Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban xanım,   Respublika Veteranlar Təşkilatı ölkə veteranları adından göstərdiyiniz qayğı və diqqətə görə bir daha öz dərin minnətdalığını bildirir, Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və ailə səadəti, Azərbaycanın inkişafı, xalqımızın firavanlığı naminə çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayır.   Dərin  hörmətlə,   Rəyasət  Heyəti adından   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik                                                       Tofiq Ağahüseynov

2019-08-26 00:00:00
3828 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 iyun Silahlı Qüvvələr Günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 iyun Silahlı Qüvvələr Günü qeyd olunub.  Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Silahlı Qüvvələr Günü münasibəti ilə bütün hərbçiləri, eləcə də veteranları təbrik edib, ordumuzun 44 günlük Vətən müharibəsindəki qalibiyyətinə diqqət çəkib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunda həyata keçirilən islahatlara toxunub, görülən işlərin önəmini qeyd edib. Polkovnik bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra da Silahlı Qüvvələrimizin döyüş hazırlığının, maddi-texniki təchizatının artırılması prosesi davam edir ki, bu da dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmini baxımından həyati əhəmiyyətə malikdir. Daha sonra  bir qrup 44 günlük Vətən müharibəsi qazisinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqəsi təqdim olunub, veteranlar üçün bayram süfrəsi təşkil edilib. Bayram tədbiri Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifa etdiyi vətənpərvərlik mahnıları ilə davam edib.

Hamısını oxu
Zaman anlamının fövqündə duran böyük alim

Dekabrın 21-də akademik Ziya Bünyadovun anadan olmasının 100 ili tamam olur Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun doğum günüdür. AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın görkəmli alimə həsr etdiyi “Zaman anlamının fövqündə duran böyük alim” sərlövhəli məqaləsini təqdim edir. Elm aləmində elə dühalar var ki, müasirləri onları tam dolğunluğu ilə qiymətləndirməyə çətinlik çəkir. Onların həqiqi qiymətini zaman özü verir və bu qiymət tarix məsafəsindən daha dəqiq, hərtərəfli olur. Zaman və məkan anlamının fövqündə duran elə ulduzlar var ki, vaxt axarı onları daha aydın, daha parlaq və möhtəşəm göstərir. Belə nəhəng insanlardan biri bu il 100 illik yubileyini qeyd etdiyimiz Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elmi ictimaiyyətimiz tərəfindən böyük hadisə kimi qiymətləndirilən “Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 28 sentyabr tarixli Sərəncamına əsasən AMEA-da görkəmli alimin yubileyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Şərqşünaslıq İnstitutu da bu yubileyə öz töhfəsini alimin xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfrans və alimin əsərlərinin çap olunacaq külliyatı ilə verəcək. Dövlətimizin başçısının imzaladığı Sərəncam ölkəmizdə elmə və alimə verilən çox yüksək dəyər olaraq tarix və şərqşünaslıq elmimizin tədqiqində yeni üfüqlər açır, neçə-neçə tədqiqatçılara yeni imkanlar yaradır. Respublikada medievist – şərqşünas tarixçilər məktəbini yaradan və inkişaf etdirən akademik Ziya Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb, geniş oxucu kütlələrinin rəğbətini və məhəbbətini qazanıb. Onun qələmindən çıxmış 300-dən artıq elmi əsərin hər biri müstəsna zəhmətin, dərin bilik və məharətin məhsuludur. Məhz Z.Bünyadov ilk dəfə dünyaya bir sıra orta əsrlər Azərbaycan alimi və ədibinin adını tanıtdırdı. Ziya müəllimin elmimizə töhfələri sırasında 1980-ci ildə Dövlət mükafatına layiq görüldüyü “Azərbaycan Atabəylər dövləti”, onun Urgənc şəhərinin birinci fəxri vətəndaşı adına layiq görülməsinə əsas olan “Xarəzmşahlar-Anuştəginlər dövləti. 1097-1231-ci illər”, eləcə də “Azərbaycan VII-IX əsrlərdə” kitabları, Şihabəddin Məhəmməd ən-Nəsəvinin “Sirat əs-sultan Cəlal əd-Din Mankburnı”, Əbülqasim əz-Zəhravinin “Cərrahiyyə və alətlər haqqında traktat”, ölməz Füzulinin “Mətləul-etiqad” kimi bir çox əsərin ərəbcədən şərhli tərcüməsi, tədqiqatı və tərtibi var. Ziya Bünyadov öz alim qələmi və çoxsaylı qədim mənbələrə əsaslanan çıxışları ilə bədnam qonşularımıza qarşı daim mübarizə aparıb, milli mənafelərimizi və ərazi bütövlüyümüzü müdafiə edib. Onun elmi axtarışları təkcə orta əsrlər dövrü ilə məhdudlaşmırdı. Alimi Vətənin yaxın keçmişi də maraqlandırırdı. O, ötən əsrin əvvəllərində Azərbaycanda baş verən hadisələr, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, Bakı kommunası və sair mövzulara bir sıra məqalələr həsr edib. 30-cu illərin repressiyaları isə alimin “Qırmızı terror” kitabında işıqlandırılıb. Kitab bilavasitə çoxsaylı arxiv sənədləri əsasında yazılıb. Ziya Bünyadovun Vasim Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i ana dilimizə çevirməsi, bundan əlavə hazırladığı irihəcmli “Dinlər, təriqətlər, məzhəblər” adlı soraq kitabı xalqımızın islam dininin doğru-dürüst öyrənməsinə yönəlmiş mühüm addımlardır. Ziya Bünyadov dünya şərqşünaslığında mühüm yeri olan bir alimdir. O, bir çox beynəlxalq elmi məclislərdə Azərbaycan elmini ləyaqətlə təmsil edib. Türk Tarix Qurumunun VI-XII konqreslərində, Bağdadda tarixçilərin beynəlxalq konqresində, Tokioda şərqşünasların XXXI beynəlxalq konqresində, İranda Təbərinin 1100 illiyinə, Füzulinin 500 illiyinə həsr olunmuş beynəlxalq konfranslarda, Misirdə məşhur tarixçi əs-Süyutinin yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edərək maraqlı məruzələrlə çıxış edib. Türkiyə tarixinin tədqiqi sahəsindəki xidmətlərinə görə 1982-ci ildə Türk Tarixi Qurumunun müxbir üzvü, 1988-ci ildə isə həqiqi üzvü seçilib. Onun rəhbərliyi ilə Türkiyə, İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt vətəndaşları böyük elmə qədəm qoyublar. Təbiətin ona səxavətlə bəxş etdiyi keyfiyyətlər və uzun illər boyunca titanik zəhmətin bəhrəsi olan xüsusiyyətlər Ziya müəllimin simasında üzvi vəhdətdə birləşmişdi. Nəticədə onun şəxsiyyətində böyük alim və alovlu vətənpərvər obrazı yaranmışdı. Ən ülvi, ən yüksək keyfiyyətlər - səmimilik, xeyirxahlıq, ilk növbədə özünə, sonra ətrafdakılara qarşı yüksək tələbkarlıq, söz və əməl birliyi, xalqa, millətə, torpağa hədsiz məhəbbət elm Olimpinin ən yüksək zirvəsində duran Ziya müəllimin şəxsində cəmləşmişdi. Qarabağ məsələsini böyük yanğı və ürək ağrısı ilə yaşayırdı Ziya müəllim. Xatirimdədir, azərbaycanlılar qədim oğuz eli - indiki Ermənistandan kütləvi şəkildə qovulduqda, o hamıdan öncə onların Qarabağda yerləşdirilməsinin vacibliyini ovaxtkı respublika rəhbərliyinə çatdırdı. Əfsuslar olsun ki, böyük alimin bu təklifı qulaqardına vuruldu. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində dövlət imtahanları zamanı Ziya Bünyadovla ilk tanışlığım zamanı biz tələbələrə uca, əlçatmaz bir zirvə kimi görünən böyük alimin, Sovet İttifaqı Qəhrəmanının baxışları altında tir-tir əsirdik. Universiteti bitirəndən sonra Şərqşünaslıq İnstitutunda işləyərkən o vaxt Orta əsr Şərq tarixi şöbəsinin müdiri olan Ziya müəllimin institutun ümumi yığıncaqlarında olduqca prinsipial, tələbkar, hətta sərt çıxışları onun haqqında məndə yaranmış əvvəlki fikri bir daha təsdiqləyirdi. 1993-cü ildə Şərqşünaslıq İnstitutunun direktoru Ziya Bünyadovun müavini olduqdan sonra və onu yaxından müşahidə etdikdə anladım ki, Ziya müəllim haqqında əvvəlki qənaətim tamamilə yanlış imiş. Tədricən, günbəgün qarşımda yeni, indiyəcən tanımadığım bir insan xarakteri canlanırdı və bu insan böyüklüyü qədər də sadə və səmimi idi. Ziya müəllim mərdlik və cəsarət nümunəsi idi. Bu cəhətlər onun həyatının hər bir sahəsində özünü büruzə verirdi - elmdə də, şəxsi və ictimai həyatında da, həmkarları ilə münasibətlərində də. İnanırıq ki, Ziya Bünyadovun yaratdığı elmi məktəbinin işıqları heç vaxt sönməyəcək, əksinə, getdikcə gurlaşacaq və bu işıqlar yandıqca böyük ustadımız həmişə yad olunacaq. AzərTac

Hamısını oxu
“Bu gün Şuşada, Xankəndidə keçirilən hərbi yürüş ordumuzun gücündən, Müzəffər Ali Baş Komandanımızın qətiyyətindən xəbər verir”

Zərifə Quliyeva: “Azərbaycan Silahlı Qüvvələri xalqımızın qürur, sevinc və əbədi iftixar mənbəyidir” “Azərbaycan Silahlı Qüvvələri xalqımızın qürur, sevinc və əbədi iftixar mənbəyidir”. Bunu Moderator.az-a açıqlamasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Ulu Öndər haqqında çoxsaylı kitabların müəllifi Zərifə Quliyeva bildirib. Zərifə Quliyeva qeyd edib ki, bu gün Bakı ilə yanaşı, işğaldan azad edilən ərazilərdə keçirilən hərbi yürüş Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən xəbər verir: “Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər, bu zəfərin hərbi-siyasi, mənəvi-psixoloji nəticələri göz önündədir. Bu gün Bakı ilə yanaşı, işğaldan azad edilən torpaqlarımızda – Şuşada, Laçında, Xankəndidə keçirilən hərbi yürüş ordumuzun gücündən, Ali Baş Komandanımızın qətiyyətindən, 8 Noyabr zəfərinin  əzəmətindən xəbər verir. Silahlı Qüvvələr Günü ilə bağlı ölkəmizin hər bir yerində müxtəlif tədbirlər, bayram şənlikləri keçirilməkdədir ki, bu da xalqın ordu ilə, Müzəffər Ali Baş Komandanla birliyinin, həmrəyliyinin göstəricisidir. Bu fakt bir daha onu sübut edir ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də öz Prezidenti, Silahlı Qüvvələri ilə bir yerdədir və hər zaman da bir yerdə olacaq. Mən 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə başda Müzəffər Ali Baş Komandanımız olmaqla, bütün Silahlı Qüvvələrimizi təbrik edir, hər bir hərbçimizə həm şəxsi həyatında, həm də xidməti fəaliyyətində uğurlar arzulayıram. Əminəm ki, bugünə qədər olduğu kimi, bundan sonra da Azərbaycan Silahlı Qüvvələri bütün regionda sülhün, təhlükəsizilyin qarantı olmaqda davam edəcək, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün əbədi qürur mənbəyi olaraq qalacaq”. Seymur ƏLİYEV      

Hamısını oxu
Veteranlar Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Fəxri Xiyabanı ziyarət edib, Heydər Əliyev Mərkəzində olublar

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq bir qrup veteran ulu öndərin məzarını ziyarət edib, dahi rəhbərin məzarı önünə gül dəstələri qoyub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun moderatorluğu altında baş tutan ziyarətdə Ulu öndər Heydər Əliyevin dönəmində çalışan 20-yə qədər sabiq məmur, elm və siyasət adamı, o cümlədən 20-yə qədər gənc nəslin nümayəndəsi – orta məktəb və universitet tələbələri, 44 günlük Vətən müharibəsinin gənc qaziləri də iştirak edib. Polkovnik Cəlil Xəlilov Ümummilli liderin fəaliyyətindən, Azərbaycan dövləti və xalqı qarşısındaklı tarixi xidmətlərindən bəhs edib, Heydər Əliyev siyasi kursunun yol açdığı uğurlu inkişafdan danışıb. Tədbir iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzini ziyarət edib, Ümummilli liderin həyat və fəaliyyəti ilə ətraflı tanış olub, ulu öndərlə bağlı xatirələrini bölüşüblər.  

Hamısını oxu