Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlar 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının üzvləri polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül dəstələri düzüblər. 

Veteranlar və məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov 20 Yanvar hadisələrinin əhəmiyyətindən  bəhs edib, xalqımızın  həmin çətin dönəmdə sərgilədiyi qəhrəmanlıqlardan danışıb. Təşkilat sədri qeyd edib ki, 1990-cı ilin 20 yanvar günündə öz azadlığı və müstəqilliyi naminə ölümə meydan oxuyan Azərbaycan xalqı, məhz öz cəsarəti sayəsində yeni bir dönəmin başlanğıcını qoymuş, imperiya asılılığından xilas olmuşdur.

Tədbirdə çıxış edən digər veteranlar da xalqımızın 20 Yanvar faciəsi zamanı nümayiş etdirdiyi qəhrəmanlıqlardan bəhs edib, bir-birindən maraqlı faktlara toxunublar.

Seymur ƏLİYEV

 

2025-01-18 11:47:40
3080 baxış

Digər xəbərlər

Son təxribatlar İrəvanın sülh haqqında dediklərinin imitasiyadan başqa bir şey olmadığını göstərir

Bakı, 1 sentyabr, AZƏRTAC Ermənistan hərbçilərinin ordumuzun Kəlbəcərdəki mövqeyinə qarşı zərbə PUA-sı tətbiq etməsi, həmçinin artilleriya zərbələrinə tutması onun terror siyasətinin açıq və növbəti təzahürüdür. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər İrəvanın sülh haqqında dediklərinin imitasiyadan başqa bir şey olmadığını göstərir: “Törədilən təxribatlar göstərir ki, Ermənistan sülh yox, revanş haqında fikirləşir və ona görə də belə xain həmlələrlə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Ancaq Ermənistan bilməlidir ki, o, heç vaxt öz məqsədinə çata, post-müharibə dövrünün reallıqlarını dəyişə bilməyəcək. Onun bütün təxribatlarına ordumuz tərəfindən layiqli cavab veriləcək. Necə ki, biz hazırda bunu müşahidə etməkdəyik”. Respublika Veteranları Təşkilatının sədr müavini vurğulayıb ki, mövcud vəziyyət beynəlxalq təşkilatların, aparıcı dövlətlərin Ermənistanın təxribatına sərt reaksiya verməsini tələb edir: “Ermənistan ordusunun bugünkü təxribatları bir daha sübut edir ki, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, dünya ictimaiyyəti erməni terroru ilə bağlı aydın və birmənalı mövqe ortaya qoymalıdır. Makron hakimiyyəti və digər ermənipərəst qüvvələr bu təxribatı görməli, özlərini “karlığa, korluğa” qoymaqdan əl çəkməlidir. Həmçinin bütün dünya anlamalıdır ki, Azərbaycan sonsuzadək həmin təxribatlar qarşısında təmkin nümayiş etdirə bilməz. Odur ki, heç kim erməni faşizminin başını növbəti dəfə əzəcəyimiz halda bizi qınamamalı, ittiham etməməlidir. Azərbaycan öz təhlükəsizliyini təmin etməyə məcburdur və bu istiqamətdə lazımi bütün addımları qətiyyətlə atacaq”. Qeyd edək ki, Azərbaycan Müdafiəsi Nazirliyinin son məlumatına görə, sentyabrın 1-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir. Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir. Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır.

Hamısını oxu
Prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulmuş hissəsində görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olub. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak edib. Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə mühüm sosial və iqtisadi əhəmiyyəti ilə seçilən infrastruktur layihələri həyata keçirilir. Bunlar ümumilikdə ölkəmizin iqtisadi potensialını möhkəmləndirir, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük töhfə verir. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına uyğun inşa olunan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil magistralı yol infrastrukturu layihələrinin genişlənməsi, onların daha da müasirləşdirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Bu layihə çərçivəsində yolun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması başa çatıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işlərin icrası ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Layihə çərçivəsində Xırdalan dairəsinin altından keçən avtomobil tuneli genişləndirilib. Hər bir istiqamət üzrə əlavə tunellər inşa edilib. Bundan başqa, yenidənqurma işləri zamanı Xırdalan dairəsinə qalxan və düşən hissələrdə iki hərəkət zolaqlı yol inşa olunub. Görülən işlər bu istiqamətdə yaranan tıxacların qarşısının alınmasında, avtomobillərin hərəkətinin intensivliyinin, sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Layihəyə uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsü də tikilib. Qeyd edək ki, bundan əvvəlki körpünün texniki göstəriciləri avtomobillərin normal və təhlükəsiz hərəkətinə mane olurdu. Ona görə də həmin körpünün sökülərək əvəzində yeni, müasir standartlara cavab verən körpünün inşası ilə bağlı qərar qəbul edilmişdi. Layihənin icrası şəhərin bu hissəsində tıxacların qarşısının alınmasında, qatarların hərəkətinin təhlükəsizliyində böyük rol oynayacaq. Prezident İlham Əliyev "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak etdi. Uzunluğu 150 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Hazırda yeni magistralın Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi arasında yerləşən hissəsində tikinti yekunlaşmaq üzrədir. Yeni istiqamət üzrə inşa edilən bu magistral avtomobil yolu əvvəlkindən 13 kilometr qısadır. Yolun qalan hissələrinin gələn ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır. Yeni avtomagistrala Giləzi yaşayış məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazidən yol qovşaqları vasitəsilə daxil olmaq mümkündür. Yeni magistral avtomobil yolundan istifadə üçün ödənişin hər kilometr üçün yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub. Bu yolun inşası beynəlxalq nəqliyyat əməkdaşlığı baxımından strateji önəm daşıyan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyini daha da artıracaq. Yolun inşası Azərbaycanın layihədə iştirak edən ölkələrlə iqtisadi əməkdaşlığının daha da genişləndirilməsinə xidmət edəcək. Bundan başqa, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayacaq. Milli.Az       

Hamısını oxu
Xankəndi, Xocalı və Ağdərədən olan abituriyentlərin bu nailiyyəti sadəcə təhsil uğuru deyil...

Bu, keçmiş məcburi köçkünlərimizin sabaha inamının, mübarizə əzminin, yaradıcılıq eşqinin nümunəsidir... Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə əsasən Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonundan ümumilikdə 20 abituriyent ali məktəbə qəbul olub. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, ali məktəbə qəbul olunan abituriyentlərdən  9-u Xankəndi şəhərindən, 6-sı Xocalıdan, 5-i isə Ağdərə rayonundandır. Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonundan 20 abituriyentin ali məkəbə qəbul olunması sadəcə təhsil uğuru deyil. Bu, doğma yurd yerində yenidən məskunlaşan keçmiş məcburi köçkünlərimizin sabaha inamının, mübarizə əzminin, yaradıcılıq eşqinin nümunəsidir. Bu fakt sübut edir ki, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan xalqı işğal dönəmində ermənilər tərəfindən viran edilən torpaqlarımızı yenidən dirçəltməkdə, bu torpaqlara həyat gətirməkdə qərarlıdır və bunun üçün gərəkli olan istənilən fədakarlıqdan imtina etməyəcək.                           Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonundan ümumilikdə 20 abituriyentin ali məktəbə qəbulu həm də Azərbaycaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhid qanı ilə sulanan bu torpaqlarda elm və təhsili inkişaf etdirmək əzminin, quruculuq səriştəsinin göstəricisidir. Bu, həm də dövlət başçısının tapşırıq və göstərişlərinin yerlərdə yüksək səviyyədə icra edildiyini sübut edir. Heç kimə sirr deyil ki, yüksək bilik yalnız mütaliə sevgisi tələb etmir. Yüksək bilik, həm də müasir təhsil müsəssisələri, gərəkli infrastruktur, sosial təminat tələb edir. Hansı ki, bütün bu faktorlar Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı altında Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəliyi tərəfindən yüksək səviyyədə təmin edilib və bu istiqamətdə lazımi işlər günümüzdə də mütəmadi şəkildə davam etdirilməkdədir. Yeni təhsil müsəssisələrinin inşası, müasir infrastrukturun genişləndirilməsi və beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi, yeni iş yerlərinin açılması və s. bütün digər sahələr kimi təhsil sahəsindəki gələcək nailiyyətlər üçün ciddi zəmindir. Görülən və görülməkdə olan işlərin miqyas və mahiyyəti onu deməyə əsas verir ki, qarşıdakı illərdə işğaldan azad edilən torpaqlarımızda məskunlaşan abituriyentlər arasında ali məktəbə daxil olanların sayı daha da artacaq və doğma Qarabağımız yalnız Azərbaycanda deyil, bütün regionda elm və təhsil mərkəzi kimi böyük şöhrət qazanacaq. Seymur ƏLİYEV  

Hamısını oxu
General-leytenant Hüseyn Rəsulbəyov

Sovet dövründə bizim xeyli tanınmış hərbi sərkərdəmiz olub. Onların sıra-sında general-leytenant Hüseyn Rəsulbəyovun xüsusi yeri və dəsti-xətti vardır. Müharibədən əvvəl təhsil və əmək fəaliyyətə başlaması, texniki işlərlə məşğul olması, hərbi akademiyanı bitirdikdən sonra döyüşən orduya, müharibəyə yollanması, orada özünü əsl komandir və mütəxəssis kimi göstərməsi onun peşəkarlığından və parlaq gələcəyindən xəbər verirdi. Bir məsələni açıq şəkildə söyləmək istəyirəm. Sovetlər dönəmində qeyri-slavyan millətindən olan insanların ali vəzifələrə təyin olunması, yüksək rütbələr alması heç də asan məsələ deyildi; səbəb də o idi ki, qeyri-slavyan millətindən olan insanlara o qədər də inanmırdılar. Bu stereotipləri qırmaq yüksək professionallıq tələb edirdi, gərək digərlərindən mütləq dərəcədə fərqlənəydin ki, səni yüksək vəzifəyə təyin edəydilər. Uzun müddət işinlə, əməlinlə sübut yetirməliydin ki, sən professionalsan, sən düzgün insansan, sən ədalətlisən, sən işini bilənsən, yüksək təşkilatçılıq bacarığın var, idarəetmə qabiliyyətinə maliksən. Bu xüsusiyyətlərə malik olmaq sovet dövründə asan məsələ deyildi və Hüseyn Rəsulbəyov general-leytenant rütbəsinə yüksələrək Azərbaycanın adını xeyli ucaltmışdır. Rəsulbəyov 1941-ci ilə Moskvada F.E. Dzerjinski adına Hərbi Mühəndislik Akademiyanı bitirmiş ilk azərbaycanlı olub. O, hava hücumundan müdafiə sisteminin zenit-raket qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş yeganə azərbaycanlıdır. Rəsulbəyov sayılıb-seçilən generallardan idi. Hər bir Azərbaycan gənci üçün, hər bir Azərbaycan zabiti üçün onun 40 illik xidmət dövrü gözəl bir nümunədir. Ona görə də tarixdə belə şəxsiyyətlər qalmalıdır və qalır. Onun keçdiyi həyat yolu, fəaliyyəti dərindən öyrənilib gənclərimizə, zabitlərimizə, əsgərlərimizə çatdırılmalıdır. Azərbaycan ictimaiyyəti onun haqqında geniş məlumata malik olmalıdır. General-leytenant H. Rəsulbəyov həm Moskvada, həm də keçmiş Sovet İttifaqının müxtəlif yerlərində, hətta uzaq Misirdə, Qvineya-Bisauda, Əfqanıstanda və digər xarici ölkələrdə xidmət etmişdir. Hərbi xidmətdən sonra Azərbaycanın rabitə naziri vəzifəsinə təyin edilən Hüseyn Rəsulbəyov bu sahədə də böyük uğurlara imza atıb. Onun Azərbaycanın şəhər və kəndlərinin telefonlaşmasında, radio-televiziyanın maddi-texniki bazasının möhkəmlənməsi və yenilənməsində xüsusi xidmətləri olmuşdur. Qədirbilən Azərbaycan xalqı general-leytenant Hüseyn Rəsulbəyovun ölkəmiz qarşısında xidmətlərini heç vaxt unutmayacaqdır. Mən də 40 ildən artıq hərbi sahədə xidmət etmişəm. Biz kursantlar vaxtilə belə sərkərdələrin adını eşidəndə, azərbaycanlılar arasında belə generalların çıxmasını görəndə çox sevinir və fəxr edirdik. Onlar həmişə bizim fəxrimiz, tariximizdilər, Azərbaycan tarixində xüsusi xidmətləri olan insanlardılar. Bunları biz heç vaxt unutmamalıyıq. General-leytenant Hüseyn Rəsulbəyov Vətənimiz üçün yüzlərlə peşəkar hərbiçinin yetişdirilməsində iştirak etmiş, Azərbaycanın inkişafı üçün önəmli addımlar atmışlar. Azərbaycanda rabitə kommunikasiyaların qurulmasında da onun böyük xidmətləri var. Ona görə biz ona minnətdarıq, fəxr edirik ki, Azərbaycan tarixində belə generallar var. Çox istəyərdik ki, general arzusunda olan zabitlərimiz, əsgərlərimiz, gənclərimiz elə insanların həyat yolunu özlərinə nümunə götürsünlər, onlar kimi çətinlikləri keçməyi, hörmət qazanmağı bacarsınlar. Görkəmli sərkərdə və dövlət xadimi general-leytenant Hüseyn Rəsulbəyov Azərbaycan tarixində, onun hərbi salnaməsində əbədi olaraq yaşayacaqdır.    Polkovnik Cəlil XƏLİLOV,  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatının sədr müavini,  Azərbaycan Respublikası Prezidenti yanında  Dövlət İdarəçiliyi Akademiyasının dosenti,  siyasi elmlər üzrə fəlsəfə doktoru  

Hamısını oxu