Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şuşa – Azərbaycanın Qələbə Nişanı

Azərbaycanın torpaqlarına 33 il əvvəl vurulan yara nəhayət ki, sağaldı. Azərbaycanın tarixində, ruhunda və mədəniyyətində xüsusi yerə malik olan müqəddəs Şuşa şəhəri azadlıq uğrunda aparılan mübarizənin şanlı zəfəri ilə azad edildi. Bu qələbə bütün bir millətin əzmini, iradəsini və azadlıq ideallarını təcəssüm etdirən tarixi dönüş nöqtəsi idi.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin "Şuşa azaddır!" ifadəsi milyonlarla azərbaycanlının qəlbində silinməz izlər buraxdı. Bu sözlər yalnız qələbə müjdəsi deyil, 30 illik həsrətin, mübarizənin və sarsılmaz inamın təntənəsi idi. Şuşanın azad olunması ilə xalqımızın ürəyindəki ən böyük nisgil sonsuz sevincə çevrildi.

Bir zamanlar Ümummilli lider Heydər Əliyevin dilə gətirdiyi böyük arzu - Şuşanın azadlığı  bu gün reallığa çevrilib. 1992-ci il 8 may tarixində işğal olunan Şuşa düz 28 il sonra 2020-ci il 8 noyabrda öz azadlığına qovuşdu. Bu zəfər böyük bir hərbi uğur olmaqla yanaşı, həm də Azərbaycanın milli iradəsinin, dövlətçilik prinsipinə sadiqliyinin və xalqın birliyinin bariz nümunəsi idi.

 Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl hərbi-strateji əməliyyat bu uğurun əldə edilməsinin başlıca səbəbi idi. Şuşanın qurtuluşunun əhəmiyyətini yalnız onun hərbi-strateji mövqeyi ilə deyil, həm də mədəni və mənəvi dəyəri ilə ölçmək lazımdır. Əsrlər boyu Azərbaycan musiqisinin, poeziyasının və memarlığının beşiyi olmuş bu şəhər dahi sənətkarlarımızın doğulub boya-başa çatdığı müqəddəs məkandır. Məhz buna görə də Şuşanın işğaldan azad olunması xalqımızın tarixi və mədəni kimliyi ilə yenidən qovuşması anlamına gəlirdi.

Prezident İlham Əliyevin illər boyu apardığı məqsədyönlü siyasət, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyinin tanıdılması və ölkəmizin dünya miqyasında artan nüfuzu bu qələbənin siyasi əsaslarını formalaşdırdı. Bu həm də Azərbaycanın müstəqil və prinsipial dövlət kimi dünyada öz hüquqlarını müdafiə etmək gücündə olduğunu sübut etdi. Şuşaya bayrağımızın sancıldığı gün Azərbaycan xalqı tarixinin ən şərəfli anlarından birini yaşadı. Hər bir şəhər və kəndimizdə üçrəngli bayrağımız dalğalandı, xalqın qəlbində sevinc və qürur hissi coşdu. Bu bayraq təkcə bir qələbənin yox, həm də Azərbaycanın milli müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin rəmzinə çevrildi. Lakin bu tarixi hadisələrin və görüləcək işlərin sonu deyildi, əksinə yeni bir başlanğıcın simvolu idi. Şuşanın azad edilməsindən dərhal sonra digər kənd və qəsəbələrin də işğaldan azad olunması xəbəri gəldi. Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəklik nöqtəsinin azad edildiyini elan etdi.

Ermənistan acı məğlubiyyətlə barışaraq kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qaldı. Azərbaycanın gücü təkcə döyüş meydanında deyil, diplomatik arenada da öz təsdiqini tapdı. Bu zəfər yalnız Azərbaycan üçün deyil, həm də Cənubi Qafqaz regionunda ədalətin, beynəlxalq hüququn və sabitliyin bərqərar olunması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan əsassız iddiaların qarşısını alaraq bölgədə hüquqi və geosiyasi reallıqları təsdiqlədi.

Bu qələbə bir millətin varlığını, tarixini və gələcəyini qorumaq uğrunda apardığı mübarizənin təntənəsidir. Şuşanın azad olunması Azərbaycan xalqının birliyinin, əzminin və milli ruhunun parlaq təzahürüdür. Bu müqəddəs şəhər sadə bir coğrafi məkan deyil, xalqımızın simvoludur. O, bir yurdun, bir mədəniyyətin və bir millətin varlığını təcəssüm etdirən canlı tarixdir. O, öz sahibinə qayıtdı və bu qayıdış Azərbaycanın müstəqillik tarixində əbədi bir qürur səhifəsinə çevrildi.

İndi Şuşa təkcə keçmişin acı xatirələri ilə deyil, həm də gələcəyin ümidi, dirçəlişi və azadlığın rəmzi kimi anılır. Bir zamanlar susan bu şəhər bu gün azadlıq nəğməsi oxuyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq işləri nəticəsində Şuşada yollar çəkilib, məktəblər və mədəniyyət ocaqları fəaliyyətə başlayıb. Burada görülən işlər yalnız bir şəhərin bərpası deyil, eyni zamanda milli yaddaşın yenidən dirçəlişi və Azərbaycanın mədəniyyətinin, sənətinin, tarixinin yenidən canlanmasıdır. Şuşa öz zəngin ənənələrini, musiqisini və mədəniyyətini bir daha dünyaya təqdim edir.

Bülbülün səsi yenidən Şuşanın dağlarında əks-səda verir. Onun sənəti və arzuları bu şəhərin ruhunda yaşayır. “Xarıbülbül” musiqi festivalı bu qədim şəhərin dirçəlişini və mədəni həyatının yenidən bərpasını simvolizə edir. 32 ildən sonra Cıdır düzündə keçirilən bu festival Şuşanın geri dönüşünün təntənəsidir. Hər notada, hər musiqidə və hər səslə Azərbaycan xalqının həsrəti, mübarizəsi və zəfəri əks olunur.

Əlbəttə ki, Şuşanın azadlığı ilə nəticələnən bu tarixi qələbə Azərbaycan xalqının mübarizə iradəsinin və milli həmrəyliyinin ən uca nümunəsi olmaqla yanaşı, öz canından keçərək Vətən uğrunda şəhid olan qəhrəmanların qanı və qazilərimizin rəşadəti hesabına qazanılmışdır. Bu gün Azərbaycan xalqı Şuşaya qovuşubsa, bu məhz şəhidlərimizin müqəddəs qanı, onların göstərdiyi şücaət və fədakarlığın nəticəsində mümkün olmuşdur. Vətən müharibəsində həyatlarını itirən minlərlə igid oğul Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü naminə canlarını fəda etdilər. Onların hər biri tariximizin əbədi qəhrəmanına çevrilərək xalqımızın yaddaşında daim yaşayacaq. Şəhidlərin müqəddəs ruhu qarşısında baş əyir, ailələrinə sonsuz hörmət və ehtiram ifadə edirik. Həmçinin qazilərimiz - bu torpaqlar uğrunda sağlamlıqlarından keçən vətənpərvər döyüşçülər bu qələbənin canlı simvoludurlar. Onların rəşadəti, döyüş meydanında göstərdikləri qəhrəmanlıq Azərbaycan Ordusunun peşəkarlığını və xalqımızın əyilməz iradəsini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu gün Şuşada dalğalanan bayraq şəhidlərimizin ruhuna hörmət, qazilərimizin fədakarlığına dərin ehtiram, xalqımızın mübarizə əzminə verilmiş dəyərdir. Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə daim qayğı göstərir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu da dövlətin öz qəhrəmanlarına verdiyi dəyərin bariz nümunəsidir. Unutmayaq ki, Şuşaya gedən yol şəhidlərin və qazilərin qanı ilə yazıldı. Bu torpaq, bu bayraq, bu qələbə onların bizə mirasıdır. Onları daim yad etmək, xatirələrini yaşatmaq, ruhlarını uca tutmaq hər birimizin vətəndaşlıq borcudur.

Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-05-07 19:03:53
1255 baxış

Digər xəbərlər

“Avrora Qrupun beynəlxalq sərgilərdə uğurlu iştirakı Azərbaycan iqtisadiyyatı adına qürurvericidir”

Azərbaycanda qida sektorunda fəaliyyət göstərən elə böyük şirkətlər var ki, onlar mütəmadi olaraq bir sıra beynəlxalq sərgilərdə istehsal etdikləri məhsullarla çıxış edir, dünya bazarında ölkəmiz adına uğurla rəqabət aparırlar. Buna nümunə olaraq Avrora Qrup şirkətinin cari ilin fevral ayında Moskvada öz stendi ilə çıxış edərək “Harika”, “Tanelli”, “Sladena”, “Berg”, “Kreki” və digər məhsullarını nümayiş etdirməsini göstərmək olar.  Xatırladaq ki, Prodexpo Rusiyada hər il keçirilən və yeni ticarət nişanlarının, brendlərin, innovativ qida məhsullarının təqdim olunduğu ən böyük ərzaq sərgilərindən biridir. Təkcə bir faktı qeyd edək ki, bu il sərgidə 35-dən çox ölkədən təxminən 70 000 ziyarətçi və 2000-ə yaxın iştirakçı şirkət yer alıb. Son illər artan bu cür hallar ölkəmizdə qida sənayesinin, milli iqtisadiyyatımızın sürətli inkişafının göstəricisi sayıla bilərmi? Mövzu ilə bağlı saytımıza açıqlama verən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bu kimi addımların mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Azərbaycan brendinin, Azərbaycan məhsullarının tanıdılması iqtisadi siyasətimizin əsas prioritetlərindəndir. Bu istiqamətdə həm sahibkarların dəstəklənməsi, həm də onların istehsal etdikləri məhsulların xaricdə daha geniş auditoriyaya təqdimatı ilə bağlı mühüm işlər aparılır. Bu baxımdan şirkətlərimizin beynəlxalq sərgilərdə iştirak etməsi və öz məhsullarını təqim etməsi birmənalı şəkildə Azərbaycanın ixrac imkanlarının genişləndirilməsinə imkan yaradır. Bu baxında Avrora Qrupun beynəlxalq sərgilərdə uğurlu iştirakı qürurvericidir. Bu, milli iqtisadiyyatımızın inkişafından, şaxələnməsindən, rəqabət qabiliyyətinin artmasından xəbər verir. Bir məqamı da qeyd edim ki, ənənəvi olmayan bazarlarda belə sərgilərin keçirilməsinə, bu sərgilərdə təmsil olunmağımıza xüsusilə ehtuiyac var. Çünki Azərbaycanın qeyri-neft ixracatının 49%-i, yəni təxminən yarısı cəmi iki ölkənin payına düşür. Avropa İttifaqı, xüsusilə də körfəz ölkələri ərzaq məhsullarımızın ixracatı baxımından böyük imkanlar vəd edir. Buna görə də bu istiqamətdə təşəbbüslərin dəstəklənməsi və Azərbaycan məhsullarının həmin bazarlara daxil olması üçün həm sərgilərdə iştirak, həm də “Made in Azerbaijan” brendinin tanıdılması istiqamətində işlərin daha sistemli şəkildə həyata keçirilməsi vacibdir. Bu, sahibkarlığın inkişafını sitimulaşdırmaqla yanaşı, həm də Azərbaycana daha çox valyutanın daxil olmasına şərait yaradacaq”. Seymur ƏLİYEV  

Hamısını oxu
Heydər Əliyev Fondu yeni layihəyə başlayır

Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır. Axar.az xəbər verir ki, bu barədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva bildirib. Mehriban Əliyevanın açıqlamasında deyilir: “Əziz həmvətənlər! Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir. Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır. Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar. Əziz həmvətənlər, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

Hamısını oxu
Millət vəkili Qənirə Paşayeva və “Nərgiz” klini­kasının baş həkimi Məlahət Qəhrəmanova şəhid ailələri ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Fitoterapevtlər” İctimai Birliyin Sədri, “Nərgiz” klini­kasının baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova 27 sentyabr – Şəhidləri Anma Günündə Tovuz rayonunun Əlibəyli kən­dində olub, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid kiçik çavuş Anar Hüseyn oğlu Hüseynovun ailəsini ziyarət edib.   Şəhidin ailə üzvləri ilə söhbət edən Millət vəkili və tanınmış həkim, ailənin qayğıları ilə maraqlanıb, “şəhid övladınızın əziz ruhu qarşısında ehtiramla baş əyirik” deyib.   Şəhidin ailə üzvləri ilə söhbət edən Q.Paşayeva və M.Qəhrəmanova, Anar kimi oğulların canı-qanı bahasına qazanılmış tarixi zəfərimizdən danışıb, bu zəfərin dövlət-xalq birliyinin, Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Müzəffər Ordumuzun vətəncanlılığının parlaq örnəyi oldğunu vurğulayıb. Onlar, Anar Hüseynovun haqqında da yazının olduğu “Tovuz şəhidləri (44 günlük Vətən Müharibəsi)” kitabını və Qarabağ motivli xatirə hədiyyəsini şəhidin ailəsinə təqdim edib.   Anar Hüseynov (08 oktyabr 1982, Əlibəyli, Tovuz–28 sentyabr 2020, Füzuli rayonu) 2015-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.   Kiçik çavuş Anar Hüseynov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə, sentyabrın 28-də şəhid olub.   Şəhidimiz doğma Əlibəyli kəndində dəfn olunub. Ruhu şad olsun!  

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı Vətən müharibəsi şəhidinin arzusunu reallığa çevirdi

Cəlilabad Rayon Veteranlar Təşkilatı öz fəallığı və təşkilatçılığı ilə rayonda Qeyri-hökumət təşkilatlarına həmişə  örnək olmağa çalışır. Təşkilat bu dəfə də öz təşəbbüsü ilə xeyirxah bir  ilkə imza atıb. Şəhid ailəsini sevindirmək  üçün Vətən Müharibəsi şəhidi  Əlikram Xanışovun yadigar qalan şeirlərindən ibarət  kitabını çapa hazırlayıb nəşr etdirib. "Elm və təhsil" nəşriyyatında işıq üzü görən "Vətən uğrunda ölərəm" adlanan kitabın redaktoru rayon Veteranlar Təşkilatının sədri, Azərbaycan Yazıçılar  və Jurnalistlər Birliklərinin üzvü, "Sözün işığı" qəzetinin baş redaktoru Ədalət Salmandır. Ədalət  müəllim, həm də kitaba "Yad eyləyəcək Azərbaycan" sərlövhəli ön söz yazıb. Rayon Veteranlar Təşkilatı bu günlərdə  qəhrəman şəhidin  "Vətən uğrunda ölərəm" adlı ilk və son kitabının geniş  təqdimatını keçirəcək, şəhid ailələrinə və qazilərə həmin  kitablar paylanılacaq.

Hamısını oxu