Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

QDF-in dəstəyi ilə Laçının tarixi “Bəylik Bağları”nın bərpası həyata keçirilir

Veteran.gov.az xəbər verir ki, aprelin 11-də Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilatçılığı ilə Laçın rayonunun Bəylik kəndinin “Bəylik Bağları” adlanan ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, o cümlədən ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti, ekoaktivistlər və yerli sakinlər iştirak ediblər.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov tədbirdə çıxış edərək bildirib ki, “Bəylik Bağları” Laçın rayonunun zəngin irsinin mühüm tərkib hissələrindən biri hesab olunur. Tarixən bu məkan münbit torpaqları və müxtəlif meyvə ağacları ilə seçilərək regionun tanınmış bağçılıq ənənələrinin formalaşmasına töhfə verib. Bu ərazi həm yerli sakinlərin təsərrüfat həyatında, həm də ərazinin ekoloji tarazlığının qorunmasında xüsusi rol oynayıb.

“İşğal dövründə ciddi zərər görməsinə baxmayaraq, bu ərazi yenidən bərpa və yaşıllaşdırma işlərinin əsas istiqamətlərindən birinə çevrilib. Bu gün Laçın rayonunda keçirilən ağacəkmə aksiyası təkcə ekoloji təşəbbüs deyil, eyni zamanda doğma torpaqlarımızın dirçəlişinə verilən mühüm töhfədir”- deyə, M.Məmmədov qeyd edib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, layihənin başlıca məqsədi bu gözəl diyarı əvvəlkindən də abad və ekoloji cəhətdən dayanıqlı bir məkana çevirməkdir.

“Bu istiqamətdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi genişmiqyaslı layihələr işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Biz də Qarabağ Dirçəliş Fondu olaraq Qarabağda ekoloji tarazlığın bərpasına yönəlmiş təşəbbüslərə böyük önəm veririk. Bu cür layihlər cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirərək həmrəylik və məsuliyyət hissini gücləndirir. Əminəm ki, birgə səylərimiz nəticəsində Laçın yaxın illərdə regionun ən gözəl və yaşıl guşələrindən birinə çevriləcək”- deyə, İdarə Heyətinin sədri vurğulayıb.

Keçirilən ağacəkmə aksiyasına görə təşkilatçılara təşəkkür edən yerli sakinlər, aksiyanın ərazilərin yaşıllaşdırılması və ekoloji tarazlığın bərpası baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.

Çıxışlardan sonra ağacəkmə aksiyasına start verilib.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə icra edilən bu layihə çərçivəsində müasir damcı suvarma sistemi çəkilən 2,8 hektarlıq ərazidə artıq 700 meyvə ağacı əkilib. Ümumilikdə isə ərazidə ümumilikdə 1280 meyvə ağacı və 400 üzüm tinginin əkilməsi nəzərdə tutulur.

Ağacəkmə aksiyasından sonra tədbir iştirakçıları Laçın şəhərini gəzərək burada aparılan bərpa və quruculuq işləri ilə tanış olublar.

Eyni zamanda Laçın rayonunda Azərbaycan Respublikasının xüsusi nümayəndəliyi ilə Qarabağ Dirçəliş Fondu arasında Laçın rayonunun bərpası çərçivəsində gələcəkdə birgə layihələrin icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Bəylik kəndi tarixən öz münbit torpağı və müxtəlif növ meyvə ağaclarından ibarət məşhur “Bəylik bağları” ilə tanınıb. 30 illik işğal dövründə bu ərazilər ekoloji terrora məruz qalıb, kəndin tarixi yaşıllıq örtüyü tamamilə məhv edilib.

Laçın rayonunun Zabux kənd inzibati ərazi dairəsinə daxil olan Bəylik kəndi 1992-ci ildə işğal edilmişdi. 2020-ci il 1 dekabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.

Kənd işğaldan azad edildikdən sonra tamamilə yenidən qurulub, müasir standartlara uyğun yaşayış infrastrukturu yaradılıb. Burada fərdi yaşayış evləri, daxili yollar, elektrik, su, qaz və rabitə xətləri çəkilib, sosial obyektlərin tikintisi təmin edilib.

Tikinti-quruculuq işləri başa çatdırdan sonra Bəylik kəndinə əhalinin mərhələli şəkildə köçürülməsinə başlanıb.

Xatırladaq ki, 2025-ci il mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonuna səfəri çərçivəsində Bəylik kəndinə köçən sakinlərlə görüşərək, onlara evlərin açarlarını təqdim edib. Həmin vaxt kəndə 38 ailə (153 nəfər) köçürülüb. Hazırda isə Bəylik kəndində 89 ailə (363 nəfər) yaşamaqdadır.

 

2026-04-14 17:59:00
1687 baxış

Digər xəbərlər

Azərbaycan veteranları Qələbə gününə həsr olunmuş telegörüşlərdə iştirak ediblər

Respublika Veteranlar Təşkilatının rəhbərliyi faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar. Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, qurumun sədri general-polkovnik Tofiq Ağahüseynov və sədr müavini polkovnik Cəlil Xəlilov MDB dövlətlərinin təşkilatçılığı ilə 9 May - Qələbə günü münasibəti ilə keçirilmiş telegörüşlərə qatılıb, Azərbaycan xalqının qələbəyə verdiyi töhfələrdən, bu gün veteranlara göstərilən yüksək diqqət və qayğıdan danışıblar. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən telekonfransda isə general-polkovnik T.Ağahüseynov Azərbaycanın oğul və qızlarının İkinci Dünya müharibəsində rəşadətli döyüş yolundan söhbət açıb, gəncləri vətənpərvər olmağa, sülhü və əmin-amanlığı qorumağa səsləyib. Qeyd edib ki, gənclərimiz Böyük Vətən müharibəsi veteranlarının göstərdiyi igidliklərdən xəbərdar olmalı, erməni faşizminə qarşı mübarizədə bu böyük qəhrəmanlıqları təkrarlamalıdırlar. Polkovnik Cəlil Xəlilov telekonfransda çıxış edərək əlamətdar gün münasibətilə bütün veteranları təbik edib, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığını, əvəzsiz xidmətlərini xatırladıb. Qeyd edib ki, İkinci Dünya müharibəsi Azərbaycan xalqının şanlı tarixinin bir parçasıdır. Qələbənin canlı yaddaşı isə veteranlardır. Xalqımız veteranları ilə hər zaman fəxr edir. Mayın 9-da bir sıra xarici dövlətlərin veteran təşkilatlarının rəhbərləri Qələbə Günü münasibəti ilə Azərbaycan veteranlarını təbrik ediblər. Bundan başqa, Heydər Əliyev Fondunun, həmçinin müxtəlif dövlət qurumlarının nümayəndələri veteranları evlərində ziyarət edib, onlara sovqatlar çatdırıblar. Müharibə iştirakçılarına Qələbə Günü münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunduqları Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təqdim edilib. Xatırladaq ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Azərbaycan xalqı özünün 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü və 77-ci milli diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Faşizm üzərində qələbədə Azərbaycan nefti həlledici rol oynayıb.

Hamısını oxu
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı..

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın hərbi tarixində mühüm əməliyyatlardan biri kimi yadda qalıb. Qısa müddət ərzində həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusunun müxtəlif qoşun növləri arasında koordinasiya, müasir döyüş vasitələrindən istifadə və dəqiq hədəflərə yönəlmiş zərbələr xüsusi diqqət çəkib. Əməliyyatın gedişi eyni zamanda 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun döyüş təcrübəsinin hansı istiqamətlərdə inkişaf etdiyini də nümayiş etdirib. Mövzu ilə bağlı Hafta.az-ın suallarını hərbi ekspert Cəlil Xəlilov cavablandırıb. – Cəlil müəllim, Azərbaycan Ordusunun son illərdə əldə etdiyi uğurların əsasını hansı amillər təşkil edib? – 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Azərbaycan Ordusunun peşəkarlığı, müasir texnologiyalardan istifadə imkanları və illər ərzində qazandığı döyüş təcrübəsi əməliyyatların uğurla başa çatmasında həlledici rol oynadı. Qeyd etməliyik ki, Azərbaycan Ordusunun bugünkü gücü uzun illər ərzində aparılan məqsədyönlü siyasətin nəticəsidir. Bunun ilk ciddi nümunələrindən biri 2 aprel 2016-cı ildə başlayan döyüşlər zamanı Lələtəpə yüksəkliyini işğaldan azad edilməsi idi. Bu yüksəklik strateji əhəmiyyət daşıyırdı və onun nəzarətə götürülməsi Aprel döyüşlərinin əsas hərbi nəticələrindən biri hesab olunur. Həmin vaxt Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji hazırlıq nümayiş etdirdi və işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi. Azərbaycan uzun müddət gözlədi ki, Ermənistan beynəlxalq hüququn tələblərini qəbul etsin, işğal olunmuş ərazilərdən çıxsın və bölgədə sülhə şərait yaransın. Lakin qarşı tərəf bu çağırışlardan nəticə çıxarmadı. Əksinə, təxribatlar davam etdirildi, yaşayış məntəqələri və mülki obyektlər atəşə tutuldu, dinc insanlar həlak oldu. Bu müddətdə Azərbaycan Ordusu müasir silah və texnikalarla təchiz edildi. Dünyanın qabaqcıl ölkələrinin istehsalı olan hərbi vasitələr alındı, NATO ölkələri ilə, xüsusilə qardaş Türkiyə ilə birgə təlimlər keçirildi. Xəzəryanı regionda və digər beynəlxalq təlimlərdə iştirak edən hərbçilərimiz həm peşəkarlıq, həm də döyüş hazırlığı baxımından ciddi təcrübə qazandılar. Nəticədə Ordumuz həm fiziki, həm mənəvi, həm də texniki hazırlıq baxımından yüksək səviyyəyə çatdı və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə tam hazır vəziyyətə gəldi. – Müasir döyüş konsepsiyası baxımından 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatlar hansı yenilikləri ortaya qoydu? – Müasir müharibələrdə əsas amillərdən biri dəqiq və operativ kəşfiyyat məlumatlarıdır. Əməliyyatlardan əvvəl düşmənin dislokasiya məntəqələri, hərbi bazaları, silah-sursat anbarları, texnikaları və hərəkət marşrutları barədə ətraflı məlumatlar əldə olunur. Bundan sonra hansı istiqamətlərdə hərəkət ediləcəyi və hansı texniki vasitələrdən istifadə olunacağı müəyyənləşdirilir. Azərbaycan Ordusu bu sahədə böyük üstünlüyə malik idi. Düşmənin yerləşdiyi mövqelər, istifadə etdiyi texnika və müdafiə imkanları əvvəlcədən məlum idi. Buna uyğun olaraq ən effektiv vasitələrdən istifadə edildi və qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi. 44 günlük Vətən müharibəsi göstərdi ki, müasir texnologiyalar, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar və kəşfiyyat məlumatlarının düzgün əlaqələndirilməsi döyüş meydanında üstünlük yaradır. Sonrakı dövrdə bu təcrübə daha da təkmilləşdirildi. – 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərini 2020-ci il Vətən müharibəsi ilə müqayisə etdikdə hansı fərqləri görürsünüz? – Ən vacib fərq qazanılmış döyüş təcrübəsi idi. Azərbaycan əsgəri artıq mürəkkəb dağlıq ərazilərdə döyüş aparmağın bütün çətinliklərini yaşamışdı. Şuşanın azad olunması bunun ən parlaq nümunəsidir. Şuşaya doğru hərəkət etmək, sıldırım qayaları aşmaq, silah-sursatla dağlıq ərazilərdə irəliləmək yalnız yüksək fiziki və mənəvi hazırlığa malik əsgərlərin bacaracağı vəzifə idi. Bu təcrübə sonrakı mərhələdə Ordumuzun daha da peşəkarlaşmasına səbəb oldu. Antiterror tədbirləri zamanı həm kəşfiyyat məlumatlarından, həm də əvvəlki illərdə əldə edilən strateji üstünlüklərdən istifadə edildi. Azərbaycan Ordusu bir sıra yüksəkliklərə nəzarət etdiyindən ərazini müşahidə etmək, düşmənin hərəkətlərini izləmək və operativ qərarlar qəbul etmək imkanına malik idi. Düşmənin hərəkət yolları, təchizat imkanları və mövqeləri tam şəkildə öyrənilmişdi. Nəticədə onlar elə vəziyyətə salındılar ki, müqavimət göstərmək imkanları minimuma endi və qısa müddət ərzində Azərbaycan tərəfinin tələblərini qəbul etməyə məcbur oldular. – 2023-cü ilin sentyabr hadisələrinin Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyətini necə qiymətləndirirsiniz? – Bu hadisələri çox yüksək qiymətləndirirəm. Azərbaycan 1918-ci ildə müstəqilliyini elan etsə də, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Həmin dövrdə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını və ətraf bölgələri erməni-daşnak qüvvələrindən azad etməsi Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynadı. Sonradan isə bolşevik işğalı nəticəsində müstəqilliyimiz əlimizdən alındı. Bu gün isə Azərbaycan tam müstəqil dövlətdir. 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər ölkəmizin suverenliyinin tam bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Təbii ki, bu yolda şəhidlərimiz oldu, qazilərimiz oldu. Biz onların hamısını ehtiramla yad edirik. Azərbaycan xalqı heç vaxt onların qəhrəmanlığını unutmayacaq. Bu gün ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan daha da güclənir, beynəlxalq əlaqələrini genişləndirir və müstəqil siyasət həyata keçirir. Bununla belə, bölgədə hələ də revanşist düşüncədən əl çəkməyən qüvvələr mövcuddur. Ermənistanda keçmiş hakimiyyətlə bağlı bəzi siyasi dairələr, o cümlədən Robert Köçəryan və Serj Sarkisyan komandasında təmsil olunan şəxslər zaman-zaman qarşıdurma ritorikasını gündəmə gətirməyə çalışırlar. Onlar yenidən gərginlik yaratmaq istəyirlər. Lakin reallıq tamam başqadır. Bu gün Ermənistan cəmiyyətində də başa düşürlər ki, yeni müharibənin heç bir perspektivi yoxdur. Hesab edirəm ki, Ermənistanın hazırkı rəhbərliyi də regionda yaranmış yeni reallıqları anlayır. Onlar görürlər ki, hər hansı yeni qarşıdurma Ermənistan üçün əlavə problemlər yaradacaq və ölkəni daha ağır vəziyyətə sala bilər. Bu baxımdan sülh gündəliyi xüsusi əhəmiyyət daşıyır. Vaşinqtonda paraflanmış sülh sənədi də göstərir ki, tərəflər münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atırlar. Regionun gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqda, iqtisadi inkişafda və təhlükəsizlik mühitinin formalaşdırılmasındadır. Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyub. Dövlətimiz bölgədə davamlı sülhün və sabitliyin tərəfdarıdır. Ancaq eyni zamanda hər kəs anlamalıdır ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kifayət qədər güclü orduya malikdir. Bu gün xalqımız öz Ordusu ilə fəxr edir və həmin uğurların müəllifi olan şəhidlərimizin, qazilərimizin və hərbçilərimizin xidmətlərini daim yüksək qiymətləndirir. Hafta.az

Hamısını oxu
Belarus Republikası polkovnik Cəlil Xəlilovu medalla təltif edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Belarus Respublikası tərəfindən xüsusi medalla təltif olunub. Veteran.gov.az xəbər verir ki, dünən Mühasribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olan  Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi, konsul Aleksandr Arxipov  sözügedən medalı polkovnik Cəlil Xəlilova təqdim edib. Polkovnik Cəlil Xəlilov Azərbaycan və Belarus xalqları arasında əlaqələrin möhkəmlənməsi, habelə Belarus ərazisinin faşizmdən azad edilməsində iştirak edən soydaşlarımızın təbliğindəki xidmətlərinə görə bu etimada layiq görülüb. Təltifə görə konsul Aleksandr Arxipova öz təşəkkürünü bildirən sədr müavini, ötən əsrin 40-cı illərində faşizmə qarşı birgə mübarizə aparan Belarus və Azərbaycan xalqları arasında bu gün də tarixi dostluq əlaqələrinin mövcud olduğunu qeyd edib və bu əlaqələrin inkişafı üçün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının öz səylərini bundan sonra da davam etdirəcəyini vurğulayıb.  

Hamısını oxu