Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“İstintaqın yekun rəyi təyyarə qəzası ilə bağlı bütün müəmmalara aydınlıq gətirəcək” Cəlil Xəlilov: “Əminəm ki, xalqımız öz liderinin rəhbərliyi altında bu sınaqdan da əzmlə çıxacaq”

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması Azərbaycan xalqı tərəfindən böyük təəssüf və kədər hissi ilə qarşılanıb, ölkəmizdə matəm elan edilib. Hazırda təyyarənin hansı səbəbədn qəzaya uğraması ilə ilə bağlı istintaq işləri davam etsə də, media və sosial şəbəkələrdə yer alan bəzi foto-video görüntülər elə ilk andan cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

 

Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov qəza ilə bağlı bəzi məqamlara toxunub:

 

“Öncə məlum təyyarə qəzasında həyatını itirən insanlara Allahdan rəhmət, yaralılara şəfa, bütün Azərbaycan xalqına səbr diləyirəm.

 

Məlum olduğu kimi, təyyarənin qəzaya uğraması faktı ilk andan Prezidentimizin diqqət mərkəzində olub və bununla bağlı dövlətimiz bütün zəruri addımları çevik şəkildə atıb. Qəzadan dərhal sonra Azərbaycanın səlahiyyətli qurumlarının nümayəndələri qəzanın səbəblərini araşdırmaq, habelə yaralılara kömək etmək məqsədilə hadisə yerinə ezam edilib, faktla bağlı cinayət işi açılıb. Yəqin ki, yaxın vaxtlarda istintaqın yekun rəyi bəlli olacaq və biz bundan sonra qəzanın hansı səbəbdən baş verdiyini biləcəyik.

 

Ancaq bununla yanaşı, qəza ilə bağlı yayılan çoxsaylı foto-video görüntülər də var ki, bu faktlar bizdə qəzanın hansısa səbəbdən yarana biləcəyi ilə bağlı müəyyən təsəvvürlər yaradır. Görünənlərdən belə nəticəyə gəlmək olar ki, təyyarə məhz kənar təsir nəticəsində, daha dəqiq desək Hava Hücumundan Müdafiə Qüvvələrinin atəşi nəticəsində qəzaya uğrayıb. Təyyarənin gövdəsindəki qəlpə izləri, habelə, bəzi sərnişinlərin qəzadan öncə qəlpələrdən yaralanması gerçəyi bunu iddia etməyə imkan verir. Ancaq qeyd etdiyim kimi, bütün bu iddiaların nə dərəcədə doğru olduğu istintaqın nəticəsindən sonra məlum olacaq.

 

Buna görə də, mən hər kəsi səbirli olmağa, dövlət qurumlarımız tərəfindən aparılan araşdırmaların rəsmi nəticəsini gözləməyə dəvət edirəm. Əminəm ki, xalqımız öz liderinin rəhbərliyi altında bu sınaqdan da əzmlə çıxacaq, günahkarlar müəyyən edilərək öz layiqli cəzasını alacaq”.

2024-12-28 16:56:44
3051 baxış

Digər xəbərlər

“AS Group Investment” şirkəti şəhid ailəsinə mənzil hədiyyə edib

Veteran.gov.az xəbər verir ki, “AS Group Investment” şirkəti ölkə başçısının şəhid ailələri və qazilərə dəstək olmaq siyasətini, eyni zamanda özünün dövlətimiz və cəmiyyətimiz qarşısında sosial məsuliyyətini əsas tutaraq Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan polkovnik leytenant Mehman Qənbərovun Binəqədi qəsəbəsində kirayə evdə yaşayan ailəsinə mənzil hədiyyə edib.   31 avqust 2021-ci il tarixində “AS Group Investment” şirkətinin əməkdaşları şəhid ailəsilə görüşərək qəhrəman şəhidimizin həyat yoldaşı Xuraman xanım Qənbərovaya yeni mənzilin sənədlərini təqdim ediblər. Onlar üçün gözlənilməz və ani olan bu xəbər illərlə mənzil həsrətilə yaşayan ailənin hər bir üzvündə inanılmaz sevinc hissi yaradıb.   “AS Group Investment” şirkətinin şəhid polkovnik leytenant Mehman Qənbərovun ailəsinə hədiyyə etdiyi 3 otaqlı mənzil şirkətin özünün inşa etdiyi Göl-Park Yaşayış Kompleksində yerləşir. “AS Group Investment” uzun illər evsizlikdэn əziyyət çəkən şəhid ailəsinə hədiyyə etdiyi yeni mənzilin tam təmiri və lazımi əşyalarla təchiz edilməsini də öz üzərinə götürüb. Şəhid polkovnik leytenant Mehman Qənbərov hələ 2016-cı il aprel döyüşlərində qəhrəmanlığı ilə seçilib. O, polkovnik-leytenant rütbəsini də məhz Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə xüsusi qəhrəmanlıq göstərdiyi üçün qazanmışdır. Ağdam rayonunda doğulub Birinci Qarabağ Müharibəsi nəticəsində uşaq ikən məcburi köçkün həyatını yaşamış şəhidimizin ən böyük arzusu doğma torpaqların işğaldan azad edilməsi idi. İkinci Qarabağ Müharibəsinə yollanan zaman onun ailəsinə dediyi son cümlələri: “Həyatdır, hər şey ola bilər. Mən geri qayıtmaya da bilərəm. Əsas odur torpaqlarımızı azad edək!” olur.   Sentyabrın 27-də döyüşlərə qatılan şəhid Qənbərov bir neçə kəndin azad edilməsində xüsusi qəhrəmanlıq göstərir. Sentyabrın 30-da o, Füzuli ərazisində düşmənin üzük halqası kimi əhatəyə aldığı döyüş yoldaşlarını mühasirədən çıxararaq qəhrəmancasına şəhid olur. Ölümündən sonra şəhid Qənbərov Vətən uğrunda, Füzulinin azad edilməsi uğrunda medalları və Qarabağ ordeni ilə təltif edilir.Qeyd edək ki, “AS Group Investment” şirkəti bu ilin mart ayında Mingəçevir şəhidi çavuş Niyaz İsgəndərovun ailəsinə də özünün orada inşa etdiyi “Park Residence” Yaşayış binasından mənzil hədiyyə etmişdir.  

Hamısını oxu
“Soyqırım Memorial Kompleksi faciə qurbanlarına olan ümumxalq ehtiramının zirvəsidir”

“Xocalı şəhərində, Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı, Prezidentin və birinci xanımın iştirakı tarixi hadisədir. Soyqırım Memorial Kompleksinin məhz hadisənin baş verdiyi ərazidə inşa olunması, tarixi yaddaşın qorunması, erməni faşist-millətçilərinin həyata keçirdikləri soyqırım siyasətinin gələcək nəsillərə çatdırılması baxımından ən doğru vasitə, dərin düşünülmüş qərardır”.  Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, kompleks erməni faşizminin ifşasına da böyük töhfə verəcək: “Qətliamın törədilməsindən 34 il ötür. Hər il fevral ayının 26-da, ölkəmizdə və soydaşlarımızın məskunlaşdığı bir çox ölkələrdə, böyük hüznlə faciənin qurbanları yad edilir, ruhlarına dualar oxunur. Əfsuslar olsun ki, Xocalıda baş verənlərə dünya birliyi biganə yanaşdı. Azərbaycan hökuməti, paralel olaraq Heydər Əliyev Fondu tərəfindən, soyqırımının dünyada tanıdılması üçün sistemli siyasət aparıldı. Nəticədə, dünya Xocalıda baş verənlərdən məlumatlıdı. 10 dan artıq dövlət, ABŞ-nın bir çox ştatı tərəfindən tanındı. Gələcəkdə daha çox dövlətlər tərəfindən tanınacağına şübhə yoxdur. Bu gün əminliklə deyə bilərik ki, Xocalıda və digər bölgələrdə şəhid olmuş soydaşlarımızın ruhu şaddır. Torpaqlarımız tamamilə işğaldan azad olunub. Xocalı sakinləri artıq öz doğma yurdlarına qayıdırlar. Dövlət Başçısının açılışını etdiyi Soyqırım Memorial Kompleksi, faciə qurbanlarına olan ehtiramın zirvəsi hesab oluna bilər. Kompleks funksional olaraq, möhtəşəmliyi ilə seçilir və erməni faşizminin ifşası baxımından son dərəcə əhəmiyyətli abidədir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndələri general-mayor Polad Həşimovun ailəsini ziyarət edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun tapşırığına əsasən, qurumun hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayeva Qəbələ Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin baş məsləhətçisi Arzu Rəsulov və Vəndam qəsəbə icra nümayəndəliyinin müavini Xəyal Rəsulzadənin iştirakı ilə Qəbələnin Vəndam kəndində anadan olmuş, Ermənistanla sərhədin Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər. Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, ailə üzvlərinin qayğıları ilə maraqlanan nümayəndələr Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun başsağlığını şəhid ailəsinə çatdırıblar. Söhbət zamanı şəhid general-mayor Polad Həşimovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Respublika Veteranlar Təşkilatının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, general-mayor Polad Həşimov Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olub. O, ikinci Fəxri xiyabanda dəfn edilib. Prezident İlham Əliyevin general-mayor Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tapşırığına əsasən Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə onun adı verilib.

Hamısını oxu
“Əsrin müqaviləsi” – milli tərəqqiyə aparan yolun başlanğıcı

Bu gün dünyada güclü, nüfuzlu və qalib ölkə kimi tanınan Azərbaycanın müstəqillik illərində mühüm nailiyyətlər qazanaraq öz iqtisadi və siyasi imkanlarını artırmasında vacib rol oynayan amillərdən biri uğurlu enerji siyasətinin həyata keçirilməsidir. Enerji ehtiyatlarından səmərəli istifadə olunaraq ölkənin milli gücünün artırılması siyasətinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Xüsusilə də, 20 sentyabr 1994-cü il tarixində "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açıldı, ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətlərinin davamlı inkişafı, milli-iqtisadi tərəqqi üçün əlverişli zəmin yarandı. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Təbii ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkədə sabitliyin, təhlükəsizliyin hökm sürməsi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına səbəb oldu və bu, imzalanan sazişlərdə, anlaşma memorandumlarında öz əksini tapdı. Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən “Əsrin müqaviləsi”  yenicə müstəqillik əldə etmiş Azərbaycanın dünya birliyi ilə tərəfdaşlığının həlledici amillərindən birinə çevrildi.   Praqmatik enerji strategiyası Azərbaycanın milli gücünün artmasını şərtləndirib   Təqdirəlayiq haldır ki, Ümummilli Liderimizin müəllifi olduğu neft strategiyasının Onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizə böyük üstünlüklər qazandırıb. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz  kəmərlərinin istifadəyə verilməsi də Azərbaycanın regionun lider ölkəsinə çevrilməsini şərtləndirən mühüm amillərdən biri olub. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin, daha dəqiq desək, «Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə yeni sazişin imzalanması, müddətin 2050-ci ilə qədər uzadılması isə Azərbaycanın iqtisadi uğurlarının, ötən dövr ərzində dünyada yeri və rolunun, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinin təqdimatı oldu. Beləliklə, Azərbaycanın enerji siyasətində yeni mərhələnin əsası qoyuldu. Digər tərəfdən, Azərbaycanın təşəbbüsü, moderatorluğu və liderliyi ilə reallaşdırılan layihələr çoxtərəfli əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsinə səbəb olub. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışının olması, onun əsas seqmentlərindən olan TANAP-ın və TAP-ın istifadəyə verilməsi bu baxımdan xüsusi qeyd edilməlidir.   “Qara qızıl”ın intellektual kapitala çevrilməsi Azərbaycanın qarşısında yeni perspektivlər açıb   Bütövlükdə, Azərbaycanın uğurlu enerji strategiyası və reallaşdırılan layihələr çərçivəsində davam etdirilən genişmiqyaslı əməkdaşlıq əlaqələri ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə töhfədir. Bununla yanaşı, enerji layihələri həm də Azərbaycan iqtisadiyyatının inkişafına yeni stimuldur. Belə əməkdaşlıqlar nəticəsində əldə edilən gəlirlər qeyri-neft sektorunun inkişafına dəstəkdir. “Qara qızıl”ın intellektual kapitala çevrilməsi Azərbaycanın qarşısında yeni perspektivlər açıb. Digər tərəfdən, Azərbaycanın enerji proyektlərinin uğurlu nəticələri regionların sosial-iqtisadi inkişafı, əhalinin məşğulluq səviyyəsinin artması, insanların rifahının yaxşılaşması baxımından da olduqca mühüm əhəmiyyətə malikdir. Öz ərazi bütövlüyünü bərpa etmiş – torpaqlarını işğaldan azad etmiş Azərbaycanı qarşıdakı dövrdə yeni inkişaf prosesləri və quruculuq işləri gözləyir. Şübhəsiz ki, uğurlu enerji strategiyası həm respublikamızın regionlarında, həm də ən əsası, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı işlərin görülməsi üçün mühüm imkanlar yaradacaq. Nəticə etibarı ilə, səmərəli və məqsədyönlü enerji strategiyası Azərbaycanın gələcək inkişafı – ölkəmizin milli tərəqqisi üçün dayanıqlı zəmin yaradıb.      Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu