Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Geosiyasi çağırışlara uğurlu cavab

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan özünü etibarlı tərəfdaş, prinsipial siyasət yürüdən dövlət kimi təsdiq edib. Prezident İlham Əliyevin apardığı məqsədyönlü və çoxşaxəli xarici siyasət Azərbaycanın dünya miqyasında nüfuzunun yüksəlməsində həlledici rol oynayır.

2025-ci il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin nüfuzlu CGTN telekanalına geniş müsahibə verib. Dövlət başçısının müsahibəsi Azərbaycan-Çin münasibətlərinin tarixi inkişaf mərhələsindən, hazırkı səviyyəsindən və gələcək perspektivlərindən bəhs etməklə yanaşı, iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdiyini bir daha nümayiş etdirdi.

Son səfər və müsahibə göstərir ki, iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə sonuncu görüş 2024-cü ilin iyul ayında baş tutub və bu görüş ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olub. Həmin görüşdə imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə münasibətləri yeni keyfiyyət mərhələsinə yüksəldib. Aprel səfəri çərçivəsində isə iki ölkə arasında "Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat" imzalanıb. Bu sənədin imzalanması, eyni zamanda müxtəlif sahələri əhatə edən 20-dən çox sənədin qəbul edilməsi, əməkdaşlığın hərtərəfli və dərin olduğunu təsdiqləyir. Milli maraqlara hörmət və qarşılıqlı dəstək də əsas diqqət çəkən məqamlardır.

Azərbaycan və Çin milli maraqlara dair məsələlərdə daim bir-birinə dəstək göstərib. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın "Vahid Çin" siyasətini dəstəklədiyini vurğuladı və Tayvanda keçirilən qeyri-qanuni seçkiləri pisləyən ilk ölkələrdən biri olduğunu xatırlatdı. Bu qarşılıqlı dəstək əlaqələrin yalnız siyasi səviyyədə deyil, həm də beynəlxalq platformalarda da sıx əməkdaşlığa əsaslandığını göstərir.

Prezident İlham Əliyev Sədr Si Cinpinlə şəxsi münasibətlərindən də söz açaraq, Çin liderinin onu "Çinin yaxın dostu" adlandırmasını böyük qiymətləndirdiyini bildirdi. İki lider arasında formalaşmış dostluq münasibətləri ölkələr arasında etimadın və səmimi əməkdaşlığın əsasını təşkil edir.

İkitərəfli münasibətlərin tarixi kökləri qədimdir. Müsahibə zamanı Prezident İlham Əliyev mərhum Prezident Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin qurulmasındakı rolunu xüsusi qeyd etdi. Ulu öndər Heydər Əliyevin hələ dövlət başçısı olarkən Çinə etdiyi səfər bu əlaqələrin təməlini qoymuş və bu gün də həmin xətt uğurla davam etdirilir. Ölkə rəhbəri İlham Əliyev qeyd etdi ki, Azərbaycan xarici siyasət prioritetlərində Çinlə münasibətləri hər zaman xüsusi yerə qoyub.

Çin modeli və Azərbaycanda islahatlar barədə də bəzi nüansları qeyd etmək yerinə düşər.

Çinin modernləşməsi və iqtisadi tərəqqisi bir çox ölkələr üçün olduğu kimi Azərbaycan üçün də ilham mənbəyi olub. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın daxili sabitliyi qorumaq, iqtisadi islahatlar aparmaq və sosial rifahı artırmaq siyasəti Çinin inkişaf təcrübəsindən bəhrələnərək həyata keçirilib. Azərbaycanın bu gün malik olduğu möhkəm iqtisadi təməl və aşağı səviyyədə xarici borc, yoxsulluğun və işsizliyin azalması, yaşıl enerji strategiyası da bu müsbət təsirlərin bariz nümunəsidir.

Bərpaolunan enerji sahəsində əməkdaşlıq da xüsusi diqqət çəkir. Müsahibədə Azərbaycanın yaşıl enerji sahəsində Çinlə geniş əməkdaşlıq planlarından da bəhs olundu. Azərbaycan 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji istehsalı gücünə nail olmağı planlaşdırır. Burada Çin şirkətləri mühüm rol oynayır. Azərbaycan artıq günəş və külək enerjisi sahəsində bir sıra iri layihələr həyata keçirir və gələcəkdə enerji ixracını artırmağı hədəfləyir.

İqtisadiyyatla yanaşı humanitar və mədəniyyət sahələrində əlaqələrin genişlənməsi prioritetdir.

İki ölkə arasında humanitar əlaqələrin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Azərbaycanda Çin dili və mədəniyyəti ilə bağlı layihələrin icrası, həmçinin Çində təhsil alan azərbaycanlı tələbələrin sayının artırılması bu siyasətin tərkib hissəsidir. Prezident İlham Əliyev Çində Çin-Azərbaycan Universitetinin yaradılmasını da vacib perspektiv kimi qeyd etdi.

Müsahibənin ən diqqətçəkən məqamlarından biri Azərbaycan və Çin arasında viza rejiminin tamamilə aradan qaldırılması oldu. Azərbaycan bir il əvvəl birtərəfli qaydada Çin vətəndaşları üçün vizanı ləğv etmişdi. İndi isə hər iki ölkə arasında qarşılıqlı vizasız gediş-gəliş tətbiq edilir. Bu addım turizm, xalqlar arasında əlaqələr və iqtisadi əməkdaşlıq sahəsində yeni imkanlar açır. Statistikaya baxanda görünür ki, Azərbaycanla Çin arasında ticarət dövriyyəsi dinamik şəkildə artır. Prezident İlham Əliyev qeyd etdi ki, Çin hazırda Azərbaycanın idxal baxımından birinci, ümumi ticarət dövriyyəsi baxımından isə dördüncü tərəfdaşıdır. Azərbaycanın Çində açdığı 6 Ticarət Evi isə məhsulların Çinə ixracını təşviq edir.

Hesab edirəm ki, Prezident İlham Əliyevin CGTN-ə verdiyi müsahibədə səslənən fikirlər Azərbaycanın yeni dünya düzənində layiqli yer tutduğunu və beynəlxalq əməkdaşlıqda balanslı siyasət yürütməyə davam etdiyini göstərir. Azərbaycanın prinsipial mövqeyi — suverenlik, müstəqillik və qarşılıqlı hörmətə əsaslanan münasibətlər — ölkəmizi yeni imkanlar qarşısında daha da gücləndirir.

Nəticə etibarilə, dövlətimizin başçısının bu müsahibəsi, Azərbaycanın xarici siyasətinin düzgün, uzaqgörən və dinamik olduğunu bir daha təsdiq edir. Biz inanırıq ki, qarşıdakı dövrdə də Azərbaycanın dünya arenasında rolu daha da artacaq və ölkəmiz strateji hədəflərinə doğru inamla irəliləyəcək.

Məşhur Məmmədov
Milli Məclisin deputatı


2025-04-29 18:50:34
618 baxış

Digər xəbərlər

Nəzakət Məmmədova: “Xatirə Kitabının 17-ci cildində əvvəlki nəşrlərdə adları getməyən, hələ də axtarışlarda olan insanların xatirəsi əbədiləşdirilib”

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının əsas qayəsi, missiyası bizdən əvvəl gələnlərin, qəhrəmanlıq tariximizdə əhəmiyyətli yeri olanların adlarını və xatirələrini əbədiləşdirməkdir. 30 ildən artıqdır ki, Xatirə Kitabı "Heç kəs unudulmur, heç nə yaddan çıxmır" devizini rəhbər tutaraq bu müqəddəs missiyanı davam etdirir. İkinci Dünya mü­haribəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xo­calı soy­qı­rı­­mı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir gö­tü­rülmüş vətən­daş­larımız, Milli Qəhrə­man­la­rımız haq­qında ensiklopedik materialları özündə əks etdirən kitablar nəşr edir. "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabı və Xatirə Kitabının (əlavələrdən ibarət) 17-ci cildi də bu qayəni özündə ifadə edən nəşrlərdir. İkinci Dünya müharibəsində həlak olanların unudulmaması, yaddaşlarda qalması üçün sözügedən nəşrlərin və bu qəbildən olan kitabların əhəmiyyəti danılmazdır. Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re­dak­si­yası Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabı və Xatirə Kitabının (əlavələrdən ibarət) 17-ci cildinin təqdimatını keçirdi. Mayın 14-də baş tutan təqdimat mərasimində Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, əmək və müharibə veteranları, tanınmış ziyalılar, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyində təmsil olunan şəxslər, rayon təşkilatı sədrləri, Nəzakət Məmmədovanın rəhbərlik etdiyi kollektivin üzvləri iştirak edirdi. Təqdimat mərasimini Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini İmran Əhmədov açdı. Əvvəlcə dövlət himnimiz səsləndi, sonra isə ulu öndər Heydər Əliyevin, İkinci Dünya müharibəsində həlak olmuş insanların, vəfat etmiş müharibə veteranlarının və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İmran Əhmədov çıxışında Respublika Xatirə Kitabı Redaksiyası barədə məlumat verdi və Nəzakət Məmmədovanın rəhbərliyi ilə araya-ərsəyə gələn kitablardan, filimlərdən danışdı. "Hazırda Xatirə Kitabının 17-ci cildinin təddimatına yığışmışıq. İkinci Dünya müharibəsində iştirak edən insanların qəhrəmanlığı unudulmazdır. Onların nəvə-nəticələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərdilər, torpaqlarımızı işğaldan azad etdilər. Bu kitablar davamlı olaraq nəşr olunacaq. Bu kitablar bizdə də var və biz onları qonaqlarımıza təqdim edəcəyik ki, bizim qəhrəmanlıq tariximizlə tanış olsunlar". Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxışında rəhbərlik etdiyi redaksiyanın gördüyü işlərdən, redaksiyanın missiyasından danışdı. O, vurğuladı ki, 1993-cü ildə Heydər Əliyev Vətən uğrunda canından keçən azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi məqsədilə qərar imzaladı. "İkinci Dünya müharibəsində həlak olanların adlarının əbədiləşdirilməsi üçün bütün respublikalara göstərişlər verildi və ümumi 1400 cilddə kitab nışr olunmalı idi ki, bunun da 20 cildi Azərbaycanın payına düşdü. Heydər Əliyevin göstərişi ilə Xatirə Kitabının yaradılması üçün indiki Azərbaycan Milli Ensiklopediyasında bir şöbə yaradıldı. O şöbədə bu istiqamətdə ilk axtarışlar başladı. İkinci Dünya müharibəsi Avropanın müxtəlif yerlərindən keçib. Azərbaycanlıların harada izləri vardısa həmin ölkələrə rəsmi sorğular, məktublar göndərildi. Dəfələrlə Moskvaya müraciət olundu. Xatirə Kitabının birinci cildi 1997-ci ildə kiril əlifbası ilə işıq üzü gördü. 2001-ci ildə latın qrafikasına keçməyimiz səbəbindən bu kitab latın əlifbası ilə təkrar çap olundu. Bu günə kimi 16 cildi çıxıb. Bu gün sizə təqdim olunan Xatirə Kitabının 17-ci cildində əvvəlki nəşrlərdə adları getməyən, hələ də axtarışlarda olan insanların xatirəsi əbədiləşdirilib. Çox çalışmışıq ki, heç kəsin adı kənarda qalmasın. Ən şərəfli ölüm şəhidlərimizə nəsib olub. Onlar olmasaydı bizim gələcəyimizin də olmasına inanmıram. Bundan sonra redaksiya ikinci böyük bir işə imza atdı..." N.Məmmədova qeyd etdi ki, "Xatirə Kitabının (əlavələrdən ibarət) 17-ci cildində Böyük Vətən müharibəsində həlak olmuş və itkin düşmüş soydaşlarımız haqqında qısa ensiklopedik məlumatlar yer alıb. "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabında isə faşizm üzərində qələbənin 80 illiyi geniş təqdim olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xa­rak­terizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azər­bay­can­lılar, mü­ha­ri­bədə örnək hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və ma­raqlı fikirlər yer alıb. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əli­yevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə baş­lamış Respublika Xatirə Kitabı insan resurslarını əbə­di­ləş­dirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən en­siklopedik salnamədir. Bu kitabda İkinci Dünya mü­haribəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xo­calı soy­qı­rı­­mı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir gö­tü­rülmüş vətən­daş­larımız, Milli Qəhrə­man­la­rımız haq­qında ensiklopedik materiallar dərc edilir. Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya əlavə olaraq, itkin düşmüş, əsir götürülmüş vətən­daş­larımız haqda iki dildə (Azərbaycan və ingilis) 4 cilddə kitab dərc etdirib. Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xati­rələrinin əbədiləş­di­ril­məsi məq­sədilə "44 gün – Tarixi Zəfər" adlı dörd cilddə kitab nəşr etdirib, həmin kitablar şəhid ailələrinə təqdim edilib və proses bu gün də davam etdirilir. Bu çoxcildlik ensiklopedik nəşrlər icti­mai müstəvidə xüsusi rol oynayır. Redaksiyanın hazırladığı "Qələbə - 75" və "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabları da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir". Respublika Xatirə Kitabı Re­dak­si­yası həmçinin, "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Qarabağ mü­haribəsində həlak olanların adlarının və xatirələrinin əbədiləş­di­rilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya, eyni zamanda, "Vətən daşı... və ya 44 günün das­tanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub. Redaksiyanın hazırladığı "Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır" kitabı Ümummilli Lider Heydəır Əliyevin 100 iliyi münasibətilə çap edilib, kitabda Ulu Öndərin həyat və fəaliyyəti geniş şəkildə xarakterizə olunub. Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlə­rini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır". N.Məmmədova Birinci Qarabağ müharibəsi şəhidlərinin adlarının və xatirəsinin əbədiləşdirilməsi üçün 10 cildliyin hazırlanmasına başlanılıb. N.Məmmədova bildirdi ki, Birinci Qarabağ müharibəsində şəhid olan insanlarla bağlı geniş araşdırmalar aparılır və məlumatların daha dolğun olması üçün ictimaiyyətin də, veteranların da, şəhid ailələrinin də dəstəyinə ehtiyac var. "İkinci Qarabağ müharibəsində Birinci Qarabağ müharibəsində şəhid olan oğul və qızlarımızın qanını yerdə qoymadı. Biz Birinci Qarabağ müharibəsinə həsr olunan on cildliyin birinci cildi üzərində mühüm işlər aparılır. Mən sizlərə müraciət edirəm, Birinci Qarabağ müharibəsində şəhid olanlar barədə kimdəsə dəqiq məlumatlar, şəkillər varsa onları Respublika Xatirə Kitabı Redaksiyasına yönədin. Bu bizə çox lazımdır". Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı Rasim Mirzəyev çıxışında qeyd etdi ki, Xatirə Kitabı Redaksiyasının kollektivi Vətən uğrunda həlak olanların axtarışı ilə məşğul olan və qanı, canı ilə təpədən-dırnağa vətənpərvərlik işinə bağlı olan insanlardır: "Bu redaksiyanın kollektivi doğrudan da çox kiçik büdcə ilə gecələrini gündüzlərinə qataraq bu işləri həyata keçirirlər. Xatirə Kitabının cildlərində 1941-1945-ci il müharibəsində döyüşmüş, qəhrəmancasına həlak olmuş, eyni zamanda sağ qayıtmış veteranlarımızın da adları əks olunub. Bu həm bizim tariximizdir, həm də gələcəyimizdir. O nöqteyi-nəzərdən bu insanların adının bu kitabda əbədiləşdirilməsi, onlara layiq olduqları haqqın veriməsi böyük vətənpərvərlik işidir. Gənc ömürlərini dövlətin, vətənin çağırışına həsr edən, qəhrəmancasına döyüşən, yaşayan insanlar, doğrudan da əbədiləşməyə layiqdirlər..." Əməkdar həkim, Tibb Universitetin dosenti, Birinci Qarabağ müharibəsi veteranı Taryel Eyvazov qeyd etdi ki, Azərbaycan xalqının qəhrəman oğulları və qızları həm İkinci Dünya müharibəsində, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşublar və hər birinin adlarının əbədiləşdirilməsi təqdirəlayiqdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sabunçu təşkilatının sədri Sabir Allahverdiyev çıxışında bildirdi ki, onun atası da İkinci Dünya müharibəsində iştirak edib və o, zaman-zaman veteranlarla ünsiyyətdə olub və onların qəhrəmanlıqlarını dillərindən eşidib. Təqdimat mərasimində vurğulandı ki, İkinci Dünya müharibəsində iştirak edən hər bir azərbaycanlı xalqımızın qəhrəmanlıq örnəklərini o müharibədə də nümayiş etdiriblər, Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə faşizm üzərində qələbə qazanılmasında mühüm rol oynayıb. Tədbirin sonunda "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabı və Xatirə Kitabının (əlavələrdən ibarət) 17-ci cildi veteranlara təqdim olundu. Baki-xeber.com İradə SARIYEVA

Hamısını oxu
Hədəf İlham Əliyev deyil: Hədəf Azərbaycandır!

Məlum olduğu kimi, Vaşinqtonda bir qrup radikal şəxs təxribat xarakterli hərəkətlərə yol verib. Anti-milli radikal qrupun nümayəndələri  təxribat törətməyə cəhd edərək Azərbaycan dövlətinin rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, həmçinin, mühafizə olunan əraziyə daxil olmağa çalışıblar. Radikal qrupun təxibatlarının qarşısı Prezidentin təhlükəsizlik xidməti və ABŞ polisi tərəfindən uğurla alınıb, radikal şəxslər ərazidən uzaqlaşdırılıb. Dostunu mənə göstər, kim olduğunu deyim! Vaşinqtondakı təxribatın qarşısnın alınmasından dərhal sonra ermənipərəst qüvvələr radikalların müdafiəsinə qalxıblar. İlk reaksuya isə ermənilərin ANCA təşkilatından gəlib. Mühafizə olunan əraziyə daxil olmağa çalışan, qeyri-etik ifadələr səsləndirən radikalların məhz ermənilər tərəfindən müdafiə edilməsi məlum olaylarda kimin maraqlı olduğunu göstərir. ANCA-nın radikallarla bağlı verdiyi bəyanat sübut edir ki, anti-milli qüvvələrin bu davranışı yalnız və yalnız ermənilərin dəyirmanına su tökür. Elə bu səbəbdən də məhz onlar ABŞ qanunlarına meydan oxuyan, mənəviyyat tanımayan dağıdıcı davranışları müdafiə edir, bu təxribatda maraqlı olduqlarını əsla gizlətmirlər. ANCA-nın ardınca Xocalı soyqırımını inkar edən, ölkəmizə qarşı 907-ci düzəlişin müəlifi olan Frenk Pallone də radikalların müdafiəsinə qalxıb ki, bu da məlum təxribatlarla ermənipərəst cəbhə arasındakı əlaqədən xəbər verir. “Dostunu mənə göstər, kim olduğunu deyim” məsəlində olduğu kimi, təxribatçıların ermənilər tərəfindən müdafiə edilməsi, onların xalqımızın tarixi düşmənləri ilə eyni maraqlara xidmət etdiyini göstərir. Bu, yalnız Prezidentə deyil, bütün Azərbaycana edilən hücumdur! Qeyd edək ki, təxribatçıların Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəmələri, habelə, dövlət rəhbərliyinin ünvanına səsləndirilən təhqirlər yalnız Müzəffər Ali baş Komandana edilən hücum deyil. Bu, bütün Azərbaycana, onun hər bir vətəndaşına edilən hücumdur. Çünki İlham Əliyevi prezident edən Azərbaycan xalqının verdiyi səs olub. O, bütün Azərbaycan xalqını, onun hər bir fərdini təmsil edir. Belə olan halda dövlət rəhbərliyinin ünvanına səsləndirilən hər bir həqarət, həm də xalqın ünvanına səsləndirilən təhqir deməkdir. Nə qanun, nə də əxlaq xalqı təhqir etməyə icazə vermir. Çünki xalq müqəddəsdir və o, hər zaman hər cür təhqirin, hər cür həqarətin fövqündədir. Vaşinqton təxribatı ayıq və güclü olmağımızın zəruriliyinə sübutdur Vaşinqtonda yaşanan təxribat və bu təxribatın qarşısının Prezidentin təhlükəsizlik xidməti tərəfindən qətiyyətlə alınması, ayıq və güclü olmağımızn nə qədər vacib, nə qədər həyati əhəmiyyət kəsb etdiyini sübut edir. Baş verən olay göstərir ki, anti-Azərbaycan qüvvələri hələ də öz məkirli niyyətlərində qərarlı, hələ də fəaldırlar. Buna görə də xalqımız hər zamankı kimi bu gün də təxribatçı qüvvələrdən özünü, dövlətini və Prezidentini qorumaq üçün həmrəy olmalı, birlik və bərabərlik sərgiləməlidir. Dövlət və xalq olaraq tərəqqi və təhlükəsizliyimizin başqa yolu yoxdur. Seymur ƏLİYEV  

Hamısını oxu
Tovuzda Vətən Müharibəsi şəhidi Eltac Əlizadənin atasının dəfn mərasimi keçirilib

Tovuz rayonunun Çatax kəndində 44 günlük Vətən müharibəsi şəhidi Əlizadə Eltac İsmayıl oğlunun atası Abdıyev İsmayılın dəfn mərasimi keçirilib. Dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, onlara səbir diləyiblər. Qeyd edək ki, Əlizadə Eltac İsmayıl oğlu 1996-cı il oktyabrın 15-də Tovuz rayonunun Çatax kəndində anadan olub. X. Cəfərov adına Çatax kənd tam orta məktəbində və Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Eltac Əlizadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində könüllü olaraq iştirak edib, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. O, 2020-ci il oktyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu Çatax kəndində dəfn edilib. Şəhid Eltac Əlizadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları, həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Allah rəhmət eləsin.    

Hamısını oxu
Polkovnik Adil Haqverdiyev “Böyük Zəfər Medalı” ilə təltif edilib

Veteran.gov.az xəbər verir ki, Müahribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev “Böyük Zəfər Medalı” ilə təltif edilib. Birinci Qarabağ müharibəsi veteranı Adil Haqverdiyev respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına, habelə gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə “Böyük Zəfər Medalı”na layiq görülüb. Məlumat üçün qeyd edək ki, polkovnik Adil Haqverdiyev bugünə qədər müxtəlif dövlət qurumları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən çoxsaylı orden və medallarla təltif olunub.    

Hamısını oxu