın təhlükəsizlik orqanlarını düşünülmüş və qabaq­layıcı addımlar atmağa sövq edir. Heydər Əliyevin rəhbərliyi altın-da MTN əməkdaşlarının gərgin əməyi, öz işinə yüksək peşəkarlıq və dərin məsuliyyət hissi ilə yanaşması nəticəsində son dövrlərdə bəzi xarici xüsusi xidmət orqanlarının təsir və təzyiq cəhdlərinin, respublikamızın suverenliyinə qarşı yönəldilmiş bir sıra terror-təxribat hərəkətlərinin qarşısı vaxtında alınmış və müvafiq tədbirlər görülmüşdür. Heydər Əliyevin dövlətin və dövlətçiliyin möhkəm-ləndirilməsi istiqamətində apardığı siyasət onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və öz qalib gücünü göstərir.

Heydər Əliyevin siyasi kursu Azərbaycanı hüquqi, demokra-tik, dünyəvi dövlət kimi Avropaya inteqrasiya etdirir, qloballaşma-ya aparır. Müasir, çağdaş sivilizasiyalı yol da qloballaşmadan keçir. DTX-nın dünyanın bir çox ölkələrinin xüsusi xidmət orqanları ilə terrorçuluğa, narkobiznesə, mütəşəkkil cinayətkarlığın digər forma-larına qarşı mübarizə sahəsində beynəlxalq əlaqələrini ildən-ilə genişləndirməsi də bu təhlükənin tamamilə aradan qaldırılmasına xidmət edir. Antiterror koalisiyasının fəal üzvlərindən olan Azər­baycanın qəti və prinsipial mövqeyi, terrorçuluqla mübarizənin kon­kret nəticələri, intensiv informasiya mübadiləsi, beynəlxalq axtarışda olan şəxslərin tutulması və müəyyən edilmiş qaydada təhvil verilməsi, əməkdaşlıq üzrə əlaqələrimizin önəmli nümunələri ictimaiyyətimiz və tərəfdaş dövlətlər tərəfindən daim yüksək qiy­mətləndirilir və təqdir olunur.

Ölkədə sabitlik təmin olunduqdan sonra Milli Təhlükəsizlik Nazirliyində işlər öz məcrasına düşdükcə onun təşəkkülü ilə bağlı lazımi hüquqi sənədlər də imzalanırdı. «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında» Azərbaycan Respub-likası Qanununun tətbiq edilməsi barədə fərman (1 fevral 1999-cu il), «Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respub-likası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanları (4 avqust 1999-cu il, 24 avqust 2002-ci il), «Terrorizmə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezi­dentinin fərmanı (30 avqust 1999-cu il), «Əməliyyat-axtarış fəaliy­yəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edil­mə­si barədə Azərbaycan Respublikası Prezidentinin fərmanları (11 noyabr 1999-cu il və 24 avqust 2002-ci il) və sair hüquqi sənəd-lərin qəbul edilməsi MTN-in fəaliyyətinin istiqamətlənməsində, hüquqi bazanın yaradılmasında əvəzsiz rol oynadı.

Bu gün Heydər Əliyevin siyasi kursunu inamla və uğurla da­vam etdirən, Azərbaycan Respublikasının Prezidenti İlham Əli-yevin rəhbərliyi ilə Azərbaycan öz dövlətçilik ənənələrini daha da inkişaf etdirir. Məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm təşkilati-əməli islahatların həyata keçirilməsi, zəruri hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər planı işlənib hazırlanmışdır. «Milli təhlükəsizlik haqqında», «Kəşfiyyat və əks-kəşfiyyat haqqında», «Dövlət  sirri haqqında» Azərbaycan Respublikası qanunlarının, «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsep­siyası»nın və sair qanunvericilik aktların, normativ-hüquqi sənəd-lərin qəbulu təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərinin qanunvericilik bazasının təkmilləşdirilməsinin göstəriciləridir.

Hazırda qlobal təhlükəsizlik arxitekturasının, beynəlxalq niza­mın ciddi təzyiq və təsirlərə məruz qaldığı, regional əmin-amanlığa təhdidlərin artdığı bir dövrdə dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması və möhkəmləndirilməsi işinin daha da yüksəldilməsi təhlükəsizlik orqanlarının da fəaliyyətinin daim təkmilləşdirilməsini, müasir çağırışlara cavab verən adekvat bir xüsusi xidmətə çevrilməsini zəruri edir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  

polkovnik  Cəlil Xəlilov                   

2024-12-12 10:17:24
3637 baxış

Digər xəbərlər

Rusiyanın Pskov şəhərində İkinci Dünya müharibəsi zamanı əsirlikdə həlak olmuş altı azərbaycanlının cəsədi tapılıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, “Rusiya Qadınlar İttifaqı” ictimai təşkilatının Pskov regional bölməsi İkinci Dünya müharibəsi zamanı həlak olmuş və Pskov vilayətinin Porxov şəhəri ətrafında hərbi əsirlərin saxlanıldığı keçmiş “Dulaq-100” adlı düşərgənin yerində dəfn edilmiş əsgərlərin qohumlarının axtarışı ilə məşğul olur.   Həmin düşərgədə təxminən 85 min əsirin dəfn olunduğu güman edilir. Hazırda cəmi 1000 nəfərin adları müəyyən edilib. “Rusiya Qadınlar İttifaqı” təşkilatı tərəfindən Azərbaycanın Rusiyadakı səfirliyinə göndərilən məktuba əsasən onların arasında azərbaycanlılar da var.   "Məktubda qeyd olunan siyahı həlak olmuş soydaşlarımızın yaxınlarının tapılması məqsədilə səfirlik tərəfindən ictimaiyyətə təqdim olunur. Bundan əlavə, sözügedən məlumat Azərbaycan Respublikasının aidiyyəti qurumlarına da göndərilib. Onu da bildiririk ki, təşkilatın məktubunda əks olunmuş adların bəzilərinin yazılışında qeyri-dəqiqliyə yol verildiyi ehtimal olunur. Bununla bağlı hər hansı yeni məlumat əldə edəcəyimiz təqdirdə, ictimaiyyətə məlumat veriləcək", - deyə səfirliyin məlumatında bildirilib.   Siyahıda adları olan Azərbaycan sakinləri aşağıdakılardır (ad-soyadlarda yanlışlıq ola bilər):  1913-cü il təvəllüdlü Qureyev Satar  1913-cü il təvəllüdlü Quriyev Səftər (Gədəbəy sakini)  1923-cü il təvəllüdlü Pavel Malikov (Bakı sakini)  1920-ci il təvəllüdlü Cəfər Məmmədov (Şəki şəhəri sakini )  1915-ci il təvəllüdlü Mustafayev Pirverdi (Qazax rayonu sakini)  1917-ci il təvəllüdlü Nəcəfov Nəcəf.

Hamısını oxu
“2024-cü il Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının həyatında yeni bir dönəmin başlanğıcı olacaq”

Cəlil Xəlilov: “Aprel-may aylarında Bakıda beynəlxalq konfrans keçirməyi planlaşdırırıq” “Cari ildə işğaldan azad edilən rayonlarımızda Təşkilatımızın yerli qurumları yaradılacaq”   Çoxsaylı və bir-birindən önəmli uğurlarla yadda qalan ötən il yeni qədəm qoyan 2024-cü ildə yeni nailiyyətlər üçün ciddi zəmin formalaşdırmaqdadır. Bütün sahələrdə olduğu kimi milli veteran hərəkatı və təşkilatlarının fəalityyətində də önəmli yeniliklərin olacağı istisna deyil. Bu baxımdan Moderator.az olaraq  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilovla müsahibəmizdə Təşkilatın yeni illə bağlı fəaliyyət planını müzakirə etməyə çalışdıq:   -Cəlil müəllim, öncə 2024-cü illə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyət planı haqqında məlumat almaq istərdik. 2024-cü ildə görmək istədiyiniz işlər, həytata keçirmək istədiyiniz tədbirlər hansılardır?   - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ölkəmizin veteran təşkilatları arasında xüsusi yeri və çəkisi olan Təşkilatdır və hər zaman özünəməxsusluğu, genişmiqyaslı fəaliyyəti ilə diqqət çəkib. Bu baxımdan 2024-cü ildə də Təşkilatımız bir sıra mühüm tədbirlər, həyata keçirmək niyyətindədir. 2023-cü ilin sonunda Təşkilatımızın bununla bağlı fəaliyyət planı təsdiqlənib və biz bununla bağlı yerlərdəki təşkilatlarımızı da yazılı şəkildə məlumatlandırmışıq.   Öncə qeyd edim ki, 2022-ci ildən etibarən həyata keçirməyə başladığımız “Nəsillərin görüşü” adlı tədbirlər sislsiləsini cari ildə də davam etdirmək niyyətindəyik. Buna səbəb məlum görüş-layihənin həm tarix, həm gələcək, həm də milli-mənəvi dəyərlərimizin, qəhrəmanlıq ənənələrimizin təbliği baxımından son dərəcə aktual olması ilə bağlıdır. Biz bu görüşlərdə yaşlı veteranlarla gənclər, eləcə də gənc veteranlar arasında geniş və bribaşa ünsiyyəti təmin edir, keçmişlə bugün arasındakı mənəvi bağları gücləndirir, gələcək üçün etibarlı sədd, möhkəm körpü inşa edirik. Öz ata və babalarının qəhrəmanlığına şahid olan, bu qəhrəmanlığı onların bilavasitə öz dilindən eşidən gənclər yaxın tarixi keçmişi daha dərindən mənimsəyir, bunu ruhən və qəlbən mənimsəyirlər. Belə olan halda onlar başa düşürlər ki, əcdadlarının qoyub getdiyi qəhrəmanlıq irsini davam etdirmək onların mənəvi borcudur və onlar da bu borcun öhdəsindən layiqincə gəlməklə bunu gələcək nəsillərə ötürməlidirlər. Bu baxımdan 2024-cü ildə həm Bakıda, həm də regionlarda “Nəsillərin görüşü” silsiləsindən çoxsaylı tədbirlər həyata keçirmək niyyətindəyik.   - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı beynəlxalq arenada da geniş əlaqələrə malik olması ilə diqqət çəkir. Bu mənada cari ildə beynəlxalq əməkdaşlığın daha da inkişafı istiqamətində hansısa addımlar atılacaqmı?   -Şübhəsiz!   Beynəlxalq əlaqələrin genişlənməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üçün olduqca mühüm əhəmiyyətə malikdir və bunu zəruri edən bir sıra səbəblər var.   Hər şeydən öncə qeyd edək ki, bu gün dövlətimizin mövcud reallıqları bizm hər birimizdən ayıq-sayıq olmağı, milli maraqlarımızın keşiyində qətiyyətlə dayanmağı, anti-Azərbaycan qüvvələrinin informasiya məkanında ölkəmizlə bağlı səsləndirdiyi yalan və böhtanlara qarşı sistemli mübarizə aparmağı tələb edir. Bu baxımdan beynəlxalq əlaqələrin genişlənməsi, dostlarımızın sırasının genişləndirilməsi günün tələbidir və bu məsələdə Təşkilatımızın da üzərinə böyük məsuliyyət düşür.   Xatırladım ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı beynəlxalq əməkdaşlıq sahəsində geniş əlaqələrə malikdir və bu əməkdaşlığın cari ildə daha da genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə 2024-cü ilin aprel-may aylarında ölkəmizdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Konfransda dünynın müxtəlif ölkələrindən veteranlar təşkilatının nümayəndələri, əcnəbi qonaqlar iştirak edəcək, beynəlxalq veteranlar hərəkatının mövcud durumu, gələcəyi, eləcə də Azərbaycan veteranlar hərəkatının dünya veteranlar hərəkatına daha dərindən inteqrasiyası müzakirə ediləcək.   -Ölkəmizdə belə bir konfransın təşkili daha hansı perspektivlər vəd edir?   -Ölkəmizdə məlum konfransın təşkili dünya ictimaiyyətinin post-müharibə dönəmindən sonra ölkəmizdə və regionda yaranan yeni reallıqlarla tanış etməyə, onlara ölkəmizin uğurları, haqlı, ədalətli mövqeyi haqqında ətraflı məlumat verməyə kömək edəcək. Ölkəmizə gələn əcnəbi qonaqlar səfər çərçivəsində respublikamızdakı yenilikləri, inkişaf və tərəqqini bilavasitə müşahidə edə biləcək, Azərbaycandan zəngin təəssüratlarla ayrılacaqlar.   Bir sözlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşəbbüsü ilə keçiriləcək bu konfrans ölkəmizin bu günü və gələcyinə beynəlxalq aləmdə yeni bir baxışın formalaşmasına, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin və xalqımızın əldə etdiyi tarixi nailiyyətləri dünya veteran hərəkatı çərçivəsində təbliğ etməyə imkan verəcək.   -Cəlil müəllim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı cari ildə daha hansı yeniliklərə imza atmaq niyyətindədir?   -Bu il Təşkilatımızın görəcəyi işlərdən biri də işğaldan azad olunmuş rayonlarımızda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yerli qurumlarının yaradılması, bu ərazilərdə məskunlaşan veteranlarımızın ictimai-siyasi proseslərə daha aktiv şəkildə cəlb olunmasını təmin etməkdir.   Bundan başqa, dövlət başçısı 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib ki, bu çərçivədə də bir sıra ciddi tədbirlər həyata keçirmək niyyətindəyik. Hansı ki, bu tədbirlərin hər biri haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək, medianın, vətəndaş cəmiyyəti institutu nümayəndələrinin prosesdə iştirakı təmin olunacaq.   Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2023-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasını təşkil etmək, Vətən Müharibəsi iştirakçıları ilə  şəhər və rayon veteran təşkilatlarında görüşlər keçirmək, MDB dövlətləri və Avropa ölkələri ərazisində qardaşlıq və hərbi məzarlıqlarda dəfn olunmuş həmvətənlərimizin məzarlarının aşkarlanması və qo­runub saxlanılması işlərinin davam etdirilməsi də 2024-cü il üzrə  Təşkilatımızın həyata keçirəcəyi fəaliyyət sahəsinə daxildir.   Bundan başqa, həm İkinc Dünya müharibəsində, həm də Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində, eləcə də lokal döyüşlər və antiterror tədbirlərində həlak olan qəhrəmanlarımızın gənc nəslə tanıdılması, onların xatirələrinin əbədləşdirilməsi də cari ildə Təşkilatımızın üçün prioritet istiqamətlərdən biri olacaq. Bu fəaliyyətə həm də orta və ali məktəblərdə gənclərlə görüşlərin keçirilməsi, veteranlarla gənclər arasında sıx təmasların təmin olunması, Vətən müharibəsi qaziləri ilə gənclər arasında görüşlərin keçirilməsi daxildir.   -2024-cü ilin ən mühüm olaylarından biri də cari ilin 7 fevral tarixində baş tutacaq prezident seçkiləridir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bu seçkilərlə bağlı ictimai-siyasi müstəvidə hansısa aktivlik sərgiləyəcəkmi?   - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı yarandığı ilk gündən etibarən ölkəmizin ictimai-siyasi həyatında aktiv rol oynayıb, dövlət siyasətinin dəstəklənməsi, anti-milli qüvvələrin ifşa edilməsi, gənc nəslin milli dəyərlər əsasında yetişdirilməsi və s. istiqamətində mühüm işlər görüb. Bu baxımdan cari ilin prezident seçkilərində də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı xüsusi aktivlik sərgiləyəcək, seçkilərdə fəallığın, şəffaflığın təmin olunmasına töhfə verməyə çalışacaq.   Məlumat üçün qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 27 dekabr 2023-cü il tarixindəki ümumi yığıncağında Prezident İlham Əliyevə dəstək bəyanatı qəbul edib. Həmin bəyanatda dövlət başçısının siyasətinin veteranlar tərəfindən dəstəkləndiyi qeyd olunur. Vurğulanır ki, veteranlar bu siyasətin qarşıdakı illərdə də davam etməsini arzulayır, bunu ümumxalq maraqları, milli maraqlar baxımından vacib hesab edir.   Təbii ki, Təşkilatımızın belə bir bəyanat qəbul etməsi heç də səbəbsiz deyil. Bu gün hər bir veteran yaxşı dərk edir ki, öləmizin bugünkü uğurları - ərazi bütövlüyümüzün və suverenliyimizin təmini, dövlətimizin regional gücə çevrilməsi, hərbi və iqtisadi qüdrətinin zirvəsində qərar tutması məhz Prezident İlham Əliyevin fədakarlığı və zəkası sayəsində mümkün olub. Məhz onun liderliyi 30 illik erməni işğalının sonlanmasında, milli qürurumuzun bərpasında, regiondakı tatus-kvonun ölkəmizin xeyrinə birmənalı şəkildə dəyişməsində həlledici rol oynayıb. Bu baxımdan veteranlarımız Müzəffər Ali Baş Komandanın dəstəklənməsini vicdan və vətədnaşlıq borcu hesab edərək belə bir bəyanat qəbul ediblər və bu bəyanatdan irəli gələn hər bir vəzifəni şərəflə icra edəcəklər.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 7 fevral - növbədənkənar Prezident seçkiləri günü respublika üzrə seçkiləri müşahidə edəcək. İnanıram ki, veteranlarımız onlara göstərilən bu etimadı da yüksək səviyyədə doğruldacaq, bu missiyanın öhdəsindən bacarıqla gələcəklər.   Seymur ƏLİYEV

Hamısını oxu
İran müharibəsi sübut etdi ki, bəzən iqtisadi rıçaqlar hərbi təzyiqdən daha effektiv olur

ABŞ-la İran arasında baş verən və hələlik iki həftəlik atəşkəs dövrünü yaşayan müharibə bütün dünyanın əsas diqqət mərkəzində qalmaqda davam edir.  İran müharibəsi öz unikallığı, proqnozlaşdırılması mümkün olmayan gedişatı, habelə, bir neçə ölkənin ərazisini əhatə etməsi ilə sadəcə günümüzün deyil, yaxın keçmişimizin nadir qarşıdurmalarından biri hesab olunur. İran müharibəsinin ən xarakterik xüsusiyyətlərindən biri də bu müharibədə dünyanın bir nömrəli super gücü olan ABŞ-ın bilavasitə iştirak etməsidir. Lakin İran müharibəsi üçün ən səciyyəvi cəhət heç şübhəsiz, iqtisadi faktorun müharibənin gedişatına və bəşəriyyətin yaşamına bugünəqədərki bütün savaşlardan daha çox təsir göstərməsidir. Müharibə zamanı İranın Hörmüz boğazına keçidlə bağlı məhdudiyyətlər tətbiq etməsi, müəyyən məqamlarda isə boğazı bağlaması başda ABŞ olmaqla bütün ölkələrin iqtisadiyyatını ciddi şəkildə “silkələdi” ki, bu da dünyamızda bugünə qədər yaşanmayan yeni bir hadisə idi. Hörmüz boğazı ilə bağlı İranın yürütdüyü siyasət ABŞ-ı məcbur etdi ki, sahib olduğu üstün hərbi gücə rəğmən müharibə ssenarisində ciddi redaktələr etsin, sülh variantını nəzərdən keçirsin. Bir sözlə, İran müharibəsi sübut etdi ki, bəzən iqtisadi rıçaqlar hərbi təzyiqdən daha effektiv, daha səmərəli olur. Bu baxımdan İran müharibəsinin gələcək qarşıdurmalarda presedent kimi nəzərə alınacağı, iqtisadi faktorun savaşların taleyinə daha çox təsir göstərəcəyi şübhəsizdir. Bu isə o deməkdir ki, gələcək müharibələrin qalibi öz hərbi gücündən daha çox iqtisadi təzyiq imkanlarını düzgün idarə edən, iqtisadi müstəvidə söz sahibi olan dövlətlər olacaq. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan, Türkiyə və Pakistanın dostluq münasibətləri tarixi nailiyyətlərə imza atır

Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. Qlobal münasibətlər sistemində dostluğa, tərəfdaşlığa sədaqəti ilə tanınan ölkəmiz, tarixi ənənələr və ən ülvi dəyərlər çərçivəsində inkişaf etdirilən əməkdaşlığın daimi inkişafı uğrunda çalışır. Bu mənada, Azərbaycanın yaxın-uzaq coğrafiyalarda özünə dost, qardaş hesab etdiyi dövlətlər var ki, ən çətin günlərdə həmin dövlətlərlə çiyin-çiyinə dayanır, ən yaxın dəstəkçi qismində çıxış edir. Təbii ki, bu mənada Azərbaycan-Türkiyə münasibətləri xüsusi anlam daşıyır - eyni zamanda, rəsmi strateji müttəfiq sayılan ölkələrimizin Pakistan İslam Respublikası ilə yaxın əlaqələri də təqdir edilməlidir. Pakistan istər Azərbaycanın, istərsə də Türkiyənin yaxın tərəfdaşı kimi özünü isbat etmiş dövlətlərdəndir.Türkiyə və Pakistan, coğrafi olaraq bir-birindən ayrı mövqedə yerləşsə də, ortaq din və mədəni irs üzərinə qurulan tarixi qardaşlıq bağları səbəbindən siyasət, iqtisadiyyat və müdafiə kimi bir çox sahədə yaxından əməkdaşlıq və iş birliyini davam etdirirlər.  Azərbaycanın 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdi və tarix yazdı. Bu tarixi zəfəri təmin edən çox mühüm amillərdən biri dost və tərəfdaş dövlətlərin ölkəmizə mənəvi-siyasi dəstəyi oldu. Bu sırada Türkiyə və Pakistan dövlətlərinin xüsusi yeri və müstəsna rolu ayrıca qeyd edilməlidir. Pakistanla Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər zaman Azərbaycanın mövqeyindən çıxış edib, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində çözümünə tərəfdar çıxıb, ölkəmizə birmənalı dəstəklərini nümayiş etdiriblər. Ümumiyyətlə, ölkəmizlə dostluq və qardaşlıq münasibətlərinə malik olan hər iki güclü dövlətin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində mövqeyi hər zaman ədalətli və qətiyyətli olub. Həm Türkiyə, həm də Pakistan istər 30 ilə yaxın davam edən işğal dövründə, istərsə İkinci Qarabağ savaşı zamanı, istərsə də postmünaqişə mərhələsində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və haqlı mövqeyinə prinsipial dəstək ifadə ediblər. Bu, Azərbaycan xalqı və dövləti tərəfindən olduqca yüksək qiymətləndirilir. Tarixi Zəfərimizdən sonra bu birliyin, dostluğun möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlı xarakter daşıyır. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə bildirib: “2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik”. Bu görüşün Laçında keçirilməsi həm region, həm də dünya üçün böyük əhəmiyyətli bir mesajdır. Hər üç dövlətin liderlərinin iştirakı ilə keçirilən bu görüş dünyaya sülhün, dostluğun, qardaşlığın əyani nümunəsini göstərməkdədir. Bu formatda keçirilən ikinci zirvədir. Təbii ki, bu davamlı olacaq və Qafqazda, eyni zamanda Orta Asiyada təhlükəsizliyin davamlı olmasında təsirini göstərəcək. Azərbaycan, Türkiyə və Pakistan bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir.  Dünya siyasətinin müəyyənləşdirilməsində bu ölkələrin özünəməxsus yeri və rolu var. Bu 3 ölkə həm də bir-biri ilə sıx tellərlə bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir. Onlar arasında olan münasibətlər dünyaya nümunə və örnəkdir. Prezident İlham Əliyev Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş konsertdən əvvəlki çıxışında bildirib: “Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”. Ölkə başçısı qeyd edib: “Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Qələbə bizimlədir və həmişə bizimlə olacaq. Yaşasın Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı!”. Nümayiş etdirilən Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi regional inkişafın yeni mərhələsində aparıcı güc mərkəzi kimi çıxış edir - bu güc mərkəzi isə öz növbəsində təhlükəsizlik, inkişaf və tərəfdaşlığın yüksəlməsinə töhfələr verir. Əminliklə söyləmək olar ki, ölkələrimiz bundan sonra da müxtəlif sahələrdə işbirliyini uğurla davam etdirməklə yeni tarixi nailiyyətlərin altına imza atacaqlar! Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu