Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlarımız gənclərin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılmasına xüsusi diqqət göstərirlər

Xocalı faciəsi XX əsrin ən qanlı soyqırımlarından biridir. Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə dinc əhaliyə qarşı törətdiyi qanlı qırğın nəticəsində 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, 197 nəfər itkin düşüb. Yalnız bir gecədə Xocalı şəhəri Yer üzündən silinib. Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. AZƏRTAC xəbər verir ki, bu fikirlər Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar fevralın 23-də Respublika Veteranlar Təşkilatında veteranların, ziyalıların, gənclərin iştirakı ilə keçirilən anım tədbirində səsləndirilib. Respublika Veteranlar Təşkilatının əməkdaşları, İkinci Dünya, Qarabağ müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edərək, “Ana harayı” abidəsi önünə tər çiçəklər düzüblər. Təşkilatın inzibati binasında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov tədbirdə çıxış edərək Xocalı soyqırımının xalqımıza qarşı törədilmiş faciələrin ən dəhşətlisi olduğunu bildirib. Qeyd edib ki, erməni vandallarının törətdikləri soyqırımı dünya tarixində ən amansız qətliamlardan hesab olunur. Günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını ortaya qoyub. Bu isə əsl faşizm və cinayət əlamətləridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli hadisəsi olan Xocalı soyqırımı ilə Azərbaycan xalqına vurulan mənəvi və psixoloji zərbənin ağırlığını bu gün də hər birimiz dərindən hiss edirik. Bu qətliamın dəhşətləri hər bir azərbaycanlının qəlbini sızladır. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə lazımi qiymətin verilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyət uğurlu nəticələrini verir. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işləri xüsusi vurğulamaq lazımdır. Məhz bu kampaniya nəticəsində hazırda dünyanın bir sıra ölkələrinin, həmçinin bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul edib. Ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı ilə bağlı abidələr ucaldılıb. Diqqətə çatdırılıb ki, artıq beynəlxalq ictimaiyyət Xocalı faciəsi, torpaqlarımızın zəbt edilməsi ilə bağlı daha çox məlumatlıdır. Xocalı soyqırımı barədə həqiqətlərin müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində qaldırılması erməni faşizminin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması baxımından da əhəmiyyətlidir. Bununla Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq dəstəyin daha da güclənməsi təmin olunub. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu işə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız dəstək olmalı, Xocalı harayına öz səsini verməlidirlər. C.Xəlilov vurğulayıb ki, Respublika Veteranlar Təşkilatının üzvləri gənclərlə görüşlərində onlara Xocalı soyqırımı, eləcə də Qarabağ müharibəsi ilə bağlı həqiqətləri çatdırırlar. Məqsəd gənclərin milli vətənpərvərlik ruhunda yetişməsi, işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olmalarıdır. Ötən ilin aprelində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlar Silahlı Qüvvələrimizin bu şərəfli missiyanı həyata keçirməyə hazır olduğunu sübuta yetirib. Veteranların cəbhə xəttində əsgərlərlə görüşlərdə təcrübələrini bölüşməsi aprel döyüşlərində qələbənin qazanılmasına öz töhfəsini verib. Gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi torpaqlarımızın erməni işğalından azad ediləcəyinə inamımızı daha da artırır. Tədbirdə çıxış edən digər şəxslərə də Xocalı soyqırımının bəşəriyyət tarixində ən böyük faciələrdən biri olduğunu söyləyib, ermənilərin Xocalıda törətdikləri dəhşətli vəhşiliklərdən və qanlı cinayətlər danışıblar. Natiqlər Xocalı soyqırımına dünya ölkələri tərəfindən lazımi qiymətin verilməsi, beynəlxalq ictimaiyyətin faciə barədə daha geniş məlumatlandırılması işində hər bir azərbaycanlının fəal iştirakının vacibliyini qeyd ediblər. Ermənilərin törətdikləri bu faciənin heç zaman unudulmayacağı tədbirdə xüsusi vurğulanıb. Çıxışlarda Xocalının və işğal altındakı digər torpaqlarımızın azad ediləcəyinə, hərbi, iqtisadi, siyasi cəhətdən güclü dövlət olan Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin olunacağına qəti inam ifadə edilib.

2018-02-23 00:00:00
7841 baxış

Digər xəbərlər

ABŞ-İran müharibəsinin İlham Əliyevlə bağlı sübut etdiyi ən böyük həqiqət budur ki... - TƏHLİL!

28 fevral 2026-cı il tarixindən etibarən ABŞ-İsrail koalisiyasının İranla bağlı başlatdığı hərbi əməliyyatlar davam edir. Müttəfiqlərin hücumuna cavab olaraq İran ABŞ-ın Yaxın və Orta Şərq ölkələrindəki hərbi bazalarına da zərbələr endirir ki, bu da müharibə arenasının daha da genişlənməsi deməkdir.  Hələlik hərbi əməliyyatların nə zamana kimi davam edəcəyi bəlli olmasa da, müharibə milli, regional və qobal təhlükəsizliklə bağlı mövcud problemləri yenidən aktuallaşdırıb. Azərbaycanın cənub qonşusunda cərəyan edən hadisələr bir daha sübut edir ki, müharibə və münaqişələrin sürətlə artdığı dünyamızda heç bir dövlət tam olaraq hərbi müdaxilə və zorakılıqdan sığortalanmış deyil. Məhz bu reallıq hər bir dövlətin özlüyündə güclü olmasını, müdafiə və təhlükəsizlik qabiliyyətini dinamik şəkildə yüksəltməsini zəruri edir. Əslində ABŞ-İran müharibəsinin Prezident İlham Əliyevin uzaqgörənliyi ilə bağlı sübut etdiyi ən böyük həqiqət də məhz budur: Təhlükəsizlik bir nömrəli prioritetdir və heç bir halda ikinci plana keçirilə bilməz! Xatırladaq ki, Prezident İlham Əliyev 2024-cü ilin sonunda - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Azərbaycanın 2025-ci il üçün hərbi büdcəni 8,4 milyard manata çatdırdığına diqqət çəkib, bunu zəruri edən səbəblərə toxunub: “Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir”. (https://azertag.az/xeber/azerbaycan_respublikasinin_prezidenti_ilham_eliyevin_dunya_azerbaycanlilarinin_hemreyliyi_gunu_ve_yeni_il_munasibetile_muracieti_video-3357987 ). Dövlət başçısı 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışı zamanı da güc faktorunun müasir dünyamızda əsas rol oynadığını, bu faktorun alternativinin olmadığını bildirib: “Əgər biz öz torpaqlarımızı hərbi yolla azad etməsəydik, hələ bundan sonra 100 il də icra edilməyəcəkdi. Beynəlxalq təşkilatların nüfuzu böyük dərəcədə aşağı düşüb. Bu gün güc amili dünyada aparıcı amildir. Yəni, bugünkü dünya budur və belə olan halda təhlükəsizlik, müdafiə potensialı, hərbi güc əsas məsələdir. Əlbəttə ki, güclü iqtisadiyyat, maliyyə resursları olmadan bunu əldə etmək mümkün olmayacaq”. (https://president.az/az/articles/view/70689 ). Prezident İlham Əliyev bu və digər çıxışlarında səsləndirdiyi oxşar fikirlər, o cümlədən bu fikirlər fonunda dünyada baş verən proseslər Müzəffər Ali Baş Komandanın beynəlxalq aləmdəki prosesləri necə  dəqiq dərk etdiyini, bu qavrayışı xalqa necə aydın təlqin etdiyini göstərir. Dövlət başçısı öz çıxışlarında açıq şəkildə bildirir ki, Azərbaycanın hərbi büdcəsini mütəmadi surətdə artırması beynəlxalq aləmdəki vəziyyətdən, beynəlxalq hüququn zəifləməsi və zorakılığın artmasından qaynaqlanır. Bu səbəbdən də, Azərbaycanın müdafiə qabiliyyətini artırması seçim deyl, bir məcburiyyət olaraq ortaya çıxır. Bu gün cənub qonşumuzda davam edən müharibə - onun dağıdıcı təsirləri bir daha İlham Əliyevin təhlükəsizlik məsələsinə niyə bu qədər mühüm önəm verdiyini izah edir. Bu fakt sübut edir ki, çağdaş dünyamızda kimin haqlı olmasından daha çox, kimin güclü olması daha mühüm rol oynayır. Bu gün yalnız o dövlətlər pozulan hüquq və haqqını bərpa edə bilir ki, onun bunun üçün kifayət qədər gücü var. Və bu həqiqətin ən böyük örnəyi Azərbaycan, onun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdir. Seymur ƏLİYEV  

Hamısını oxu
Qələbənin Ruhunu Daşıyan Ağdam: Muğam Mərkəzinin Açılışı və Qarabağ Dirçəlişi

2020-ci ilin payızında sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi bir daha sübut etdi ki, Vətəni qoruyan, onu canı ilə yoğuran xalq məğlubedilməzdir. Bu müharibə Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. Vətən sevgisi, birlik və şəhidlik kimi ali anlayışlar o günlərdə yenidən canlandı, çiçəkləndi və Zəfərlə taclandı. Həmin 44 gün təqvimdəki bir-biri ardına düzülən sadə rəqəmlər deyildi. Hər günü torpaq uğrunda canını fəda edən minlərlə qəhrəmanın həyat hekayəsi idi. O günlərdə silaha çevrilən qəlblər, səngərlərdə dua ilə gözlərini yuman mücahidlər, canından keçən gənc əsgərlər bir anda həm qəhrəman, həm də Vətənin özü oldular. Bu gün dağlar onların dilində danışır. Hər zirvə bir igidin adını pıçıldayır. Azad edilmiş ərazilərin adları artıq sadəcə coğrafi məkan deyil, həm də şəhid qanı ilə yoğrulmuş müqəddəs nişanələrdir. Azərbaycan əsgəri yalnız silahı ilə deyil, ruhu ilə, xalqının duası ilə döyüşdü. Bu Zəfərin arxasında yalnız ön cəbhədə vuruşan qəhrəmanlar yox, arxa cəbhədə dua edən analar, “Qarabağ Azərbaycandır!” deyən uşaqlar, bir millət kimi çırpınan milyonlarla ürək dayanır. 44 gündə Azərbaycan xalqı bir nəfəs, bir yumruq, bir ruh oldu. Müharibə ağrı və acılarla da keçdi. Biz şəhidlər verdik. Göz yaşları axdı. Lakin bu göz yaşları məğlubiyyətin yox, qürurun, Zəfərin göz yaşları idi. Vətən müharibəsinin qəhrəmanları bu gün də bizimlədir. Onlar bizə öyrətdilər ki, Vətən torpaqla deyil, onun uğrunda canından keçənlərlə ölçülür. Bu gün azad Şuşada dalğalanan bayraq, Ağdamda açılan Muğam Mərkəzi, Xankəndində fəaliyyətə başlayan universitet - hamısı bu qəhrəmanların ruhunun təntənəsidir. 2025-ci il mayın 10-da Ulu Öndər Heydər Əliyevin doğum günündə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Muğam Mərkəzinin rəsmi açılışı oldu. Bu Qarabağın mədəni dirçəlişinin başlanğıcını ifadə edən simvollardandır. Muğam əsrlərin içindən gələn xalq nəğməsidir. İndi isə bu nəğmə yenidən Ağdam səmasında səslənir. Bu musiqi bizim yaddaşımız, ruhumuz, keçmişimiz və Vətənə olan sevgimizin dilidir. Ağdam Muğam Mərkəzi 507 yerlik konsert zalı, sərgi salonu, dərs otaqları, kitabxana və açıq amfiteatrı ilə milli irsimizin yaşadılması və gələcək nəsillərin yetişdirilməsi üçün böyük bir mədəniyyət abidəsidir. Prezident İlham Əliyevin açılış mərasimindəki nitqi xalqın ruhunu oxşadı. Onun “Biz bu torpaqlarda əbədi yaşayacağıq” sözləri təkcə siyasi mesaj deyil, mənəvi inam və əzmin ifadəsidir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu layihənin ərsəyə gəlməsində mühüm rol oynayıb. Fondun təşəbbüsü ilə keçirilən beynəlxalq muğam festivalları və gənc ifaçıların dəstəklənməsi milli irsə verilən önəmin göstəricisidir. Qarabağ səmasında səslənən hər nəğmə bizə bir həqiqəti xatırladır: bu torpaqlar bizimdir, biz buradayıq və əbədi qalacağıq. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər, xüsusilə də şəhid ailələri, müharibə veteranları və qazilər üçün böyük mənəvi dayaqdır. Bu çıxışlar milli birliyimizin və dövlətçiliyimizin sarsılmaz dayağını bir daha təsdiqləyir. 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. Qondarma “Dağlıq Qarabağ Respublikası” tarixin arxivinə göndərildi. Bu, yalnız siyasi deyil, həm də mənəvi qələbə idi. Bu gün artıq Ağdam dirçəlir. Şəhər yenidən öz ritminə, nəfəsinə qovuşur. Dəmir yolları, avtomobil yolları, yaşayış kompleksləri, təhsil və mədəniyyət ocaqları biri-birinin ardınca istifadəyə verilir. Dəmir Yolu Vağzalı, Ağdam–Xankəndi–Şuşa dəmir yolu layihəsi, planlaşdırılan Xankəndi–Şuşa kanat yolu və digər infrastrukturlar Qarabağın gələcəyinə olan inamın təzahürüdür. Prezidentin bu sözləri isə hər bir azərbaycanlının qəlbində əbədi yer alır: “Mən sizin hamınızı ürəkdən təbrik edirəm həm bu möhtəşəm Muğam Mərkəzinin açılışı, həm də bizim bütün uğurlarımız münasibətilə. Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq.” Ağdam Muğam Mərkəzinin açılışında Prezident İlham Əliyevin söylədiyi bu sözlər gələcəyə olan inamın ifadəsidir:“İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq.” Bu sözlər həm mədəniyyətimizin dirçəlişi, həm də milli ruhumuzun yeni mərhələyə qədəm qoyması baxımından dərin məna daşıyır. Azərbaycan xalqı artıq gələcəyə inamla addımlayır. Qarabağın azadlığı ilə başlayıb, onun yenidən qurulması ilə davam edən bu yol, həm fiziki, həm də mənəvi yüksəlişin yoludur. İmarət Kompleksinin bərpası, Ağdam Cümə Məscidindən Qiyaslı məscidinə qədər aparılan işlər, Xaçınçay su anbarı, müasir infrastruktur layihələri, yeni mehmanxanalar və kənd təsərrüfatına qaytarılan münbit torpaqlar bütün bunlar Azərbaycanın bu torpaqlara verdiyi dəyərin və gələcəyə olan baxışının bariz nümunəsidir. Ən mühüm məsələ isə budur: xalqımız bir amal, bir məqsəd ətrafında – müstəqil, güclü və qalib Azərbaycan uğrunda sıx birləşmişdir. Bu birliyimiz, milli ruhumuz və Vətənə sədaqətimiz bizim tükənməz gücümüz, Zəfərimizin qaynağıdır. Bu münasibətlə bütün xalqımızı, xüsusilə də Ağdam sakinlərini Muğam Mərkəzinin açılışı münasibətilə səmimi-qəlbdən təbrik edirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hər zaman dövlətimizin, xalqımızın və müdrik liderimizin ətrafında sıx birləşərək Azərbaycanımızın parlaq gələcəyi naminə bütün gücümüzlə çalışacağımıza, ölkəmizin rifahı, əmin-amanlığı və suverenliyinin qorunması uğrunda var qüvvəmizi əsirgəməyəcəyimizə söz veririk. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı polkovnik Cəlil Xəlilovu qəbul edib

19 mart 2026-cı il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovu qəbul edib.  Görüşdə dövlətimizin şəhid ailələri və veteranlara olan diqqət və qayğısına diqqət çəkən Müharibə, Əməlk və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Xaçmaz Rayon İcra Hakimiyyətinin də həssas kateqoriyadan olan vətəndaşlara hər zaman xüsusi həssaslıqla yanaşdığını bildirib və buna görə icra başçısına öz təşəkkürünü bildirib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və veteranlara qayğı ilə yanaşmağın hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib, bu münasibətin bundan sonra da eyni həssaslıqla davam etdiriləcəyini vurğulayıb. Görüşdə Xaçmaz Rayon İcra Hakimiyyəti ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları arasında əməkdaşlığın genişləndirilməsi, birgə tədbirlərin keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Qeyd edək ki, görüşdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Ərazi-təşkilat və ictimai-siyasi  məsələlər şöbəsinin müdiri Günel Nurəddinova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev, Xaçmaz Rayon Veteranlar Təşkilatının sədri Abasyar Heydərov da iştirak edib. Seymur ƏLİYEV

Hamısını oxu
Prezident Əliyevin dilçilikdən açıq dərsi - professor Mahirə Hüseynova yazır

Hər bir dil mənsub olduğu xalqın varlığı və milli kimliyidir. Onun sadəcə ünsiyyət vasitəsi deyil, özünüdərk təməli, nəsilləri birləşdirən, düşüncəni formalaşdıran, mentaliteti ötürən və etnik qrupun təkrarsızlığını təmin edən, milli sərvətə və fərqliliyin əsasını təşkil edən mədəniyyətin simvoluna, yaşadığı tarixin daşıyıcısına çevrilməsi ümumilikdə milliliyin qorunub saxlanılmasında əsas vasitə olması mübahisə doğurmur. O da qətiyyən mübahisə doğurmur ki, dövlətçilik və onun təsisatları bir millətin dilinin formalaşmasında, onun rəsmi dil kimi təsdiqlənməsində, dil siyasətinin tənzimlənməsində (təhsil, media və qanunvericilik vasitəsilə), normalarının standartlaşdırılmasında (lüğətlər və qrammatikalar vasitəsilə) və millətlərarası ünsiyyət vasitəsi, milli kimliyin və mədəniyyətin qorunması kimi yayılmasının təşviq edilməsində əsas rol oynayır. Dövlət, dil layihələrini maliyyələşdirir, ədəbiyyatı dəstəkləyir və idarəetmə və təhsil üçün dili standartlaşdırır, bununla da, onun mövqeyini gücləndirir və ortaq milli şüurun formalaşmasında mühüm rol oynayır. Veteran.gov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Prezident Əliyevin dilçilikdən açıq dərsi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni ilin əvvəlində, yerli televiziyalara artıq ənənə halını almış növbəti müsahibəsi ancaq ötən ildə (2025-ci il) görülən işlər barədə seçicilərinə - Azərbaycan xalqına hesabatı deyil, həm də artıq qədəm basdığımız yeni təqvim ilinə (2026-cı ilə) hədəflənən strategiya və həmin strategiyanın konturları barədə fikir mübadiləsi kimi qəbul olunmalıydı. Belə də oldu. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin ötən ildə qazandığı uğurlardan, daxili və xarici siyasətdə hökumət üçün prioritet istiqamətlərdən, 2020-ci il sentyabr ayının 27-də işğalçı Ermənistanla başlanan və 44 gün ərzində Silahlı Qüvvələrimizin keçdiyi Zəfər yolundan, o Zəfərin regional və beynəlxalq platformalarda Azərbaycan dövlətinin yerini müəyyənləşdirən faktorlardan, antiterror əməliyyatından sonra dövlət suverenliyimizin reallığa çevrilməsini şərtləndirən amillərdən, Qarabağda aparılan tikinti-quruculuq işlərindən, bir qərinəlik ayrılıqdan sonra məcburi köçkünlərin qayıdışından və nəhayət, 2025-ci ilin avqustunda ABŞ-ın paytaxtı Vaşinqtonda- Ağ Evdə Ermənistan-Azərbaycan arasında Sülh Müqaviləsinin paraflanmasından sonra dayanıqlı sülhün regionda bərqərar olmasından və digər sosial məsələlər mövzusunda söhbət açdı. Bu mövzulardan biri ötən ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyi ilə bağlı keçirilən tədbirdəki çıxışından sonra xüsusilə gündəmə çevrilən rəsmi dövlət dilinin hazırkı vəziyyətinə baxışın gündəmə gəlməsi ilə yadda qaldı. Xatırlatsaq ki, Azərbaycan dilinin inkişafına və qorunmasına əlahiddə diqqət və qayğı XX əsrin ikinci onilliyində - 1918-ci il may ayının 28-də milli dövlətçiliyimizə qovuşduğumuz vaxtlardan diqqət çəkib, bu proses hətta nominal dövlətçilik institutlarının mövcudluğu zamanlarında yüksələn xətti illə seçilirdi və ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinə dövlət qayğısı ən yüksək müstəviyə qaldırıldı. 50-ci illərin sonlarından İttifaq mərkəzindən idarə olunan “Azərbaycanda millətçilik tendensiyalarının qarşısının alınması” fonunda dilimizə qarşı artıq oturuşmuş siyasətin davam etdirildiyi vaxtlarda az qala nümayişkaranə şəkildə aparılan bu siyasət vahid məqsədə xidmət etsə də, müxtəlif aspektlərdə aparılırdı. O aspektlərdən biri küncə sıxışdırılmış Azərbaycan dilinə dövlət tədbirlərində tribunaların verilməsi idi və bunu sovet Azərbaycanının 46 yaşlı lideri Heydər Əliyev öz şəxsi nümunəsində göstərirdi. Azərbaycan Dövlət Universitetinin 50 illik yubiley tədbirindəki çıxışı ilə dilimizin statusunun yeni müstəviyə çıxarıldığını nümayişkaranə şəkildə ortaya qoyan respublika rəhbəri sonrakı qərarları ilə bu addımın ardıcıl olaraq atılacağını təsdiqlədi. Bu, Bəkir Çobanzadənin tələbəsi, Azərbaycan dilçiliyinin patriarxlarından biri olan professor Muxtar Hüseynzadənin "Müasir Azərbaycan dili" adlı dördcildlik dərsliyinin Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildə Dövlət mükafatına layiq görülməsi oldu. Xatırlatma üçün qeyd edək ki, “Müasir Azərbaycan dili” kitabında Azərbaycan dilinin leksikası ilk dəfə sistemli şəkildə tədqiq edilirdi. Müəllif sözün mənaları haqqında məlumat verir, türkologiyada ilk dəfə frazeologiya məsələsini qaldırır, Azərbaycan dilinin lüğət tərkibindəki qeyri-türk mənşəli – “gəlmə və alınma sözlər” adlanan təbəqəsi müfəssəl tədqiq olunurdu. Sonralar, yəni 1978-ci ildə Azərbaycan SSR-nin yeni qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olaraq qəbul edilməsi İttifaq məkanında ən çox müzakirə mövzularından birinə çevrildi. Bundan əlavə, uzun illər boyu dövlət müstəqilliyindən ayrı düşmüş xalqın tarixi ilə bağlı müxtəlif dövrləri əhatə edən bədii filmlərin hazırlanaraq tamaşaçılara təqdim olunması xalqın şərəfli tarixinə qayıdışına xidmət edirdi. Bu məsələdə müstəqil Azərbaycan dövlətinin qurucusu, ana dilinin ən böyük təəssübkeşi olmaqla, bənzərsiz mahir natiq Heydər Əliyevin müqayisəyəgəlməz genişspektirli fəaliyyəti və tarixi xidmətləri geniş rol oynadı. Sonralar müstəqil Azərbaycan Respublikasının ali siyasi rəhbərliyinə qayıdışından sonra da Ümummilli Lider bu istiqamətdə işləri davam etdirdi. Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı, dil siyasəti birmənalı olaraq formalaşdı. Ulu Öndər ana dili ilə bağlı dövlət strategiyasını şərtləndirən amilləri belə izah edirdi: “Millətin milliliyini saxlayan onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”. 2026-cı il yanvar ayının 5-də yerli televiziyalara müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər bir dilin ümumxalq kontekstində vacib amillərdən biri olduğunu xatırladır. Sosial mənzərəni təşkil edən münasibətlərin formalaşması və qorunmasının dil daxilində baş verdiyini, buna görə də onun sosial fəaliyyətin əlaqələndirilməsində əsas vasitəçilərdən biri, birincisi olduğunu xatırladır. Dili sosial təcrübəni müəyyən etmək, qorumaq və ötürmək üçün əsas vasitə, həmçinin subyektiv mənaları obyektləşdirmək üçün mühüm üzvi varlıq kimi xarakterizə edir. Dövlət başçısı dilin fərdi təcrübələrə subyektlərarası məna qatdığını, bütün sosial münasibətlərin dilin işarə sistemi daxilində formalaşdığını qeyd etməklə onun oynadığı siyasi rolu xatırladır. Dilin milli və etnik differensiasiyada mühüm rol oynadığına, onun təsirinin yalnız müəyyən bir icmanın mənəvi varlığı əhatə etmədiyinə, həm də digər millətlərdən və etnik qruplardan qarşılıqlı tamamlama və fərqlənmə hissi yaratdığına diqqət çəkir. Nəticə etibarilə milli və etnik kimliyin dillə sıx əlaqəli şəkildə nəzərdən keçirilməli olduğunu, onun istənilən sosial icmanın mövcudluğu üçün ən vacib şərtlərdən birinə çevrildiyini vurğulayır. Buna görədir ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dönəmində apardığı dil siyasətinin və bu siyasətin davamı olaraq Prezident İlham Əliyevin təsəvvüründəki dövlət konstruksiyasında onun çəkisinin artırılmasına xüsusi diqqətin missiyasının konturlarını aydın görmək mümkündür. Bununla əlaqədar olaraq dövlətimizin başçısı ancaq dilçilərin deyil, həm də mətbuatında üzərinə düşən vəzifələrə işarə edir. Prezident həmin müsahibəsində dilimiz və onun perspektivləri ilə bağlı sözlərini dinlədikcə, professor Muxtar Hüseynzadənin bununla bağlı fikirləri yadıma düşür. Professor 50 il əvvəl yazırdı: “Dil zorakı assimilyasiyaya qarşı o zaman daha ciddi müqavimət göstərə bilir ki, onun sabit və möhkəm qrammatik quruluşu olsun və bir çox əsrlər ərzində öz həyatiliyini sübut etmiş olsun. Belə bir dil yüz illərlə davam gətirən uzun bir proses nəticəsi olan çarpazlaşma zamanı həmişə qalib gəlir və öz lüğət tərkibini məğlub dilin hesabına zənginləşdirir. Azərbaycan dili də belə dillərdəndir”. Prezident İlham Əliyev adıçəkilən müsahibəsində bayraq, gerb, himnlə birlikdə dili dövlətçiliyin əsas atributlarından biri, bəlkə də, birincisi sayır, xalqımızın yaşadığı taledən dərs almağımızı, nəticə çıxarmamızı tövsiyə edir: “Əsrlər boyu müstəmləkəçilik şəraitində müstəqillik eşqi ilə yaşamış xalqıq. Bunun adları fərqli ola bilər, amma mahiyyət etibarilə bu, müstəmləkəçilikdir. İstər qədim dövrlərdə, Rusiya imperiyası, fars imperiyası, istərsə də Sovet İttifaqı dövründə bu, müstəmləkəçilikdən başqa bir şey olmayıb. Müstəqillik tariximiz, dövlətçilik əsasları, ənənələri olub və o dövlətlərlə fəxr edirik, amma başqa imperiyaların, ölkələrin tərkibində yaşadığımız üçün istər-istəməz xalqımızın psixologiyasına da müəyyən təsir buraxıb”. Dil psixologiyası və ya psixolinqvistika elmi var. O, nitq, düşüncə və şəxsiyyət arasındakı əlaqəni öyrənir, insanların dili necə yaratdığını və qavradığını, dilin şüuru necə formalaşdırdığını və dil xüsusiyyətlərinin danışanların mentalitetini və sosial mənsubiyyətini necə əks etdirdiyini, onları sosial qruplar, mədəniyyət və tarixlə necə əlaqələndirdiyini araşdırır. Bu sahə dili sadəcə işarələr sistemi kimi deyil, həm fərdi, həm də qrup (sosiolektlər) nitq nümunələrinin təhlili ilə daxili zehni prosesləri, dünyagörüşünü və ünsiyyət məqsədlərini əks etdirən insan varlığının ayrılmaz hissəsi kimi görür. Həmçinin psixolinqvistika, hər bir xalqın yaşadığı psixi situasiyanın onun dilinin leksikasında ifadə olunduğunu elmi dəlillərlə təsdiq edir. Buna görədir ki, İlham Əliyev həmin gerçəkliyi nəzərə alaraq belə deyir: “Bu psixologiyanın fəsadları bu gün də var. Azalır, amma var. Nə qədər az olsa, o qədər də yaxşıdır. Yəqin ki, nəsillərin dəyişməsi ilə, başqa amillərlə bağlıdır. Ancaq dil o amildir ki, milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik. Düzdür, sovet vaxtında bizim leksikonumuza bəzi kəlmələr daxil olmuşdur. Mən beynəlxalq leksikondan gələn kəlmələri nəzərdə tutmuram. Amma prinsip etibarilə müstəqillik dövründə biz özümüzü onlardan təmizləyə bildik”. Dövlət başçısının fikirlərindəki aktuallıq XXI əsrin əvvəllərinin spesifik sosial-siyasi və sosial-mədəni reallıqlarından irəli gəlir. Qlobal ikiqütblü sistemin süqutu ideoloji böhrana, nəticə olaraq özünüdərk böhranına səbəb olduğu bu gün dünyada çoxlarının qəbul etdiyi gerçəklikdir. Müxtəlif sosial icmaların nümayəndələri dünyada öz yerlərini tapmaq və "biz" və "onlar" arasındakı korrelyasiyanı müəyyən etmək ehtiyacını hiss edirlər. Eyni zamanda, qloballaşma və media və kommunikasiyaların artan təsirinin nəticəsidir ki, müxtəlif millətlər və etnik qruplar arasında artan qarşılıqlı əlaqələrin şahidi oluruq. Bu da milli stereotiplərin yaranmasına və yayılmasına səbəb olur. İnteqrasiya və milli, etnik kimliyin qorunması istiqamətində əks tendensiyaların kəsişməsində, birincisi, demokratiya və vətəndaş cəmiyyətinin möhkəm kök saldığı, ikincisi, azlıq etnik qrupları üçün nisbətən yüksək həyat səviyyəsi və həyat keyfiyyətinin əldə edildiyi ölkələrdə optimal və ağlabatan həllər tapılır. Bu, münaqişə vəziyyətlərinin olmamasına zəmanət vermir, lakin belə ölkələrdə onların sürətli və konstruktiv həlli şansları həmişə yüksəkdir. O şansların diqqətdə saxlanılmasının dilimizi, birbaşa və ya dolayısı ilə xalq və dövlətimizin həyatında oynayacağı rolu nəzərdə tutan İlham Əliyev buna görə tövsiyələrini bu formada çatdırır: “Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də, özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir”. Bu vəzifənin əhəmiyyətini dönə-dönə xatırladan Prezident “milli kimliyin” sadəcə, mövcudluğunu deyil, inkişafı üçün vacib elementləri həm də ona görə xatırladır ki, hər birimizin məsuliyyəti təhtəlşüurumuza əbədi həkk olunsun. Dildə sosial mənzərəni təşkil edən münasibətlərin formalaşması və qorunması dil daxilində baş verir və buna görə də dil sosial hərəkətləri əsaslı şəkildə əlaqələndirir. Dil sosial təcrübəni müəyyənləşdirmək, qorumaq və ötürmək üçün əsas vasitəyə, eləcə də subyektiv mənaları obyektivləşdirmək üçün körpüyə çevrilir və fərdi təcrübələrə subyektivlərarası məna qatır. Sosial münasibətlərin dilin işarə sistemi daxilində formalaşmasında dil, milli və etnik differensiasiyada mühüm faktora çevrilir. Onun təsiri yalnız müəyyən bir icmanın mənəvi varlığını əhatə etmir, həm də digər millət və etnik qruplara qarşılıqlı tamamlayıcılıq və fərqlilik hissi verir. Bunlar öz yerində. Prezident cəmiyyətin hər bir üzvünün daşıdığı məsuliyyət hissi məsələsinə ümumi formada yox, konkret ünvanlarla fərd və qruplara müraciət etməklə toxunur: “Efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər. Mən hərdənbir eşidirəm televiziya verilişlərində, sizə aid deyil. Təbii ki, bizim ziyalılarımız, şairlərimiz, yazıçılarımız onların da sözünə böyük ehtiyac var, onlar da biganə qalmasınlar bu işə. Mən akademiyadakı çıxışımda bu məsələyə qısaca toxundum. Bu gün çərçivələri daha da açıram. Bu, ayrıca bir müsahibənin mövzusu ola bilər, çünki doğrudan da çox geniş mövzudur və sadəcə olaraq, biz hamımız vətəndaşları çağırmalıyıq ki, diqqətli olsunlar. Bu, sadəcə olaraq, belə demədim, elə dedim, deyil. Bunun çox dərin, necə deyərlər, layları var və dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”. Bu fikrində də Azərbaycan Respublikasının Prezidenti dilin saflığının qorunması üçün ayrı-ayrı elm və peşə sahiblərinin məsuliyyətini xatırlatmaqda haqlıdır. İlk növbədə, televiziya sahəsində çalışan jurnalistlərə çağırış edən ölkəmizin Lideri daha sonra ziyalılara, o cümlədən şair və yazıçılara üz tutur, onları dilimizin saflığının qorunmasında biganəlik göstərməməyə dəvət edirdi. Bunlarla bərabər, çap və elektron medianın dilin saflığının qorunmasında ikili rol oynadığı xatırladıldı. Təbii ki, ya elektron, yaxud çap mediası jarqonları populyarlaşdırmaqla dili zəiflədə bilər, ya da nümunə mətnlərdə standartlar müəyyən etməklə xüsusilə gənclərimizin leksikasında düzəlməz fəsadlarla iz buraxa bilər. Elektron media daha auditoriyasının verdiyi imkanlar hesabına sürətli rəy yaratmaq və yaxud daha geniş əhatə dairəsinə malik olmaqla, dilimizdə əsrlərcə formalaşan fonetik və ya şifahi ədəbi dilin normaları əsasında mövcud olan orfoepik qaydalar sisteminə əsaslı zərbələr vura bilər. Bunu nəzərdə tutan Prezident hamımızı xalqımızın varlığı ərzində yaratdığı söz xəzinəsinə həssas münasibətə çağırır. Bu, daha çox onunla bağlıdır ki, İlham Əliyev qloballaşmaqda davam edərək balacalaşan dünyanın hansı hədəflərə can atdığını əvvəlcədən görən azsaylı siyasətçilərdən biridir.  

Hamısını oxu