Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zəfərin Səsi – 8 Noyabrın Qəhrəmanları “Azərbaycan Bayrağı” ordenli, Xüsusi Təyinatlı şəhid Güləddin Şahbabayev

Bəzən elə anlar olur ki, onlar bir xalqın taleyinə həkk olunur və nəsillərin yaddaşında əbədi iz buraxır. 2020-ci ilin payızında - 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi də məhz belə bir tarixdir. O gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda ayağa qalxdı. Bu savaş həm bir millətin birliyini, həm də onun övladlarının Vətənə sədaqətini nümayiş etdirdi. 44 gün… Bu günün hər anı igidlik, mərdlik, fədakarlıq dastanı idi. Hər kəndin, hər şəhərin azadlığına bir qəhrəmanın qanı hopdu.Hər zəfər bir şəhidin adı ilə ucaldı. O qəhrəmanlardan biri də Güləddin Şahbabayev idi.O, 2001-ci il mayın 21-də dünyaya gəlmişdi. 2019-cu ildə hərbi xidmətə yollananda anası onun gözlərində qəribə bir parıltı görmüşdü. O parıltı Vətən sevgisinin, şəhidliyə gedən yolun işığı idi. Güləddin Şahbabayev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavəndin azad olunması əməliyyatlarında mərdliklə vuruşdu. O, silahdaşları ilə çiyin-çiyinə irəliləyirdi, hər addımında “Vətən sağ olsun!” deyirdi. 2020-ci il oktyabrın 17-si Füzuli döyüşləri zamanı o, şəhidlik zirvəsinə ucaldı. 20 yaşlı bir gənc bütöv bir xalqın qüruru oldu. Bu gün onun məzarı Şabranın Düz Bilici kəndindədir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Güləddin Şahbabayev ölümündən sonra “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib. Bu medallar onun qəhrəmanlığının, gənc ömrünün Vətən uğrunda fəda edilməsinin rəmzidir. Beş il ötür o möhtəşəm Qələbədən. Azərbaycan bu gün Zəfərin səsini yenidən eşidir, bayrağımız Şuşada, Xankəndidə, Xocalıda, hər bir azad edilmiş torpaqlarımızda dalğalanır. Zəfər paradı isə həm o qələbənin, həm də Güləddin kimi igidlərin xatirəsinin təntənəsidir. Bu parad təkcə hərbi qüdrətin deyil, həm də xalqın birliyinin, milli qürurunun, şəhidlərimizin ölməzliyinin rəmzidir. Çünki bu Zəfərin payı hər bir şəhidindir, Güləddinindir, onun qanıyla yoğrulan torpağındır. Güləddin Şahbabayevin adı bu xalqın yaddaşında daim yaşayacaq. O, Zəfərin səsi, Azərbaycanın qəhrəman övladı, 8 Noyabrın əbədi işığıdır.

2025-11-06 20:46:25
7660 baxış

Digər xəbərlər

Qəhrəmanlar unudulmur! Cəsur döyüşçünün xatirəsi Naxçıvanda əbədiləşdirilib

İkinci Dünya müharibəsində böyük rəşadət göstərərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Vətən oğullarının qəhrəmanlıq dolu həyatı və şərəfli döyüş yoluna , qəhrəmanlıq salnaməsinə fəxrlə bir daha nəzər salsaq görərik ki. 1941-1945-ci illər ərzində bu müharibəyə Naxçıvan Muxtar Respublikasından 30 mindən artıq oğlan və qız yola düşüb. Onların 15 min 500-ü müharibənin getdiyi bütün ərazilərdəki döyüşlərdə qəhrəmanlıqla həlak olub. Naxçıvanlı döyüşçülərdən 600 nəfəri müxtəlif orden və medallarla,  bir nəfəri Şöhrət ordeninin hər üç dərəcəsi ilə, 3 nəfər isə keçmiş SSRİ-nin ən yüksək fəxri tituluna - Sovet İttifaqı Qəhrəmanı adına layıq görülüb. Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə  qeyd etmişdir ki, bu qələbə heç də asan başa gəlməyib. “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…”. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqların araşdırılması və təbliği  bu gün də ciddi əhəmiyyətə malikdir. Həmçinin 1941-45-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilib. "Qəhrəmanlar unudulmur" ifadəsi, cəmiyyətin tarixi irsini, mədəniyyətini və dəyərlərini qorumaq üçün vacibdir. Qəhrəmanların hekayələri, gələcək nəsillərə ilham verərək, cəsarət, fədakarlıq və insanlıq dəyərlərini aşılayır. Heç kəs, öz qəhrəmanlarını unutmamalı və onların xatirəsini yaşatmalıdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün qəhtəmanları həmişə minnətdarlıq hissi ilə xatırlayır və xatırlayacaq. Bunlardan biri də Sovet İttifaqı qəhrəmanı Qəzənfər Qulam oğlu Əkbərovdur. Cəhri kəndinin yetirməsi olan Qəzənfər Əkbərov 1917-ci ildə dünyaya göz açıb. Onun taleyi sonralar hərb tariximizlə bağlı olsa da, gənclik illərində yaxşı təhsil alaraq pedaqoq kimi fəaliyyət göstərmək arzusunda olub. 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirərək müəllimlik fəaliyyətinə başlayıb. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra müharibəyə könüllü gedənlərdən biri də Qəzənfər Əkbərov olub. Cəsur döyüşçü Tbilisi topçuluq məktəbində təhsil alıb və onun qəhrəmanlıqlarla dolu döyüş yolu 1942-ci ildən Qafqaz dağlarının ətəklərindən başlayıb. Qəzənfər Əkbərov topçu komandir kimi Ukraynanın,Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak edib.Onun qəhrəmanlıq salnaməsində Belarusun Volojin şəhəri xüsusi mərhələ təşkil edir. 1944-cü il avqustun 3-də şəhər ətrafında gedən döyüşlərdə Qəzənfər Əkbərov misilsiz rəşadət göstərib. Bu ağır döyüş bir neçə saat davam edib. Onun başçılığı ilə üç nəfər topçu almanların beş ağır tankına qarşı döyüşə atılıb. Qeyri-bərabər döyüşdə düşmənin 4 tankı, 60-dan çox əsgər və zabiti məhv edilib. Bu döyüşdə Qəzənfər Əkbərov qəhrəmancasına həlak olsa da, canı bahasına düşmənin hücumunu dayandırıb və bununla da öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını alıb. Bu qəhrəmanlığına görə Qəzənfər Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.Cəsur döyüşçünün xatirəsi Naxçıvanda əbədiləşdirilib. Doğma kəndi Cəhridə Qəzənfər Əkbərovun abidəsi ucaldılıb. Adına küçə və məktəb vardır. Qəzənfər Əkbərovun adı, xüsusilə Azərbaycanın müharibə tarixində əvəzsiz yer tutur və müasir dövrdə də igidlik, vətənpərvərlik və cəsarət simvolu olaraq yaddaşlarda qalır.Qəzənfər Əkbərovun ömür yolu  və döyüşlərdəki fədakarlığı, gənclərə vətənə sevgi və vətəndaşlıq borcu öyrətmək baxımından mühüm əhəmiyyət kəsb edir.Qəzənfər Əkbərovun həyatı və müharibə dövründəki qəhrəmanlığı, müasir dövrdə də hər bir vətəndaş üçün böyük bir ilham mənbəyidir. Onun döyüşlərdəki şücaəti, cəsarəti və hərbçi olaraq sərgilədiyi igidlik yalnız Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsinə deyil, həm də Azərbaycan xalqı tərəfindən uzun illər boyu böyük ehtiramla anılmasına səbəb olmuşdur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri   polkovnik  Cəlil Xəlilov    

Hamısını oxu
Ağdamda vətənpərvərliklə bağlı maraqlı tədbir: "Mən əsgərəm!"

Veteran.gov.az xəbər verir ki, 4 may 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Ağdamda "Mən əsgərəm" şüarı ilə  tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, icra nümayəndələri, qazilər Ağdam rayon Veteranlar Təşkilatının sədri Elşən Zeynalov, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Natiq Cavadov, müavini Məhəmməd müəllim, müəllim heyəti və tələbələr, rayon ictimaiyyəti,  Cəlilabad rayon Qazilər Cəmiyyətinin Sədri Maşalla Əliyev iştirak ediblər. Tədbirdə əlbəyaxa döyüş, əsgərin döyüş meydanında fəaliyyəti, çətin ərazidə  - meşədə azimutla hərəkət və döyüş şəraiti canlandırılıb. İcra başcısı Vaqif Həsənov və Cəlilabad rayon Qazilər Cəmiyyətinin sədri Maşalla Əliyev tədbir iştirakçılarına öz ürək sözlərini söyləyib. Tədbir iştirakçıları Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən  mükafatla təltif olunub. Tədbirin yekununda təlimdə iştirak edən heyət Ağdam rayon Veteranlar Təşkilatı tərəfindən də Fəxri Fərmanla təltif edilib.  

Hamısını oxu
Bayrağımız - qürur mənbəyimiz

Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir Bakı, 9 noyabr, AZƏRTAC Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza səbirsizliklə gözlədiyi müjdəni verdi: Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Prezidentin xalqa müraciətindən sonra yüz minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın küçə və prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşdı. Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi, bayram bayrama qarışdı. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı. Bayrağımız qürur mənbəyimizdir, dövlət rəmzlərimizdən biridir. Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Dövlət bayrağımızın tarixinə qısaca nəzər salaq. Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunub. Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərinə, o cümlədən dövlət bayrağına sahib çıxdı. Dövlət bayrağımızı səciyyələndirən ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirdi. Bayraq millətin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı dövlət bayrağına böyük hörmət və ehtiramla yanaşır. Xalqımızın bayrağa sevgisi ildən-ilə daha da artır. Hazırda paytaxtımızın küçə və meydanlarında, binaların eyvanlarında asılan çoxsaylı bayraqlar bunun əyani sübutudur. Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”. Dövlət bayrağımız Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatların binaları qarşısında ucalır. Yarışlarda qalib gələn idmançılarımızın şərəfinə bayrağımız qaldırılır, himniniz səslənir. Biz bundan böyük qürur duyuruq, ucalan bayrağımıza baxanda gözlərimiz sevincdən yaşarır. 2010-cu ildə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində Prezident İlham Əliyev deyib: “Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına!”. Rəşadətli ordumuzun bu il sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatı uzaqgörən, müdrik Prezidentimizin 10 il əvvəl dediyi sözlərin əyani təsdiqidir. 2016-cı ilin Aprel döyüşləri zamanı, daha sonra Naxçıvan Muxtar Respublikası ərazisində aparılan Günnüt əməliyyatı nəticəsində işğaldan edilən doğma torpaqlarımızda Azərbaycan bayrağı dalğalanmağa başladı. Bu gün həmin zəfərlərin davamı olaraq qəhrəman Azərbaycan əsgəri bayrağımızı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərinə, Hadrut, Mincivan, Ağbənd qəsəbələrinə, Suqovuşana, işğaldan azad olunmuş 215 kəndə sancıb. Bu qələbələr fonunda Prezident İlham Əliyevin iki il əvvəl Bakıda keçirilən hərbi paradda böyük inamla dediyi sözlər də yada düşür: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində ərazilərimizi erməni işğalından addım-addım, qarış-qarış azad edir və üçrəngli bayrağımızı bu bayrağa illərdir həsrət qalmış doğma torpaqlarımızda dalğalandırır. Xalqımız əmindir ki, işğal atlındakı bütün torpaqlarımız azad olunacaq, dövlətimizin başçısının dediyi kimi, həmin torpaqlarımızda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətirilərək hərbi paradda nümayiş etdiriləcək. O gün çox yaxındadır.

Hamısını oxu
Prezidentdən müharibə veteranları ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.    Qaynarinfo-nun məlumatına görə, sərəncamla Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına 300 min manat ayrılıb.

Hamısını oxu