Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Milli Qəhrəman Şükür Həmidov – Vətənə həsr olunmuş bir ömür

Tarix boyu Azərbaycan torpağı qəhrəmanlar yetişdirib. Bu qəhrəmanların adı dastanlara çevrilib, nəsildən-nəslə ötürülüb, Vətən sevgisinin, qeyrətin və ləyaqətin rəmzi olub. “Torpaq uğrunda ölən varsa, Vətəndir” deyən igidlərin yolu heç vaxt yarımçıq qalmayıb. Bu yol şəhidlik zirvəsinə aparan, şərəfli və müqəddəs bir yoldur. Azərbaycan xalqı bu zirvəyə ucalan oğullarını heç vaxt unutmayıb və unutmayacaq.

Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi yad etmək, onların döyüş yolunu gənc nəsillərə örnək göstərmək hər birimizin müqəddəs borcudur. Bu gün Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada şəhid məzarı olmasın. Hər məzar bir qəhrəmanlıq dastanı, hər ad bir tarixdir. O adlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Nəriman oğlu Həmidovdur.

Şükür Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində, müəllim ailəsində dünyaya göz açıb. Ailədə on uşaqdan biri olan Şükür hələ uşaqlıq illərindən mərdliyi, cəsarəti və iradəsi ilə seçilirdi. Doğma torpağına, Vətəninə bağlılıq onun xarakterinin əsas cizgilərindən idi. O, orta təhsilini Qubadlı rayonunun Başarat kənd orta məktəbində alıb, 8-ci sinifdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. Burada formalaşan hərbi düşüncə, nizam-intizam və vətənpərvərlik ruhu onun gələcək taleyini müəyyənləşdirdi.

Sonradan Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alan Şükür Həmidov hərbi xidmətə leytenant rütbəsi ilə başlayıb. Naxçıvanda xidmət etdiyi ilk gündən etibarən o, tabeçiliyində olan şəxsi heyət üçün əsl komandir, örnək zabit olub. Şükür Həmidov yalnız əmr verən deyil, döyüşün önündə gedən, əsgərləri ilə bir cərgədə dayanan komandir idi. O, xidmət etdiyi illər ərzində tağım komandiri, bölük komandiri, tabor komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi müxtəlif məsul vəzifələrdə çalışıb.

2016-cı ilin Aprel döyüşləri Şükür Həmidovun qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi misilsiz şücaət onun adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Məhz bu döyüşlərdə nümayiş etdirdiyi rəşadətə görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü və vaxtından əvvəl polkovnik hərbi rütbəsi aldı.

2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin, milli ruhunun təntənəsi oldu. “Öldü var, döndü yoxdur” şüarı ilə döyüşə atılan igidlərimiz torpaqlarımızı işğaldan azad etdilər. Bu müqəddəs savaşda polkovnik Şükür Həmidov da ön cəbhədə idi. O, Cənub istiqamətində  Füzuli, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərin idarə olunmasında fəal iştirak etdi, düşmənin darmadağın edilməsində mühüm rol oynadı.

 22 oktyabr 2020-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndi istiqamətində gedən döyüşlər zamanı polkovnik Şükür Həmidov Vətən qarşısında ən ali vəzifəsini yerinə yetirərək şəhidlik zirvəsinə ucaldı. O, bir zabit kimi deyil, bir Vətən oğlu kimi tarixə düşdü. Qəhrəman Milli Qəhrəman 23 oktyabrda II Fəxri Xiyabanda böyük ehtiram və dərin hörmətlə torpağa tapşırıldı.

Polkovnik Şükür Həmidovun qəhrəmanlığı ölümündən sonra da dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, Azərbaycanın hərb tarixində şərəf və rəşadət rəmzi olan “Zəfər” ordeni, “Vətən uğrunda” medalı, eləcə də “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildi. Bu təltiflər təkcə mükafat deyil, bir ömrün Vətənə sədaqətinin rəsmi təsdiqidir.

Şəhid polkovnik ailəli idi. Onun övladları Əzizə və Nurlan bu gün atasının adını qürurla daşıyır, onun qoyub getdiyi mənəvi irsi yaşadırlar. Onlar üçün Şükür Həmidov yalnız Azərbaycanın Milli Qəhrəmanı deyil, həm də Vətən uğrunda canından keçməyi bacaran, mərdlik məktəbi yaradan bir atadır.

Bu gün Qubadlı azaddır. Azərbaycanın müqəddəs üçrəngli bayrağı Şükür Həmidovun doğulduğu və uğrunda şəhid olduğu torpaqlarda əzəmətlə dalğalanır. Hər dalğalanan bayraq onun və onun kimi minlərlə şəhidimizin qanı, canı və iradəsi bahasına yüksəlmiş Zəfərin nişanəsidir.

Azərbaycan xalqı öz şəhidlərini daim uca tutur, onların xatirəsini qəlbində, yaddaşında və tarixində yaşadır. Şükür Həmidov kimi qəhrəmanlar olduqca bu Vətən sarsılmazdır, bu torpaq əbədidir. Çünki qəhrəmanların yazdığı tarix zamanın fövqündə dayanır və heç vaxt unudulmur

Cəlil Xəlilov    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2026-01-15 10:20:00
3728 baxış

Digər xəbərlər

“İdmançılar dopinqə və narkotikə yox deyir!” devizi altında konfrans təşkil edilib

Konfrans Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə baş tutub   Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin təşəbbüsü, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Respublika Velotrekində “İdmançılar dopinqə və narkotikə yox deyir!” devizi altında konfrans təşkil edilib. Tədbirdə Daxili İşlər Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndələri, tanınmış idmançılar, velosipedçilər və onların valideynləri iştirak ediblər.   Narkotik vasitələrdən və qəbulu qadağan olunmuş preparatlardan istifadənin hansı fəsadlara yol açması haqda danışan məktəbin direktoru Faiq Qurbanov, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov və AMADA nümayəndəsi Lalə Hacıyeva bu cür hallara qarşı mübarizədə hamının birgə fəaliyyət göstərməsinin vacibliyini bildiriblər.   Tədbirdə qonaq qismində çıxış edən Yunan-Roma güləşçisi, Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov, boks üzrə dünya çempionu və İslam Həmrəyliyi Oyunlarının qalibi Cavid Çələbiyev, Uşu-sanda üzrə dəfələrlə dünya və Avropa çempionu Emil Hacıyev də idmançıların karyeralarına zərbə vurmamaları üçün pis vərdişlərdən hər zaman uzaq olmalarının əhəmiyyətini vurğulayıblar. Konfrans zamanı idmançıları maraqlandıran suallar da cavablandırılıb.    

Hamısını oxu
“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub

“AzerGold” QSC Şuşa şəhərində keçirilən 4-cü Şuşa Qlobal Media Forumunda təmsil olunub. 54 ölkədən 300-ə yaxın qonağın, o cümlədən 150 media subyektinin və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı Forum çərçivəsində dövlət şirkətinin ərsəyə gətirdiyi qızıl və gümüş məhsulları sərgilənib. Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC-nin stendində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında üçölçülü formatda ərsəyə gətirilmiş “100 il və onun fövqündə bir irs” qızıl sikkəsi, Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş qızıl sikkə, Cəmiyyətin fəaliyyətinin 10 illiyi münasibətilə xüsusi dizaynla hazırlanmış yubiley qızıl və gümüş sikkə kolleksiyası, eyni zamanda “Şuşa”, “Qarabağ inciləri”, “Zəfər”, “Laçın” və “İçərişəhər” kolleksiyaları nümayiş olunub. Forum zamanı iştirakçılara dövlət şirkətinin stendində yer alan məhsullar barədə ətraflı məlumat verilib, “AzerGold” QSC-nin 10 illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətləri əks etdirən video-təqdimat nümayiş edilib. Təqdimatlar və məhsullar yerli və xarici qonaqların böyük marağına səbəb olub. 

Hamısını oxu
“Güclü lider, güclü dövlət” adlı tədbir keçirilib

Modern İnkişaf və Ailə İctimai Birliyi tərəfindən 4 noyabr 2025-ci il tarixində  erməni faşizmi üzərindəki tarixi zəfərin 5-ci ildönümü münasibətilə “Güclü lider, güclü dövlət” adlı tədbir keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbirdən öncə Azərbaycan Respbublikasının Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri, ictimai xadim Zərifə Quliyeva 8 Noyabr zəfərinin önəmindən danışıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin bu müharibədə sərgilədiyi fədakarlığa diqqət çəkib: “8 Noyabr Azərbaycanın hərb tarixində ən böyük uğur, ən parlaq qələbədir. Düz 5 il bundan öncə Prezident İlham Əliyevin rəhbərliyi altında Ordumuz erməni faşizmi üzərində qəti qələbə qazanaraq işğaldakı torpaqları düşməndən azad etdi. Bizi zəfərə qovuşduran cənab Prezidentimiz olsa da, bu siyasətin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu heç kimə sirr deyil. Ümummilli ldier vaxtiylə deyirdi ki, biz hökmən Füzuliyə də, Laçına da, Kəlbəcərə də qayıdacağıq. Heydər Əliyevin bütün müsahibə və açıqlamalarında Azərbaycanın tarixi zəfərinə olan dərin inam ifadə olunurdu. 2020-ci ilin 8 noyabr tarixində xalqımızın əldə etdiyi tarixi zəfər sübut etdi ki, Ulu öndər inamında haqlı imiş. Azərbaycan xalqı öz böyük sərkərdəsi, cəsur Prezidenti, şəhid və qazilərinin qəhrəmanlığı sayəsində tarixdə misli-bərabəri olmayan zəfərə imza atdı. Bu böyük sevinci bizə yaşatdığı üçün şəhidlərimizin, qazilərimizin qarşısında baş əyir, Müzəffər Ali Baş Komandanımıza sonsuz sevgi və minnətdarlığımızı bildiririk”. Tədbirdə çıxış edən millət vəkili Vüqar İsgəndərov 8 Noyabr zəfərinin sadəcə Azərbaycan deyil, türk-islam dünyası baxımından böyük qələbə olduğunu bildirib. Müharibə zamanı bütün xalqın Prezident İlham Əliyevin ətrafında sıx biləşdiyini vurğulayan millət vəkili, xalqımızı və dövlətimizi gələcək bəlalardan qorumaq, uğur və qələbələrimizi davam etdirmək üçün Vətən müharibəsi dönəmindəki birlik və bərabərliyi qoruyub saxlamağın vacibliyinə toxunub. Şəhid anası Mehriban Abdurrəhmanova çıxışında Ordumuzun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlğından danışıb: “Ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atdı. Hərbçilərimiz  şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldı. Bir nəfər də olsun mülki erməniyə xətər yetirmədi. Bu müharibə bir daha sübut etdi ki, xalqımız qəhrəman olduğu qədər də mərhəmətlidir”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov da çıxışında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində tarixi rəşadət göstərdiyini söyləyib: “44 günlük Vətən müharibəsi xalqımızın bir qarış da olsun torpağını kimsəyə güzəştə getməyəcəyini sübut etdi. Azərbaycan xalqı sübut etdi ki, o, özünü, öz torpağını qorumağa qadirdir və bundan sonra da  Prezidentinin ətrafında sıx birləşməkdə davam edəcək”. Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abbasova, Qarabağ əlili Hüseyn Tahiroğlu da Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın Vətən müharibəsində göstərdiyi fədakarlğın bütün dünyanı heyrətə saldığını qeyd edib. Tədbirdə çıxış edən vəkil Şəfiqə Nağıyeva Prezident İlham Əliyevin hər bir azərbaycanlının arzusunu reallığa çevirdiyini bildirib. O, qeyd edib ki, “Qarabağ Azərbaycandır” ifadəsi hər zaman səslənsə də, bu ifadə praktikada öz yerini məhz 2020-ci ilin 8 Noyabr zəfərindən sonra tutub. Şəhid anası Lətifə Novruzova, Vətən müharibəsi qazisi Elçin Əhmədov, vəkil Lətifə Əliyeva, şəhid anası Alimə Cəfərova da çıxışlarında 8 Noyabr zəfərinin önəminə toxunub, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın, şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlıqları yüksək qiymətləndiriblər. Daha sonra Modern İnkişaf və Ailə İctimai Birliyinə yeni üzv olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib. Tədbirin sonunda tanınmış müğənnilərin ifasında vətənpərvərlik mahnıları səsləndirilib, xatirə şəkli çəkilib və 100-dən çox şəhid ailə üzvünə, qazilərə ziyafət verilib.

Hamısını oxu
Mehriban Əliyevadan Madagizdə bayrağımızın qaldırılması ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Madagizin azad olunması münasibətilə sevincini bölüşüb.  O, “İnstagram” hesabında Ali Baş Komandan İlham Əliyevin Ordumuzun uğuru ilə bağlı statusunu paylaşıb.

Hamısını oxu