Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Xəlil Məmmədov: Azərbaycanın igid, Şuşanın əyilməz oğlu

İkinci Dünya Müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq və fədakarlıq unudulmazdır. Müharibə dövründə yüz minlərlə azərbaycanlı cəbhəyə yollanaraq öz canları və qanları ilə Böyük Vətən müharibəsinin qələbəsinə töhfə veriblər. Azərbaycanlı döyüşçülərin və mütəxəssislərin fədakarlığı, həmçinin müharibə dövründə Bakı neftinin strateji rolu qələbənin təmin edilməsində əvəzsizdir. Bakı nefti təkcə Sovet İttifaqının silahlanmasını təmin etməklə deyil, həm də müttəfiqlərin cəbhə xəttindəki qüvvələrini gücləndirmək üçün həyati əhəmiyyət daşımışdır. Azərbaycanın milli atıcı diviziyalarının, xüsusilə "Qafqaz diviziyasının", Qafqaz dağlarının ətəklərindən tutmuş Berlinə qədər olan döyüş yolunu keçməsi həm də, əsl qəhrəmanlıq nümunəsidir. Bu diviziyalar bir çox döyüşdə xüsusi şücaət göstərmiş, düşmənə qarşı mübarizədə böyük zəfərlərə imza atmışdır. Ulu öndər Heydər Əliyevin “Gənclər bilməlidir ki, 1941-1945-ci illər müharibəsində - dünya tarixinin ən dəhşətli müharibəsində Azərbaycan xalqının qəhrəmanlıq göstərən generalları, zabitləri, sıraviləri olmuşdur. Onlar öz qəhrəmanlığı ilə xalqımızın hörmətini artırmış, Azərbaycan xalqını dünyada tanıtmışdır. Bunların hamısı gənc nəslimiz üçün örnəkdir və örnək də olmalıdır”. Azərbaycan Prezidenti cənab İlham Əliyev, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli vətənpərvərlik ənənələrini davam etdirərək, Sovet İttifaqı Qəhrəmanlarının xatirəsini ehtiramla yad edir və müharibənin od-alovlarından keçmiş veteranlarla görüşür. Bu ənənə Azərbaycanın müstəqilliyi və xalqın milli mənlik hissinin güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu tarix təkcə bir xalqın şərəfini deyil, bütün insanlığın azadlıq və ədalət uğrunda mübarizəsini təmsil edir. Ulu Öndərin vurğuladığı kimi, gənclər bu qəhrəmanlıq ənənələrini özlərində yaşatmalı, onların mirasını qorumağa çalışmalıdırlar. İkinci Dünya Müharibəsində al qanı ilə tarix yazan igid oğullarımızdan biri də Sovet İttifaqı Qəhrəmanı General-mayor Xəlil Məmmədovdur. Onun kimi qəhrəmanların xatirəsi Azərbaycan dövləti tərəfindən xüsusi qiymətləndirilir və yüksək hörmətlə yad edilir. Xəlil Məmmədov müharibə dövründə öz hünəri və igidliyi ilə qəhrəmanlıq nümunəsinə çevrilmişdir. O, xüsusi döyüş bacarığı və liderlik keyfiyyətləri ilə təkcə döyüşlərdə qələbə qazanmayıb, həm də Azərbaycanın milli qürurunu, kimliyini tanıtdırıb. Hər bir qəhrəmanın həyatı, onların öz vətəninə və xalqına olan sonsuz sevgisi və bağlılığı, gələcək nəsillərə örnəkdir. General-mayor Xəlil Məmmədov 5 may 1916-cı ildə Qarabağın incisi olan Şuşa şəhərində anadan olub. Onun həyat yolu və müharibə dövründəki qəhrəmanlığı, Azərbaycanın igidlər tarixinin əvəzsiz səhifələrindən birini təşkil edir. Xəlil Məmmədov 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində iştirak edərək Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. O, yüksək döyüş bacarığı və liderlik keyfiyyətləri ilə tanınıb və bir çox mühüm döyüşlərdə iştirak edib. Xəlil Məmmədovun Şuşada doğulması da onun həyatına xüsusi bir məna qatır. Şuşa, həm mədəni, həm də tarixi baxımdan Azərbaycanın ən mühüm şəhərlərindən biridir və belə bir şəhərdən çıxmış bir qəhrəmanın döyüşlərdə göstərdiyi fədakarlıq və igidlik həm Azərbaycan xalqının, həm də bütün insanlığın azadlıq və müstəqillik uğrunda mübarizəsinə töhfə idi. Xəlil Məmmədovun həyat yolu çox məşəqqətli olmuşdur. O, gənclik illərində çalışqan və iradəli bir insan kimi tanınıb. Sənaye texnikumunu bitirdikdən sonra, ölkə üçün vacib olan dövrün tələbi ilə ordu sıralarına çağrılıb.İkinci Dünya Müharibəsi başlayanda öncə Qafqaz cəbhəsinə göndərilib. Müharibə illərində Xəlil Məmmədov sıravi tankçılıqdan mayor rütbəsinə, ardınca isə tank taboru komandiri vəzifəsinə qədər yüksəlib. Qısa müddət ərzində döyüş şəraitində hərb sənətinin incəliklərini mənimsəyən qorxmaz azərbaycanlı 1942-ci ilin dekabr ayında göstərdiyi qəhrəmanlığa görə “Qırmızı ulduz” ordeni ilə təltif edilib. Hərbi əməliyyatlardakı uğurlarına görə komandanlığın diqqət mərkəzində olan tabor komandiri bir il keçməmiş ikinci dəfə “Qırmızı ulduz” ordeni ilə təltif olunub. Növbəti dəfə Xəlil Məmmədovun taboru döyüşlərin daha şiddətli keçdiyi Cənub-Qərb cəbhəsinə göndərilib. Komandanlıq taborun qarşısında alman qoşunları tərəfindən mühasirəyə alınmış Zaporojye şəhərinin mühasirə həlqəsinin cənub tərəfdən dağıdılması tapşırığını qoyub. Bu tapşırığı uğurla yerinə yetirən Xəlil Məmmədov “Aleksandr Nevski” ordeni ilə təltif edilib. Ukraynanın işğaldan azad edilməsində ən ağır döyüşlərdə iştirak edən Xəlil Məmmədovun sonrakı döyüş yolları Macarıstan, Yuqoslaviya, Çexoslovakiya, Rumıniyadan keçib. Xəlil Məmmədov Rumıniyanın Tırqu Frumos şəhərinin işğalçılardan azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. Xəlil Məmmədovun taboru sonra Macarıstanda qərarlaşıb. Növbəti əməliyyatlara hazırlaşanda səhra poçtalyonu ona xüsusi zərf təqdim edib. Zərfin “məxfi” möhürlü olmasını görən komandir məktubu müavininə yönləndirib. Zərfdə isə SSRİ Ali Sovetinin Xəlil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ilə bağlı fərmanı olub. Döyüş yoldaşları onu “məğlubedilməz Məmmədov”, “amansız döyüşçü”, “gecə hücumlarının ustası” adlandırıblar. İkinci Dünya Müharibəsindən sonra ehtiyatda olan mayor Xəlil Məmmədov partiya orqanlarında çalışıb. O, 1946-cı ildə Bakının Əzizbəyov rayon Partiya Komitəsinin 1-ci katibi olub. 1955-ci ildə Sov.İKP MK yanında Ali Partiya Məktəbini bitirib. Xəlil Məmmədov 1957-ci ildə əvvəlcə daxili işlər nazirinin müavini, daha sonra 1-ci müavin, 1960-cı ildə isə daxili işlər naziri vəzifəsinə təyin edilib, ona general-mayor rütbəsi verilib. 1965-cı ildən Xəlil Məmmədov Nazirlər Sovetinin sovet orqanları şöbəsinə rəhbərlik edib, Xəlil Məmmədov “Berlinin alınmasına görə”, “Vyananın alınmasına görə”, “Almaniya üzərində qələbəyə görə” medalları ilə; Qırmızı Ulduz (iki dəfə), Aleksandr Nevski, Lenin, 1-ci dərəcəli Vətən müharibəsi və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunmuşdur. Xəlil Məmmədov harada işləməsindən asılı olmayaraq, həmişə böyük hörmətə, nüfuza malik olmuşdur.Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, general-mayor Xəlil Məmmədov 21 fevral 1989-cu ildə dünyasını dəyişib. Xəlil Məmmədovun adı doğma Şuşa şəhərində əbədiləşdirilib. Şuşa şəhəri, tarixi və mədəni əhəmiyyəti ilə yanaşı, Azərbaycanın qəhrəmanlıq tarixinin də mühüm bir mərkəzidir. Xəlil Məmmədov kimi şəxsiyyətlərin adlarının bu şəhərdə əbədiləşdirilməsi, milli yaddaşın qorunması və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynamışdır.Bu gün Qarabağ savaşında Şuşa uğrunda savaşlarda şücaət göstərərək Şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanlar Albert Aqarunov, Ramiz Məmmədzadə kimi igidlərin intiqamı döyüş meydanında alındı.44 günlük Vətən müharibəsində Qarabağın, Şərq Zəngəzurun xilaskarı kimi tarix yazan Azərbaycan bayrağını Şuşa qalasından asan cəsur döyüşçülər sübut etdilər ki, onlar həm də Şuşanın əyilməz oğlu Xəlil Məmmədov kimi qəhrəmanların yetirmələridirlər.

                        Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

                        polkovnik   Cəlil Xəlilov

2025-02-07 12:31:50
3650 baxış

Digər xəbərlər

“Bakı Şəhər Herontoloji Mərkəz” Publik Hüquqi Şəxs Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tibbi aksiya keçirib

Aksiya zamanı 50-ə yaxın veteran pulsuz müayinə edilib, onlara tibbi xidmət göstərilib Veteran.gov.az xəbər verir ki, 21 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Herontoloji Mərkəz” Publik Hüquqi Şəxsin herontoloji briqadası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında veteranlar üçün tibbi aksiya keçirib. Aksiya zamanı 50-ə yaxın veteran pulsuz müayinə edilib, onlara tibbi yardım göstərilib. Məlumat üçün qeyd edək ki, bu, “Bakı Şəhər Herontoloji Mərkəz” Publik Hüquqi Şəxsin veteranlarla bağlı həyata keçirdiyi ilk tibbi-sosial aksiya deyil. Adıçəkilən qurum bundan öncə də dəfələrlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında oxşar aksiyalar keçirib, ümumilikdə yüzlərlə veterana pulsuz tibbi yardım göstərib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Herontoloji Mərkəz” Publik Hüquqi Şəxsin direktoru Nailə Əhmədova analoji aksiyaların bundan sonra da mütəmadi şəkildə davam etdiriləcəyini vurğulayıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov aksiyaya görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Herontoloji Mərkəz” Publik Hüquqi Şəxsin kollektivinə təşəkkür edib, bütün veteranlar adından minnətdarlığını bildirib.  Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı koronavirusla mübarizəyə dəstək olub

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda koronavirus təhlükəsi ilə əlaqədar olaraq martın 24-ü saat 00:00-dan etibarən aprelin 20-dək xüsusi karantin rejimi elan edilib. Koronavirusun yaşlı insanlar üçün xüsusilə ciddi təhlükə kəsb etdiyini nəzərə alaraq, onların müdafiəsi məqsədi ilə 65 yaş və bu yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulub. Həmçinin bu kateqoriyadan olan vətəndaşlara sosial xidmətlərin göstərilməsinin təmin edilməsi nəzərdə tutulur. Yaşlı insanlara bu xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət işçiləri tərəfindən həyata keçiriləcək. AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin həmin qərarını təqdir edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilat olaraq əlaqədar dövlət qurumlarına dəstək verməyə hazır olduqlarını deyib. O bildirib ki, yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın evdən çıxmasını qadağan edən qanun həssas kateqoriyaya daxil olan insanlarımızın koronavirusdan qorunmasına hesablanıb və bu, dövlətimizin vətəndaşlara, onların sağlamlığına olan duyarlı münasibətinin göstəricisidir. O deyib: “Biz Respublika Veteranlar Təşkilatı olaraq ölkə başçısının koronavirusa qarşı mübarizə məqsədi ilə atdığı bütün addımları dəstəkləyir, bunu vətəndaşlarımızın təhlükəsizliyinin təmini baxımından yüksək qiymətləndiririk. Hesab edirik ki, bütün bu addımlar ölkəmizin, vətəndaşlarımızın müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edən tədbirlərdir. Yaşı 65 və ondan çox olan insanların arasında müharibə və əmək veteranları da az deyil. Bu səbəbdən də yaşı 65-dən çox olan tənha, sosial xidmətə ehtiyac duyan veteranların müəyyənləsdirilməsi, həmin şəxslərlə bağlı əlaqədar dövlət qurumlarına məlumat verilməsi, onlara göstəriləcək sosial xidmətin keyfiyyətinə nəzarət olunması və s. kimi tədbirlər baxımdan Respublika Veteranlar Təşkilatı hər cür informasiya dəstəyinə hazır olduğunu bəyan edir. Hesab edirik ki, xalqımız, dövlətimiz üçün indiki çətin məqamda hər birimiz ölkə başçısının çağırışına səs verməli, koronavirusa qarşı mübarizə məqsədi ilə qəbul edilən hər bir qərara ciddi əməl etməliyik. Unutmamalıyıq ki, dövlətimizin verdiyi hər bir qərar, bu yöndə atdığı hər bir addım vətəndaşlarımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi üçündür və biz tələb edilən bu qaydalara riayət etməliyik”.

Hamısını oxu
“Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq”

Fatma Yıldırım: “Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!”   Xəbər verdiyimiz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin köməkliyi ilə 100-ə qədər sağıamlıq imkanı məhdud qazi elektriklə çalışan ümasir əlil arabaları ilə təmin edilib.   Veteran.gov.az xəbər verir ki, millət vəkili Fatma Yıldırım sosial şəbəkədəki hesabında bu nəcib təşəbbüsün önəminə diqqət çəkib, bu təşəbbüsün gerçəkləşməsin də əməyi olanlara təşəkkürünü bildirib:   “Əziz həmvətənlər!   Ölkəmizdə şəhid ailələri və qazilər hər zaman qayğı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanlara diqqət və qayğı davamlı xarakter daşıyır.   Bildiyiniz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin dəstəyi​ ilə Azərbaycana gətirilmiş 100 ədəd elektriklə işləyən əlil arabası qazilərimizə və şəhid ailələrinə təqdim edilib. Bu məqsədlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında sağlamlıq imkanı məhdud olan qazilərlə bağlı tədbir keçirilib.   Qeyd edim ki, Bərdə rayonunu təmsil edən millət vəkili olaraq mənim təşəbbüsümlə bu tədbir çərçivəsində Bərdə rayonundan olan Iİ Qarabağ müharibəsi qaziləri - Yusifzadə Məhəmməd İsrafil oğlu, Quliyev Sərxan Dilqəm oğlu və Musayev Gündüz Sabir oğluna; I Qarabağ müharibəsi qazisi Abışov Habil Kamil oğluna, eləcə də Bərdəyə terror hucumları nəticəsində xəsarət almış Quliyeva Rəmziyyə Əlasdan qızına müasir motorlu arabalar təqdim olundu. Xaricdə yaşayan türk qardaşlarımıza bizimlə həmrəylik nümayiş etdirərək, belə nəcib bir aksiya həyata keçirdikləri üçün dərin təşəkkürümü bildirirəm! Qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmaqlarını arzulayıram. Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq. Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!”   Seymur ƏLİYEV  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətini peşə bayramı münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətini (DTX) peşə bayramı münasibətilə təbrik edib, xüsusi xidmət orqanlarının əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb. DTX rəisi general-polkovnik Əli Nağıyevə ünvanlanan təbrik məktubunda deyilir:

Hamısını oxu