Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov Qubada veteranlarla görüş keçirib

Ruslan Bədirov Quba Rayon Veteranlar Təşkilatına sədr seçilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 18 mart 2026-cı il tarixində Qubada veteranlarla görüş keçirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Quba Rayon Şöbəsində baş tutan görüşdə çıxış edən polkovnik Cəlil Xəlilov, veteranların Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsindəki tarixi xidmətlərinə diqqət çəkib, şəhidlərimizin, eləcə də veteranların qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulayıb.

Veteranları maraqlandıran suallara cavab verən polkovnik Cəlil Xəlilov, müharibə dönəmində olduğu kimi, sülh dövründə də hamının, eləcə də veteranların dövlətimizin, onun başçısının ətrafında sıx birləşməsinin vacib olduğunu vurğulayıb.

Görüşdə çıxış edən SHXÇDX-nin Quba Rayon Şöbəsinin rəisi polkovnik Yasin Aşurov torpaqlarımızın erməni işğalından azad edilməsində şəhidlərin və veteranların sərgilədiyi fədakarlığı yüksək qiymətləndirib, 8 Noyabr zəfərinin xalqımızın qəhrəmanlıq tarixində müstəsna yer tutduğunu vurğulayıb. Polkovnik qeyd edib ki, şəhid ailələrinə və veteranlara göstərilən diqqət və qayğı Azərbaycan dövlətinin vətən müdafiəçilərinə olan sevgi və ehtiramının göstəricisidir.

Tədbirin sonunda 44 günlük Vətən müharibəsi iştirakçısı Ruslan Bədirov yekdilliklə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Təşkilatının sədri seçilib. Polkovnik Cəlil Xəlilov Ruslan Bədirova yeni vəzifəsində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib.

 Seymur ƏLİYEV

 

2026-03-20 09:34:00
2125 baxış

Digər xəbərlər

Fatma Səttarova İkinci Fəxri Xiyabanda dəfn olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın vəfatı ilə əlaqədar ailəsinə başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilmiş Fatma Səttarovanın vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.  Fatma Səttarova Vətənə sədaqətlə xidmət edərək, gənclərə və gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçmişdir. Bu ağır anlarda dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”. Fatma Səttarova 2024-cü il sentyabrın 14-də İkinci Fəxri Xiyabanda dəfn edilib. Dəfn mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər qurumların məsul şəxsləri, veteranlar, ictimaiyyət nümayəndələri iştirak edib. Dəfn mərasimində çıxış edənlər bildirib ki, Fatma Səttarova nümunəvi həyat yolu keçib, daim istiqlal ideallarını tərənnüm edib. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş müstəqil Azərbaycan Respublikasında yaşamaq və yaratmaq onun ən böyük arzusu və qisməti olub. Dəfn mərasimində Fatma Səttarovanın ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya göstərilən yüksək diqqətə və qayğıya görə dərin təşəkkür edib. Allah rəhmət eləsin!

Hamısını oxu
"Fatma Səttarovanın xatirəsi qəlbimizdə daim yaşayacaq"

Azərbaycanın məşhur mühafizə şirkəti olan “SECURİTY OPERATİON SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti Fatma Səttarovanın vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib. Qurumdan "AzPolitika"ya daxil olan başsağlığında deyilir: “Görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova 2024-cü il sentyabr ayının 14-də ömrünün 102 ilində vəfat etmişdir. Fatma Səttarova 1922-ci ildə Bakıda dünyaya gəlib. Ailənin tək övladı olsa da, müharibənin başlandığı ilk aylarda 1941-ci ildə 18 yaşında İkinci Dünya Müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. O, 1940-cı ildə Bakıda Tibb Texnikumundan məzun olub və 1941-ci ilin yanvarında ailə həyatı qurub. Ailə qurduqdan beş ay sonra onun həyatı tamamilə dəyişib, iyunun 22-də Almaniya Sovet İttifaqına hücum edib və Fatma xanım şəfqət bacısı kimi cəbhəyə gedib. Fatma Səttarova müharibə dövründə 1941–1942-ci illərdə Moskva uğrunda döyüşdə iştirak edib. Tibb bacısı kimi borcunu yerinə yetirən Fatma Səttarova cəbhə yollarında çoxlu sayda yaralıların həyatını xilas edib. O vaxt Moskva ətrafında döyüş meydanında onun özünü də yerin altından çıxardıblar. O, səngərdə olarkən tanklar onun üstündən keçib. Fatma Səttarova müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etməklə, onun tanıdılmasında əməyini və gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində biliyini əsirgəməyib. Tez-tez cəbhə bölgələrində olub, əsgərlərlə görüşən Fatma Səttarova Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin yanvar ayının 25-də İkinci Dünya Müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib. O, bu ilin fevralında keçirilən prezident seçkilərində seçki məntəqəsinə gedərək səs vermişdi. Qeyd edək ki, “İstiqlal” ordenli Fatma Səttarova, həm də Prezident təqaüdçüsü idi. “SECURİTY OPERATİON SERVİCES” MMC-də çalışan çox saylı birinci və ikinci Qarabağ müharibəsi veteranları ilə hər zaman əməkdaşlıq edən, onlara öz məsləhət və tövsiyələrini verən görkəmli ictimai xadim, səmimi insan Fatma Hüseyn qızı Səttarovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Bu ağır anlarda dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə “SOS” MMC-nin kollektivi adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!” Onu da qeyd edək ki, “Security Operation Services” Məhdud məsuliyyətli cəmiyyətinin rəhbərliyi və bir qrup Qarabağ müharibəsi veteranı əməkdaşı Fatma Səttarovanın dəfn mərasimində iştirak edərək mərhumun məzarı üzərinə əkili qoyub, ruhuna dualar oxutdurub.

Hamısını oxu
Belarus konsulu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olub

Veteran.gov.az xəbər verir ki, bu gün Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi, konsul Aleksandr Arxipov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüşdə Azərbaycan və Belarus xalqlarının faşizmə qarşı apardığı tarixi mübarizədən bəhs olunub,  bu mübarizənin ümumbəşəri əhəmiyyəti vurğulanıb. Belarus konsulu Təşkilata İkinci Dünya müharibəsi dönəmində Belarusun azadlığı uğrunda döyüşən və bu gün də həyatda olan soydaşlarımıza gətirdikləri hədiyyələri təqdim edib. Görüşdə ikitərəfli əmədkaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında birgə tədbirlər planı imzalanıb

Bu gün gənclər və idman nazirinin müavini İntiqam Babayev Respubika Veteranlar Təşkilatında olub, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov və kollektivlə görüşüb.   Tədbiri giriş sözü ilə açan polkovnik Cəlil Xəlilov Gənclər və İdman Nazirliyinin hər zaman Respubika Veteranlar Təşkilatının fəaliyyətinə təkan verdiyini, təşkilatın vətənpərvərliklə bağlı layihələri dəstəklədiyini bildirib. Erməni faşizminə qarşı mübarizə aparan və qalibiyyətli müharibədən yeni çıxan dövlət kimi bu cür layihələrin ölkəmiz üçün mühüm önəm kəsb etdiyini bildirən Cəlil Xəlilov, gənclər və idman nazirinin müavini İntiqam Babayevin təşkilata bu səfərinin də iki qurum arasındakı əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.   Daha sonra Respublika Veteranlar Təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında birgə tədbirlər planı imzalanıb.   İmzalanma mərasimindən sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizədən söz açıb, xalqımızın göstərdiyi qəhrəmanlıqlardan danışıb. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdiyini vurğulayan Fatma Səttarova, bu qəhrəmanlığın gələcək nəsillərə də örnək olduğunu bildirib.   Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə veteranların vətən və xalq qarşısındakı tarixi xidmətlərinə toxunub, bu xidmətlərin keçmişimiz və gələcəyimiz baxımından önəmini şərh edib. Azərbaycan xalqının istər XX əsrin ortalarında faşizmə, istərsə də XX əsrin sonu, XXI əsrin əvvəllərində erməni işğalçılarına qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını bildirən İntiqam Babayev, vətən uğrunda döyüşən hər kəsin xidmətinin əvəzsiz olduğunu qeyd edib . İntiqam Babayev bildirib ki, vətənimizin azadlığı, onun sərhədlərinin toxunulmazlığı uğrunda döyüşən insanların vəhdətindən ibarət olan veteranlar təşkilatı cəmiyyətimiz üçün ruh və mənəvi qida rolunu oynayır.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu