Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Həmid Əliyev – Xalqın və Dövlətin Şərəfli Övladı

Tarixin sınağından alnıaçıq keçən xalq varsa, o da Azərbaycan xalqıdır. 1941–1945-ci illərin qanlı-qadalı Böyük Vətən müharibəsi bu xalqın hünər salnaməsinə çevrildi. O illər xalqımızın həm ön, həm də arxa cəbhədə misilsiz şücaət göstərdiyi, torpağın, vətənin naminə can verdiyi illər idi.Mayın 8-dən 9-na keçən gecə imzalanan təslim aktı ilə faşist Almaniyasının diz çökdürülməsi təkcə silahın gücü ilə deyil, həm də zəhmətin, sədaqətin və fədakarlığın gücü ilə mümkün oldu. O qələbənin qazanılmasında rol oynayan xalqlar içərisində azərbaycanlılar da vardı. 700 min vətən övladı cəbhəyə yollandı onların çoxu geri dönmədi. Amma adları tarixə yazıldı. İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Həzi Aslanovun və onlarla qəhrəmanın igidliyi bu xalqın iradəsinin, döyüş ruhunun təcəssümüdür. Onlar bir millətin qürur rəmzinə çevrildilər. Qafqazdan Berlinə qədər uzanan döyüş yolu ilə keçən Azərbaycan diviziyaları, şəhər və kəndlərdə yaradılan minlərlə özünümüdafiə dəstəsi göstərdi ki, bu xalqın zəfərə inamı sonsuzdur. Azərbaycan xalqı bu müharibədə təkcə silahla deyil, həm də ürəyi, ruhu və varlığı ilə döyüşdü. Bu gün həmin tarixi yadda saxlamaq, qəhrəmanlarımızın xatirəsini uca tutmaq bizim borcumuzdur. Qələbənin 80 illiyini qeyd etdiyimiz bu günlərdə Azərbaycanın Böyük Vətən müharibəsində göstərdiyi misilsiz xidmətləri bir daha xatırlamaq, gələcək nəsillərə çatdırmaq ən ali vəzifələrimizdən biridir. Bu çətin illərdə Azərbaycanın yetirdiyi fədakar oğullardan biri də Əliyev Həmid Həsən oğludu. O, 1913-cü il iyunun 20-də Qazax şəhərində anadan olmuşdu. Həyat yoluna baxdıqda, Əliyev Həmidin ömrünün sadəcə illər silsiləsi deyil, tarixin içində yazılmış əzmkarlıq və fədakarlıq dastanı olduğu aydın görünür. Həyatın ağır sınaqları ilə hələ altı yaşında atasını itirərək üzləşdi. Həmid Əliyevin həyat yolu sadəcə bir şəxsin karyerası deyil, bütöv bir xalqın mübarizə və zəfər tarixinin aynasıdır. Gənc yaşlarından komsomol sıralarına daxil olmuş və burada böyük fəallıq göstərmişdir. 1933-cü ildə cəmi 20 yaşında ikən Goranboy rayon komsomol komitəsinin ümumi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Ardınca isə 1935-ci ildə Gəncə şəhəri Cinayət Axtarış İdarəsində fəaliyyət göstərmişdir.1935-ci ildən Naxçıvanda sərhəd qoşunları sistemində xidmət edən Əliyev burada həm hərbi, həm də inzibati bacarıqlarını artırdı. 1935-1936-cı illərdə Naxçıvan şəhərində baş müfəttişlərin ibtidai hazırlığı məktəbində kursant olmuşdur. 1936-1938-ci illərdə Naxçıvanda sərhəd qoşunlarının komandiri vəzifəsində çalışmışdır. 1938-1939-cu illərdə Bakı hüquq fakültəsində təhsil alaraq hüquqi biliklərini təkmilləşdirdi və Gəncə şəhərinin hakimi vəzifəsinə qədər yüksəlmişdir. 1935-ci ildə cəsurluğa görə “Voroşilov atıcısı” döş nişanı ilə təltif olunması onun döyüş ruhunun erkən sübutudur. Lakin qarşıda onu daha çətin sınaq gözləyirdi - Böyük Vətən Müharibəsi. Böyük Vətən Müharibəsi başlandıqda Həmid Əliyev artıq təcrübəli zabit idi. Kapitan rütbəsində döyüş meydanlarına atıldı.  28 oktyabr 1943-cü ildə Xarkov diviziyasının kapitanı Həmid Əliyev döyüşlər zamanı güllə yarası almış və hərbi xəstəxanaya yatırılmışdır. Sağaldıqdan sonra isə yenidən cəbhəyə yollanmışdır. 1944-cü ilin iyulunda 416-cı atıcı diviziyasının 3-cü Ukrayna Cəbhəsindəki 1374-cü alayın partiya təşkilatçısı kimi hərbi vəzifəsini yerinə yetirmişdir. Hərbi xidmətlərinə görə və Böyük Vətən Müharibəsində iştirakı ilə əlaqədar olaraq “Almaniya üzərində Qələbəyə görə” 2-ci dərəcəli Böyük Vətən Müharibəsi ordeni ilə təltif edilmişdir. Eyni zamanda o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 1 may tarixli Fərmanı ilə 1944-cü ilin dekabrında “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif edilmişdir. Müharibədən sonra o, Moskva şəhərində hərbi-siyasi məktəbdə təhsil almış və Hərbi Şuranın 25 iyul 1946-cı il tarixli əmri ilə Vladivostoka komendant təyin edilmişdi. Sovet İttifaqının ən strateji nöqtələrindən biri olan bu şəhərdə ona asayişin bərpası kimi mühüm və məsuliyyətli vəzifə məhz Həmid Əliyevə həvalə olunmuşdu. O illərdə Vladivostokda asayişi qoruyan yeganə azərbaycanlı olması da onun müstəsna xidmətinin və dövlətə sədaqətinin göstəricisidir.1949-cu ildə doğma Azərbaycanına dönən Həmid Əliyev Bərdə, Füzuli və  Beyləqan rayonlarında xalq hakimi kimi fəaliyyət göstərmişdir. Onun sadəliyi, ədalətə sədaqəti və yüksək təşkilatçılıq bacarığı ona həm dövlətin, həm də xalqın hörmətini qazandırdı. Bu, sərhədçilərin səsi ilə xalq hakimi seçilməsi ilə də təsdiqlənir. Təəssüf ki, bu fədakar həyat 1951-ci ilin mart ayında cəmi 37 yaşında qəfil sona çatdı. Həmid Əliyev və həyat yoldaşı Qazax-Bakı marşrutu üzrə səfərdə olarkən avtomobil qəzasında həlak oldular. Onlar Qazaxda dəfn olundu. Ardında isə üç azyaşlı uşaq və dövlətə sədaqətlə xidmət etmiş bir ömür qaldı. Onun həyat yoluna, fəaliyyətinə və dövlət tərəfindən verilən dəyərlərə nəzər saldıqda Həmid Əliyev şəxsiyyəti bu gün üçün örnəyə çevrilir. O, dövlətinə sədaqətlə xidmət edən, xalqın rifahı üçün çalışan, müharibədə və sülhdə özünü qurban verən “səssiz qəhrəmanlar” nəslinin parlaq simalarından biri idi. Onun həyat yolu bizə bir daha göstərir ki, dövlətin gücü yalnız siyasətdə deyil, belə insanlara verdiyi dəyərdədir.

Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-05-01 14:23:13
4070 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Şəmkir rayonunda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva , rayon Veteranlar Təşkilatının sədri Qafar Vəliyev Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
“Ümummilli Lider və gənclər siyasəti” mövzusunda konfrans keçirilib

3 fevral 2026-cı ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “2 fevral - Gənclər Günü”nə  həsr olunmuş “Ümummilli Lider və gənclər siyasəti” mövzusunda konfrans keçirilib. Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov ölkə gənclərini təbrik edib, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin gənclərə olan münasibətindən, onlara göstərdiyi diqqət və qayğıdan söz açıb: “Öncə bütün gəncləri Gənclər Günü münasibətilə təbrik edir, onların hər birinə uğur və müvəffəqiyyət arzulayıram. Bizim üçün qürurvericidir ki, bu gün biz qalib gənclərlə bir yerdəyik. Bu gün Azərbaycan gəncləri öz vətənpərvərliyi, milli-mənəvi dəyərlərə bağlılığı, elmi-intellektual potensialı, ən müxtəlif sahələrdə əldə etdikləri uğurlarla bütün dünyada tanınmaqda, sevilməkdədir. Bütün bunlar Azərbaycan gəncliyinin mübarizliyindən, zəhmətkeşliyindən, novatorluğundan xəbər verir. Bu bir tarixi həqiqətdir ki, Azərbaycan gəncləri hər zaman dövlətin diqqət və qayğısını öz üzərində hiss edib, bu qayğı sayəsində uğur və inkişaf yolunda qətiyyətlə addımlayıblar. Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildən etibarən hər il 2 fevral tarixinin Gənclər Günü kimi qeyd edilməsi dövlətimizin ölkə gəncliyinə verdiyi önəm və diqqətin təzahürüdür. Bu fakt sübut edir ki, Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərə cəmiyyətin və dövlətin əsas hərəkətverici qüvvəsi kimi böyük əhəmiyyət vermiş, gənclərimizin inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Prezident İlham Əliyev də hər zaman gənclərə mütəmadi diqqət göstərib, onların xarici ölkələrdə təhsil almasına, özlərini elm, idman və s. sahələrdə daha yaxşı inkişaf etdirmələrinə şərait yaradıb. Bu gün Azərbaycanda dövlət idarəçiliyində  xeyli sayda gənc təmsil olunur ki, bunun özü Prezidentimizin gənclərə olan inam və etimadından, ölkəmizin gənclərlə bağlı siyasətindən xəbər verir. Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbəmizə verdiyi tarixi töhfə hər zaman Müzəffər Ali Baş Komandan tərəfindən təqdirlə qarşılanıb, dövlət başçısı öz çıxışlarında bu mövzuya xüsusi önəm verib. Bu gün dövlətimizin gənclərimizə yaratdığı şərait, eləcə də gənclərimizin milli-mənəvi dəyərlərə bağlılıq səviyyəsi, yüksək intellektuallığı onu deməyə əsas verir ki, Azərbaycan gəncliyi bundan sonra da öz uğurları ilə bizi sevindirməkdə davam edəcək, respublikamızın inkişafına, anti-Azərbaycan qüvvələrinin ifşasına böyük töhfələr verəcək”. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, filologiya elmləri doktoru, professor Afət Abbasova, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Türk Ağsaqqalları Birliyinin sədri Sudeif İmamverdiyev, Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin  dekanı,  siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Murtəza Həsənov, Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf  xanım Cəlilli, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü Vahid Novruzov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə tələbəsi Nəzrin Abdullayeva Azərbaycan dövlətimizin gənclərə olan diqqət və qayğısına diqqət çəkib, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin tarixi qəhrəmanlığa imza atdığını bildiriblər. Natiqlər qeyd ediblər ki, bu gün dövlətin idarə edilməsində, milli maraqlarımızın müdafiəsində yaxından iştirak edən Azərbaycan gəncləri bundan sonra da xalqa və dövlətə sədaqətlə xidmət etməkdə davam edəcək, hər zaman Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməklə respublikamızın tərəqqisinə töhfə verəcəklər. Tədbirin sonunda bir qrup gənc Fəxri Fərmanla təltif olunub.  

Hamısını oxu
Əfsanəvi sərkərdənin anım günü keçirilib

Yanvarın 22-də Şəhidlər xiyabanında Azərbaycanın hərb tarixinə adı qızıl hərflərlə həkk olunan iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun anım mərasimi keçirilib.Əfsanəvi generalın abidəsi önünə əkililərin qoyulması ilə başlanan mərasimdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev H.Aslanovun şərəfli ömür yolu və qəhrəmanlığı barədə ətraflı məlumat verib. Müasir gəncliyimizin qəhrəman döyüşçüdən çox şey öyrənməli olduğunu deyən idarə rəisi vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi gənclərimizin vətənpərvərlik ruhunun yuksəldilməsində mühüm  rol oynayır.Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov da H.Aslanovun hərbi xidmətlərindən danışıb. O, sərkərdənin ömür yolunun hər bir gəncə ən dəyərli nümunə olduğunu qeyd edib.Qəhrəmanın nəvəsi Emin Aslanov ailə üzvləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib. * * * Azərbaycan Hərb Tarixi Muzeyində də iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun anım günü qeyd edilib

Hamısını oxu
Düşməni darmadağın edən əsgərlərimiz

Azərbaycan əsgəri yeni tarix yazır! Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur. O, silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib. Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!!!

Hamısını oxu