Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Tarixin yaddaşında iz salan ömürlər

             13 iyun Azərbaycan tarixi üçün təkcə təqvim vərəqində qeyd olunan sadə bir gün deyil. Bu gün həm də sonradan şəhidlik zirvəsinə ucalan neçə-neçə igidimizin doğum günüdür. Biz bu günü onların anım günü kimi qeyd edir, ruhlarını yad edir, xatirələrini yaddaşımızda yaşadırıq. Bu gündə dünyaya gəlmiş igidlər ömürlərini Vətən uğrunda fəda etdilər. Onların hər biri Azərbaycanın azadlığına doğru atılan addımların təməl daşına çevrildi. Həyatları, fədakarlıqları və qanları ilə qoruduqları torpaqlar bu gün azad, suveren və başıucadır. Bugünkü qalib, müstəqil Azərbaycan üçün canlarını qurban verən bu qəhrəmanların doğum günü təkcə ailələri üçün deyil, bütün xalq üçün mənəvi borc və ehtiram günüdür. Onlar təkcə əsgər, gizir, zabit deyildilər. Onlar həm də tarix yazan qəhrəmanlar, millətin yaddaşına qürurla həkk olunan adlardır. Bu gün biz 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ilini yaşayırıq. O Zəfər ki, qanla, canla, qürurla yazıldı. O Zəfər ki, 30 illik işğala son qoydu, tarixi ədaləti bərpa etdi, xalqımıza başucalığı gətirdi. Bu Zəfərin arxasında sadəcə Şəhidlərimizin adları yox, həmçinin canlar, şücaət, sədaqət, vətən sevgisi dayanır. 13 iyunda doğulmuş o igidlər ki, Şuşanın qayalarında, Füzulinin bağlarında, Laçının meşələrində, Cəbrayılın torpağında, Kəlbəcərin dağlı yollarında döyüşdülər, yalnız qələbəyə inandılar, yalnız Vətən dedilər! Onlar tarixin axarını dəyişdilər, xalqın qürur kitabına adlarını öz qanlarıyla yazdılar. Onların ayaq izləri torpaqla birləşdi, səsi dağların döşündə əks-səda verdi.
          Hər addımları ilə
bir xalqın başını dik, alnını açıq etdilər. O günlərdə bir tarix yazıldı. O tarix ki, sətirlərini şəhidlərin adı, cümlələrini anaların göz yaşı, nöqtələrini igidlərin susqun məzarı yazır. Bu Zəfərin hər daşının altında bir ad var. Hər bayrağında bir ömür, Hər sükutunda bir fəryad, amma həm də bir fəxarət var. Onlar tarix olmadılar, tarixin özünə çevrildilər. Onlar bu torpağın tək daşında yox, təqvimlərin yaddaşında, xalqın qəlbində yaşayırlar.

·         Kiçik leytenant Namaz Allahverdiyev – Şəki rayonunun Suçma kəndində doğulmuş, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil almışdı. Şuşanın azadlığı uğrunda can verdi. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

·         Kiçik gizir Elnur Əsədullayev – Lerikdə doğulmuşdur. Füzuli və Xocavənd uğrunda döyüşmüş. “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

·         Mayor Elşad Həsənov – Göyçə mahalında dünyaya gəlmişdi. Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş, “Vətən uğrunda”, “Rəşadət” ordeni və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

·         Əsgər Əzim Həsənov – Balakənin Kortala kəndində doğulmuş, əslən isə Qarabağlı idi. Füzuli döyüşlərində şəhid olmuşdur. “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

·         Əsgər İlqar Hümbətov – Bakıda doğulmuş bu gənc Suqovuşanda şəhid oldu. “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medallarını qazandı.

·         Əsgər Elşən Nuruzadə – Göyçayda doğulmuşdu. Oktyabrın 4-də şəhid olmuş və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

·         Əsgər Zərbəli Qafarov – Gəncə şəhərində doğulan bu igid Suqovuşan və Tərtər istiqamətlərində gedən döyüşlərdə vuruşmuşdu. “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

·         Əsgər Məhəmməd Səmədov – Sabunçunun Pirşağı qəsəbəsində dünyaya gəlmişdir. Füzuli uğrunda döyüşlərdə şəhid olmuşdur.

Onların izi torpaqda deyil, səmanın işığında yaşayır. Bu gün Şuşanın sükutunda, Laçının meşəsində, Füzulinin səmasında bir ilğım var: “Biz buradayıq. Ad günümüzdə bu torpağın nəfəsində yaşayırıq”. Bu şəhidlərin hər biri bir tarixdir. Onların ömürləri bir az məktəb partasında, bir az hərbi xidmətdə, bir az səngərdə, lakin əbədilikdə tamamlanır. Onlar bu gündə doğuldular, Vətən isə onları əbədi qıldı. Bu gün biz Suqovuşanda, Şuşada, Füzulidə onların addımlarını hiss edirik. Ad gününüz mübarək şəhidlər!

 

2025-06-13 10:59:38
3747 baxış

Digər xəbərlər

Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında  Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sözün işığı" mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair- publisist Ədalət Salmanın Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Rəşad Abdullayevə həsr olunmuş "Murovun Aslanı" adlı kitabının təqdimatı keçirilib. Tədbirdən öncə Vətən uğrunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  Təbdirdə şəhid valideynləri və yaxınları, şəhid Rəşad Abdullayevin atası Arif Abdullayev, şəhidin bacısı Ayna Abdullayeva, şəhid Orxan Paşayevin atası Nazim Paşayev, ADPU Cəlilabad filialının direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Xudayar Sultanlı, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələri, şəhid qardaşı Sakit Üçtəpəli,   fəlsəfə üzrə fəlsəfə doktoru,  "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi  İlqar İsmayılzadə,  Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Qənimət İsrafilova, "Qarabağ qaziləri" İctimai Birliyinin Cəlilabad rayon bölməsinin sədri Maşalla Əliyev, Cəlilabad Rayon Statistika İdarəsinin rəisi Arif Nəcəfov, ADPU Cəlilabad filialının baş müəllimi, Muğan Tarixçilər Birliyinin həmsədri Ələsgər Mirzəzadə, həmçinin filialın müəllim və tələbə heyəti  iştirak ediblər. Yüksək səviyyədə  keçən təqdimat mərasimində çıxış edənlər Azərbaycan dövlətçiliyi, vətənpərvərlik mövzularından və şəhid kapitan Rəşad Abdullayevdən söz açaraq onun barəsində yazılıb işıq üzü görmüş kitabı yüksək dəyərləndiriblər və müəllifə yeni-yeni uğurlar diləyiblər. Şair-publisist Ədalət Salman çıxışında şəhid Rəşad Abdullayev barədə ərsəyə gəlmiş  kitabın yazılma tarixçəsindən söz açaraq belə bir gözəl tədbirin təşkilinə görə filialın direktoru Xudayar müəllimə və bütün iştirakçılara öz təşəkkürünü bildirib. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb. Qeyd edək ki,  şəhid kapitan Rəşad Abdullayev barədə qələmə alınmış bu kitabın ilk təqdimatı bu ilin sentyabr ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ordu İdeoloji və Mədəniyyət Mərkəzində yüksək səviyyədə keçirilib.

Hamısını oxu
Belarusun Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, bu gün Belarus Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Ravkov Andrey Alekseyeviç Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb.  Səfir  Ravkov Andrey Alekseyeviç ölkəsinin faşist işğalından azad edilməsinin 80 illik yubileyi münasibətilə Fatma Səttarovanı Belarus Prezidenti adından medalla təltif edib, Belarus torpağının azadlığı uğrunda döyüşən azərbaycanlıların tarixi qəhrəmanlığına diqqət çəkib. Diqqətinə görə Belarus dövlətinə öz təşəkkürünü bildirən Fatma Səttarova, Belarus və Azərbaycan xalqının bu gün də tarixi dostluq ənənələrini davam etdirməsindən məmnunluğunu bildirib. Daha sonra polkovnik Cəlil Xəlilov  Belarus səfirinə Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı haqqında ətraflı məlumat verib, iki dövlətin veteran təşkilatları arasındakı əməkdaşlığı daha da genişləndirməyin vacibliyini vurğulayıb. Görüşdə Belarus səfirinin müavini, müşavir-elçi Çuşev Vladimir Nikolayeviç və Səfirliyin I-ci katibi Xlebakazov İvan Sergeyeviç də iştirak edib. Seymur ƏLİYEV

Hamısını oxu
Азербайджанская нация является одной из культурнейших в мире – генерал Тимошенко о силе Азербайджана

Hamısını oxu
Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir

Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir. Görüş barədə redaksiyamıza Partiyanın Mətbuat xidməti tərəfindən məlumat verilmişdir. Cari ilin 26 may tarixində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşdə digər məsələlər ilə yanaşı, Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının nəticələri haqqında danışılmış və bildirilmişdir ki, bilavasitə ölkənin beynəlxalq nüfuzunun artırılmasına xidmət edən sözügedən tədbirin qlobal informasiya məkanında təbliğində siyasi partiyalar tərəfindən aktiv mövqeyin nümayişi təqdirəlayiq haldır. Görüş zamanı xüsusi olaraq vurğulanmışdır ki, partiyaların ölkənin siyasi həyatında aktiv iştirak etməsi bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşviq olunan siyasi dialoq mühitinin təzahürüdür. Bu mənada demokratik ənənələrin inkişafında ölkədə aparılan iqtidar-müxalifət siyasi dialoqunun rolu əvəzolunmazdır. Formalaşan yeni siyasi konfiqurasiya çərçivəsində siyasi partiyaların inkişafına ölkə rəhbərliyi tərəfindən ayrılan xüsusi diqqətin əhəmiyyətini vurğulayan Partiya sədri bildirmişdir ki, mövcud istiqamətdə atılan təşəbbüslər sayəsində partiyaların inkişafı üçün əlverişli şərait yaradılmışdır. Partiyalar fəal siyasi instituta çevrilib, onların ictimai imici əsaslı şəkildə yaxşılaşıb, həmçinin partiyaların nümayəndələri siyasi diskussiyalarda fəal iştirak edir. A.Bakuvi rəhbərlik etdiyi Vəhdət Partiyası tərəfindən həyata keçirilən cari layihələr və Partiyanın gələcək planları haqqında geniş məlumat vermişdir. Görüş əsnasında həmçinin Vətən müharibəsində qazanılmış böyük Zəfərdən sonra “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində görülmüş misilsiz layihələr barəsində söhbət aparılmışdır. Bu cür görüşlərin mütəmadi şəkildə təşkil olunmasının və əlaqələndirmənin aparılmasının partiyaların gələcək fəaliyyəti üçün olduqca səmərəli təcrübə olduğunu vurğulayan A.Bakuvi dövlət və dövlətçilik naminə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd etmişdir. Sonda Prezident Administrasiyasının rəsmisi Vəhdət Partiyasının dövlətçilik mövqeyinin qorunmasında və siyasi dialoq prosesində fəal iştirakını yüksək qiymətləndirərək Partiyanın işinə uğurlar arzulamışdır.  Vəhdət Partiyasının Mətbuat xidməti  

Hamısını oxu