Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“AzerGold” QSC qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhərinin Qaradağ rayonu, Abşeron, Zaqatala, Balakən, Oğuz və İmişli rayonları ərazisində yerləşən bir sıra əhəngdaşı və qum-çınqıl yataqlarının “AzerGold” QSC-nin istifadəsinə verilməsini nəzərdə tutan 20 aprel 2026-cı il tarixli 649 nömrəli Fərmanından irəli gələn tapşırıqların icrası məqsədilə Cəmiyyət daxilində yaradılmış operativ İşçi Qrupu fəaliyyətə başlayıb. Paralel olaraq, Fərmandan irəli gələn vəzifələrin çevik və koordinasiyalı icrasını təmin etmək məqsədilə “AzerGold” QSC-nin nəzdində aiddiyyəti təşkilati strukturun formalaşdırılması istiqamətində də işlərə başlanılıb.

İşçi Qrupu qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində səmərəliliyin artırılması və bazar tələbatının daha effektiv ödənilməsi üçün qısa müddətdə tədbirlər planı hazırlayıb. Bu çərçivədə Ekologiya və təbii sərvətlər nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində müxtəlif məsələlər üzrə görüşlər keçirilib və sahələrə səfərlər təşkil olunub.

 Monitorinq və qiymətləndirmə zamanı sahələrin texniki əlçatanlığı, mövcud infrastruktur, logistika imkanları, relyef xüsusiyyətləri, ətraf mühitin vəziyyəti və xammal ehtiyatları üzrə ilkin təhlillər aparılıb. Nəticədə ərazilərin xammal ehtiyat bazasının dəqiqləşdirilməsi və mövcud yataqların istismar üçün səmərəliliyinin qiymətləndirilməsi məqsədilə mərhələli şəkildə tarixi-geoloji məlumatların təhlili aparılması və kəşfiyyat işlərinə başlanılması qərara alınıb. Bakı şəhərinin Qaradağ rayonu və Abşeron rayonu ərazilərində yerləşən “Güzdək muldası” üzrə hazırlanmış kəşfiyyat proqramına uyğun olaraq tədqiqat işlərinə artıq başlanılıb. İyun ayından etibarən isə İmişli yatağı üzrə müvafiq işlərə başlanılması nəzərdə tutulur.

Fərmanda nəzərdə tutulan ölkənin şimal-qərb bölgələrində yerləşən yataqlar — Zaqatala rayonundakı “Katexçay I və II”, Balakən rayonundakı “Balakənçay I və II” və Oğuz rayonundakı “Ağçay I” qum-çınqıl yataqları üzrə fəaliyyətə növbəti mərhələdə başlanılması planlaşdırılır.

 Bu, yataqların xüsusilə paytaxt Bakı olmaqla əsas istehlak bazarlarından uzaqda yerləşməsi, mövcud infrastruktur imkanlarının məhdudluğu, relyef xüsusiyyətləri, eləcə də logistika və nəqliyyat xərcləri, hazırkı vəziyyətdə iqtisadi cəhətdən səmərəsizlik riski ilə əlaqədardır. Bu baxımdan, Fərmanda nəzərdə tutulan güzəşt mexanizmlərinin təsdiqi və tətbiqi həmin yataqlarda hasilat fəaliyyətinin təşkili üçün əsas amillərdən biri hesab olunur. “AzerGold” QSC-nin dövlət şirkəti olaraq əsas fəaliyyət göstəricilərindən biri hasilatın mənfəətlilik prinsipi əsasında təşkili olduğundan, qeyd olunan məsələ şirkət üçün xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ölkəmizdə qeyri-filiz faydalı qazıntıları sektoru üzrə mühüm institusional islahat mərhələsi kimi qiymətləndirilən “Yerin təkindən istifadə sahəsində fəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Fərmanın əsas məqsədi yerin təkindən istifadə sahəsində idarəetmənin daha şəffaf, çevik və səmərəli təşkilidir.

Sənədə əsasən, 2027-ci ildən icazə, ekspertiza və hərrac proseslərinin “Rəqəmsal ekologiya” sistemi üzərindən “bir pəncərə” prinsipi ilə aparılması nəzərdə tutulur. Bu, prosedurların sadələşdirilməsinə, nəzarətin gücləndirilməsinə və rəqəmsallaşmanın tətbiqinə xidmət edəcək. Görülən işlər həm ekoloji problemlərin aradan qaldırılmasına, həm də ətraf mühitin mühafizəsinin daha səmərəli tənzimlənməsinə şərait yaradacaq. Eyni zamanda, tikinti sənayesi üçün dayanıqlı, keyfiyyətli xammal istehsalına, yeni iş yerlərinin açılmasına və sahibkarlar üçün daha əlverişli biznes mühitinin formalaşmasına şərait yaradacaq.

Qeyd edək ki, dövlət başçısının sözügedən Fərmanı qeyri-filiz faydalı qazıntılar sahəsində idarəetmənin təkmilləşdirilməsi üzrə əvvəlki islahatların davamıdır. Bundan əvvəl Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, 2025-ci il ərzində “AzerGold” QSC tərəfindən beynəlxalq nüfuzlu “Boston Consulting Group” şirkətinin iştirakı ilə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyət təhlil edilib. Müxtəlif dövlət qurumlarının və sahibkarların iştirakı ilə seminarlar təşkil olunub, mövcud bazar üzrə qiymətləndirmələr aparılıb. 2025-ci il ərzində Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Qarabağ, Şərqi Zəngəzur və digər iqtisadi rayonlarda 70-dən çox yataq araşdırılıb. Aparılan təhlillər əsasında beynəlxalq standartlar nəzərə alınmaqla institusional idarəetmənin və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

2026-05-28 17:23:00
1149 baxış

Digər xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

2020-ci il oktyabrın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauer ilə görüşmüşdür. Dövlət Komissiyasının sədri Əli Nağıyev Azərbaycana qarşı Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində beynəlxalq humanitar hüquq normalarının ciddi pozulduğunu, erməni tərəfdən mülki vətəndaşların milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən öldürüldüyünü, habelə əhalinin əmlakının bilərəkdən məhv edilməsi cinayətlərinin törədildiyini diqqətə çatdırmışdır. Əli Nağıyev qeyd etmişdir ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmağa davam edir. Hətta atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra işğaldan azad edilmiş Suqovuşan ərazisində sanitar maşınının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibb xidməti qulluqçusu ağır yaralanmışdır. Həmçinin oktyabrın 11-də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə bölgəsindən xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə raket atəşinə məruz qalmış, nəticədə 5-i qadın olmaqla 10 nəfər dinc sakin həlak olmuş, 10 qadın və 5 azyaşlı uşaq, ümumilikdə 34 nəfər yaralanmışdır. Vurğulanmışdır ki, cari il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə və müharibə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə ağır artilleriya və raket zərbələri nəticəsində 41 mülki şəxs həlak olmuş, 211 nəfər yaralanmış, 1200-dən artıq şəxsi ev və mülki obyekt dağıdılmışdır. Həmçinin Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirmişdir ki, Ermənistan hərbçilərinin qətlə yetirilmiş Azərbaycan hərbiçilərinin meyitləri üzərində təhqiramiz hərəkətlər etməklə törətdikləri cinayət əməllərinə dair sosial şəbəkələrdə paylaşılan videolar 1-ci Cenevrə Konvensiyasının 16-cı və 17-ci maddələrinin ciddi pozulduğunun sübutudur. Ermənistanın beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu 1949-cu il tarixli Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymamasına baxmayaraq, meyitlərin dəyişdirilməsi, əsir və girovların azad edilməsi daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir və dövlət başçısı tərəfindən zəruri göstəriş və tapşırıqlar verilmişdir. Sonda Komissiya sədri Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulmasına dair faktları xanım Arian Bauerə təqdim etmiş, BQXK-nı Ermənistan tərəfindən humanitar hüquq normalarının pozulması faktlarına obyektiv qiymət verməyə çağırmışdır. Xanım Arian Bauer BQXK və Dövlət Komissiyasının qarşılıqlı fəaliyyətinin ümumən konstruktiv olduğunu və konkret nəticələr verdiyini vurğulayaraq, səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır. 

Hamısını oxu
Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

(Akademik İbrahim Cəfərovun yubileyinə həsr olunur)Böyük ömürlər olur – yaşanır və bitir. Bir də elə ömürlər var ki, yaşandıqca böyüyür, dərinləşir, insanların yaddaşında, taleyində iz qoyur. Akademik İbrahim Cəfərovun ömrü məhz bu qəbildəndir. Bu, təkcə təqvimdə artan illərin yox, mənaya çevrilən zamanın hekayəsidir.İnsan var ki, elmi seçir. İnsan var ki, vəzifəni. İnsan da var ki, insanı seçir.  İbrahim müəllim bütün pillələrdə — alim olanda da, rektor olanda da, institut direktoru olanda da — məhz İNSANI əsas götürdü. Elə buna görə də onun adı təkcə rəsmi sənədlərdə yox, minlərlə tələbənin, həmkarın, dostun qəlbində yaşayır, harda olmasından, harda işləməsindən asılı olmayaraq məhəbbətlə, ehtiramla, minnətdarlıqla xatırlanır.REKTORLUQ – VƏZİFƏ DEYİL, MƏSULİYYƏT İDİRektor olmaq çoxlarının gözündə kreslo, səlahiyyət, imza deməkdir. İbrahim Cəfərov üçün isə rektorluq tələbənin taleyinə cavabdehlik idi.Uzun illər Azərbaycan Dövlət Aqrar Universitetində çalışdığı dövr isə İbrahim Cəfərovun fəaliyyətinin ayrıca bir mərhələsidir. Xüsusilə rektor olduğu illər universitet tarixində inkişaf və yenilənmə dövrü kimi xatırlanır. Bu illərdə ADAU-da müasir tədris infrastrukturu formalaşdı, yeni laboratoriyalar yaradıldı, tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritetə çevrildi. İbrahim müəllim üçün tələbə sadəcə təhsil alan şəxs deyil, gələcəyin aqronomu, alimi, mütəxəssisi idi. İbrahim Cəfərov rektor olduğu illərdə universiteti sadəcə təhsil müəssisəsi kimi yox, gənclərin həyat məktəbi kimi görürdü. Onun üçün tələbə yalnız imtahan verən şəxs deyildi — qayğısı olan, ehtiyacı olan, bəzən çətinlik içində oxuyan bir insan idi.O, auditoriyaya girəndə yalnız dərs saatını yox, o auditoriyada oturan gəncin gələcəyini görürdü.Bu baxışdan doğdu müasir tələbə yataqxanaları…Betondan tikilən binalar deyildi onlar. Hər mərtəbəsində valideyn nigarançılığına cavab, hər otağında ümid vardı. Müxtəlif rayonlardan gələn, kirayə dərdi çəkən, çətinliklə oxuyan gənclər üçün bu yataqxanalar təhsil yolunun sığınacağına çevrildi. İbrahim müəllim bilirdi ki, rahat yerdə yatan tələbə daha rahat düşünür, daha cəsarətlə xəyallar qurur. Bu yataqxanalar rahatlıqdan çox təhlükəsizlik hissi verdi tələbələrinə: “Burada tək deyilsən”.PANDEMİYA SINAĞINDA İNSANLIQ DƏRSiZaman elə məqamlar yaradır ki, insanın kim olduğu kağızla yox, əməli ilə ölçülür. Pandemiya illəri də belə bir imtahan idi.Pandemiya çox şeyi üzə çıxardı. Kiminsə vəzifəsi böyüdü, kiminsə insanlığı… İbrahim Cəfərov üçün isə seçim çoxdan edilmişdi...Distant dərslər başlayanda hamı “platforma”, “sistem”, “təlimat”dan danışırdı. Rektor İbrahim Cəfərov isə başqa sual verdi:“Kompüteri olmayan tələbə dərsə necə qoşulacaq?”Cavab kağız üzərində qalmadı. O, şəxsi vəsaitindən aztəminatlı ailələrin övladlarına planşetlər aldı, payladı. Səssiz, reklamsız, təmtəraqsız… Çünki onun üçün bu, xeyriyyəçilik yox, vicdan borcu idi. O günlərdə bir çox gənc üçün İbrahim müəllim rektor yox, arxasında dayanan dayaq oldu.Qısa desək, pandemiya dövründə onun insanpərvərliyi və məsuliyyəti xüsusilə aydın göründü. Bu addımlar tələbələrin yaddaşında rektorun deyil, müəllimin və insanın davranışı kimi qaldı.ELM ADAMIHazırda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edən İbrahim Cəfərov burada da eyni prinsiplərlə çalışır: elm – istehsalat – təhsil vəhdəti. İnstitutda gənc alimlərin hazırlanması, doktorantura və magistratura səviyyəsində kadr potensialının gücləndirilməsi, elmi nəticələrin istehsalata tətbiqi onun fəaliyyətinin əsas istiqamətlərindəndir. Gənclərə açıq qapı, elmi müzakirələrə şəxsən qatılmaq, sahə tədqiqatlarında birbaşa iştirak etmək onun dəyişməz idarəçilik üslubudur. İbrahim Cəfərovun elmi fəaliyyəti rəqəmlərlə də möhtəşəmdir: yüzlərlə məqalə, onlarla kitab, patentlər, yetişən alimlər… Amma onu fərqləndirən əsas cəhət elmi insandan ayırmamasıdır.O, bilir ki, elm torpağa toxunmayanda quruyur. Bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar da, rəhbərlik etdiyi institut da bir məqsədə xidmət edir: Azərbaycan torpağının bərəkətinə, kəndlinin ruzisinə, ölkənin ərzaq təhlükəsizliyinə.Onun elmi kabinetlərdə qapanıb qalmayıb. Bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar Azərbaycanın aqrar inkişafı üçündür. Təsadüfi deyil ki, onun rəhbərliyi altında hazırlanan elmi işlər praktik əhəmiyyətinə görə seçilir.Akademik yaxşı bilir ki, elm torpağa xidmət etmirsə, mənasını itirir.DÖVLƏTÇİLİYƏ SƏDAQƏT, İNSANA HÖRMƏTAkademik İbrahim Cəfərov hər zaman Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq olub. Dövlətçiliyi sözlə yox, fəaliyyəti ilə müdafiə edib. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlara inamla yanaşıb, bu inamı ətrafındakılara da ötürüb.Amma onu böyük edən yalnız siyasi mövqeyi deyil. Onu böyük edən sadəliyi, insanlara insani münasibəti, qapısını döyən heç kəsi boş qaytarmamasıdır.SEVGİ İLƏ YAŞANAN ÖMÜRİbrahim müəllimi tanıyanlar yaxşı bilir: o, zarafatı yerində olan, sözü şirin, ünsiyyəti rahat insandır. Onunla söhbət edəndə rəsmi məsafə yox olur, insan özünü dəyərli hiss edir. Bəlkə də buna görə işlədiyi bütün kollektivlərdə hörmət qazandı, özü də qorxu ilə yox, sevgi ilə. Ailəsinə bağlılığı, dostluğa sədaqəti, kəndinə, torpağına olan məhəbbəti onun şəxsiyyətinin ayrılmaz hissəsidir. Dörd övlad, on iki nəvə — bu da bir alimin ən böyük elmi nəticələrindən biridir.YOL DAVAM EDİRBu gün akademik İbrahim Cəfərov 70 illik ömrün zirvəsində dayanıb geriyə baxanda, arxasında boş illər yox, iz qoyan addımlar görür.70 yaşını qeyd edən AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru İbrahim Cəfərov yarım əsrdən artıqdır ki, elmi biliyini, pedaqoji təcrübəsini və təşkilatçılıq bacarığını xalqına, torpağına, aqrar sahənin inkişafına həsr edir.Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində zəhmətkeş kəndli ailəsində dünyaya göz açan İbrahim Cəfərov üçün torpaq anlayışı sadəcə peşə seçimi deyil, həyat fəlsəfəsi olub. Bu bağlılıq onu Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna gətirib və sonradan bütün elmi-pedaqoji taleyini məhz aqrar elmə bağlayıb. Bitki mühafizəsi sahəsində seçdiyi yol onu Moskvanın nüfuzlu Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına, daha sonra isə böyük elmi nəticələrə aparıb. Akademik İbrahim Cəfərovun ən böyük nailiyyəti insanların etimadını və sevgisini qazanmasıdır.Akademik İbrahim Cəfərov bu gün də elmin içindədir, gənclərin yanındadır, torpağın taleyini düşünür. Bu ömür göstərir ki, elmə sədaqət, Vətənə xidmət və insana diqqət bir yerdə olanda, zaman da həmin ömrə hörmət edir.Qarşıda isə hələ deyilməmiş sözlər, görüləcək işlər, yetişəcək gənclər var.Böyük insanlar həyatın mənasını özlərində tapırlar.İbrahim Cəfərov da tapdı.Tapdı və başqalarına da göstərdi.Bu ömür — elmə, Vətənə və insana həsr olunmuş əsl ziyalı ömrüdür.Dəyərli alimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzulayıram.Xəlil Xəlilov

Hamısını oxu
Vaqif Axundov “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Vaqif Axundovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının xüsusi mühafizə orqanlarında çoxillik səmərəli fəaliyyətinə görə Vaqif Əlibala oğlu Axundov “Şöhrət” ordeni ilə təltif edilsin.

Hamısını oxu
“Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi dövlətimizin iqtisadi-siyasi və hərbi qüdrətinin təntənəsidir”

“Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi dövlətimizin iqtisadi-siyasi və hərbi qüdrətinin təntənəsidir”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı müsahibəsində yaxın tarix keçmişimizə diqqət çəkməklə yanaşı, ölkəmizin mövcud durumu və gələcəklə bağlı planlarına da aydınlıq gətirib, hər zamankı kimi şəffaf və birmənalı mövqe ortaya qoyub:  “Dövlət başçısı məlum müsahibəsində bir çox vacib məsələyə toxundu ki, bunlardan biri 8 avqust Vaşinqton razılaşması idi. Prezidentimiz bu razılaşmanı Cənubi Qafqazda müharibə və gərginlik dönəminin sonu kimi dəyərləndirdi və bildirdi ki, sülhün əldə edilməsi sadəcə Azərbaycan və Ermənistanın deyil, bütün regionun maraq və mənafeyinə uyğundur.  Bununla yanaşı ,dövlət başçısı mümkün risk və ehtimalları da dəyərləndirdi. Vurğuladı ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan ordusu üzərində parlaq qələbə qazanıb və öz hərbi üstünlüyünü bu gün də davam etdirməkdədir. Azərbaycanın iqtisadi müstəvidə öz potensialını sürətlə genişləndirməsi, beynəlxalq iqtisadi sistemə daha dərindən intqerasiyası da Prezidentin çıxışında diqqət çəkən məqamlar sırasında idi”.  Polkovnik Cəlil Xəlilov Prezidentin Minsk qrupu və Zəngəzur dəhlizi ilə bağlı fikirlərinin da cəmiyyətdə böyük məmnunluqla qarşılandığını qeyd edib:  “Dövlət başçısı müsahibəsində Minsk qrupunun ləğvi ilə bağlı məsələnin də 8 avqust razılaşmasında öz əksini tapdığını vurğuladı. Eyni zamanda, bu qurumun qeyri-məhsuldar fəaliyyətinə diqqət çəkdi.  Yaxın keçmişə nəzər salsaq görərik ki, Minsk qrupu həqiqətən də işğal probleminin həllində heç bir faydalı rol oynamayıb. Əksinə, problemin daha da mürəkkəbləşməsinə səbəb olub. 44 günlük Vətən müharibəsindən sonra isə işğal faktı ortadan qalxıb ki, bu da Minsk qrupunu tamamilə gərəksiz edib. Buna görə də Minsk qrupunun ləğvi tarixi zərurətə çevrilib və bu zərurət 8 avqust razılaşmasında öz əksini tapıb.  Zəngəzur dəhlizi və bu dəhlizin region dövlətləri üçün əhəmiyyəti ilə bağlı dövlət başçısının səsləndirdiyi fikirlər də cəmiyyətimizdə böyük sevinc və məmnunluqla qarşılandı. Cənab İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını təmin etməklə göstərdi ki, Azərbaycan dövləti hərbi, siyasi və iqtisadi baxımdan qarşıya qoyduğu hər bir məqsədə çatır və bundan sonra da öz yoluna eyni qətiyyətlə davam edəcək”.  Təşkilat sədri Prezidentin Azərbaycan-Rusiya münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərin də xalqımızın arzu və maraqlarını ifadə etdiyini bildirib:  “Cənab Prezident “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycan-Rusiya münasibətlərinə və bu münasibətlərdəki mövcud gərginliyə də toxundu. Dövlət başçısı “AZAL” təyyarəsinin vurulması ilə bağlı Rusiya tərəfindən hələ də ciddi bir hərəkətliliyin olmamasını təəssüf hissi ilə qeyd etdi. Buna paralel olaraq, 2020-ci lin 9 noyabr tarixində - Vətən müharibəsi zamanı vurulan rus helikopteri ilə bağlı Azərbaycan tərəfinin atdığı adekvat addımları xatırlatdı. Dövlət başçısı bildirdi ki, Azərbaycan həmin vaxt dərhal Rusiya tərəfinə üzrxahlıq etdi, həlak olan pilotların ailəsinə və Müdafiə Nazirliyinə təzminat ödədi. Dövlət başçısı bildirdi ki, bu gün Azərbaycan da Rusiyadan eyni həssaslıq və ehtiramı gözləyir. Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki, Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir və heç vaxt da belə bir istəyi olmayıb. Bir sözlə, Prezidentimiz “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycan dövlətinin xarici siyasətinin mahiyyətini aydın, şəffaf və dəqiq konturlarla bütün dünyanın diqqətinə çatdırdı. Müsahibə əsnasında qeyd etdi ki, Azərbaycan sülhpərvər dövlətdir və onun məqsədi regional sabitliyə və tərəqqiyə nail olmaqdır. 8 avqust Vaşinqton razılaşması göstərdi ki, Azərbaycan bu yolda qətiyyətlə addımlamaqda, bəşəriyyətin bütün sülhpərvər qüvvələri tərəfindən təqdir edilməkdə, dəstəklənməkdədir”. Seymur ƏLİYEV  

Hamısını oxu