Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

7 oktyabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında şəhid ailələrinin, veteranların, tələbələrin, zabitlərin, ziyalıların iştirakı ilə  “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda keçirilən konfrans keçirilib.

Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransda açılış nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbəyə diqqət çəkib, bu zəfərin hərbi önəmi ilə yanaşı, iqtisadi-siaysi və mənəvi əhəmiyyətinə toxunub:

“Prezident İlham Əliyevin liderliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər, eləcə də, 2023-cü ildə həyata keçirilən suverenliyin tam bərpası əməliyyatı böyük hərbi, tarixi, siyasi və mənəvi əhəmiyyətə malikdir. Bu qələbələr göstərdi ki, Azərbaycan xalqı, Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etməyə, suverenliyini qorumağa qadirdir və heç vaxt heç bir təzyiq qarşısında boyun əyməyəcək.

Azərbaycan dövləti müharibədən öncə olduğu kimi, post-müharibə dönəmində də sülh səylərini aktiv şəkildə davam etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomalarımızın apardığı sülh uğrunda mübarizə cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması ilə yekunlaşdı. Dövlətimiz müharibədə olduğu kimi sülh müstəvisində də qələbə çaldı, milli maraqlarını uğurla təmin etdi. Azərbaycan mühribənin qalibi olmaqla yanaşı, həm də sülhün müəllifinə çevrildi”.

Konfransa çıxış edən Azərbaycan Milli Məclisinin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai Azərbaycanın həm müharibə, həm də diplomatik müstəvidəki uğurlarına diqqət çəkib. Millət vəkili bildirib ki, hər iki platformada Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən zəfərlər dövlətimizin gücündən, onun mübarizə əzmindən xəbər verir. 

Müasir gəncliyin qalib gənclik olduğunu vurğulayan millət vəkili, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın yeni-yeni uğurlar əldə edəcəyindən əmin olduğunu bildirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi zəfərin önəminə toxunub, məhz bu zəfər sayəsində ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edildiyini vurğulayıb. 44 günlük Vətən müharibəsi şəhidləri arasında ADPU-nun da məzunlarının olduğunu bildirən rektor, şəhidlərin xatirəsinin əziz tutulduğunu, onların hər zaman hörmət və ehtiramla yad edildiyini bildirib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçı Elgin Həbibullayev də çıxışında 44 günlük Vətən müharibəsindəki tarixi zəfərin Azərbaycanın dünyadakı nüfuzunu artırdığını, dövlətimizin inkişafı üçün yeni imkanlar və perspektivlər yaratdığını bildirib. 

İcra başçısı qeyd edib ki, müasir dövrdə müharibə yalnız hərb meydanında raketlərlə aparılmır. Həm də sosial şəbəkələrdə, digət platformalarda aparılır. Buna görə də hər kəsin milli maraqlarımızın müdafiəsində xüsusi fəallıq və ayıq-sayıqlıq sərgiləməsi vacibdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, ehtiyatda olan polkovnik Qabil Talıbov,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsinin IV kurs tələbəsi Ülvi Həsənzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə IV kurs tələbəsi Nəzrin Abdullayeva, 44 günlük Vətən müharibəsi veteranı Xəzər Abdullayev də 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində gerçəkləşən suverenliyin tam bərpası əməliyyatının önəmindən danışıblar. Natiqlər qeyd ediblər ki, məhz Azərbaycan Respublikası Prezidentinin qətiyyəti, Silahlı Qüvvələrimizin fədakarlığı, xalqımızın həmrəyliyi tarixi zəfərimizi təmin edib, uzun illərdir davam edən işğal probleminə son qoyub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tədris  işləri üzrə müavini professor Əlikram Abdullayev də konfransda iştirak edib.

Konfransın sonunda təhsildə fərqlənən tələbələrə Fəxri Fərmanlar verilib, xatirə şəkli çəkilib.

 

2025-10-07 13:03:40
3062 baxış

Digər xəbərlər

Komandirini həyatı bahasına xilas edən Sovet İttifaqı Qəhrəmanı: Qafur Məmmədov!

Məmmədov Qafur Nəsir oğlu  05 mart 1922-ci il də  Bakıda dünyaya  göz açmış, 1941-ci ilin avqustunda hərbi xidmətə getmişdir. Zaqafqaziya cəbhəsində 56-ci ordu tərkibində 323-cü dəniz piyada batalyonunda rabitəçi vəzifəsində xidmət edən matros Qafur Məmmədov Tuapse şəhəri yaxınlığında aparılan ağır döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir. 1942–ci ilin 19 oktyabrında faşist ordusu hissələrinin hücumlarını dəf edərkən Qafur Məmmədov şəxsən düşmənin 13 avtomatçısını və bir minamyot heyətini məhv etmişdir. Həmin döyüşdə o, öz komandirini düşmən  atəşindən müdafiə edərək, özünü öz sinəsi ilə komandirini qoruyaraq qəhrəmancasına həlak olmuşdur.   Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 31 martında verilmişdir. Bakıda bir gəmiyə, bir küçəyə, bir parka və bir dənizçilik məktəbinə onun adı verilib, büstü qoyulub.   Qafur Məmmədovun adı digər qəhrəmanlar kimi, qədirbilən xalqımız tərəfindənd aim xatırlanır və uca tutulur.

Hamısını oxu
Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş yeni video-çarx hazırlanıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupu tərəfindən qardaş Türkiyə Cümhuriyyətinin Zəfər bayramı münasibətilə Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş video-çarx hazırlanıb. Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti Prezidentlərinin Azərbaycan-Türkiyə qardaşlığı haqqında söylədikləri kəlamları ilə başlayan video-çarxda Bakıda Şəhidlər Xiyabanında, Türk Şəhidliyi abidəsi və Mustafa Kamal Atatürkün heykəlinin önündə və Atatürk parkında, o cümlədən Türkiyənin Ankara şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda və Ulu Öndərin heykəli qarşısında çəkilən görüntülər yer alıb. Video-çarxda Səməd Vurğunun “Azərbaycan” şeirinin misralarının müşayəti ilə,  Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə iki ölkənin doğmalıq və qardaşlıq bağı vurğulanaraq Türkiyənin 30 avqust Zəfər Bayramı təbrik edilir. Video-çarx sosial şəbəkələrdə geniş şəkildə yayılıb. Sözügedən videonu təqdim edirik:

Hamısını oxu
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 111 illik yubileyidir

Yanvarın 22-si xalqımızın igid oğlu, İkinci Dünya müharibəsinin görkəmli sərkərdələrindən biri, istedadlı hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 111 illik yubileyidir. Bəşəriyyətin yaddaşına ən dağıdıcı müharibə kimi yazılmış İkinci Dünya müharibəsi zamanı faşizm əleyhinə mübarizədə və insanlığın qorxunc nasizm təhlükəsindən xilas edilməsində Azərbaycan xalqının da böyük xidmətləri var. 1941–1945-ci illərdə Azərbaycanın 700 minə yaxın övladı müharibəyə yollanaraq müxtəlif cəbhələrdə vuruşub, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirib və hərb salnaməsində yeni parlaq səhifələr açıb. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.   Qarabağ uğrunda 44 günlük Vətən mühariəsində Azərbaycan Ordusunun tankçıları Həzi Aslanovun qəhrəmanlıq səlnaməsini takrarladılar. Həzi Aslanov kimi mərd, cəsarətli, qəhraman Azərbaycan hərbçiləri düşmənə öz yeri göstərdi, ərazi bütövlüyümüzü təmin etdi.  Düşmən üzərində qazandığımız parlaq qələbə tariximizə əbədi yazıldı. Tank Qoşunları general-mayoru Həzi Aslanovun döyüş yolu Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində doğulub. On üç yaşında atasını itirən Həzi həmin ildən kərpic zavodunda fəhlə işləyib. İki ildən sonra onu Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərirlər. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə Leninqrad süvari məktəbinə daxil olub. İkiillik təhsildən sonra Kotovski adına III Bessarabiya süvari diviziyasında taqım komandiri təyin edilib. Həzi Aslanov o zaman Ukraynada xidmət edirdi. Müharibəni də elə bu ölkədə qarşılayır. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə özünü bacarıqlı zabit kimi göstərir. 1941-ci ilin dekabrında Moskva ətrafında döyüşlərdə qəhrəmanlığına görə “Qırmızı ulduz” ordeninə layiq görülür. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə onun başçılığı ilə 35-ci tank briqadası düşmənə ağır zərbələr endirir. Aslanovun tankçıları vuruşa-vuruşa 40 kilometrdən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutur, almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum edirlər. Polkovnik-leytenant Həzi Aslanovun rəhbərlik etdiyi briqada bu döyüşdə düşmənin 30 əks-hücumunu dəf edir, almanların bir piyada batalyonunu, 30 tankını, 50 avtomobilini sıradan çıxarır. Həzi Aslanov göstərdiyi şücaətə görə 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-dək Zirehli Tank Qoşunları Akademiyasına oxumağa göndərilən Həzi birillik təhsil proqramını üç aya başa vurur. Sonra yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıdır. 1944-cü il martın 13-də ona tank qoşunları general-mayoru rütbəsi verilir. 1944-cü il iyunun sonlarında Belarusiya və birinci Pribaltika cəbhəsinin qoşunları hücuma keçirlər. Belarusiyanın iri şəhər və dəmir yollarını azad etdikdən sonra Həzi Aslanovun tankları Vilnüsə istiqamət alır. Cəsur generalın rəhbərlik etdiyi briqada iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirir. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası “Qırmızı bayraq” ordeninə, general özü isə ikinci dərəcəli “Suvorov” ordeninə layiq görülür. 1944-cü il avqustun 1-də Həzi Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizləyir. İgid həmyerlimiz Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı zabit kimi göstərir. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə səkkiz dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdı. İki dəfə “Qırmızı ulduz”, üç dəfə “Qırmızı bayraq”, “Aleksandr Nevski”, ikinci dərəcəli “Suvorov”, 1-ci dərəcəli “Vətən müharibəsi” ordenləri və sayısız medallarla təltif edilmişdi. 1945-ci il yanvarın 24-də Həzi Aslanov zabitlərin müşayiəti ilə cəbhə xəttini yoxlayan zaman qəflətən onun durduğu yerdə ardıcıl olaraq mina partlayır. Yaralanmış generalı həkim-sanitar rotasına gətirirlər. Hadisənin şahidi olan 35-ci həkim-sanitar xidmətinin komandiri mayor Georgi Beqişvili qeyd edir ki, tibb məntəqəsinə gətirilən zaman Həzi Aslanov huşsuz olub. O, sağ böyrək ətrafından ağır zədə almışdı. Çoxlu qan itirən generala Beqişvili donorluq edir və onun qanını Həzi Aslanova köçürürlər. Bir qədər sonra general özünə gəlir, vəziyyəti getdikcə yaxşılaşır. Onu bizdən cəmi 900 metr aralıda yerləşən səhra hospitalına göndərmək qərara alınır. İki saat müddətində generalı səhra hospitala çatdırılır. Lakin həkimlərin səyinə baxmayaraq, Həzi Aslanovun həyatını xilas etmək mümkün olmur. Almanların tanklarını darmadağın edən Həzi Aslanov erməni məkrinin qurbanına çevrilir. O, 1945-ci il yanvarın 24-də aldığı yaralardan 23 saat sağ qalır. Onu Moskvaya aparmaq üçün təyyarə göndərilsə də, erməni general Baqramyanın əmri ilə təyyarə işə salınmır. Çoxlu qan itirən həmyerlimiz 35 yaşında həyatla vidalaşır. Ölümündən 47 il sonra - 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir. O, bu ada iki dəfə layiq görülən yeganə azərbaycanlıdır. Bakıdakı qəbri üzərində qəhrəmanın abidəsi ucaldılıb. 1969-cu ildə Həzinin doğulduğu Lənkəranda generalın şəxsi əşyaları, şərəfli döyüş və ömür yolunu əks etdirən fotoşəkillərin yer aldığı ev-muzeyi istifadəyə verilib, 1983-cü il mayın 8-də Lənkəran şəhərinin mərkəzində onun böyük heykəli qoyulub. Bakıdakı küçələrdən və metronun stansiyalarından biri Həzi Aslanovun adını daşıyır.

Hamısını oxu
İlham Əliyev Füzuli ilə bağlı müjdəli xəbəri ELAN ETDİ

"Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Artıq göstəriş verildi. İndi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaqdır. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib. "Oradan Şuşaya məsafə də yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər - Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır", - Prezident əlavə edib.

Hamısını oxu