Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Laçında “8 Noyabr zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib

19 iyun 2025-ci il tarixində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə Laçında “8 Noyabr zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib.

 

Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 Konfransada çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, 8 Noyabr zəfərinin tarixi önəminə diqqət çəkib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə sayəsində suverenliyimizin təmin edildiyini vurğulayıb. Məsim Məmmədov qeyd edib ki, 8 Noyabr zəfəri, bu zəfəri xalqımıza bəxş edən Azərbaycan Silahlı Qüvvələri respublikamızın suverenliyinin, ərazi bütövlüyünün qarantı, xalqımızın və dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısıdır.

 

Ulu öndər Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” sözlərini yada salan Məsim Məmmədov, Azərbaycanın suverenliyinin də əbədi olduğunu,  Prezident İlham Əliyevin liderliyi altında dövlətimizin təhlükəsizliyinin və rifahını hər ötən gün daha da gücləndiyini bildirib.

 Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov çıxışında 8 Noyabr zəfəri ilə ölkəmizin sadəcə hərbi deyil, siyasi-iqtisadi, mədəni-sosial həyatında yeni bir dönəmin başlandığını qeyd edib. Prezident İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, yüksək siyasi səriştəsi, diplomatik uzaqgörənliyi sayəsində xalqımızın 44 günlük Vətən müharibəsində qələbə əldə etdiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, məhz bu qələbə sayəsində ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edildiyini vurğulayıb. Polkovnik qeyd edib ki, bu gün xalqımızın, eləcə də hər bir azərbaycanlının qarşısında duran başlıca vəzifə 8 Noyabr zəfərinin nəticələrinin qorunub saxlanılması, anti-Azərbaycan qüvvələrinin məkirli fəaliyyətinə qarşı birgə mübarizənin davam etdirilməsi, xalq-dövlət həmrəyliyinin gücləndirilməsidir.

 

Vətən müharibəsindən dərhal sonra Azərbaycan dövlətinin işğaldan azad edilən ərazilərdə böyük abadlıq-quruculuq işləri həyata keçirdiyini söyləyən polkovnik Cəlil Xəlilov, ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında böyük iqtisadi-siyasi uğurlara imza atacağına inamını ifadə edib.

 

Konfransda çıxış edən Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd orta məktəbin Çağırışaqədər Hərbi hazırlıq müəllimi, qazi Taleh İsgəndərli, Laçın rayon ictimaiyyət nümayəndəsi Qəzənfər Hüseynov 8 Noyabr zəfərinin tarixi əhəmiyyəti və bu zəfərin regionumuzda yaratdığı yeni status-kvo ilə bağlı maraqlı fikirlər səsləndirib, ölkədəki sabitlik və həmrəyliyin qorunub saxlanılmasının vacibliyinə toxunublar.

 

Konfransın sonunda Müdafiə Nazirliyinin Gəncə qornizonunun İdeoloji və Mədəniyyət Mərkəzinin “Vətən uğrunda” ansamblının solistləri tərəfindən vətənpərvərlik mahnıları ifa edilib.

2025-06-19 14:01:18
2840 baxış

Digər xəbərlər

Gözdən əlilliyi olanlara verilən Prezident təqaüdünün artırılmasına görə dövlət başçısına təşəkkür edirik”

Səmyar Abdullayev: “Bu fərman bir daha göstərdi ki, dövlətimiz həm maddi, həm də mənəvi baxımdan öz vətəndaşının yanındadır” Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə gözdən əlilliyi olanlara verilən Prezident təqaüdünün aylıq məbləği 300 manat olub.   Bununla bağlı Moderator.az-a açıqlama verən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev buna görə dövlət başçısına təşəkkür edib:   “Gözdən əlilliyi olanlara verilən Prezident təqaüdünün aylıq məbləğinin artırılmasına görə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti olaraq dövlət başçısına təşəkkür edir, cənab Prezidentimizə öz minnətdarlığımızı bildiririk. 210 manat məbləğindəki təqaüdün bidən-birə 300 manata yüksəldilməsi böyük artımdır və dövlətimizin gözdən əlil vətəndaşlarımıza oдфn qayğısının göstəricisidir.   Bu fərman bütün katoqoriyadan olan əlillərimizlə yanaşı, gözdən əlil olan  vətəndşlarımızın da daim dövlət başçsıının diqqət mərkəzində olduğunu göstərir. Bu fakt həm də onu göstərir ki, dövlətimiz hər imkanda həssas kateqoiyadan olan vətəndaşlarımızın sosial rifahını yaxşılaşdırmağa çalışır, bunun üçün hər bir imkandan maksimum istifadə edir.   Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin 300 manata qədər yüksəldilməsi heç şübhəsiz bu kateqoriyadan olan vətəndaşlarımızın sosial rifahına müsbət təsir göstərəcək, onların sosial təminatını daha da yaxşılaşdıracaqdır.   Bu fərman əllilərimiz üçün həm də mənəvi baxımdan ciddi stimul deməkdir ki, bu da məsələnin maddi tərəfindən heç də az rol oynamır. Bütün bunlar bir daha onu göstərir ki, dövlətimiz həm maddi, həm də mənəvi baxımdan öz vətəndaşının yanındadır və onun hər bir istəyinə həssaslıqla yanaşır. Bugünə qədər şəhid ailəlэrinə, əlillərə, müharibə veteranlarına olan diqqət və qayğı, onların mənzillə, avtomobillə, yüksək təqaüdlə təmin edilməsi gerçəyi bunu bir daha sübut edir.   Dövlət başçısı tərəfindən təkcə bu gün verilən fərman və Sərəncamlarla gözdən əlil vətəndaşlarımızla yanaşı, şəhid ailələrinin, İkinci Dünya müharibəsi veteranlarının, Əfqanıstanda həlak olan hərbçilərin ailələrinə verilən təqaüdlər də artırlıb. Bu isə dövlətimizin sosial siyasətinin geniş auditoriyanı əhatə etdiyini göstərir. Bu, həmçinin dövlətimiz tərəfindən həssas kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və prinsipial addımların atıldığını sübut edir. Məlum kateqoriadan olan vətəndaşlarımızın sosial müdafiəsinin güclənməsi isə onların qiymət artımından, infilyasiya və digər neqativ amillərdən daha az təsirlənməsini təmin edəcək, onlara rifah halını yaxşılaşdırmağa imkan verəcək.    Ümumiyyətlə, Azərbaycanın dövlət büdcəsi sosialyönümlüdür və bu dövlətimizin insan faktoruna, onun rifahına necə böyük önəm verdiyini göstərir.   Bir faktı da qeyd edək ki, dövlətimiz bütün bu addımları Qarabağda geniş quruculuq işləri həyata keçirdiyi, Ermənistanın mina terroruna qarşı aktiv mübarizə apardığı, yüzlərlə Vətən müharibəsi əlillinin xarici ölkələrdə müalicəsini həyata keçirdiyi bir dönəmdə atır. İşğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmininə və quruculuq işlərinə böyük maliyyə vəsaitlərinin sərf olunduğu bir zamanda həssas kateqoriyadan olan vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi dövlətimizin ikiqat fədakarlığı kimi qiymətləndirilməlidir.   Biz bir daha bütün əlillərimiz adından dövlət başçısına təşəkkür edir və bildiririk ki, bundan sonra da Prezidentimizin daxili və xarici siyasətini dəstəkləməkdə davam edəcək, dövlət başçısının ətrafında sıx birləşərək milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanacağıq”.     Seymur ƏLİYEV

Hamısını oxu
Antalya Diplomatiya Forumu – Qlobal Dialoq və Regional Sülhün Güclü Platforması

2021-ci ildə təsis edilən Antalya Diplomatiya Forumu qısa müddət ərzində beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutaraq qlobal diplomatiyanın mühüm platformalarından birinə çevrilib. Forumun əsas məqsədi müxtəlif ölkələrin siyasi liderlərini, diplomatlarını, ekspertlərini və beynəlxalq təşkilat nümayəndələrini bir araya gətirərək qlobal və regional problemlərin açıq müzakirəsinə şərait yaratmaqdır. Bu sözləri Mediatvaz.com-a Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov deyib. O daha sonra bildirib ki, Antalya Diplomatiya Forumu qısa müddətdə qlobal diplomatiyanın əsas müzakirə mərkəzlərindən birinə çevrilərək beynəlxalq münasibətlər sistemində mühüm rol oynamağa başlayıb.Azərbaycan üçün isə bu platforma xüsusi strateji əhəmiyyət daşıyır. İlham Əliyev forum çərçivəsində keçirdiyi görüşlər və verdiyi mesajlarla ölkənin regional və qlobal siyasətdə artan rolunu nümayiş etdirir. Xüsusilə Rəcəb Tayyib Ərdoğan və Məhəmməd Şahbaz Şərif ilə keçirilən görüşlər Azərbaycan–Türkiyə–Pakistan üçtərəfli əməkdaşlığının daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu görüşlər çərçivəsində siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində strateji tərəfdaşlığın genişləndirilməsi istiqamətində konkret məsələlər müzakirə olunur.Nəticə etibarilə, Antalya Diplomatiya Forumu həm qlobal, həm də regional səviyyədə dialoqu təşviq edən, yeni əməkdaşlıq imkanları yaradan və siyasi sabitliyin möhkəmlənməsinə töhfə verən mühüm beynəlxalq platforma kimi çıxış edir. Azərbaycanın bu platformadakı fəal iştirakı isə ölkənin diplomatik təşəbbüslərdə aparıcı rol oynadığını və regionda sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyinin formalaşmasına ciddi töhfə verdiyini bir daha təsdiqləyir.Forum çərçivəsində müxtəlif ölkələrin liderləri və nümayəndələrinin bir araya gəlməsi yalnız siyasi dialoqu gücləndirmir, eyni zamanda regional münaqişələrin həlli istiqamətində yeni yanaşmaların formalaşmasına da imkan yaradır. Xüsusilə postmüharibə dövründə Azərbaycan və Ermənistan nümayəndələrinin eyni platformada çıxış etməsi regionda sülh prosesinin irəliləməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.Cəlil Xəlilov daha sonra vurğulayıb ki, müasir dövrdə qlobal çağırışların artdığı bir şəraitdə belə platformalar dövlətlər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, etimad mühitinin formalaşmasına və strateji əməkdaşlığın genişlənməsinə xidmət edir. Bu baxımdan Antalya Diplomatiya Forumu təkcə müzakirə meydanı deyil, həm də konkret nəticələrə yönəlmiş beynəlxalq əməkdaşlıq platforması kimi çıxış edir.  

Hamısını oxu
“Prezident İlham Əliyevin Özbəkistana səfəri ikitərəfli əməkdaşlığın inkişafında yeni səhifə açdı”

Samir Abbasov: “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın genişlənməsi regionda sülh və sabitliyin güclənməsinə töhfə verəcək” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistana səfər edib. Səfər əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi keçirilib, mühümü müqavilələrə imza atılıb. Moderator.az olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasovla söhbətimizdə Prezident ilham Əliyevin Özbəkistana səfəri, bu səfərin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına təsiri, iki dost xalq arasındakı mədəni əlaqələrin dünəni və bugünü kimi məqamları şərh etməyə çalışdıq. -Samir müəllim, ilk öncə Prezident İlham Əliyevin Özbəkistana səfərinin əhəmiyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik. Sizcə bu səfər Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin gələcəyinə nə vəd edir?  -Prezident İlham Əliyevin Özbəkistana səfərinin əhəmiyyətini anlamaq üçün səfər zamanı imzalanan sənədlərə, o cümlədən, iki dövlət başçısının verdiyi birgə bəyanata nəzər salmaq kifayətdir. Əminliklə bildirirəm ki, bu səfər türk dünyasının iki qardaş dövləti olan Azərbaycan və Özbəkistan arasındakı dostluq münasibətlərinin, eləcə də ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcək, bu əməkdaşlığı mahiyyət etibarı ilə yeni mərhələyə yüksəldəcəkdir. Çünki imzalanan sazişlər çoxsahəli əməkdaşlığı nəzərdə tutur ki, bura həm iqtisadi, həm hərbi, həm də digər sahələrdə əməkdaşlıq daxildir. Təbii ki, Azərbaycanın dövlət başçısının bu səfəri Özbəkistanla ölkəmiz arasında mədəni əlaqələrin inkişafına da ciddi təkan verəcək. Biz yaxın gələcəkdə genişlənməkdə olan iqtisadi-siyasi əlaqələr fonunda Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin daha da inkişaf etdiyinə, miqyas və mahiyyət etibarı ilə yeni dönəmə daxil olduğuna şahid olacağıq. Hansı ki, iki dövlət arasında iqtisadi-ticari əlaqələrin inkişafı ilə bağlı konkret məqsəd və hədəflər müəyyən edilib. Nümunə üçün qeyd edim ki, yaxın gələcəkdə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin yarım milyard dollara qədər qaldırılması nəzərdə tutulur ki, bu da indiki rəqəmdən beş dəfə çoxdur. Kənd təsərrüfatı, turizm və s. kimi sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi də planlaşdırılır. İşin ən önəmli tərəflərindən biri də ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələsinin bilavasitə prezidentlərin nəzarəti altında olması ilə bağlıdır. Xatırladım ki, media üçün birgə bəyanat zamanı Prezident İlham Əliyev bu amili xüsusi ilə vurğuladı. Bildirdi ki, əməkdaşlığın genişləndirilməsi ilə bağlı addımların nəticə verəcəyinə əmindir, çünki proses prezidentlərin nəzarəti altındadır. Bu fakt bir daha onu göstərir ki, iki dövlət arasında imzalanan sazişlər formallıqdan uzaqdır və konkret nəticələrə hesablanıb.  -Prezident İlham Əliyevin Özbəkistan səfərinin regional əhəmiyyəti nədən ibarətdir?  -Şübhəsiz, bu səfərin regional əhəmiyyəti də olduqca böyükdür. Çünki bu səfərdə müzakirə edilən məsələlər arasında iqtisadi-ticari əlaqələrin inkişafı ilə yanaşı, həm də regionda sülh və sabitliyin qorunub saxlanılması, sülh naminə hərbi əməkdaşlıq, dövlətlərin ərazi bütövlüyü və xalqların suverenliyinə hörmətlə yanaşılması kimi mühüm məqamlar da oldu, bu nüasnları özündə əks etdirən bir sıra sazişlər imzalandı. Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Xəzər regionunda, Cənubi Qafqazda, o cümədən Mərkəzi Asiyada sülh və sabitliyə ehtiyac var. Bu isə o deməkdir ki, Azərbaycanla Özbəkistan arasında dostluq əlaqələrinin genişlənməsi, çoxşaxəli əməkdaşlığın gücləndirilməsi bütün regionda sülhün, sabitliyin etibarlı şəkildə qorunmasına töhfə verəcək. Çünki həm Azərbaycan, həm də Özbəkistan sülh dövlətidir və bunu öz siyasətlərində hər zaman açıq şəkildə ortaya qoyub.  Bir sözlə, hesab edirəm ki, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın güclənməsi bütün regionun təhlükəsizliyinə, rifahına və inkişafına kömək edəcək.  -Azərbaycan və Özbəkistan arasındakı mədəni əlaqələrin tarixi haqqında nə deyə bilərsiniz?  -Azərbaycanla özbək xalqı arasında əlaqələrin tarixi kifayət qədər qədimdir. Böyük İpək Yolu bu əlaqələrin daha da inkişafına təkan vermişdir. Orta əsrlər dövründə bu əlaqələr daha da inkişaf etmiş, xalqlar arasında iqtisadi-ticari-mədəni münasibətlər genişlənmişdir. Xüsusilə də, Özbəkistanın böyük sənətkarlıq və ticarət şəhərləri olan Səmərqənd, Buxara, Xivə, Azərbaycan şəhərlərindən Bakı, Şamaxı, Gəncə, Naxçıvan, Təbriz şəhərləri arasında əlaqələr mövcud olmuş, sənətkarlıq və kənd təsərrüfatı məhsullarının ticarəti xüsusilə üstünlük təşkil etmişdir.  Orta əsrlərdə böyük özbək şairi olan Əlşir Nəvai Nizami Gəncəyə böyük rəğbət bəsləmiş, öz əsərlərində böyük Azərbaycan şairinə nəzirələr yazmışdır. O, hətta Nizamini öz ustadı elan etmişdi. Nəvai “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilham alaraq yaratmışdır. Azərbaycanın böyük şairi Məhəmməd Füzuli isə öz növbəsində Nəvai yaradıcılığından bəhrələnmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişdir.  Ümumiyyətlə, ötən əsrin əvvəllərində Mərkəzi Asiyanın həyatında  azərbaycanlılar aktiv iştirak etmişlər. Azərbaycan mədəniyyəti indiki Özbəkistan ərazisi olan Türküstanda daha geniş yayılmışdır. Azərbaycan maarifçiləri Türküstanda cədid məktəblərinin inkişafında xüsusi rol oynamışlar. Bizim “Molla Nəsrəddin” jurnalı Mərkəzi Asiyada geniş yayılmış və burada sözügedən jurnalın xüsusi nömrələri dərc olunmuşdur. “Arşın mal alan”, “Leyli və Məcnun” kimi operalarımız dəfələrlə Türkistanda, Özbəkistan səhnəsinə qoyulmuşdur. Ötən əsrin əvvəllərində Azərbaycan və özbək xalqları arasında dil baxımından yaxınlıq daha çox idi. Sovet dönəmində dilimizə xeyli sayda əcnəbi sözlər daxil olmuşdur. Bu səbəbdən də Azərbaycan və özbək xalqlarının dilində az da olsa fərqlilik yaranmışdır. Ümumilikdə isə, hər kəsə məlum olduğu kimi,  xalqlarımızın dili, dini, mədəniyyəti, adətləri, kökü olduqca yaxındır.  -Samir müəllim, sovet dönəmində, xüsusilə də Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda hakimiyyətdə olduğu dönəmdə Özbəkistanla mədəni əlaqələrin vəziyyəti hansı səviyyədə idi?  -Sovet dövründə iki xalq arasında əlaqələr bir qədər də genişlənmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə hər iki ölkədə mədəniyyət günləri keçirilmişdir. Mədəniyyət günlərində hər iki xalqın məşhur mədəniyyət nümayəndələri iştirak etmişdir. Azərbaycanın xalq artisti Zeynəb Xanlarova Özbəkistanın Xalq artisti adına lqyiq görülmüşdür. Özbəkistan mədəniyyət dekadası çərçivəsində özbək qonaqlar Lənkəran şəhərinə səfər etmiş və Özbək şairi Zülfiyyəyə Lənkəran şəhərinin fəxri vətəndaşı adı verilmişdir. Azərbaycanın böyük şairi Səməd Vurğunla özbək şairi Qafur  Qulam arasında dostluq əlaqələri mövcud olmuşdur. Azərbaycanda hər zaman özbək ədəbiyyatına böyük sevgi olmuşdur və bu gün də var.  -Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Rəhbəri olduğunuz Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu əlaqələrin inkişafı istiqamətində hansı addımları atıb?  -Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən son illər iki ölkə arasında tarixi dostluğun, mədəni-ədəbi əlaqələrin genişlənməsi istiqamətində sistemli işlər görülür. Mədəniyyət Mərkəzinin layihəsi əsasında 97 adda Azərbaycan klassiklərinin əsərləri özbək dilinə tərcümə edilmiş və nəşr olunmuşdur. Dahi Nizami Gəncəvinin “Xəmsə”si ilk dəfə olaraq Özbəkistanın Xalq şairi Camal Kamal tərəfindən özbək dilinə tərcümə olunmuş və nəşr edilmişdir. Hər iki ölkənin dilçilik institutlarının, Nizami adına Ədəbiyyat İnstitutunun iştirakı ilə Azərbaycan-Özbək və Özbək-Azərbaycan lüğəti nəşr edilmişdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif kimi şairlərin əsərləri, müasir dövr Azərbaycan şairlərinin antologiyası Daşkənddə nəşr olunmuşdur. Azərbaycanda Özbəkistanla mədəni əlaqələrin inkişafı baxımından xeyli layihələr həyata keçirilmişdir. Bakıda özbək şairi Əlişir Nəvainin hyekəli ucaldılmış, paytaxtımızdakı küçələrdən birinə özbək mütəfəkkiri Mirzə Uluqbəyin adı verilmişdir. Bakıda “Özbəkistan” adında küçə mövcuddur. Özbəkistanda da Maqsud Şeyixzadənin heykəli ucaldılmışdır. Hələ ötən əsrin 40-cı illərində  Daşkənddə Nizami Gəncəvinin adını daşıyan Dövlət Pedaqoji Universiteti yaradılmışdır. Bu universitet bu gün də Özbəkistanın ədəbi həyatında kifayət qədər fəaldır. Daşkənd Dövlət Pedaqoji Universitetinin bazasında isə Özbəkistan –Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir ki, həmin Cəmiyyət Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir. Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində ardıcıl addımlar atılır. Hər il Özbəkistanın şəhərlərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir. Ötən il Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY üzv ölkələrin mədəniyyət nazirlərinin sesiyasında da iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə dair görüş və danışıqlar aparıldı və bu istiqamətdə bir sıra razılıqlar əldə edildi. Qarakalpakıstan Respublikasının Nukus şəhərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilmişdir. Xarəzm vilayətində, Termes şəhərində, Fərqanə və Sırdərya vilayətində hər il Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir ki, Mədəniyyət Mərkəzimizin təşkilatçılığı ilə Azərbaycanın məşhur mədəniyyət xadiləri ilə yanaşı alimlərimiz, ziyalılarımız da bu konfranslarda iştirak edirlər. Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalında özbək musiqiçiləri də iştirak etmişdir. Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında Özbəkistanın məşhur “Bahar” rəqs ansamblı iştirak etmişdir. Azərbaycan Dövlət Rəqs Kollektivi isə Xarəzmdə keçirilən beynəlxalq rəqs festivalında iştirak etmiş və qalib gəlmişdir.  Iki ildən bir keçirilən “Şərq təranələri” musiqi festivalında Azərbaycan musiqiçiləri, sənətçiləri iştirak edirlər. Bu festivalın 1997-ci ildə ilk qalibi də Azərbaycan Respublikasının Xalq artisti Simarə İmanova olmuşdur. Bu festivalda Azərbaycanın muğam ustadı Alim Qasımov, əməkdar artistimiz, tarzən Sahib Paşazadə Festivalın qran-pri mükafatına layiq görülmüşlər.   Bir sözlə, iki dövlət, iki xalq arasında mədəni əməkdaşlıq dərin köklərə malikdir və dinamik surətdə inkişaf edir.  Prezident İlham Əliyevin Özbəkistana səfərindən sonra bütün sahələrdə olduğu kimi mədəniyyətimizə dair də qarşımızda yeni vəzifələr, çağırışlar yarandı. Biz hamımız ümumilikdə çalışmalı bu dostluğa daha çox töhfələr verməliyik. Mən inanıram ki, dövlət başçılarımızın səyi nəticəsində əlaqələrimiz gələcəkdə daha da inkişaf edəcək və dərinləşəkdir. Eyniylə, cənab Prezidentimizin söylədiyi kimi, Özbək və Azərbaycan xalqları hər zaman bir yumruq kimi birlikdə olacaqdır.  Seymur ƏLİYEV

Hamısını oxu
Müstəqil Azərbaycan Ordusunun generalı Dadaş Rzayev

Adı hərb tariximizə qızıl hərflərlə həkk olunan generallarımız olub. Bu gün də var. Onlardan biri də “Zabit olmaq üçün ilk növbədə xalqını, torpağını sevməlisən. Əgər sevmirsənsə, səndən zabit çıxmayacaq. Dünyada zabit adından şöhrətli, ağır vəzifə yoxdur. Çünki yeganə insandır ki, torpağı, xalqı qoruyur. Şərəfli işdir. Buna görə qanında, canında torpağı qorumaq, dövləti, xalqı, vətəni sevmək istəyi olmayan gənclər özlərinə başqa iş seçsinlər. Zabit 25 il xalqa qulluq etməli və nə qədər ağır iş varsa, icra edib əsgərlərə nümunə olmalıdır. Bir də unutmamalıdır ki, əgər zabit əsgərə doğma övladı kimi baxmırsa, əsgər onu sevməyəcək!” nidası ilə tarix yaradan general Dadaş Rzayevdir.  O, Azərbaycan milli ordusunun formalaşmasında fəal iştirak edib. Dadaş Rzayev müstəqil Azərbaycanın hərbi tarixində və veteranların hüquqlarının qorunmasında əhəmiyyətli bir şəxsiyyət, xeyirxah insan olaraq tanınırdı. General Dadaş Rzayevin Veteranlar Şurasının sədri və Müdafiə Naziri kimi fəaliyyəti və ölkənin müstəqilliyi uğrunda apardığı mübarizə, həmçinin uzun illər boyu göstərdiyi hərbi xidmətlər və Azərbaycan ordusunun inkişafı üçün verdiyi töhfələr bu gün də gənc nəslə örnəkdir. Dadaş Rzayev 1935-ci ildə Qərbi Azərbaycanın Dərəçiçək mahalının Axta rayonunda yerləşən Axundov kəndində sadə bir ailədə dünyaya göz açıb. Atası komsomol işində çalışıb, anası məktəbdə müəllimə işləyib. Uşaqlığı müharibə illərinə təsadüf etdiyindən o illərin məhrumiyyətləri  onun   həyatında dərin iz buraxıb. Müharibənin qızğın vaxtında, 1943-cü ildə birinci sinfə gedib. Atası müharibədə olduğundan ailənin böyük oğlu kimi onun da üzərinə məsuliyyət düşüb. Həm məktəbə gedib, həm də anasına çörək qazanmaqda yardım edib. Anasına ailəni saxlamaqda kömək etməsinə baxmayaraq, dərslərini də yaxşı oxuyub. Orta məktəbdə oxuyarkən çevik hərəkəti, hazırcavablığı, çalışqanlığı ilə yoldaşlarından fərqlənib. Anası oxumaq məsələsində onlara qarşı tələbkar olub.Atasının  işi ilə əlaqədar  olaraq 1949-cu ildə Goranboyun Dəliməmmədli qəsəbəsinə köçüblər. Kəndlərindən 3 km aralıda təyyarə aeredromunun olması 6-7-ci sinif şagirdi olan Dadaş Rzayevi  təyyarəçi olmağa həvəsləndirib. O öz xatirələrində bu barədə deyirdi: “Orada müharibədən qalan təyyarələr çox uçurdular. Uşaqlarla gedib həmişə təyyarələrə baxardıq. Çox maraqlı idi. Minlərlə təyyarə yanmışdı. Hamısını yığıb Rusiyaya göndərirdilər. Normal olanı ilə isə təlim keçirdilər. Bəzən təyyarə elə gözümüzün önündəcə qəzaya uğrayırdı. Bütün bunlar mənim və mənimlə yanaşı, bir neçə uşaq üçün çox maraqlı idi və biz gələcəkdə hərbçi, təyyarəçi olmağı xəyal edirdik”. Amma orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olan Dadaş Rzayev 1954-cü ildə Sovet Ordusunda əsgər kimi hərbi xidmətə çağırılıb. Daha sonra Hərbi Hava Desantçıları Məktəbinə göndərilib. İkinci kursda taqım komandirinin müavini təyin edilib. "Qızıl Ulduz" ordeni ilə təltif olunub. O, Hərbi Hava Desantçıları Məktəbini bitirdikdən sonra leytenant rütbəsi alaraq Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilib. Bir il keçdikdən sonra Orta Asiyaya köçürülən Dadaş Rzayev polklarını yoxlamağa gələn komandana Azərbaycanda qulluq etmək istədiyini bildirib.  Dadaş Rzayev Zaqafqaziya Hərbi Dairəsində, Gəncə şəhərində olan 104-cü diviziyada xidmət edib. İlk gündən taleyini desant qoşunları hissələrinə bağlayan Dadaş Rzayev 1970-ci ildə Moskvada M.F.Frunze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirib. 1973-cü ildə buranı əla qiymətlərlə bitirən general Dadaş Rzayev Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmət edib. Dadaş Rzayev yeganə azərbaycanlıdır ki, əlahiddə desant-paraşüt briqadasının komandiri olarkən general rütbəsində çalışıb. Azərbaycan hökumətinin çağırışı ilə Dadaş Rzayev 1991-ci ilə qədər Qarabağa Xalq Yardımı Komitəsində çalışıb və həmin dövrdə ermənilərdən xeyli sayda silah-sursatın götürülməsinə nail olub. Elə həmin illərdə Dadaş Rzayev Milli Ordunun yaradılması ilə də məşğul olub. 1991-ci ildə, Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə əlaqədar ordu quruculuğu xüsusilə vacib idi. Dadaş Rzayev bu prosesə böyük töhfələr vermiş, Milli Ordunun yaradılması üçün zəmin hazırlamışdır. O, ordu strukturunun təşkilində, kadr hazırlığında və hərbi təlimlərin aparılmasında fəal iştirak etmişdir. Bu fəaliyyətlər, müstəqil Azərbaycanın güclü hərbi qüvvələrinin formalaşmasına kömək etmişdir.1991-ci ildə, Dadaş Rzayev müdafiə nazirinin müavini təyin edilmişdir. Bu təyinat, onun hərbi sahədəki bilik və təcrübəsinin etirafı idi. Müdafiə nazirinin müavini kimi, general Dadaş Rzayev müharibə şəraitində olan Azərbaycanın təhlükəsizlik məsələlərini həll etməyə, ordu quruculuğu və müdafiə qabiliyyətini gücləndirməyə çalışmışdır. Onun bu dövrdəki fəaliyyəti, Dağlıq Qarabağ müharibəsindəki hazırlıqların və qələbələrin təməlini qoymuşdur. Dadaş Rzayevin həmin illərdəki fəaliyyəti, onun Azərbaycan Silahlı Qüvvələrinin qurulmasında və ölkənin müstəqilliyini müdafiə etmək üçün apardığı mübarizədəki vacib rolunu nümayiş etdirir. Bu fəaliyyətlər onun hərbi sahədəki bacarıqlarını və Azərbaycanın müdafiə qabiliyyətini artırmaq məqsədilə göstərdiyi fədakarlığı göstərir. 1991-ci ildə müdafiə nazirinin müavini təyin olunan general Dadaş Rzayevin Birinci ordu korpusunun komandiri kimi Başkəndi ermənilərdən xilas etmək qətiyyətinə o zamanlar heç kim inanmırdı. Hətta ona mane olmaq istəyən qüvvələr vardı. Avqustun 8-də, general Dadaş Rzayevin rəhbərliyi altında Azərbaycan Ordusu ermənilərin əsas mövqelərinə hücum edərək, möhkəm şəkildə müdafiə olunan Başkəndi işğaldan azad etmişdi. General Dadaş Rzayevin bu uğuru, yalnız hərbi baxımdan deyil, həm də siyasi və psixoloji baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan Ordusunun döyüş qabiliyyətini nümayiş etdirən bu əməliyyat, həm də Qarabağ müharibəsinin gedişatına müsbət təsir göstərmişdi. Başkənd əməliyyatı uğurla başa çatdıqdan sonra, Dadaş Rzayevin hərbi qabiliyyəti və liderlik bacarığı daha çox tanındı. Lakin, onun müdafiə naziri təyin edilməsi, o dövrdəki bəzi etirazlara səbəb oldu. Bəzi şəxslər, xüsusilə bu əməliyyata qarşı çıxanlar, onun müdafiə naziri təyin olunmasına mane oldular. Buna baxmayaraq, general Dadaş Rzayev 1993-cü ilin fevralında Azərbaycan Respublikasının Müdafiə Naziri vəzifəsinə təyin edildi. Onun bu təyinatı, Dağlıq Qarabağ müharibəsinin ağır şəraitində və ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində mühüm bir addım idi.Başkənd əməliyyatı və general Dadaş Rzayevin bu döyüşdəki liderliyi, onun hərbi karyerasında və Azərbaycanın müstəqillik mübarizəsindəki rolunu ön plana çıxaran hadisələrdən biri olmuşdur.O, Prezident Əbülfəz Elçibəy tərəfindən Gəncə üsyanı zamanı atışmalarda iştirak etdiyi üçün vəzifəsindən azad edildi. Üsyan, 1993-cü ilin iyun ayında Gəncə şəhərində baş vermişdi və əslində, həmin dövrün siyasi və hərbi gərginliyi çox yüksək idi.Prezident Əbülfəz Elçibəyin rəhbərlik etdiyi dövrdə, Gəncə üsyanı ciddi bir hadisə olaraq qiymətləndirildi. Üsyan, əsasən, ordu içindəki dislokasiya və siyasətə qarşı yaranan etirazlardan qaynaqlanmışdı. Dadaş Rzayevin həmin dövrdəki roluna dair mübahisələr vardı və o, bu hadisələrlə bağlı olaraq Prezident Elçibəy tərəfindən vəzifəsindən azad edilmişdi. Onun vəzifəsindən azad olunması, Azərbaycanın hərbi və siyasi həyatında müəyyən bir dəyişiklik yaratmışdı və ölkənin təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirmişdi. Ancaq onun hərbi xidmətləri və gələcək fəaliyyətləri, xüsusilə müharibə veteranlarının hüquqlarının qorunması sahəsindəki uğurları, onun şəxsiyyətinə və xidmətlərinə dərin hörmət qazandırmışdır. 28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilən Dadaş Rzayev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri vəzifəsini də icra etmişdir. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilmişdir. Bu mükafat, onun Azərbaycanın ictimai və hərbi həyatına verdiyi töhfələrə, o cümlədən gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsindəki xidmətlərinə görə verilmişdir. General Dadaş Rzayevin həm veteranlar hərəkatına, həm də ordunun gücləndirilməsi və müstəqil Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi sahəsindəki fədakar xidmətləri, onun bu ordenlə təltif olunmasında mühüm rol oynamışdır. General Dadaş Rzayevin rəhbərliyi altında, veteranlar həmçinin gənc nəslə vətənpərvərlik ruhunun aşılanması məqsədilə bir çox layihələrdə iştirak etmişdir. Veteranların təcrübəsi, mübarizə ruhu, gənc nəsilə örnək olmuşdur. Onlarda Azərbaycan Ordusunun qüdrətinə, tarixi Zəfərə inam hissini artırmışdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri kimi Dadaş Rzayev  davamlı olaraq veteranlarla görüşlər keçirmiş, onların problemlərini dinləmiş, ın ödənilməsi üçün əlindən gələni əsirgəməmişdir. 2024-cü il mayın 27-də Bakı şəhərində dünyasını dəyişən  general Dadaş Rzayev İkinci Şəhidlər Xiyabanında torpaq müqəddəsliyinə qovuşmuşdur. Bütün həyatını ölkənin hərbi qüdrətinin güclənməsinə, peşəkar hərbiçi kadrların yetişdirilməsinə həsr edən  general-mayor Dadaş Rzayevin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq, mənalı ömür yolu tədqiq və təbliğ edilərək gəns nəslə çatdırılacaqdır.                                                                                  Cəlil Xəlilov                                            Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları                                                                              Təşkilatının sədri, polkovnik

Hamısını oxu