Digər xəbərlər
Öz hərbi qüdrətini ardıcıl olaraq artıran Azərbaycan Ordusu hazırda dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və digər müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, bu gün Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir. Həmin arsenalın bir hissəsi Azərbaycan Pespublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə iyunun 26-da keçirilən hərbi parad zamanı fəxrlə nümayiş etdirildi. Bu gün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ümumilikdə 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Ölkəmizin hərbi əməkdaşlıq çərçivəsində əldə etdiyi müasir silah və texniki vasitələr Ordumuzun imkanları barədə aydın təsəvvür yaradır. Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə hərbi təyinatlı məhsulların satışı üzrə müqavilələri ilbəil artır. Bu il Bakıda iki dəfə möhtəşəm hərbi paradın keçirilməsi sadəcə Azərbaycanın hərbi imkanlarının təqdimatı olmadı, bu həm də xalqımızın müdafiə potensialının, gücünün nümayiş etdirilməsi ilə düşmənə ötürülən ən təsirli mesaj idi. Azərbaycan Pespublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi: “Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”. Bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində söyləyib. Cəlil Xəlilov həmçinin bildirib ki, bu hərbi parad həm də xalqımızın öz ordusu ilə qürur duymasının və ona inamının real əsaslara dayanmasının təsdiqinə çevrildi. Belə imkanların yaradılması Azərbaycan Ordusunun döyüş qabiliyyətinin ildən-ilə yüksəldilməsinə, işğal altındakı torpaqlarımızın azad edilməsinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına xidmət edir. Sentyabrın 15-də Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad isə Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını bir daha bütün dünyaya göstərdi. Paradda nümayiş etdirilən yüksək hərbi-texniki hazırlıq, həqiqi peşəkarlıq onu izləyənlərə 100 il əvvəlki ovqatı təkrar yaşatdı. Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Ordumuzun istənilən vəzifəni icra etməyə qadir olduğunu düşmən də yaxşı bilir. Hərbi paradın ən mühüm nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının xalqımıza və dünyaya çatdırılan mesajında tam dolğunluğu ilə ifadə edilib. Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan hazırda öz Ordusunu yalnız ən müasir silahlar və texnika ilə təchiz etməklə, maddi-texniki imkan baxımından nəinki 15-20, hətta son 5 illə müqayisəedilməz səviyyəyə yüksəlmişdir. Bu il Bakıda “ADEX-2018” üçüncü müdafiə sənayesi sərgisində bir çox aparıcı şirkətlərin uğurla nümayiş etdirdikləri müasir məhsulları bu imkanların getdikcə artdığını göstərir. Hazırda hərbi texnika istehsalında uğurlar əldə edən Azərbaycan hərbi potensialını yüksəltməkdə yalnız bir məqsəd güdür, Ermənistan respublikasının işğalı altında olan torpaqlarımızı azad etmək. Əlbəttə, Ali Baş Komandanın daim diqqəti və qayğısı sayəsində güclənən Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri iki il əvvəl Aprel döyüşlərində və bu il Naxçıvanda qazandıqları qələbələri bir daha təkrarlayaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəklər. “Vətənpərvər Azərbaycan əsgəri həmin günü yaxınlaşdırmaq üçün hər cür fədakarlığa qadirdir”, - deyə polkovnik vurğulayıb.
Hamısını oxu
İlham Əliyevin səyi, Dövlət Komissiyasının fədakarlığı sayəsində həllinə qovuşan itkin problemi... Birinci Qarabağ müharibəsində minlərlə soydaşımızın itkin düşdüyü, onların böyük əksəriyyətinin taleyinin bugünə qədər də naməlum olduğu yaxın tariximizin acı reallıqlarından biridir. Uzun illərdir ki, həlli mümkünsüz olan bu problem Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki tarixi zəfəri ilə tədricən həll olunmaqda, mərhələli şəkildə ortadan qaldırlmaqdadır. Bütün bunlar isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi 8 Noyabr zəfəri sayəsində mümkün olub. Qələbədən sonra məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Birinci Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın taleyinə aydınlıq gətirmək üçün sistemli fəaliyyətə start verən Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiya bu sahədə böyük uğurlara imza atdı. Hər şeydən öncə ölkəmizdə itkin problemi ilə bağlı mütəmadi beynəlxalq konfranslar təşkil edildi ki, bu da dünya dövlətlərinin diqqətinin məlum problemə cəlb edilməsində, bu problemin həlli üçün beynəlxalq səylərin birləşdirilməsində mühüm rol oynadı. Bu baxımdan 2025-ci il oktyabrın 9-da Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans müstəsna əhəmiyyətə malikdir. Bu konfrans Azərbaycanın itkin problemi və onun həllinə necə böyük önəm verdiyini bir daha ortaya qoydu. Xatırladaq ki, sözügedən konfransda çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Dövlət Komissiyasının sədri Əli Nağıyev Prezident İlham Əliyevin qayğısı sayəsində itkin probleminin həlli istiqamətində atılan addımlara diqqət çəkdi, konkret rəqəmlərə, dəqiq statistik məlumatlara diqqət çəkdi. Hazırda Dövlət Komissiyasında 3990 nəfər şəxsin itkin kimi qeydiyyata alındığını bildirən Dövlət Komissiyasının sədri, işğaldan azad olunmuş ərzilərdə 29 kütləvi məzarlıq aşkar edildiyini, həmin məzarlıqlarda tapıan 218 nəfərə aid meyit qalığının ekshumasiya edildiyini vurğuladı. Əli Nağıyev qeyd etdi ki, aparılan araşdırmalar nəticəsində itkin kimi qeydiyyatda olan 187 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olub. Bir faktı da qeyd edək ki, itkin vətəndaşlarımızın taleyinin aydınlaşdırılması istiqamətində görülən işlər sadəcə bu sahədəki statistik göstəricilərin yaxşılaşmasına, problemin praktiki həllinin sürətlənməsi demək deyil. Bu, eyni zamanda bütöv bir ailənin, bütöv bir nəslin, bütöv bir elin uzun illərdir davam edən nigaranlığının ortadan qaldırılması, onlarla, yüzlrlə insanın mənəvi rahatlığa qovuşması deməkdir. Bu mənada əminliklə demək olar ki, Dövlət Komissiyasının fəaliyyəti itkinlərimizin taleyinə aydınlıq gətirməklə yanaşı, onların doğmalarına da ruhi dinclik bəxş edir. Hansı ki, bu fəaliyyət dövlətimiz tərəfindən Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm kimi dəyərləndirilə bilər. İtkinlərimizin hər birinin müqəddaratına aydınlıq gətirmək üçün dövlətimizin gördüyü işlər davam edir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə daha onlarla, yüzlərlə itkinimizin aqibəti bəlli olacaq, onların nəşi doğmalarına təhvil veriləcək. Və bu zaman sadəcə həyatını itirən itkinlərimiz deyil, həm də onların bütün yaxınları mənəvi rahatlığa qovuşacaq, onların içindəki sonsuz intizar qismən də olsa ortadan qalxacaq və daim yollara baxan gözlər qeyri-müəyyənliyə deyil, konkret bir məzara dikiləcək. Vətənin bütövlüyü, azadlığı və şərəfi üçün həyatını qurban verən qəhrəmanların məzarına... Seymur ƏLİYEV
Hamısını oxu
“Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planı çərçivəsində yanvarın 31-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında "Xatirələrdə, ürəklərdə yaşayan yenilməz sərkərdə" adlı vətənpərvərlik tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin, general Həzi Aslanovun timsalında Böyük Vətən müharibəsində həlak olan qəhrəmanların, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Müharibə veteranlarının, Müdafiə, Gənclər və İdman nazirlikləri rəsmilərinin, Bakı qarnizonundakı hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, veteran təşkilatlarının, qəhrəmanın adını daşıyan müəssisələrin, Həzi Aslanovun ailə üzvlərinin, eləcə də gənclərin iştirak etdikləri tədbirdə Respublika Veteranlar Təşkilatı sədrinin müavini, polkovnik Cəlil Xəlilov, yubiley təşkilat komitəsinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani xalqımızın qəhrəman oğlunun mənalı ömür və şanlı döyüş yolu barədə ətraflı məlumat veriblər. General Həzi Aslanov haqqında müharibə illərində çəkilmiş sənədli film və xüsusi buraxılışlardan fraqmentlər nümayiş olunub, veteranlar cəbhə xatirələrini bölüşüblər. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Əməkdar artist Cahangir Qurbanov və Ağabala Abdullayev yenilməz sərkərdə haqqında vətənpərvərlik mahnıları ifa ediblər. Gənclər və İdman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək Azərbaycan gənclərinin də “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Prezident Sərəncamını böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını və bu istiqamətdə silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Nazir müavini Respublika Veteran Təşkilatının gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna xidmətlərini qeyd edib və bu işin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib. O, xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun ömür yolunun Azərbaycan gəncləri üçün örnək olduğunu, Azərbaycanın oğlan və qızlarının qəhrəmanlıqlarının daha geniş təbliğinin vacibliyi vurğulayıb. Faşizm üzərində Qələbinin 75 illiyi ilə əlaqədar Gənclər və İdman Nazirliyinin də Respublika Veteranlar Təşkilatı ilə birlikdə respublikamızın bölgələrində yürüş, marafon, konfrans və görüşlərin təşkil edəcəyi diqqətə çatdırılıb. Tədbirin sonunda Təşkilatın sədri, general-polkovnik Tofiq Ağahüseynov qarşıdan gələn 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə veteranların Azərbaycan gənclərinə ünvanladığı təbrik müraciətini nazir müavininə təqdim edib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Anım mərasimində Həzi Aslanov irsinin tədqiqi və araşdırılmasında müstəsna xidmətləri olan Əməkdar incəsənət xadimi, tədqiqatçı-jurnalist Musa Bağırov, general Həzi Aslanovun nəvəsi Emin Aslanov çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər. “Xatirələrdə, ürəklərdə yaşayan yenilməz sərkərdə” adlı vətənpərvərlik tədbiri torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olan Azərbaycan Ordusunun güc və qüdrətini tərənnümün edən hərbi marşın ifası ilə başa çatıb.
Hamısını oxu