Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Döyüşçü fədakarlığı və silahdaş ləyaqəti ilə yaddaşlarda silinməz iz qoydu...

Tarix boyu güc amili döyüş meydanında qələbəni təmin etmək üçün həlledici rol oynayıb. Güclülər qalib olur və öz şərtlərini diktə edirlər, yeni reallıq yaradırlar. Bu gün güclü dövlətlər, habelə mübariz xalqların sırasında iki ad rəğbətlə qarşılanır: Azərbaycan və azərbaycanlılar. Azərbaycan ötən əsrin 90-cı illərində və sonrakı dövrlərdə torpaqlarının bir hissəsi işğala məruz qalmış ölkələr arasında yeganə dövlətdir ki, hərbi gücü sayəsində öz ərazi bütövlüyünün bərpası yolunda böyük zəfər qazanıb. 

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsi zamanı apardığı döyüş əməliyyatlarının uğurla başa çatmasına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəxsi heyəti layiqli töhfəsini verib. Dövlət başçısının çıxışlarında hərbi qulluqçularımızın döyüşlərdə göstərdikləri şücaət nümunələri xüsusi vurğulanıb.

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qoşunların 66 nəfər hərbi qulluqçusundan biri də baş çavuş Əkbərov Vüqar Seyid oğludur. O, 1990-cı il sentyabrın 12-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində doğulub. Bu yurdun sakinləri mərddir və doğma torpağa mənəvi cəhətdən möhkəm bağlıdırlar. Birinci Qarabağ müharibəsi zamanı və atəşkəs dövründə kənddən 19 nəfər şəhid olub, onlardan 6 nəfəri mülki şəxsdir. Vətən müharibəsində isə kənddən 4 nəfər şəhidlik zirvəsinə ucalıb. Hər iki müharibədə ön cəbhədə vuruşmuş kənd sakinlərindən bəziləri qazi olaraq geri qayıdıblar.  

Vüqarın babaları Məhəmmədəli Əkbərov və Cəfər Aslanov 1941-1945-ci illərdə ayrı-ayrı cəbhələrdə faşistlərə qarşı döyüşlərdə iştirak ediblər. M.Əkbərov döyüşlərdən birində ağır yaralanıb, bir ayağı amputasiya olunub.

Seyid Əkbərov və Xanım Aslanovanın üç övladından ortancılı olan Vüqar öz nəslinin yeganə şəhididir. Valideynləri, bacı və qardaşı Yuxarı Öysüzlüdə yaşayırlar. Zəhmətkeş ailədə böyümüş Vüqar valideynlərinin verdikləri tərbiyə əsasında ləyaqətli gənc kimi formalaşıb. Atası hazırda işləmir, anası tibb işçisidir. Qardaşı gizir Vüsal Əkbərov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində feldşer vəzifəsində xidmət edir. 2016-cı ilin aprel döyüşləri vaxtı ön xəttə olub. 2020-ci ildə Tovuz rayonu ərazisində məlum döyüşlər zamanı yaralı hərbçilərimizə tibbi yardım göstərib. Vətən müharibəsi dövründə isə  Daşkəsən rayonunda ön mövqeyə göndərilib.

Yuxarı Öysüzlüdəki Məmmədqara Məmmədov adına tam orta məktəbdə təhsil almış Vüqar çalışqanlığı ilə fərqlənib, müəllimləri dərslərə münasibəti və davranışından razı qalıblar. Orta məktəbdən etibarən Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olunmağa hazırlaşıb, gələcəkdə bu sahədə işləməyi arzulayıb. Ancaq qəbul imtahanında lazımi bal toplaya bilməyib. Beləliklə, onun bu arzusu gerçəkləşməyib.

Yeniyetmə yaşlarından fiziki hazırlğına xüsusi diqqət yetirib, müntəzəm şəkildə idmanla məşğul olub. Bu amil onun xaraktercə iradəli və qətiyyətli olmasının bünövrəsini qoyub. Ünsiyyətcil, səmimi, xeyirxah, dürüst, təmkinli olması da şəxsi keyfiyyətlərinə aid idi.

Müddətli həqiqi hərbi xidmətə çağırılanadək Vüqar ev təsərrüfatı işlərində ailəsinə kömək edib.

2008-ci ilin oktyabr ayından 2010-cu ilin aprel ayınadək Vüqar Goranboy rayonu ərazisində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini vicdanla başa vuraraq geri dönüb.

Hərbçi peşəsinə marağı və həvəsi səbəbindən Vüqar bir neçə il sonra Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün komandanlığa müraciət etmək qərarını verib. Gəncin müraciəti müsbət cavablandırılıb. 2013-cü ilin may ayının 10-da Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində motoatıcı taborun motoatıcı bölüyündə sürücü vəzifəsinə təyin edilib. Həmin hərbi hissədə motoatıcı taborun motoatıcı bölüyündə manqa komandiri-maşın komandiri, xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda qumbaraatan vəzifələri də hərbi qulluqçuya həvalə olunub. 2018-ci ilin may ayında qoşunların Qəbələ rayonundakı “N” saylı hərbi hissəsinə keçirilərək xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-qumbaraatan vəzifəsində də nümunəvi cəhətdən fərqlənib. 2019-cu ilin sentyabr ayında xidmətini Sumqayıtdakı “N” saylı hərbi hissədə davam etdirərək, xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-qumbaraatan köməkçisi vəzifəsinin öhdəsindən bacarıqla gəlib. Əzmkar hərbi qulluqçu olaraq tutduğu vəzifələrdə komandanlığın etimadını doğruldub. Komandirləri tərəfindən qarşıya qoyulan tapşırıqları məsuliyyətlə yerinə yetirib, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi üçün öz üzərində daim çalışıb. Xidmətdə və təlimdə göstərdiyi müsbət nəticələrə görə dəfələrlə mükafatlandırılıb. Şəxsi heyət arasında hörmət qazanıb.

2020-ci ilin sentyabr ayının 27-də erməni işğalçılarına qarşı Vətən müharibəsi başladıqda Müdafiə Nazirliyinin xüsusi təyinatlı bölmələri ilə birlikdə Daxili Qoşunların xüsusi təyinatlılarına ilk gündən döyüş tapşırıqlarının icrası həvalə olunub. Sumqayıtda yerləşən “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin şəxsi heyəti ön cəbhədə ayrı-ayrı qrupların tərkibində müharibə sınaqlarından keçib. Vüqar ruh yüksəkliyi ilə döyüşlərə atılıb. Halbuki, onun həmin vaxt sağlamlığında müəyyən problemlər vardı. Buna baxmayaraq, qəti mövqeyini bildirib ki, silahdaşlarının yanında olacaq. Xüsusi təyinatlı Cəbrayıl rayonundan başlayaraq Şuşa şəhərinədək igidliklə vuruşub.

Məqaləni yazarkən silahdaşları məni Vüqarın şərəfli xidmət və döyüş yolu barədə ətraflı məlumatlandırıblar.

Vətən müharibəsi iştirakçısı, “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri mayor Ələsgər Muxtarov bildirdi ki, Vüqar vətənpərvər, hərbi anda sadiq, yüksək döyüş qabiliyyətinə malik, intizamlı xüsusi təyinatlı idi. Komandirin sözlərinə görə, xüsusi təyinatlı onun tabeliyində 8 aya yaxın müddətdə xidmət edib, fəaliyyətində güvən qazanıb, hərbi kollektivdə yoldaşlıq münasibətlərinə ziyan vuran addım atmayıb. Xidməti tapşırıqların icrasında sayıqlıq göstərib, peşə bacarıqlarını təkmilləşdirmək üçün öz səylərini əsirgəməyib.

Mayor Ə.Muxtarov məlumat verdi ki, Vətən müharibəsində Vüqar daim öndə gedib, mərmi və güllələrin atəşi altında düşmənin üzərinə cəsarətlə irəliləyib. Cəbrayıl rayonu ərazisində ermənilərin müdafiə xəttinin yarılması, atəş nöqtələrinin susdurulması, bu istiqamət üzrə, habelə Füzuli, Xocavənd, Xocalı rayonlarının bir sıra yaşayış məntəqələrinin, ayrı-ayrı yüksəkliklərin azad olunması, Şuşa uğrunda döyüşlərdə Vüqar təhkim olunmuş silahlarla işğalçılara qan uddurub. Düşmənin müxtəlif texnikasını atəş zərbəsi ilə yararsız hala salıb. Yaralılara ilk yardım göstərilməsi və onların təxliyyəsində silahdaşlarının köməyinə yetişib.

“N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-istehkamçı, Vətən müharibəsi iştirakçısı çavuş Kamal Məmmədli qeyd etdi ki, 2020-ci il oktyabrın 2-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi yaxınlığında düşmənin 2-ci müdafiə səddinin yarılması zamanı o, sağ ayağından güllə yarası alıb. Çavuş Orxan İbrahimov döyüşçü yoldaşına yardım edərkən onların bir neçə metrliyində minaatan mərmisi partlayıb və Kamalın sol ayağını, qolunu qəlpələr zədələyib. Həmin anda Orxan da yaralanıb və kömək çağırmaq üçün sürünərək oradan kənarlaşıb, Siruz adlı döyüşçüyə Kamalın yerini deyib. Siruz Kamala yaxınlaşmağı bacarıb, onu ərazidən çıxararkən Vüqar atəş altında Siruza köməklik edərək silahdaşlarını təhlükəli yerdən uzaqlaşdırıblar. Yoldaşlarının fədakarlığı sayəsində Kamal sağ qalıb.

Vətən müharibəsi qazisi, ehtiyatda olan çavuş Rasim Hacıyev söylədi ki, Vüqarla Bərdə rayonunda və Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə birgə xidmət edib, dost olublar. Vətən müharibəsində qumbaraatan köməkçisi kimi Vüqarın döyüşkənliyi ilə silahdaşlarına örnək olduğunu vurğuladı. Hadrut istiqamətində döyüşdə dostunun qapalı kəllə-beyin travması aldığını və hərbi qospitala göndərildiyini diqqətə çatdırdı. Lakin o, qospitalda bir neçə gün qaldıqdan sonra müalicəsini könüllü olaraq dayandırıb. Beləliklə, Vüqar Qırmızı Bazar istiqamətində döyüşən silahdaşlarının yanına qayıdıb. Rasim Daşaltı kəndi ətrafında döyüşdə ağır dərəcəli kəllə-beyin travması aldığından təxliyyə olunub, onun qumbaraatan silahı Vüqara verilib.

“N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-sanitar, Vətən müharibəsi iştirakçısı çavuş Tahir Babayev bildirdi ki, Vüqar müharibənin əzab-əziyyətlərinə dözümlə yanaşıb, silahından başqa, üzərində tələb olunandan əlavə sursat ehtiyatı, əl qumbaraları daşıyıb. Döyüşlərdə qumbaraatanla sərrast atəş açaraq işğalçılara məxsus bir çox hədəfi məhv edib, həmçinin, qənimət götürülən silah-sursatdan məharətlə yararlanıb. Düşmənin pusquya salınması və onun qurduğu pusquların aşkarlanmasında döyüşçü bacarığı göstərib.

Vətən müharibəsi iştirakçısı, “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-sanitar vəzifəsindən hazırda ehtiyata buraxılan çavuş Orxan Həsənovun verdiyi məlumata görə, Şuşanın işğaldan azad olunması uğrunda vuruşarkən hər bir döyüşçüdə xüsusi bir coşqu yaranıb. Vüqar Şuşaya qədəm basacağı günü müharibənin əvvəlindən səbirsizliklə gözləyib. Şuşaya yaxınlaşmaq üçün bir neçə gün dağlıq ərazidən keçiblər, şəhərin ətrafındakı yüksəkliklər, Laçın-Şuşa və Xankəndi-Şuşa yolları nəzarətə götürülüb. Şiddətli döyüşlər nəticəsində Şuşa yaxınlığında mövqeləniblər. Noyabrın 6-da gecə saat 4-5 radələrində onların yerləşdikləri mövqe düşmənin zirehli texnikalarından, artilleriya vasitələrindən atəşə tutulub. Orxan bir neçə metrliyində kiminsə onu çağırdığını eşidib, yaxınlaşarkən Vüqarı üzü üstə uzanmış vəziyyətdə görüb. Onun kürəyindən qan axırmış, Orxan yoldaşının yarasına tampon qoyub, ağrıkəsici iynə vurub. Vüqar “bir az rahatlandım” – deyib, olduğu yerə mərmilərin az düşdüyünü söyləyərək, Orxana oradan getməyin təhlükəli olduğunu bildirib. Ancaq Orxan digər yaralılara yardım etmək üçün Vüqarın yanından getməli olub. Həmin məqamda yaralıları təxliyyə etmək mümkün deyildi. Səhər açılanda Vüqar aldığı yaradan əbədi olaraq gözlərini yumub.

18.11.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə hərbi qulluqçumuzun 2020-ci il noyabrın 9-da Şuşada hərbi əməliyyatda törənmiş zədələnmələrdən həlak olduğu yazılıb.

Şəhid noyabrın 13-də Yuxarı Öysüzlü kəndinin qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15 dekabr 2020-ci il, 24 dekabr 2020-ci il, 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamlarla baş çavuş V.Əkbərov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qənirə Paşayevanın müəllifi olduğu “Tovuz şəhidləri. 44 günlük Vətən müharibəsi” kitabında Vüqar haqqında məqalə öz əksini tapıb.

Tovuz şəhərindəki Şəhidlər xiyabanında inşa olunan abidə kompleksində Vüqarın da şəkli var. Yuxarı Öysüzlüdə isə şəhidlərin xatirəsinə abidə-bulaq kompleksi yaradılıb. Kənddə Vüqarın şəkli əks olunan plakat quraşdırılıb. Məzunu olduğu orta məktəbdə 2 A sinfinə şəhid döyüşçünün adı verilib. Məktəbdə şəhidlərin xatirəsinə fotostend və guşə hazırlanıb.

Əkbərovlar ailəsinin yaşadığı evdə mərhumun xatirə guşəsi düzəldilib. Xatirə guşəsində şəhidin şəkilləri, hərbi forması və şəxsi əşyaları qorunub saxlanılır.

2017-ci ildə ailə quran Vüqarın övlad yadigarı yoxdur. Doğmaları, dostları, həmyerliləri, silahdaşları, bütün onu tanıyanların yaddaşında Vüqar silinməz iz qoyub. İgid döyüşçü daim ehtiramla xatırlanacaq, gənc nəsil belə oğulların hünər nümunələri timsalında vətənpərvər ruhda tərbiyə olunacaqdır.

 Allah rəhmət eləsin!

 

Yalçın  Abbasov

DİN-in Daxili Qoşunlarının

 veteranı, tədqiqatçı-jurnalist,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

2025-10-02 21:12:13
2901 baxış

Digər xəbərlər

Masallıda vəzifəli şəxslər həbs edilib

Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə zərər vuran vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks və ardıcıl tədbirlər davam etdirilir. Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin və Masallı rayon, Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayevin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Həmin məlumatlar əsasında Baş İdarə tərəfindən müvafiq məhkəmə qərarı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib, tikintiyə icazə verilməsi müqabilində vətəndaşdan pul tələb etmiş Subhan Zalıyevin tapşırığı əsasında Əziz Ağayev tələb edilən pulun bir hissəsini 01.07.2020-ci il tarixdə, qalan hissəsini isə 23.07.2020-ci il tarixdə nümayəndəliyin inzibati binasındakı xidməti otağında vətəndaşdan alarkən cinayət başında yaxalanıb. Bundan əlavə,  23.07.2020-ci il tarixdə Subhan Zalıyev digər vətəndaşdan Masallı rayonu, Qarğalıq kəndində müvəqqəti qeydiyyata alınması müqabilində tələb etdiyi rüşvəti nümayəndəliyin baş mühasibi Bəhruz Musayevin vasitəsilə Masallı şəhəri ərazisində alarkən Subhan Zalıyev və Bəhruz Musayev cinayət başında yaxalanıb. 25 iyul 2020-ci il tarixdə Subhan Zalıyev Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və 29, 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) maddələri, Əziz Ağayev isə həmin Məcəllənin 32.4, 312.2 və 29,178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə intensiv əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının əməkdaşlığı veteran hərəkatına xüsusi tövhələr verəcək

15 dekabr 2017-ci il tarixində Respublikanın əməkdar hüquqşünası Rusiya Təhlükəsizlik, Müdafiə, Qanunun aliliyi Akademiyasının akademiki, Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının rəhbəri, hüquq elmləri doktoru, professor İlham Rəhimov Respublika Veteranlar Təşkilatında olmuşdur. Öncə İlham Rəhimov Respublika Veteranlar Təşkilatında yaradılmış şəraitlə tanış oldu. Təşkilatın tarixi, Respublikamızda həyata keçirilən veteran hərəkatında Təşkilatın rolu, eləcə də, Prezident ilham Əliyevin veteranlar göstərdiyi diqqət və qayğı barəsində qonağa geniş məlumat verildi. Daha sonra Respublika Veteranlar Təşkilatının sədri general polkovnik Tofiq Ağahüseynovla profesor İlham Rəhimovun görüşü keçirildi. Görüşdə həmçinin Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov və Təşkilatın Rəyasət Heyətinin üzvü hüquq elmləri doktoru, professor Bəhram Zahidov da iştirak etmişdir.  General polkovnik Tofiq Ağahüseynov İlham Rəhimovu qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmişdir. Təşkilatın sədri İlham Rəhimovun Azərbaycan xalqı və elmi qarşısında danılmaz fəaliyyəti olduğunu diqqətə çatdırdı. Veteranların hüquqlarının müdafiəsi, onların sosial problemlərinin həlli istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu bildirdi. İlham Rəhimov da öz növbəsində Tofiq Ağahüseynovun timsalında bütün veteranları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il bayramı münasibətilə təbrik etdi. Respublika Veteranlar Təşkilatında yaradılmış şəraiti yüksək qiymətləndirən İlham Rəhimov Təşkilatla tanışlıqdan məmnunluq ifadə etdi. Respublikamızada veterana hərakatının yüksələn xətlə inkişaf etdiyini, bu sahəyə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini, Respublika Veteranlar Təşkilatının bütün qəbildən olan veteranların sosial problərinin həlli istiqamətdində gördüyü işlərin əvəzsiz olduğunu bildirdi. Təşkilatın əməkdaşlarının işini yüksək qiymətləndirərək onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. İlham Rəhimov rəhbərlik etdiyi Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının Azərbaycan Respublikasında həyata keçirdiyi, xüsusən də veteranların hüquqları sahəsində gördüyü işlər barəsində məlumat verdi. Assosasiyanın  Respublika Veteranlar Təşkilatı ilə əməkdaşlıq etməyə və gələcəkdə Veteranların hüquqlarının müdafiəsi sahəsində Təşkilata dəstək olmağa hazır olduğunu diqqətə çatdırdı. Görüşdə Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyası arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Əməkdaşlığın hər iki qurum üçün xüsusi önəm daşıdığı ifadə edildi. Daha sonra Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov İlham Rəhimova respublikada həyata keçirilən veteran hərəkatındakı fəal iştirakına görə Təşkilatın təsis etdiyi “Veteran Həmrəyliyi” və “Həzi Aslanov” yubiley medalını təqdim etdi. Sonda Xatirə şəkli çəkdirildi.

Hamısını oxu
Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsi regionun taleyini həll etdi

Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsi bütün regionun gələcək taleyini həll etdi. Müharibə Silahlı Qüvvələrimizin qüdrəti ilə yanaşı, həm də xalqımızın sarsılmaz mübarizə əzmini ortaya qoydu. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu qələbə sadəcə Azərbaycan üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir dönəmin başlanması deməkdir: “Şübhəsiz, Azərbaycan Ordusunun qalibiyyəti, sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mərhələnin başlanması deməkdir. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı. Ermənistanın 30 ilə qədər davam edən işğalı bütün regionun inkişafı üçün başlıca əngəl idi. 44 günlük Vətən müharibəsində əldə edilən qələbə bu əngəli ortadan qaldırdı. İşğaldakı torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda başda qardaş Türkiyə olmaqla, bir sıra dost dövlətlər bərpa və yenidənqurma işinə start verib ki, bu da həm ölkəmizin, həm də bütün regionun iqtisadi inkişafı baxımından böyük əhəmiyyətə malikdir”. Cəlil Xəlilov qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun döyüş hazırlığı ilə yanaşı, xalqın mübarizə əzmini də nümayiş etdirdi. Qırx dörd günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu həqiqətən də ən çətin, ən mürəkkəb tapşırıqların belə öhdəsindən gəlməyə, onları müvəffəqiyyətlə icra etməyə qadirdir. Bu, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən ordu quruculuğu prosesinin nə qədər effektiv olduğunu sübut etdi. Vətən müharibəsi ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənpərvərlik ruhunu, torpaq, bayraq sevgisini də bütün əzəməti ilə ortaya qoydu. Gənclərimiz döyüşmək, işğaldakı torpaqları azad etmək üçün çağırış məntəqələri qarşısında uzun növbələr yaradır, hər vasitə ilə bu döyüşlərdə iştirak etməyə can atırdılar. Amma həmin vaxt minlərlə erməni gənci silahını, ona həvalə edilən texnikanı döyüş meydanında ataraq qaçır, kütləvi şəkildə fərarilik edirdi. Müharibə dönəmində Ermənistanda on min nəfərdən çox hərbçi döyüş mövqeyini özbaşına tərk edərək fərarilik edib. Bunu Ermənistanın rəsmi dövlət qurumları da etiraf edir. Azərbaycanda isə insanlar hər vasitə ilə orduya kömək etməyə can atır, torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə iştirak etmək üçün əlaqədar dövlət qurumlarına ardıcıl müraciətlər edirdilər. Müharibə dönəmində orduya dəstək məqsədi ilə çoxlu sayda kampaniyalar təşkil edildi ki, bu kampaniyalarda cəmiyyətin bütün təbəqələri yaxından iştirak etdi. Cəlil Xəlilov 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı bütün hərbçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb: “Hərbçilərimiz əmin olsunlar ki, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar, xalqımıza bəxş etdikləri qələbə şanlı tariximizin ən parlaq səhifələrindən biri kimi daim qürur hissi ilə yad ediləcək və alqışlanacaq”.

Hamısını oxu
Ulduz Səttar oğlu Kəngərli

Ulduz Səttar oğlu Kəngərli (Kəngərlinski) 1924-cü il sentyabr ayının 28-də İrəvanda anadan olmuşdur.  1941-ci ildə 9-cu sinfi bitirdikdən sonra, artilleriya hərbi məktəbinə daxil olmuş, sonra zabit rütbəsində Ukrayna cəbhəsinə göndərilmişdir. 1947-ci ildə ordu sıralarından qayıtdıqdan sonra, Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1952-ci ildə (indiki Neft Akademiyası) Energetika fakültəsini, 1958-ci ildə isə Azərbaycan EA-nın aspiranturanı bitirmiş, namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. 1958-1961-ci illərdə Sumqayıt şəhərindəki Elmi-Tədqiqat "Neftkimyaavtomat" Layihə İnstitutunda şöbə müdiri və Elmi-Tədqiqat Neft İnstitutunda laboratoriya rəhbəri işləmişdir. 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) onun rəhbərliyi ilə radiotexnika, elektronika və rabitə kafedrası təşkil edilmişdir. Bu sahədə onun ilkin yaratdığı kafedra əsasında 7 yeni kafedra təşkil edilmiş və universitetdə iki radiotexnika və telekommunikasiya və rabitə fakültələri fəaliyyət göstərmişdir. Alim radioelektronika sahəsində tədqiqatlar aparmış, 17 dərslik və dərs vəsaitinin 218 elmi əsərin, 12 ixtiranın müəllifidir. 1983-cü ildə çap olunmuş "Rusca-azərbaycanca-ingiliscə radioelektronika terminləri lüğəti"nin (Cəmilə Kəngərli ilə birlikdə) müəllifidir. Ulduz Kəngərlinin yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri respublikanın müxtəlif sənaye müəssisələrində geniş tətbiq edilmişdir. Ulduz müəllim respublikada elmipedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirmiş, kafedranın əməkdaşlarının elmi səviyyələrinin artmasına şərait yaratmışdır. Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində böyük xidmətlərinə görə Böyük Vətən müharibəsi veteranı (bir sıra orden və medallarla təltif edilmişdir), əmək veteranı, texnika elmləri doktoru (1969), professor (1970). Ulduz Səttar oğlu Kəngərli 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Respublika Veteranlar Təşkilatının Rəyasət heyəti və kollektivi İkinci Dünya müharibəsi veteranı Ulduz Səttar oğlu Kəngərlinin vəfatindan kədərlənir, yaxınlarlna dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin.

Hamısını oxu