Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ərəstun Mehdiyev: Tarixi yenidən yazmaq cəhdlərini qəti şəkildə pisləməliyik

Sankt-Peterburqdakı B.Yeltsin adına Prezident Kitabxanasında Böyük Vətən müharibəsində Leninqradın blokadadan tam azad edilməsinin 75-ci ildönümünə həsr olunmuş “Birlikdə qazanılan böyük qələbə” mövzusunda beynəlxalq forum keçirilib. AZƏRTAC xəbər verir ki, Avrasiya Tədqiqatları Fondu, “Şimal-Cənub” Politologiya Mərkəzinin MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) dəstəyi ilə təşkil etdikləri foruma 250-dən çox iştirakçı, o cümlədən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin rəhbərliyi ilə ölkəmizdən geniş tərkibli nümayəndə heyəti qatılıb. Tədbirin açılışında Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Forumun plenar iclasında Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən Aleksandr Beqlov, Rusiya Prezidentinin beynəlxalq humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları çıxış edərək keçmiş sovet respublikaları xalqlarının Böyük Vətən müharibəsində nümayiş etdirdikləri birlik və şücaətdən danışıblar. Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında qeyd edib ki, Leninqradın müdafiəsi Böyük Vətən müharibəsinin qəhrəmanlıq səhifələrindən biridir. Leninqradın müdafiəçiləri dünyaya görünməmiş yenilməzlik və fədakarlıq nümayiş etdiriblər. Ərəstun Mehdiyev Azərbaycanın alman faşizminin darmadağın edilməsinə layiqli töhfə verdiyini, 700 minə yaxın azərbaycanlının düşmənə qarşı mərdliklə vuruşduğunu, cəbhə üçün lazım olan yanacağın 80 faizinin Bakı neftçiləri tərəfindən təmin edildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, azərbaycanlı əsgər və zabitlər bütün cəbhələrdə, o cümlədən Leninqrad cəbhəsində rəşadətlə vuruşublar. “Həlak olmuş həmvətənlərimizin xatirəsi əbədiləşdirilib, Piskaryov məzarlığında onların xatirə lövhəsi qoyulub. Leninqradın blokadası dövründə baş vermiş bir hadisəni də xatırlamaya bilmirəm. Müharibənin ən qızğın dövründə, 1941-ci ildə Leninqradda, Ermitajda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi qeyd olunmuşdu. Bu, peterburqluların zəngin daxili aləminin və nəcibliyinin daha bir nümunəsidir”, - deyə Ərəstun Mehdiyev bildirib. O xatırladıb ki, bu gün Leninqrad blokadasının şahidləri dünyanın müxtəlif ölkələrində yaşayırlar. Onların arasında taleyini Azərbaycana bağlayanlar da var. Lakin zaman durmadan irəliləyir və təəssüf ki, indi Azərbaycanda blokadanın cəmi 9 şahidi qalıb. Ölkəmizdə müharibə veteranlarına daim xüsusi qayğı ilə yanaşılır. Qələbə bayramı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə müharibə veteranlarına, blokada dövrünü yaşamış Leninqradın müdafiəçilərinə birdəfəlik müavinətlər ödənilir, “Əbədi alay” aksiyası və digər tədbirlər keçirilir. Ərəstun Mehdiyev təəssüflə qeyd edib ki, son illər müxtəlif ölkələrdə Böyük Vətən müharibəsində sovet xalqının fədakarlığı haqqında həqiqətləri təhrif etmək, nasizmə, faşist cəlladlarının havadarlarına bəraət qazandırmaq meyilləri ilə üzləşirik. O deyib: “Bu, yolverilməzdir. Biz səylərimizi birləşdirib, tarixin saxtalaşdırılması halları ilə mübarizə aparmalı, Qələbənin əhəmiyyətini kiçiltmək, tarixi yenidən yazmaq cəhdlərini qəti şəkildə pisləməliyik”.   Fəridə Abdullayeva

2019-04-30 00:00:00
3790 baxış

Digər xəbərlər

V.V.Timoşenkonun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                              Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vladimir Vasilyeviç Timoşenko “Şöhrət” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 noyabr 2022-ci il

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Ənvər Qarayev şəhid ailəsini ziyarət edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Ənvər Qarayev Beyləqan Rayon Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül dəstələri qoyub. Daha sonra Ənvər Qarayev Təşkilat sədri polkovnik Cəlil Xəlilovun tapşırığına əsasən şəhid Rizvan Nəsirovun ailəsini ziyarət edib.  Ziyarət əsnasında şəhid ailəsinin vəziyyəti ilə maraqlanan Ənvər Qarayev, şəhidlərimizin dövlət və xalq qarşısındakı xidmətinin heç zaman unudulmayacağını, hər zaman böyük sevgi və ehtiramla xatırlanacağını bildirib. Görüşün sonunda Respublika Veteranlar Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından şəhid atası Yusif Nəsirova əlil arabası hədiyyə edib. Şəhid ailəsi olaraq Prezident İlham Əliyevin diqqətini daim üzərlərində hiss etdiklərini bildirən Yusif Nəsirov, qayğıya görə Azərbaycan dövlətinə, Müzəffər Ali Baş Komandana eləcə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, minnətdarlığını bildirib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“Qəbələ görüşü dövlətimizin və Prezidentimizin sülhə sadiqliyinin göstəricisidir”

Cəlil Xəlilov: “Hikmət Hacıyevin “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşü dövlətimizin sülhə verdiyi önəmi göstərir”  “Qəbələ görüşü dövlətimizin və Prezidentimizin sülhə sadiqliyinin göstəricisidir”. Bu sözləri saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda sülh mətninin paraflanması və bunun ardınca  dövlətimizin atdığı addımlar Cənubi Qafqazda sülh mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, sülhün möhkəmlənməsi üçün yeni perspektivlər açıb: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti regionda etibarlı və uzunmüddətli sülhün bərqərar olmağında maraqlıdır və bugünə qədər olduğu kimi bundan sonra da sülh siyasətinə sadiq qalacaq. Ötən il avqustun 8-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında sülh mətninin paraflanması, habelə, bu hadisədən sonra qarşılıqlı etimadın güclənməsi üçün rəsmi Bakı tərəfindən görülən işlər sülh üçün əlavə zəmin formalaşdırıb, yeni perspektivlər açıb. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşü bir daha dövlətimizin sülhə verdiyi önəmi göstərir. Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında keçirilən görüş sübut etdi ki, ölkəmiz sülhün möhkəmlənməsi üçün öz səylərini uğurla davam etdirməkdədir. Həm Hikmət Hacıyevin Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü, həm də Qəbələ şəhərində aparılan müzakirələr rəsmi Bakının sülh siyasətinə sadiqliyindən xəbər verir. Qəbələ görüşü, eyni zamanda Ermənistanla iqtisadi münasibətlərin inkişafı ilə bağlı ortaya qoyulan səylər onu deməyə əsas verir ki, Azərbaycan sülhün inkişafı üçün əməli müstəvidə konkret addımlar atır, sülhün dərinləşməsi üçün praktiki şəkildə intensiv fəaliyyət ortaya qoyur. Bununla yanaşı, ölkəmiz həm də Azərbaycan və Ermənistan cəmiyyətləri arasında uzun müddətdir ki, mövcud olan düşmənçilik münasibətlərinin ortadan qaldırılması, qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində mühüm işlər görür. Qəbələdə hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən müzakirələr də məhz bununla bağlıdır. Bir sözlə, vətəndaş cəmiyyəti nümayəndələrinin Qəbələ görüşü Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülhə hazırlanması istiqamətində irəliyə doğru atılan mühüm addımdır. Gələcəkdə oxşar məzmunlu görüşlərin keçirilməsi xalqlar arasında qarşılıqlı inam və etimadı əhəmiyyətli dərəcədə artıracaq ki, bu da etibarlı sülhün formalaşması, regionda uzunmüddətli əmin-amanlığın bərqərar olması üçün vacibdir. Həmçinin, hesab edirəm ki, gələcəkdə bu qəbildən keçirilən görüşlərdə yaşlı nəslin nümayəndələrinin, habelə, veteran təşkilatlarının təmsilçilərinin də iştirakı  arzuedilən olardı”. Seymur ƏLİYEV  

Hamısını oxu
“BDU rektorunun rəhbəri olduğu bu layihə erməni faşizminin ifşası baxımından böyük önəm kəsb edir”

Məşhur Məmmədov: “Bu hesabatdan məcburi köçkünlərimizin pozulan hüquqlarının təmin edilməsində ciddi və etibarlı istinad nöqtəsi kimi istifadə ediləcək”   Məlum olduğu kimi, bir müddət bundan öncə Bakı Dövlət Universitetində  “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat”ın tədimatı keçirilib, bu hesabat haqqında ictimaiyyətə ətraflı məlumat verilib. BDU rektorunun ideya müəllifi və rəhbəri olduğu layihənin hazırlanmasında universitetinin professor-müəllim heyəti ilə yanaşı, ABŞ, Rusiya, Ukrayna, Qazaxıstan və Türkiyənin görkəmli mütəxəssisləri də iştirak edib. Layihənin hazırlanmasında məqsəd 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən Azərbaycan Respublikası ərazilərinin işğalı nəticəsində həmin ərazilərdən olan məcburi köçkünlərin pozulmuş hüquqlarının, dəymiş ziyanın əhatə dairəsinin və istiqamətlərinin müəyyən edilməsi, beynəlxalq təcrübəni öyrənməklə pozulmuş hüquqların bərpası, nəhayət dəymiş ziyanın Ermənistan tərəfindən ödənilməsi üçün beynəlxalq hüquqi mexanizmlərin təhlil edilməsi olub. Xatırladaq ki, Azərbaycan dili ilə yanaşı, həm də ingilis dilində hazırlanan bu hesabatın beynəlxalq təşkilatlara, dünyanın bir çox ölkələrinin rəsmi qurumlarına, o cümlədən beynəlxalq vətəndaş institutu cəmiyyətlərinə göndərilməsi nəzərdə tutulur. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu kimi layihələrin milli maraqlarımız, Azərbaycan həqiqətlərinin dünyaya yayılması və erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib: “İlk növbədə qeyd edim ki, 30 il ərzində baş verənləri unutmağa, yaddan çıxartmağa mənəvi haqqımzı yoxdur. Biz hər zaman bu məsələləri gündəmdə saxlamalı, beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırmalıyıq. Sadəcə Qarabağ və ətraf ərazilərdə deyil, həm də indi Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarından qovulan, didərgin salınan soydaşlarımızın bu torpaqlara qayıtması da diqqət mərkəzində saxlanılmalıdır. Biz beynəlxalq aləmin də diqqətini bu məsələlərə cəlb etməliyik. Azərbaycan xalqına dəyən maddi və mənəvi zərərin qarşılanması, Ermənistan tərəfinin buna görə gərəkli təzminatın ödəməsi məsələsi də ən aktual məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılmalıdır.  Biz həmişə görürük ki, Avropa dövlətləri öz ölkələrində, yaxud dünyanın digər bölgələrində yaşayan xristianlarla bağlı həssaslıq sərgiləyir. Bu gün Qarabağdakı 30 min erməniyə görə az qala bütün dünya narahatlıq ifadə edir. Amma bir milyondan çox azərbaycanlının haqlarının pozulması ilə bağlı nə Avropa Şurasında, nə Avropa dövlətlərində ciddi bir narahatlıq müşahidə edilmir. Bizim mənəvi baxımdan haqqımız var ki, daim bu məsələlərə diqqət çəkək, bunu beynəlxalq məhkəmələrə daşıyaq. BDU rektoru Elçin Babayevin rəhbəri olduğu bu layihə həm milli maraqlarımızın müdafiə edilməsi, həm erməni faşizminin ifşa edilməsi, həm də soydaşlarımızın pozulan haqlarının təmin edilməsi baxımından mühüm bir layihədir. Əslində oxşar layihələrin hazırlanması və beynəlxalq aləmdə yayılması istqiamətində digər qurumlar da aktivlik sərgiləməli, hər bir kəs erməni faşizminin ifşasında yaxından iştirak etməlidir. Bildiyiniz kimi, bu məsələlər Milli Məclisin də gündəmindədir. Milli Məclisin sədri Sahibə Qafarova xarici səfərlərində erməni vəhşiliklərinə diqqət çəkir, Xocalı soyqırımının tanınması, məcburi köçkünlərin hüquqlarının bərpa edilməsi, onlara dəyən zərərin ödənilməsi və s. kimi məsələləri hər zaman diqqətdə saxlayır, beynəlxalq ictiamiyyəti bununla bağlı ətraflı şəkildə məlumatlandırır. Deputat qruplarımız da xarici ölkələrə səfərlər əsnasında bu məsələləri qaldırır. Bu, cənab Prezidentimizin bizim qarşımızda qoyduğu bir məsələ olmaqla yanaşı, həm də mənəvi borcumuzdur. Vətəndaşlarımızın hüquqlarının bərpa olunması, doğma yurdlarına qayıtmasının təmin edilməsi dövlətimizin, Prezidentimizin daim diqqət mərkəzində saxladığı bir məsələdir və bu istiqamətdə görülən işlər göz önündədir. Bu baxımdan “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat” olduqca mühüm əhəmiyyətə malik böyük bir layihədir və təqdir edilməlidir. İnanıram ki, bu hesabat məcburi köçkünlərimizin pozulan hüquqlarının təmin edilməsi, erməni faşizminin etdiyi əməllərə görə cəzalandırılması baxımından mühüm sənəd rolunu oynayacaq, bu hesabatdan ciddi və etibarlı istinad nöqtəsi kimi istifadə ediləcəkdir”. Seymur ƏLİYEV    

Hamısını oxu