Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədir.

Fevralın 18-də dövlətimizin başçısı Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) icraçı direktoru Elliot Brandt və digər rəhbər heyəti ilə görüşüb.

Söhbət zamanı Amerika İsrail İctimai Əlaqələr Komitəsinin nümayəndə heyətinin ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlandı.

Azərbaycanda bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşadıqlarını, bunun dünya üçün nümunə olduğunu deyən Elliot Brandt ölkəmizdə yəhudi icmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin əsrlər boyu harmoniya şəraitində yaşadıqlarını vurğuladı, tolerant mühitin ölkəmiz üçün tarixən həyat tərzi olduğunu dedi.

Görüşdə Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq prosesinə qlobal səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirildi.

Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ əlaqələrinə toxunuldu, Donald Trampın hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi vurğulandı.

Bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə uğurlu səfərinə və “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının əhəmiyyətinə toxunuldu. Bu Xartiyada ölkələrimiz arasında ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, süni intellekt və rəqəmsal transformasiya məsələlərinin də prioritet istiqamətlər kimi müəyyən edildiyi qeyd olundu.

Amerika İsrail İctimai Əlaqələr Komitəsinin Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin dərinləşdirilməsində rolu vurğulandı.

Görüşdə ölkəmizlə bu təşkilat arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

2026-02-19 11:37:00
1940 baxış

Digər xəbərlər

“Şəhid ailələri, əlil və qazilərə qayğı baxımından dünyada Azəbaycanla müqayisə olunacaq dövlət yoxdur”

Tamam Cəfərova: “Onlar bundan sonra da dövlətimizin diqqət mərkəzində olacaq”   Azərbaycanda müharibə əlillərinə, qazi və şəhid ailələrinə dövlət qayğısının ciddi bir ənənəyə çevrildiyi, sadəcə qanunvericilik bazasında – hüquqi müstəvidə deyil, həm də xalqımızın mənəvi dəyərlər sistemində, şüur və düşüncəsində özünə mühüm yer tutduğu birmənalıdır. Avqustun 26-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzil və avtomobillərin təqdim edilməsi mərasimində iştirakı bunu bir daha sübut etdi.  Moderator.az olaraq millət vəkili Tamam Cəfərova ilə söhbətimizdə bu istiqamətdə atılan addımları şərh etməyə, bu sahədə görülən işlərin miqyas və mahiyyətinə toxunmağa çalışdıq.   -Tamam xanım, ölkəmizdə hər zaman şəhid ailələrinə, müharibə əlilllərinə və qazilərinə dövlətimiz tərəfindən sistemli diqqət və qayğının göstərildiyi göz önündədir. Maraqlıdır, bəs rəqmlər bu haqda nə deyir?   -Qeyd etdiyiniz kimi, şəhid ailələrinə, əlillərə, qazilərə qayğı dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. Bunun dövlət siyasətimizdəki rol və əhəmiyyətini anlamaq üçün bugünə qədər bu sahədə həyata keçirilən layihələrə, görülən işlərə nəzər salmaq kifayətdir.  Söhbət statistikadan gedirsə, rəqəmlər bu sahədə görülən işləri daha dəqiq və təfsilatı ilə əks etdirir. Baxın, 2021-ci il 26 avqust tarixində şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin edilib.  Bundan başqa, müharibə əlillərinin, qazilərin məşğulluğunun həlli istiqamətində də mühüm addımlar atılıb. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqısı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilib. Bütün bu rəqəmlər dövlətimizin öz qazisinə, müharibə əlilinə, şəhidinə verdiyi diqqət və qayğının göstəricisidir. Və mən sizi əmin edirəm ki, bu rəqəmlərə dünyanın heç bir ölkəsində rast gələ bilməzsiniz. Bu məsələdə Azərbaycanla müqayisə oluna biləcək heç bir dövlət yoxdur. Bu isə heç şübhəsiz Prezident İlham Əliyev başda olmaqla dövlətimizin, xalqımızın uğurudur.   -Tamam xanım, müharibə əlillərinə yardım, onların sosial rifahının daha da yaxşılaşdırılması da dövləin hər zaman diqqətdə saxladığı məsələlərdəndir. Bu sahədə vəziyyəti necə xarakterizə edərdiniz?   -Dövlətimiz şəhid ailələri kimi müharibə əlillərinə də daim qayğı göstərir, onların hər bir probleminin çevik şəkildə həllini təmin edir. 44 günlük Vətən müharibəsində sağlamlığını itirən hərbçilərimizin müalicəsinin yüksək səviyyədə təmin olunması, onların lazım olduğu təqdirdə öz müalicələrini xarici ölkələrdə davam etdirməsi istqiamətində post-müharibə dönəmində böyük işlər görülüb. Rəqəmlərə nəzər salsanız görərsiniz ki, müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla hər insana 2 ödəniş edilib. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir. Onlar üçün son nəsil protezlər alınıb. 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır.   Bundan başqa, Vətən müharibəsində xəsarət alan hərbçilərimizin müalicəsini sistemli və koordinasiyalı şəkildə həyata keçirmək üçün YAŞAT Fondu yaradılıb ki, bu Fond çox uğurla fəaliyyət göstərməkdədir. Məhz bu Fondun dəstəyi ilə xeyli sayda yaralı hərbçimiz Türkiyə və dünyanın digər ölkələrində əməliyyat olunub, müasir protezlərlə təmin edilib. Qeyd olunan faktlar Azərbaycanda müharibə əlillərinə olan qayğının əmin bir siyasətdən qaynaqlandığını göstərir və təbii ki, bu da  hər bir vətəndaşda məmnunuq doğurur.   -Prezident İlham Əliyev dəfələrə qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı bundan sonra da davam etdiriləcək, onlar cəmiyyətin ən dəyərli vətəndaşları kimi daim dövlətin diqqət mərkəzində olacaqlar. Bu baxımdan yaxın gələcəklə bağlı bu kateqoriyadan olan vətəndaşlarımızla bağlı hansı addımların atılması planlaşdırılır?   -1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Bu rəqəmin özü də dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısından xəbər verir. Bir məqamı da qeyd edim ki, bütün bu işlər dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük tikinti-quruculuq işləri ilə eyni vaxtda həyata keçirilir.   Onu da qeyd edim ki, cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub.  Bütün şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin edilməsi, qazilərimizin, əlillərimizin sosial problemlərinin yüksək səviyyədə həlli bundan sonra da dövlətimizin diqqət mərkəzində saxladığı əsas məsələ olacaq.   -Tamam xanım, müharibədə öz qəhrəmanlığı, şücaəti ilə fərqlənən hərbçilərimizlə bağlı hansı addımların atılması nəzərdə tutulur?   -Məlum olduğu kimi, Vətən Müharibəsi Qəhrəmanı adını alan, habelə müharibədə qəhrəmanlıq göstərən, xüsusi şücaət sərgiləyən hər bir şəxs dövlətimiz tərəfindən mənzillə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülən şəhidlərimiz də mənzillə təmin olunacaq.  Bundan başqa, həmin şəxslərin adının əbədiləşdirilməsi, göstərdikləri qəhrmanlıqların gənclər arasında təbliği, onların döyüş yolunun tanıdılması və s. kimi addımlar da atılacaq ki, bu da həm qəhrəmanlarımızın xatirəsinin daim yad edilməsi, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından son dərəcə vacibdir.   Mən şəhid ailələrinə, qazilərimizə, əlillərimizə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, o cümlədən  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Onların qazilərimizə, şəhid ailələrini olan münasibəti hər birimiz üçün örnəkdir və əsrlər sonra da əsl vətənpərvərlik nümunəsi kimi ehtiram hissi ilə xatırlanacaqdır.   Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ziyarət olunub

Mayın 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ziyarət olunub. Azərtac xəbər verir ki, təşkilatın rəhbəri Fatma Səttarova ilə görüşən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov veteranları faşizm üzərində Qələbə günü münasibətilə təbrik edərək, Fövqəladə Hallar Nazirliyi adından əklil və bayram sovqatı təqdim edib. Baş idarə rəisi tarixi Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsindən, milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasından, veteranların döyüşlərdə, həmçinin arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrindən danışıb. General-mayor xüsusi vurğulayıb ki, artıq ikinci ildir bu bayramı 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Ermənistan üzərində qazanılmış parlaq Zəfərin yaratdığı sonsuz sevinc və qürur hissi ilə qarşılayırıq. Bildirib ki, dövlətçiliyimizin ən şərəfli səhifəsi olan tarixi Zəfərlə Azərbaycan Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz bərpa olunub. N.Zamanov veteranlarımızın bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etməsini, gənclərin orduya hazırlanmasında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun daim yüksək saxlanılmasında səylərini əsirgəməməsini qeyd edib, şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlığı və şücaətini gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi adlandırıb. Görüşdə İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova zəngin və şərəfli tarixə malik Azərbaycan xalqının İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında böyük xidmətlərini vurğulayıb, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən qəhrəmanlıq salnaməmizə imzalarını atmış ön və arxa cəbhə veteranlarına, onların ailələrinə daim yüksək diqqət, qayğı göstərildiyini bildirib.  

Hamısını oxu
II Dünya Müharibəsində Azərbaycanın rolu

Hamısını oxu
Veteranlarımız gənclərin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılmasına xüsusi diqqət göstərirlər

Xocalı soyqırımının 27-cı ildönümü ilə əlaqədar fevralın 25-də Respublika Veteranlar Təşkilatında veteranların, ziyalıların, gənclərin iştirakı ilə anım tədbiri keçirilib.  Təşkilatın inzibati binasında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məruzə ilə çıxış edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə lazımi qiymətin verilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyət uğurlu nəticələrini verir. Cəlil Xəlilov: “Prezident İlham Əliyev Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etmək tapşırılıb. Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.  Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən, dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda, Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.  Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Çünki Xocalı Xankəndidən 12 km şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi. Xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı (ərazisi: 926 kv.km.) ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. 1992-ci ilin fevralında erməni silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən, soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi.  Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində - 8 ailə tamamilə məhv edilmişdir; - 56 insan işgəncə ilə öldürülmüşdür; - 27 ailənin yalnız 1 üzvü qalmışdır; - 25 uşaq hər iki valideynini itirmişdir; - 130 uşaq valideynlərindən birini itirmişdir; - 230 ailə öz başçısını itirmişdir; - 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır); - 1275 insan əsir götürülmüşdür; - 1165 insan girovluqdan azad edilmişdir; - 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir. Bunun nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və faciəyə hüquqi-siyasi qiymət verilməsi ilə bağlı ilk əməli təşəbbüs 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmişdir. Eyni zamanda ümummilli lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında“ 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, filmlər nümayiş etdirilib, Xocalı mövzusu müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib, bununla bağlı internet saytları yaradılıb. Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi atılan mühüm addımlardandır. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radiolarda verilişlər hazırlanır. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ hüquqi qiymət verilməyib. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu torpaqlarımızın bir qismini işğaldan azad edib, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazi nəzarətimizə keçib. Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz vardır. Mövcud status-kvo qəbuledilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır”. Tədbirdə çıxış edən digər şəxslər də Xocalı soyqırımının bəşəriyyət tarixində ən böyük faciələrdən biri olduğunu söyləyib, ermənilərin Xocalıda törətdikləri dəhşətli vəhşiliklərdən və qanlı cinayətlərdən danışıblar. Natiqlər Xocalı soyqırımına dünya ölkələri tərəfindən lazımi qiymətin verilməsi, beynəlxalq ictimaiyyətin faciə barədə daha geniş məlumatlandırılması işində hər bir azərbaycanlının fəal iştirakının vacibliyini qeyd ediblər. Ermənilərin törətdikləri bu faciənin heç zaman unudulmayacağı tədbirdə xüsusi vurğulanıb. Çıxışlarda Xocalının və işğal altındakı digər torpaqlarımızın azad ediləcəyinə, hərbi, iqtisadi, siyasi cəhətdən güclü dövlət olan Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin olunacağına qəti inam ifadə edilib.

Hamısını oxu