Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qələbənin Ruhunu Daşıyan Ağdam: Muğam Mərkəzinin Açılışı və Qarabağ Dirçəlişi

2020-ci ilin payızında sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi bir daha sübut etdi ki, Vətəni qoruyan, onu canı ilə yoğuran xalq məğlubedilməzdir. Bu müharibə Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. Vətən sevgisi, birlik və şəhidlik kimi ali anlayışlar o günlərdə yenidən canlandı, çiçəkləndi və Zəfərlə taclandı. Həmin 44 gün təqvimdəki bir-biri ardına düzülən sadə rəqəmlər deyildi. Hər günü torpaq uğrunda canını fəda edən minlərlə qəhrəmanın həyat hekayəsi idi. O günlərdə silaha çevrilən qəlblər, səngərlərdə dua ilə gözlərini yuman mücahidlər, canından keçən gənc əsgərlər bir anda həm qəhrəman, həm də Vətənin özü oldular. Bu gün dağlar onların dilində danışır. Hər zirvə bir igidin adını pıçıldayır. Azad edilmiş ərazilərin adları artıq sadəcə coğrafi məkan deyil, həm də şəhid qanı ilə yoğrulmuş müqəddəs nişanələrdir. Azərbaycan əsgəri yalnız silahı ilə deyil, ruhu ilə, xalqının duası ilə döyüşdü. Bu Zəfərin arxasında yalnız ön cəbhədə vuruşan qəhrəmanlar yox, arxa cəbhədə dua edən analar, “Qarabağ Azərbaycandır!” deyən uşaqlar, bir millət kimi çırpınan milyonlarla ürək dayanır. 44 gündə Azərbaycan xalqı bir nəfəs, bir yumruq, bir ruh oldu. Müharibə ağrı və acılarla da keçdi. Biz şəhidlər verdik. Göz yaşları axdı. Lakin bu göz yaşları məğlubiyyətin yox, qürurun, Zəfərin göz yaşları idi. Vətən müharibəsinin qəhrəmanları bu gün də bizimlədir. Onlar bizə öyrətdilər ki, Vətən torpaqla deyil, onun uğrunda canından keçənlərlə ölçülür. Bu gün azad Şuşada dalğalanan bayraq, Ağdamda açılan Muğam Mərkəzi, Xankəndində fəaliyyətə başlayan universitet - hamısı bu qəhrəmanların ruhunun təntənəsidir. 2025-ci il mayın 10-da Ulu Öndər Heydər Əliyevin doğum günündə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Muğam Mərkəzinin rəsmi açılışı oldu. Bu Qarabağın mədəni dirçəlişinin başlanğıcını ifadə edən simvollardandır. Muğam əsrlərin içindən gələn xalq nəğməsidir. İndi isə bu nəğmə yenidən Ağdam səmasında səslənir. Bu musiqi bizim yaddaşımız, ruhumuz, keçmişimiz və Vətənə olan sevgimizin dilidir. Ağdam Muğam Mərkəzi 507 yerlik konsert zalı, sərgi salonu, dərs otaqları, kitabxana və açıq amfiteatrı ilə milli irsimizin yaşadılması və gələcək nəsillərin yetişdirilməsi üçün böyük bir mədəniyyət abidəsidir. Prezident İlham Əliyevin açılış mərasimindəki nitqi xalqın ruhunu oxşadı. Onun “Biz bu torpaqlarda əbədi yaşayacağıq” sözləri təkcə siyasi mesaj deyil, mənəvi inam və əzmin ifadəsidir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu layihənin ərsəyə gəlməsində mühüm rol oynayıb. Fondun təşəbbüsü ilə keçirilən beynəlxalq muğam festivalları və gənc ifaçıların dəstəklənməsi milli irsə verilən önəmin göstəricisidir. Qarabağ səmasında səslənən hər nəğmə bizə bir həqiqəti xatırladır: bu torpaqlar bizimdir, biz buradayıq və əbədi qalacağıq. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər, xüsusilə də şəhid ailələri, müharibə veteranları və qazilər üçün böyük mənəvi dayaqdır. Bu çıxışlar milli birliyimizin və dövlətçiliyimizin sarsılmaz dayağını bir daha təsdiqləyir. 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. Qondarma “Dağlıq Qarabağ Respublikası” tarixin arxivinə göndərildi. Bu, yalnız siyasi deyil, həm də mənəvi qələbə idi. Bu gün artıq Ağdam dirçəlir. Şəhər yenidən öz ritminə, nəfəsinə qovuşur. Dəmir yolları, avtomobil yolları, yaşayış kompleksləri, təhsil və mədəniyyət ocaqları biri-birinin ardınca istifadəyə verilir. Dəmir Yolu Vağzalı, Ağdam–Xankəndi–Şuşa dəmir yolu layihəsi, planlaşdırılan Xankəndi–Şuşa kanat yolu və digər infrastrukturlar Qarabağın gələcəyinə olan inamın təzahürüdür. Prezidentin bu sözləri isə hər bir azərbaycanlının qəlbində əbədi yer alır: “Mən sizin hamınızı ürəkdən təbrik edirəm həm bu möhtəşəm Muğam Mərkəzinin açılışı, həm də bizim bütün uğurlarımız münasibətilə. Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq.” Ağdam Muğam Mərkəzinin açılışında Prezident İlham Əliyevin söylədiyi bu sözlər gələcəyə olan inamın ifadəsidir:“İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq.” Bu sözlər həm mədəniyyətimizin dirçəlişi, həm də milli ruhumuzun yeni mərhələyə qədəm qoyması baxımından dərin məna daşıyır. Azərbaycan xalqı artıq gələcəyə inamla addımlayır. Qarabağın azadlığı ilə başlayıb, onun yenidən qurulması ilə davam edən bu yol, həm fiziki, həm də mənəvi yüksəlişin yoludur. İmarət Kompleksinin bərpası, Ağdam Cümə Məscidindən Qiyaslı məscidinə qədər aparılan işlər, Xaçınçay su anbarı, müasir infrastruktur layihələri, yeni mehmanxanalar və kənd təsərrüfatına qaytarılan münbit torpaqlar bütün bunlar Azərbaycanın bu torpaqlara verdiyi dəyərin və gələcəyə olan baxışının bariz nümunəsidir. Ən mühüm məsələ isə budur: xalqımız bir amal, bir məqsəd ətrafında – müstəqil, güclü və qalib Azərbaycan uğrunda sıx birləşmişdir. Bu birliyimiz, milli ruhumuz və Vətənə sədaqətimiz bizim tükənməz gücümüz, Zəfərimizin qaynağıdır. Bu münasibətlə bütün xalqımızı, xüsusilə də Ağdam sakinlərini Muğam Mərkəzinin açılışı münasibətilə səmimi-qəlbdən təbrik edirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hər zaman dövlətimizin, xalqımızın və müdrik liderimizin ətrafında sıx birləşərək Azərbaycanımızın parlaq gələcəyi naminə bütün gücümüzlə çalışacağımıza, ölkəmizin rifahı, əmin-amanlığı və suverenliyinin qorunması uğrunda var qüvvəmizi əsirgəməyəcəyimizə söz veririk.

Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-05-12 14:56:35
3337 baxış

Digər xəbərlər

Unudulan deputatlar: Azərbaycanın bütün prezidentlərilə işləyən, Moskvanın yüksək vəzifələrindən imtina edən GENERAL

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.Rubrikamızda haqqında danışacağımız növbəti sabiq deputat Vladimir Timoşenkodur.   General-mayor Vladimir Timoşenko vaxtilə bitərəf deputat kimi iki çağırış Azərbaycan Milli Məclisinin üzvü olub. Amma daha əvvəl də Ali Sovetin deputatı seçilmişdi...O, həm I çağırış (1995-2000), həm də II çağırış (2000-2005) parlamentdə Bakının Nəsimi rayonunu təmsil edib.Vladimir Vasilyeviç Timoşenko 1942-ci il noyabrın 25-də Ukraynada – Atom Elektrik Stansiyasının qəzaya uğradığı məşhur Çernobıl vilayətində anadan olub. O, Vladiqafqazda Ali Hərbi Zenit-Raket Məktəbini və Moskvada Hərbi-Siyasi Akademiyanı bitirib.1962-1990-cı illərdə SSRİ Silahlı Qüvvələrininin müxtəlif hərbi hissələrində xidmətdə olub. Hərbi xidmətə Bakıda kursant kimi başlayan Timoşenko 20 yaşında Hövsan qəsəbəsində təcrübə keçib. Sonralar Rusiyada, Ukraynada qulluq edib, general-mayor rütbəsinədək yüksəlib.V.Timoşenko hərbi xidmətin son illərini Zaqafqaziya Hərbi Dairəsində korpusun siyasi şöbə rəisi vəzifəsində, ordu Hərbi Şurasının üzvü kimi başa vurub... və 1990-cı ildə ehtiyata buraxılıb. O, “Qırmızı ulduz”, II və III dərəcəli “SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə” ordenləri və medallarla təltif olunub. Vladimir Timoşenko 1990-cı illərdə hərbi xidmətini başa vurandan sonra ömürünün geridə qalan hissəsini Azərbaycanla bağlamaq qərarı verib.General V.Timoşenko 1990-cı illərdə Azərbaycanda yeni yaradılmış “dövlət başçısının hərbi müşaviri” postuna dəvət olunanda, bunu tərəddüdsüz qəbul edərək işə başlamışdı. Daha sonra onun yolu parlamentdən keçdi...Ukraynalı general müstəqil Azərbaycanın bütün 4 prezidentinin dövründə parlamentimizdə təmsil olunub.Belə ki, o, hələ 1990-cı il sentyabrın 30-da - keçmiş SSRİ-nin süquta uğradığı ərəfədə Azərbaycan SSR-in XII çağırış Ali Sovetinə keçirilən seçkilərə qatılaraq deputat seçilib. O zaman Ali Sovetə 340 deputat mandat almışdı.XII çağırış Ali Sovetin ilk iclası 5 fevral 1991-ci il tarixində prezident Ayaz Mütəllibovun iştirakı ilə keçirilmişdi.Bu iclasda parlament ölkə üçün çox vacib bir məsələni müzakirə etmişdi. Və həmin müzakirənin sonunda Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilmişdi.1990-ci ildə formalaşdırılan həmin Ali Sovet Azərbaycanın keçmiş SSRİ tərkibindəki son, müstəqil Azərbaycanın isə ilk qanunverici orqanı oldu. Belə ki, Ali Sovetin 1991-ci ilin fevral ayında fəaliyyətə başlamasından bir müddət sonra - 1991-ci ilin avqustunda Sovet İttifaqı dağıldı. Həmin il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası reallaşdı.1991-ci il noyabrın 26-da isə müxalifət və müstəqil deputatların təkidi ilə Ali Sovet 50 nəfərlik Milli Şura ilə əvəzləndi.Beləliklə, Azərbaycan Ali Sovetinin nəzdində Milli Şuranın yaradılması barədə qərar qəbul edildi. Ali Sovetin 340 deputatı arasından 50 nəfər seçilməklə Milli Şura yaradıldı. Həmin 50 deputatdan 25-i parlamentdəki kommunistlərin ("komblok"), 25-i isə demokratların ("demblok") nümayəndəsi idi.O zaman general Vladimir Timoşenko da Milli Şuranın 50 üzvündən biri oldu.1992-ci il Xocalı soyqırımından sonra istefa verən prezident Ayaz Mütəllibovun ardınca Milli Şuranın sədri Elmira Qafarova da postunu tərk etdi (1992-ci ilin martında). Milli Şura 1992-ci ilin may ayının 18-də Azərbaycan Respublikasının Milli Məclisi adlandırıldı.1992-ci ilin 8 iyununda Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri Əbülfəz Elçibəyin qələbəsilə başa çatdı.Vladimir Timoşenko Milli Məclisin deputatı kimi həm Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu 1 ilə, həm də 1993-cü ildə Heydər Əliyevin iqtidara gəlişinə şahidlik etdi....Nəhayət 1995-ci ilin noyabr ayında Azərbaycanın Milli Məclisinə ilk seçkilər keçirildi. Həmin seçkilərdə Bakının Nəsimi rayonundakı 27 saylı İkinci seçki dairəsindən deputatlığa namizəd olan general Timoşenko bu marafonda qalib gələrək mandat aldı.O, I çağırış Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının üzvü idi. General 2000-ci ildə yenidən eyni seçki dairəsindən deputat seçildi. V.Timoşenko II çağırış Milli Məclisdə Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü kimi fəaliyyət göstərdi.Deputatlığının növbəti 5 il ərzində o, mərhum prezident Heydər Əliyevin vəfat etməsinə (2003-cü il) və İlham Əliyevin yeni dövlət başçısı seçilməsinə şahid oldu.Vladimir Timoşenko 2005-ci ildə deputatlıq səlahiyyətlərini başa vuraraq təqaüdə çıxıb. V.Timoşenko ilə dost olan Əməkdar jurnalist Rəhman Orxan onu əslən ukraynalı, qəlbən isə azərbaycanlı adlandırır.Rəhman Orxan deyir ki, 1990-cı ilin yanvarında Bakıda törədilmiş qanlı faciədən xeyli əvvəl SSRİ müdafiə naziri Dmitri Yazov Vladimir Timoşenkoya Rusiyadakı hərbi dairələrin birində prestijli yüksək vəzifə təklif etmişdi:“Lakin Timoşenko bu təklifdən qəti imtina etmiş, həm özü, həm də övladları üçün sadəcə doğma ev yox, sözün həqiqi mənasında Vətən hesab etdiyi Azərbaycanda həmişəlik qalmağı qərara almışdı. O, hələ daha əvvəl də Leninqrad Hərbi Dairəsində yüksək vəzifə vəd edən mərkəzin – Moskvanın təklifindən imtina edərək, o vaxt İttifaqın müdafiə naziri olan Yevgeni Şapoşnikova müraciətlə Azərbaycanda işləmək üçün ezam olunmasını istəmişdi. Vladimir Vasilyeviçin öz tarixi vətəni Ukraynaya – Çernobıla qayıtması məsələsinə gəldikdə isə nə qədər istəsə də, bu artıq mümkün deyildi. Oraya qayıtmaq həddən artıq təhlükəli idi və yəqin ki, 100 ildən sonra da belə olacaqdır, çünki generalın ata yurdu olan doğma kəndi Çernobılın radiasiya zonasında yerləşir. Onun ata evində keçirdiyi qayğısız uşaqlıq və yeniyetməlik illəri həmişəlik təhlükəli zonada qalıb”.  V.Timoşenkonun özü uşaqlıq illəri ilə bağlı xatirələrində deyir: “Hələ də gözlərimin önündədir, ailəmizdə həmişə qarşılıqlı hörmət və məhəbbət ab-havası hökm sürürdü. Atam heç vaxt anamın üstünə səsini qaldırmazdı. Anam bizim hamımız üçün əziz, sevimli insan idi. Ailəmiz mənim üçün ilk və ömürlük həyat məktəbi olmuşdur - mənəvi tərbiyə, humanizm və sevgi məktəbi. Xoşbəxtəm ki, həyat yoldaşım Qalina Mixaylovna da ailəmizin ən yaxşı ənənələrinə sadiq olmuş, oğlanlarımızı bu ruhda tərbiyə etmişdir”.Əməkdar jurnalist Rəhman Orxanın sözlərinə görə, Vladimir Timoşenko fəaliyyəti boyu həmişə Azərbaycanın düşmənlərinin əsassız hücumlarına kəskin münasibət bildirib:“O, həmişə bizimlədir, bizim adamdır, bizim generaldır. Belə olmasaydı, yüksək səviyyəli görüşlərdəki uca tribunalardan çıxışlarında “bizim ölkə”, “bizim Azərbaycan xalqı” sözlərini səmimiyyətlə deyə bilməzdi”.  Timoşenko ilə dostluq münasibətlərini bu gün də davam etdirən jurnalist deyir ki, əslən ukraynalı general Azərbaycana ürəkdən yanır və demək olar ki, azərbaycanlılarla çoxdan qaynayıb-qarışıb:  “Ermənistanın Azərbaycana qarşı açıq təcavüzündən, Qarabağ probleminin həllində keçmiş Sovet İttifaqının və Qərb ölkələrinin şərəfsiz mövqe tutmasından hiddətlənmiş general Timoşenko vaxtilə respublikadakı döyüş texnikasının buradan çıxarılaraq Rusiyaya aparılmasına hər vasitə ilə - özünün gələcək karyerasını və hətta həyatını da riskə məruz qoyaraq müqavimət göstərmişdi. O, bədnam 366-cı motoatıcı alayın Xankəndidən çıxarılmasını birincilər sırasında tələb etmiş, İrəvandan mütəmadi “mükafat” almaq müqabilində erməni daşnakların işğalçılıq ideyalarını dəstəkləyənlərə - Vilnüs hadisələrində “ad çıxarmış” qəddar general Açalov, xalqımızın qatı düşməni Starovoytova və başqalarına qarşı açıq mübarizə aparmışdı. Buna görə də təsadüfü deyildi ki, 1993-cü ildə “Moskovski komsomolets” qəzetində ermənilərin əli ilə təşkil edilmiş “General kim idi və indi kimdir?” sərlövhəli materialda Vladimir Timoşenko satqınlıqda, bir sıra başabəla “sərkərdə”lərdən fərqli olaraq, Ermənistanı deyil, Azərbaycanı dəstəkləməkdə ittiham edilirdi. Rusiyada müəyyən dairələr 1 milyard dollar dəyərində ən müasir hərbi texnikanı Ermənistana müftə verəndə general Timoşenko məxsusi bu məsələ ilə əlaqədar iki dəfə Moskvada olmuş, orada çıxış edərək bu qanunsuz aksiyanı kəskin tənqid etmiş, Rusiyanın dövlət və hərbi strukturlarını inandırmağa çalışmışdı ki, işğalçı siyasət yeridən Ermənistanın hərbiləşdirilməsi yolverilməzdir. Bu hadisədən az sonra “Qolos Armenii” qəzetində dərc olunmuş “General Timoşenko kimin adından danışır?” sərlövhəli məqalədə Azərbaycan parlamentinin üzvünün ünvanına iyrənc hücumlar edilmişdi”. 2013-cü ildə “Rusiya-Ermənistan strateji və ictimai təşəbbüslərinə dəstək mərkəzi”nin russia-armenia.info saytında dərc edilən “Vladimir Timoşenko: qəhrəman yoxsa satqın?” adlı geniş məqalədə də o zaman 70 illik yubileyini qeyd edən generalın ünvanına hədyanlar yazılmışdı. Məqalədə Timoşenko SSRİ-nin varisi olan Rusiya ordusuna dönük çıxmaqda ittiham olunaraq, haqqında “O, faktiki olaraq ordusunu atıb Azərbaycan tərəfinə keçdi”, - deyə vurğulanmışdı.Rəhman Orxan deyir ki, V.Timoşenko bir general və Milli Məclisin deputatı kimi Azərbaycan Milli Ordusunun yaradılmasında da fəal iştirak edib. “Respublikamızın ən ağır günlərində general Timoşenko özü kimi Azərbaycanın təəssübünü çəkən Vladimir Malinovun təşəbbüsü ilə yaradılmış beynəlmiləl batalyonun formalaşmasında iştirak etmiş və Qarabağ cəbhəsində bir sıra uğurlu döyüş əməliyyatları aparmışdı. Bu beynəlmiləl batalyonun cəsur döyüşçülərindən biri öz vətəni Azərbaycanı alovlu məhəbbətlə sevən bakılı yəhudi, şəhid Milli Qəhrəman Albert Aqarunov idi...…90-cı illərin əvvəlində Timoşenkonun Qarabağ münaqişəsinin tarixi və onun acı nəticələri haqqında Ukrayna televiziyası ilə açıq, cəsarətli çıxışı Kiyevin, bütün Ukraynanın sakinlərini son dərəcə heyrətləndirmişdi. Onlar Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında, Qarabağ müharibəsi və onun həqiqi səbəbləri barədə, erməni faşistlərin məkrli işğalçılıq məqsədləri və vəhşilikləri barədə həqiqəti ilk dəfə öz məşhur həmyerlilərinin dilindən eşitdilər. Bu çıxış o qədər güclü əks-səda doğurmuşdu ki, Ukrayna Dövlət televiziyası həmin çıxışı dəfələrlə təkrarən efirə verməli olmuşdu. Azərbaycan ətrafında yaradılmış informasiya blokadasının aradan qaldırılması işinə general Timoşenkonun bir töhfəsi də ondan ibarətdir ki, o, keçmiş İttifaqın müxtəlif guşələrində yaşayan dostlarını vaxtaşırı respublikamıza dəvət edirdi”.  Jurnalistin sözlərinə görə, general Timoşenko vaxtilə Ukraynanın Azərbaycandakı səfiri işləmək təklifindən də imtina edərək, Milli Məclisin deputatı olmağı üstün tutub...Azərbaycanı doğma vətəni kimi sevdiyini deyən general V.Timoşenkonun burada özünü çox rahat hiss etdiyini söyləyir:“Rusiyanın, Ukraynanın müxtəlif yerlərində xidmət keçmişəm, amma heç bir yerdə Azərbaycandakı qədər rahat olmamışam. Bu yer möhtəşəm təbiəti ilə yanaşı, xalqın qeyri-adi xarakteri və gözəlliyilə cənnətdir”.Vaxtilə Rusiyadan gələn vəzifə təkliflərindən imtina etdiyini xatırladan Timoşenko “Mənim üçün ən yüksək vəzifə Azərbaycan vətəndaşı olmaqdır” deyir.Əvəllər hərbi ekspert kimi açıqlamalar verən general Timoşenko 44 günlük Vətən müharibəsindən hələ xeyli öncə demişdi: “Qarabağ problemi heç vaxt sülh yolu ilə həll edilməyəcək... Biz genişmiqyaslı hərbi əməliyyatlara hazır olmalıyıq ki, torpaqlarımızı azad edək”.Zaman istefada olan generalın proqnozlarını doğrultdu... Sabiq deputat Vladimir Timoşenko hazırda ailəsilə birgə Bakıda yaşayır. Təqüdçü eks-deputat bəzən dəvət olunduğu rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak edir.Qeyd edək ki, generalın üç oğlu və bir qızı var. Böyük oğlu İqor atasının yolu ilə gedib. Ali Hərbi Məktəbi bitirib, hərbçidir – Ukrayna Ordusunun generalıdır. İkinci oğlu Oleq iqtisadçıdır, Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. Onların hər ikisi hazırda Ukraynada yaşayır.İqor və Oleq sabiq deputatın ilk həyat yoldaşı Qalina Mixaylovna ilə nikahından dünyaya gəlib. Qalina Mixaylovna çoxdan dünyasını dəyişib.İlk həyat yoldaşının vəfatından illər keçəndən sonra yenidən evlənən Vladimir Timoşenkonun ikinci xanımından daha bir oğul və bir qız övladı doğulub. Maraqlıdır ki, general ikinci evlilikdən doğulan oğluna da İqor adı qoyub. Onun hazırda 16 yaşı var. Qızı Maşa isə 18 yaşındadır.İkinci evliliyini nəzərdə tutaraq “Mən hələ də güc və enerji ilə doluyam” deyən Timoşenko zarafat etməyi, ürəkdən gülməyi, tost söyləməyi sevir:“Tez-tez ziyafətlərdə dostlarımın xahişi ilə tamada rolunu ifa edirəm. Deyirlər ki, bu məndə pis alınmır. Tamadalıq zamanı vəziyyət imkan versə, bir-iki lətifə də deyə bilərəm. Yeri gəlmişkən, mənim lətifələrdən ibarət 4 mindən çox kolleksiyam var”.Bu gün Bakıda yaşayan general Vladimir Timoşenkonun bir gözü gülsə də, bir gözü ağlayır... Bu da səbəbsiz deyil. Generalın gözü-qulağı tarixi vətəni Ukrayna ilə bağlı xəbərlərdədir.Hələ Rusiyanın Ukraynada başladığı işğalçılıq müharibəsindən xeyli əvvəl Modern.az-a verdiyi müsahibədə o, tarixi vətəni ətrafında cərəyan edən hadisələrdən bərk narahat olduğunu bildirmiş, “mənim iki oğlum Kiyevdə, qardaşım Dnepropetrovskda, bacım Kiyev yaxınlığında yaşayır. Oradakı qohumlarım saysız-hesabsızdır” deyərək, ukraynalıların başına gətirilən müsibətlərə görə rəsmi Moskvanı lənətləmişdi.“Putin özünü şortikdə gəzən küçə uşağı kimi aparır. O düşünür ki, Krımı Rusiyaya birləşdirməklə reytinqini qaldırıb. Bəs dünyada nə qazanıb? Bütün dünya ictimaiyyəti Putinə nifrət edir. O öz simasını bir daha göstərdi”,- deyə V.Timoşenko müsahibə zamanı Rusiya prezidentinə yönəlik qəzəbini ifadə etmişdi.Milli Məclisin keçmiş üzvü, istefada olan general-mayor Vladimir Timoşenko bu ilin noyabrında 80 illik yubileyini qeyd edəcək. İndi onun ən böyük arzusu Ukraynanın müharibəni qələbə ilə başa vurmasıdır.Əfqan Qafarlı

Hamısını oxu
Vilayət Eyvazov Nəbiyevə YÜKSƏK VƏZİFƏ verdi

Xocalı rayon Polis Şöbəsinə yeni rəis təyin olunub. Publika.az xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polkovnik-leytenant Zaur Nəbiyev Xocalı rayon Polis Şöbəsinə rəis təyin olunub. O, bu vəzifəyə təyinat alana qədər Binəqədi Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində çalışıb. Qeyd edək ki, Xocalı RPŞ-nin əvvəlki rəisi Eldar Bağırov təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad edilmişdi. / "Qafqazinfo"

Hamısını oxu
Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərə ithaf olunmuş

Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ithaf olunan musiqi kompozisiyası hazırlanıb. Milli.Az Trend-ə istinadən bildirir ki, əməkdar artist Aygün Bəylərin ifa etdiyi "Əbədi zirvə" adlı musiqi kompozisiyasının bəstəkarı Tural Məmmədlidir. Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan musiqi kompozisiyasının klipi tezliklə ictimaiyyətə təqdim olunacaq. Klipin çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirir. Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Bir ömür boyu onlara minnətdar olacaq, qəlbimizdə əbədi yaşadacağıq!  

Hamısını oxu
“Birlik faktoru türk dünyasının tərəqqi və təhlükəsizliyinin təməlidir”

“Birlik faktoru türk dünyasının tərəqqi və təhlükəsizliyinin təməlidir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkili ciddi mətləblərdən xəbər verir: “Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkili hər şeydən öncə respublikamızın Prezident İlham Əliyvin rəhbərliyi altında türk dünyasının birliyi prosesində yaxından iştirak etdiyini, bu prosesdə aktiv rol oynayan avanqard dövlətlərdən biri olduğunu göstərir. Baş verənlər onu söyləməyə əsas verir ki, Azərbaycan 100 il  bundan öncə olduğu kimi bu gün də türk dünyasının birlik və həmrəyliyinə xüsusi önəm verir, bu istiqamətdə ardıcıl səylər ortaya qoyur. Bunu Prezident İlham Əlyevin tədbir iştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alan fikirlər də sübut edir. Ölkəmizdə “Türk Dünyası Həftəsi”nin təşkilinin digər bir önəmi bütün türk dünyasının birliyi və təhlükəsizliyi ilə bağlıdır. Bu gün müasir dünyada baş verənlər türk dövlətlərinin birlik və həmrəyliyinin nə qədər vacib olduğunu göstərir. Dünyada təhlükəsizliklə bağlı baş verən proseslərin təhlili göstərir ki, təhdidlərdən sığortalanmaq üçün türk dövlətlərinin xarici siaysət məsələlərində koordinasiyalı şəkildə hərəkət etməsi, bir-birlərini ciddi şəkildə dəstəkləməsi vacibdir. Yalnız belə olan təqdirdə biz qlobal dünyanın təhlükələrindən etibarlı şəkildə sığortalana, öz təhlükəsizliyimizi yüksək səviyyədə təmin edə bilərik. Türk dünyasının ortaq tarixi və mədəniyyəti bu birliyi təmin etmək üçün ən böyük platforma, ən ciddi zəmindir ”. Seymur ƏLİYEV

Hamısını oxu