Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan, Türkiyə və Pakistanın dostluq münasibətləri tarixi nailiyyətlərə imza atır

Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. Qlobal münasibətlər sistemində dostluğa, tərəfdaşlığa sədaqəti ilə tanınan ölkəmiz, tarixi ənənələr və ən ülvi dəyərlər çərçivəsində inkişaf etdirilən əməkdaşlığın daimi inkişafı uğrunda çalışır. Bu mənada, Azərbaycanın yaxın-uzaq coğrafiyalarda özünə dost, qardaş hesab etdiyi dövlətlər var ki, ən çətin günlərdə həmin dövlətlərlə çiyin-çiyinə dayanır, ən yaxın dəstəkçi qismində çıxış edir.

Təbii ki, bu mənada Azərbaycan-Türkiyə münasibətləri xüsusi anlam daşıyır - eyni zamanda, rəsmi strateji müttəfiq sayılan ölkələrimizin Pakistan İslam Respublikası ilə yaxın əlaqələri də təqdir edilməlidir. Pakistan istər Azərbaycanın, istərsə də Türkiyənin yaxın tərəfdaşı kimi özünü isbat etmiş dövlətlərdəndir.Türkiyə və Pakistan, coğrafi olaraq bir-birindən ayrı mövqedə yerləşsə də, ortaq din və mədəni irs üzərinə qurulan tarixi qardaşlıq bağları səbəbindən siyasət, iqtisadiyyat və müdafiə kimi bir çox sahədə yaxından əməkdaşlıq və iş birliyini davam etdirirlər. 

Azərbaycanın 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdi və tarix yazdı. Bu tarixi zəfəri təmin edən çox mühüm amillərdən biri dost və tərəfdaş dövlətlərin ölkəmizə mənəvi-siyasi dəstəyi oldu. Bu sırada Türkiyə və Pakistan dövlətlərinin xüsusi yeri və müstəsna rolu ayrıca qeyd edilməlidir.

Pakistanla Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər zaman Azərbaycanın mövqeyindən çıxış edib, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində çözümünə tərəfdar çıxıb, ölkəmizə birmənalı dəstəklərini nümayiş etdiriblər.

Ümumiyyətlə, ölkəmizlə dostluq və qardaşlıq münasibətlərinə malik olan hər iki güclü dövlətin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində mövqeyi hər zaman ədalətli və qətiyyətli olub.

Həm Türkiyə, həm də Pakistan istər 30 ilə yaxın davam edən işğal dövründə, istərsə İkinci Qarabağ savaşı zamanı, istərsə də postmünaqişə mərhələsində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və haqlı mövqeyinə prinsipial dəstək ifadə ediblər. Bu, Azərbaycan xalqı və dövləti tərəfindən olduqca yüksək qiymətləndirilir.

Tarixi Zəfərimizdən sonra bu birliyin, dostluğun möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlı xarakter daşıyır.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə bildirib: “2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik”.

Bu görüşün Laçında keçirilməsi həm region, həm də dünya üçün böyük əhəmiyyətli bir mesajdır. Hər üç dövlətin liderlərinin iştirakı ilə keçirilən bu görüş dünyaya sülhün, dostluğun, qardaşlığın əyani nümunəsini göstərməkdədir. Bu formatda keçirilən ikinci zirvədir. Təbii ki, bu davamlı olacaq və Qafqazda, eyni zamanda Orta Asiyada təhlükəsizliyin davamlı olmasında təsirini göstərəcək.

Azərbaycan, Türkiyə və Pakistan bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir.  Dünya siyasətinin müəyyənləşdirilməsində bu ölkələrin özünəməxsus yeri və rolu var. Bu 3 ölkə həm də bir-biri ilə sıx tellərlə bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir. Onlar arasında olan münasibətlər dünyaya nümunə və örnəkdir.

Prezident İlham Əliyev Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş konsertdən əvvəlki çıxışında bildirib: “Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.

Ölkə başçısı qeyd edib: “Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Qələbə bizimlədir və həmişə bizimlə olacaq. Yaşasın Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı!”.

Nümayiş etdirilən Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi regional inkişafın yeni mərhələsində aparıcı güc mərkəzi kimi çıxış edir - bu güc mərkəzi isə öz növbəsində təhlükəsizlik, inkişaf və tərəfdaşlığın yüksəlməsinə töhfələr verir. Əminliklə söyləmək olar ki, ölkələrimiz bundan sonra da müxtəlif sahələrdə işbirliyini uğurla davam etdirməklə yeni tarixi nailiyyətlərin altına imza atacaqlar!

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

2025-05-29 16:33:48
3990 baxış

Digər xəbərlər

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Fatma Səttarova ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilat sədri Fatma Səttarova ilə görüşüb. Görüşdə dövlətimizin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs olunub, cəmiyyətdə, xüsusilə də gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin önəmi vurğulanıb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Nərimanov Bələdiyyəsinin sədri Təhmiraz Tağıyev də iştirak edib.      Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında ehtiyatda olan polkovnik Adil Haqverdiyevin 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir

Adil  İsmayıl  oğlu Haqverdiyev 1942-ci il avqustun  20 -də Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olmuşdur. O, Azərbaycan Silahlı Qüvvələrinin təcrübəli hərbiçisi, Əfqanıstan və Qarabağ müharibəsi veteranıdır. Tədbirdə Müdafiə Nazirliyinin ictimai əlaqələr və mədən-kütləvi iş şöbəsinin rəisi polkovnik-leytenant Etbar Əliyev, veteranlar, yubliyarın xidmət, eləcə də, döyüş yoldaşları, Respublika Veteranlar Təşkilatının kollektivi və digər şəxslər iştirak etmişdirlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov açaraq Adil Haqverdiyin keçdiyi həyat yolundan, xidmət illərindən, bu gün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki fəaliyyətindən danışaraq demişdir: “Adil Haqverdiyevin peşəkar hərbçi kimi həyatının 40 ilə yaxın bir dövrü ordu ilə, Silahlı Qüvvələrlə bağlı olmuşdur. Öz istəyilə seçdiyi bu mürəkkəb və şərəfli yol Xarkov Ali Hərbi Tank qosunları komandanlığı məktəbini bitirdiyi 1964-cü ildən başlanmış, Ukraynadan, Rusiya Federasiyasından, Moldavadan, Özbəkistandan, Əfqanıstandan keçərək, nəhayət doğma Azərbaycana qədər uzanmışdır. Müxtəlif hərbi hissələrdə yüksək vəzifələr tutmuş, Əfqanıstanda, Qarabağda döyüş əməliyyatlarında işturak etmiş, hərbi tədrislə məşğul olduğu illərdə də eyni həvəs və məsuliyyətlə çalışmış, vəzifə borcuna daim sadiq qalmışdır. 1975-ci ildə Moskvada M.B Frunze adına Hərbi Akademiyanı bitirmiş azsaylı azərbaycanlılardan biri kimi Vətənin çətin günündə övladlıq borcunu layiqincə yerinə yetirmiş, öz biliyini, təcrübəni doğma Azərbaycan torpaqlarının müdafiəsinə həsr etmiş, 2 dəfə yaralansada da öz postunu tərk etməmişdir. Xidməti vəzifələrin öhdəsindən layiqincə gəldiyinizə görə, A.Haqverdiyev komandanlıq tərəfindən dəfələrlə müxtəlif mükafatlara, təltiflərə layiq görülmüşdür. A.Haqverdiyevin 2015-ci ildən bugünədək Respublika Veteranlar Təşkilatının şöbə müdiri kimi gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində ardıcıl və səmərəli fəaliyyət göstərir. Hazırda 75 yaşının tamam olduğu vaxtda da yenə sırada olmaqla, gənc peşəkarlar nəslinin yetişdirilməsində yaxından iştirak edir, bilik və bacarığını əsigəmir”. Daha sonra Müdafiə Nazirliyinin əməkdaşı polkovnik-leytenant Etbar Əliyev və digər qonaqlar çıxış edərək, yubliyarla bağlı xatirələrini danışıb Adil Haqverdiyevi bir daha ürəkdən təbrik edib, ona fəaliyyətində uğurlar arzuladılar. Tədbirin sonunda söz yubiliyara verildi. Adil Haqverdiyev xoş sözlərə görə minnətdarlığını ifadə edərək, peşəkar hərbiçi kimi torpaqlarımızın azadlığı uğrunda hər zaman döyüşməyə hazır olduğunu və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirdi.

Hamısını oxu
Mehdi Hüseynzadə hər birimizə nümunə olmalıdır

Bakı şəhəri Binəqədi rayonun 276 saylı tam orta məktəbdə Azərbaycanın görkəmli oğlu İkinci Dünya müharibəsində Yuqoslaviya müqavimət hərəkatının üzvü, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubiley tədbiri keçirilmişdir. Tədbir başlanmazdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səslənmiş, İkinci dünya müharibəsində həlak olmuş azərbaycanlıların, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri məktəbin direktoru, əməkdar müəllim Bəhram Şiriyev açmışdır: “Bu günki tədbirimiz Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr edilmişdir. Bilirsiniz ki, bu yubileyin dövlət səviyyəsində geniş qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq sərəncam imzalamışdır. Bu sərəncam ölkə rəybərliyi tərəfindən Mehdi Hüseynzadənin, ümumən İkinci dünya müharibəsində qəhrəmanlıq göstərmiş azərbaycanlıların fəaliyyətinə necə yüksək dəyər verilməsinin növbəti sübutudur.”. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov demişdir: “Bu günkü tədbirimiz Sovet İttifaqı Qəhrəmanı, Mixaylo ləqəbi ilə dünyada tanınan Mehdi Hənifə oğlu Hüseynzadənin 100 illik yubileyi çərçivəsində keçirilir. Mehdi Hüseynzadənin adı Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi həkk olunmuşdurr. O, nəinki ölkəmizdə Avropada, mən deyərdim bütün dünyada faşizmə qarşı cəsarətlə, dəyanətlə mübarizə aparmış insan kimi tanınır. Mehdi Hüseynzadə yüz il əvvəl dekabr ayının 22-də Bakının Novxanıkəndində anadan olmuşdur. Qəhrəman Azərbaycan oğlu döyüş zamanı əsir düşsə də, həbs düşərgəsindən qaçaraq partizan dəstəsinə qoşulmuşdur. Mehdi Hüseynzadə Yuqoslaviya, Triest, İtaliya partizanlarının sırasında alman faşizminə qarşı fəal mübarizə aparmış, kəşfiyyat-təxribat qrupun rəhbəri kimi çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirmişdir. Azərbaycan öz qəhrəman oğlu ilə fəxr edir və onun adının əbədiləşdirilməsi üçün ölkə miqyasında görülmüş və gələcəkdə də görüləcək işlər bu minnətdarlığın nəticələridir. Bu gün Azərbaycanın Mehdi Hüseynzadə kimi qəhrəman oğulllara daha böyük ehtiyacı var. Çünki, Azərbaycanın 20 faiz ərazisi təcavüzkar Ermənistan Respublikasının hərbi birləşmələrinin işğalı altındadır. Ölkənin yeniyetməsindən, gəncindən tutmuş ahıl yaşlı insanlarına qədər hər birimiz Vətənin bütövlüyü, ərazilərimizin işğaldan qurtarması üçün hər an hazır olmalıyıq. Doğrudur, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün düşmənin istənilən təxribatının qarşısını vaxtında almağa, torpaqlarımız erməni işğalından qurtarmağa tam qadirdir. 2016-cı il aprelin 2-dən 5-dək cəbhə xəttində baş verənlər Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin gücü, qələbə əzmi nümayiş etdirildi. Ancaq Azərbaycan bu münaqişəni sülh yolu ilə, qan tökülmədən həll etmək istəyir. Bunun mümkün olmayacağı halda, möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında güclü və müasir Azərbaycan ordusunun düşmənə öz yerini göstərəcəyinə əminik. Biz veteranlar buna inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”. Tədbirdə digər çıxış edənlər Binəqədi rayon Veteranlar Təşkilatının sədri  Telman Hətəmov, jurnalist Ruqiyə Əliyeva və başqaları çıxış edərək Mehdi Hüseynzadənin və İkinci dünya müharibəsində qəhrəmanlıq göstərmiş digər oğullarımızın şücayətindən danışmış, Azərbaycan zabit və əsgərlərinin bu gün öz sələflərinin yolunu şərəflə davam etdirdiyini və yaxın gələcəkdə qəhrəman oğul və qızlarımızın üçrəngli bayrağımızı işğal altındakı ərazilərimizdə dalğalandıracaqlarına inandıqlarını bildirmişlər.

Hamısını oxu
Yolun davamı

Hamısını oxu