Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Qələmini süngüyə çevirən jurnalist

Azərbaycanın Milli Qəhrəmanı, Qələmini süngüyə, çevirən peşəsinin müsəlləh əsgəri olan jurnalist Salatın Əsgərova  1961-ci ilin 16 dekabrında Bakı şəhərində ziyalı ailəsində anadan olub.1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirib. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur, 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alır. Ancaq Salatın Əsgərova jurnalistika sahəsi ilə maraqlanırdı. Başqa bir ixtisası bitirsə də, sevdiyi sahəyə olan maraq onun həmin istiqamətə getməsinə səbəb olur. Salatın Əsgərova 1984-cü ildə “Bakı” qəzetində, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayır. İşlədiyi dövrdə bir çox məqalələr yazır. Həmin dövrlərdə Azərbaycan və Ermənistan arasında problemlər başlayır. Erməni tərəfi ölkəmizə qarşı təxribatlar törədir, torpaq iddiaları qaldırırlar. Salatın Əsgərova isə yazdığı məqalələrdə bu mövzulara xüsusilə toxunurdu. Ermənistanın Azərbaycana qarşı müharibəyə başlaması ilə Salatın Əsgərova döyüş bölgələrindən, qaynar nöqtələrdən xəbərlər, məqalələr hazırlayaraq yayımlamaq qərarına gəlir. Çünki digər azərbaycanlılar kimi o da düşmən təxribatlarından çox təsirlənmişdi. Hazırladığı reportajlarla müharibənin ən qızğın nöqtələrindən xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu kütləsi yığmağı bacarır. Salatın Əsgərovanın sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən yazısı olub. O, “Molodyoj Azerbaydjana” qəzetinin 1991-ci il 3 yanvar tarixli sayında azərbaycanlı döyüşçülərin igidliyindən danışır, həm də, imperiyanı sərt tənqid edirdi.  Salatın Əsgərova 1991-ci il yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Qarabağa Oleq Larionovun yanına getmək qərarına gəlir. Batalyon komandiri polkovnik-leytenant Oleq Larionov sibirli idi. O, 5 il batalyona rəhbərlik etmişdi, həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini düşmənin hücumlarından qorumuşdu. Buna görə də, onlar Larionovun başına pul mükafatı qoymuşdular. O, həm də Qazaxda Salatın Əsgərovanı ölümdən xilas etmişdi. Salatın Əsgərova Oleqlə görüşür. 1991-ci il yanvarın 9-u onlar daha bir neçə hərbçi ilə birgə eyni avtomobildə hərəkət edərkən erməni silahlılarının pusqusuna düşürlər.Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulur və elə oradaca qətlə yetirilir.Laçın Rayon Daxili İşlər Şöbəsinin əməkdaşı, Milli Qəhrəman (ölümündən sonra) İsrafil Şahverdiyev Salatın Əsgərova və digər hərbçiləri qətlə yetirən erməni silahlılarının tutulması üçün cinayət işi açır. Nəticədə, onları qətlə yetirən Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs edilir. 1993-cü ildə onlar ölümə məhkum edilirlər. Lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də Ermənistana təhvil verilir.Vəfatından sonra Azərbaycanın qəhrəman qızı Bakıda Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Salatın Əziz qızı Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır. Yaşadığı binaya barelyefi vurulmuşdur. Yaxınlığında həlak olduğu kənd “Salatınkənd adlanır”.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov

2025-01-09 15:01:01
3596 baxış

Digər xəbərlər

Xətai rayonu 86 sayli tam orta məktəbdə Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 26 fevral 2024-cü il tarixində Xətai rayonunda tədbir təşkil ediblər. Tədbir Xətai rayonunda yerləşən 86 saylı tam orta məktəbdə baş tutub. Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbirdə  Xətai rayon VT-nın sədri Adil Əzməmmədov, məktəbin direktoru Cavid Əliyev, hərbi hazırlıq müəllimi e/o polkovnik-leytenant, ZöhrabHacıyev, müəllimələrdən Nəzakət Cahangirova, Ülviyyə Əsgərova, şagirdlər və valideynlər iştirak etdilər. Əvvəlcə Xocalı qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbiri açıq elan edən məktəbin direktoru Cavid Əliyev iştirakçılara Xocalı faciyəsi barədə ətraflı müəlumat verib. Daha sonra çıxış üçün söz e/o polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev Təşkilatın sədri Fatma Xanım Səttarovanın və sədr müavini e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Polkovnik daha sonra Xocalı faciəsindən bəhs edib: “Xocalı faciəsinə aparan yol hələ XX əsrin əvvəllərindən başlamışdı. Bu yaşayış məntəqəsinin azərbaycanlı əhalisi bir əsrdə 3 dəfə qırğınlara məruz qalmışdır. Xocalı birinci dəfə 1905-ci ildə, sonra isə1918-ci ildə yandırılmışdı. Nəhayət, 1992-ci ildə Xocalıda üçüncü dəfə daha qanlı, daha dəhşətli faciə törədilmişdir. Biz faciələrimizi unutmamalıyıq, hər zaman ayıq-sayıq olmalıyıq”. Daha sonra  şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, xatirə şəkli çəkilib.  

Hamısını oxu
Cəlil Xəlilov: Azərbaycan Prezidentinin Litvada səsləndirdiyi fikirlər dövlətimizin sülhə verdiyi önəmi göstərir

Bakı, 23 may, AZƏRTAC Prezident İlham Əliyevin Litvada mətbuata bəyanatı dövlətimizin sülhə və tərəqqiyə verdiyi önəmi göstərir. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik qeyd edib ki, Azərbaycan 30 ildir ki, işğaldan əziyyət çəkən dövlət kimi sülhün, sabitliyin əhəmiyyətini yaxşı dərk edir və buna nail olmağa çalışır: “Prezident İlham Əliyev Litvada mətbuata bəyanatında Azərbaycanın 30 il ərzində erməni faşizmindən, onun işğal siyasətindən böyük əziyyət çəkdiyini, bütöv kəndlərin, şəhərlərin amansızcasına məhv edildiyini vurğuladı. İşğal dövründə bütün inzibati binaların, infrastrukturun, tarixi abidələrin belə dağıdıldığına diqqət çəkən dövlətimizin başçısı, sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu qeyd etdi. Prezident vurğuladı ki, Azərbaycan sülh üçün bütün imkanlardan istifadə edir və gələcəkdə də səylərini davam etdirəcək. Dövlətimizin başçısının bu açıqlaması bir daha dövlətimizin sülhə can atdığını, bütün regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasına çalışdığını əks etdirir. Xatırladım ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində erməni faşizminə, onun terrorçuluq fəaliyyətinə böyük zərbə vurdu. Bu, Azərbaycanın regionda sülhün təmin edilməsi istiqamətində atdığı mühüm addımlardan biri idi. Dövlətimiz bu gün də siyasi müstəvidə sülh səylərini davam etdirir. İnanıram ki, yaxın gələcəkdə bu səylər bəhrəsini verəcək və Azərbaycanın sülh siyasəti bütün regionun gələcəyinə böyük töhfə verəcək”. Cəlil Xəlilov Prezidentin Litva səfərində müzakirə edilən iqtisadi əməkdaşlığın da mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Dövlətimizin başçısı Litva Prezidenti Gitanas Nausedla görüşündə iqtisadi əməkdaşlıqla da bağlı konkret təkliflər səsləndirdi, bu əməkdaşlığın önəminə toxundu. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın verdiyi dəstək də dövlət başçısı tərəfindən təqdir olundu. Hesab edirəm ki, Litva səfəri dövlətimizin maraqları baxımından mühüm əhəmiyyətə malikdir və bu səfərin nəticəsindən yaxın gələcəkdə hər iki dövlət böyük fayda əldə edəcək”.

Hamısını oxu
“Komanda qüvvələrinə məxsus yeni hərbi hissənin açılışı ordumuzdakı sürətli inkişafdan xəbər verir”

Cəlil Xəlilov: “Azərbaycan müasir ordu modelinə malikdir və bu istiqamətə səylərini uğurla davam etdirir”   “Komanda qüvvələrinə məxsus yeni hərbi hissənin açılışı ordumuzdakı sürətli inkişafdan xəbər verir”.   Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, son bugünlərdə Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Kəlbəcərdə yeni hərbi hissənin açılışı dövlətimizn öz müdafiə və təhlükəsizliyinin təmininə verdiyi önəmi göstərir:   “Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi. Hansı ki, ötən il dekabrın 24-də dövlət başçısı Hadrutda birinci komando hərbi hissəsinin açılışında iştirak etmiş, yeni yaranan bu hərbi qüvvələrin önəmindən bəhs etmişdi.   44 günlük Vətən müharibəsi bütövlükdə Azərbaycan Silahlı Qüvvələrinin gücünü, yüksək döyüş hazırlığını ortaya qoymaqla yanaşı, xüsusi təyinatlı qüvvələrimizin qeyri-adi bacarığını da bütün dünyaya göstərdi. Müharibə bir daha göstərdi ki, müasir hərbi əməliyyatlarda elit hərbi hissələrə, peşəkar döyüşçülərə ehtiyac daha böyükdür və bir çox hallarda müharibənin taleyinə onların təsiri daha həlledici olur. Bu baxımdan Kəlbəcərdə ikinci komanda hərbi hissəsinin açılışını dövlətimizin müasir ordu modelinə keçidi baxımından mühüm hadisə kimi dəyərləndirirəm. Hesab edirəm ki, komanda qüvvələrinin artırılması dövlətimizin təhlükəsizliyinin daha etibarlı şəkildə qorunmasını təmin edəcək, ordumuzun döyüş qabiliyyətini gücləndirəcək”.   Polkovnik qeyd edib ki, Prezident İlham Əliyev hərbçilər qarşısındakı çıxışında vətənpərvərlik tərbiyəsinin önəminə toxunub, 44 günlük Vətən müharibəsində ordumuzun qələbə qazanmasında bu amilin çox böyük rol oynadığını qeyd edib:   “Kəlbəcərdə komanda qüvvələrinə məxsus hərbi hissənin açılışında çıxışı zamanı dövlət başçısı bir daha vətənpərvərlik tərbiyəsinin əhəmiyyətinə diqqət çəkdi. Ali Baş Komandan vurğuladı ki, torpaqlarımız işğal altındda qaldığı müddətdə Azərbaycanın həm iqtisadi, həm də hərbi baxımdan güclənməsinə səy göstərilməklə yanaşı, vətənpərvərlik tərbiyəsinin inkişafına da xüsusi önəm verilib, bu məsələdə hər zaman diqqət mərkəzində saxlanılıb. Ölkə başçısı açıq şəkildə qeyd etdi ki, “Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər”.   Dövlət başçısının bu açıqlaması gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin dövlətimizin müstəqilliyi, təhlükəsizliyi, etibarlı şəkildə müdafiəsi baxımından nə qədər mühüm rol oynadığını bir kəs daha göstərir. Bu isə o deməkdir ki, bütün əlaqədar dövlət və qeyri-hökumət təşkilatları, eləcə də veteranlar təşkilatları aktiv olmalı, bu istiqamətdəki səylərini gücləndirməlidir. Unutmamalıyıq ki, sabahımız gənclərimizdən, onların vətənpərvərlik tərbiyəsindən, xalqa, doğma torpağa sevgi və bağlılığından asılı olacaq. Odur ki, hər bir veteran və veteranlar təşlilatı Müzəffər Ali Baş Komandanın siyasətini dəstəkləməli, gənclərlə aktiv iş aparmalı, onları doğru yola yönəltməlidir. Biz 8 Noyabr zəfərinin nəticələrini, o cümlədən, ordumuzun, xalqımızın, cəmiyyətimizin vətənpərvərlik əzmini qoruyub saxlamalıyıq. Milli maraqlarımız, dövlətimizin və xalqımızın maraqları bunu tələb edir”.

Hamısını oxu
Fatma Səttarova 9 may – Qələbə Günü münasibətilə veteranları təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova  9 may – Qələbə Günü münasibətilə veteranları təbrik edib. Təbrikdə deyilir: "Hörmətli veteranlar, İkinci Dünya müharibəsinin qəhrəmanları! Sizi  Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri adından və şəxsən öz adımdan 9 May – faşizm üzərində qələbənin 79-cu ildönümü münasibətilə təbrik edirəm! Ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir. 1941-1945-ci illəri əhatə edən və tarixə İkinci Dünya müharibəsi adı ilə daxil olan  bu müharibədə düşmən üzərində şanlı qələbənin qazanılmasında Azərbaycan xalqının  böyük rolu olmuşdur. Xalqımızın yüz minlərlə oğul və qızı əlinə silah alıb, bütün cəbhələrdə düşmənə müqavimət göstərmiş, çoxları həyatını bu yolda qurban vermişdir. Respublikamızın on minlərlə vətəndaşı, azərbaycanlılar döyüşlərdə fərqləndiklərinə, qəhrəmanlıq göstərdiklərinə görə yüksək orden və medallarla təltif edilmiş,  Azərbaycandan 123 nəfər soydaşımız ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.      Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Neft mədənlərində və zavodlarda, elmi laboratoriyalarda ümumi qələbəni təmin etmiş azərbaycanlılar əzəmətli igidlik göstərmişlər. Göstərdiyiniz döyüş və əmək hünərləri qədirbilən nəsillərin qəlbində əbədi yaşayacaqdır! Xalqımız Sizinlə fəxr edir ki, qalib Ordu sıralarında Azərbaycanın sədaqətli, igid oğul və qızları da var idi. Bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsi kimi xatırlanır.  Hörmətli veteranlar,   Sizi bir daha 9 May – Qələbə Günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, uzun ömür və firavan həyat diləyirəm. Hörmətlə,   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü   Fatma Səttarova                     

Hamısını oxu