Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Kəlbəcər Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

Aprel ayının 14-də Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, eləcə də Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.

Tədbirdən əvvəl konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin baş tutan tədbirdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin, həmçinin Rayon Ağsaqqallar Şurasının dünyasını dəyişən sədri Vəliyəddin İsmayılovun  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qonaqları və  tədbir iştirakçılarını salamlayaraq respublika ağsaqqallarının, eləcə də Kəlbəcər rayonunun ağsaqqal və ziyalılarının ölkəmizin ictimai-siyasi və sosial-mədəni həyatındakı rolundan, səmərəli fəaliyyətindən danışıb. Vurğulayıb ki, 30 ildən artıq davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma el-obalarından didərgin düşən Kəlbəcər  sakinləri, o cümlədən ağsaqqallar haqqın, ədalətin qalib gələcəyinə heç zaman ümidlərini itirməyiblər, daim dövlətin, xalqın yanında olublar. Harada məskunlaşmalarından asılı olmayaraq, hər zaman dövlətçiliyə xidmət ediblər. Natiq, həmçinin, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad edilən Kəlbəcər rayonunda aparılan geniş vüsətli quruculuq işlərindən də ətraflı söhbət açaraq, artıq kəlbəcərlilərin yaxın zamanlarda öz doğma yurdlarına qayıdacaqlarını bildirib. Rayon Ağsaqqallar Şurasının növbəti tədbirlərinin doğma Kəlbəcərdə keçirilməsi arzusunu dilə gətirən  Azər Qocayev çıxışının sonunda yeni sədrin seçilməsi məqsədilə keçirilən konfransın işinə uğurlar diləyib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq kəlbəcərli ağsaqqallarla növbəti görüşdən məmnun olduğunu bildirib. Ağsaqqallıq institutunun tarixindən, keçdiyi inkişaf yolundan söz açan natiq Azərbaycanın hər bölgəsində olduğu kimi, ölkəmizin sazlı-sözlü dilbər guşəsi olan Kəlbəcərdə də ağsaqqal sözünün, ağsaqqal xeyir-duasının hər zaman böyük əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşir ruhunun daşıyıcısı, tanınmış ziyalı, mərhum el ağsaqqalı Qənbər Qurbanovun da uzun müddət Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi təşkilatın fəaliyyətinə böyük töhfələr verdiyini qeyd edib. Bayram Yusifov, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şurada həyata keçirilən işlərdən də ətraflı bəhs edib. Bildirib ki,  ağsaqqallar hər zaman olduğu kimi bu gün də şəhər və rayonlarda öz fəaliyyətlərini icra hakimiyyətləri, YAP və digər təşkilatlarla birgə səmərəli əməkdaşlıq şəklində quraraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləməli, öz ağsaqqallıq missiyalarını daim yüksək səviyyədə həyata keçirməlidirlər. Natiq, həmçinin, müasir texnologiyalar, süni intellekt dövründə gənclərimizin milli adət-ənənələrə, dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman ciddi ehtiyacın olduğunu, onların üzərinə böyük   məsuliyyətin düşdüyünü vurğulayıb. Çıxışının sonunda Bayram Yusifov bütün ağsaqqallara möhkəm cansağlığı və işlərində uğurlar diləyib.

Sonra təşkilati məsələlər müzakirə edilib. Tədbir iştirakçıları tərəfindən səmərəli fəaliyyətindən bəhs edilən və namizədliyi irəli sürülən Kəlbəcər Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş millət vəkili Aqil Məmmədov açıq səsvermə yolu ilə yekdilliklə Şuranın sədri seçilib.

Aqil Məmmədov ona göstərilən etimada görə Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə, həmçinin rayon ağsaqqallarına minnətdarlığını bildirərək vurğulayıb ki, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının fəaliyyətinin daha da aktivləşdirilməsi və inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.

Konfransın sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və digər tədbir iştirakçıları yeni seçilən sədri təbrik edərək, ona gələcək fəaliyyətində davamlı uğurlar arzulayıblar.

2025-04-15 18:10:40
3048 baxış

Digər xəbərlər

Təltif olunan 7 şəhid polkovnik... - ONLARI TANIYAQ

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. Publika.az xəbər verir ki, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülənlərdən bir neçə yüksək rütbəli zabitimiz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Onlardan biri olan polkovnik Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. 1985-ci ildə Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məktəbə daxil olub, 1992-ci ilə qədər həmin məкtəbdə təhsil alıb. 1992-ci ildən 1995-ci ilə qədər isə təhsilini Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə davam edib. 1995-ci ildə Türкiyə Ali Hərbi Hava Qüvvələri Məкtəbinə daxil olan Zaur Nudirəliyev, 2000-ci ildə həmin məкtəbi təyyarəçi ixtisası üzrə bitirib. Zaur Nudirəliyev 2015-ci ilin avqust ayından "N" saylı hərbi hissə кomandirinin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılma bölməsinin rəisi vəzifəsində xidmət edirdi. Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin polkovniki olan hərbi pilot Zaur Nudirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaur Nudirəliyev oktyabrın 4-də Cəbrayıl istiqamətində şəhid olub. O, II Fəxri Xiyabanda dəfn olunub. Ailəli və 2 övlad atası idi. Şəhid polkovnik-leytenant Əfqan Abdurahmanov Şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun 1976-cı ildə Bakıda anadan olub. O, 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən məzun olub. Aprel döyüşlərində də ön cəbhədə olan Əfqan Abdurahmanov Vətən Müharibəsi zamanı Murov dağı silsiləsindəki zirvələrdən birinin azad olunmasına rəhbərlik edib. Bu əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artileriya vasitələrinin atəş nöqtələri nəzarətə götürülüb. Bundan başqa, Əfqan Abdurahmanov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu postun azad edilməsinə rəhbərik edib. Oktyabrın 10-da Əfqan Abdurahmanovun rəhbərliyi ilə hərbiçilərimiz Ağdərə ətrafında yerləşən yüksəkliklərdən birinin düşməndən təmizlənməsi əməliyyatını həyata keçirən zaman ona bildirilir ki, 20 dəqiqədən sonra humanitar atəşkəs qüvvəyə minir, hücum əməliyyatı dayandırılsın. Əfqan Abdurahmanov əmrə tabe olur və hücumu dayandırır. Düşmən isə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq hərbiçilərimizin olduğu ərazini atəşə tutur. O, partlayış dalğası nəticəsində şəhid olur. Şəhid polkovnik-leytenant Ramiz Cəfərov Ramiz Cəfərov 1974-cü il dekabrın 10-da Ukraynada anadan olub. Sumqayıt şəhərinin 11 nömrəli tam orta məкtəbində təhsil alıb. Alman, ingilis və rus dillərini bilirdi. Ailəli və 5 övlad atası idi. Ramiz Cəfərov 1989-1992-ci illərdə Cəmşid Naxçıvanlı adına Hərbi Liseydə, 1992-1996-cı illərdə isə Ryazan Hava Desant Liseyində ali hərbi təhsil alıb. Bir müddət Qarabağ müharibəsində savaşan Ramiz Cəfərov, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə də savaşıb. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polкovniк-leytenantı olan Ramiz Cəfərov Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Şəhid polkovnik-leytenant Əkbərov Orxan Orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olub. 2002-ci ildən öz istəyi ilə cəbhə bölgəsində xidmət edən Orxan Əkbərov, 2016-cı ildə Aprel döyüşlərində və 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Polkovnik-leytenant Əkbərov Orxan 2020-ci il sentyabr ayında torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib, düşmənin xeyli sayda əsgərini və bir neçə silah dolu maşınını məhv edib. Polkovnik-leytenant Orxan Əkbərov 2 oktyabr 2020-ci il Füzuli istiqamətində gedən döyüşdə düşmənin snayperlə qəfil açdığı atəş nəticəsində şəhid olub. Ailəli idi, iki övladı yadigar qalıb. Şəhid polkovnik-leytenant Faiq Qasımov Qubadlı rayonunun Qayalı kəndində anadan olan Faiq Qasımov Aprel döyüşlərinin də iştirakçısı olub. O, Vətən Müharibsinin ilk günlərində şəhid olub. Faiq Qasımov 1992-ci ildə Qarabağ müharibəsində şəhid olan bölük komandiri Həsənqulu Qaçay oğlu Qasımovun (Həsən Qorxmaz) qardaşıdır. Şəhid polkovnik-leytenant Anar Əliyev 1980-ci ildə avqust ayının 28-i Kəlbəcərdə (Boyaqlı kəndi) dünyaya göz açıb. Vətən müharibəsində misilsiz şücaətlər göstərən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı zabiti Polkovnik-leytenant Anar Əliyev Cəbrayıl, Qubadlı və Zəngilanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə xüsusi təyinatlı komandir kimi ön cərgələrdə vuruşaraq şücaət göstərib. Zəngilan şəhərinin azad edilməsi barədə rəsmi raportu Ali Baş Komandan İlham Əliyevə Anar Əliyev verib. Anar Əliyev oktyabr ayının 21-i Vətən müharibəsinin Xocavənd cəbhəsində qəhrəmancasına Şəhid olub. Şəhid polkovnik-leytenant Ramiz Qasımov O, 1975-ci ildə Beyləqan rayonunda anadan olub. Aprel və İyul döyüşlərində də iştirak edib. 27 sentyabrdan başlayan Vətən Müharibəsində səhər saatlarından etibarən düşmənə ilk əks-hücum əməliyyatına başlayıb. O, təyin olunan vaxtdan 20 dəqiqə əvvəl uçuşa qalxmış və nəticədə düşmənin bütün Qarabağla yanaşı ətraf rayonlarımızı nəzarətdə saxladığı, həmçinin, ordumuzun aviasiya sistemlərini zərərsizləşdirə biləcək strateji əhəmiyyətli hədəfini ilk həmlədə məhv edib. Bununla kifayətlənməyən pilot Ramiz Qasımov düşmənin bir neçə OSA zenit raket kompleksin də məhv edib. Ramiz Qasımov uğurlu əks-hücum əməliyyatından geri dönərkən mənfur düşmənin hədəfinə tuş gəlir. O, özünü itirmədən ekipaja helikopteri tərk etməyi əmr edir. Daha sonra hündürlüyünü sürətlə itirən helikopterin yaşayış ərazisinə düşməsinin qarşısını almaq üçün onu boş sahəyə tərəf yönəldir. Mülki əhalinin təhlükəsizliyini düşünən pilot helikopteri boş sahəyə yönləndirdikdən sonra tullanır. Helikopteri gec tərk etdiyi üçün yaralanır. Yaralı pilot Ramiz Qasımov 27 sentyabrdan 22 oktyabr tarixinədək komada qalır. O, 22 oktyabr tarixində Şəhidlik zirvəsinə ucalır... / "Qafqazinfo"

Hamısını oxu
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Sumqayıt Şəhər İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər ilə birlikdə Vətən müharibəsinin şəhidi Verdiyev İsax Ədalət oğlunun Sumqayıt şəhərində yaşayan ailəsini ziyarət ediblər.   Əvvəlcə rayon rəhbəri Vətən müharibəsi şəhidinin ailə üzvləri ilə birlikdə Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, Şəhidlərin ruhuna dualar oxunub.   Sonra şəhidin ailəsinin yaşadığı mənzilə gələrək onlarla səmimi söhbət edib, qayğıları ilə maraqlanıb. Rayon icra hakimiyyəti tərəfindən ailəyə maddi yardım olunub.   Görüşdə rayon rəhbəri rəşadətli Ordumuzun, igid hərbçilərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışıb, vətən torpağı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində əbədi olaraq qalacağını deyib. Dövlət tərəfindən şəhid ailələrinə xüsusi diqqət göstərildiyini bildirib. Qeyd edib ki, şəhid ailələrinin, qazilərimizin məişət şəraiti günü-gündən yaxşılaşdırılır, onlara yeni mənzillər verilir, ailələrinə xüsusi təqaüd və müavinətlər ödənilir. Bu işlər bilavasitə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin tapşırıq və göstərişləri əsasında aparılır.   Qeyd edək ki, Vətən müharibəsi şəhidi Verdiyev İsax Ədalət oğlu 21 sentyabr 1997-ci ildə Tərtər şəhərində anadan olub. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində fəal iştirak edib. O, oktyabr ayının 6-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 7 oktyabr 2020-ci ildə yaşadığı Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfin edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.   Şəhidin ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.  

Hamısını oxu
“Prezidentin VIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın haqq səsinin növbəti təntənəsidir”

Cəlil Xəlilov: “Bu çıxış bir daha dövlətimizin regional və qlobal tərəqqiyə böyüki töhfələr verdiyini sübut etdi”   “Prezidentin VIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın haqq səsinin növbəti təntənəsidir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. İlk öncə dövlət başçısının pandemiyaya qarşı mübarizə məqsədi ilə atdığı addımlara diqqət çəkən Cəlil Xəlilov, Prezident İlham Əliyevin problemə yanaşma tərzinin digər dünya liderlərinə də örnək olduğunu vurğulayıb:   “Prezidentimizin VIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı istər siyasi və iqtisadi, istərsə də elmi-mədəni baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki dövlət başçısı bu çıxışda bir sıra məsələlərə münasibət bildirdi, özünəməxsus yanaşma tərzi sərgilədi. Bu baxımdan prezident İlham Əliyevin koronaviris pandemiyasına qarşı qlobal mübarizəyə verdiyi töhfə xüsusilə qeyd edilməlidir.   Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan dövləti pandemiyanın ilk günlərindən bu bəlaya qarşı birgə mübarizə aparmağın zəruriliyini vurğuladı, bununla bağlı dünya dövlətlərinə çağırışlar ünvanladı. Koronavirusa qarşı vaksin yaradılanda isə Azərbaycanın dövlət başçısı bildirdi ki, bu vaksin iqtisadi gücündən, siyasi nüfuzundan asılı olmayaraq, dünya dövlətləri arasında ədalətli şəkildə bölünməlidir. Hansı ki, Asiya və Afrikanın əksər dövlətlrinin, o cümlədən bir sıra Latın Amerikası dövlətlərinin bu prosesdən əsaslı şəkildə kənarda qaldığı bir həqiqət idi. Məhz belə bir məqamda Prezident İlham Əliyev vaksinlərin ədalətli şəkildə bölüşdürülməsi təklifi ilə çıxış etdi, dünya liderlərini, beynəlxalq təşkilatları bu məsələdə vicdanla davranmağa səslədi.   Xatırladım ki, məhz Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatının Sammitində BMT-nin Baş Assambleyasının COVİD-ə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi. Bu çağırış əksər BMT dövlətləri tərəfindən dəstəkləndi və nəhayətdə 2020-ci ilin 3-4 dekabr tarixlərində bu sessiya reallaşdı.   Azərbaycan dövləti ölkə daxilində də pandemiyaya qarşı mübarizə istiqamətində böyük işlər həyata keçirdi. Qısa zamanda 13 yeni dövlət xəstəxanası açıldı ki, bu xəstəxanalar pandemiyadan əziyyət çəkən vətəndaşlarımızın müalicəində mühüm rol oynadı. Vətəndaşlar arasında kütləvi vaksinləmə prosesi həyata keçirildi. Bu və bu kimi addımlar sayəsində pandemiyaya qarşı mübarizədə böyük uğurlara nail olundu. Bununla yanaşı, Azərbaycan bri sıra dövlətlərə tibbi yardımlar göndərdi. Bununla da öz humanist mövqeyini nümayiş etdirdi”.   Cəlil Xəlilov ölkə başçısınınm Vətən müharibəsi və bunu doğuran səbəblər haqqında VIII Qlobal Bakı Forumunun açılışında səsləndirdiyi fikirlərə də münasibət bildirdi:   “Dövlət başçısı məlum Forumda Vətən müharibəsi və bunu doğuran səbəblər, habelə post-müharibə dönəmində dövlətimizin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi geniş quruculuq layihələrinə də diqqət çəkdi. Prezidentimiz qeyd etdi ki, Ermənistan uzun müddət problemin sülh yolu ilə həllindən imtina etməklə yanaşı, 2020-ci ildən etibarən Azərbaycana qarşı hərbi müstəvidə ciddi təxribatlara əl atdı. Dövlət başçısı bidlirdi ki, sentyabrda Ermənistanın həyata keçirməyə cəhd etdiyi növbəti təxribat müharibəni tətiklədi və bu müharibə Ermənistan ordusunun məğlubiyyəti ilə başa çatdı. Azərbaycan ordusu cəmi 44 gün içində düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdi.   Müharibədən sonra Azərbaycanın bu torpaqlarda həyata keçridiyi qurucluq işləri bir daha dünyaya kimin-kim olduğunu göstərdi. Baş verənlər əməli surətdə göstərdi ki, Azərbaycan xalqı sülhpərvər və yaradıcı xalqdır. Baş verənlər göstərdi ki, Azərbaycan xalqı öz prezidentinin rəhbərliyi altında düşmənin daşı-daş üstündə qoymadığı Qarabağı cənnətə döndərməyə qadirdir və bu istiqamətdə böyük işlər həyata keçirir.   Bir sözlə, Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumundakı çıxışı bir daha dövlətimizin regional və qlobal tərəqqiyə böyük töhfələr verdiyini sübut etdi. Bu çıxış həm də onu göstərdi ki, Azərbaycan dövləti güclənməkdə, beynəlxalq aləmdəki nüfuzunu artırmaqda davam edir və heç bir qüvvə bu prosesin qarşısını ala bilməz”.      

Hamısını oxu
Cəlil Xəlilov: Səfirliyimizə qarşı terror aktının İranın siyasi dairələri tərəfindən planlaşdırılması ehtimalı böyükdür

Bakı, 28 yanvar, AZƏRTAC Səfirliyimizə qarşı terror aktının İranın siyasi dairələri tərəfindən planlaşdırılması ehtimalı böyükdür.Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.Polkovnik qeyd edib ki, bütün ilkin məlumat və faktlar bu ehtimalı gücləndirir: “Təşkilat olaraq səfirliyimizə qarşı törədilən terror aktını qınayır, bütün müqəssirlərin məsuliyyətə cəlb olunmasını tələb edirik. Səfirliyimizə qarşı həyata keçirilən bu hücum beynəlxalq qanun və konvensiyaların kobud şəkildə pozulması, İranın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməməsi, anti-Azərbaycan siyasətini terror müstəvisinə keçirməsi deməkdir. Bütün ilkin məlumat və faktlar bu hücumun rəsmi Tehranın “xeyir-duası” ilə planlaşdırıldığını göstərir. Videogörüntülərdən də məlum olur ki, səfirliyin qorunmasına cavabdeh olan iranlı asayiş keşikçilərindən heç kim terrorçuya mane olmağa cəhd etmir, onun zərərsizləşdirilməsi istiqamətində hər hansı addım atmır. Terrorçu səfirlik binasına daxil olandan sonra məhz azərbaycanlı mühafizəçilər tərəfindən tərk-silah edilir”.Cəlil Xəlilov deyib ki, hadisədən dərhal sonra Tehranın polis rəisinin verdiyi açıqlamalar, terrorçunun İran televiziyalarına çıxarılması, hadisənin şəxsi münasibətlər zəminində baş verməsi ilə bağlı dövriyyəyə buraxılan məlumatlar proseslərin İran dövləti tərəfindən idarə edilməsi ehtimalını gücləndirir.“İran dövləti terror aktına görə Azərbaycan dövlətindən rəsmi şəkildə üzr istəməli, terror aktının sifarişçilərinin və təşkilatçılarının tam şəkildə müəyyən edilərək məsuliyyətə cəlb etməli, həmçinin istintaq prosesində Azərbaycanın hüquq-mühafizə orqanlarının da iştirakını təmin etməlidir. Həm beynəlxalq konvensiyalar, həm də siyasi əxlaq bunu tələb edir. Əgər rəsmi Tehran bundan sonra da özünü terror aktının fövqündə tutmaqda davam edəcəksə, bu, İranın terror dövləti olması ilə bağlı təəssüratları gücləndirəcək, Azərbaycanı beynəlxalq hüquq çərçivəsində sərt addımlar atmağa vadar edəcək”, - deyə Veteranlar Təşkilatının sədr müavini vurğulayıb.

Hamısını oxu