Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Naxçıvanda “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib

19 may 2025-ci il tarixində Naxçıvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib.

 

Naxçıvan Dövlət Milli Dram Teatrında baş tutan konfransdan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub. Daha sonra Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Konfransda açılış nitqi ilə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu sahəsindəki islahatlar bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib,  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qazandığı 8 Noyabr zəfərinin tarixi önəmindən danışıb. İcra başçısı qeyd edib ki, məhz bu tarixi zəfər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməklə yanaşı, regionda uzunmüddətli sülh və etibarlı təhlükəsizlik üçün geniş perspektivlər açıb. Hazırda dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük abadlıq-quruculuq işləri apardığına diqqət çəkən icra başçısı, tarixi Zəfərin, bu zəfərin baş memarı Prezident İlham Əliyevin, şəhidlərimizin və qazilərimizin şücaətinin əsrlər sonra da ehtiram hissi ilə xatırlanacağını bildirib.

 

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, 8 Noyabr zəfərinin Cənubi Qafqaz regionunda uzun müddətdir ki, davam edən status-kvonu köklü şəkildə dəyişdirdiyini, yeni reallıqlar yaratdığını bildirib: “8 Noyabr zəfəri Azərbaycan hərb tarixinin ən şanlı səhifəsi, xalqımızın milli qürur günüdür. Məhz bu tarixi gündə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni faşizmi üzərində parlaq qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri yeni tarix yazmış, uzunmüddətli erməni işğalına son qoymuşdur. 8 Noyabr zəfəri uzun fasilədən sonra bizə ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyə imkan vermişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı bir nəfər kimi öz dövlətinin, öz Prezidentinin yanında yer almış, yumruq kimi birləşmiş və elliklə fədakarlıq sərgiləmişdir. Gənclərimiz vətənin azadlığı naminə tarixdə misli-bərabəri olmayan qəhrəmanlıq nümunələri göstərmiş, Şuşa kimi strateji şəhəri yüngül atıcı silahlar və yalın əllə azad etməklə bütün dünyanı öz cəsarət və igidlikləri ilə heyrətləndirmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, biz bu zəfərə gənclərimizin yüksək vətənpərvərlik ruhu, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, xalqımızın həmrəyliyi sayəsində nail olmuşuq. Bu gün bizim əsas missiyamız bu birliyi, bu həmrəyliyi qoruyub saxlamaq, dövlətimizin yanında olmaq, Prezidentimizin hər bir çağırışına dəstək verməkdir. İnanıram ki, qəhrəman Azərbaycan xalqı bu tarixi birliyi bundan sonra da qoruyub saxlayacaq, gənclərimiz anti-Azərbaycan qüvvələrinin hər bir təxribatının qarşısının alınmasında daim mühüm rol oynayacaq”.

 

Konfransda Azərbaycan Respublikası Milli  Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 44 günlük Vətən müharibəsi əlili Təbriz Zeynalov, Vətən müharibəsi əlili Mirkənan Kərimov, Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsinin 2-ci kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri  Firudin Süleymanov da çıxış edib, 8 Noyabr zəfərinin hərbi-siyasi, tarixi-mənəvi önəmindən danışıblar. Tarixi zəfərin suverenliyimizin qarantı olduğunu vurğulayan konfrans iştirakçıları, dövlətimizin Qarabağda həyata keçirdiyi geniş abadlıq-quruculuq işlərinə də diqqət çəkib, Azərbaycanın qalib lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün müstəvilərdə yeni uğurlara imza atacağına inamlarını ifadə ediblər.

 

 

2025-05-19 14:27:17
3031 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı başsağlığı verib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:   “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq böyük kinodramaturq, ölməz sənət əsəri olan “Günəşdən usanmışlar” filmi  ilə ölkəmizə “Oskar” qazandıran Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun vəfatından kədərləndiyimizi bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı veririk. Azərbaycan kinosunda özünəməxsus iz qoyan Rüstəm İbrahimbəyov fiziki olaraq aramızdan ayrılsa da, onun filmləri həmişəlik sadəcə ölkəmizin deyil, bütövlükdə dünya kino xəzinəsinin ən dəyərli nümunələrindən biri olaraq qalacaq, insanları düşündürməkdə, onları ülviliyə, nəcibliyə, xeyirxahlığa səsləməkdə davam edəcəkdir. Bir daha böyük sənətkarımıza rəhmət diləyir, doğmalarına səbr arzulayırıq. Allah rəhmət eləsin!”  

Hamısını oxu
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi

Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi"nin 4.4-cü bəndinə uyğun olaraq Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir: Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Baş Naziri Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Azərbaycan Respublikasının Maliyyə naziri. Milli.Az 

Hamısını oxu
İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, Ailənizə üz vermiş ağır itki - böyük qardaşınızın oğlu Əhməd Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"

Hamısını oxu
İsmayıllının Lahıc qəsəbəsində "Kənd turizmi" yaradılır

Veteran.gov.az xəbər verir ki, Lahıc qəsəbəsində “Bələdiyyə turizmi” xidməti yaradılıb. Bununla bağlı qəsəbədə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, qəsəbə sakinləri, rayon ictimaiyyətin nümayəndələri iştirak edib. Burda turistlərin rahatlığı üçün tikilmiş 3 ədəd kotecin açılışı olub.   Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə çıxış edən rayon rəhbəri İsmayıllı rayonunun turizm potensialının geniş olduğunu bildirib, həmçinin o, qeyd edib ki, Lahıc qəsəbəsi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olmaqla yanaşı, həm də sənətkarlığı və adət-ənənələri ilə də məşhurdur. Son illər qəsəbəyə gələn turistlərin sayında artım müşahidə olunur. Turizmin daha da inkişaf etdirilməsi üçün həmçinin onların maraqlarının təmin olunması istiqamətində daha geniş işlər aparıldığını vurğulayıb. Tədbirdə o ,da vurğulanıb ki, İsmayıllı rayonunda və eləcə də, turizm potensialı yüksək olan kəndlərdə, qəsəbələr də "Kənd turizmi" inkişaf etdiriləcəkdir.   Qəsəbə sakinləri ilk növbədə ölkə başçısı Prezident İlham Əliyevə və layihənin Lahıcda həyata keçirilməsində rolu olan hər bir kəsə dərin minnətdarlıqlarını bildiriblər.   Məlumat üçün bildiriririk ki, görülən işlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Lahıc bələdiyyəsi tərəfindən həyata keçirilib.Layihənin davamı olaraq tikilən koteclərin ətrafında turistlərin vaxtlarının səmərəli və maraqlı keçməsi üçün əlavə işlər görüləcək.  

Hamısını oxu