Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

20 Yanvar – Qanla Yazılan Şərəf Səhifəsi

1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqı üçün yalnız ağır bir faciə deyil, həm də tariximizin ən şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatının yüksəliş zirvəsidir. Məhz 20 Yanvar günü biz özümüzü bir millət kimi daha dərindən dərk etdik, milli kimliyimizi və azadlıq iradəmizi dünyaya bəyan etdik. Həmin gecə Bakı qana boyandı, səhər şəhid oğul və qızlarımızın qanı ilə açıldı.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda apardığı mübarizəni zor gücünə susdurmaq cəhdi nəticəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklər törədildi. Günahsız insanlar – qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi, yüzlərlə insan müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Bu qanlı cinayət bəşər tarixində totalitar rejimin xalq iradəsinə qarşı törətdiyi ən ağır cinayətlərdən biri kimi yadda qaldı.

Lakin imperiyanın zülmü Azərbaycan xalqının iradəsini qıra bilmədi. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Onların müqəddəs qanı ilə yazılan bu tarix xalqımızın azadlıq yolunu işıqlandırdı.

Məhz 20 Yanvar şəhidlərinin qəhrəmanlığı sayəsində xalqımız müstəqillik arzusuna bir addım da yaxınlaşdı və az sonra əsrlər boyu həsrətində olduğu dövlət müstəqilliyinə qovuşdu. Bu gün suveren və müstəqil Azərbaycan dövləti məhz həmin müqəddəs qurbanların qanı bahasına əldə edildi. 20 Yanvar şəhidləri azadlığımızın, müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzinə çevrildilər.

20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olundu. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. 20 Yanvar faciəsi nəinki Azərbaycanı, dünyanı lərzəyə gətirsə də, yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçməyə üstünlük verir, xalqın milli faciəsinə laqeyd münasibətlərini ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlmək istəmirdilər. O ağır və faciəli günlərdə 20 Yanvar hadisələri ilə bağlı Moskvada vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə, məhz Heydər Əliyev xalqımızın haqq səsini dünyaya çatdırdı.

 Ulu Öndər Heydər Əliyev faciədən sonra, 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi və Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini cəsarətlə bütün dünyaya bəyan edən Heydər Əliyev oldu. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi xalqın taleyi üçün tarixi məsuliyyəti daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli liderin ətrafında birləşdirdi. Baş verən hadisələri hüquqa, demokratiyaya, dövlət quruculuğu prinsiplərinə zidd hesab edən Ulu Öndər yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb etdi.

1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı faktiki olaraq heç bir tədbir görülmədi. 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının da işi başa çatdırılmamış qaldı. Hadisə siyasi qiymətini ancaq Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra aldı.

20 Yanvar dəhşətlərindən sonra da Azərbaycan xalqına qarşı kütləvi qırğınlar dayanmadı. 1990-cı il yanvar hadisələrindən cəmi iki ay sonra – martın 24-də Azərbaycanın Ermənistanla sərhədyanı ərazidə yerləşən Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali ermənilər tərəfindən kütləvi qırğına məruz qaldı. Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi.

 Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qaldı. 1992-ci ilin aprelində Kəlbəcərin Ağdaban, avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndlərində də davam etdi. Xocalı soyqırımı isə 613 nəfərin qətlə yetirilməsi ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.

 Ermənilər bütün bunları 1980-ci illərin sonunda Qərbi Azərbaycanda sovet hərbçiləri ilə birlikdə həyata keçirmişdilər. Orada etdikləri cinayət əməllərinə görə cəzasız qalan ermənilər oxşar vəhşilikləri Qarabağda törətdilər. Sovet rəhbərliyi isə emənilərin cinayətlərinə haqq qazandırırmışcasına onları müdafiə etmək adı altında Bakıya və başqa bölgələrə hərbçiləri yerləşdirib. Sovet rəhbərliyi bununla da azərbaycanlıların tarixi torpaqları olan Qərb Azərbaycandan deportasiyasını, Qarabağın bir hissəsinin Ermənistana birləşdirilməsini Azərbaycan cəmiyyətinə qəbul etdirmək istəyirdi. Ancaq sovet rəhbərliyi məkrli siyasəti və iddianı gizlədə bilmədi. Təəssüflər olsun ki, bu qanlı faciələrin başçısı Mixail Qorbaçov Azərbaycan xalqına qarşı Qərbi Azərbaycanda, Qarabağda, 20 Yanvarda törətdiyi cinayətlərə görə cəzalanmadan öldü. Azərbaycandakı cinayətləri nəzərə alınmadan onu Nobel Sülh Mükafatına da layiq gördülər... Halbuki 1945-46-cı illərdə faşistlərin mühakimə edildiyi “Nürnberq məhkəməsi”nin həmin faciələri törədənlərə də qurulacağı gün gözlənilir. Bu həm də tarixdə bənzər hadisələrin təkrarlanmaması üçün vacibdir. Çünki Azərbaycanın, o cümlədən Qərbi Azərbaycanın başına gələn faciələr sonradan Gürcüstan, Moldova, Ukrayna, Suriya, İraq kimi digər yerlərdə də təkrarlandı.

Azərbaycan xalqı Moskvanın törətdiyi cinayətlərə tarixi qiyməti yanvarın 22-də şəhidlərin dəfni mərasimində verdi. 2 milyona yaxın insan sovet hərbçilərinin Bakı küçələrində olmasına, şəhərdə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsinə baxmayaraq, meydana axışdı. Bu həm şəhidlərin əziz xatirəsinə hörmət, həm də sovetin əməllərinə etiraz idi.

1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməkdən qorxmadığını sübut etdi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edildi.

 Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Azadlıq və mübarizə yolu Yanvar hadisələrindən keçən xalqımızın faciəsinə ilk üç il müddətində siyasi-hüquqi qiymətin verilməməsi, əslində Azərbaycanın o dövrdə hakimiyyətdə olan iqtidarlarının öz xalqına xəyanəti kimi qəbul edilir. Yalnız Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra hadisətə siyasi qiymət verildi. 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti məhz Ulu Öndərin təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Heydər Əliyev bu barədə deyirdi: "...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gucləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Hər il yanvarın 20-də Şəhidlər Xiyabanına gələrək azadlıq mücahidlərini ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər Xiyabınında ucalan "Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilib. Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla isə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub.

Ulu Öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda həm də, Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Prezident İlham Əliyevin "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” sərəncamında bu barədə deyilir: "Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi”.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək "Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir.

Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərmanı ilə şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə şəhid olan Vətən övladlarının dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Məhz, Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər Xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb.

           Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 36 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni heç vaxt unutmur. Həmin faciənin ağrısı bu gün də qəlbimizdə yaşayır, xalqımız bu vəhşiliyi törədənlərə qarşı dərin nifrətini və qəti mövqeyini açıq şəkildə ifadə edir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Bu münasibətlə hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanır, respublikanın bütün şəhər və rayonlarında anım mərasimləri keçirilir.

Qanlı Yanvar faciəsində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı və həyat şəraitinin yaxşılaşdırılması daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Şəhid ailələrinin sosial təminatının daha da gücləndirilməsi məqsədilə mütəmadi olaraq fərman və sərəncamlar imzalanmış, bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilir.

30 il ərzində Azərbaycan xalqı tarixi torpaqlarının – Qarabağın, Şərqi Zəngəzurun işğalı ilə barışmadı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən Tarixi Zəfərlə həm də 20 Yanvar şəhidlərinin nigaran ruhları hüzura qovuşdu. 2020-ci il sentyabrın 27-də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində əks-hücum əməliyyatı başladı. 44 günlük müharibə noyabrın 8-də zəfərlə başa çatdı. Bu, son yüz ildən artıq dövrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların, erməni vəhşiliyi qurbanlarının nahaq tökülən qanın alınması, qisasının qiyamətə qalmaması idi.

           Qarabağın işğaldan azad edilməsi həm də Qərbi Azərbaycana qayıdışa, repatriasiyaya yol açdı və soydaşlarımızın tarixi torpaqlarına dönəcəklərinə olan ümidlərini gücləndirdi. 20 Yanvar hadisələri zamanı nümayiş etdirilən milli müqavimət və Vətən müharibəsində əldə edilən Zəfər tariximizdə əvəzsiz rol oynadı. Bu hadisələr sübut etdi ki, hər bir qüdrətli xalq azadlığını və istiqlalını qanı bahasına qazanır. 20 Yanvar və Qarabağ Zəfəri göstərdi ki, milli birliyimiz və iradəmiz zəfərin əsasıdır və gələcək nəsillərə qürur və ümid hisləri aşılayır.

Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranları Təşkilatının sədri, polkovnik

2026-01-16 10:30:00
3748 baxış

Digər xəbərlər

Qəhrəmanlar unudulmur!

Milli Qəhrəman Şükür Həmidov – Vətənə həsr olunmuş bir ömür   Tarix boyu Azərbaycan torpağı qəhrəmanlar yetişdirib. Bu qəhrəmanların adı dastanlara çevrilib, nəsildən-nəslə ötürülüb, Vətən sevgisinin, qeyrətin və ləyaqətin rəmzi olub. “Torpaq uğrunda ölən varsa, Vətəndir” deyən igidlərin yolu heç vaxt yarımçıq qalmayıb. Bu yol şəhidlik zirvəsinə aparan, şərəfli və müqəddəs bir yoldur. Azərbaycan xalqı bu zirvəyə ucalan oğullarını heç vaxt unutmayıb və unutmayacaq. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi yad etmək, onların döyüş yolunu gənc nəsillərə örnək göstərmək hər birimizin müqəddəs borcudur. Bu gün Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada şəhid məzarı olmasın. Hər məzar bir qəhrəmanlıq dastanı, hər ad bir tarixdir. O adlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Nəriman oğlu Həmidovdur. Şükür Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində, müəllim ailəsində dünyaya göz açıb. Ailədə on uşaqdan biri olan Şükür hələ uşaqlıq illərindən mərdliyi, cəsarəti və iradəsi ilə seçilirdi. Doğma torpağına, Vətəninə bağlılıq onun xarakterinin əsas cizgilərindən idi. O, orta təhsilini Qubadlı rayonunun Başarat kənd orta məktəbində alıb, 8-ci sinifdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. Burada formalaşan hərbi düşüncə, nizam-intizam və vətənpərvərlik ruhu onun gələcək taleyini müəyyənləşdirdi. Sonradan Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alan Şükür Həmidov hərbi xidmətə leytenant rütbəsi ilə başlayıb. Naxçıvanda xidmət etdiyi ilk gündən etibarən o, tabeçiliyində olan şəxsi heyət üçün əsl komandir, örnək zabit olub. Şükür Həmidov yalnız əmr verən deyil, döyüşün önündə gedən, əsgərləri ilə bir cərgədə dayanan komandir idi. O, xidmət etdiyi illər ərzində tağım komandiri, bölük komandiri, tabor komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi müxtəlif məsul vəzifələrdə çalışıb. 2016-cı ilin Aprel döyüşləri Şükür Həmidovun qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi misilsiz şücaət onun adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Məhz bu döyüşlərdə nümayiş etdirdiyi rəşadətə görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü və vaxtından əvvəl polkovnik hərbi rütbəsi aldı. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin, milli ruhunun təntənəsi oldu. “Öldü var, döndü yoxdur” şüarı ilə döyüşə atılan igidlərimiz torpaqlarımızı işğaldan azad etdilər. Bu müqəddəs savaşda polkovnik Şükür Həmidov da ön cəbhədə idi. O, Cənub istiqamətində  Füzuli, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərin idarə olunmasında fəal iştirak etdi, düşmənin darmadağın edilməsində mühüm rol oynadı.  22 oktyabr 2020-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndi istiqamətində gedən döyüşlər zamanı polkovnik Şükür Həmidov Vətən qarşısında ən ali vəzifəsini yerinə yetirərək şəhidlik zirvəsinə ucaldı. O, bir zabit kimi deyil, bir Vətən oğlu kimi tarixə düşdü. Qəhrəman Milli Qəhrəman 23 oktyabrda II Fəxri Xiyabanda böyük ehtiram və dərin hörmətlə torpağa tapşırıldı. Polkovnik Şükür Həmidovun qəhrəmanlığı ölümündən sonra da dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, Azərbaycanın hərb tarixində şərəf və rəşadət rəmzi olan “Zəfər” ordeni, “Vətən uğrunda” medalı, eləcə də “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildi. Bu təltiflər təkcə mükafat deyil, bir ömrün Vətənə sədaqətinin rəsmi təsdiqidir. Şəhid polkovnik ailəli idi. Onun övladları Əzizə və Nurlan bu gün atasının adını qürurla daşıyır, onun qoyub getdiyi mənəvi irsi yaşadırlar. Onlar üçün Şükür Həmidov yalnız Azərbaycanın Milli Qəhrəmanı deyil, həm də Vətən uğrunda canından keçməyi bacaran, mərdlik məktəbi yaradan bir atadır. Bu gün Qubadlı azaddır. Azərbaycanın müqəddəs üçrəngli bayrağı Şükür Həmidovun doğulduğu və uğrunda şəhid olduğu torpaqlarda əzəmətlə dalğalanır. Hər dalğalanan bayraq onun və onun kimi minlərlə şəhidimizin qanı, canı və iradəsi bahasına yüksəlmiş Zəfərin nişanəsidir. Azərbaycan xalqı öz şəhidlərini daim uca tutur, onların xatirəsini qəlbində, yaddaşında və tarixində yaşadır. Şükür Həmidov kimi qəhrəmanlar olduqca bu Vətən sarsılmazdır, bu torpaq əbədidir. Çünki qəhrəmanların yazdığı tarix zamanın fövqündə dayanır və heç vaxt unudulmur.   Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik              

Hamısını oxu
Tovuz döyüşlərində beş qəlpə yarası alan qazimizlə VİDEOMÜSAHİBƏ

“Sağ olsun dövlətimiz, mənim yoxluğumda valideynlərimə arxa-dayaq çıxıb”.   Bunu qazi Nurlan Quliyev Baku TV-yə müsahibəsində qeyd edib.  Azərbaycan dövləti daim əsgərinin yanındadır. Ötən ay Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxibat zamanı ağır yaralanan əsgər Nurlan Quliyev də istisna deyil.    O, Tovuzun Ağdam kəndi istiqamətində gedən döyüşlərdə yaralansa da, həkimlərimizin səyi nəticəsində yenidən sağlamlığına qovuşub.  N.Quliyevin müalicə aldığı müddətdə ailəsinə baş çəkən rəsmilər evlərinin əsaslı təmirə ehtiyac olduğunu görüb.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Bakı şəhərinin rayon təşkilat sədrləri ilə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Bakı şəhərinin veteran təşkilatlarının sədrləri ilə görüş keçirilib.   Tədbiri giriş sözü ilə açan təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov qarşıda duran işlər işlər haqqında danşıb, bu işlərin gerçəkləşməsində rayon təşkilatlarının üzərinə düşən öhdəliklərə diqqət çəkib. Polkovnik veteran və qazilərin vətənpərvərlik təbliğatında iştirakının təmin olunması, dövlət siyasətinin müdafiəsində, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müharibə iştirakçılarının imkanlarndan istifadə edilməsinin vacibliyini vurğulayıb.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxışında dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, qazilərinə daim yüksək diqqət və qayğı göstərdiyini bidlirib, bu kateqoriyadan olan vətəndaşlarla əlaqə və əməkdaşlığın genişləndirilməsinin zəruriliyinə toxunub.   Tədbirdə rayon təşkilat sədrlərini maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Hamısını oxu
İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyası ilə bağlı təlim keçirilib

Veteran.gov.az xəbər verir ki, İctimai Şuraların Onlayn Platformaya inteqrasiya edilməsi ilə bağlı “İctimaishura.az saytının idarə olunmasında birgə iştirak” adlı təlimlər keçirilib.   Təlimin açılışında çıxış edən İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki, Azərbaycanın ictimai şuralar ilə bağlı ilk və yeganə vahid onlayn platforması olan İctimaishura.az ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “FHI 360”, “ICNL” və MG Consulting” təşkilatları ilə birgə əməkdaşlıqda həyata keçirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti - ECSOFT” layihəsi çərçivəsində yaradılıb. Platforma ictimai şuralar ilə bağlı informasiya mühitinin formalaşmasında əsas rola malikdir. Ötən dövr ərzində 500-dən çox xəbər hazırlanaraq sayta yerləşdirilib. Eyni zamanda 38 ictimai şura platformaya inteqrasiya edilib. Həmin ictimai şuraların fəaliyyəti, üzvləri haqqında və digər məlumatlar bazaya daxil edilib.   USAID-in “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsinin nümayəndəsi Hamlet Babayev “ECSOFT” layihəsi haqqında məlumat verərək bildirib ki, ictimaishura.az saytı bu proqram çərçivəsində hazırlanan 2-ci platformadır. Layihə çərçivəsində eyni zamanda  E-Nəzarət Platforması (www.enezaret.az) fəaliyyətə göstərir. Hamlet Babayev bildirib ki, “ECSOFT” layihəsi çərçivəsində dövlət qurumları ilə geniş əməkdaşlıq qurulub və həmin qurumların əməkdaşları üçün treninqlər təşkil edilib. Proqramın müxtəlif fəaliyyət istiqamətləri ilə QHT-lərlə də geniş əməkdaşlıq həyata keçirilib.   Açıq Hökumət Platformasının koordinatoru, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev ictimai iştirakçılıq və ictimai şuralar ilə bağlı müsbət istiqamətdə proseslərin getdiyini bildirib. Ə. Nuriyev həmçinin İctimaishura.az platformasının da prosesə töhfə verdiyini və informasiya əlçatanlığının təmin olunmasında müsbət rolunu qeyd edib.   Daha sonra Platformadan istifadə qaydaları haqqında təqdimatla çıxış edən Cəsarət Hüseynzadə qeyd edib ki, platformanın idarə olunmasında dövlət qurumları və ictimai şuraların iştirakını arzu edirik. Bu iştirakın həyata keçirilməsi üçün platformada texniki imkanlar yaradılıb. Təqdimatda platformanın üzvlər tərəfindən idarə olunması ilə bağlı texniki imkanlar nümayiş olunub.   Təlim müzakirələr ilə davam edib. Ümumilikdə 3 qrupda keçən təlimdə 9 mərkəzi icra hakimiyyəti orqanının nümayəndəsi, 23 ictimai şura üzvü olmaqla ümumilikdə 36 nümayəndə iştirak edib. Təlimin sonunda iştirakçılara təmsil etdiyi qurumun Platformaya girişi üçün kod, parol və fəal iştiraka görə təşəkkürnamələr təqdim edilib.  

Hamısını oxu