Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

CƏLİL XƏLİLOV: “Qusar əməliyyatı xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri portalımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, terror qrupu ilə bağlı informasiyanın əldə edilməsi, əməliyyatın yüksək  məxfiçilik şəraitində peşəkarlıqla yerinə yetirilməsi DTX-nın yüksək hazırlıq səviyyəsindən xəbər verir:

 “Qusar ərazisində məskunlaşan və burada gələcək terror fəaliyyətləri üçün hazırlıq işləri həyata keçirən terror qrupu ilə bağlı informasiyaların əldə edilməsi, bu informasiyalar əsasında qısa zamanda effektli əməliyyatın təşkili dövlətimizin, güc orqanlarımızın adına böyük uğurdur. Bu fakt bir daha sübut edir ki, ölkəmizin xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir və onlar istənilən təhdidin qarşısını vaxtında almağa, onu elə hazırlıq mərhələsindəcə ifşa etməyə qadirdir. Mən buna görə DTX və DİN-ə təşəkkür edir, minnətdarlığımı bildirirəm.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, baş verən bu hal beynəlxalq anti-Azərbaycan qüvvələrinin ölkəmizlə bağlı məkirli planlarından xəbər verir. Bu fakt sübut edir ki, bu gün də bəzi düşmən qüvvələr ölkəmizdə dincliyi, sabitliyi pozmağa, ölkə daxilində gərginlik yaratmağa çalışır. Doğrudur, güc orqanlarımız bütün bu təhdid və təhlükələrin qarşısını böyük peşəkarlıqla almaqdadır, lakin dövlətimizi, dövlətçiliyimizi, konstitusion quruluşumuzu hədəf alan bu təhlükələrə qarşı mübarizə aparmaq yalnız hüquq-mühafizə orqanlarımızın deyil, hər birimizin borcudur. Bu məsələdə hər bir qurum, hər bir vətəndaş ayıq-sayıq olmalı, dövlətimizə, aidiyyati qurumlara dəstək verməlidir. Yalnız belə olduğu halda biz hər cür kənar təhlükələrdən sığortalana, özümüzü tam təhlükəsizlikdə hiss edə bilərik.”

Cəlil Xəlilov daha sonra əminliklə bildirib ki, heç bir xarici qüvvə Azərbaycanımızın inkişaf yoluna mane ola bilməyəcəkdir:

“Dövlətimizə qarşı düşmən mövqedə dayanan bədxahlar bilməlidir ki, Azərbaycan sözün həqiqi və bütün mənalarında güclü dövlətdir. Dövlətimizin və xalqımızın təhlükəsizliyinə zərrə qədər də olsun təhdid yaradan hər bir məkirli əməlin qarşısı xüsusi xidmət orqanlarımız tərəfindən qətiyyətlə alınacaq və heç bir qüvvə respublikamızın tərəqqisinə, rifahına mane ola bilməyəcək”.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

2025-02-06 12:34:06
3391 baxış

Digər xəbərlər

Cəfərov Elyəddin Zöhrab oğlu

Cəfərov Elyəddin Zöhrab oğlu 24.05.1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. 2001-ci ildə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olan Elyəddin 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərən Elyəddin 2-ci Qarabağ müharibəsi başlayan ilk gündən könüllü şəkildə işlədiyi müəssisədən müvəqqəti möhlət alaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş və ön cəbhəyə yollanmışdır. Torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək ŞƏHİDLİK zirvəsinə ucalan Elyəddin Cəfərov 20 oktyabr 2020-ci il tarixdə doğulduğu doğma Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd qəbirsitanlığında böyük izdihamla dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən ŞƏHİD Cəfərov Elyəddin Zöhrab oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur Döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.   Dərin hörmətlə anırıq! Ruhun şad olsun!

Hamısını oxu
Hikmət Hacıyev: Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və UNESCO tərəfindən siyasi məqsədlər üçün istifadə olunmamalıdır

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik. -Hikmət müəllim, 2020-ci il dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı qeyd etdi ki, Azərbaycan 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət edərək işğal olunmuş ərazilərimizdə məscidlərimizin və tarixi abidələrimizin işğalçı Ermənistan tərəfindən dağıdıldığını, erməniləşdirildiyini bildirib. Lakin UNESCO bir dəfə də olsun missiya göndərməyib. 30 il Azərbaycanın missiya ilə bağlı çağırışlarına cavab vermədiyi halda son dövrlər UNESCO-nun ölkəmizə missiya göndərmək istəyini necə izah etmək olar? -Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan işğal edilmiş ərazilərimizdə xalqımızın mədəni, tarixi və dini abidələrinin qəsdən dağıdılması və ya erməniləşdirilməsi kimi qanunsuz əməllər həyata keçirib. Həmin ərazilərdə Ermənistan tərəfindən 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi abidə, saray və muzeylər dağıdılıb, eləcə də 40.000 muzey eksponatı qanunsuz olaraq daşınıb. Ermənistanın qanunsuz əməllərini araşdırmaq və qarşısını almaq məqsədilə Azərbaycan dəfələrlə UNESCO missiyasının işğal olunmuş ərazilərimizə göndərilməsi təklifi ilə çıxış edib. İşğalçı dövlət olan Ermənistan isə qeyri-konstruktivlik nümayiş etdirərək Azərbaycanın UNESCO missiyası ilə bağlı bütün çağırışlarının qarşısını alıb. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz əməlləri barədə beynəlxalq ictimaiyyət, o cümlədən UNESCO bütün bu illər ərzində davamlı şəkildə məlumatlandırılıb. Bu məqsədlə bir sıra nəşrlər hazırlanıb. Məsələn, 2007-ci ildə "Azərbaycana qarşı müharibə - mədəni irsə hücum" adlı kitab hazırlanıb və UNESCO-ya təqdim edilib. Bu kitabda ölkəmizin işğal edilmiş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəni və dini abidələrin siyahısı, onların qəsdən erməniləşdirilməsi, Alban kilsələrinin erməni kilsələri kimi təqdim edilməsi barədə geniş məlumatlar yer alıb. Amma UNESCO tərəfindən adekvat reaksiya verilmədi. Hələ 2008-ci ildə UNESCO-nun o zamankı Baş direktoru Koişiro Matsuuranın ölkəmizə səfəri zamanı Azərbaycan tərəfi belə bir missiyanın təşkil olunmasını təklif etmişdi. O zaman Baş direktor məsələni izlədiklərini və missiyanın vaxtı haqqında dəqiq fikir söyləyə bilmədiyini qeyd etmişdi. Yadımdadır, Xarici İşlər Nazirliyində mətbuat xidmətinin rəhbəri olduğum zaman bu mövzu ilə bağlı bir sıra açıqlamalarla çıxış etmişdim. 2015-ci ildə müsahibələrin birində qeyd etmişdim ki, Azərbaycan UNESCO-nu ölkəmizin işğal olunmuş ərazilərində maddi-mədəni irsin dağıdılması hallarını araşdırmaq və monitorinq aparmaq üçün missiya göndərməyə dəvət edir. Amma Ermənistan bu missiyanın həyata keçirilməsinə imkan vermir. Çünki missiya həyata keçiriləcəyi təqdirdə, işğal olunmuş ərazilərdə xalqımıza aid maddi-mədəniyyət abidələrinə qarşı vandalizm halları sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətə təqdim olunacaq. 2016-cı ildə Ağdamın Cümə məscidinin Ermənistan tərəfindən hərbi məqsədlərlə istifadə edilməsi barədə məlumatlar daxil olmuşdu. Xarici İşlər Nazirliyinin bəyanatında bildirilmişdi ki, bu, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Haaqa Konvensiyasının kobud şəkildə pozulmasıdır. Odur ki, rəsmi Yerevan indi timsah göz yaşları tökmək və siyasi möhtəkirliklə məşğul olmaq əvəzinə, UNESCO missiyasına nəyə görə imkan vermədiyinə aydınlıq gətirməlidir. Təəssüf ki, UNESCO da bu məsələdə prinsipiallıq, qətiyyət nümayiş etdirmədi, hətta bəyanat belə vermədi. 2020-ci il tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Nəticədə bütün dünya Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklərin, barbarlığın bir daha şahidi oldu. Bu yaxınlarda Prezident İlham Əliyevin tapşırığı ilə biz ölkəmizdə akkreditə olunmuş diplomatları işğaldan azad edilmiş Fizuli və Ağdam şəhərlərinə apardıq. Orada bütün binalar, abidələr dağıdılıb, sökülüb. Ağdamda Qarabağ xanlarının dəfn edildiyi tarixi "İmarət" qəbiristanlığının dağıdıldığını və təhqir olunduğunu gördük. İşğal edilmiş ərazilərimizdə muzey eksponatları, əlyazmalar, xalçalar, tarixi zinət əşyaları Ermənistan tərəfindən qanunsuz olaraq daşınıb, mənimsənilib və xaricə satılıb. Məsələn, məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın Şuşadakı ev muzeyi dağıdılıb və muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq talan edilib. Ağdamdakı məşhur Çörək muzeyi dağıdılıb. Bir çox dəyərli Qarabağ xalçaları Ermənistana aparılıb və xaricə satılıb. Dünya əhəmiyyətli arxeoloji abidə olan Azıx mağarasında və Ağdamda Ermənistan tərəfindən qanunsuz arxeoloji qazıntılar aparılıb və dəyərli tapıntılar Ermənistana daşınıb. Faktiki olaraq, Ermənistan dövlət səviyyəsində vandallıq, talançılıq, soyğunçuluq siyasəti həyata keçirib. Ermənistanın bu kimi addımları beynəlxalq humanitar hüququn, xüsusilə "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-ci il Haaqa Konvensiyasının və UNESCO-nun "Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında" 1970-ci il Konvensiyasının kobud şəkildə pozulmasıdır. Ermənistan bu qanunsuz əməllərinə görə məsuliyyət daşıyır, bu əməllərinə görə cavab verməli və oğurladığı daşına bilən mədəni irs nümunələrini öz qanuni sahibi olan Azərbaycana qaytarmalıdır. Ermənistanın törətdiyi vəhşiliklər, vandallıq, talançılıq barədə son aylarda dünya mediasında çoxsaylı məlumatlar getdi, reportajlar hazırlandı. UNESCO Ermənistanın bu qanunsuz əməllərinə adekvat reaksiya verməli və bunları pisləməlidir. Lakin paradoksal odur ki, həm Vətən müharibəsinin gedişatı zamanı, həm də ondan sonra UNESCO anlaşılmaz, reallıqdan uzaq və yanlış istiqamətdə olan bir sıra bəyanatlarla çıxış etdi. Bu günlərdə isə UNESCO-nun Baş direktorunun müavini missiya ilə bağlı Azərbaycandan cavab gözlədikləri barədə açıqlama verib. İlk növbədə, bildirmək istərdim ki, bu açıqlamanın məzmunu və tərzi Azərbaycan tərəfi üçün qəbuledilməzdir və açıq-aşkar qərəzli mahiyyət daşıyır. Azərbaycan multikultural və tolerant ölkə olaraq öz ərazisində yerləşən bütün mədəni, dini abidələrin qorunmasını təmin edir. İstər müsəlman abidəsi olsun, istər yəhudi, istərsə də xristian. Elə təkcə bir fakt - bu yaxınlarda Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilməsi bunun bariz nümunəsidir. UNESCO və bəzi dövlətlərin Azərbaycanın qələbəsindən sonra missiya məsələsini qabartmaları bizdə bir sıra suallar doğurur. Bəs əvvəllər niyə UNESCO missiya göndərmirdi? İşğal edilmiş Azərbaycan ərazilərində məscidlər dağıdılanda, orada donuz, inək saxlanılanda UNESCO buna niyə reaksiya vermirdi?! Cənab Prezidentin qeyd etdiyi kimi, elə çıxır ki, məscidi dağıtmaq olar?! Amma ortada heç bir əsas olmadığı halda işğaldan azad edilmiş ərazilərdəki xristian abidələrinin taleyi bəzilərini, o cümlədən UNESCO rəhbərliyini "yaman narahat edir". Bir daha vurğulamaq istərdim ki, biz ölkəmizdə olan bütün dinlərə aid abidələrə böyük hörmətlə yanaşır və onları mühafizə edirik. Lakin UNESCO-nun reaksiyasından belə təəssürat yaranır ki, sanki xristian abidələri müsəlman abidələrindən daha önəmlidir. Bu, onu göstərir ki, mənsubiyyətindən asılı olmayaraq bütün dini, mədəni abidələr qorunmalı olduğu bir halda, UNESCO və bəzi siyasi dairələr tərəfindən açıq-aşkar dini zəmində ayrı-seçkilik edilir. Bütün bunlar siyasi riyakarlığın və ikili standartların bariz nümunəsidir. Burada bir faktı da vurğulamaq istərdim. 2018-ci ilin yanvarında Azərbaycanın xarici işlər naziri o zaman yeni seçilmiş Baş direktor Odre Azuley ilə görüşdə işğal altında olan ərazilərimizə UNESCO missiyasının göndərilməsi məsələsini bir daha qaldırmışdı. -Bəs Odre Azuleyin bu məsələyə münasibəti necə olmuşdu? -Çox maraqlıdır ki, O.Azuley bildirmişdi ki, UNESCO humanitar təşkilatdır və bu səbəbdən də siyasi məsələlərə müdaxilə etmək istəmirik. Amma indi üstündən cəmi iki il keçəndən sonra artıq deyəsən UNESCO-nun humanitar təşkilat olduğu "yadından çıxıb". Azərbaycanın şanlı Vətən müharibəsindən sonra UNESCO rəhbərliyi niyə belə tez mövqeyini dəyişdi?! Nədən bir məsələ ilə bağlı təşkilatda davamlı mövqe yoxdur?! Əlbəttə, belə yanaşma Azərbaycanı və ümumiyyətlə, beynəlxalq ictimaiyyətin digər məsuliyyətli üzvlərini qane edə bilməz. Sözügedən görüşün yazısı bizim diplomatik arxivdə saxlanılır. Aydın şəkildə sezilir ki, Azərbaycanın əldə etdiyi Zəfər nəticəsində regionumuzda yaranmış yeni reallıq bir çox siyasi dairələri narahat edir və onlar bununla barışa bilmirlər. Təəssüf doğuran bir haldır ki, UNESCO da ya məqsədli şəkildə, ya da bilməyərəkdən bu proseslərə cəlb olunub. UNESCO rəhbərliyi bu siyasətdən əl çəkməlidir. UNESCO hökumətlərarası bir təşkilatdır və öz fəaliyyətini mandatına uyğun olaraq obyektiv və qərəzsiz surətdə həyata keçirməlidir. UNESCO rəsmiləri vətəndaşı olduqları dövlətlərin milli gündəliyini irəlilətməklə məşğul olmamalıdır. UNESCO hansısa dövlətin siyasi təsir alətinə çevrilməməlidir. Bu, onun imicinə, müstəqilliyinə çox böyük bir zərbədir. Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və siyasi məqsədlər üçün istifadə olunmamalıdır. -Hazırda Azərbaycanın UNESCO-nun missiyası ilə bağlı mövqeyi necədir? -Bilirsiniz, Azərbaycanın mövqeyi haqlıdır və davamlıdır. Yəni, dünən olduğu kimi, bu gün də Azərbaycan UNESCO missiyasının təşkilinə qarşı çıxmır. Sadəcə, beynəlxalq hüquqa və müvafiq prosedurlara uyğun davranılmalıdır. Təhlükəsizlik şəraiti imkan verdiyi zaman missiyanın aydın mandatı və tərkibi Azərbaycan və UNESCO arasında razılaşdırılmalıdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır. Hazırda Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərimizdəki mədəni abidələrimizin vəziyyətini qiymətləndirir və bu məlumatlar UNESCO-ya təqdim ediləcək. Ermənistan digər sahələrdə olduğu kimi, işğal zamanı Azərbaycan xalqının bu torpaqlardakı izini silmək məqsədilə həyata keçirdiyi mədəniyyət soyqırımına və terroruna görə cavab verməlidir. -Belə xəbərlər yayılır ki, UNESCO UNITAR ilə birgə Qarabağda müəyyən layihələr həyata keçirmək istəyir. Azərbaycanın buna münasibəti necədir? -Bəli, biz də bu barədə eşitmişik. Bu iki təşkilat peyklər vasitəsilə Qarabağda müşahidələr aparmaq və mədəni irsin qorunması ilə bağlı oradakı vəziyyəti qiymətləndirmək istəyir. Birmənalı şəkildə bildirmək istəyirəm ki, belə özfəaliyyət qəbuledilməzdir. Həm UNESCO, həm də UNITAR BMT təşkilatlarıdır. Onlar beynəlxalq hüquqa və BMT-nin müvafiq qaydalarına uyğun hərəkət etməlidirlər. Qarabağ Azərbaycan torpağıdır və orada həyata keçirilən istənilən fəaliyyət Azərbaycanla razılaşdırılmalıdır. Əks halda tərəfimizdən bu, birbaşa olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hörmətsizlik kimi qiymətləndiriləcək və adekvat reaksiya veriləcək. -Hikmət müəllim, Azərbaycan silahlı münaqişələr zamanı mədəni irsin qorunması istiqamətində UNESCO-da başqa hansı işlər aparmışdır? Ümumiyyətlə, UNESCO ilə münasibətlərimizin gələcəyi barədə nə deyə bilərsiniz? -UNESCO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan silahlı münaqişələr dövründə mədəni abidələrin qorunması məsələsinə xüsusi diqqət ayırıb. Azərbaycan 2011-ci ildə UNESCO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsinə üzv seçilib və onun çərçivəsində fəal üzv kimi təşəbbüslərlə çıxış edib. 2012-2013-cü illərdə komitə çərçivəsində "İşğal edilmiş ərazilərdə mədəni abidələrin qorunması" adlı sənəd müzakirə edilib və qəbul olunub. Ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə hazırlanmış bu sənəd dünyada olan münaqişələr zamanı, işğal altındakı ərazilərdə UNESCO Katibliyinin mədəni abidələrin qorunması ilə bağlı atmalı olduğu addımları ehtiva edirdi. Azərbaycanın özü işğaldan əziyyət çəkmiş bir ölkə kimi nəinki yalnız işğal olunmuş ərazilərimizdə, eləcə də bütün dünyada mədəni abidələrin dağıdılması məsələsinə həssaslıqla yanaşıb və UNESCO ilə bu sahədə əməkdaşlığa daim önəm verib. Bizim düşüncəmiz belə olub ki, mədəni irs yalnız ayrıca bir xalqa deyil, bütün bəşəriyyətə məxsusdur. 2016-cı ildə UNESCO tərəfindən Mədəni abidələrin qorunması üzrə ilk "Hərbi bələdçi" hazırlanıb. Bu bələdçi çox önəmli nəşrdir və fərqli dillərə tərcümə edilərək bir çox dövlətlər və beynəlxalq təşkilatlar, o cümlədən NATO tərəfindən istifadə edilir. Bələdçinin hazırlanması üçün maliyyə töhfəsini məhz Azərbaycan verib. Həmçinin onun müəllifləri arasında İtaliya, İngiltərə, Fransa mütəxəssisləri ilə yanaşı, azərbaycanlı ekspert də yer alıb. Bu, ölkəmizin mədəni abidələrin qorunması sahəsinə verdiyi önəmin, eləcə də bu sahədə olan nüfuzunun göstəricisidir. Həmçinin UNESCO-nun ən mötəbər qurumlarından olan Ümumdünya İrs Komitəsində 2015-2019-cu illər ərzində üzvlüyü zamanı da Azərbaycan silahlı münaqişələr zamanı mədəni irsin qorunması məsələsini daim gündəmdə saxlayıb. Sualınızın ikinci hissəsinə gəldikdə isə deməliyəm ki, UNESCO ilə əməkdaşlıq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Məhz onun təşəbbüsü və dəstəyi ilə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə mədəni irsin qorunması sahəsində önəmli layihələr həyata keçirilib, məktəblər inşa edilib, məscidlər, kilsələr, tarixi abidələr bərpa olunub. Beynəlxalq hüquqa, beynəlxalq humanitar fəaliyyətə, multikulturalizmə böyük əhəmiyyət verən Azərbaycan UNESCO ilə bundan sonra da səmərəli, konstruktiv, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır. Azərbaycan UNESCO-dan da özünə münasibətdə eyni yanaşmanı gözləyir. Milli.Az

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təbrik ünvanlayıb

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti  8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya təbrik ünvanlayıb. Təbrikdə deyilir:   “Hörmətli Mehriban xanım!   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Sizi qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı münasibəti ilə təbrik edir, respublikamızın rifahı, dövlətimizin inkişafı yolundakı fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.   Sizin uzun illərdir ki, ölkəmizin çiçəklənməsi, xalqımızın rifahının yüksəldilməsi, Azərbaycan mədəniyyəti və tarixinin beynəlxalq miqyasda təbliği, erməni faşizminə qarşı mübarizə aparan ölkəmizin haqq səsinin dünyaya çatdırılması istiqamətindəki əməyiniz olduqca böyükdür və fəaliyyətiniz xalqımız və veteranlarımız tərəfindən  sevgi və məmnunluqla qarşılanır. Sizin rəhbərliyiniz altında həyata keçirilən çoxsaylı humanitar aksiyalar – aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi, əlil və yaralılarımızın müalicəsinin ölkəmizdə və onun hüdudlarından kənarda yüksək səviyyədə həyata keçirilməsi, istedadlı gənclərin irəli çəkilməsi, elm və təhsil adamlarına xüsusi diqqət və qayğının göstərilməsi, milli musiqimizin, o cümlədən muğamımızın dünyada tanıdılması, köməyə, qayğıya möhtac olan hər bir kəsə göstərdiyiniz dəstək vətəndaşlara dövlət qayğısı olmaqla yanaşı, həm də cəmiyyətə, bütövlükdə insanlığa ünvanlanan humanist bir addımdır. Məhz Sizin çoxşaxəli və xeyirxah fəaliyyətinizin nəticəsidir ki, isminiz sadəcə ölkəmizdə deyil, bütün dünyada saflıq, nəciblik, humanizm nümunəsi kimi səslənməkdədir. Bu isə hər bir soydaşımızda qürur və iftixar hissi yaradır.   Hörmətli Mehriban xanım!   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bir daha qarşıdan gələn bayramlarınızı təbrik edir, Sizə uzun ömür, cansağlığı və müvəffəqiyyətlər arzulayırıq. Əminik ki, fəaliyyətiniz Cənab prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən nəhəng quruculuq işinə bundan sonra da böyük töhfə verəcək,  xalqımızın işıqlı gələcəyinin təmin olunmasında, dövlətimizin inkişafında  mühüm rol oynayacaq”.   Dərin hörmət və ehtiramla, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Böyük Vətən Müharibəsi və Əmək veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova

Hamısını oxu
“İstintaqın yekun rəyi təyyarə qəzası ilə bağlı bütün müəmmalara aydınlıq gətirəcək” Cəlil Xəlilov: “Əminəm ki, xalqımız öz liderinin rəhbərliyi altında bu sınaqdan da əzmlə çıxacaq”

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması Azərbaycan xalqı tərəfindən böyük təəssüf və kədər hissi ilə qarşılanıb, ölkəmizdə matəm elan edilib. Hazırda təyyarənin hansı səbəbədn qəzaya uğraması ilə ilə bağlı istintaq işləri davam etsə də, media və sosial şəbəkələrdə yer alan bəzi foto-video görüntülər elə ilk andan cəmiyyətdə geniş müzakirələrə səbəb olub.   Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov qəza ilə bağlı bəzi məqamlara toxunub:   “Öncə məlum təyyarə qəzasında həyatını itirən insanlara Allahdan rəhmət, yaralılara şəfa, bütün Azərbaycan xalqına səbr diləyirəm.   Məlum olduğu kimi, təyyarənin qəzaya uğraması faktı ilk andan Prezidentimizin diqqət mərkəzində olub və bununla bağlı dövlətimiz bütün zəruri addımları çevik şəkildə atıb. Qəzadan dərhal sonra Azərbaycanın səlahiyyətli qurumlarının nümayəndələri qəzanın səbəblərini araşdırmaq, habelə yaralılara kömək etmək məqsədilə hadisə yerinə ezam edilib, faktla bağlı cinayət işi açılıb. Yəqin ki, yaxın vaxtlarda istintaqın yekun rəyi bəlli olacaq və biz bundan sonra qəzanın hansı səbəbdən baş verdiyini biləcəyik.   Ancaq bununla yanaşı, qəza ilə bağlı yayılan çoxsaylı foto-video görüntülər də var ki, bu faktlar bizdə qəzanın hansısa səbəbdən yarana biləcəyi ilə bağlı müəyyən təsəvvürlər yaradır. Görünənlərdən belə nəticəyə gəlmək olar ki, təyyarə məhz kənar təsir nəticəsində, daha dəqiq desək Hava Hücumundan Müdafiə Qüvvələrinin atəşi nəticəsində qəzaya uğrayıb. Təyyarənin gövdəsindəki qəlpə izləri, habelə, bəzi sərnişinlərin qəzadan öncə qəlpələrdən yaralanması gerçəyi bunu iddia etməyə imkan verir. Ancaq qeyd etdiyim kimi, bütün bu iddiaların nə dərəcədə doğru olduğu istintaqın nəticəsindən sonra məlum olacaq.   Buna görə də, mən hər kəsi səbirli olmağa, dövlət qurumlarımız tərəfindən aparılan araşdırmaların rəsmi nəticəsini gözləməyə dəvət edirəm. Əminəm ki, xalqımız öz liderinin rəhbərliyi altında bu sınaqdan da əzmlə çıxacaq, günahkarlar müəyyən edilərək öz layiqli cəzasını alacaq”.

Hamısını oxu