Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.

Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb. Onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi avtomat “Kalaşnikov”la, “Molotov” kokteyli və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında, təqribən 40 dəqiqəyə qədər davam edirdi. Bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmayıb. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi. Bu dəfə də cavab eyni olacaq. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.

Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi.

Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər.

Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək.

2026-03-05 18:03:00
3606 baxış

Digər xəbərlər

Ucar rayonunda 27 sentyabr Milli Anım Günü geniş şəkildə qeyd edilib

Veteran.gov.az xəbər verir ki, 27 sentyabr Milli Anım Günü bütün ölkə ərazisində olduğu kimi Ucar rayonunda da qeyd edilib. Ucar rayon ictimaiyyəti Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə ehtiram əlaməti olaraq Fəxri Xiyabanda şəhidlərimizin məzarlarını ziyarət edib.   Tədbirdə Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub.   Şəhidlərimizin xatirəsi bir dəqqiqəlik sükutla yad edilib.   Daha sonra Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov şəhid ailələrinin üzvləri il söhbət etmiş, onların qayğı və problemləri ilə maraqlanmışdır. Şəhid ailələrinin üzvləri və qazilər diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildiriblər.   Milli Anım Günü çərçivəsində Ucar rayonunda habelə agacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında müxtəlif növ ağaclar əkilib.   Allahdan şəhidlərimizə rəhmət və ailələrinə səbr diləyirik.  

Hamısını oxu
Prezident İlham Əliyev Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verib

Moskva, 8 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. Müxbir: Siz bu günlərdə Amerikanın Azərbaycana qarşı sanksiyaları ilə bağlı çox açıq danışdınız. Məlum olduğu kimi, indi Rusiya minlərlə sanksiyanın təzyiqi altında yaşayır. Sizcə, sanksiyalar siyasətinin prinsipcə hər hansı perspektivləri varmı? Prezident İlham Əliyev: Onun, ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur, xüsusilə də bu sanksiyalar qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə. Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik. Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil.

Hamısını oxu
Nizami Rayonunda Zəfər Günü qeyd edilib

Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Nizami rayonunda   4 saylı Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Zəfər Gününə həsr olunmuş  tədbir keçirilib. 5 noyabr 2022-ci il tarixində keçirilən tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırliğı şöbəsinin müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  liseyin direktoru Mahir Namazov, direktor müavini Vüsal Balakişiyev, şəhid anası Kəmalə Fəxri, qazilər Arzuman Vəliyev, Vasif Zeynalov, Mehdi Əhmədov və digər qonaqlar iştirak ediblər. İlk öncə  Dövlət Himni səslənib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Liseyin direktoru Mahir Namazov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Çıxış üçün söz Adil Haqverdiyevə verildi. Adil Haqverdiyev ilk öncə Respublika Veteranlar Təşkilatının rəisi  Fatma xanım Səttarovanın və müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilovun salam və təbriklərini tədbir iştirakçılarına çatdırıb: “Bu gün biz dünya azərbaycanlılarının  qürur və fəxirlə qeyd etdikləri unudulmaz bir gunun, Zəfər Gününün  qeyd olunmasına toplaşmışıq. Bu unudulmaz günü bizə bəxş edən ordumuza, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Onlar nəinki, torpaqlarımızı, qürurumuzu mənliyimizi qaytardılar. İndi  başımız dik, alnımız açıq gəzirik. Ölkəmizin hüdudlarından kənarda  fəxrlə söyləyirik “mən azərbaycanlıyam”. Mən ehtiyatda olan bir zabit, bir vətəndaş kimi olkəmizə atılan iftiralara, qərəzli fikirlərə Prezident İlham Əliyevin tutarlı cavablarını izləyirəm. O, hər zaman çıxşlarında söyləyir ki, bizim tutduğumuz yol ədalətlidir. Bizim heç kəsin torpağında gözümüz yaxdur. Əgər düşmən üzərinə düşən öhtəliyi yerinə yetirməsə, dəmir yumruq işə düşəcək. Mən bir daha Allahdan şəhidlərimizə rəhmət,qazi və veteranlarımıza cansağlığı diləyirəm”. Çıxış edənlərdən direktor müavini Vüsal Balakişiyev 44 gün ərzində ordumuzun göstərdikləri qəhrəmanlıqlardan danışıb. Şəhid anası Kəmalə Fəxri bildirib ki, şəhidlər bir ailənin, bir nəslin yox, bütün Azərbaycanın övladlarıdır: “Mən əminəm ki, şəhidlərimiz qədirbilən  xalqımızın daim qəlbində yaşayacaq. Mən bütün şəhid valideynlərinə Allahdan səbir diləyirəm”. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
“Türkiyə Silahlı Qüvvələri ilə birlikdə həyata keçirilən “Qardaş briqada” layihəsi son dərəcə əhəmiyyətlidir”

Nəsib Məhəməliyev: “Bu layihə “Bir millət, iki dövlət” prinsipini özündə tam əks etdirir”   Xəbər verdiyimiz kimi, Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla “Qardaş briqada” layihəsinə strat verdiyini bildirib.   Türkiyə ilə hərbi əməkdaşlığın bu şəkildə inkişafı Azərbaycan ordusunun yaxın gələcəyinə nə vəd edir? Türkiyə ilə hərbi əməkdaşlıq Azərbaycanın regiondakı şəriksiz hərbi üstünlüyünü qorumaq baxımından nə dərəcədə önəmlidir?   Veteran.gov.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev Türkiyə ilə hərbi əməkdaşlığın mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:   “Türkiyə Müdafiə Nazirliyinin “Qardaş briqada” layihəsinin məqsədi, Azərbaycanla birlikdə qarşılıqlı fəaliyyəti, döyüş təlimlərinin planlaşdırılması və idarəetmənin uyğunlaşdırılması ilə bağlıdır.  Bildiyiniz kimi, cari ilin iyun ayının 15-də Azərbaycan və Türkiyənin Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında tarixi “Şuşa Bəyannaməsi” imzalandı. Həmin bəyannamənin əsas müddəalarından birində hərbi sahədə əməkdaşlıq, müttəfiqlik, Azərbaycan Silahlı Qüvvələrinin Türk Ordusuna uyğunlaşdırılması məsələsi nəzərdə tutulur. Tərəflərdən hər birinin ərazi bütövlüyünə, suverenliyinə təhdid yarandıqda vahid mövqedən çıxış etmə öhdəliyi götürülür. Yaşadığımız Cənubi Qafqaz regionu müasir geosiyasi baxımdan maraqların toqquşduğu, mürəkkəb bölgə hesab olunur. Eyni zamanda, dövlət siyasətini tarixi türk-Azərbaycan düşmənçiliyi üzərində qurmuş, xəstə təxəyyüllü Ermənistan kimi işğalçı qonşunun olması, hər an stabil, güclü döyüş qabiliyyətinə malik ordunun olmasını şərtləndirir. Onu da etiraf etmək lazımdır ki, son illər dünyada beynəlxalq hüququn deqradasiyası baş verir, bir çox qərarların qəbulunda ikili standartların tətbiqi, sivilizasiyalar arası, təbii sərvətlər uğrunda gərgin mübarizə gedir. Nəticə olaraq, bir çox ölkələrdə, əsasən müsəlman ölkələrində müharibələr, dağıntılar baş verir. Milyonlarla insan öz yurdlarından qaçmaq məcburiyyətində qalırlar. Belə faciələrin olmaması üçün ilk növbədə daxili sabitliyin qorunması, milli birliyin, iqtisadi inkişafın təmin olunması, ən müasir silahlarla təchiz olunmuş güclü ordunun olması əsas şərtdir. Vətən müharibəsi bir daha göstərdi ki, bütün bunlar olmadan böyük Qələbədən danışmaq mümkün deyil. Mürəkkəb geosiyasi şəraitdə, 200 il ərzində itirdiklərimizi cəmi 44 gün ərzində işğaldan azad etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər bunu bir daha təsdiq etdi.   Bugünkü reallıq ondan ibarətdir ki, Ermənistan müharibədə acı məğlubiyyətə uğramasına baxmayaraq, sülh müqaviləsini imzalamağa tələsmir və regionda gərginliyin saxlanılmasında maraqlı qüvvələr də öz ənənəvi siyasətlərini davam etdirməkdədirlər. Belə olan halda, hər zaman Silahlı Qüvvələrin daha da təkmilləşdirilməsi, operativ döyüş qabiliyyətinin, taktiki və fiziki hazırlın artırılması, beynəlxalq şəraitə və şərtlərə uyğun innovativ təcrübələrin sınaqdan keçirilməsi olduqca vacib məsələlərdəndir. Bu baxımdan qardaş Türkiyə Silahlı Qüvvələri ilə birlikdə həyata keçirilən “Qardaş briqada” layihəsi son dərəcə əhəmiyyətlidir və “Bir millət, iki dövlət” prinsipini özündə tam əks etdirir”.   Seymur ƏLİYEV  

Hamısını oxu