Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan yenə mümkünsüzü bacardı: Qalib gəldi, məhkəmə qurdu və ədaləti təmin etdi!

Xəbər verdiyimiz kimi, 17 yanvar 2025-ci il tarixindən etibarən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi davam edir. Nöbvəti məhkəmə prosesi 5 fevral 2026-cı ildə davam etdiriləcək.

 8 Noyabr zəfərinin özü ilə gətirdiyi daha bir uğur: Açıq və ədalətli məhkəmə prosesi

 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən 8 Noyabr zəfəri erməni işğalına son qoydu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Lakin bu zəfər özü ilə dövlətimiz üçün əlavə manevr imkanları,  uğur və müvəffəqiyyətlər də gətirdi. Bu uğurlardan biri istər Birinci Qarabağ müharibəsi, istərsə də Vətən müharibəsində xalqımıza qarşı ağır cinayətlərə yol verən erməni faşistlərinin tapılaraq məsuliyyətə cəlb edilməsi, məhkəmə qarşısına çıxarılması oldu. Müzəffər Ali Baş Komandan xalqa verdiyi vədə sadiq olaraq xalqımıza qarşı soyqırım və digər cinayətlərdə iştirak edən 10-dan çox erməni cəlladının Bakıda məhkəmə qarşısına çıxarılmasını təmin etdi.

Azərbaycan dövləti məhkəmə prosesinin şəfafflığını təmin etmək məqsədilə bu prosesi açıq şəkildə həyata keçirdi və məhkəmə prosesi ilə bağlı foto-video materillar, məlumatlar mütəmadi şəkildə media və ictimaiyyətə elan edildi.

Məhkəmə nəticəsində çıxış edən yüzlərlə şahid erməni cəlladlarının törətdiyi cinayətləri ifşa etdi, bu cinayətlərin nə qədər qorxunc, amansız, dəhşətli olduğunu bir kəs daha gözlər önünə sərdi. Vaxtiylə erməni əsirliyində olan şəxslərin verdiyi ifadələr erməni cinayətləri ilə bağlı çoxlu sayda yeni faktların meydana çıxmasına səbəb oldu ki, bu faktların böyük əksəriyyəti media və sosial media vasitəsilə bütün dünyaya yayıldı.

Cəllad etirafları sübut etdi ki, Azərbaycanın dövləti erməni faşistlərini məhkəmə önünə nahaq yerə çıxarmayıb

Məhkəmə prosesində çıxış edən müttəhimlər törətdikləri əməllərlə bağlı maraqlı etiraflar səsləndirib, bu etiraflarla, həm də Ermənistan və qondarma rejimin hərbi-siyasi rəhbərliyini ifşa ediblər. Bu etiraflar nəticəsində məlum olub ki, rəsmi İrəvanın ciddi-cəhdlə təkzib etməsinə baxmayaraq, Ermənistan işğaldakı torpaqlarımızda yaradılan quldur rejimi bilavasitə himayə edib, separatçı rejim İrəvandan gələn konkret tapşırıqlar əsasında fəaliyyət göstərib.

Təqsirləndirilən şəxs Melikset Paşayanın məhkəmədə səsləndirdiyi fikirlər bu baxımdan mühüm önəm kəsb edir. Melikset Paşayanın məhkəmədəki çıxışında deyib:

“Müddətli həqiqi hərbi xidməti 1989-1991-ci illərdə Uzaq Şərqdə keçdiyini deyən M.Paşayan 1993-cü ildə “Əsgəran alayı”na qoşulduğunu bildirib və əlavə edib: “1993-cü ilin təxminən may ayından 1994-cü ilə - atəşkəsə qədər döyüş postunda oldum. Tabor komandirimiz Vilen Safaryan idi”.

M.Paşayan Birinci Qarabağ müharibəsi zamanı 31-ci taborda xidmət etdiyini, hərbi hissənin komandirinin Vitali Balasanyan olduğunu da deyib.

O, Əsgəran, Ağdərə və Ağdam rayonlarının müxtəlif kəndlərində döyüş postlarında olduğunu söyləyib. Təqsirləndirilən şəxs döyüş postlarında avtomat, pulemyot və minaatan silahların olduğunu açıqlayıb.

İkinci Qarabağ müharibəsində də ona “Kalaşnikov” avtomatının təhkim olunduğunu deyən M.Paşayan silahın kimə qarşı istifadə etmək üçün verilməsi barədə suala “Azərbaycan Ordusuna qarşı...” cavabını verib.

M.Paşayan 2023-cü il may ayından sentyabr ayına qədər Xocalı rayonunun Aşağı Yemişcan kəndində yaradılmış silahlı birləşmədə olub.

Təqsirləndirilən şəxs qondarma rejimin “igidliyə görə” medalı ilə təltif olunduğunu bildirib.

Digər ərazilərlə yanaşı, Ağdam rayonunun Sarıcalı, Güllücə və digər kəndlərində də döyüş postlarında durduğunu təsdiqləyən təqsirləndirilən şəxs dövlət ittihamçısının sualına cavabında “Ağdam Azərbaycan Respublikasının rayonudur” deyib. Lakin Azərbaycan ərazilərində nəyi kimdən qoruması barədə suala cavab verə bilməyib.

M.Paşayana döyüş postlarının ətrafına mühəndis-istehkamçılar tərəfindən minalar basdırıldığını da deyib.

O, həm Birinci, həm İkinci Qarabağ müharibələri zamanı, həm də sonrakı müddətdə hərbi xidmətinə görə maaş aldığını bildirib”. (https://report.az/hadise/herbi-cinayetler-toretmekde-teqsirlendirilen-ermeniesilli-sexslerin-mehkeme-iclasi-kecirilir )

Məhkəmədə ifadə verən digər ermənilər də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozduqlarını etiraf edib, hərbi-siyasi rəhbərliyin Azərbaycan xalqına yönəlik qanlı əməllərin icrasında iştirak etdiklərini təsdiqləyiblər.

Müasir müharibə və post-müharibələr tarixində ilk: Cinayətkarlar üçün təsbit və cəza!

Azərbaycan post müharibə dövründə erməni cinayətkarları üçün qurduğu məhkəmə prosesi ilə daha bir yeniliyə imza atdı. Azərbaycan müasir müharibə və post-müharibələr tarixində ilk dəfə olaraq haqqı tapdanan dövlət kimi düşmən üzərində tam və hərtərəfli qələbə qazanmağı bacardı. Dövlətimizin bu qələbəsi bütün dünya tərəfindən nəinki qəbul edildi, həm də dünyanın bütün böyük dövlətləri – ABŞ, Rusiya, Çin və s. bu müharibədə ordumuzun göstərdiyi qəhrəmanlıqları, həyata keçirdiyi taktika və strategiyanı öyrənməyə başladı.

Bundan başqa, Azərbaycan müasir müharibələr tarxində ilk dəfə olaraq sadəcə qalib gəlməklə kifayətlənmədi, həm də əli xalqımızın qanına batan müharibə cinayətkarlarını müəyyən edərək onların saxlanılmasını və məhkəmə qarşısına çıxarılmasını təmin etdi. Bu, İkinci Dünya müharibəsindən sonra heç bir dövlətin bacarmadığı bir uğur idi və Azərbaycan bu müvəfəqiyyətə qətiyyətlə imza atdı.

 “Azərbaycan modeli” İsrail nümanəsindən niyə üstündür?

Xatırladaq ki, müharibədən sonra günahsız insanlara qarşı zorakılıq göstərən, qətl və işgəncələrdə əli olan hərbçilərin müəyyən edilərək saxlanılması təcrübəsi əvvəllər də mövcud olub. Lakin bu tərübələrin heç biri “Azərbaycan modeli” qədər tam və uğurlu olmayıb. Bu nümunələrdən ən uğurlusu hesab edilən İsrail nümunəsində belə xeyli qüsurlar var ki, bunlardan da biri yəhudi xalqına qarşı zorakılıqda iştirak edən faşistlərin dünyanın müxtəlif ölkələrində İsrail xüsusi xidmət orqanları tərəfindən tapılaraq fiziki cəhətdən məhv edilməsi ilə bağlıdır. Yəni İsrail dövləti bu şəxslərin bir qismini taparaq məhv etsə də, onlar üçün açıq, şəfaf məhkəmə prosesi keçirə bilməyib. Azərbaycan isə erməni qatillərini məhkəmə qarşısına çıxarmaqla onların ölkə qanunvericiliyinə uyğun şəkildə cəzalandırılmasına, bu şəxslərin qanlı əməllərini dünya miqyasında ifşa etməyə nail olmaqdadır.

Başqa sözlə desək, Azərbaycan məhkəmə qarşısında çıxardğı ermənilərin cinayətkar olduğunu bütün dünyaya yüzlərlə fakt əsasında sübut edir ki, bu da dövlətimizin gücünü və ədalətini göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, mülki insanlara qarşı soyqırımı və zorakılıq törədən şəxslərin tapılaraq cəzalandırılması məsələsində “Azərbaycan modeli” İsrail nümunəsini əhəmiyyətli şəkildə üstələməkdədir.

Onu da qeyd edək ki, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Seymur ƏLİYEV

2026-02-04 16:28:00
2051 baxış

Digər xəbərlər

Sərhədləri aşan birlik ideyası – Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Heydər Əliyev: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır.” Milli mənlik, milli kimlik və milli dövlətçilik tariximizə adı qızıl hərflərlə həkk olunan Ulu Öndər Heydər Əliyevin imzaladığı hər bir fərman və sərəncamın arxasında təkcə bir dövlət başçısının iradəsi deyil, həmin imzanın hökmü ilə dəyişən, yeniləşən, tərəqqi edən və bəşəri dəyərlər sisteminə inteqrasiya olunan Azərbaycanın taleyinə duyulan sonsuz Vətən sevgisi dayanırdı. Onun siyasi iradəsi xalqın iradəsi ilə vəhdət təşkil edir, qəbul edilən hər qərar dövlətin möhkəmlənməsinə, millətin gələcəyinin təminatına xidmət edirdi. Bu, danılmaz bir həqiqətdir ki, xalqımızın əsrlər boyu formalaşan qətiyyətli, istiqamətverici milli lider idealı məhz Ulu Öndər Heydər Əliyevin şəxsiyyətində özünün ən kamil təcəssümünü tapmışdır. O, müstəqil Azərbaycan Respublikasının milli-mənəvi, siyasi, iqtisadi və ideoloji əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının güclü, müstəqil və davamlı dövlətə sahib olmaq arzusunu gerçəkləşdirmiş, bu dövlətin əbədiyaşarlığını tarixi zəmanət altına almışdır. Heydər Əliyev fenomeni bu gün də Azərbaycanın inkişaf yoluna işıq salan strateji düşüncə məktəbi kimi yaşayır və gələcək nəsillər üçün möhkəm ideoloji dayağa çevrilir. Heydər Əliyevin irsi təkcə bütün həyatını xalqının, dövlətinin yüksəlişinə həsr etmiş bir Liderin şərəfli ömür yolu, yaratdığı tarix deyil. “Onun irsi həm də bu günümüz və gələcəyimizdir. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinə təminat yaradan, önümüzdə aydın inkişaf istiqamətləri müəyyənləşdirən yol xəritəsidir.”Ulu Öndərin Vətən qarşısındakı ən mühüm xidmətlərindən biri azərbaycançılıq məfkurəsini bütün həmvətənlərini birləşdirən ideologiya halına gətirməsi, müstəqil dövlətin ideya əsasına çevirməsidir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuşdur, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.             “Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün soydaşlarımız arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. Bunu o dövrdə yaradılmış Azərbaycan ədəbiyyatı, musiqisi, kinosu, təsviri sənətində və eləcə də xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən digər çoxsaylı əsərlərdə müşahidə etmək olar. Həmin dövrdə Ulu Öndər respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, diasporumuzun təşəkkül tapmasını vacib sayırdı.”              Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq məfkurəsi mənəvi inkişafımızın, Azərbaycanın əbədi istiqlalının təminatçısına çevrildi. Ulu Öndərin müəyyən etdiyi azərbaycançılıq iki təməl ideyanı özündə birləşdirmiş oldu: dövlətçilik və vətənpərvərlik. Azərbaycançılıq ölkəmizə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, doğma yurdumuzu etnik bölgücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipərə çevrildi. Dünyaya səpələnən soydaşlarımızı vahid məqsəd ətrafında birləşdirdi. Xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini sübut etməklə kifayətlənmədi. Onun əsas istiqamətlərini və perspektivlərini bəyan etməklə dünya azərbaycanlılarının həmrəyliyinə nail oldu. Ulu Öndər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın doğma Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsini, onların arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunmasını, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsinin zəruriliyini nəzərə alaraq 2001-ci ilin  mayın 23-də sərəncam imzalamaqla azərbaycançılıq məfkurəsinin təməl prinsiplərini möhkəmlətdi. 2001-ci il noyabrın 9-da keçirilən Dünya azərbaycanlılarının  I qurultayında  Ulu Öndər Heydər Əliyev deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik…" Bu məntiqdən çıxış edərək deyə bilərik ki, ilk qurultay dünya azərbaycanlılarının milli mənlik şüurunun güclənməsində, müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının təmin olunmasında müstəsna rol oynadı. Ulu Öndər hələ Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində çalışarkən, “1991-ci il noyabrın 5-də Ali Məclis uzun illərin ayrılığından sonra Arazboyu sərhəd dirəklərinin söküldüyü 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurətini irəli sürmüş və bununla bağlı qərar qəbul olunaraq Azərbaycan Ali Sovetinə müraciət ünvanlamışdı. Dekabrın 25-də isə Azərbaycan Respublikası Ali Soveti müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etmişdi.”              Dünya azərbaycanlılarının I qurultayından sonra xarici ölkələrdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi, inkişafı məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il xarici ölkələrdəki azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında qanunun qəbulu da Ulu Öndər Heydər Əliyevin bu istiqamətdəki tarixi xidmətlərinin qürur dolu səhifələridir. Bu böyük şəxsiyyət, dövlət xadimi xarici ölkələrə səfərləri zamanı da həmin ölkələrdə yaşayan Azərbaycan icmalarının təmsilçiləri ilə görüşməyi vacib bilir, onların problem və qayğılarına diqqət yetirir, fəallığı, mütəşəkkilliyi, proseslərə təsir imkanlarını daha da artırmaları üçün dəyərli tövsiyələrini onlardan əsirgəmir, azərbaycançılıq məfkurəsini dünyada təbliğ edirdi.               Azərbaycanın milli dövlətçilik ideologiyasının - hüquqi, demokratik dövlət kimi inkişafını və təhlükəsizliyini təmin edən dəyərlər sisteminin  Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılması tarixi bir qanunauyğunluqdur. Bu baxımdan ölkənin konstitusiya quruculuğu da milli dövlət ideologiyasının əsasını təşkil edir. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu ölkənin ictimai-syasi həyatında əlamətdar bir hadisə oldu.               Ulu Öndər Heydər Əliyev Konstitusiyamıza müəlliflik etməklə və onun qəbuluna nail olmaqla həm Azərbaycan xalqının ötən əsrin əvvəllərindən yarımçıq qalan arzusunun gerçəkləşməsinə nail olmaqla kifayətlənmədi, dövlət quruculuğu prosesinin ən zəruri məqamlarından biri olan hüquqi sistemin təkmilləşdirilməsinə nail oldu. Heydər Əliyev Azərbaycanda hüquqi dövlət modelinin yaradılması və inkişafına yönəlmiş fundamental strategiyanın müəllifi kimi bütün sahələrdə mükəmməl qanunların hazırlanması prosesini sürətləndirdi. Azərbaycan Respublikasının Konstitusiyası 30 il ərzində təkmilləşdirmə və inkişaf yolu keçmişdir. Prezident İlham Əliyevin 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı sərəncamında deyilir: "Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir". Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Əsas Qanunumuz və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatından sonra bərpa etdiyimiz dövlət suverenliyimiz xalqımızın təkcə əsrləri əhatə edən arzusu deyil, həm də tarixin qarşımıza qoyduğu tələbi idi. İndi tərəddüd etmədən deyə bilərik ki, Konstitutsiyamız milli dövlətçilik tariximizdə suverenleyimizin, müstəqilliyimizin bütün parametrlərini özündə ehtiva etməklə yanaşı, azərbaycançılıq məfkurəsinin təməl prinsiplərini özündə əks etdirən rəsmi dövlət sənədidir. Milli dövlətçilik təkcə ərazinin, maddi sərvətlərin deyil, həm də mənəvi dəyərlərin, həmrəyliyin qorunmasından ibarətdir. Soydaşlarımızla görüşlərinin birində Ulu Öndər deyirdi: "... Mən demirəm ki, 40 milyon azərbaycanlının hamısı bir yerə yığışsın, bu, heç lazım da deyil. Ancaq hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra daha da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər...” Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində qeyd edirdi: "Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir... Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır". Azərbaycanlıların yaşadığı bütün ölkələrdə əks-səda verən bu çağırış azərbaycançılıq adlı mühüm bir ideologiyaya, müstəqil Azərbaycan dövlətinin xilas yoluna çevrildi. İstər sovet dövrü olsun, istər də müstəqillik illərində Heydər Əliyev hər zaman və hər yerdə Vətən, Odlar Yurdu Azərbaycan üçün çalışır, həyatının mənasını, dövlət idarəçilik təliminin əsasını milliliyin, həmrəyliyin qorunub saxlanmasında görürdü. Lider – Varis ənənəsini dövlət idarəçilik təliminin prioritetinə çevirən Prezident İlham Əliyev Ulu Öndərin milli inkişaf strategiyasını bu istiqamətdə də uğurla davam və inkişaf etdirməklə kifayətlənmədi, müasir dünyanın reallıqlarına, yeni vəziyyətlərə uyğun olaraq diaspor quruculuğu sahəsində mühüm addımlar atdı. Prezidentin 5 iyul 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması da bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Diaspor quruculuğu fəaliyyətində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın müstəsna xidmətləri vardır. Tarixi zəfərin simvolu, rəmzi olan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirildiyi əlamətdar gün də dünyanın ən müxtəlif məkanlarında yaşayan həmvətənlərimizin yaddaşına qürurla yazıldı. Bu möhtəşəm və mötəbər tədbir tarixə Dünya Azərbaycanlılarının Zəfər qurultayı kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı proqram xarakterli nitqi ilə dünyadakı bütün soydaşlarımıza gələcəyə doğru aydın istiqamət verdi. 30 illik işğaldan, intizardan sonra Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı Ulu Öndərin birlik, bütövlüklə bağlı düşüncəsinin, gələcəyə müdrik baxışının təntənəsi idi. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qürurla söylədiyi bu müdrik kəlam tarixlə müasirlik arasında körpüyə çevrildi: "Biz xoşbəxt insanıq, Ulu Öndərin davamçıları kimi onun bir yarımçıq arzusunu, azərbaycançılıq ideologiyası ilə bağlı düşüncəsini gerçəyə çevirdik..." Milli mənlik, milli kimlik uğrunda mücadilə edən, iradənin gücü xarakterin əyilməzliyi ilə tarix yaradan, imperiyalar, qüdrətli dövlət quran, Manna, Midya, Atropatena, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi imperiyalar quran Odlar Yurdu Azərbaycan Şərqin ilk Demokratik Cümhuriyyətini qurmaqla sübut etdi ki, o qüdərtli dövlətçilik ənənələrinə, zəngin tarixə və mədəniyyətə malik ölkədiir. Bolşevik Rusyasının, SSRİ-nin at oynatdığı illərdə, siyasi hakimiyyətinin birinci mərhələsində Ulu Öndər Heydər Əliyev sübut etdi ki, Odlar Yurdu Azərbaycan təkcə “Qara qızıl”ın, “Ağ qızıl”ın deyil, həm də bəşəri dəyərlər xəzinəsinin yaratdığı incilərlə zənginləşdirən Xaqani Şirvani, Nizami Gəncəvi, Seyid İmaddədin Nəsimi, Mövlana Məhəmməd Füzuli,Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Abbasqulu ağa Bakıxanov, Hüseyn Cavid, Səməd Vurğun kimi dahilərin diyarıdır. Şura hökumətinin gəlişi ilə onun əlindən alınan Ana dili sənəd, siyasət, mədəniyyət dilidir. 1978-ci ildə Şah İsmayıl Xətaidən, Səfəvilər İmperiyasından 477 il sonra Ana dilinə dövlət dili statusu verilib onu Anayasada-Konstutisuyada təsbit etdirinən Ulu Öndər siyasi hakimiyyətinin ikinci mərhələsində də milli mənlik, milli kimlik uğrunda mücadilənin mücahidi kimi tarix yaratdı. Böyük Qayıdışı, ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Dirçəlişin, Qurtuluşun memarına çevrildi.  2003 –cü il dekabrın 12-də  dünyaya vida nəğməsi oxuyarkən isə “Ata Vəsiyyətinə əməl edən” Varisi haqqında tarixi bir kəlam işlətdi: “Mən ona özüm qədər inanıram”. Bu gün onun günüdür! 44 günlük Vətən Müharibəsində iradənin gücü, xarakterin əyilməzliyi ilə mümkün olmayanı mümkünə çevirən, Lider-Xalq birliyinə nail olan, Qüdrətli Ordusu ilə Şuşa qalasına , ruh bədənə girən kimi bir göz qırpımında girən,  mənsub olduğu milləti, məmləkəti Cıdır düzündə, Xüdafərin körpüsündə Bayrağa döndərən, “Qars Bəyannaməsi”ndən “Şuşa Bəyannaməsi”nə yol gələn, Zəngəzur dəhlizini Turanın, türk dünyasının, Şərqlə Qərbin körpüsünə, 30 ildir qolu bağlı qalan, Şərqin, Türkün qapısı, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın nicat yerinə çevirən Liderin Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin günüdür!  Bu gün həm də, onun varlığı ilə qürur duyan, arxasında dağ kimi dayanan, duaları ilə qoruyan, Yoxdan var edənimiz, Baba yadigarımız, Zəfər, Qələbə memarımız deyib, ona inanan inamında yanılmayan, Ulu Öndərin 34 il bundan öncə elan etdiyi həmrəylik günü sözün həqiqi mənasında Dünya Azərbaycanlılarının, türklərin, müsəlmanların həmrəylik gününə çevirən xalqın günüdür! Birliyimiz daim olsun, həmrəyliyimiz gücümüzə güc qatsın! Həmrəylik Gününüz mübarək olsun! Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı QüvvələrVeteranları Təşkilatının sədri,     polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Prezidentdən Ermənistana: “Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get, başqa ölkənin tərkibində yaşa”

“Müharibəyə gəldikdə, bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər - 10 mindən çox fərari olub. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi”. Oxu.Az-ın məlumatına görə, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. Prezident bildirib ki, Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz:   “Onların ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edildi?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların “qəhrəmanları” qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar. Ermənistan rəhbərliyi artıq özü bunu deyir ki, 20 il ərzində - 1998-ci ildən 2018-ci ilə qədər bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərarilər rəhbərlik edib. Son iki il yarım ərzində isə kim rəhbərlik edib? Artıq bütün dünya görür və bu ölkəyə hansı ad vermək olar? Ancaq bir ad – uğursuz ölkə. Bu uğursuzluğun səbəbi nədir? İşğal! Mən bunu dəfələrlə demişəm. Hər kəs baxa bilər mənim çıxışlarıma, müsahibələrimə. Demişəm ki, bu işğal Ermənistanı uçuruma aparacaq. Demişəm ki, biz heç vaxt bu işğalla barışmayacağıq, gec-tez torpağımızı qaytaracağıq. Ancaq Ermənistan o tarixi şansı itirəcək”. İ.Əliyevin sözlərinə görə, Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil: “Ermənistan faktiki olaraq müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar. Onlar Bakıda, Gəncədə, bizim başqa şəhər, rayonlarımızda yaşayırdılar. Onlara söz deyən var idi? Yox. Onlar bundan məhrum oldular. Bizim xalqımızı oradan qovaraq, etnik təmizləmə siyasəti apararaq buradan da getməli oldular. Nə qazandılar? Heç nə. İndi isə bax, bu rəzil durumda bir-birini didirlər, olan-qalan dövlətçiliyi də məhv edirlər. Mən o vaxt demişdim ki, onlar ağıllarını başlarına yığsınlar, bu işğala son qoysunlar. Bu işğal davam etdikcə Ermənistan inkişaf edə bilməz və bilmədi. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar. Bunların ideoloji əsasları yalan üzərində qurulub, tarixi saxtakarlıq üzərində qurulub və keçmiş üzərində qurulub. Saxtalaşdırılmış keçmişdən əl çəkə bilməyən ölkə necə qabağa gedə bilər? Baxın, dünyada nə qədər müharibələr olub. Elə bu son 100 ili, 200 ili götürün. Nə qədər insanlar həlak olub müharibələrdə. Kim bu ədavəti, kim bu kini-küdurəti yaşadıb öz ürəyində illərlə? Kim öz uşaqlarını nifrət hissi ilə böyüdüb? Budur, bunun gələcəyi, budur, bunun reallıqları. Sovet İttifaqı Almaniya ilə müharibə zamanı on milyonlarla insan itirib, 10 il, 20 il keçəndən sonra artıq barışıq olub”. “İndi Rusiya ilə Almaniya arasındakı münasibətlər normal inkişaf edir. Avropa ölkələri özləri. Fransa İtaliya ilə nə qədər müharibə aparıb. Almaniya ilə Fransa nə qədər müharibə aparıb. Hansı ölkənin xalqı bu nifrəti öz ürəyində yaşadır, bunu, necə deyərlər, alovlandırır. Bax, budur, Ermənistanı bu günə salan. Onlar bütün öz bəlalarında özləri günahkardır. Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər? Türkiyəyə qarşı ərazi iddiası. Heç ağlı yoxdur. Türkiyə kimi böyük bir ölkəyə qarşı ərazi iddiası irəli sürmək özünəqəsd deməkdir. Azərbaycana qarşı ərazi iddiası. Onlar bu iddianı müəyyən müddət ərzində reallaşdıra bilmişdilər, bizim torpaqlarımızı işğal etmişdilər, qonşu xalqı didərgin salmışdılar. Hesab edirdilər ki, onlar haqlıdır və saxta tarix yaradırdılar. İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get, başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa. Onlar özləri öz bəlalarının səbəbkarlarıdır. Onlara vurulmuş bu zərbə, onların başına gələn bu hadisələr bəlkə də onları ayıltdı ki, onlar normal ölkə kimi bundan sonra yaşaya bilsinlər, əgər düzgün seçim etsələr, əgər qonşularla münasibətləri normallaşdırsalar. Mən nə üçün bu barədə danışıram?! Çünki biz bu bölgədə yaşayırıq və istər-istəməz bu qonşuluq davam edəcək, istəsək də, istəməsək də. Mən ölkə Prezidenti və Ali Baş Komandan kimi maraqlıyam ki, bölgəmizdə, Cənubi Qafqazda ədavətə artıq son qoyulsun və normal, işgüzar münasibətlər qurulsun. Hər halda, biz bunu istəyirik. Mən müharibə dövründə demişəm, bir daha deyirəm, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Biz erməni xalqına qarşı enik təmizləmə aparmamışıq, necə ki, onlar bizə qarşı aparıblar. Biz onların tarixi abidələrini dağıtmamışıq, biz onları qoruyuruq və bildiyiniz kimi, bu məsələ ilə bağlı önəmli addımlar atmışıq”, - deyə Prezident əlavə edib.

Hamısını oxu
Müharibə veteranlarına illik əmək məzuniyyəti ən azı 46 təqvim günü veriləcək

Prezident İlham Əliyev Əmək Məcəlləsində edilmiş bir sıra dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklər Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları və beynəlxalq təcrübəyə uyğun olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi hüquqlarının daha etibarlı müdafiə mexanizminin, əmək münasibətlərində çevik və sosialyönlü hüquqi tənzimləmələrin tətbiqi, müasir tələblərə uyğun yeni anlayışların qanunvericiliyə gətirilməsi məqsədi daşıyır. Təsdiq edilən dəyişikliklərdən biri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 120-ci maddəsi ilə bağlıdır. Belə ki, aşağıdakı kateqoriyalara aid olan işçilərə illik əmək məzuniyyəti 46 təqvim günündən az olmayaraq veriləcək: - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə, - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə, - döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə, - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə, - Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, - Azərbaycanın Milli Qəhrəmanlarına, - Sovet İttifaqı Qəhrəmanlarına, - Azərbaycan Respublikasının ən yüksək təltifi ilə, İstiqlal ordeni ilə, - habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə. 

Hamısını oxu
Rusiya Federasiyasının Dağıstan Respublikasının Bakıdakı nümayəndəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının Azərbaycan Respublikasının Bakı şəhərindəki nümayəndəsi Əliyar Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb.  Görüş əsnasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti haqqında Əliyar Abdullayevə ətraflı məlumat verən polkovnik Cəlil Xəlilov, faşizm üzərində tarixi qələbənin 80-ci ildönümü münasibətilə görülən və görülməkdə olan işlərə diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, hazırda Təşkilatın qarşısında duran əsas vəzifələrdən biri keçmiş sovet respublikaları və Avropa dövlətlərinin faşist işğalından azad olunmasında iştirak edən azərbaycanlıların tam siyahısının müəyyən edilməsi, bu döyüşlərdə qəhrəmanlıq göstərən soydaşlarımızın xatirəsinin elə həmin ölkələrdə əbədiləşdirilməsinə nail olmaqdır. Rusiya Federasiyasının Dağıstan Respublikasının ölkəmizdəki nümayəndəsi Əliyar Abdullayev səmimi qəbula görə polkovnik Cəlil Xəlilova təşəkkür edib, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Əliyar Abdullayev bir qrup veteranı faşizm üzərində qələbəni 80-ci ildönümü ilə bağlı Dərbənddə keçiriləcək konfransa dəvət edib. Yaxın gələcəkdə qarşılıqlı təmasların davam etdirilməsi, birgə əməkdaşlıqla bağlı konkret addımların atılması qərara alınıb. Seymur ƏLİYEV

Hamısını oxu