Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Unudulmayan faciə, sarsılmaz Xalq” adlı anım tədbiri keçirilib

19 yanvar 2026-cı il tarixində Qobu qəsəbə mədəniyyət müəssisələrinin birgə iştirakı ilə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan “Unudulmayan faciə, sarsılmaz Xalq” adlı anım tədbiri təşkil olunub. 

Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəmanlarımızın, eləcə də Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. Tədbirin əsas hissəsində 1990-cı ilin 20 Yanvar hadisələrinin tarixi, siyasi və mənəvi mahiyyətindən bəhs edən məruzə ilə çıxış olunub. Bildirilib ki, Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq iradəsini sarsıtmaq məqsədi daşısa da, əksinə, xalqımızın müstəqillik əzmini daha da möhkəmləndirib.

Sonra faciənin ağrısını və şəhidlərin qəhrəmanlığını əks etdirən xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” adlı şeiri səsləndirilib.

Çıxışlar zamanı əslən Qobu qəsəbəsindən olan 20 Yanvar şəhidi Xəlqan Yusif oğlu Əliyevin həyat və qəhrəmanlıq yolundan bəhs edilib. Qobu qəsəbəsinin Ağsaqqallar Şurasının üzvü, yazıçı-jurnalist Məmmədağa Ağarzaoğlunun “Candan Əziz” kitabında şəhid Xəlqan Əliyev və onun həyatı haqqında ətraflı məlumatın əks olunduğu vurğulanıb.

Tədbir zamanı Qanlı Yanvar hadisələrinin canlı şahidi və kitabın müəllifi olaraq Məmmədağa müəllimə söz verilib. O, çıxışında 20 Yanvar gecəsinin dəhşətli anlarını, xalqın göstərdiyi birlik və cəsarəti, şəhidlərimizin fədakarlığını, Tərlan və Xəlqan qardaşlarının qəhrəmanlıq tarixini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirin davamında Qobu qəsəbə Ağsaqqallar Şurasının sədr müavini, ehtiyatda olan polkovnik Ramiz Məmmədov çıxış edərək, şahidi olduğu tarixi faktlar, həmin dövrün ictimai-siyasi vəziyyəti və xalqın yaşadığı ağrılı günlər haqqında xatirələrini bölüşüb.

Sonda tədbir iştirakçıları üçün “Şəhidlərimizi Qürurla Anırıq” adlı kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib. Sərgidə 20 Yanvar şəhidlərinin xatirəsini əks etdirən nəşrlər, fotolar və materiallar nümayiş olunub.

2026-01-19 19:48:00
2234 baxış

Digər xəbərlər

Arye Qut: Bu, ermənilərin növbəti sərsəmləməsidir...

Xarici KİV-lərdə yayılmış məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin KİV-lərində də fəaliyyət göstərən bir erməni hərbi ekspert anonimlik şərti ilə bildirib ki, guya İsrail Təl-Əvivdə Ermənistan səfirliyinin açılması müqabilində Ermənistana mühüm hərbi sirlər verməyə razılaşıb. Modern.az xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut Ermənistan KİV-lərində də yayılmış bu təhrikçi informasiyanı şərh edib. Arye Qut qeyd edib ki, Ermənistan KİV-lərinin və Ermənistanın siyasi elitasının İsrail ilə Azərbaycan arasında ciddi qarşılıqlı münasibətlərə, o cümlədən bu iki ölkənin hərbi strateji əməkdaşlığına həmişə kin-küdurətlə və paxıllıqla yanaşması təəssüf doğurur. Arye Qut vurğulayıb: “Ermənilər bir faktı heç cür “həzm edə” bilmirlər ki, Cənubi Qafqazda İsrailin strateji tərəfdaşı olan Azərbaycan bu hərbi-strateji tərəfdaşlıq sayəsində postsovet məkanında heç bir başqa ölkənin malik olmadığı texnoloji üstünlüklər qazanır. Bu, bizim tərəfdaşlığımızın paxıllığını çəkənlərə real və həqiqi cavabdır. İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, bu iki dövlət arasında siyasi və hərbi-texniki tərəfdaşlıq ən yüksək etimada və daimi dialoqa əsaslanır. A.Qutun sözlərinə görə, bu gün İsrail-Azərbaycan tərəfdaşlığı şaxələnərək energetika, kənd təsərrüfatı, yüksək texnologiyalar sənayesi, səhiyyə, hərbi-texniki tərəfdaşlıq sahələrini əhatə edir. İsrailli ekspert vurğulayır:“Ermənilər həsəd apara bilər, təhrikçi hərəkətlər törədə, cəfəng xəbərlər yaya bilər, lakin bu gün tarixi fakt ondan ibarətdir ki, Azərbaycanın hərbi sənayesinin qurulmasında İsrailin müdafiə şirkətləri fəal iştirak ediblər və bu iştirak davam edir. Bu baxımdan erməni təhrikçilər bilməlidirlər ki, bizim strateji münasibətlərimizə həsəd aparmaq o qədər də yaxşı hərəkət deyil. Azərbaycan uğurlu geosiyasi və geoiqtisadi təşəbbüslər sayəsində regionun ən güclü geosiyasi aktoruna çevrilib, Cənubi Qafqaz kimi strateji regionda heç bir siyasi, iqtisadi məsələ və nəqliyyat məsələsi Azərbaycanın iştirakı və razılığı olmadan həll edilə bilməz. Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin 28 illik tarixi ərzində yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan dövlət arasında strateji münasibətlərin zəruri və həyat qabiliyyətli olması sübut edilib. Bizim dost ölkələr həqiqətən etibarlı strateji tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərir, biz tarixboyu heç vaxt bir-birimizə xəyanət etməmişik, həmişə bir yerdə, çiyin-çiyinə olmuşuq. Ermənistan KİV-lərində guya “İsrailin Təl-Əvivdə Ermənistan səfirliyinin açılması müqabilində Ermənistana mühüm hərbi sirlər verməyə razılaşması” barədə cəfəng provokasion xəbərlər yayması çox gülünc, məsuliyyətsiz, qeyri-ciddi və qeyri-adekvat təsir bağışlayır. Arye Qut soruşur: Doğrudanmı Yerevanda belə düşünürlər ki, İsrailin Müdafiə Nazirliyində və bu nazirliyin nəzarəti altında fəaliyyət göstərən hərbi şirkətlərdə uzaqgörməz, səfeh və məsuliyyətsiz adamlar oturub, onlar Təl-Əvivdə dilənçi kökündə və perspektivsiz Ermənistanın səfirliyinin açılması naminə mühüm hərbi sirləri verməyə hazır olacaqlar. Vəziyyətə daxildən yaxşı bələd olan bir adam kimi, bu təhrikçilərə demək istəyirəm: onu görməyəcəksiniz! Özü də bundan sonra Ermənistan İsrail ilə etimada əsaslanan münasibətlər qurmağa ümid bəsləyir. Təhrikçi erməni cənablara xatırlatmaq istəyirəm ki, İsrailin hərbi-sənaye kompleksi İsrail Müdafiə Nazirliyinin nəzarəti altında fəaliyyət göstərən yetərincə ciddi qurum və peşəkarlardan ibarət çox məsul komandadır. Ermənilərin yaydığı təhrikçi informasiyaya görə, “Azərbaycan cəbhə xəttində ermənilərə qarşı tədbir görə bilməyib, çünki ermənilər İsraildən alınmış informasiya əsasında profilaktik iş aparıblar”. Növbəti sərsəmləmədir... Görünür, rəsmi Yerevan unudur ki, bugünkü Azərbaycan Ordusu qüdrətli, ən müasir texnika və silahlar, ən yüksək döyüş hazırlığı, şəxsi heyətin intizamı və döyüş ruhu deməkdir. Qut qeyd edir ki, müasir müharibədə hansı tərəf döyüş əməliyyatlarını daha müasir yüksək texnoloji vasitələrlə təmin etmək imkanına malikdirsə, həmin tərəf qalib gəlir. İsrailli ekspert vurğulayıb: “2016-cı ilin Aprel əməliyyatı zamanı İsraildən alınmış pilotsuz zərbə qurğularının erməni işğalçılara qarşı səmərəli tətbiqini xatırlamaq kifayətdir və bu barədə çox danışmaq olar. Heç kəs unutmayıb ki, Azərbaycan Silahlı Qüvvələri 2016-cı il aprelin əvvəlində Ermənistanın hərbi provokasiyalarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan ordusuna sarsıdıcı zərbə endirdilər. Arye Qut yazır: “Bir neçə ay bundan əvvəl mən təmas xəttində oldum və atəşkəs rejiminin amanabənd olmasını real hiss etdim. Müasir, güclü və müstəqil Azərbaycan artıq XX əsrin 90-cı illərinin sonunda gördüyümüz ölkə deyil. Hər kəs çox yaxşı anlayır ki, üçüncü ölkənin dəstəyi olmasaydı, dilənçi kökündə olan Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi. Azərbaycanın səbri artıq tükənməkdədir. Rəsmi Bakı Ermənistana dəfələrlə xəbərdarlıq edib ki, Azərbaycan mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Lakin Ermənistanın hərbi və siyasi rəhbərliyinin sərsəm bəyanatları və İsrail ilə Azərbaycanın arasını vurmaq cəhdləri onu göstərir ki, ermənilər çox narahatdırlar, qorxuya və təşvişə düşüblər”. İsrailli ekspert vurğulayır: “2016-cı ilin Aprel hadisələri zamanı Azərbaycan Ordusunun sürətli əks-hücumundan sonra Ermənistan ordusunun müdafiə xətti sarsıdıldı, Azərbaycan Silahlı Qüvvələri strateji əhəmiyyətli bir neçə yüksəkliyi və yaşayış məntəqəsini öz nəzarəti altına qaytaranda biz Ermənistanda real antiisrail isteriyasının və antisemitizmin şahidi olduq. Erməni diasporu hətta İsraildə də Azərbaycan-İsrail tərəfdaşlığına qarşı etiraz nümayişləri keçirdi. İsrail ilə Azərbaycanın hərbi əməkdaşlığı məsələsinin Ermənistan tərəfindən tənqid edilməsinə gəldikdə, vurğulamalıyıq ki, Azərbaycanın və İsrailin dostlarını və tərəfdaşlarını yalnız bu ölkələr özləri seçir, hərbi-texniki sahədə strateji əməkdaşlığın və tərəfdaşlığın səviyyəsini özləri müəyyən edir”. Qutun sözlərinə görə, İsrail Dövləti Azərbaycanın ədalətli mövqeyini, onun ərazi bütövlüyünü fəal dəstəkləyir. Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut məqaləsinin sonunda yazır: “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı 28 ildən çoxdur ki, davam edir. Bu təcavüz nəticəsində Azərbaycanda 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın ədalətli mövqeyinin Yaxın Şərqdə İsrail Dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi Azərbaycan üçün çox zəruri və çox əhəmiyyətlidir”.

Hamısını oxu
Azərbaycanda veteranlar üçün nəzərdə tutulan güzəştlər – SİYAHI

Hazırda ölkə üzrə 14 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var. Dövlət Sosial Müdafiə Fondundan Bizim.Media-ya verilən məlumata görə, İkinci Dünya müharibəsi iştirakçıları aylıq pensiya və təqaüdlə təmin edilirlər.Pensiyalarının üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanaraq ödənilir. Həmçinin, hər il 9 May-Qələbə günündə Prezidentin sərəncamı ilə veteranlara, onların dul arvadlarına birdəfəlik yardım verilir.Bəs qanunvericilikdə veteranlar üçün daha hansı güzəştlər nəzərdə tutulub?Bizim.Media xəbər verir ki, veteranların hüquqları qanunvericilkə tənzimlənir.  Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi “Veteranlar haqqında” Qanun və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Qanuna görə veteranlar müharibə, əmək və Silahlı Qüvvələrin veteranlarına bölünür.Müharibə veteranlarına Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərlə yanaşı, İkinci dünya müharibəsi illərində Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak edənlər, 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular daxil edilir.Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranlara pensiyalar "Əmək pensiyaları haqqında" Qanun əsasında təyin edilir.Veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yaratmaq hüququna malikdirlər. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, veteranların əmək, sahibkarlıq və başqa ictimai faydalı fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir.  Bu Qanunla müəyyən edilmiş güzəştlərlə yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər. Bundan başqa, veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.Həmçinin, İkinci Dünya müharibəsi iştirakçıların və həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir.  İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar. Onlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman və müalicə vasitələri almaq üçün müavinət verilir. İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir və diş protezləri düzəltdirirlər. İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir. Müvafiq icra hakimiyyəti orqanları, müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz vəsaitləri hesabına veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər, müalicə olunmaqda, veteranların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda, mənzilləri təmir etdirməkdə, başqa ehtiyacları ödəməkdə veteranlara yardım göstərə bilərlər. Bundan ötrü müvafiq fondlar yaradıla bilər.  Müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edirlər. Veteranlara “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilir. Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır. Dövlət orqanları veteran təşkilatlarına xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq etməkdə hərtərəfli yardım göstərə bilərlər.Vəfat etmiş veteranlara mərasim xidməti qüvvədə olan qanunvericiliyə müvafiq surətdə göstərilir. Veteranın əvvəl işlədiyi əmək kollektivləri, hərbi komissarlıqlar vəfat etmiş veteranın dəfnində qohumlarına zəruri yardım göstərməlidirlər. Vəfat etmiş tənha veteranları müvafiq icra hakimiyyəti orqanları dövlət büdcəsinin vəsaiti hesabına dəfn edirlər.

Hamısını oxu
“Qərbi Azərbaycana qayıdış tarixi ədalətin və mənəvi bütövlüyümüzün təmini olacaq”

“Vaxtiylə erməni faşizmi tərəfindən dədə-baba yurdundan didərgin salınan soydaşlarımızın yenidən Qərbi Azərbaycana qayıdışı tarixi ədalət və xalqımızın mənəvi bütövlüyünün təmini baxımından zəruridir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alan fikirlər mühüm əhəmiyyətə malikdir: “Qərbi Azərbaycana qayıdış, yüz minlərlə haqqı pozulan soydaşlarımızın hüququnun illər, əsrlər sonra bərpa edilməsi hər zaman Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dövlət başçısı dəfələrlə Qərbi Azərbaycana qayıdışın vacibliyi ilə bağlı açıqlamalar verib, bu qayıdışın həm beynəlxalq hüquq, həm də tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də dövlət başçısının bu qayıdışı xalqımızın mənəvi bütövlüyünün təmini baxımından da vacib hesab etməsidir. Müzəffər Ali Komandan haqlı olaraq hesab edir ki, bu qayıdış xalqımızı öz mədəni irsini, tarixi yaddaşını bərpa etməyə, mənən və ruhən bütövləşməyə kömək edəcək. Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdış məsələsi öz aktuallığını əhəmiyyətli dərəcədə artırıb. Vətən müharibəsi nəticəsində erməni faşizmini darmadağın edərək ərazi bütövlüyünü təmin edən Azərbaycanın qarşısında dayanan iki mühüm hədəf var ki, bunlardan biri işğaldan azad edilən ərazilərdə həyatı dirçəltmək, bu coğrafiyanı bütün regionun əsas iqtisadi güc mərkəzlərindən birinə çevirməkdir. Hansı ki, dövlətimiz Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında bu istiqamətdə heyrətamiz layihələr həyata keçirməkdədir.  Digər bir məqsəd isə Qərbi Azərbaycana qayıdışı təmin etmək, bu ərazilərdə silinən tarixi irsimizi bərpa etməkdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Qərbi Azərbaycandan didərgin salınan vətəndaşların tarxi yurduna qayıdışını təmin edəcək və bu məqsədinə sülh yolu ilə nail olacaq. Prezidentin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bu məsələyə bir daha diqqət çəkməsi dövlətimiz üçün bu məqsədin bundan sonra da öz prioritetliyini qoruyub saxlayacağını  göstərir”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında “Qələbə”saytının müzakirəsi keçirilmişdir

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov, Rəyasət heyətinin üzvləri, ziyalılar, veteranlar “Qələbə”saytının təqdimat mərasimində iştirak etmişdir. Müzakirə mövzusu olan “Qələbə” saytı Azərbaycanda Böyük Vətən Müharibəsində itkin düşmüş və həlak olmuş şəxslərin axtarışı məqsədilə yaxın günlərdə istifadəyə veriləcəkdir. Qeyd edək ki, saytın baş redaktoru və təsisçisi Azərbaycan kinorejissoru, ssenari müəllifi, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun mudiri Cəmil Quliyevdir.          Təqdimat mərasimində Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov, sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış etmiş, ölkəmiz üçün yeni olan bu layihənin perspektivlərindən danışmışlar. Böyük Vətən Müharibəsinin azərbaycanlı iştirakçılarının axtarılması, onların adlarının əbədiləşdirilməsi Azərbaycan xalqının öz tarixinə və hər bir vətəndaşına sahib çıxmasının əyani sübütu olduğunu söyləmişlər.          Çıxış edən Cəmil Quliyev tariximizin böyük bir qismini özündə əks etdirəcək saytın tərtibatında orada yer alacaq bölmələr haqqında məlumat vermişdir. Eyni zamanda veteran və ziyalıların təklifləri  dinlənilmişdir.          Qeyd edək ki, ictimaiyyətin ixtiyarına veriləcək sayt gələcəkdə azərbaycanlıların iştirak etdiyi II Dünya müharibəsindən başqa digər müharibələrdə də itkin düşmüş və həlak olmuş şəxslər haqqında məlumatlar zənginləşdiriləcəkdir.          Sonda saytın tərtibatı və informasiya bazasının qurulması haqqında yekun fikrə gəlinmiş, saytın yaxın günlərdə istifadəyə verilməsi üçün Respublika Veteranlar Təşkilatının bu layihəyə yaxından köməklik göstərəcəyi və əməkdaşlıq edəcəyi bildirilmişdir.

Hamısını oxu