Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ümummilli lider Heydər Əliyevin ölkəmizdə qadın hərəkatının formalaşmasında rolu...

Azərbaycan xalqının ümummilli lideri, dahi siyasətçi Heydər Əliyev  Azərbaycan qadını haqqında belə bir müdrik fikir söyləyib: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyilə, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınıb”.

Türk etnosunun yaratmış olduğu ən qədim yazılı kitabə olan “Kitabi-Dədə Qorqud”da qadın, ana hüquqları Tanrı səviyyəsinə qaldırılır. Ulu Tanrıdan sonra ikinci yaradıcı ana hesab edilir.  Azərbaycan xalqı tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duymuş,ana adını uca tutub, qadına dərin hörmət və ehtiramla yanaşıb. Fitri istedadı, müdrikliyi və iradəsi ilə seçilən qadınlarımız tarixin ən müxtəlif dönəmlərində səmərəli fəaliyyət göstərərək, xalqımızın taleyüklü məsələlərinin həllinə öz sanballı töhfələrini veriblər. 

Azərbaycan qadını azad, dövlət işlərində kişilərlə bərabərhüquqlu iştirak etmək, seçki, əmək hüququna malik olmaq, yüksək təmsil olunmaq kimi hüquqlara nail olmaq yolunda keşməkeşli bir həyat yaşayıbdır.

Şərqdə ilk dəfə seçki hüququnu məhz Azərbaycan qadınının qazanması asan əldə olunmamış və bu yolda heç bir qüvvə mərd, mübariz Azərbaycan qadınını qələbə əzmindən döndərə bilməmişdir.

Azərbaycan qadınının inkişafı, onun təhsili, cəmiyyətin bütün sahələrində yüksək təmsilçiliyi, xürafat və cəhalətdən qorunması, onların dövlət idarəçiliyinə cəlb olunması kimi problemlər hələ sovet dövründə Heydər Əliyevi düşündürən ən aktual məsələlərdən biri olmuşdur.

Yetmişinci illərdə Azərbaycan qadınları ölkənin qanunvericilik orqanlarında irəli çəkilməyə, əməyinin, ağlının təkcə istehsalat üçün yararlı olmayıb, yüksək kürsülərə layiq olduğunu sübut edirdisə, əsrin sonlarında onlar dünya qadın hərəkatının aparıcı qüvvələri kimi hərəkət edir, kişilərlə bərabər hüquq qazanmaq, öz iradəsini, bilik və düşüncəsini dövlətin – ölkənin idarəetmə və qanunvericilik sahəsinə tətbiq etməyə çalışırdılar.

Əslində, Azərbaycanda qadın hərəkatı dedikdə XIX əsrin ortalarından başlayan maarifçilik fəaliyyəti, 1905-ci il inqilabından sonrakı yüksəliş başa düşülürsə, ictimai və siyasi iştirakçılıq baxımından bu tarixi uğur və nailiyyət Heydər Əliyevin ölkəmizə  rəhbərlik etdiyi həm birinci və həm də ikinci dövrə təsadüf edir. Respublikamızda Ulu Öndərimizin rəhbərliyi ilə keçirilən  qadın qurultayları isə Azərbaycanda qadın hərəkatının dünya qadınlar birliyinə inteqrasiya yolunda  böyük üfüqlər açıb.

Azərbaycanda qadın hərəkatının təşəkkül tapmasında, Azərbaycan qadınının uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin qadın siyasəti amili dayanır. Dövlət başçısı qadın problemlərinin  dövlət səviyyəsində  həlli üçün mühüm fərman da imzalamışdır. 1998-ci ildə Qadın problemləri üzrə Dövlət  Komitəsi yaradılmışdır. Komitə  qadın hüquqlarının müdafiəsi istiqamətində  əhəmiyyətli işlər görmüş, tədbirlər həyata keçirmişdir. Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan Qadınlarının I Qurultayı, 2003-cü ildə isə II qurultayı baş tutmuşdur. Dünyanın müxtəlif ölkələrindən  dövlət və cəmiyyət həyatında xidmətləri  olan tanınmış  qadınlar bu qurultaylarda iştirak edirdilər. Qadınlarımız bu qurultayla  demokratik cəmiyyətdə qadın hərəkatının əsasını qoymuşdular. Şərəfli tarixi keçmişi olan Azərbaycan qadın hərəkatı Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində inkişaf dövrünü yaşamışdır. Onun Azərbaycanın siyasi rəhbərliyində olduğu bütün dönəmlərdə  qadınlar daim diqqət və ehtiramla, məhəbbətlə əhatələnmişdir.      Heydər Əliyev 15 sentyabr 1998- ci ildə keçirilən Azərbaycan Qadınlarının I Qurultayında iştirak edən şəhid analarına öz hörmət və ehtiramını bildirmişdir. Qeyd etmişdi ki, Azərbaycan qadınları Azərbaycan ordusunu daha da gücləndirmək , inkişaf etdirmək, daha  da qüdrətli etmək üçün bundan sonra da gözəl insanlar yetişdirəcək, o insanlar tərbiyəli, vətənpərvərlər olacaqlar.

Məhz unudulmaz dövlət rəhbərimizin sonsuz qayğısının, diqqətinin bariz ifadəsidir ki, Azərbaycan qadınları artıq bütün dövlət idarəçilik strukturlarında, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməklə, yüksək səviyyədə təmsil olunurlar.

Bu gün ölkəmizdə beynəlxalq standartların tələblərinə cavab verən dövlət qadın siyasətinin formalaşmasını, hətta ən mötəbər beynəlxalq təşkilatlar da  təsdiqləyir. Artıq  respublikamızda da qadın hüquqları, qadın hərəkatı və gender siyasəti təhsil müəssisələrində tədris edilməklə dərindən öyrənilir və elmi tədqiqat obyekti kimi tədqiq edilir. İllər keçəcək, əsrlər və qərinələr bir-birini əvəz edəcək, Azərbaycan qadını daim ölkəmizdə əzəmətli qadın hərəkatına görə müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, əvəzolunmaz dövlət rəhbəri, gözəl insan, dünya şöhrətli siyasətçi Heydər Əliyevi ehtiramla yad edərək ona daim minnətdar olacaqdır.

Müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli sərəncamı gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır.

Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapmışdır. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Qanun gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini və vəzifələrini müəyyən etmişdir. Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırır, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunu gücləndirir.

Qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər.

Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı qadınlar həm də, ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. O, Ali Baş Komandan, Prtezident İlham Əliyevin ən yaxın silahdaşı kimi, Azərbaycanın inkişafı, daha da güclü və qüdrətli dövlət olması üçün əlindən gələni əsirgəmir.

Bu gün müasir Azərbaycanda qadın hərəkatının inkişafında torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlar, bütün şəhid anaları və xanımları, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşları, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının da rolu danılmazdır. Çünki qəhrəman analarımızın sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi

Mustafayeva Arifə Akif qızı

2025-03-04 12:29:55
3260 baxış

Digər xəbərlər

“Bu festival Vətən müharibəsindəki qalibiyyətimizin mədəniyyət müstəvisindəki davamı və təsdiqidir”

Tamam Cəfərova: “30 il erməni işğalında qalan torpaqlarımızda yenidən milli musiqimizin sədaları eşidiləcək, Üzeyir bəyin nəfəsi duyulacaq”   Xəbər verdiyimiz kimi, 18-24 sentyabr tarixində ölkəmizdə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçiriləcək. Əsasən Bakı şəhərində təşkil olunacaq festivalın bir sıra konsert proqramları Gəncə, Ağdam və Şuşa şəhərlərində də baş tutacaq.   Bununla bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Tamam Cəfərova, bu kimi tədbirlərin ölkə paytaxtı ilə yanaşı, həm də işğaldan azad edilən rayonlarda keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb:   “Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Bakı ilə yanaşı, həm də işğaldan azad edilən bəzi rayonlarımızda – Ağdam və Şuşada keçirilməsi olduqca mühüm və qürurverici bir hadisədir. Biz buna görə ilk növbədə Ali Baş Komandanımıza, şanlı Azərbaycan ordusuna, şəhidlərimizə və qazilərimizə minnətdarıq. Məhz onların səyi nəticəsində 44 günlük Vətən müharibəsində işğaldakı torpaqlarımız azad edildi, işğalçı Ermənistan ağır və rüsvayçı məğlubiyyətə uğradıldı. Əslində 18-24 sentyabr tarixlərində Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının paytaxtımızla yanaşı, həm də işğaldan azad edilən rayonlarımızda təşkili bu tarixi qələbənin mədəniyyət müstəvidəki davamı və təsdiqidir. Məhz bu cür tədbirlər, festivallar sayəsində 30 il erməni işğalında qalan torpaqlarımzıda yenidən milli musiqimizin sədaları eşidiləcək, Üzeyir bəyin nəfəsi duyulacaq.   Mən belə mühüm və anlamlı festivalın təşkilinə görə bütün təşkilatçılara, o cümlədən hər zaman milli musiqimizin ilkinliyinin, təmizliyinin keşiyində dayanan, onun daha da zənginləşməsinə və təbliğinə səy göstərən Mədəniyyət Nazirliyinə, Heydər Əliyev Fonduna öz təşəkkürümü bildirirəm. İnanıram ki, bu festival milli musiqimizin inkişafına, onun təbliğinə böyük təkan verəcək, ölkəmizin mədəni həyatına yeni nəfəs və ruh qazandıracaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Şəhid ailələrinin mənzillə təminatı sahəsində qanunvericiliyə dəyişikliyin səbəbi açıqlanıb

Bu günə qədər 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi mənzillə təmin olunub. APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikin müzakirəsi zamanı deyib. Musa Quliyev bildirib ki, proses demək olar, yekunlaşmaq üzrədir: “Yəqin ki, il yarım ərzində bu kateqoriyadan olan bütün vətəndaşlarımız mənzillə təmin olunacaqlar. Praktika göstərdi ki, müəyyən hallarda qanunda nəzərdə tutulmayan məsələlər də ortaya çıxırdı. Bunun da qanunvericiliklə tənzimlənməsi lazım idi. Bir müddət əvvəl bizə müraciət daxil olurdu ki, Qarabağ qazisi növbədə olarkən dünyasını dəyişibsə, onun ailə üzvləri həmin növbədən avtomatik çıxarılır. Ona görə də bununla bağlı boşluğu qanunvericilikdə aradan qaldırdıq. Bununla da statusa sahib olmayan digər ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”.   Deputatın sözlərinə görə, eyni proses bir neçə hallarda şəhid ailələri arasında da müşahidə edilib: “Ona görə də aidiyyəti üzrə bütün məsələlər müzakirə olundu və qanunvericiliyə müvafiq düzəlişlər edilib. Əgər şəhidin həyat yoldaşı dünyasını dəyişirsə, şəhidin övladları status yaşından keçirsə, mənzil növbəsinə iddialı ola bilmirdilər. Bundan sonra yeni dəyişikliklə şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə, şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”. Qeyd edək ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.

Hamısını oxu
“Azərbaycanda hər kəsin, eləcə də xarici ölkə vətəndaşlarının təhlükəsizliyi yüksək səviyyədə təmin olunur”

Cəlil Xəlilov: “Terror ehtimalı ilə bağlı ABŞ Dövlət Departamentinin bəyanatın heç bir real əsası yoxdur”   “Ölkəmizdə vətəndaşların təhlükəsizliyi yüksək səviyyədə təmin olunur və bununla bağlı hər hansı problem mövcud deyil”.   Bunu veteran.gov.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyəti, xüsusi xidmət orqanlarının sayıqlığı terror ehtimalını heçə endirir:   “ABŞ Dövlət Departamentinin Azərbaycanda terror ehtimalının mövcudluğu ilə bağlı verdiyi bəyanat əsassızdır və hər hansı reallığa söykənmir. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin verdiyi bəyanatdan da göründüyü kimi, ictimai rəydə çaşqınlıq doğuran, ölkəmizin imici baxımından arzuedilməz olan bu açıqlama üçün heç bir əsas, real zəmin yoxdur.   Azərbaycanda xüsusi xidmət orqanlarının öz işini yüksək səviyyədə qurduğu, dövlətimizin və xalqımızın təhlükəsizliyi üçün risk təşkil edən ən xırda təhlükəni belə zamanında de-şifrə etdiyi və zərərsizləşdirdiyi məlumdur. Təkcə bir falktı qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı belə Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı, hüquq-mühafizə orqanlarımızın peşəkarlığı sayəsində hər hansı terror aktının reallaşmasına imkan verilmədi. Düşmən qüvvələr güc orqanlarımızın formalaşdırdığı təhlükəsizlik səddini yara, öz mənfur əməllərini reallaşdıra bilmədi.   Bu gün də Azərbaycan ərazisindəki vətətəndaşların, o cümlədən xarici ölkə vətəndaşlarının təhlükəsizliyi yüksək səviyyədə qorunur. Ölkəmizdə möhkəm sabitlik, etibarlı təhlükəsizlik sistemi mövcuddur. Bu isə o deməkdir ki, istənilən xarici ölkə vətəndaşı ölkəmizə səyahət edə, bu səyahət zamanı özünü doğma vətənindəki qədər rahat və təhlükəsiz hiss edə bilər.   Təbii ki, biz təhlükəsizliyimizin etibarlı təminatına görə ilk növbədə ölkə başçısına, onun səyləri və tövsiyyələri əsasında öz peşəkarlığını durmadan artıran hüquq-mühafizə orqanlarımıza minnətdarıq. Hər kəs əmin ola bilər ki, heç bir məkirli qüvvənin bu təhlükəsizliyi pozmasına, ölkəmzidəki sabitliyə xələl gətirməsinə bundan sonra da imkan verilməyəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı parad Azərbaycan Pespublikasının hərbi qüdrətini nümayiş etdirdi

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad Ordumuzun gücünü, taktiki-texniki imkanlarını bütün dünyaya bir daha nümayiş etdirdi. Ordumuzun nəyə qadir olduğunu son iki ildə yaxşı görmüş və lazımi dərsini almış düşmən hazırda sarsılmış durumdadır. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradın əhəmiyyətindən danışan Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov deyib ki, paradda nümayiş etdirilən silah və hərbi texnika Azərbaycan Respublikasının hərbi gücünün tam təqdimatı deyildi. Çünki bu gün yalnız Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ümumilikdə 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Buraya iqtisadi qüdrəti getdikcə artan, xarici əlaqələri genişlənən ölkəmizin hərbi əməkdaşlıq çərçivəsində əldə etdiyi müasir silah və texniki vasitələri də əlavə etsək, Ordumuzun imkanları barədə daha aydın təsəvvür yarana bilər. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, “Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”. Belə hərtərəfli imkanların yaradılması bir məqsədə - Azərbaycan Ordusunun döyüş qabiliyyətinin ildən-ilə yüksəldilməsinə, işğal altındakı torpaqlarımızın azad edilməsinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına xidmət edir. “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi parad həm də xalqımızın öz ordusu ilə haqlı yerə qürur duymasının və ona inamının real əsaslara dayanmasının təsdiqinə çevrildi. Ali Baş Komandanın diqqət və qayğısı sayəsində güclənən Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri iki il əvvəl Aprel döyüşlərində qazandıqları qələbəni ötən ay bir daha təkrarlayaraq, Naxçıvanda 11 min hektara yaxın strateji ərazini işğaldan azad etdilər. Şərur rayonunun Günnüt kəndinin, onun ətrafındakı strateji yüksəkliklərin düşmən işğalından azad edilməsi hərbi qüvvələrimiz tərəfindən İrəvan-Gorus-Laçın-Xankəndi yolunun nəzarətə götürülməsinə şərait yaradıb. Azərbaycan əsgərinin yaxın vaxtlarda ermənilərin ərazimizdə qazdıqları başqa səngərlərdə də xidmət göstərəcəklərinə hamımız inanırıq”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, təntənəli parad Azərbaycan Ordusunun hərbi qüdrətinin nümayişi olmaqla yanaşı, düşmənə verilən mesaj idi. Ermənilər bundan nəticə çıxarmalı, nəinki işğal altındakı Azərbaycan torpaqlarındakı, Ermənistandakı strateji hədəflərinin də məhv edilə biləcəyini başa düşməlidirlər. Xalq, Vətən qarşısındakı missiyasını ləyaqətlə yerinə yetirməkdə olan Ordumuzun istənilən vəzifəni icra etməyə qadir olduğunu düşmən də yaxşı bilir. Bunu nə qədər tez etiraf edib lazımi addımları atsalar, özlərini gələcək sarsıntılardan bir o qədər tez xilas edərlər. Hərbi paradın ən mühüm nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının xalqımıza və dünyaya çatdırılan mesajında tam dolğunluğu ilə ifadə edilib. “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Yüksək səviyyədə hazırlanaraq keçirilən hərbi parad o günün uzaqda olmadığının ən parlaq nümayişidir.                                  

Hamısını oxu