Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”ni dəstəkləyən təşkilatların sayı artmaqdadır

Dünyanın müxtəlif ölkələrindən olan təşkilatlar bəyannamə çərçivəsində KOB-ların “yaşıl iqtisadiyyat”a keçidi üzrə səylərin birləşdirilməsinə dəstəklərini ifadə edirlər. 

Veteran.gov.az xəbər verir ki, 2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə qoşulan təşkilatların sayı artmaqdadır. Artıq yerli və xarici ölkələrin 14 qurumu, beynəlxalq təşkilatlar və sahibkarlar şəbəkəsi müvafiq bəyannaməni dəstəkləyir. Belə ki, ötən ilin noyabr ayından etibarən bəyannaməyə İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC), Qazaxıstanın Sahibkarlığın İnkişafı Fondu (DAMU), Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəsi (INSME), Vyetnam Sahibkarlıq Milli Assosiasiyası (VINEN), KOBİA, Beynəlxalq Ticarət Mərkəzi (ITC), Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Azərsun Holdinq”, Asiya İnkişaf Bankı, Belarus Respublikasının İnvestisiya və Özəlləşdirmə üzrə Milli Agentliyi, Dünya İqlim Fondu və s. dəstəyini ifadə ediblər. 

Qeyd edək ki, KOBİA tərəfindən hazırlanmış “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” qlobal səviyyədə KOB-ların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsi məqsədini daşıyır. Bəyannamə qlobal miqyasda istixana qazı emissiyalarının 50%-ni təşkil edən KOB-lar üçün ilk dəfə qlobal iqlim hərəkatının yaradılmasını təklif edir. Bəyannaməyə qoşulanlar kiçik bizneslərə “yaşıl iqtisadiyyat”a keçid üzrə təcrübələri mənimsəməkdə kömək etmək üçün məlumatlılığın və potensialın artırılması, yaşıl maliyyəyə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqi öhdəliyini götürür. Bəyannamə həmçinin, Azərbaycanın yaşıl keçid və qlobal iqlim dəyişikliyi ilə mübarizə prosesində ciddi tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Sözügedən bəyannamənin təşviqi və tərəfdaşlarının məlumatlandırılması məqsədilə sayt da (www.greensme.org) yaradılıb.

2025-02-06 21:31:06
2812 baxış

Digər xəbərlər

“DQİDK-nin sifarişi əsasında hazırlanan bu film tariximizi özündə əks etdirməklə yanaşı, gələcək inkişafımıza da təkandır”

Elman Məmmədov: “Onlar Birinci Qarabağ Müharibəsində də, Vətən müharibəsində də qəhrəmanlıqlar göstərib”   Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında Vətən Müharibəsində vahid amal uğrunda dəmir yumruq kimi birləşən müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlıların birliyindən, həmrəyliyindən bəhs edən sənədli film hazırlanıb. Filmdə Vətən müharibəsi zamanı Azərbaycanda yaşayan, fərqli din və mədəniyyətlərə mənsub şəxlərin Ali Baş Komandanın rəhbərliyi altında birləşdiyi, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına iştirak etdiyi öz əksini tapıb.   Hansı ki,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında ərsəyə gələn bu və bu qəbildən olan filmlər tariximizin təbliği ilə yanaşı, çoxmillətli dövlət olan Azərbaycanın gələcək inkişafı, ölkə daxilindəki birlik və həmrəyliyin qorunub saxlanılması, hər kəsin vətən, bayraq, dövlət, Ali Baş Komandan ətrafında birliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.   Bununla bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan filmin böyük önəm kəsb etdiyini vurğuladı:   “Vətən müharibəsi və dövlətimizin bu müharibədəki qalibiyyəti bir daha təsdiqlədi ki, güc birlikdədir. Azərbaycan çoxmillətli bir respublikadır. Bizim gücümüz, inkişafımız, gələcəyimiz birliyimizdədir. Azərbaycanda dinlərin, dillərin, mədəniyyətlərin birliyi, birgə yaşayışı, brigə inkişafı  bütün dünyaya nümunədir. Hörmətli dostumuz Mübariz Qurbanlının rəhbərlik etdiyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan məlum film də olduqca önəmli bir ekran əsəridir. Bu film çox mühüm əhəmiyyətə malikdir. Çünki bu filmdə Azərbaycanda yaşayan bütün millətlərin Vətən müharibəsində necə birlik və həmrəylik sərgilədikləri, öz doğma torpaqlarını düşməndən necə qoruduqları, erməni işğalına birlikdə necə son qoyduqları öz əksini tapıb.   May ayında Şuşada “Xarıbülbül” festivalı keçirildi. Biz hamımız müşahidə etdik ki, Azərbaycanda yaşayan bütün milli azlıqların orada musiqiləri səsləndirildi, mədəniyyətləri nümayiş olundu. Bu, bir daha onu göstərdi ki, cənab prezidentin də qeyd etdiyi kimi, Azərbaycan hamımızındır. Bizdə dilinə, dininə, irqinə, milliyətinə görə ayrı-seçkilik yoxdur. Azərbaycanda sülh şəraitində birgə yaşayış var. Bunu Azərbaycana gələn, Azərbaycan həqiəqlərini öyrənən hər kəs, hətta bizə dost olmayanlar belə etiraf edirlər.   Birinci Qarabağ Müharibəsində də, Vətən müharibəsində də Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri qəhrəmanlıqlar göstərdi. Onlar şəhid oldular, qazi oldular, vətəni işğaldan azad etdilər. Biz onların hər birini alqışlayırıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı bu cür filmlər bizim tariximizi özündə əks etdirməklə yanaşı, gələcək inkişafımıza da təkan olan əsərlərdir. Mən buna görə adıçəkilən quruma öz təşəkkürümü bildirir, fəaliyyətlərində uğurlar arzulayıram”.   Seymur ƏLİYEV

Hamısını oxu
Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə 6308 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb.   Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.   2021-ci ildə 110 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanaraq, təsdiq edilib. Son illər pasportları hazırlanan tarixi abidələrin sayı isə ümumilikdə 368-dir.   Pasportlaşdırılan abidələrdən 15-i Azərbaycanın Respublikasının vaxti ilə işğal altında qalmış ərazilərində yerləşən tarix-memarlıq abidələridir. Bu da müstəqilliyimizin bərpasından sonra işğaldan azad olunmuş ərazilərimizdə yerləşən abidələrimizə verilən ilk pasportlardır. Həmin pasportlar hələ işğal dövründə arxiv materialları, tarixi sənədlər, fotolar və internet resursları hesabına ərsəyə gəlib.   Pasportları hazırlanan tarix-memarlıq abidələri Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, Xan qızı Natəvanın evi, Mehmandarovların malikanə kompleksi, Hacıqulların malikanəsi, Əsəd bəyin mülkü, Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası, Şirin su hamamı, Ağdam şəhərində Qutlu Musa oğlu türbəsi, Cümə məscidi, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Laçın rayonunda Malik Əjdər türbəsi və Xocavənd rayonunda yerləşən Amaras monastırıdır.   Abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə 243 layihə hazırlanıb. Mühafizə zonaları müəyyən edilərkən müvafiq olaraq layihələr Rayon İcra Hakimiyyətləri, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılır və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənir.   Pasportlaşdırma və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində görülən işlər davam etdirilir. Cari il üçün pasportlaşma üzrə 155, mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə isə 108 layihənin hazırlanması nəzərdə tutulur. Onlardan 42 abidənin pasportunun hazırlanmasına və 10 abidənin mühafizə zonasının müəyyənləşdirilməsinə işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri daxil edilib.  

Hamısını oxu
İmran Əhmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin sədr müavini seçilib

2026-cı il yanvarın 29-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının növbədənkənar plenumu keçirilib.  Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, Konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səslənib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin sədri polkovnik Cəlil Xəlilov plenumun gündəliyini elan edib və səsə qoyub, gündəlik yekdilliklə qəbul olunub. Plenum mövcud Rəyasət Heyətinin buraxılması və yeni tərkibinin formalaşdırılması barədə qərar qəbul edib. Yeni tərkibə sədr Əfqanıstan, I Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranı polkovnik Cəlil Xəlilov, sədr müavini Əfqanıstan, Silahlı Qüvvələr və əmək veteranı ədliyyə polkovniki İmran Əhmədov, üzvlər qismində istefada olan general-mayor Vladimir Timoşenko,  əmək və I Qarabağ müharibəsi veteranı İmran Əbilov, professor, AMEA Veteran Təşkilatının sədri, I Qarabağ müharibəsi veteranı Bədirxan Əhmədov seçiliblər. Plenum yeni tərkib Rəyasət Heyətinə təşkilatın strateji planının hazırlanmasını, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsini, Rəyasət Heyətinin sayı və tərkibi barədə növbəti plenuma qədər təkliflərini verməyi tapşırıb. Rəyasət Heyətində ilk dəfə təmsil olunan sədr müavini İmran Əhmədov göstərilən etimada görə plenum üzvlərinə təşəkkür edib, qarşıda duran vəzifə və öhdəliklərin icrası üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Plenum işini başa vurub.  

Hamısını oxu
“Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib

Sentyabr ayının 27-də və 28-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin açıq manejində “Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib. Yarışlar “E”, “L” koteqoriyaları üzrə 27 sentyabr, “M*” kateqoriyası üzrə isə 28 sentyabr tarixində keçirilib. Turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər. “E” kateqoriyası üzrə 90 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 21 idmançının iştirak etdiyi kateqoriyada “Sərhədçi” atçılıq klubunun idmançısı Gülay Fərzəliyeva “Nabab de Belou” ləqəbli atla birinci, “Alma” ləqəbli atla ikinci, “Məktəb” atçılıq klubunun idmançıları Valeriya Roşenko “Şəhzadə” ləqəbli atla üçüncü, Ayan Fərəcova “Tibet” ləqəbli atla dördüncü, “Omar” atçılıq klubunun idmançısı Samira Baxşıyeva isə “Bulud” ləqəbli atla beşinci yerin sahibi olub. “L” kateqoriyası üzrə 115 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda iştirak edən idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla mübarizə aparıblar. 15 idmançının iştirak etdiyi kateqoriyada “Gilan” atçılıq klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla birinci, “Aleks 1” ləqəbli atla üçüncü, “Sərhədçi” atçılıq klubunun idmançısı Gülay Fərzəliyeva “Nabab de Belou” ləqəbli atla ikinci, “Elite” atçılıq klubunun idmançısı Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla dördüncü, “Omar” atçılıq klubunun idmançısı Kənan Novruzov isə “Lothar 41” ləqəbli atla beşinci yerin sahibi olub. Yarışların sonuncu turu sentyabr ayının 28-də “M*” kateqoriyası üzrə 12 idmançının iştirakı ilə keçirilib. Qeyd olunan kateqoriya üzrə 120 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda “Elite” klubunun idmançısı Seyid Musayev “Ayla” ləqəbli atla birinci, “Murad” atçılıq klubunun idmançısı İya Firsova “Clima” ləqəbli atla ikinci, “Elano C” ləqəbli atla dördüncü, “Buta Golden” atçılıq klubunun idmançısı Eqor Morotski “Astrello” ləqəbli atla üçüncü, “Gilan” atçılıq  klubunun idmançısı Rahib İsmayılov isə “Carthanio” ləqəbli atla beşinci yerin sahibi olub. Yarışın sonunda birinci yerin sahiblərinə “Mahir Muradov Kuboku”, ilk üç yerin sahiblərinə medal, 4-cü və 5-ci yerin sahiblərinə isə diplom və pul mükafatı təqdim edilib. Azərbaycan Respublikası Atçılıq Federasiyası

Hamısını oxu