Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Aprel zəfəri – gücün, iradənin və Ali Baş Komandan amilinin təntənəsi

Yeni əsrin başlanğıcında Azərbaycan xalqı taleyüklü seçim qarşısında idi. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyi ilə hakimiyyətə gələn İlham Əliyev qısa müddətdə özünü uzaqgörən, prinsipial və qətiyyətli lider kimi təsdiq etdi. Bu seçim təsadüfi deyil, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kursa sadiqliyin, dövlətçilik ənənələrinə inamın və gələcəyə hesablanmış strateji baxışın təntənəsi idi.

Aradan keçən iyirmi ildən artıq müddət göstərdi ki, Azərbaycan xalqı öz seçimində yanılmayıb. Prezident, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yalnız regionun deyil, dünyanın söz sahibi olan dövlətlərindən birinə çevrildi. Bu illər ərzində Azərbaycan həm siyasi sabitlik, həm iqtisadi inkişaf, həm də hərbi güc baxımından mühüm və davamlı nailiyyətlər əldə etdi. Dövlət müstəqilliyimiz daha da möhkəmləndi, milli maraqlarımız qətiyyətlə qorundu, xalq–iqtidar birliyi isə sarsılmaz dayağa çevrildi.

Ulu Öndərin ideyalarının işığında Azərbaycan sanki əsrə bərabər yol keçdi. 1994-cü ildə imzalanan Əsrin müqaviləsi ilə əsası qoyulan enerji strategiyası bu gün də uğurla davam etdirilir. Bu strateji kurs nəticəsində Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kimi qlobal əhəmiyyətli layihələr həyata keçirilmiş, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi nəhəng enerji arteriyaları Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamışdır. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, həm də etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi tanınmaqdadır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi ölkəmizi beynəlxalq logistika mərkəzinə çevirmişdir. Bu gün Azərbaycan coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirərək qlobal ticarət xəritəsində strateji mövqe tutur.

Azərbaycanın inkişafı yalnız iqtisadi sahə ilə məhdudlaşmadı. Ölkəmiz kosmik sənayedə də mühüm addımlar ataraq “kosmik dövlətlər” klubuna daxil oldu. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərinin orbitə buraxılması Azərbaycanın elmi-texnoloji potensialının göstəricisinə çevrildi.

Prezident İlham Əliyevin, həm də Ali Baş Komandan kimi həyata keçirdiyi müstəqil və çoxşaxəli siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sadiqliyini qoruyaraq, suverenlik və ərazi bütövlüyü məsələsində qəti mövqe nümayiş etdirdi. Məhz bu prinsipial siyasətin nəticəsi olaraq ölkəmiz BMT Təhlükəsizlik Şurası kimi mötəbər platformada təmsil olundu, Qoşulmama Hərəkatı çərçivəsində uğurlu sədrliyə imza atdı.

Lakin Azərbaycanın müasir tarixində ən parlaq səhifə heç şübhəsiz ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində tarixi ədaləti bərpa etdi, işğal altında olan torpaqlarımız azad edildi. Ali Baş Komandanın qətiyyətli iradəsi, düzgün müəyyənləşdirilmiş hərbi strategiyası və yüksək idarəetmə bacarığı bu möhtəşəm Qələbənin əsasını təşkil etdi. Bu zəfər yalnız hərbi gücün deyil, həm də diplomatik ustalığın, strateji düşüncənin və milli birliyin nəticəsi idi.

Bu şanlı zəfərin davamı kimi 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın suverenliyi tam təmin olundu. Dövlətimizin gücü və siyasi iradəsi sayəsində Qarabağ münaqişəsi tarixə qovuşdu, regionda yeni reallıqlar formalaşdı.

Bu gün Prezident İlham Əliyev yalnız qalib sərkərdə deyil, həm də qurucu lider kimi tarix yazmağa davam edir. Onun Ali Baş Komandan kimi rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, şəhərlər və kəndlər yenidən dirçəlir, Böyük Qayıdış proqramı uğurla icra olunur. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, doğma torpaqlara qayıdan insanların sevincində dövlətin gücü, liderin iradəsi və xalqın birliyi təcəssüm edir.

Azərbaycanın müasir hərb tarixində xüsusi yer tutan 2016-cı ilin Aprel döyüşləri isə bu böyük Zəfərə aparan yolun başlanğıcı kimi qiymətləndirilir. Aprelin 2-dən 5-dək davam edən bu döyüşlər zamanı Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını qətiyyətlə aldı və əks-hücum əməliyyatları ilə mühüm strateji mövqeləri azad etdi. Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan yaşayış məntəqəsi, Cəbrayıl rayonunda yerləşən Lələtəpə yüksəkliyi və digər ərazilər düşməndən təmizləndi.

Aprel döyüşləri Azərbaycan əsgərinin yüksək döyüş hazırlığını, Vətənə bağlılığını və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu qələbə eyni zamanda illərlə “keçilməz sədd” kimi təqdim edilən müdafiə xətlərinin mif olduğunu sübut etdi. Ordumuz göstərdi ki, Azərbaycan torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq.

Bu zəfərin mühüm nəticələrindən biri də Lələtəpə yüksəkliyinin azad olunmasından sonra Cocuq Mərcanlı kəndində həyatın bərpa olunması oldu. Bu, Böyük Qayıdışın ilk rəmzi addımı kimi tarixə düşdü və xalqın qələbəyə olan inamını daha da gücləndirdi.

Aprel döyüşləri sonrakı hərbi uğurların əsasını qoydu. 2018-ci ildə Naxçıvan istiqamətində əldə olunan nailiyyətlər, 2020-ci ilin Tovuz döyüşlərində nümayiş etdirilən qətiyyət və nəhayət, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər bu yolun məntiqli davamı oldu. Bu zəfərlərin hər birində Ali Baş Komandan amili həlledici rol oynadı.

Bu gün Aprel zəfəri yalnız keçmişin bir hadisəsi deyil, xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur mənbəyi və gələcək uğurların ideoloji əsaslarından biri kimi qiymətləndirilir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Aprel döyüşlərinin qəhrəmanlarını dərin ehtiramla yad edir, onların şücaətini böyük qürur hissi ilə xatırlayırlar. Döyüş meydanında igidlik göstərmiş hər bir əsgər və zabit xalqımızın fəxridir. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi isə daim qəlbimizdə yaşayır və milli yaddaşımızın ayrılmaz hissəsini təşkil edir.

Aprel zəfəri güclü dövlətin, qətiyyətli liderliyin, Ali Baş Komandan iradəsinin və sarsılmaz xalq birliyinin təntənəsidir. Bu birlik və bu ruh Azərbaycanın gələcək zəfərlərinin də əsas təminatıdır.

 

Cəlil Xəlilov  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2026-04-03 12:41:00
2507 baxış

Digər xəbərlər

Zəfər Günü!

İgid topçu, bacımoğlu Samir Cəbrayılova ithaf edirəm Oxucu məktubları silsiləsindən...   Ölməyibdir şəhdilərim, bayram etsin qoy ruhları, Biz sizinlə zəfər çaldıq, Azəri-Türk oğulları.   Yüz illərin qisasını siz aldınız, Düşmənlərə qan uddurub ucaldınız, Tarixlərdə qalacaqdır mərd adınız, Bir ananın iki oğlu, Azərbaycan-Türk ordusu, Zəfər Günün mübarəkdir, Azərbaycan-Türkjordusu!   Sən düşmənin sinəsinə bir ox oldun, od ələdin, Haqq işinlə sən dünyanı məhvərindən silkələdin, Qoy üçrəngli bayrağımız başın üstə dağlanasın, Tarix boyu qalib gəldin, yox düşməndən bir qorxusu, Bir ananın iki oğlu, Azərbaycan-Türk ordusu, Zəfər Günün mübarəkdir, Azərbaycan-Türkjordusu!   Zakir Cəbrayılov 09.12.2020

Hamısını oxu
Tarixin acı həqiqəti: Mart qırğınlarının 108-ci ili

1918-ci ilin mart günləri Azərbaycan tarixində ən faciəli və eyni zamanda ən yaddaşlardan silinməyən səhifələrdən biri kimi qalır. Mart soyqırımı zamanı xalqımız ağır sınaqlarla üzləşsə də, milli birlik və yaddaş sayəsində bu ağrılı tarix unudulmayıb, gələcək nəsillərə çatdırılıb. Mediatvaz.com-a açıqlamasında Cəlil Xəlilov bildirib ki, 1918-ci il martın 30-dan aprelin 2-dək davam edən hadisələrdə Stepan Şaumyan rəhbərliyi altında fəaliyyət göstərən erməni-bolşevik dəstələri tərəfindən Bakıda minlərlə günahsız insan qətlə yetirilib. Bu hadisələr təkcə insan itkisi ilə deyil, həm də milli-mədəni irsə vurulan ağır zərbə ilə yadda qalıb. Həmin günlərdə Təzəpir məscidi top atəşinə tutulub, şəhərin memarlıq incilərindən sayılan İsmailiyyə binası isə yandırılıb. Bu faktlar göstərir ki, məqsəd yalnız fiziki məhv deyil, həm də xalqın mənəvi dayaqlarını sarsıtmaq idi.Sovet hakimiyyəti illərində uzun müddət gizlədilən və təhrif olunan Mart soyqırımı həqiqətləri yalnız müstəqillik əldə edildikdən sonra geniş şəkildə araşdırılmağa başlanıb. Tarixi yaddaşın bərpası istiqamətində aparılan sistemli tədqiqatlar nəticəsində 1918-ci ilin martında Azərbaycan xalqına qarşı törədilən faciələrin real miqyası və mahiyyəti üzə çıxarılıb. Müstəqillik dövründə arxiv sənədləri əsasında aparılan araşdırmalar, nəşr olunan kitablar və elmi əsərlər bu hadisələrin təkcə lokal qarşıdurma deyil, məqsədli və planlı qırğınlar olduğunu sübut edir. Tarixçilər və tədqiqatçılar tərəfindən üzə çıxarılan faktlar göstərir ki, həmin dövrdə minlərlə günahsız insanın qətlə yetirilməsi, yaşayış məntəqələrinin dağıdılması və milli-mədəni abidələrin məhv edilməsi sistemli xarakter daşıyıb. Bu istiqamətdə dövlət səviyyəsində də mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanan fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib və bu tarixə rəsmi-siyasi qiymət verilib. Bu qərar, illərlə susdurulan həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm rol oynayıb.Bu gün İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində 31 mart hadisələri ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü işlər görülür. Dövlət başçısının çıxışlarında bu faciəyə daim xüsusi diqqət yetirilir, tarixi ədalətin bərpası və həqiqətlərin dünya miqyasında tanıdılması prioritet istiqamətlərdən biri kimi vurğulanır. 31 mart hadisələrinin unudulmaması, bu faciənin dərslərinin gələcək nəsillərə ötürülməsi milli kimliyin qorunması və tarixi ədalətin bərpası üçün vacibdir.Bir zamanlar gizlədilməyə çalışılan bu faciə artıq elmi faktlar və tarixi sənədlərlə təsdiqlənmiş həqiqət kimi dünya ictimaiyyətinə təqdim olunur və Azərbaycan xalqının yaddaşında əbədi yaşayır. Bütün bu ağrılı hadisələrə baxmayaraq, Azərbaycan xalqı öz tarixini unutmadı, şəhidlərin xatirəsini yaşatdı və müstəqillik yolunda irəliləməyə davam etdi. Bu gün həmin hadisələrin ildönümü yalnız kədər deyil, həm də milli yaddaşın gücü, ədalətə inam və gələcəyə ümid kimi qiymətləndirilir. Mart hadisələri bizə tarixdən dərs çıxarmağı, milli həmrəyliyi qorumağı və gələcək nəsillərə həqiqətləri çatdırmağın vacibliyini bir daha xatırladır.

Hamısını oxu
“Qəhrəmanlıq zirvəsi” kitabı hərb tariximizə töhfədir”

“Qəhrəmanlıq zirvəsi” kitabı hərb tariximizə töhfədir”. Veteran.gov.az xəbər verir ki, bu sözləri professor Rəna Mirzəzadə 10 iyun 2026-cı il tarixində “Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib. Professor “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Zərifə Quliyevanın müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi” kitabının Azərbaycanın hərb tarixində xüsusi rola malik olduğunu bildirib: “Bu kitab hər bir cümləsi, sətri ilə canlı ensiklopediya, canlı bir həyatdır. Zərifə Quliyeva o həyatı bütün qəlbi ilə yaşayıb. İstənilən hadisə ilə bağlı kitab yazmaq olar. Bu gün bir çox insan əsər yazır. Lakin bir məsələ var – o əsər abidədirmi? Mən bir tədqiqatçı olaraq deyirəm ki, Zərifə Quliyevanın müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi” əsəri abidədir. Bu abidəyə baxdıqca 44 günlük Vətən müharibəsində əsgərlərimizin nələr etdiyini, analarımızın nələr yaşadığını görürük. Kitabda biz Zərifə Quliyevanın ürəyini görürük. Mən bu böyük əsər, böyük abidə münasibətilə Zərifə xanıma təşəkkür edir, ona gələcək fəaliyyətində uğurlar arzulayıram”. Seymur ƏLİYEV

Hamısını oxu
“Azərbaycan-Türkiyə qardaşlığı: Birgə sabahımız naminə!” adlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Azərbaycan-Türkiyə qardaşlığı: Birgə sabahımız naminə!” şüarı ilə tədbir keçirilib. Tədbir Türkiyədəki meşə yanğınlarına qarşı Türkiyə dövləti və qəhrəman türk xalqının apardığı mübarizəyə, Azərbaycanın bu mübarizəyə verdiyi dəstəyə həsr olunub, Azərbaycan-Türkiyə qardaşlığı tarixi aspektdən təhlil və şərh edilib.   Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirən şəhdilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.   Müharibə veteranlarının, ictimai fəalların, kursantların qatıldığı tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tarixin bütün mərhələlərində hər iki xalqın bir-birinə ciddi dəstək verdiyini, xüsusilə dar məqamlarda, həlledici anlarda bir-birlərinin yanında olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin, Türkiyə xalqının Azərbaycana siyasi-diplomatik və mənəvi baxımdan ciddi dəstək verdiyini bildirən Cəlil Xəlilov, bu gün yanğınlara qarşı mübarizə aparan qardaş Türkiyəyə dövlətimizin intensiv və mütəmadi dəstək verdiyini qeyd edib.   Sədr müavini çıxışında Türkiyədə yanğınlara qarşı mübarizədə iştirtak edən  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yanğın-xialsetmə əməkdaşlarının peşəkarlığını da yüksək qiymətləndirib, yanğınsöndürənlərimizin kütləvi meşə yanğınlarına qarşı əzmlə mübarizə apardığını bildirib. Yanan evlərin birindən FHN-nin yanğın-xilasetmə əməkdaşının türk bayrağını xilas etməsi faktına diqqət çəkən Cəlil Xəlilov, bunu Azərbaycan insanının, Azərbaycan vətəndaşının Türkiyəyə, Türkiyə bayrağına, Türkiyə dövlətinə olan münasibəti kimi dəyərləndirib, fövbqəladə hallar naziri Kəmaləddin Heydərova rəhbəri olduğu qurumun fəaliyyətini yüksək səviyyədə təşkil etdiyi üçün öz təşəkkürünü bildirib.   Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasında, onun ərazilərinin erməni-bolşevik qüvvələrindən azad edilməsində Osmanlı dövlətinin göstərdiyi hərbi dəstəyə diqqət çəkib. İstər I Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin Azərbaycana böyük dəstək verdiyini qeyd edən polkovnik, Azərbaycan xalqının da Birinci Dünya Müharibəsi və Qurtuluş savaşı dönəmində türk xalqının yanında olduğunu bildirib.   Daha sonra polkovnik Abdulla Qurbaninin müəllifi olduğu “Azərbaycan yanındadır, Türkiyəm!” klipi nümayiş olunub.   Klip nümayişindən sonra çıxış edən tədbir iştirakçıları Azərbaycan-Türkiyə qardaşlığının dərin tarixi-mənəvi köklərə malik olduğunu bildiriblər, bu qardaşlığın sarsılmazlığına inamlarını ifadə ediblər.

Hamısını oxu