Digər xəbərlər
Martın 13-də keçirilən XII Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti İlham Əliyev çıxışında beynəlxalq münasibətlər, enerji siyasəti, regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətləri kontekstində mühüm məsələlərə toxundu. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusu çərçivəsində cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətini bir daha göstərmiş oldu.Azərbaycanın ev sahibliyi etdiyi Qlobal Bakı Forumu artıq qlobal səviyyədə nüfuz qazanmış mühüm beynəlxalq platformadır. Forum çərçivəsində dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu ekspertlər mühüm məsələləri müzakirə edirlər. Cənab Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu prosesdəki rolu əhəmiyyətlidir və Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarını uğurla idarə etməsi qlobal siyasətdəki mövqeyini gücləndirir.Prezident İlham Əliyevin çıxışında Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi etdiyi COP29-a xüsusi diqqət ayrıldı. O, Azərbaycanın bu tədbiri təşkil etməsinin dünya ölkələrinin ölkəmizə olan etimadının göstəricisi olduğunu vurğuladı. COP29 çərçivəsində Bakıda bərpaolunan enerji sahəsində maliyyələşmənin üç dəfə artırılması (100 milyarddan 300 milyard dollara qədər) qərarı mühüm uğur kimi dəyərləndirildi. Bu, Azərbaycan üçün yeni iqtisadi imkanlar açır və yaşıl enerji istehsalında ciddi irəliləyişə zəmin yaradır.Eyni zamanda, ölkə rəhbəri Azərbaycanın enerji siyasətində şaxələndirməyə üstünlük verdiyini qeyd edərək, ölkənin həm neft-qaz, həm də bərpaolunan enerji resurslarına əsaslanan modelə keçdiyini bildirdi. Bu siyasət Azərbaycanın qlobal enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.Cənab Prszidentin çıxışının diqqətçəkən məqamlarından biri Azərbaycanın enerji siyasətinin təkcə milli deyil, həm də regional və qlobal miqyasda mühüm təsirlərə malik olması idi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu gün 12 Avropa ölkəsi də daxil olmaqla, 10-dan çox ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Xüsusilə, Avropa İttifaqının Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi və enerji marşrutlarının diversifikasiyası fonunda Bakı mühüm geosiyasi aktora çevrilib.Bununla yanaşı, ölkə rəhbəri Azərbaycanın yeni enerji layihələrinə – yaşıl enerji ixracına, Xəzər-Qara dəniz marşrutuna və yeni enerji kabelinə xüsusi diqqət çəkdi. Bu təşəbbüslər Avropanın enerji təhlükəsizliyini möhkəmləndirmək üçün strateji əhəmiyyət daşıyır və Azərbaycanın bu sahədə əsas oyunçulardan biri kimi rolunu təsdiqləyir.Forumda qlobal informasiya müharibəsi və Azərbaycana qarşı kampaniya da diqqətçəkici məqamlardan idi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın qlobal informasiya müharibəsi ilə üzləşdiyini və xüsusilə Qərb mediasının COP29 öncəsi ölkəyə qarşı kampaniya apardığını vurğuladı. Qərbin, xüsusilə Fransanın aparıcı media qurumları vasitəsilə Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışdığı qeyd olundu.Bu, ilk dəfə deyil ki, Qərb media qurumları və bəzi siyasi dairələr Azərbaycanın milli maraqlarına qarşı kampaniya aparırlar. Bunun əsas səbəblərindən biri Azərbaycanın müstəqil siyasət aparması, beynəlxalq münasibətlərdə öz suverenliyini qətiyyətlə qoruması və böyük dövlətlərin təzyiqlərinə boyun əyməməsidir. Dövlət başçısı bu kontekstdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi fonunda xarici təzyiqlərin artdığını qeyd etdi.Prezident İlham Əliyev çıxışında Ermənistanın Azərbaycana qarşı işğal siyasətinin nəticələrinə toxunaraq, azad edilmiş ərazilərin tamamilə dağıdıldığını vurğuladı. Bununla yanaşı, sülh prosesinə dair Azərbaycanın irəli sürdüyü prinsiplərin əsasən qəbul edildiyini, lakin Ermənistanın hələ də müəyyən maneələr yaratdığını qeyd etdi.Sülh prosesi çərçivəsində əsas məqam Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır. Müzəffər Ali Baş Komandan açıq şəkildə bildirdi ki, Azərbaycan Ermənistanın bu iddialardan imtina etməsini tələb edir. Əks halda, sülh prosesinin davamlı olması sual altına düşə bilər.Bundan əlavə, Prezident Ermənistanın yeni silahlanma siyasətinin və xarici aktorlar tərəfindən hərbi dəstək almasının yeni müharibəyə hazırlıq əlaməti ola biləcəyini bildirdi. Bu, Cənubi Qafqazda sabitliyin pozulması üçün ciddi təhlükə yarada bilər.Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın qlobal və regional siyasətində mühüm mövqeyini bir daha ortaya qoydu. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı mühüm rol, yaşıl enerji strategiyası və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin qlobal nüfuzunu artırır.Bununla yanaşı, dövlət başçısının Qərb mediası və bəzi xarici dairələr tərəfindən aparılan kampaniyaya cavabı, Azərbaycanın informasiya müharibəsinə qarşı mübarizə apardığını göstərir. Ermənistanla sülh prosesində isə Azərbaycanın mövqeyi dəyişməz qalır: Azərbaycanın suverenliyi və ərazi bütövlüyü heç bir kompromisə getmədən qorunacaq.Bütün bu amillər Azərbaycanın qlobal siyasətdə daha fəal rol oynamağa davam edəcəyini və regionda lider mövqeyini daha da möhkəmləndirəcəyini göstərir. Məşhur MəmmədovMilli Məclisin deputatı
Hamısını oxu
Cəlilabad rayon Veteranlar Təşkilatı Cəlilabad rayon Göytəpə şəhərində yerləşən şəhid Vasif Hüseynov adına ümumtəhsil tam orta məktəbi ilə birlikdə Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirib. Tədbirdən öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin və ölməz sənətkarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Məktəbin müəllimi Aydan xanım Ələkbərlinin aparıcılığı ilə keçirilən bu tədbirdə şəhid Vasif Hüseynov adına ümumtəhsil tam orta məktəbin direktoru Şəhla Mürsəlova giriş sözü ilə tədbir iştirakçılarını salamlayıb, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib yeni istifadəyə verilmiş bu təhsil ocağında belə bir tərbirin keçirilməsinə görə Rayon Veteranlar Təşkilatına öz təşəkkürünü bildirib. Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü, şair-publisist Ədalət Salman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı ölkəmizdə tədbirlər keçirilməsi haqqında verdiyi sərəncamı sənət adamlarına göstərilən dövlət qayğısı kimi dəyərləndirib və unudulmaz şairin Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu xüsusi vurğulayıb. Tədbirdə Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Zülfi Vellidağ, Əfrahim Abbas, Arzu Əyyarqızı, Etibar Sevənli, Mikayıl İnçəçaylı, fəlsəfə üzrə fəlsəfə doktoru İlqar İsmayılzadə, veteran pedaqoq Dadaş Bayramov, müharibə veteranı Qurban Əhməd, şəhid qardaşı Sakit Üçtəpəli və başqaları çıxış edərək böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından danışıb, onun milli azadlıq ruhunda yazdığı əsərlərinin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində müstəsna əhəmiyyətə malik olduğunu qeyd ediblər. Məktəb şagirdlərinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa edilib, “Gülüstan” poemasından ayrı-ayrı hissələr söylənilib. Xalqımızın sevimli şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir məktəbin pedaqoji və şagird kollektivinə, həmçinin qonaqlara xoş ovqat yaşadıb.
Hamısını oxu
Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir. Makron rejiminin məqsədi Cənubi Qafqazda yeni gərginliyin meydana çıxmasına nail olmaqdır”. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanı açıq şəkildə himayə etməyə başlayan Fransa son bir ildə İrəvana ağır artilleriya, zirehli maşınlar və raket sistemləri verməkdə davam edir: “Paris açıq şəkildə bildirir ki, Ermənistan ordusunun yenidən qurulmasına yardım göstərəcək, silahlandırma prosesini bundan sonra da davam etdirəcək. Ermənistanın müdafiə nazirinin Parisə son səfərində Ermənistanla Fransa arasında silah alqı-satqısı ilə bağlı yeni müqavilələrin imzalanması Makron hakimiyyətinin bölgə ilə bağlı məkirli niyyətlərinin əməli göstəricisidir. Ermənistan indiki həssas məqamda diqqətli olmalı, Fransanın təxribatlarına boyun əyməməlidir. Rəsmi İrəvan bilməlidir ki, Fransanın təxribatlarına uyacağı, ölkəmizə qarşı hansısa təhrikedici addım atacağı təqdirdə, bunun cəzasını ağır şəkildə ödəməli olacaq”. Polkovnik daha sonra deyib: “Bu gün Azərbaycan Ordusunun gücü, döyüş əzmi bütün dünyaya yaxşı məlumdur. Vətən müharibəsi günlərində öz gücünü əyani şəkildə ortaya qoyan Azərbaycan Silahlı Qüvvələri postmüharibə dövründə öz qüdrətini daha da artırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu məsələyə dəfələrlə toxunub, ordumuzun artan gücündən iftixar hissi ilə bəhs edib. Ermənistan da bu həqiqəti unutmamalı, regional sülhü hansısa uzaq dövlətlərin mənafeyinə qurban verməməlidir. Əks təqdirdə, bu, Ermənistanın özü üçün fəlakətlə nəticələnəcək”.
Hamısını oxu